Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin icra strukturlarının rəsmiləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

الحمد لله ربّ العالمين و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى محمّد و على ءاله الأطيبين الأطهرين المنتجبين سيّما بقيّةالله فى الأرضين‌

Vilayətin icra strukturlarının müxtəlif səviyyəli rəsmiləri ilə belə səmimi bir atmosferdə baş tutan bugünkü görüşümüz əvvəlki görüşlərimizdə olmayan, özünəməxsus bir xüsusiyyətə malikdir. Həmin xüsusiyyət budur ki, əziz Kirmanşah əhalisi ötən illər ərzində çəkdiyi zəhmətlə, elə budəfəki səfər əsnasında bu həqir bəndəyə göstərdiyi lütf və mehribanlıqla, İslam İnqilabına olan sədaqəti ilə bu vilayətdə camaat qarşısında rəsmilərin öhdəsinə çox ağır məsuliyyət düşdüyünü göstərdi. Bu gün bu iclasda iştirak edən vəzifəli şəxslər, bir qayda olaraq, müxtəlif sferalarda həmin ağır məsuliyyət yükünü çiyinlərində daşıyan rəsmilər hesab olunurlar. Elə buna görə də bu gün bura yığışanlar – mən və sizlərdən hər biriniz bu əziz, fədakar və sədaqətli əhali qarşısında məsuliyyət hiss etməli, hər birimiz öhdəmizə düşən rolu ən yüksək səviyyədə ifa etməliyik. Odur ki sizin – əziz qardaş və bacılarımın çiyninə ağır məsuliyyət yükü düşür.

Əvvəlcə mən vilayətin bütün vəzifəli şəxslərinə – ən yüksək səviyyəli rəsmilərdən tutmuş, müxtəlif sferalara rəhbərlik edən şəxslərə və təşkilatlara çəkdikləri zəhmətə, xidmətlərinə görə, özəlliklə də bu etapda – səfər əsnasında göstərilən xoş münasibətə, camaatla birgə həyata keçirilmiş səylərə görə təşəkkürümü bildirməliyəm. Xalqa layiqincə təşəkkür etmək üçün dilimiz, həqiqətən, naqisdir. Çünki xalq bu inqilabın bütün etaplarında bizdən irəlidə olduğunu nümayiş etdirib. Xalqın inqilabın müxtəlif sferalarında iştirak üçün hazırlıqlı olması heyrətamiz bir faktdır. Sözsüz ki, Kirmanşah vilayətinin hər bir yanında əhalinin haqlı gözləntiləri, həyata keçirilməmiş istəkləri var. Bu istəklər müxtəlif səbəblər ucbatından reallaşmayıb və inşallah, gələcəkdə reallaşacaq. Buna baxmayaraq, əhali çatışmazlıqların, problemlərin, kəm-kəsirlərin olduğunu üzə vurmur; inqilabın ehtiyacı olduğu məqamda, hər hansı bir sferada iştirak və fəallıq tələb olunduğu məqamda, özünüzün də gördüyünüz kimi, heç nəyini əsirgəmədən meydana atılır. Əlbəttə, insafla demək lazımdır ki, istər Kirmanşahın özündə, istər bizim olduğumuz şəhərlərdə, istərsə də mənim şəxsən getmədiyim, dostlarımızı – nümayəndə heyətlərini yolladığımız şəhərlərdə müxtəlif sferalara rəhbərlik edən rəsmi şəxslər də küçə və yollarda çox zəhmətlər çəkmişdilər.

Mənim kiçik bir gileyim də var. Neçə gündür ki, onu dilə gətirmək üçün fürsət gözləyirdim. Gileyim budur ki, Kirmanşahın küçələri ilə gedərkən yol boyu bu həqir bəndənin qeyri-adi dərəcədə – ifrat, israf səviyyəsində böyük portretlərinin asıldığını gördüm. Hətta səhv etmirəmsə, Paveyə gedən yolda gördüm ki, bəzi yerlərdə küçələrdə də şəkillər asıblar. Nəyə görə? Bu qədər şəkil nəyə lazımdır? Belə işlər bir neçə cəhətdən bəyənilmir: birincisi, baha başa gəlir, çoxlu xərc aparır – xəbərim var, bilirəm. Böyük məsrəflər tələb edən və tamamilə lüzumsuz bir işdir. Bunu izah etməyə ehtiyac yoxdur. İkincisi, bu metoddan istifadə etmək, hər tərəfə şəkillər asmaq və bu cür təbliğat aparmaq bizim mövqeyimizə, İran İslam Respublikasına, dini-ruhani əqidəmizə uyğun deyil. Belə işlər başqalarına yaraşar. Biz isə işlərimizi sadə tərzdə irəli aparmalıyıq. Belə təmtəraqlı işlər bizim mövqeyimizə uyğun deyil. Əlbəttə, professional baxımdan da yanaşsaq, bu, əks-təbliğatdır. Əgər kimsə, doğrudan da, sevgi və ehtiram ifadə etmək istəyirsə, belə şeylərin bir o qədər də effekti yoxdur. Hətta əks-təsirləri var ... Hər halda, bu məsələ məndə narazılıq doğurdu, intəhası, bilmədim ki, gileyimi kimə bildirməliyəm, müxtəlif dövlət strukturlarından hansı bu işə təşəbbüs göstərib, bu ideyanı irəli sürüb, bu addımları atıb. Düşündüm ki, ən yaxşısı elə bu görüşümüzdür. Son bir neçə gündə bunu demək üçün başqa bir yerdə fürsət yaranmamışdı. Bir sözlə, belə işlər yaxşı deyil. Bütün dostlarımız, rəsmilər və həmkarları bunu bilməlidir. Belə metodlardan istifadə etmək, bu tip işlər görmək İslam İnqilabının və İslam dövlətinin adına yaraşmır. Lakin insafla demək lazımdır ki, sizlərin – dəyərli Kirmanşah əhalisinin qonağı olduğumuz son bir neçə gündə həm əhali, həm də vəzifəli şəxslər əllərindən gələni əsirgəməmişdilər; sevgilərini və səmimi duyğularını ən yüksək səviyyədə nümayiş etdirdilər.

Sizlər – əziz qardaş və bacılarım üçün mən yalnız bir neçə məqamı qeyd edəcəyəm. Biri budur ki, İslam Respublikasında xalqa xidmət etmək, doğrudan da, qürurverici bir işdir. Çünki bu, Allahın razılığı, xalqa kömək, İslam dövlətinin möhkəmlənməsi naminə edilən xidmətdir. Biz nə qədər çox xidmət etsək, nə qədər yaxşı işləsək, İslam Respublikası bir o qədər möhkəmlənər. Bizlər işimizin keyfiyyəti ilə İslam Respublikasının nüfuzunu yüksəldə bilərik. Allah eləməmiş, bunun əksi də ola bilər. Deməli, bizim işimiz adi bir idarəçilik işi olmadığına, İslam dövləti ilə, əsl İslamla və bizim iddia etdiyimiz prinsiplərlə əlaqəli olduğuna görə böyük əhəmiyyət kəsb edir. Odur ki bu dövlətdə xalqa xidmət etmək şərəfdir. Bütün duyğular, təsəvvürlər və qavrayışlar içərisində ən ali olanı budur ki, insan ətrafındakılara xidmət edərkən dinə, İslama xidmət etdiyini hiss etsin. Fərqi yoxdur, hansı sektorda çalışırsınız-çalışın, İslama xidmət etdiyinizi hiss edin. Bu hissin təsiri ilə qəlbimizdə yaranan ixlas işimizin dəyərini ikiqat artırır və inşallah, Allah dərgahında da əcrimiz vardır. Deməli, bu dövlətdə xidmət etməyin qədrini bilməli, bunu özümüz üçün mənəvi bir uğur, Uca Yaradanın bizə nəsib etdiyi bir lütf hesab etməliyik.

İkinci məsələ budur ki, məndən öncə çıxış edən cənabların qeyd etdiyi kimi, bu vilayətdə inkişaf, yüksəliş, əhalinin ümumi yaşayış və rifah səviyyəsi, abadlıq və quruculuq baxımından layiqli bir səviyyəyə nail olunması üçün geniş imkan və potensial var. Mən bunu bir gün öncə keçirdiyimiz görüşdə də qeyd etmişdim. Vilayətin rəsmiləri, inkişaf proqramlarını hazırlayan şəxslər bunu çox yaxşı bilirlər. Möhtərəm nazirlər kabineti də bu imkan və potensial əsasında çox gözəl qərarlar qəbul edib. Möhtərəm vilayət başçısı bu haqda xülasə şəkildə məlumat verdi və mən ona, doğrudan da, təşəkkürümü bildirməliyəm. Bunlar hərtərəfli, gözəl, əhəmiyyətli qərarlardır və vilayətin inkişafına, həqiqətən, təkan verə bilərlər. Lakin əsas şərt budur ki, müxtəlif dövlət strukturları həmin qərarlar qarşısında öhdələrinə düşən vəzifələri düzgün yerinə yetirsinlər. Çünki qəbul olunmuş hər bir qərar bir layihədir, bir yol xəritəsidir. Bu xəritəyə addım-addım riayət olunmalıdır. Bu qərarların ortaya çıxardığı vəzifələr müxtəlif sahələrdə, müxtəlif idarəçilik sferalarında tam ciddi surətdə həyata keçirilməlidir. Bunu etmək sizin öhdənizə düşür; vilayətdəki müxtəlif sferaların rəhbər kadrlarının öhdəsinə düşür. Sözsüz ki, hökumətdə təmsil olunan mərkəzi administrasiyanın da bu baxımdan öz vəzifələri var.

Zəhmət çəkib Tehrandan bura gəlmiş möhtərəm cənablarla dünən axşam söhbətimiz oldu. Onlar söz verdilər ki, bu işləri tam ciddiyyətlə izləyəcək, vilayət üçün nəzərdə tutulmuş ümumi inkişaf tempinin yavaşımasına imkan verməyəcəklər. Sürət tempi olmalıdır ki, işlər düzgün şəkildə və yerli-yerində görülsün.

Müəyyən büdcə də nəzərdə tutulub. Əlbəttə, işlərin reallaşdırılması üçün nəzərdə tutulan büdcə və kreditlər məsələsinin iki aspekti var: biri büdcənin ayrılması, maliyyə vəsaitinin verilməsi, ikincisi isə bu vəsaitdən istifadə, ayrılmış büdcənin düzgün, məntiqli, rasional və ədalətli formada xərclənməsidir. Vilayəti irəli aparacaq, inkişaf etdirəcək əsas və əhəmiyyətli məsələlər də məhz bunlardır.

Elə məşğulluq probleminin özü, doğrudan da, əsas problemlərdəndir. Yoldaşlar bu məsələyə toxundular, rəsmilərin diqqətinə çatdırıldı. Vilayətin hər yerində – Kirmanşahın özündə, müxtəlif rayonlarda gəncləri işsiz olan ailələr var. Əksəriyyəti də ali təhsilli, zəkalı gənclərdir. Bu, çox ağır bir problemdir. Bu gənclər üçün iş yerləri yaradılmalıdır. Əsas budur. İş yerləri olsa, işsizlikdən irəli gələn fəsadlar da öz-özünə ortadan yığışacaq. İşsizlik ardınca cürbəcür fəsadlar gətirir: əxlaqi, ictimai fəsadlar, təhlükəsizlik baxımından fəsadlar. Məşğulluq təmin olunsa, bütün bunlar öz-özünə yığışacaq. Dövlətin boynundan bir sıra xərclər götürüləcək. Əgər məşğulluğun möhtərəm rəsmilərimizin qərarlarda nəzərdə tutduğu şəkildə reallaşmasını istəyiriksə, iş görmək lazımdır. Tehranda iş görülməlidir. Paytaxtdan bura təşrif gətirmiş dostlarımızın öhdəsinə böyük məsuliyyət düşür. Vilayətin yüksək hökumət strukturları, daha sonra isə bütün idarəetmə strukturları səviyyəsində iş görülməlidir.

Odur ki əgər Kirmanşah vilayətində, inşallah, inkişaf və yüksəliş istiqamətində dinamikliyin müşahidə olunmağını istəyiriksə, bunun üçün bütün rəsmi şəxslərin birgə əzminə, genişmiqyaslı fəaliyyətinə ehtiyac var.

Bilin ki, Uca Yaradan sizin ən kiçik səyinizə diqqət yetirir və müqabilində savab, mükafat yazır. Bu işlər Allah-Taalanın nəzərindən kənar qalmır. Tutaq ki, siz hansısa sahə üçün məsuliyyət daşıyırsınız, hansısa idarədə müəyyən bir iş sizə həvalə olunub. İşinizə can yandırır, maraq göstərirsiniz, iş yerində yarım saat artıq qalır, hər şeyə daha diqqətli yanaşırsınız. Sizə müraciət edən insanlarla daha etik davranır, daha çox səbir, təmkin nümayiş etdirirsiniz. Heç kəs də sizə təşəkkür etmir ... Heç kəs sizin bu zəhməti çəkdiyinizin fərqinə varmır – nə sizdən yuxarıdakılar, nə də həmkarlarınız. Heç kəsin bilmədiyi, kimsənin sizə təşəkkür etmədiyi halda, əziyyətə qatlaşırsınız. İnsanlar bilməsələr də, Allah bilir! İşə yuxarıdan nəzarət edən məsul orqanlar sizin əziyyətinizi qeydə almasalar belə, mələklər qeydə alır, Allahın məmurları bütün bunları qeyd edir. Sizin zəhmət və səylərinizin bircə anı belə hədər getməyəcək. İlahi əcr dünyəvi mükafatlardan qat-qat üstündür. Tutaq ki, biz sizə dildə bir təşəkkür etdik, yaxud hansısa iş üçün bizə aylıq mükafat yazdılar – bunlar bir şey deyil; mühüm olan Allahın əcridir, gördüyümüz işin Allah tərəfindən qəbul olunmasıdır. Sizin elə bir işiniz, elə bir səyiniz yoxdur ki, Allah naminə görülə və dərhal qəbula keçməyə, ilahi lütfü, ilahi əcri, ilahi mükafatı dərhal arxasınca gətirməyə. Başqaları bunu dərk etməsələr belə ... Bir iş görəndə, bir səy göstərəndə məsələyə bu baxımdan yanaşmaq lazımdır.

Onu da qeyd edim ki, İran xalqına və İslam dövlətinə qarşı çevrilmiş bütün düşmənçiliklərə, bütün xəbisliklərə, siyasət, təbliğat, təhlükəsizlik və iqtisadiyyat müstəvisindəki bütün hücumlara baxmayaraq, Allahın yardımı və dəstəyi ilə, bu gün biz irəli gedirik (əslində, bu düşmənçilik İslama qarşıdır, İslamdan intiqam almaq istəyirlər). Özü də gözlənildiyindən, normaldan daha sürətli bir templə irəliləyirik. Biz çox müsbət şəkildə irəli getməkdəyik. Buna başqa bir sübut olmasa belə, təkcə düşmənin əks-reaksiyası, əleyhimizə cürbəcür planlar qurmaq cəhdləri kifayətdir. Özünüz görürsünüz ki, beynəlxalq miqyasda təbliğat və qeyri-təbliğat yolu ilə, iqtisadi təzyiqlərlə, cürbəcür bəhanələrlə nələr edirlər. Maddi cəhətdən qoluzorlu bir düşmən olan imperializm cəbhəsi meydanda belə fəallıq göstərirsə, bunun özü sizin uğur qazandığınıza sübutdur. Biz zəif xarakterli, təsirsiz, geridə qalmış, heç bir inkişafa nail ola bilməmiş bir xalq olsaydıq, düşmən belə təkidlə bizimlə çarpışıb-vuruşmazdı. Düşmən sizin irəli getdiyinizi görür.

Sevindirici haldır ki, bu gün regionumuzda İslam diskursu, İslam təlimlərinin, İslam hökmlərinin və İslam şəriətinin arxasınca getmə ideologiyası prioritet təşkil edən bir diskursa çevrilib. Müəyyən ölkələrdə inqilablar olub, xalq hərəkətə keçib, şüarlar səslənib. Digər ölkələrdə isə zahirdə bunlar müşahidə olunmasa da, əslində, xalq analoji əhval-ruhiyyədədir. Bunun əlamətlərini açıq-aydın görmək olar. Mahiyyətcə bu, elə sizin diskursunuz, sizin hərəkatınızdır. İslam Respublikası – bizim əziz ölkəmiz bu gün bir örnəkdir, nümunəvi modeldir. Baxırlar, ölçüb-biçirlər. Əvvəlki söhbətimizdə də bunu qeyd etmişdik. Bu gün ölkəmizdə gedən bütün proseslər, baş verən hadisələrin yekun nəticəsi xalqların diqqət mərkəzindədir. Düşmən bu nəticəni heç etmək istəyir. Biz isə çalışmalıyıq ki, ölkəmizdəki proseslərlə bağlı yekun rəyi dünya ictimaiyyətinə mümkün qədər daha gözəl, daha müntəzəm və daha koordinasiya olunmuş formada təqdim edək.

Allaha şükürlər edirəm ki, əlhəmdulillah, Kirmanşah vilayətində mənəviyyata diqqət – bu ilahi nemət boldur, güclüdür. Vilayətin gənc nəsli bu baxımdan çox yaxşıdır, ata-analar çox yaxşıdır. Vilayətdə, ümumilikdə, humanist və dini emosiyalarla dolu bir atmosfer var. Bunlar çox mühümdür. Müxtəlif strukturlar çalışmalıdırlar ki, inşallah, xalq arasında, cəmiyyətdəki ümumu atmosferdə bu mənəvi-ruhani aspekt daha da güclənsin, möhkəmlənsin.

Rəsmilərin, hökmən, diqqət mərkəzində saxlamalı olduqları məsələlərdən biri də məscid problemidir. Vilayətin hər yanında – həm kəndlərdə, həm də şəhərlərdə məscid çatışmazlığı qabarıq şəkildə hiss olunur. Bu çatışmazlığı aradan qaldırmaq lazımdır. Elə Cənab Əhməd ibn İshaqın məzarı xeyli sayda insanın ziyarətə gəldiyi məkanlardan biridir. Həmin məzari-şərifə diqqəti günü-gündən artırmaq lazımdır. Bu böyük və dahi şəxsiyyət İmam Cavaddan (ə) bəri imamların ən üstün səhabələrindən biridir; məsum həzrətlərin (ə) ən yaxşı silahdaşlarından və ravilərindəndir. O böyük insanın burada dəfn olunması bu məntəqənin, bu diyarın taleyinə yazılmış gözəl bir hadisədir. Həmin məzar Sərpole-Zəhabdadır. Camaatın o məkana diqqət göstərməyinin, ora gediş-gəliş etməyinin özü bir mənəviyyat ocağı əmələ gətirir. Məscidlərə, həmin məzari-şərifə diqqət göstərilməlidir. Vilayətin digər yerlərində olan müqəddəs məzarlara, inşallah, diqqət yetirilməlidir. Gənclər üçün mümkün qədər çoxlu sayda mənəviyyat, dini mərifət ocaqları yandırmaq lazımdır. Bu, bir dayaqdır. Bu, dövlətimizin irəliyə, tərəqqiyə doğru hərəkət tempini, inşallah, sürətləndirəcək bir amildir.

Uca Yaradana dualar edirəm ki, inşallah, Kirmanşah vilayətinə və buranın dəyərli əhalisinə Öz fəzl, rəhmət və bərəkətini nazil etsin. Pərvərdigara! Səni and verirəm Məhəmməd və Ale-Məhəmmədə, Öz lütf və mərhəmətini bu camaatın üzərinə yağdır! Pərvərdigara! Bu diyarın, bu məntəqənin gənclərini Öz rəhmətinə və fəzlinə layiq gör! Pərvərdigara! Bu əhalinin maddi və mənəvi uğurlarını günü-gündən artır! Bu diyarın şəhidlərinin pak ruhlarını məhşər meydanına Peyğəmbərlə (s) birgə çağır!

Allahın salamı, rəhməti və bərəkətləri nəsibiniz olsun!