Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin “Qadınlar və islami oyanış” beynəlxalq konfransının iştirakçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əvvəla, sizin hamınıza – əziz bacılarıma, qızlarıma, müsəlman ölkələrinin müxtəlif sferalarda fəal olan ziyalı xanımlarına “Xoş gəlmisiniz!” deyirəm. Bura sizin evinizdir, sizə aiddir və ümidvarıq ki, Uca Yaradan bu konfransı, bu görüşü İslam ümməti üçün mübarək edəcək.

Mənim fikrimcə, sizin burada bir araya gəlməyiniz olduqca böyük əhəmiyyətə malikdir. İslam dünyasının şərqindən və qərbindən ziyalı qadınların bir yerə toplaşması islami oyanış naminə keçirilən bir iclasdan daha böyük əhəmiyyət kəsb edir. Bu əhəmiyyət ondan ibarətdir ki, bu konfransda İslam dünyasının ziyalı qadınları üçün bir-birini tanımaq, bir-birini tapmaq fürsəti yaranıb. Bu isə çox əhəmiyyətlidir. Pula, gücə, silaha və diplomatiyaya arxalanan Qərb mədəniyyəti 100 ildir ki, özünü, Qərbə xas həyat tərzini müsəlman cəmiyyətlərində qadınlar arasına yeritməyə çalışır. Müsəlman qadını öz kimliyindən uzaqlaşdırmaq üçün 100 il səy göstərilib. Bütün təsir və güc amillərindən – pul, təbliğat, silah, cürbəcür aldadıcı maddi vasitələr, insanın təbii cinsi instinktindən – istifadə olunub. Müsəlman qadını öz müsəlman kimliyindən uzaqlaşdırmaq üçün bütün bunları işə qoşublar. Bu gün sizin – ziyalı müsəlman qadınların bu kimliyi geri qaytarmaq üçün çalışmağınız İslam ümmətinə, islami oyanışa, müsəlmanlığın nüfuz və ehtiramına ən böyük xidmətdir. Bu toplantı bu yolda böyük və effektiv bir addım ola bilər. Yanaşı oturub bir neçə gün söhbət etməklə kifayətlənməyin. Bu görüşü böyük və qalıcı bir hərəkatın müqəddiməsi edin ki, İslam dünyasına təsir göstərsin. Təsir göstərə bilər! Qadınların oyanışı, qadınlar arasında dini kimlik duyğusunun baş qaldırması, qadın ictimaiyyəti içərisində gözüaçıqlıq və məlumatlılığın olması islami oyanışa, müsəlman heysiyyətinin duyulmasına ikiqat təsir göstərə bilər. Bu, bir!

Bacılardan bəziləri öz faydalı, hərtərəfli düşünülmüş çıxışlarında müəyyən təkliflər irəli sürdülər. Biz bu təkliflərə baxılmasına razıyıq.

İslamın qadın cinsinə yanaşması əsas məqamlardan biridir. Bu yanaşma Qərb mədəniyyətinin qadın cinsinə olan yanaşmasına tamamilə əksdir. Qərb mədəniyyətinin qadına yanaşması alçaldıcıdır. Bunun adını azadlıq qoyurlar, amma əslində, azadlıq deyil. Qərblilər son iki-üç əsr ərzində bütün cinayətlərinə gözəl adlar qoyublar. Etdikləri qətllərə, qarətlərə, insanları əsir götürmələrinə, xalqların sərvətini əllərindən almalarına, zorla xalqlar arasına saldıqları müharibələrə və digər cinayətlərinə zahirən gözəl və aldadıcı adlar qoyublar: azadlıq tələbi, insan haqları, demokratiya və s. kimi adlar. Qərb mədəniyyətinin qadına münasibətdə tutduğu istiqamətə azadlıq adı vermək yalandır. Bu, azadlıq deyil. Qərb mədəniyyətinin əsas prinsipi qadını bir mal, cəmiyyətdə kişinin cinsi ehtiyaclarının ödənməsi üçün bir vasitə kimi təqdim etməkdir. Çılpaqlığa təşviq etmək, həvəsləndirmək tendensiyası da bundan irəli gəlir. Son 100-200 ildə Qərbdə qadına qarşı zorakılıq artıb ki, azalmayıb. Qərbdəki cinsi azadlıq, cinsi məhdudiyyətsizlik təbii və instinktiv bir hiss olan şəhvət hissinin sakitləşməsinə səbəb olmayıb. Əvvəllər belə təbliğat aparırdılar. Deyirdilər ki, qoyun kişi və qadın cəmiyyətdə sərbəst şəkildə münasibət qursunlar, bununla da cinsi şəhvət hərisliyi azalacaq. Lakin praktikada məlum oldu ki, məsələ tamamilə əksinədir. Cəmiyyətdə kişi və qadın nə qədər çox sərbəst şəkildə münasibətdə olsalar, qərblilərin yaratdığı şəraitdə insanın şəhvət hərisliyi bir o qədər artır. Bu gün qərblilər xəcalət çəkmədən homoseksualizmdən bir dəyər kimi danışırlar. Şərəfi olan hər bir insanı xəcalət təri basar, onlar isə utanmırlar. Qərbin qadına yanaşması düşkün, naqis, aldadıcı və yanlış bir yanaşmadır. İslam isə qadına tam fərqli yanaşır: hörmət qoyur, uca tutur, inkişaf etməsini arzulayır, kimliyini tanıyır, onu müstəqil bir şəxsiyyət kimi qəbul edir. Biz bunu iddia edirik və iddiamızı ən güclü dəlillərlə sübut edə bilərik.

İslami mühitdə qadın elmi cəhətdən inkişaf edir, bir şəxsiyyət kimi inkişaf edir, əxlaqi cəhətdən inkişaf edir, siyasi cəhətdən inkişaf edir, ən əsas sosial məsələlərdə ön sıralarda yer alır, eyni zamanda qadın olaraq qalır. Qadın üçün onun qadın olmağı bir imtiyaz, bir iftixardır. Qadını onun qadın mühitindən, qadına xas xüsusiyyətlərindən, qadın əxlaqından uzaqlaşdırsaq, ailə sahibi olmasını, ərinin, uşaqlarının qayğısına qalmasını onun üçün ar hesab etsək, bu qadın üçün qürurverici olmaz. Qərb mədəniyyəti ailəni darmadağın edib. Bu gün Qərb dünyasının ən böyük problemlərindən biri ailələrin dağılması, qeyri-qanuni doğulan uşaqların sayının artmasıdır. Bir gün bunlar Qərbin yaxasından yapışacaqlar. İctimai hadisələr öz nəticəsini zaman keçdikcə göstərir. Qərb ən ağır zərbəni məhz bu nöqtədən alacaq, zahiri parıltı və cazibə ilə dolu bu maddi sivilizasiya məhz bu nöqtədən başlayaraq çökəcək.

İslam qadına ehtiramla yanaşır. Kişi və qadın arasında bütün insani xüsusiyyətlər müştərəkdir. Bir insan kişi və ya qadın kimi səciyyələnməmişdən əvvəl, insan kimi səciyyələnir. İnsanlıqda qadın-kişi yoxdur, hamı birdir. İslamın yanaşması budur. Uca Yaradan cinslərdən hər birinə özünəməxsus fiziki xüsusiyyətlər bəxş edib və yaradılışın davam etdirilməsində, insanın inkişaf və yüksəlişində, tarixin axarında hər birinin öhdəsinə özünəməxsus rol düşür. Qadının rolu isə daha mühümdür. İnsanın ən mühüm işi bəşər nəslini davam etdirməkdir – yəni öz növünü istehsal etmək. Bu işdə qadının öhdəsinə düşən rol kişininki ilə müqayisəyə gəlməz. Ev-eşik, ailə, cinsi instinktlərin sərbəstliyinə məhdudiyyət qoyulması məhz bu baxımdan əhəmiyyətlidir. İslamın təlimlərinə və İslam şəriətinin hökmlərinə bu aspektdən yanaşmaq lazımdır. Azğın Qərb bunlara məhdudiyyət adı qoyur, o azğın əsarəti isə azadlıq adlandırır!

Bunlar Qərbin yalanlarından bir qismidir. Qadın məsələsi ilə bağlı qeyd etməyi lazım bildiyim məqamlardan biri bu idi.

Bu gün sizin – müxtəlif sferalarda tanınmış ziyalı qadınların, qızların, gənclərin – öhdənizə düşən ən mühüm məsuliyyətlərdən biri budur ki, İslam nöqteyi-nəzərindən qadının üzərinə düşən rolu müəyyən edəsiniz, qabardasınız, işıqlandırasınız. Qadının gözəl bir insan kimi yetişdirilməsi bəşər cəmiyyətinə və İslama ən böyük xidmətdir. Bu hərəkata start vermək lazımdır. Əlbəttə ki, start verilib, lakin onu daha da gücləndirmək, əhatə dairəsini genişləndirmək, irəli aparmaq lazımdır və siz, heç şübhəsiz, bu hərəkatda qalib olacaqsınız. Əsas işlərdən biri budur. Bu, bir məqam. Daha bir məqam isə qadınların sosial dəyişikliklərdəki roludur – inqilablardakı, elə möhtəşəm bir hərəkat olan islami oyanışdakı rolu. Sizə deyim ki, əgər bir xalqın ictimai hərəkatında qadınlar iştirak etməsələr, o hərəkat istənilən nəticəni verməz, uğur qazanmaz(1). Hər hansı bir hərəkatda qadınlar iştirak etsələr – ciddi və məlumatlı şəkildə, gözüaçıqlıqla iştirak etsələr – o hərəkat ikiqat güclü templə inkişaf edər. Əzəmətli islami oyanış hərəkatında qadınların rolu misilsizdir və bu rol davam etdirilməlidir. Öz ərlərini, övladlarını ən təhlükəli meydanlarda və cəbhələrdə iştiraka hazırlayan, ürəkləndirən məhz qadınlardır. İranda despotik şah rejiminə qarşı mübarizə apardığımız dövrdə, həmçinin İslam İnqilabının qələbəsindən sonra bu günə qədər biz qadınların rolunun nə qədər qabarıq olduğunu açıq-aşkar, real olaraq duyulan şəkildə müşahidə etmiş, görmüşük. 8 il ərzində məcburən cəlb olunduğumuz müharibədə xanımlarımız, ölkəmizin qadınları döyüş meydanlarında, o böyük ümummilli arenada iştirak etməsəydilər, biz bu çətin, əzab-əziyyətlərlə dolu sınaqdan qalib çıxmazdıq. Qadınlarımız bizi qalib etdi – şəhid anaları, şəhid xanımları, əlil və veteranların, əsir və azadələrin həyat yoldaşları bizi qalib etdi. Bu analar yaşadıqları məntəqələrdə öz səbirləri ilə elə bir atmosfer yaradırdılar ki, o atmosfer gəncləri, kişiləri müharibədə daha qətiyyətlə iştirak etməyə həvəsləndirirdi. Və bu əhval-ruhiyyə bütün ölkəyə yayılırdı, yayılmışdı. Nəticədə, ölkəmizdə ümumilikdə bir cihad atmosferi, fədakarlıq, hər şeyindən vaz keçmək atmosferi əmələ gəldi. Canından vaz keçmək ... Və biz qələbə çaldıq. Bu gün İslam dünyasında da eyni vəziyyətdir: Tunisdə, Misirdə, Liviyada, Bəhreyndə, Yəməndə və bütün başqa nöqtələrdə. Əgər qadınlar ön sıralarda fəal və ardıcıl iştirak etsələr, onlara ard-arda qələbələr nəsib olacaq. Buna heç bir şübhə yoxdur(2).

İslami oyanış məsələsinin əsas mahiyyəti ilə də bağlı müəyyən məqamları qeyd etmək, fikir söyləmək yerinə düşər. İslam dünyasında təzahür etmiş, Tunisdən başlayıb Misirdə əzəmətinə çatmış, daha sonra başqa ölkələrə keçmiş bu böyük hadisə heyrətamiz bir hadisədir, misli-bərabəri yoxdur. Tariximizə nə qədər nəzər salsaq da, görürük ki, bu hadisə çox möhtəşəm bir hadisədir, sıradan bir hadisə deyil. Bu hadisə dünyanın kursunu dəyişə bilər, imperializm və sionizmin İslam dünyası üzərində uzun illərdir davam edən zülmkar ağalığına son qoya bilər, İslam dünyasını mütəşəkkil formaya sala bilər. Bir şərtlə ki, ardıcıl ola. İslami hərəkatlar müəyyən uğurlar qazandıqları kimi, müəyyən uğursuzluq təhlükələri altındadırlar. Onlara müəyyən ziyanlar, zərbələr dəyə bilər. Bu zərbələri öncədən dəyərləndirmək və onların qarşısını almaq lazımdır. Sevindirici haldır ki, bu gün Şimali Afrikadakı müsəlmanlar çox parlaq davranış nümayiş etdirirlər, çox gözəl hərəkata başlayıblar. Bu, əzəmətli bir hərəkatdır və əlhəmdulillah, bu gü
nə qədər uğurlu olub. Lakin diqqət yetirin ki, başda Amerika və sionizm olmaqla Qərb var gücü ilə meydana atılıb və bundan sonra bu hərəkatı cilovlamaq, bu dalğanı ram etmək üçün proseslərə daha artıq müdaxilə etməyə çalışacaq; xalqlar sayıq olmalıdırlar. Onlar qəfil yaxalanıblar. Olanları əvvəlcədən görüb proqnozlaşdıra bilmirdilər və bilmədilər. Bu qəfil yaxalanma Allahın qəzəbidir.

و مكروا و مكر اللَّه واللَّه خير الماكرين

“Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da (onların gizli hiyləsinə, məkrinə qarşı) tədbir tökdü. (İsanı göyə qaldıraraq münafiqlərdən birini onlara İsa surətində göstərib öldürtməklə məkrlərinin cəzasını verdi). Allah (məkr edənlərə qarşı) tədbir tökənlərin ən yaxşısıdır (məkr edənlərə, hiylə quranlara ən layiqli cəza verəndir)” (“Ali-İmran” surəsi ayə 54)

Livan hadisələrində də mübariz Livan gənclərinin təpədən-dırnağa qədər silahlanmış işğalçı sionist ordusu üzərində qələbəsi onları qəfil yaxaladı. 33 il əvvəl İranda İslam İnqilabının qələbəsi də onları sürpriz qarşısında qoydu. Bu sürprizlər davam edir. Bu hadisələrlə qəfil yaxalanıblar, öncədən anlayıb qarşısını ala bilməyiblər, lakin çarə axtarışındadırlar. Əsas işlərindən biri xalqın stimulunu zəiflətməkdir. İslam dünyasının, xüsusilə də inqilab etmiş ölkələrin gəncləri – istər qadınlar, istərsə də kişilər, tanınmış şəxsiyyətlər bilməlidirlər ki, meydanda qalıb mübarizəni davam etdirsələr, imperializmin bütün üsul və vasitələri üzərində qələbələri mütləqdir(3). İmperialist dövlətlərin bütün güc mexanizmləri xalqların iştirakı, xalqların imanı qarşısında aciz, yararsızdır. Pulları var, silahları var, atom bombaları var, hər cür təchiz olunmuş orduları var, diplomatik vasitələri var, lakin xalqların imanı qarşısında bütün bunlar yararsızdır. Ehtiyatlı olun ki, bu iman əldən getməsin. Onlar müxtəlif yollarla buna nail olmağa çalışırlar: ixtilaf salırlar, xalqların başını cürbəcür məsələlərlə qatırlar, gənclərə bir cür, qocalara bir cür, dindarlara bir cür, qeyri-dindarlara bir başqa cür təsir göstərməyə çalışırlar. Dini, islami şüarları rəhbər tutan xalq kütlələri bu millətləri irəli apara biləcək yeganə şeydir. Bu sahədə bizim uzun illər boyu ardıcıl şəkildə davam etmiş təcrübəmiz var.

Əziz bacılarım! Əziz övladlarım! 33 ildir ki, biz imperializmin düşmənçiliyi ilə üz-üzəyik. Bu gün onlar dünyada hay-küylü təbliğat aparıb deyirlər ki, biz İrana sanksiyalar tətbiq etmişik. Onlar başa düşmür, dərk etmirlər ki, bu 30 ildə bizi sanksiyalara qarşı peyvənd ediblər. 30 ildir ki, biz sanksiyalara məruz qalırıq. Sanksiyalara qarşı peyvənd olmuşuq. Onlar bizə heç bir zərbə vurmur. İran xalqı müqavimət göstərib. Canı, malı, ən sevimli əzizləri ilə düşmənin məkrli planlarına qarşı mübarizə aparıb. Bu gün biz 30 il əvvəlkinə nisbətən 100 dəfə daha güclü, daha irəliyik(4). İnqilabın qələbə çaldığı ilk illərlə müqayisədə bu gün biz elm, siyasət, iqtisadiyyat meydanlarında, ölkənin idarəçiliyi, xalqın son dərəcə gözüaçıqlığı baxımından dəfələrlə irəlidəyik. Xalqımız buna düşmənlərlə qarşıdurmada nail olub.

Bu gün İran adlı ölkədə müsəlman qadın şərəfli və başıuca bir varlıqdır. Bu reallığı tərsinə təqdim etmək üçün minlərlə təbliğat vasitəsindən istifadə edir, ölkəmizi xəbər bombardmanına tuturlar. Amma həqiqət budur! Bu gün bizim ən imanlı, ən inqilabçı qadınlarımız ali təhsilli qadınlardır. Bu gün bizim qadınlarımız – ali təhsilli qadınlarımız, gənc qadınlarımız ən mürəkkəb laboratoriyalarda, elmi-təcrübi və humanitar mərkəzlərdə iştirak edirlər, fəallıq göstərirlər(5). Siyasət, elm, ictimai idarəçilik sahələrində ən fəal qadınlarımız mömin və inqilabçı qadınlarımızdır – yaxşı təhsil almış, dərin düşüncəyə malik qadınlarımız.

İran xalqının əldə etdiyi irəliləyişlər onun mübarizliyinin nəticəsidir. Hansı xalq Allah yolunda və Allah naminə mübarizlik nümayiş etdirsə, Allah ona yardım edər. Bu, Allahın vədidir, Allahın vədləri isə mütləq və danılmazdır.(6)

İmperializm maşını və imperialist siyasəti İslam Respublikasını Fələstini dəstəkləmək fikrindən daşındırmaq üçün bütün səylərini səfərbər etdi. Biz isə Fələstin məsələsi üzərində möhkəm durduq. Məzhəb və tayfa mənsubiyyəti məsələsini şişirtməyə çalışdılar. İslam Respublikası hər məzhəbdən olan müsəlman qardaşlarının – sünnilərin, şiələrin, cürbəcür firqələrin ardıcıllarının yanında olub. Harda islama xidmət edən bir hərəkat varsa, harda müsəlman şərəfinin müdafiəsi varsa, harda məzlumu müdafiə varsa, İslam Respublikası ordadır və orda olacaq. Amerika, sionizm və imperialistlərin fasid siyasi şəbəkəsi İslam Respublikasına qalib gələ bilmədi və bilməyəcək də!(7)

Allahın verdiyi mənəvi dəstək sayəsində, biz Fələstin xalqının yanında olduq, inqilab etmiş müsəlman xalqlarının yanında olduq, məzlum Bəhreyn camaatının yanında olduq, Amerika və sionizmin əleyhinə çıxan hər kəsin yanında olduq, onları dəstəkləyirik və bu məsələdə heç kəsi, heç bir dövləti nəzərə almırıq.(8)

Uca Yaradanın bizə və müsəlman xalqlarına nəsib etdikləri ilahi lütfdür, ilahi rəhmətdir. Elə etməliyik ki, ilahi rəhmətə layiq olmaqda davam edək. Uca Yaradandan Öz rəhmət və fəzilətini aid etməsi üçün lazım olan şəraiti bizə inayət etməsini diləməliyik. İnşallah, elə belə də olacaq!

Müsəlman qadınların bu hərəkatını, dünyanın hər yerindən gəlib bir-biri ilə tanış olma fürsətini qənimət bilin və bunun müsəlman ümməti içərisində, inşallah, daha böyük qələbələrlə nəticələnəcək əzəmətli bir hərəkat üçün əsas rolu oynamasına çalışın.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!
___________________________________
(1Təkbir səslənir 
(2Təkbir səslənir
(3) Təkbir səslənir
(4Təkbir səslənir
(5) Təkbir səslənir 
(6) Təkbir səslənir 
(7Təkbir səslənir
(8) Təkbir səslənir