Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin “Gənclər və islami oyanış” mövzusuna həsr edilmiş ümumdünya forumunun iştirakçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

الحمد للَّه ربّ العالمين و الصّلاة و السّلام على سيّد المرسلين و سيّد الخلق اجمعين سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى محمّد و على ءاله الطّيّبين و صحبه المنتجبين و من تبعهم باحسان الى يوم الدّين

Sizin hamınıza – əziz qonaqlara, İslam ümmətinin gələcəyi üçün böyük müjdələrin daşıyıcısı olan əziz gənclərə “Xoş gəlmisiniz!” deyirəm! Sizlərdən hər biriniz böyük bir müjdənin daşıyıcısısınız. Hər hansı bir ölkədə bir gəncin təfəkkürü oyanıbsa, həmin ölkədə ümumxalq oyanışına ümid yaranır. Bu gün İslam dünyasının dörd bir yanında gənclərimiz oyanıb. Gənclərin ayaqları altında bu qədər tələlər qurulub, lakin buna baxmayaraq, qeyrətli və əzmkar müsəlman gəncləri özlərini bu hiylələrdən xilas ediblər. Tunis, Misir, Liviya, Yəmən və Bəhreyndə nələrin baş verdiyini, digər müsəlman ölkələrində baş qaldırmış hərəkatları özünüz görürsünüz. Bunların hamısı müjdədir.

Sizə – dəyərli gənclərə, əziz övladlarıma bir şeyi demək istəyirəm: bilin ki, bu gün dünya tarixi, bəşəriyyətin tarixi böyük bir dönüşün astanasındadır. Bütün dünyada yeni bir dövr başlayır. Bunun ən böyük və bariz əlaməti insanlığın Uca Yaradana diqqət yönəltməsi, Allahın tükənməz qüdrətindən yardım diləməsi, Quran və vəhyə söykənməsidir. Bəşəriyyət materialist məktəb və ideologiyalardan üz çevirib. Bu gün nə marksizm, nə Qərbin liberal demokratiyası (Qərb liberal demokratiyasının beşiyi olan Amerika və Avropada nələr baş verdiyini görürsünüz; məğlubiyyətlərini özləri etiraf edirlər), nə də sekulyar nasionalizm insanlara cəlbedici gəlmir. Bu gün müsəlman ümməti içərisində İslam, Quran, vəhy məktəbi daha aktualdır. Belə ki Uca Yaradan dini ideologiyanın, vəhy məktəbinin, əziz İslam dinimizin bəşəriyyəti səadətə qovuşdurmağa qadir olduğunu vəd edib. Bu, mübarək, son dərəcə mühüm və məna dolu bir təzahürdür.

Bu gün müsəlman ölkələrində xaricdən asılı olan diktatura rejimləri əleyhinə qiyamlar müşahidə olunur. Bu, sionizm şəbəkəsi və müstəmləkəçi dövlətlərin çürük, xəbis diktaturasından ibarət olan qlobal diktatura əleyhinə qiyamların başlanğıcıdır. Bu gün beynəlxalq diktatura, beynəlxalq istibdad Amerika və onun ardıcıllarının, şeytani xarakterli və təhlükəli sionist şəbəkəsinin timsalında təcəssüm edir. Bu gün onlar cürbəcür metod və vasitələrin köməyi ilə bütün dünyada öz diktator ağalıqlarını sürdürürlər. Sizin Misir, Tunis və Liviyada etdikləriniz, Yəmən və Bəhreyndə həyata keçirməkdə olduqlarınız, habelə digər ölkələrdə bu tip hərəkatlar üçün güclü stimulun yaranması artıq iki əsrdir ki, bəşəriyyətə əziyyət verən bu təhlükəli və zərərli diktaturanın əleyhinə mübarizənin bir hissəsidir. Daha öncə qeyd etdiyim tarix dönüş də bu diktaturanın ağalığının xalqların azadlığına, mənəvi-ilahi dəyərlərin hakimiyyətinə çevrilməsindən ibarətdir. Bu, olacaq! Buna heç bir şübhəniz olmasın!

 و لينصرنّ اللَّه من ينصره

“Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, ayə 40)

– bu, Allahın vədidir! Uca Yaradan xüsusilə vurğulayır ki, əgər siz Ona yardım etsəniz, O da sizə yardımçı olacaq. Adi tərzdə, maddi nöqteyi-nəzərdən yanaşılarsa, bu, qeyri-real görünə bilər. Lakin qeyri-real, qeyri-mümkün görünən bir çox şeylər həqiqətə çevrilib. Misirdəki despotun bu cür zəlil olub aradan gedəcəyi il yarım bundan əvvəl ağlınıza gələrdimi?! Xaricdən asılı olan, korrupsiyaçı Hüsni Mübarək rejiminin süquta uğrayacağını o vaxt kimə desəydin, bu fikri yaxın buraxmazdı; amma oldu! İki il bundan əvvəl kimsə Şimali Afrikada bu inanılmaz hadisələrin reallığa çevriləcəyini iddia etsəydi, çoxları buna inanmazdı. Livan kimi bir ölkədə bir qrup mömin gəncin İsrail rejimini, təpədən-dırnağa qədər silahlanmış sionist ordusunu məğlub edəcəyinə heç kəs inanmazdı. Lakin bütün bunlar oldu! Şərqdən və Qərbdən bu qədər düşmənçiliyə tuş gələn İslam Respublikasının 32 il müqavimət göstərəcəyini, günü-gündən daha da güclənib irəli gedəcəyini kimə desəydin, inanmazdı; amma oldu!

وعدكم اللَّه مغانم كثيرة تأخذونها فعجّل لكم هذه و كفّ ايدى النّاس عنكم و لتكون ءاية للمؤمنين و يهديكم صراطا مستقيما

“Allah sizə çox-çox qənimətlər vəd buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu (Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Möminlərə işarə olsun və sizi doğru yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi (Xeybərdə müttəfiqlərin, yaxud Məkkə müşriklərinin müqavimətini qırdı). (“Fəth” surəsi, ayə 20)

Bu qalibiyyətlər Allahın nişanələridir. Haqq-Taala bununla Öz müzəffər qüdrətinin nişanələrini bizə göstərir. İnsanlar meydanlara çıxıbsa, biz bütün varlığımızla meydandayıqsa, Allahın yardımı mütləqdir. Uca Yaradan bizə yolu da göstərir:

والّذين جاهدوا فينا لنهدينّهم سبلنا

“Bizim uğrumuzda cihad edənləri Öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq”. (“Ənkəbut” surəsi, ayə 69)

Allah-Taala həm doğru yolu göstərəcək, həm yardım edəcək, həm də ali hədəflərə çatdıracaq. Bircə şərti var: biz meydanda olaq!

Bu günə qədər baş verənlər çox böyük hadisələrdir. Son 200 ildə qərblilər elmi nailiyyətlərinin köməyi ilə İslam ümməti üzərində hökmranlıq ediblər, müsəlman ölkələrini çapıb-talayıblar. Bəzilərini birbaşa, bəzilərini isə dolayı yolla – yerli diktaturaların köməyi ilə. İngiltərə, Fransa və son nəticədə, böyük Şeytan olan Amerika İslam ümmətinə ağalıq edib. Müsəlmanları bacardıqları qədər alçaldıblar. Orta Şərqin – bu strateji regionun göbəyində məhvedici xərçəng şişi olan sionizmin əsasını qoyublar. Onu hər cəhətdən gücləndirərək Yer üzünün bu son dərəcə mühüm regionunda öz məqsəd və siyasətlərinin təmin edildiyinə əmin olublar. Lakin imandan, İslamdan doğan əzm, xalqın iştirakı bu xam xəyalların hamısını puç etdi. Bu məqsədlərin hamısını tormozladı.

Bu gün dünya imperializmi islami oyanış qarşısında özünü aciz hiss edir. Siz qələbə çalmısınız, qalib sizsiniz, gələcək sizindir! Görülən iş çox böyük bir işdir! Lakin əsas odur ki, bu, işin sonu deyil. Bu, bir müqəddimədir, başlanğıcdır! Müsəlman xalqları mübarizəni davam etdirməlidirlər ki, müxtəlif meydanlarda düşməni aradan götürə bilsinlər.

Bu, əzm və iradələr arasında gedən mübarizədir. Hansı tərəfin iradəsi daha güclü olsa, o, qələbə qazanacaq. Kim bütün qəlbi ilə Uca Yaradana arxalanırsa, o, qalib olacaq.

ان ينصركم اللَّه فلا غالب لكم

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. (“Ali-İmran” surəsi, ayə 160)

Allahın yardımının sizə nəsib olmasına nail ola bilsəniz, heç kəs sizə qalib gələ bilməyəcək; irəli gedəcəksiniz. Biz istəyirik ki, böyük İslam ümmətini təşkil edən müsəlman xalqları azad, müstəqil, nüfuzlu olsunlar, heç kəsin qarşısında alçalmasınlar. İslam dininin ali və mütərəqqi hökmlərini rəhbər tutaraq yaşamlarını nizama salsınlar. İslam dini buna qadirdir! Uzun illər boyu bizi elmi cəhətdən geridə saxlayıblar, mədəniyyətimizi tapdalayıblar, müstəqilliyimizi əlimizdən alıblar. Bu gün isə biz oyanmışıq. Elm meydanlarını da bir-birinin ardınca fəth edəcəyik.

30 il əvvəl İslam Respublikası yarananda düşmənlər deyirdilər ki, İslam İnqilabı qələbə çaldı, amma bu hərəkat cəmiyyətin cürbəcür həyat sferalarını idarə etmək iqtidarında olmadığı üçün geri çəkiləcək. İslam dininin bərəkəti sayəsində, bu gün gənclərimiz elm sahəsində özlərinin belə, əvvəllər heç vaxt ağlına gəlməmiş böyük işlər görə biliblər. Uca Yaradana təvəkkülün bərəkəti sayəsində, bu gün iranlı gənclər böyük elmi işlərə imza atırlar: uranı zənginləşdirirlər, kök hüceyrələri istehsal edib yetişdirirlər, biotexnologiya sahəsində iri addımlar atırlar, kosmosa əl atırlar. Və bunların hamısı Uca Allaha təvəkkül etməyin, “Allahu-Əkbər!” şüarının bərəkəti sayəsindədir ...(1)

Biz öz güc və potensialımızı zəif hesab etməməliyik. Qərb mədəniyyətinin müsəlman ölkələrinə gətirdiyi ən böyük təhlükələr sırasına bu iki yanlış təsəvvür də daxildir: birincisi, müsəlman xalqlarına bacarıqsızlıq psixologiyasının aşılanması. Müsəlmanları inandırmışdılar ki, sizin əlinizdən bir şey gəlmir – nə siyasət, nə iqtisadiyyat, nə də elm meydanında. “Siz zəifsiniz!” – demişdilər. Biz müsəlman ölkələri uzun-uzun onilliklər boyu bu yanlış təsəvvürün təsirində olmuş, geri qalmışıq. Bizə təlqin etdikləri ikinci yanlış təsəvvür düşmənlərimizin gücünün hədsiz-hüdudsuz və yenilməz olmasıdır. Bizə belə başa salmışdılar ki, Amerikanı məğlub etmək, Qərbi geri çəkilməyə vadar etmək mümkün olmadığı üçün onların elədiklərinə dözməyə məcburuq.

Bu iki təsəvvürün tamamilə yanlış olduğu bu gün bütün müsəlman xalqlarına sübut olub. Müsəlman xalqları irəli gedə bilərlər, bir vaxtlar elm, siyasət və sivilizasiya baxımından iftixar zirvələrində parlamış ümmətlərinin əzəmət və ehtiramını dirçəldə bilərlər və düşmən bir sıra meydanlarda geri çəkilməyə məcburdur.

Yaşadığımız əsr İslam əsridir! Əsrimiz mənəviyyat əsridir. İslam dini rasionallığı, mənəviyyatı və ədaləti paralel surətdə xalqlara bəxş edir. İslam rasionallığı, dərin düşüncə və müdrikliyi, mənəviyyatı, Uca Yaradana diqqət və təvəkkülü, cihadı, zəhməti, təşəbbüsü rəhbər tutur – Allah-Taala və dinimiz bizə bunları öyrədir.

Bu gün mühüm olan odur ki, düşmən Misir, Tunis, Liviya və digər region ölkələrində aldığı böyüklü-kiçikli zərbələrə qarşı məkrli planlar qurmaqdadır. Düşmənin hiyləsindən ehtiyatlı olmaq lazımdır. Diqqətli olmaq lazımdır ki, düşmən xalqların inqilablarını onlardan oğurlamasın, yanlış məcraya yönəltməsin. Başqalarının təcrübəsindən istifadə edin! Düşmən inqilabları düzgün kursdan yayındırmaq, hərəkatları neytrallaşdırmaq, çəkilən əziyyətləri, tökülən qanları hədər etmək üçün bir çox işlər görür. Ehtiyatlı olmaq, sayıq olmaq lazımdır! Siz gənclər bu hərəkatların hərəkətverici qüvvəsisiniz. Ayıq olun, ehtiyatlı olun!

Bu 32 il ərzində biz zəngin təcrübə toplamışıq. 32 ildir ki, biz düşmənçiliklə üz-üzəyik, mübarizə aparmışıq və qalib gəlmişik ...(2)  Qərb və Amerika İslam Respublikası əleyhinə əlindən gələn hər cür hiyləgər planı işlədib. Nəyisə etməyiblərsə, bacarmadıqlarına görə etməyiblər. Nəyi bacarıblarsa, ediblər və bütün etaplarda layiqli cavablarını alıblar, uğursuzluqla üzləşiblər.(3) Bundan sonra da belə olacaq! İslam Respublikası əleyhinə bundan sonra quracaqları bütün planlar da məğlubiyyətə məhkumdur! Bunu bizə Allah-Taala vəd edib və bizim Onun vədinə heç bir şübhəmiz yoxdur!

Biz Allahın vədinin doğru olduğuna zərrə qədər də olsun şübhə etmirik. Biz Uca Yaradana qarşı bədbin deyilik. Uca Yaradan Ona inamsızlıqla yanaşanları məzəmmət edir.

و يعذّب المنافقين و المنافقات و المشركين و المشركات الظّانّين باللَّه ظنّ السّوء عليهم دائرة السّوء و غضب اللَّه عليهم و لعنهم و اعدّ لهم جهنّم و سائت مصيرا

“(Cihad əmri həm də ona görədir ki) Allah (Məhəmmədin Rəbbi nə Məhəmmədin özünə, nə də möminlərə kömək edəcəkdir, – deyə) Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lənət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!” (“Fəth” surəsi, ayə 6)

Uca Yaradanın verdiyi vəd haqdır! Biz meydandayıq, mübarizəyə girmişik! İran xalqı bütün gücünü və potensialını ortaya qoyub! Buna görə də Allah, mütləq, bizə yardım edəcək! Bütün başqa ölkələrdə də belədir, intəhası ayıq-sayıq olmalıyıq. Hamımız ayıq-sayıq olmalıyıq. Düşmənin hiylələrinə qarşı hamımız diqqətli olmalıyıq. Düşmən xalq hərəkatlarının nəticələrini heçə endirməyə, ixtilaf salmağa çalışır.

Bu gün müsəlman dünyasında baş qaldırmış islami oyanış hərəkatı sünni-şiə tanımır! Şafei, hənəfi, cəfəri, maliki, hənbəli, zeydi tanımır! Ərəb, fars və ya başqa bir milliyyət tanımır! Bu böyük meydan hər kəs üçündür! Gəlin çalışaq ki, düşmən aramıza nifaq salmasın. Hamımız bir-birinə qardaş olaq, hədəfimizi müəyyənləşdirək. Hədəf İslamdır. Hədəf Quranın və İslamın hökmranlığıdır. Əlbəttə ki, müsəlman ölkələri arasında ortaq cəhətlər olduğu kimi, fərqli xüsusiyyətlər də var. Bu ölkələrin hamısı üçün vahid bir model ola bilməz. Müxtəlif ölkələrdə fərqli coğrafi, tarixi və sosial şərait mövcuddur. Lakin müştərək prinsiplər var: hamımız imperializmə düşmənik, hamımız Qərbin xəbis niyyətli, müstəmləkəçi ağalığına qarşıyıq, hamımız öldürücü xərçəng şişi olan İsrailin varlığının əleyhinəyik.(4)

Harada İsrailin, Amerikanın mənafeyinə uyğun gələn bir iş görüldüyünü hiss etsək, sayıq olmalıyıq. O hərəkatın bizə yad olduğunu, özgənin maraqlarına xidmət etdiyini, özümüzünkü olmadığını bilməliyik. Və harada islami xarakterli, sionizmin, müstəmləkəçiliyin, istibdadın, korrupsiyanın əleyhinə olan bir hərəkat baş qaldırsa, əmin olmalıyıq ki, həmin hərəkat düzgün istiqamətdə gedir, hamısı özümüzünkülərdir! Fərqi yoxdur, şiəyik, sünniyik, bu ölkədənik, o ölkədənik – hamımız eyni cür fikirləşməliyik!

Özünüz baxın (bu, açıq-aşkar göz önündə olan bir misaldır): bu gün dünyanın bütün media orqanları Bəhreyn xalqını, bu ölkədə baş qaldırmış hərəkatı təkləməyə, dəstəkdən məhrum etməyə çalışırlar. Bəhanə nədir? Sünni-şiə məsələsi. İxtilaf yaratmağa, ikitirəlik salmağa çalışırlar. Bu və ya digər İslam məzhəbinə aid olan müsəlmanlar, möminlər arasında heç bir fərq yoxdur. Hamısının ortaq cəhəti İslamdır. Hamısını bir araya gətirən amil İslam ümmətidir, İslam ümmətinin vəhdətidir ...(5) Qalibiyyətə yetişməyin, başladığın hərəkatı sona qədər davam etdirməyin sirri Allaha təvəkküldə, Uca Yaradana nikbin yanaşmaqda, Tanrıya etimad göstərməkdə, birlik və həmrəyliyi qorumaqdadır.

Əzizlərim! Övladlarım! Ehtiyatlı olun ki, düşmən hərəkatınızı tormozlamasın! Uca Yaradan Quranın iki yerində peyğəmbərinə buyurur:

فاستقم كما امرت

“(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol”. (“Hud” surəsi, ayə 112)

و استقم كما امرت

“(Ya Peyğəmbər!) Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol”. (“Şura” surəsi, ayə 15)

– mətin ol, səbatlı ol! Mətinlik mübarizəni, tutduğun yolu davam etdirmək, yarıda dayanmamaq deməkdir. İşin sirri bundadır.

İrəli getməliyik! Bu hərəkat uğurlu bir hərəkatdır, çünki aydın üfüqlərə malikdir. Üfüqlər aydındır! Bu hərəkatın gələcəyi çox işıqlıdır! Gün gələcək, Allahın yardımı və dəstəyi ilə, İslam ümməti iqtidar və istiqlalın zirvəsində olacaq!(6) Müsəlman xalqları hər biri öz xüsusiyyətlərini, fərqli cəhətlərini qoruyub saxlayaraq Allah yoluna, İslama dəvət bayrağı altında birləşməlidir! Hamısı bir olmalıdır! Məhz onda İslam ümməti layiq olduğu nüfuzu qazanacaq.

Hər birimizin ölkəsində yeraltı resurslar, strateji məntəqələr, bol təbii ehtiyatlar, görkəmli şəxsiyyətlər var, istedadlı və mütərəqqi insan qüvvəsi var. Cəhd göstərməli, əzm nümayiş etdirməliyik. İnşallah, Uca Yaradan da bu əzmə bərəkət verər!

Siz cavanlara bir şeyi demək istəyirəm: gələcək sizindir! Allahın köməyi ilə, siz gənclər o günü görəcək, sizə qürur qazandırmış nailiyyətlərinizi, inşallah, sonrakı nəsillərə təhvil verəcəksiniz!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!
______________________________________
(1) Zalda təkbir sədaları eşidilir
(2) Təkbir sədaları və «Ləbbeyk, ya Xamenei!” şüarı səslənir
(3) «Amerikaya ölüm!” şüarı səslənir
(4) «İsrailə ölüm!” şüarı səslənir
(5) Təkbir sədaları, “Müsəlmanlar bir olsun!” şüarı səslənir
(6) «Zillət bizdən uzaqdır!” şüarı səslənir