Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin iqtisadiyyatın müxtəlif sferalarında fəal olan iş adamları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əvvəla, əziz dostlarımıza, ölkə iqtisadiyyatının müxtəlif sferalarında fəallığı ilə seçilən möhtərəm iş adamlarına “Xoş gəlmisiniz!” deyirəm. Bugünkü görüşümüz, müəyyən cəhətdən, simvolik bir görüşdür – dünya və regionun hazırkı həssas şəraitində İslam dövlətinin iqtisadiyyata göstərdiyi diqqət və marağı simvolizə edir. İlk növbədə, biz özümüz bunu istəyirdik. İstəyirdik ki, Ramazan ayının günlərindən biri belə bir görüşə həsr olunsun, iqtisadiyyatın dövlət və özəl sektorlarında, müxtəlif sahələrdə çalışan fəal iş adamları bura təşrif gətirsinlər, oturub bir-iki saat söhbət edək və bu görüş ölkədə əks-səda doğursun. Hər kəs görsün ki, bu gün İslam Respublikası iqtisadi problemlərə, iqtisadiyyatda dinamikliyə və inkişafa ciddi diqqət və maraq göstərməlidir, dövlət (geniş mənada dövlət – yəni hökumət) və xalq bu sahədə həmkarlıq etməli və birgə çalışmalıdır. Bunun dəlillərini isə az sonra qeyd edəcəyəm.

Möhtərəm icraçı “müxtəlif sferaların nümayəndələri” sözlərini işlətdi. Məncə, “müxtəlif sferaların seçilən təmsilçiləri” deyilməli idi. Çünki hansısa seçki keçirilməyib ki, biz “nümayəndələr” deyək. Bütün sferalarda, əlhəmdulillah, düşünən beyinlər, görkəmli şəxsiyyətlər var və bugünkü görüşümüzdə öz fəaliyyəti ilə onlar arasında xüsusilə seçilən insanlar iştirak edir. Bəli, qeyd etmək istədiyim birinci məsələ bu idi – görüşümüz baş tutdu və ölkədə özünəməxsus əks-səda doğuracaq. Bu, hər kəsə – həm iqtisadiyyat sahəsi ilə bağlı olan hökumət rəsmilərinə, həm ölkənin dörd bir yanında fəallıq göstərən iş adamlarına, həm də sadə xalqın nümayəndələrinə ünvanlanan mesajdır: biz iqtisadiyyat məsələsinə ciddi diqqət və maraq göstərməli, bu sahədə gərgin işə keçməliyik.

Bugünkü görüşün təşkili daha bir məsələni də gerçəkləşdirmək iqtidarında idi və əlhəmdulillah, buna da nail olundu. Həmin məsələ bundan ibarətdir ki, ölkədəki reallıqlar, inkişaf və tərəqqi, mövcud olan dinamiklik haqqında qeyri-dövlət sektorunda fəaliyyət göstərən iş adamlarının dilindən məlumat verildi və bu məlumatlar xalqın diqqətinə çatdırıldı. Mən bu fikirdə deyiləm ki, inkişaf və tərəqqi haqqında daim danışmaz lazımdır. Xeyr, mənim hansı fikirdə olduğumu hər kəs bilir: mən bu fikirdəyəm ki, müsbət və mənfi cəhətləri paralel surətdə nəzərdən keçirmək lazımdır. Buna baxmayaraq, məncə, bu gün ölkə əhalisi bilməlidir ki, onların əzmkarlığı, rəsmilərin əzmkarlığı, ölkədəki növbənöv əzəmətli insan potensialları hansı nəticələri verib və bu, olduqca əhəmiyyətlidir.

Mən insanlarla sıx əlaqədəyəm və bir şeyi sizə deyə bilərəm ki, xalq bu nailiyyətlər haqda bilmir. Bu gün sizin burada müxtəlif sahələrlə bağlı danışdıqlarınızdan camaatın əksəriyyətinin xəbəri yoxdur (mən özüm üçün qısaca qeydlər götürdüm; inşallah, iclasın geniş şərhi də çap olunacaq). Biz ölkədə böyük işlərin görüldüyünün şahidiyik. Bu işlərin qürur və iftixarı İran xalqına aiddir. Məhz İran xalqı bunlarla iftixar duymalıdır. Bunları edən camaatdır, bu işləri həyata keçirən düşünən beyinlərdir, ölkəyə bu qədər qürurverici nailiyyətləri qazandıranlar elm və texnologiya sahəsində əməli iş görən, addım atan, layihələr hazırlayan görkəmli şəxslərdir. Biz istehsalat, xidmət, kənd təsərrüfatı, sənaye və elmi əsaslı sənaye sektorlarında, habelə burada qeyd olunan digər cürbəcür sferalarda müsbət irəliləyişlər əldə etmişik. Xalqın bu haqda qeyri-dövlət sektorunun rəsmilərindən, dövlətlə əlaqəsi olmayan şəxslərin dilindən eşitməsi çox yaxşıdır. Bu, xalqı ümidləndirər, sevindirər.

Hamımız bir məsələyə münasibətdə diqqətli olmalıyıq: bu gün düşmənin İran xalqına qarşı apardığı psixoloji müharibədə istifadə etdiyi fəndlərdən biri də xalqı ümidsizliyə düçar etməkdir. Mən bu məqama olduqca böyük diqqət yetirirəm, bu məsələnin üzərində israrla dururam. Onlar gənc nəslimizi, fəal nəslimizi – bu ölkənin hərəkətverici qüvvəsini neytrallaşdırmaq istəyirlər (dünya ilə müqayisədə ölkəmizdə bu nəsil orta statistik göstərici baxımından üstünlük təşkil edir). Bunun yollarından biri isə gənc nəslin pessimizmə qapılmasına nail olmaq, onlara bütün səylərin faydasız olduğunu, heç bir iş görülmədiyini, görülməyəcəyini təlqin etməkdir. Əlbəttə, mənfi məqamlar, nöqsan və çatışmazlıqlar da deyilməlidir, intəhası əlac axtaran, dərdə çarə etmək istəyən ifadə tərzi və tonla deyilməlidir. Çatışmazlıqları dilə gətirərkən hansı tonun seçilməsindən çox şey asılıdır. Bu, ümidsizləşdirici, əzm və səyləri məhvedici bir ton olmamalıdır. Hiss olunmalıdır ki, biz 100 faizdən 40 faiz irəli getmişik, qalan 60 faiz üçün isə zəmin hazırdır. Bəli, hal-hazırda bu 60 faizə nail ola bilməmişik, amma gəlin bunun üçün çalışaq. 40 faiz irəliləyişin müqabilində 60 faizlik çatışmazlıq haqqında məhz bu tərzdə danışmaq lazımdır. Bəli, sevindirici haldır ki, bugünkü görüşümüzdə bu məqsədə də nail olundu.

Mən yalnız bir neçə məqamı qısaca qeyd edəcəyəm. Birincisi, biz bu ili “İqtisadi cihad ili” adlandırmışıq. İmperializm iqtisadiyyat sarıdan zərbə endirərək İslam Respublikasını və İran xalqını yerə vurmaq siyasəti güdür. Sanksiyaların tətbiqində nüvə enerjisi bəhanə gətirilsə də, bu, yalandır. Sanksiya məsələsinin ortaya atılmasının səbəbi nüvə enerjisi deyil. Yəqin, xatırlayarsınız: ölkəmizə tətbiq edilən sanksiyaların başında duran əsas sanksiyalar elə bir dövrə təsadüf edirdi ki, bu ölkədə nüvə enerjisindən bir kəlmə belə olsun danışılmırdı. Misal üçün, o qədər də əhəmiyyətli olmadığına baxmayaraq, “Damato sanksiyası” kimi məşhur olan sanksiya (bu məsələni ABŞ konqresində eyni adlı bir şəxs ortaya atmışdı) elə bir dövrün məhsuludur ki, o zaman əsla nüvə enerjisi müzakirə mövzusu deyildi. Sanksiyaların məqsədi iqtisadiyyatı iflic etməkdir. Əlbəttə, İran xalqı 32 il ərzində bu sanksiyalara tab gətirməsi ilə iftixar duya bilər. Son illərdə sanksiyaların sayı və növü artsa da, ölkədəki geniş və çoxcəhətli quruculuq fəaliyyətinin müqabilində onlar kiçik və əhəmiyyətsiz görünür. Əleyhimizə təsdiq və icra olunan, daim artırılacağı vəd verilən sanksiyalar nəinki indi, 30 il öncə – bizə qarşı sanksiyalara start verildiyi zaman effektiv ola bilərdi. Bu, o deməkdir ki, biz sanksiyaların müqabilində tədricən əks-zərbə vəziyyəti almışıq. Sanksiyalara qarşı müxtəlif formalarda mübarizə aparmaq iqtidarındayıq: bunlardan biri sanksiyalardan yayınmaq, onlardan yan ötmək metodudur; çox maraqlı, incə və gözəl metoddur. Xalqımızın və dövlətimizin ondan istifadə etməsi çox yaxşıdır. Başqa bir yol isə daxili potensialdan istifadəyə önəm verməkdir. Bu, əsas, ölkə infrastrukturunun qurulmasında mühüm əhəmiyyət daşıyan bir işdir; bu günə qədər həyata keçirilib, bundan sonra da, mütləq, həyata keçirilməlidir. Düşmənin məqsədi İslam Respublikasını yerə vurmaq, məhv etməkdir. İslam dövlətini yerə vurmaqdır, öz iştirakı, dəstəyi, himayədarlığı ilə bu günə qədər bu dövləti irəli aparmış, inkişaf etdirmiş, rövnəqləndirmiş bir xalqı yerə vurmaqdır. Odur ki düşmənin qarşısında hazırlıqlı olmaq lazımdır. Qarşı cəbhədə kimin dayandığını, hansı silah və vasitələrə malik olduğunu bilmək, bunun əleyhinə silah və vasitələr hazırlamaq lazımdır. Bunun üçün isə iqtisadi cihad lazımdır. Cihad nədir? Hərəkətə keçməyin istənilən forması cihad adlanmır. Cihad adlanın hərəkatın özünəməxsus xüsusiyyətləri olmalıdır. Həmin xüsusiyyətlərdən biri budur ki, insan qarşısında konkret düşmənin olduğunu bilməlidir. Bilməlidir ki, ona qarşı həyata keçirilən qərəzli və ədavətli bir hərəkatla üz-üzədir. Cihadın başlıca şərtlərindən biri də elə bu düşmənçilik tendensiyasına qarşı çıxmaqdır. Cihad anlayışında, hökmən, nəzərə alınmalı olan ikinci xüsusiyyət ardıcıllıq və çoxcəhətlilikdir, müdriklikdir, saf ilahi niyyətdir. Məhz belə bir hərəkat cihad adlana bilər. Deməli, “iqtisadi cihad” dedikdə İran xalqının ona qarşı çevrilmiş qərəzli və ədavətli planları puça çıxarmaq niyyəti ilə həyata keçirdiyi ardıcıl, məqsədyönlü və çoxcəhətli hərəkat başa düşülməlidir. Digər bir məqam isə budur ki, biz “20 illik perspektiv plan”da (bu isə mühüm əhəmiyyət daşıyan, əldə əsas olan yüksək dövlət sənədidir) ölkəmizin mühüm, həyat əhəmiyyətli və əsas sferalarda liderlik əldə etməsini qarşıya məqsəd qoymuşuq. Bu statusa çatmalıyıq. Təbii ki, başqaları yerlərində durub, bizim irəli keçməyimizi gözləməyəcəklər. Onlar da çalışırlar, işləyirlər. Hal-hazırda bizim tutmaq istədiyimiz lider mövqeyində olan, buna baxmayaraq, iqtisadiyyat sferasında güclü səy və dinamiklik nümayiş etdirən bəzi ölkələri görürük. Əlbəttə, biz onların istifadə etdiyi bəzi vasitələrdən istifadə etmirik və etməyəcəyik də. Biz daha alicənab, daha nəcib və daha şərəfli yollarla gedirik. Lakin inanırıq ki, sürəti və nizam-intizamı artırsaq, liderliyi əldə edə bilərik. Bunun üçün isə cihada ehtiyac var. Həm yüksək sürət tempi, həm də tədbirli fəaliyyət olmalıdır ki, liderlik mövqeyinə yetişə bilək. Liderlik təkcə dildə öyünmək naminə olan bir həvəs deyil. Xeyr, ön sıraya can atmağımızın səbəbi odur ki, bu gün xalqların müqəddəratı buna bağlıdır. Hər hansı bir ölkə iqtisadi cəhətdən, elmi cəhətdən, inkişaf etmiş infrastrukturlar baxımından özünü təmin edib irəliləməsə, amansız işğala məruz qalacaq. Biz işğala məruz qalmaq istəmirik. Ölkəmiz iki yüz il ərzində işğal və zorakılıq altında olub. Bu işğala səbəb bacarıqsız, ləyaqətsiz, korrupsiyaçı və dünyapərəst monarxiya rejimlərinin zəifliyi, bu zəifliyin qarşı tərəfi sevindirib ürəkləndirməsi olub. 1800-cü ildən etibarən ingilislər əvvəlcə ölkəmizin siyasi aparatına nüfuz etdilər, müdaxilə etdilər, özlərinə tərəfdarlar topladılar. Bəzi başqa Avropa ölkələri də bu müddət ərzində eyni və ya yaxın üsullarla həmin yolu tutdular. 1800-cü ildə ilk İngiltərə səfiri Hindistandan ölkəmizə gəldi. O dövrdə Hindistan İngiltərənin hakimiyyəti altında idi və həmin səfir orada kralın xüsusi nümayəndəsi idi. Səfir elə Buşəhrdə gəmidən düşən kimi, rüşvət verməyə, insanları satın almağa başladı və bunu rahatlıqla edə bildi. Şahzadələr, qubernatorlar, haqqında ağızdolusu danışılan möhtərəm şəxslər bu şəxsin hədiyyələrinin qarşısında təslim olub baş əydilər! Düşmənlərin bu ölkəni işğal etmə prosesi o dövrdən başladı. O dövrdə milli təfəkkürdə mövcud olan boşluq düşmənin ölkəyə nüfuz etməsinə imkan verdi və düşmən İrana soxuldu. Biz bu müdaxiləyə bir daha yol verilməsini istəmirik. İslam İnqilabı bunlara qarşı polad bir sədd çəkdi. Biz bu səddin daha da möhkəmlənməsini istəyirik.

Biz heç nəyin bahasına icazə verməyəcəyik ki, onlar iqtisadiyyatımıza, mədəniyyətimizə, siyasətimizə, taleyimizə və müqəddəratımıza müdaxilə etsinlər. Bunun üçün isə ölkənin daxildən möhkəmlənməsinə ehtiyac var. Ölkənin daxildən möhkəmlənməsinin mühüm dayaqlarından biri isə iqtisadiyyatdır. “Lider olaq!” deməyimizin səbəbi də elə budur. Bu, bir həvəs deyil. Yox! Ölkənin müqəddəratı bundan asılıdır. Ardıcıl surətdə, ixlas və fədakarlıqla çalışmaq və təbii ki, ölkənin bütün potensiallarından istifadə olunması bu sahədə effektiv ola bilər.

Ölkənin imkan və potensialları mühüm və parlaq bir reallıqdır. İmkan və potensiallarımız fövqəladədir. Bizim insan resursları potensialımız dünya miqyasında qabaqcıl sıralardadır. Bu potensialı reallaşdırmaq, ondan istifadə etmək lazımdır. Bu gün biz bunun şahidiyik. Əlbəttə, mən hələ on illər öncə məlumatlı şəxslərdən – özü elmlə məşğul olan, yaxud bəzi qlobal elmi təşkilatların fəaliyyətini izləyən şəxslərdən eşidirdim ki, iranlıların istedadı və təfəkkür potensialı dünya üzrə olan orta göstəricidən yüksəkdir. Bəli, biz vaxtilə bunu eşidirdik. Daha sonra – İslam İnqilabı dövründə isə ölkənin tərəqqi və inkişafında bunun şahidi olduq. Burada bəndçəkmə məsələsinə toxunuldu. Bu sahədə baş verənləri və ölkədə mövcud olan şəraiti inqilabdan öncə kimə isə danışsaydın, inanmazdı. Bəndçəkmə məsələsi burada sadəcə misal olaraq qeyd olundu, lakin analoji vəziyyət əksər sferalarda müşahidə olunur. Vaxtilə nəyə and içsəydin də, heç kəs inanmazdı ki, bir gün ölkənin müxtəlif sferalarında belə bir elmi tərəqqiyə nail olunacaq. Bu gün isə bu fakt gözlərimizin önündədir. Mən müxtəlif sferalarla yaxın tanışlığımdan, şəxsi təcrübəmdən çıxış edərək sizə bunu deyə bilərəm: ölkədə elə bir sahə yoxdur ki, orada infrastruktur hazır olsun və bizim gənclərimiz həmin sahədə qurub-yarada, ortaya uğurlu nəticə qoya bilməsinlər. Elmin ən incə, ən dəqiq sahələrindən tutmuş ən irimiqyaslı sahələrinə qədər – bütün sferalarda belədir. Yetər ki, infrastruktur hazır olsun. Ölkəmizdə belə bir insan potensialı mövcuddur. Bu, olduqca əhəmiyyətli bir məsələdir.

Bizim iqtisadi potensialımız da mühüm əhəmiyyət kəsb edir. Vaxtilə mən demişdim ki, əhalimizin dünya əhalisinə olan nisbəti ilə müqayisədə bizim həyat əhəmiyyətli resurs və təbii ehtiyatlarımızın həcmi daha artıqdır. Biz dünya əhalisinin, təxminən, yüzdə birini təşkil edirik (eyni zamanda ölkəmizin ərazisi də ümumilikdə dünya ərazisinin yüzdə birini təşkil edir). Belə olan halda biz həyat əhəmiyyətli, başlıca resursların yüzdə birinə malik olmalıyıq. Ölkəmizdə isə bu göstərici bəzi yerlərdə 3/100, bəzi yerlərdə 4/100, bəzilərində isə 5/100 faizə çatır. Bütün bunlar mühüm olan potensiallardır, olduqca dəyərlidir.

İçməli suyun azlığı məsələsi haqda tez-tez danışılır. Doğrudur, bu problem var. Biz içməli suyu qıt olan bir ölkəyik. Dərindən düşünülmüş elmi-texnoloji layihələr sayəsində bu problemi tamamilə aradan qaldırmaq mümkündür. Bəzi yoldaşlar qeyd etdilər, mən özüm də əvvəllər bunu demişəm. Bir qədər daha diqqətli araşdırmalar aparılsa, azacıq irəliləyişə nail olunsa, çatışmazlığın mövcud olduğu istənilən sahədə bunu aradan qaldırmaq mümkündür. Bəli, ölkəmiz, doğrudan da, möhtəşəm təbii resurslara malikdir. Coğrafi və regional mövqe baxımından da belədir – biz strateji bir məntəqədə yerləşirik. İki dənizlə qonşuluğumuz, beynəlxalq sularla əlaqəmiz var, Şərqlə Qərbin, yəni Asiya ilə Avropanın qovuşuğunda yerləşən strateji bir regionun ən mühüm hissəsindəyik və bu, bizə həm Qərbə, həm də Şərqə çıxış imkanı verir. Bütün bunlar bizim imtiyazımız, üstünlüyümüzdür, ölkənin imkan və potensialıdır. Bu potensialı reallaşdırmalıyıq. Bunun üçün isə gərgin əməyə, səyə ehtiyac var.

Qeyd olunduğu kimi, “20 illik perspektiv plan”ın təqribən ¼ hissəsi ötüb. 4-cü inkişaf proqramı tamamlanıb. Bu il 5-ci inkişaf proqramının ilk ilinə qədəm qoyuruq. Əlbəttə, 4-cü proqram çərçivəsində bir çox işlər görülüb. Hesabatlar təqdim olunub, eşitmisiniz və qeyd edim ki, onlar düzgün hesabatlardır. Onlara əsasən demək olar ki, ölkədə olduqca əhəmiyyətli işlər görülüb. Lakin eyni zamanda hələ də yerinə yetirilməmiş və həllini gözləyən işlər var. Müəyyən olunmuş, elan edilmiş bütün siyasətlər düzgündür. Qənaətli istehlakla bağlı siyasətlər, administrasiya sisteminin ümumi siyasətləri, məşğulluq siyasəti və Konstitusiyanın 44-cü maddəsinin icrası ilə bağlı siyasətlər – bütün bunlar elan olunub və biri-biri ilə uyğunluq təşkil edir. İnkişaf proqramını bu siyasətlər əsasında tənzimləyə, irəli apara, reallaşdıra bilsək, qeyd etdiyim potensiallardan kifayət qədər istifadə etmək imkanına malik olacağıq. Bu siyasətlər bir bütöv əmələ gətirir və müxtəlif layihələrin kompleks surətdə birləşməsi iqtisadiyyatda dinamikliyi təmin edəcəkdir.

Əlbəttə, 4-cü inkişaf proqramında qarşıya qoyulmuş hədəflərdən bəziləri gerçəkləşməyib. Bunun da cürbəcür səbəbləri var: buna həm daxili, həm xarici problemlərin təsiri olub. Mən o gün də bunu qeyd etdim: 8 faizlik iqtisadi artım, işsizlik səviyyəsinin azaldılması, proqramda müəyyən olunmuş investisiya həcmi, yaxud inflyasiyanın azaldılması kimi məsələlər reallaşmayıb. Bu isə tələb edir ki, biz növbəti beşillik proqram çərçivəsində əvvəlki çatışmazlıqları aradan qaldırmaq üçün səylərimizi, əzm və təşəbbüsümüzü ikiqat artıraq. Sözsüz ki, biz Konstitusiyanın 44-cü maddəsinin siyasətlərini ictimaiyyətə elan edərkən qarşımıza böyük bir məqsəd qoymuşduq, bu gün də həmin məqsədi rəhbər tuturuq və inşallah, onun reallaşmasını təmin etməliyik. Həmin maddənin mahiyyətində duran müddəaya əsasən, biz dövlət mülkiyyəti və dövlətin iqtisadi fəaliyyətini yenidən nəzərdən keçirməli idik və bu, reallaşdı. Məqsəd nə idi? Məqsəd ölkə iqtisadiyyatında özəl sektorun iştirakını, özəl sektorun investisiya qoyuluşunu təmin etməklə rəqabət iqtisadiyyatı yaratmaq idi. Hesablamalara əsasən, bu beş il ərzində investisiya qoyuluşu üçün ehtiyac duyulan məbləğ ildə təxminən 160 milyard dollar təşkil edir. Dövlət bunun öhdəsindən gələ bilməz. Hökmən, özəl sektor işə qarışmalı və dövlətlə əməkdaşlıq etməlidir. Bu, reallığa çevrilməlidir.
44-cü maddənin siyasətlərinin icrası sahəsində müsbət işlər görülsə də, bunlar kifayət etmir. Daha böyük dinamikliyə ehtiyac var. Məsələ bu deyil ki, iqtisadi müəssisələrin özəlləşdirilməsini təmin edək, bununla da işimizin bitdiyini, yaxamızı qurtardığımızı düşünək. Özəlləşmə ilə yanaşı, başqa işlər də görülməlidir: özəl sektorun fəaliyyət qabiliyyətini artırmaq, münasib administrasiya şəraitini təmin etmək, sui-istifadə hallarının qarşısını almaq üçün müvafiq nəzarət tədbirləri görmək lazımdır. Sağlam fəaliyyətlə yanaşı, həmişə qeyri-sağlam fəaliyyət də olur. Mən bir neçə ildir ki, iqtisadiyyatda korrupsiya məsələsini vurğulayıram. Mən bu məsələni qaldıranda bəziləri mənə dedilər ki, sizin korrupsiya problemini bu qədər qabartmağınız fəal iş adamlarını iqtisadi fəaliyyətə qoşulmaqdan çəkindirə bilər. Mən isə dedim ki, əksinə, bu, onları daha da həvəsləndirəcək, təşviq edəcək. Halal çörək qazanmaq, şəriətə uyğun, halal bir iş görmək istəyən fəal sahibkar dövlətin mənfi hallara yol verən müxtəlif şəxslərə qarşı mübarizə apardığını bilsə, daha da həvəslənər. Biz korrupsiyanın əleyhinəyik, korrupsiyanı yaradan şəxslərin və amillərin, sui-istifadəçilərin əleyhinəyik. Öz varlığı, ideyaları, pulu, investisiyası, sahibkarlığı ilə ölkəyə kömək edən fəal iş adamı təşviq və təqdir olunmalıdır və olunur. Odur ki iqtisadi korrupsiyaya qarşı mübarizə işin hökmən yerinə yetirilməsi tələb olunan, başlıca sütunlarından biridir.

Çox yaxşı ki, bugünkü iclasda iqtisadiyyat sferasına aidiyyəti olan bütün, yaxud əksər nazirlər, dövlət sektorunun fəal müəssisələri iştirak edirlər. Çıxış edənlərin toxunduqları məqamları eşitdilər. Həm müsbət cəhətlər qeyd olundu, həm də nöqsanlardan xəbər verən təkliflər irəli sürüldü. Mən xahiş edirəm ki, eşitdiklərinizə ciddi diqqət yetirəsiniz, həmin məqamları diqqətlə araşdırasınız. Gəlin imkan verməyək ki, deyilən sözlər elə bu iclasda qalsın. Düzdür, cənab Təvəkkoli mənfi cəhətlərin qeyd olunmadığından gileyləndi. Lakin müəyyən işin görülməsi ilə bağlı təkliflər elə həmin işin görülmədiyindən, müəyyən nöqsan və problemlərin mövcudluğundan xəbər verir. Həmin təkliflərə diqqət yetirilərsə, məncə, çox müsbət, araşdırılmağa layiq təkliflər idi.

Bu barədə çox şey danışmaq olar, lakin mən yalnız bir neçə tövsiyə vermək istəyirəm. Tövsiyələrimdən bəziləri səlahiyyətli dövlət orqanlarına aiddir, bəziləri isə ümumi xarakterlidir. Birinci tövsiyəm istehsalat sektoruna dəstək siyasətlərinin tam surətdə icrası ilə bağlıdır. İstehsalat iqtisadiyyatın əsasını təşkil edir, ölkə iqtisadiyyatının dayağıdır. Dövlət subsidiyaların məqsədyönlü istiqamətləndirilməsi sahəsində irimiqyaslı işlərə başlayıb və bu işdə istehsalat sektoruna dəstək verilməsi məsələsi, hökmən, nəzərə alınmalıdır. Bu, qanunda da öz əksini tapıb: 30 faiz müəyyən olunub. Əlbəttə, mənimlə söhbət edən bəzi dövlət rəsmiləri 30 faizə ehtiyac olmadığını düşünürlər. İstehsalat sferasında fəal olan müəssisələrdən və iş adamlarından bəziləri də buna ehtiyacları olmadığını, özləri özlərini idarə edə biləcəklərini bildiriblər. Ola bilsin ki, bəzi sferalarda vəziyyət belədir, lakin hər halda, istehsalatın hökumətin yardımına və dəstəyinə ehtiyacı var. İstehsalat sektorunun, xüsusilə də sanksiyalardan zərər çəkən bəzi müəssisələrin payı verilməlidir. Elə müəssisələrimiz var ki, sanksiyalar onlara müstəqim, yaxud qeyri-müstəqim surətdə zərər vurur və bu, nəzərə alınmalıdır.

Əlbəttə, bu işdə özəl sektorun da öhdəsinə enerjiyə qənaət, səmərəliliyin yüksəldilməsi, avadanlıqların yenilənməsi kimi vəzifələr düşür. Bəzi dövlət rəsmiləri mənimlə görüş zamanı gileylənərək bildirdilər ki, bəzi sənaye müəssisələrinin sahibləri işlətdikləri köhnə, istifadə müddətini başa vurmuş, səmərəliliyi aşağı, enerji sərfi isə yüksək olan avadanlıqları yeniləməyə meyl göstərmirlər. Onlara kreditlər verilsə belə, həmin vəsaitdən bu iş üçün istifadə etməyəcəklər. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Əlbəttə, bu sahəyə dövlət nəzarəti də çox mühümdür. Yəni dövlətin göstərdiyi dəstək və himayənin müqabilində nəzarət də həyata keçirilməlidir. İstehsalat sektorunun payına düşən kreditlər verilməlidir, lakin diqqətli olmaq lazımdır ki, qeyd etdiyim şəxslər – sui-istifadəçi və fürsətçi adamlar bu kreditlərdən başqa bir iş üçün istifadə etməsinlər. Buna rast gəlinib; bu barədə cürbəcür məlumatlar almışıq. Bu kimi hallara qarşı qəti şəkildə mübarizə aparmaq lazımdır ki, sağlam, doğrucul, istehsala dərin maraq göstərən istehsalçılar öz işlərini görə bilsinlər.

Digər bir məqam isə idxalla bağlıdır. Burada da qeyd olundu, elə mən də səlahiyyətli şəxslərlə dəfələrlə idxalatla bağlı söhbətlər etmişəm. Əlbəttə, heç kəs idxalın əleyhinə deyil. Lakin idxal prosesini tənzimləmək, bu sahəyə nəzarət etmək lazımdır. Sırf müəyyən fəsildə, misal üçün bayram axşamının təsadüf etdiyi fəsildə bazarda hansısa malın yerinin boş qalmamağı idxalın artırılması üçün o qədər də qaneedici dəlil deyil. İdxal prosesində daxili istehsal, mütləq, nəzərə alınmalıdır. Doğrudur, deyirlər ki, idxal daxili istehsalın rəqabət qabiliyyətinin artmasına yardımçı olur. Xarici məhsulun idxalı olmasa, daxili istehsalçı keyfiyyətə, yaxud hazır məhsulun qiymətinə əhəmiyyət verməz. Onu buna məcbur edən idxaldır. Məncə bu, o qədər də güclü bir məntiq deyil. Bu barədə bəzi rəsmi şəxslərlə söhbətlərimiz də olub.

İdxalat məsələsində mən özəlliklə kənd təsərrüfatı sektorunu qeyd etmək istəyirəm. Düşünürəm ki, kənd təsərrüfatı məhsullarının idxalı üçün bu gün gətirilən səbəbdən daha əsaslı bir səbəb olmalıdır. Kənd təsərrüfatı sahəsində istehsalımız yüksək səviyyədədir. Cənablardan biri burada bağçılıq məhsullarının istehsalı ilə bağlı məlumatı çatdırdı. Ölkəmiz bu sahədə dünya üzrə ön sıralardadır. Biz çalışıb istehsalımızı artırmalı, bağçılıq və bitkiçilik məhsullarını xarici ölkələrə ixrac etməliyik ki, dünya İranda nələr olduğunu görsün; daha Latın Amerikasından və ya oradan-buradan eyni, həm də keyfiyyətcə aşağı olan məhsulları idxal etmək lazım deyil. Xülasə, idxalat məsələsi ilə bağlı mən bunları vurğulamaq istəyirdim.

Digər bir məsələ isə ixracat məsələsidir. Əlbəttə, ixraca və ixracatçıya kömək etmək dövlətin vəzifəsidir. Cənablardan birinin də qeyd etdiyi kimi, xoşbəxtlikdən, qeyri-neft məhsullarının ixracı çox gözəl həcmdə artıb və bundan sonra da artacaq. Ümidvarıq ki, gələcəkdə də proporsional surətdə artmağa müvəffəq olacaq. Belə ki ixracatla idxalat arasında mütənasiblik, hökmən, gözlənməlidir. Biz buna nail olmalı, elə etməliyik ki, neftdən gələn gəlirlərə, doğrudan da, ehtiyacımız olmasın. İqtisadiyyatımızın, hətta nəinki təkcə iqtisadiyyatımızın, ümumilikdə ölkəmizin ən böyük bəlalarından biri neftdən gələn gəlirlərdən asılılığımızdır.

Mən bir neçə il öncə demişdim: biz elə bir səviyyəyə çatmalıyıq ki, bir gün siyasi olayların, siyasi şəraitin tələbi ilə, yaxud qlobal iqtisadi şərait ucbatından ixracatımızı on beş günlüyünə, bir aylığa dayandırmağı qərara alsaq, bunu edə bilək. Əlbəttə, o zaman rəsmi şəxslər mənim bu fikrimi heç də normal qarşılamadılar. Görün bu, neft istehsal edən bir ölkə üçün nə qədər böyük bir qüdrətə sahib olmaq deməkdir ki, istədiyi zaman “Cənablar, mən yaxın 20 gün ərzində neft ixrac etməyəcəyəm” deyə bilə. Görün bu, dünyada necə böyük bir hadisə olar. Bu gün biz bu addımı ata bilmərik, çünki bu gəlirə ehtiyacımız var. Lakin bir gün ölkəmizin iqtisadiyyatı neft ixracından və neftdən gələn gəlirlərdən asılılığına son qoya bilsə, İran xalqı və İslam dövləti bunu etmək iqtidarında olacaq. Belə bir fakt dünyada fövqəladə təsir doğura bilər. Biz bu səviyyəyə çatmalıyıq. Bəli, bunun üçün dəstəyə ehtiyac var; dövlət ixracat sektoruna dəstək verməlidir. Digər tərəfdən isə ixracat sektorunda fəaliyyət göstərənlərin və səlahiyyətli şəxslərin də öhdəsinə müəyyən vəzifələr düşür. Burada ölkə ixracatının əksər hissəsinin istiqamətləndiyi konkret ölkələrin adları qeyd olundu. Bəzi ixracatçıların fəaliyyətindəki mənfi məqamların əks-sədası bizə gəlib çatır. Aşağı keyfiyyətli və keyfiyyətsiz malların ixracı, keyfiyyətsiz qablaşdırma, çatdırılmada yol verilən gecikmələr və s. mənfi hallardır. Dünya üzrə ixracatda uğur qazanmış, 100-150 ildir məhsul istehsal edən və müştərini razı salmağı bacaran ölkələr var. Misal üçün, elə Alman və ya İsveç şirkətləri var ki, 150-160 il ərzində konkret məhsulu istehsal və ixrac edirlər, elə bizim öz ölkəmizdə və başqa ölkələrdə müştəriləri var. Nə üçün? Çünki müştəri maldan razı qalır: vaxtında çatdırılır, lazımi qədər möhkəmdir, davamlıdır, estetik cəhətdən gözəldir, zamanın tələbinə uyğun olaraq, çeşid müxtəlifliyinə və inkişafına önəm verilir. İxracatçılar bütün bunları nəzərə almalıdırlar. Bunun üçün konkret mədəniyyətə ehtiyac var: ölkə sərhədlərindən kənara çıxarılması nəzərdə tutulan məhsulların istehsalında keyfiyyətin yüksəkliyini gözləmək mədəniyyətinə.

İqtisadiyyatda korrupsiya hallarına qarşı mübarizə məsələsi də son dərəcə mühümdür. Əlbəttə, təəssüflər olsun ki, korrupsiyaçı insan dövlət orqanlarından birində özü üçün həmişə bir “dayaq” təmin edir, ona kömək edəcək, ötürmə edəcək bir nəfər tapır. Qanun pozucusuna daxildə yardım edəcək, qoruyacaq bir nəfər olmasa, o, iqtisadi korrupsiyaya yol verə bilməz. Buna görə də dövlət rəsmiləri hökumət orqanlarında iqtisadi korrupsiyanın özünü büruzə verməsi və genişlənməsinə son dərəcə həssas yanaşmalıdırlar. Misal olaraq, heyvandarlıq sənayesini götürək. Quşçuluq sahəsində hansısa xəstəliyin aşkarlandığı sizə məlum olduqda heyvanlara rəhm etmirsiniz. Çünki əks təqdirdə ziyanın təkcə bir neçə min quşla məhdudlaşmayacağını bilirsiniz. Bilirsiniz ki, bunun nəticələrinin miqyası geniş olacaq. Odur ki heç düşünmədən xəstə quşları tələf edirsiniz, yox edirsiniz. Korrupsiya da eynilə bu cürdür. Hökumət orqanlarından hansındasa korrupsiya şübhəsi olduğunu görsəniz və ya hiss etsəniz – bu sözlər dövlət rəsmilərinə aiddir – heç nəyi və heç kəsi düşünməməlisiniz. Əks təqdirdə bu məsələ çox sürətlə yayılacaq. Çünki korrupsiya son dərəcə sirayətedici, sürətlə epidemiya şəklini alan xəstəliklərdəndir. Ona görə də bu məsələyə, hökmən, diqqətlə yanaşmaq lazımdır.

Zəruri məsələlərdən biri də kooperasiya sektorunun inkişaf etdirilməsi üçün kompleks proqramın işlənib hazırlanmasıdır. Biz elə 44-cü maddənin siyasətlərini şərh edərkən də kooperasiya məsələsini vurğulamışıq və bu, həyata keçirilməlidir. Kooperasiya sektoru ilə bağlı bizim mükəmməl və müfəssəl bir siyasi proqrama ehtiyacımız var. Yoldaşlardan birinin qeyd etdiyi məsələnin – kiçik istehsal sexlərinin bank kreditlərindən istifadə etməsi üçün imkan yaradılması məsələsinin və s. bu kimi məsələlərin reallaşması da kooperativlərin qurulması sayəsində tamamilə mümkündür. Yəni bunun ən yaxşı yolu kooperativlərin yaradılmasıdır – məntiqi, rasional, qanuni, sağlam və güclü kooperativlərin. Belə olduğu halda insanlar mövcud imkan və kreditlərdən yararlana biləcəklər; işlər gedəcək.

Daha bir əsas məqam budur ki, biz ölkənin özəl sektora investisiya qoyuluşu imkanlarına ciddi yanaşmalıyıq. Yəni özəl sektorun fəalları investisiya imkanlarının hansı həddə olduğunu, hara sərf olunduğunu bilməlidirlər. Hamı bu barədə məlumatlı olmalıdır; investisiyalardan monopolist istifadəyə yol verilməməlidir. İnformasiyanın bəzi şəxslərdən (hamıdan yox, bəzi şəxslərdən) gizli saxlanılması, yaxud məhdudlaşdırılması qorxunc monopoliyaların yaranmasına səbəb olur, bəzən isə sui-istifadəçi insanların zəhmətsiz sərvətə sahib olmasına şərait yaradır. Belə ki hansı malın gətiriləcəyi, hansı məhsulun istehsal olunacağı, hansı malın idxalının qarşısının alınacağı, hansı malın qiymətinin düşəcəyi və ya artacağı, yaxud hansı qanunun təsdiq olunacağını bilənlər bu informasiyadan sui-istifadə edirlər. İnformasiya ümumi olmalıdır. Bu sahədə şəffaflıq təmin edilməlidir. Əlbəttə, əvvəlki hökumət kabinetlərinin dövründə də bu məsələ diqqət mərkəzində olub. IX və X hökumətlər müəyyən tədbirlər görüblər. Lakin bu, kifayət deyil. Bu sahədə daha çox iş görülməlidir. Bəli, mən burada özüm üçün digər məqamları da qeyd etmişdim, lakin demək olar ki, artıq namaz vaxtı olduğu üçün onların üstündən keçirəm. Ümidvaram ki, inşallah, bu iclas qəlbində ölkəsinə, xalqına, İslam Respublikası quruluşuna və bu xalqın gələcəyinə qarşı sevgi olan insanların iqtisadiyyat sferasında daha ciddi iştirakına səbəb olacaq. İnşallah, onlar müdrik, uzaqgörən və ikiqat məqsədyönlü fəaliyyət nümayiş etdirəcəklər. Bu il “iqtisadi cihad” məsələsi ilə yanaşı, ötən il üçün qeyd etdiyimiz “Daha artıq zəhmət və təşəbbüs!” şüarı da diqqət mərkəzində saxlanmalıdır. İnşallah, hamı çalışacaq, hamı işləyəcək! Ölkəmizin gələcəyi gözəl olacaq! Ölkəmiz fövqəladə və misilsiz potensiala malikdir. Allaha həmd olsun ki, ölkədə gözəl qəlbli, güclü imanı və əzmi, bacarıqlı əlləri, uzaqgörən gözləri olan insanlar çoxdur. Bu ölkə dünyada ikinci dərəcəli bir dövlət kimi tanınmaqdan qat-qat artığına layiqdir. Dünyanın bir nömrəli ölkələrinin və xalqlarının sırasında İran öndə durmalıdır. Tarixi keçmişimiz, mədəni irsimiz, insan potensialımız, təbii resurslarımız – bütün bunlar bunu bizə diktə edir. Biz məhz bu istiqamətdə hərəkət etməli və inşallah, o səviyyəyə çatmalıyıq. Allah qoysa, çatacağıq da!

Allahın salamı və mərhəməti nəsibiniz olsun!