Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Xomeyninin (r.ə) vəfatının 22-ci ildönümündə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

الحمد للَّه ربّ العالمين و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى محمّد و على اله الاطيبين الأطهرين المنتجبين سيّما بقيّةاللَّه فى الأرضين

Allahın salamı və rəhməti dahi İmam Xomeyninin (r.ə) və İslam İnqilabı şəhidlərinin pak ruhlarına nəsib olsun! Bu gün İran xalqı dahi imamımızın vəfatının ildönümünü bir daha belə yüksək səviyyədə yad etməklə onun məktəbi, onun kursu üzrə hərəkətini davam etdirir. Hər ilin 14 xordad günü imamın pak və müqəddəs həyatının, mübarək və işıqlı kursunun müxtəlif aspektlərindən birinə diqqət yetirmək üçün gözəl bir fürsətdir. Bu il isə həmin gün rəcəb ayının ilk günü ilə üst-üstə düşür. Rəcəb ayı ilahi rəhmət və bərəkət ayıdır. Böyük İslam Peyğəmbərindən belə nəql olunur:

اللّهمّ بارك لنا فى رجب و شعبان

“Allah-Taala, rəcəb və şəban aylarında bizə xeyir-bərəkət nazil et!” (“Məfatihul-cinan”, rəcəb ayının əvvəlinə aid olan əməllər)

Rəcəb və şəban ayları möminləri ilahi ziyafət ayına – mübarək Ramazan ayına doğru aparan keçiddir.

Bu il imamın vəfatının ildönümü daha bir mühüm hadisə ilə də üst-üstə düşür ki, bu, islami oyanışdır; islami oyanış əzəmətli imamımızın intizarında olduğu, arzuladığı, haqqında proqnozlar verdiyi böyük və tarixi bir hadisədir. İmam Xomeyni (r.ə) müsəlman xalqlarının oyanış hərəkatı haqqında proqnozlar verərdi. Uca Yaradanın fəziləti sayəsində, bu proqnozlar reallaşdı. İmam eynilə Sovet İttifaqının süqutunu da öncədən görmüşdü; Uca Tanrı bunu da gerçəkləşdirdi.

Bu gün mən iki mövzuda söhbət etmək istəyirəm və ümidvaram ki, qısa zaman çərçivəsində hər ikisini əhatə edə biləcəyəm. Mövzulardan biri dahi İmam Xomeynimizin (r.ə) xalqımıza öyrətdiyi böyük dərsə baxışdır; əziz imamımızın İran xalqı üçün misilsiz bir ehtiyat olan unudulmaz məktəbinə bir baxış. Bu məktəb elə bir kapitaldır ki, İran xalqı ona söykənərək, onu əldə rəhbər tutaraq çətin sınaqlardan keçə bilib. Bu cür sınaqlar, bir qayda olaraq, uca amallara can atan hər bir xalqın qarşısına çıxır. İkinci mövzumuz isə regionda gedən proseslərə həsr olunacaq.

İmam Xomeyni məktəbi ilə bağlı bir məqamı qeyd etmək istəyirəm: dəyərli İran xalqı yaxşı bilir ki, camaatın İmam Xomeyniyə qarşı məhəbbət və bağlılığı sırf emosional, sevgi və duyğular üzərində qurulmuş bir bağlılıq deyil. Hərçənd duyğu və emosiyalar baxımından da imamın sevgisi qəlblərdə güclü dalğalarla təlatüm edir, lakin bu, məsələnin bir tərəfidir. Xalqın dahi İmam Xomeyniyə olan bağlılığının əsas mənası imamın məktəbinin aydın bir kurs, İran xalqının ümummilli hərəkatının işıqlı yolu olaraq qəbul edilməsidir. Bu məktəb, bu kurs ölkəmizi və xalqımızı nüfuz, tərəqqi və ədalətə çatdıran nəzəri və əməli bir bələdçidir. Ötən 32 il ərzində bu, özünü əməli surətdə göstərib. Harada ki biz imamın tövsiyələrini həyata keçirmək, onun göstərdiyi yol ilə getmək üçün özümüzdə mənəvi güc və təpər tapmışıq, o yerdə bol-bol uğur və müvəffəqiyyət nəsibimiz olub. Xalqımız imamın yoluna, imamın kursuna, imamın sarsılmaz və qalıcı mirasına bu gözlə baxır. Bu 30 il ərzində xalqımız ən ağır hiylə və planlara sinə gərə bilib.  İran xalqının əleyhinə hərbi, təhlükəsizlik, iqtisadiyyat sferalarında planlar qurulub (30 il ərzində daim geniş iqtisadi sanksiyalar tətbiq olunub); təbliğat sahəsində planlar qurulub (İran xalqının əleyhinə irimiqyaslı bir KİV və təbliğat imperatorluğu işləyib, provokasiya ilə məşğul olub); siyasi planlar qurulub.  İran xalqı İmam Xomeyni məktəbinin, İmam Xomeyni kursunun bərəkəti sayəsində, bu məkrli planların hamısına müqavimət göstərib.

İmam Xomeyni məktəbi müxtəlif aspektləri olan bir bütövdür, bir topludur. Bu aspektlərə yanaşı baxmaq, onları paralel surətdə nəzərdən keçirmək lazımdır. Dahi imamımızın məktəbinin iki başlıca aspekti mənəviyyat və rasionallıq aspektləridir. Mənəviyyat aspekti bundan ibarətdir ki, İmam Xomeyni öz yolunu sırf maddi faktorlara, maddi təzahürlərə arxalanaraq qət etmirdi; Allahla əlaqəyə, mənəvi yüksəliş yolunu qət etməyə can atan, itaət, ibadət və zikrə diqqət yetirən bir insan idi. Allahın köməyinə inanırdı. Uca Yaradana olan ümidi bitib-tükənməz idi. Rasionallıq aspekti deyəndə isə mən imamın məktəbində hər bir işin ağıl, tədbir və düşüncə ilə hərtərəfli surətdə götür-qoy edilməsinə verilən önəmi nəzərdə tuturam. Mən qeyd etdiyim məqamların hər biri ilə bağlı bir neçə cümlə deyəcəyəm.

Üçüncü bir aspekt də var ki, o da mənəviyyat və rasionallıq kimi, mənbəyini İslam dinindən götürüb. İmamın rasionallığı da İslamdan qaynaqlanır, mənəviyyata verdiyi önəm də İslama və Qurana aiddir. Qeyd etdiyim üçüncü aspekt də Qurandan, dindən götürülüb: bu, ədalət aspektidir. Bu üçünü paralel şəkildə nəzərdən keçirmək lazımdır. Bu aspektlərdən birini əsas götürmək, digərlərinə önəm verməmək cəmiyyəti yanlışlığa apara bilər, yolundan azdıra bilər. İmamın mənəvi-ideoloji mirası mükəmməl bir topludur, bir bütövdür. İmamın özü də davranışında həm rasionallığa və mənəviyyata önəm verir, həm də bütün varlığı ilə ədalət aspektinə diqqət yetirirdi.

Mən imamın rasionallığına bir neçə nümunə gətirmək istəyirəm. Birinci nümunə imamın ölkənin siyasi quruluşu üçün məhz demokratiyanı, xalq hakimiyyətini seçməyidir, yəni xalqın rəyinə söykənməyi, xalqın səsini rəhbər tutmağıdır. Xalq hakimiyyətinin seçilməsi imamın nicatverici, həyatbəxş məktəbində rasionallığın açıq-aşkar təzahürlərindən biridir. Əsrlər boyu ölkəmizdə fərdi hökumətlər hakim olub. Hətta İranda məşrutə cərəyanının yarandığı dövrdə belə, zahirdə ölkədə qanunun hökmranlığı rəsmiləşsə də, faktiki olaraq Pəhləvi dövrünün istibdad və diktaturası keçmişdəkilərdən daha ağır, zəhərləyici və faciəli idi. Dahi imamımız belə bir tarixi keçmişi yaşamış ölkədə xalqın siyasətdə iştirakı, xalqın seçimi məsələsini fundamental bir həqiqətə çevirməyə imkan tapdı, təpər tapdı. İlkin məşrutə dövründəki qısa etapları çıxmaq şərti ilə, xalqımız azad seçkinin dadını heç vaxt dadmamışdı. Belə bir ölkədə, belə bir atmosferdə dahi imamımız elə ilk addımdan ölkədə seçkini institutlaşdırdı. Dəfələrlə eşitmisiniz ki, İslam İnqilabının qələbəsindən ötən 32 il ərzində ölkəmizdə təqribən 32-33 seçki keçirilib. Camaat sərbəst şəkildə seçki məntəqələrinə gəlib, səsini qutuya atıb, parlamentin, hökumətin, Xubriqan Məclisinin, şəhər şuralarının və s. formalaşmasının mənbəyi olub. Bu, əzəmətli imamımızın rasionallığının ən bariz nümunəsi idi.

İmamın rasionallığının, ağıl və müdrikliyə söykənməyinin daha bir nümunəsi onun aqressor düşmənə qarşı mübarizədə kəskin mövqe tutmağı, heç bir halda güzəştə getməməyidir. İmam düşmənə inanmadı. İran xalqının və İslam İnqilabının düşmənini tanıyandan sonra onun qarşısında dağ kimi möhkəm durdu. Bəziləri düşünürdülər ki (belələri indi də var), insan bəzən ağlın tələbi ilə düşmənə müəyyən şeylərdə güzəştə getməlidir. İmam belə təsəvvürlərin tam əksinə hərəkət etdi. İmamın rasionallığı, bu müqəddəs insanın püxtələşmiş və tam oturuşmuş ağlı onu belə bir nəticəyə gətirib çıxardı ki, düşmənin qarşısında azacıq yumşaqlıq göstərmək, geriyə çəkilmək, güzəştə getmək onun ürəklənməyinə, daha da irəliləməyinə səbəb olacaq. Qarşıdurma meydanında qarşı tərəfin geri çəkilməyi düşmənin ürəyini yumşaltmır. Mübariz bir xalqın düşmənin qarşısında geriyə atdığı hər bir addım düşmənin bir addım irəli gəlməyi, hakimiyyəti ələ almağı deməkdir. Bu, imamın rasionallığının təzahürlərindən biri idi.

İmamın rasionallığının daha bir təzahürü onun xalqa özünəinam, öz gücünə və imkanlarına arxalanma ruhu aşılaması idi. Qərblilərin İrana ayaq açıb ağalıq etməyə başladığı uzun illər boyunca – yəni 19-cu əsrin əvvəllərindən etibarən onlar daim öz əlaltılarının, asılı ünsürlərinin vasitəsilə, cürbəcür təhlillər verməklə İran xalqının beyninə həqarət hissi yeritməyə çalışıblar. Bu xalqı təhqir ediblər, onu inandırıblar ki, heç nə bacarmır, elm sahəsində bir addım atmağa, elmi cəhətdən inkişaf etməyə qabiliyyəti çatmır, bir iş görməyə, öz ayaqları üstündə durmağa qadir deyil. Pəhləvi rejiminin və ondan əvvəlki rejimlərin başında duranlar İran xalqını dönə-dönə təhqir ediblər. Vəziyyəti elə qələmə verməyə çalışıblar ki, guya hansısa inkişaf təsəvvür olunursa, hansısa böyük bir iş görülməlidirsə də, bu, mütləq Qərbin vasitəçiliyi ilə baş verməlidir; İran xalqının buna qabiliyyəti çatmır. Dahi imam belə bir xalqa özünəinam ruhu aşıladı və bu, İran xalqı üçün dönüş nöqtəsi oldu. Bizim elm, sənaye sahələrindəki, həyatın müxtəlif sferalarındakı nailiyyətlərimiz həmin özünəinamın nəticəsidir. Bu gün iranlı gənclərimiz, sənaye mütəxəssislərimiz, alimlərimiz, siyasətçilərimiz, din təbliğatçılarımız özlərində qüvvə və bacarıq hiss edirlər. İmam Xomeyni “Biz bacarırıq!” şüarının bu xalqın qanına-canına işləməsinə nail oldu. Bu, dahi imamın rasionallığının mühüm təzahürlərindən biri idi.

Daha bir təzahür isə konstitusiyanın qəbulu idi. İmam konstitusiyanı işləyib hazırlayacaq insanları – xalqın sayılıb-seçilən şəriət ekspertlərini seçki yolu ilə müəyyənləşdirdi. Konstitusiyanı yazanlar bu işi xalqın seçiminə əsasən həyata keçirdilər. Konstitusiyanı yazmaq üçün imam özü müəyyən bir qrupu təyin etmədi, bu işi xalqın öhdəsinə buraxdı. Xalq həmin ekspertləri özü tanıyaraq, bilərək seçdi və onlar da konstitusiyanı işləyib hazırladılar. Daha sonra isə İmam Xomeyni həmin konstitusiyanı bir daha xalqın səsverməsinə qoydu, ölkədə konstitusiyanın qəbulu üçün ümumxalq referendumu keçirildi. Bu, imamın rasionallığının təzahürlərindən biridir. Bax imam yenicə qurulan dövlətin bünövrəsini bu cür möhkəm qoydu. Həm hüquqi, həm siyasi, həm ictimai fəallıq, həm elmi tərəqqi baxımından imam elə bir möhkəm və sarsılmaz qayda-qanun yaratdı ki, onun əsasında əzəmətli bir İslam sivilizasiyası ucaltmaq mümkündür.

Əzəmətli imamın rasionallığına nümunə olan məsələlərdən biri də bu idi ki, o, bu xalqın nümayəndələrinə bu ölkənin, bu məmləkətin sahibi, yiyəsi olduqlarını başa saldı. “Məmləkətin yiyəsi var” – istibdadçı hökumətlərin dövründə bu cümləni tez-tez səsləndirirdilər. “Məmləkətin yiyəsi” dedikdə isə ölkəyə hökmranlıq edən diktator və istibdadçıları nəzərdə tuturdular. İmam camaata başa saldı ki, məmləkətin yiyəsi var və məmləkətin yiyəsi xalqın özüdür.

Dahi İmam Xomeyninin zəngin mənəviyyatının təzahürü, ilk növbədə, onun özünün ixlası idi. İmam hər bir işi Allah naminə görürdü. Elə lap əvvəldən hansı işin boynuna düşən dini vəzifə olduğunu hiss edirdisə, onu yerinə yetirirdi. Bu yolda fədakarlıq etməkdən çəkinmirdi. 1341-ci (1962) ildə başladığı mübarizənin ilk günündən belə davrandı; öhdəsinə düşən şəri vəzifəyə əməl etməklə irəli getdi. Xalqa və rəsmilərə də dəfələrlə bunu öyrədir, təkrar-təkrar deyirdi ki, ən əhəmiyyətlisi şəri vəzifədir. Biz şəri vəzifəmizə əməl edirik, işimizin necə nəticələnəcəyinə sərəncam vermək isə Allahın əlindədir. Buna əsasən demək olar ki, imamın davranışında mənəviyyatın mühüm təzahürlərindən biri onun ixlası olmuşdur. İmam onun-bunun tərifi, gözəl sözləri xətrinə söz danışmaz, iş görməz, addım atmazdı. Elə buna görə də onun Allah naminə gördüyü bütün işlərə Uca Yaradan bərəkət verdi, qalıcılıq bəxş etdi. Bu isə ixlasa xas olan bir şeydir. İmam bunu rəsmilərə də dönə-dönə tövsiyə edirdi. İmam bizlərə tapşırırdı ki, daim Allaha təvəkkül edək, Allaha arxalanaq, Pərvərdigara qarşı xoş gümanda olaq, hər bir işi Onun naminə görək. İmamın özü həmişə Allaha təvəkkül edən, acizanə surətdə yalvaran, təvəssül edən, Tanrıdan kömək istəyən, daim ibadət edən bir insan idi. İnsan Ramazan ayı başa çatandan sonra imamı görəndə onda hiss olunacaq dərəcədə nuranilik müşahidə edirdi. O, həyatın verdiyi şanslardan Uca Yaradana yaxınlaşmaq, pak qəlbini və ruhunu daha da saflaşdırmaq üçün istifadə edirdi. Başqalarına da bunu tapşıraraq deyirdi: “Biz Allahın hüzurundayıq. Onun hüzuru bütün aləmi əhatə edir. Bu dünya ilahi cilvələrin təzahür etdiyi bir məkandır”. İmam hamını bu yola sövq edirdi. Onun özü əxlaqa riayət edər, başqalarını da buna təşviq edərdi. İslamda mənəviyyatın mühüm bir hissəsini əxlaqa riayət etmək, günah, iftira, bədgümanlıq, qeybət, qəlbiqaralıq və aravuranlıqdan uzaq durmaq təşkil edir. Dahi imamın özü bu şeylərə riayət edər, bunu camaata və vəzifəli şəxslərə də tapşırardı. İmam bizə tövsiyə edərdi ki, qürrələnməyək, özümüzü camaatdan üstün tutmayaq, tənqiddən yüksəkdə bilməyək, eyibsiz hesab etməyək. Ölkənin bütün birinci ranq rəsmiləri imamdan bunu  eşitmişdilər ki, biz tənqidə hazır olmalıyıq. İşdir eybimizi tutsalar, “Biz nöqsandan, tənqid hədəfi olmaqdan yüksəkdəyik” – deməməliyik. İmamın özü məhz belə idi. O həm qeydlərində (xüsusilə də şərafətli ömrünün axırlarında), həm söhbətlərində dəfələrlə “Mən filan məsələdə səhvə yol vermişəm” – deyib. Hansısa işdə xətaya yol verdiyini etiraf edib; bunun üçün isə insanın mənəvi cəhətdən kifayət qədər əzəmətli olması lazımdır. Belə bir hərəkəti edə bilmək, səhv və xətanı özünə aid etmək üçün insanın ruhu böyük olmalıdır. İmamın mənəviyyatı bu idi; əxlaqı bu idi. Bu, imamın bizə verdiyi mənəviyyat dərsinin mühüm aspektlərindən biridir.

İmam Xomeyni məktəbində ədalət aspekti də qabarıqdır. Hərçənd müəyyən mənada ədalət elə rasionallıqdan və həmçinin mənəviyyatdan doğur, lakin İmam Xomeyninin şəxsində ədalət aspektinin qabarıqlığı onun bizim üçün daha da konkret formada aydınlaşmasına yardımçı olur. İslam İnqilabının əvvəlindən etibarən imam zəif və yoxsul təbəqəyə söykənmək məsələsini israrla ortaya qoydu, təkrar-təkrar tövsiyə etdi. “Yalın ayaqlılar”, “alaçıqda yaşayanlar” ifadələri imamın nitqində dönə-dönə təkrarlanan ifadələrdən idi. Vəzifəli şəxslərə israrla tapşırardı ki, yoxsul təbəqənin qayğı və problemləri ilə məşğul olsunlar. Rəsmilərə israrla tövsiyə edərdi ki, təmtəraqlı həyat tərzindən çəkinsinlər. Bu, dahi İmam Xomeyninin mühüm tövsiyələrindən idi. Biz bunları unutmamalıyıq. Xalqın səsinə və xalqın inamına arxalan bir dövlət quruluşunun ən böyük bəlası budur ki, rəsmiləri şəxsi rifah dərdində olsunlar; fikir-zikrləri özləri üçün mal-mülk toplamaq olsun; dəbdəbəli həyat həvəsi ilə dilənçi siması alsınlar. Bu, çox böyük bir bəladır. İmam özü bu bəladan tamamilə uzaq durar, vəzifəli şəxslərə də dəfələrlə tövsiyə edərdi ki, dəbdəbəli villalarda yaşamağa, təmtəraqlı həyat tərzinə meyl göstərməsinlər, başları mal-sərvət toplamağa qarışmasın, xalqla yaxın münasibətdə olsunlar. Mən özüm də o zamanlar vəzifə postu tuturdum; imam bizim camaatla yaxından əlaqədə olmağımızı, qayğıları ilə tanış olmağımızı xoşlayardı. Xidmətlərin ölkənin ən uzaq məntəqələrinə çatdırılması məsələsi üzərində israrla durardı. O istəyirdi ki, uzaq məntəqələrin əhalisi ölkənin ümumi xidmətlərindən bəhrələnsin. Bütün bunlar dahi imamın şəxsiyyətinin ədalət aspektindən irəli gəlirdi. İmam israr edərdi ki, vəzifəli şəxslər xalqın içərisindən seçilsin, camaatın öz arasından olsun, vəzifə səlahiyyətlərinin həvalə olunması üçün hansısa qohumluq əlaqələri meyar rolunu oynamasın. Şəxsiyyətlərlə, ailələrlə qohumluq nəticəsində vəzifəyə keçməyin fəsadları, Qacar və Pəhləvi dövrlərində ölkənin başına gətirilmiş “1000 ailə” bəlası dahi imamımızda bu məsələyə qarşı həssaslıq yaratmışdı. Bəzən hansısa vəzifəli şəxsi tərif edəndə belə deyərdi: “Bu insan xalqın içərisindən çıxıb”; bunu meyar bilərdi. Dahi İmam Xomeyni vəzifə səlahiyyəti almaq üçün mala, qüdrətə arxalanmağı ölkəmiz və inqilabımız üçün ən böyük təhlükələrdən biri hesab edərdi. Bəli, bunlar İmam Xomeyni kursunun səciyyəvi cəhətləri idi.

Qardaş və bacılarım! Əziz İran xalqı! Geridə qoyduğumuz 32 il ərzində bu məktəb bizi təhlükəli sınaqlardan keçirib, milli qürurumuzu və beynəlxalq nüfuzumuzu yüksəldib. Ölkəmiz bu kursun bərəkəti sayəsində, ona riayət edə bildiyi həddə tərəqqiyə nail olub; amallarına doğru irəliləyib. Biz bu kursa riayət etməliyik, lakin bütün cəhətlərinə paralel şəkildə. Kim isə, yaxud hansısa bir cərəyan “ağıla uyğun davranmaq” bəhanəsi ilə islami və inqilabi dəyərlərdən üz çevirmək niyyətindədirsə, bu, doğru yoldan sapınmaq deməkdir. Kim isə “ağlabatan davranış” adı ilə düşmənin qarşısında təqvanı bir kənara qoymaq, asılılığa meyllənmək istəyirsə, bu, düz yoldan çıxmaqdır, xəyanətdir. Dahi imamımızın məktəbindəki rasional davranış prinsipi bizdən tələb etmir ki, düşmənin yalanlarından, hiyləsindən, əleyhimizə hazırladığı mürəkkəb planlardan bixəbər qalaq, ona inanaq, qarşısında səsimizi qısıb geri çəkilək. Düşmənin qarşısında nə qədər geri çəkilsən, ölkənin içərisindəki, xalqın qəlbindəki böyük mənəvi dayağı bir o qədər itirərsən. Bunu başqa bir müstəviyə də aid etmək olar: “ədalətpərvərlik”, “inqilabçılıq” adı ilə etikanı ayaqlar altına atsaq, ziyan vurmuş olarıq; imamın kursundan kənara çıxmış olarıq. “Ədalətpərvərlik”, “inqilabçılıq” adı ilə öz qardaşlarımızı, mömin insanlarımızı, bizimlə fikir ayrılığı olan, lakin İslam dövlətinin özünü qəbul edən, İslama etiqad bəsləyən şəxsləri təhqir etmişiksə, ünvanlarına nalayiq sözlər demişiksə, demək imamın kursundan yayınmışıq. “İnqilabçılıq”, “inqilabi davranış” adı ilə ölkəmizin və cəmiyyətimizin müəyyən kəsiminin asayiş və təhlükəsizliyini pozmaq istəyiriksə, imamın kursundan çıxmış hesab olunuruq. Ölkəmizdə müxtəlif fikirli və ideologiyalı insanlar var. Kiminsə davranışında, danışığında cinayət tərkibi varsa, əlbəttə ki, aidiyyəti olan orqanlar bununla məşğul olmalıdırlar və olurlar da. Lakin cinayət tərkibi yoxdursa, insanın məqsədi çevriliş etmək, xəyanət etmək, ölkədə düşmənin tapşırığını yerinə yetirmək deyilsə, sadəcə olaraq, bizim siyasi düşüncəmizə, siyasi tendensiyamıza müxalifdirsə, biz ondan təhlükəsizliyi, ədaləti əsirgəyə bilmərik.

و لايجرمنّكم شنئان قوم على الّا تعدلوا

“Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin!” (“Maidə” surəsi, ayə 8)

Quran bizə göstəriş verib deyir ki, hansısa tayfa ilə müxalifətiniz ədaləti bir kənara qoymağınıza və yaddan çıxarmağınıza səbəb olmasın;

اعدلوا

– hətta müxalif tərəfə münasibətdə də ədalətli olun;

هو اقرب للتّقوى

“Bu, təqvaya daha yaxındır”. (“Maidə” surəsi, ayə 8)

Ədalət təqvaya daha müvafiqdir. Əsla elə düşünməyin ki, təqva sizə müxalif olan şəxsi ayaq altında əzməkdir. Xeyr! Təqvaya uyğun olan məhz ədalətli davranışdır. Hamımız ayıq-sayıq olmalıyıq. Bu aspekt də digər aspektləri kölgədə qoymamalıdır.

Mənəviyyat aspekti də eynilə bu cürdür. Biz mənəviyyata önəm verən, Allaha təvəssül edən, dinimizə diqqətlə yanaşan, ibadət edən bir cəmiyyətik (Allaha çox şükür!). Cəmiyyətimizin ümumi atmosferi Allaha diqqətlə dolub-daşır. Ölkəmizdə yaşanan Ramazan ayları bir başqa aləmdir; mənəviyyat baharıdır. Bizim dəyərli gənclərimiz Quran, zikr və dua, təvəssül məclislərində elə nurani şəkildə iştirak edirlər ki, insana ləzzət verir. Yaxınlarda gənclərimiz artıq itikaf mərasimlərinə başlayacaqlar ki, bu mərasimlər də çox heyrətamiz bir atmosferdə keçir.

Bizim gənclik dövrümüzdə rəcəb ayının itikaf günləri kimi məşhur olan orta günlərində Qum Teoloji Mərkəzində, səhv etmirəmsə, o vaxtkı İmam məscidində 10, 15, 20 nəfər tələbə itikaf edərdi (hələ bu, teoloji mərkəz idi; özü də Qum Teoloji Mərkəzi kimi bir mərkəz). Bu, adət halını almış bir iş deyildi; gənclərin itikafla tanışlığı yox idi. Bu gün isə ölkənin universitetlərində minlərlə tələbə gənc – qız və oğlan – təhsil aldığı ali məktəbin məscidində itikaf edir, ibadət edir, xəlvətə çəkilib Yaradanı ilə mənəvi əlaqədə olur; böyük məscidlər, böyük ibadətgahlar da öz yerində. Bütün bunlar mənəviyyatın təzahürüdür. Ölkəmiz mənəviyyata önəm verərək yaşayan bir ölkədir, lakin bizim mənəviyyatımız məsuliyyət hissi ilə paraleldir. Bu mənəviyyat heç bir vəchlə bizi öhdəmizə düşən böyük inqilabi məsuliyyətdən uzaqlaşdırmamalıdır; əksinə, inqilabi hərəkatımıza yardımçı olmalıdır. Dini bəhanə gətirərək, dindarlıq adı ilə cəmiyyəti siyasətdən uzaqlaşdırmağa, gənclərimizdə siyasətə qarşı etinasızlıq yaratmağa, onları ölkənin ictimai-siyasi meydanlarında iştirakdan uzaq tutmağa çalışanlar səhvə yol verirlər, yanlış yolla gedirlər, doğru yoldan sapınıblar. Bu aspektlərin hamısı yanaşıdır, paraleldir.

Bu gün mən burada – İmam Xomeyninin pak məqbərəsinin yaxınlığında, bu mənəviyyat gülüstanında – “Beheşte-Zəhra”da dəfn olunmuş şəhidlərin pak ruhları qarşısında şəhadət verirəm ki, xalqımız bu yolda layiqincə irəliləyib, imamın kursunu qoruyub. Mən öz gözlərimlə görürəm və şahidlik edə bilərəm ki, bugünkü inqilabçı gənclərimiz iman, təqva, əqidə möhkəmliyi baxımından İslam İnqilabının ilk illərindəki gənclərdən üstün olmasalar belə, geridə də qalmırlar. Mən səmimi qəlbdən, tam əminliklə şahid dururam və inanıram ki, öhdəsinə düşən rolu ən  yüksək səviyyədə oynayan bizim xalqımız olub; dəyərləri qoruyub saxlayıb və üzərində möhkəm durub. Düşmənlərimizin planlarını puça çıxaran da məhz xalqımız olub.

Bu barədə təfsilatı ilə danışmaq istəmirəm; həm vaxtımız yoxdur, həm də ola bilsin ki, indi bu söhbətin zamanı deyil. Qısaca olaraq bunu qeyd etmək istəyirəm: düşmənlərimiz elə düşünürdülər ki, İmam Xomeyninin vəfatı ilə bu müqəddəs rejimin süqutu başlayacaq. Elə güman edirdilər ki,  imam getdisə, bu alov tədricən səngiyəcək, bu çıraq sönəcək. Lakin imamın cənazəsinin son mənzilə yola salma mərasimi, xalqın o coşub-daşan emosiyaları, Xubriqan Məclisinin atdığı addımı dəstəkləmək üçün nümayiş etdirdiyi əzəmətli hərəkat onları məyus etdi. On illik bir proqram hazırladılar (bu mənim gəldiyim şəxsi nəticədir, rəsmi məlumat anlamında deyil; on illər ərzində mənim üçün sübut olunmuş bir fikirdir). Sonrakı on il boyunca planlarının bir nəticə verəcəyinə ümid bağladılar. Məlum hadisələrin baş verdiyi 1378-ci ildə (1999) həmin hadisələri neytrallaşdıran, nəticəsiz qoyan məhz xalq oldu. 1378-ci il tir ayının 23-də (1999, 14 iyul) camaat küçələrə çıxdı, düşmənin illərlə hazırladığı planı bir gündə puça çıxardı. O günlər keçib getdi. İkinci dalğa 1388-ci (2009) ilə qədər davam etmiş daha bir onillik plan idi. Onlara elə gəlirdi ki, əllərinə fürsət keçib; güman edirdilər ki, müəyyən proseslər üçün zəmin hazırlayıblar. Camaatda – rejimə bağlı olan, rejimə sadiq olan camaatda müəyyən narazılıq doğuran məsələlərdən istifadə edə biləcəklərini düşünürdülər. Buna görə də 1388-ci il hadisələri baş verdi. 2-3 ay ərzində Tehrana (əlbəttə ki, yalnız Tehrana) çaxnaşma saldılar, 2-3 ay qəlbləri və zehinləri özlərinə məşğul edə bildilər. Burada da xalq işə qarışdı, meydanlara çıxdı. Batinlərdə olanlar çölə çıxandan sonra, Qüds günündə xalq gördü ki, bunların əsl niyyəti nədir; Aşura günündə anladı ki, bunların əsl istəkləri hara qədər gedib çıxır. Əziz xalqımız meydanlara çıxdı və 9 dey kimi tarixi bir günə imza atdı. 9 dey günü, ardından çox keçmədən isə 22 bəhmən günü nəinki yalnız Tehranda, ölkənin dörd bir yanında milyonlarla insan meydanlara gəldi, hərc-mərcliyə son qoydu. Bu, xalqın hünəridir. İran xalqına eşq olsun! Mömin, mübariz, müdrik və gözüaçıq İran xalqına eşq olsun! İnşallah, Allahın yardımı və dəstəyi ilə, xalqımız bu yolu, bu kursu, bu amalları, bu əzm və təpəri sona qədər davam etdirəcək. Xoşbəxtlikdən, xalqın bu əzəmətli hərəkatı öz bəhrələrini də verib. Xalqımızın rəsmilərinə göstərdiyi etimadın, camaatımızın yaxından iştirakı ilə ölkənin hər yerində bərqərar edilmiş asayiş və təhlükəsizliyin bərəkəti sayəsində, rəsmilər öz xidmətlərini genişləndirə, ölkədə böyük işlər – irimiqyaslı infrastruktur işləri görə biliblər. Hər bir ölkənin inkişafında isə bu gün ölkəmizdə biri-birinin ardınca həyata keçirilən infrastruktur işləri zəruri şərtdir. Camaat bütün bunları görür və inşallah, nəticələrini də yaxın və uzaq müddətlərdə müşahidə edəcək. Məhz xalqın iştirakı ilə bərqərar edilmiş asayiş və təhlükəsizliyin bərəkəti sayəsində, düşmənin bu sahədə hazırladığı məkrli planlar puça çıxır, təbliğat planları nəticəsiz qalır. Məhz xalqın iştirakının bərəkəti sayəsində, ölkəmizin elmi-texnoloji tərəqqisi ən yüksək səviyyədədir. Bizim statistikalarımıza yox, rəsmən elan olunan beynəlxalq statistikaya əsasən, bu gün ölkəmizin elmi inkişafının sürət tempi dünya elminin orta inkişaf sürətindən 11-12 dəfə çoxdur. Bu isə balaca bir şey deyil. Bunu bizi istəməyənlər deyirlər, düşmənlərimiz elan edirlər. Bu gün sizin gənc alimləriniz ölkənin 10-dan artıq mühüm, ən yeni elm və texnologiya sahəsində elə irəliləyişlər ediblər ki, qlobal statistikanın ilk sıralarında, yəni ilk onluqda yer alıblar. Bütün bunlar xalqın iştirakının bərəkəti sayəsindədir. Bu iştirak, bu qarşılıqlı etimad, bu ümumxalq miqyaslı məsuliyyət hissi nə qədər çox davam etsə, ölkəmiz inkişaf və tərəqqiyə bir o qədər çox nail olacaq. İmam Xomeyninin kursu budur!

Bir neçə cümlə də regionda gedən proseslər haqqında demək istəyirəm. Əvvəla, Şimali Afrika regionunda və bizim regionumuzda baş verənlər olduqca mühüm və tarixi əhəmiyyətli hadisələrdir. Misirdə, Tunisdə baş verənlər, müsəlman ölkələrində baş qaldırmış islami oyanış 2-3 əsrdə bir dəfə baş verən hadisələrdəndir – mühüm və tarixin dönüşünə təsir edən hadisələrdən. Bəli, Misir xalqının, Tunis xalqının qiyamı müvəffəqiyyətlə nəticələndi. Xüsusilə də Misir inqilabının qələbəsi çox parlaq bir qələbədir, çox möhtəşəm bir işdir. Liviya, Yəmən, məzlum Bəhreyn kimi bəzi başqa ölkələrdə isə mübarizə davam etməkdədir. Hər birinin də öz hökmü var. Oradakı xalq hərəkatlarının da sonu qələbədir; geci-tezi var. Xalq oyanıbsa, özündə güc, qüdrət və bacarıq hiss edibsə, onun yolunu heç nə kəsə bilməz. Əlbəttə, müsəlman xalqlarının düşmənləri – imperializm maşını, böyük şeytan olan Amerika, qəddar və yırtıcı xislətli sionistlər boş oturmayıblar, çalışırlar. Bu qələbələrin sözün əsl mənasında qəti qələbə ilə sonuclanmasına, camaatın bu sevinci doya-doya yaşamasına mane olmaq istəyirlər. Lakin biz müsəlman xalqları sayıq olsaq, Quranın bizi səbir, müqavimət və səbata səsləyən, bizə ümid verən çağırışına qulaq assaq, Uca Yaradana qarşı optimist olsaq, ilahi vədlərə ümid bəsləsək və bu yolda çalışıb-vuruşsaq, heç şübhəsiz, bu xalqlar qələbəyə yetişəcəklər. Əlbəttə, Qərb dövlətlərinin Liviyada yürütdüyü siyasət budur ki, ölkəni zəiflətsinlər, yarımcan vəziyyətə salsınlar. Siyasətləri budur ki, ölkə gücdən düşənə qədər vətəndaş müharibəsi davam etsin; sonra da ya bilavasitə özləri, ya da müəyyən vasitələrlə gəlib bu strateji ölkənin işlərini ələ alsınlar. Əvvəla, Liviya zəngin neft ehtiyatlarına malikdir, ikincisi isə Avropanın bir addımlığındadır. Buna görə də dünya imperialistləri, Amerika və Qərbi Avropadakı imperialist dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Ondan asanlıqla əl götürmək istəmirlər, zəiflətmək istəyirlər. Onlar Liviyadan əl çəksələr, xalq qələbə çala, demokratik və islami hökumət iş başına gələ bilər, bu isə onlar üçün təhlükə yaradır. Odur ki bunun baş verməsinə mane olmaq istəyirlər.

Yəməndə də analoji vəziyyətdir. Yəmən də strateji baxımından əhəmiyyətli bir ölkədir. Siyasi coğrafiyası, Amerika ilə əlaqəli olan bəzi dövlətlərlə qonşuluğu baxımından son dərəcə əhəmiyyətlidir. Orada da xalqın qələbəsinə mane olmaq istəyirlər. Amerika və Qərbin bu iki ölkə ilə bağlı siyasəti xalqın qələbəsinin qarşısını almaqdır.

Bəhreyn camaatı da boğaza qədər zülm içərisində çapalayır. Həmin ölkədə də “bunlar şiədir” adı ilə xalqın hərəkatını tayfa, məzhəb hərəkatı kimi qələmə vermək istəyirlər, halbuki məsələ tamamilə başqa cürdür. Əlbəttə, Bəhreyn əhalisi şiədir; tarixən şiə olub; əksəriyyəti şiələrdir. Lakin problem şiə-sünni məsələsi deyil. Problem odur ki, bu xalq məzlumdur. Öz ölkəsində, öz torpağında, öz diyarında elementar vətəndaş hüquqlarından məhrumdur. Öz haqqını tələb edir, səsvermə haqqını tələb edir. “Səs vermək, dövlətin və hökumətin təşkilində rol oynamaq istəyirəm” – deyir. Bu ki günah deyil. Bu qanuni olan bir hüquqdur.  Bəşər hüquqları və demokratiya iddiasında olan yalançı, riyakar və hiyləgər amerikanlar isə Bəhreyn olaylarında işə bu formada – xalqın əleyhinə müdaxilə edirlər. Əlbəttə, özləri bunu inkar edirlər, deyirlər ki, təşəbbüsü göstərən biz yox, Səudiyyə dövlətidir. Lakin Səudiyyə Amerikanın icazəsi olmadan Bəhreynə girə, ölkədə bu cür acınacaqlı və qanlı hadisələr törədə bilməzdi. Odur ki Bəhreyndə olanlara görə amerikanların da boynuna məsuliyyət düşür.

İki-üç məsələni də qeyd edim; artıq vaxtımız bitir. Birincisi, bu ölkələrdəki xalq hərəkatlarının 3 ən ümdə xüsusiyyəti var: islami mahiyyət daşıma, Amerika və sionizm əleyhinə yönəlmə, xalqa aid olma. Bu göstəricilər həmin ölkələrin hamısı üçün müştərəkdir. Ərəb və İslam dünyası üçün meyar olan Misir xalqı bu hərəkata start verib, ilk olaraq bu inqilabın təməlini öz ölkəsində qoyub. Misirdəki qiyam həm islami xarakterlidir, həm xalqın məhsuludur, həm də açıq-aşkar Amerika və sionizmə qarşı yönəlib. Qalan ölkələrdə də eynilə bu cürdür.

Bizim bu xalq hərəkatlarına münasibətdə mövqeyimiz açıq-aydın ortadadır: harada islami xarakterli bir hərəkat varsa, xalqın istəyindən baş qaldırmış bir hərəkat varsa, Amerikaya qarşıdırsa, biz həmin hərəkatı dəstəkləyirik.  Lakin haradasa Amerikanın, sionistlərin təhriki ilə bir hərəkatın baş qaldırdığını görsək, onu heç vaxt dəstəkləmərik. Biz Amerika və sionizm əleyhinə yönəlmiş hərəkatların tərəfindəyik. Hakim rejimi devirmək, ölkəni işğal etmək üçün işin içində Amerika və İsrailin öz əli varsa, o yerdə biz amerikalılara tam əks mövqedə dururuq. Amerika bu regionun xalqlarının mənafeyinə uyğun ola bir şey fikirləşə, bir iş görə bilməz. Bu günə qədər və bu gün gördüyü işlərin hamısı region xalqlarının əleyhinə olub. Bizim mövqeyimiz budur.

İkinci məqam: əlhəmdulillah, qələbəyə nail olmuş bu ölkələr, xüsusən də zəngin islami, mənəvi və mədəni irsə malik, böyük bir ölkə olan Misir ehtiyatlı olmalıdırlar ki, düşmən qapıdan gedib, pəncərədən qayıtmasın. Bu gün Amerikanın Misirə, yaxud hansısa başqa bir ölkəyə yardım etmək imkanları haqqında danışılır. Bu yardımların özü həmin xalqlar üçün başağrısına çevrilə bilər. Amerikalılar məhz həmin yardımların, həmin dollarların vasitəsilə ölkələrdə ağalığı əllərinə keçirir, öz iradələrini diktə etməyə müvəffəq olurlar. Azadlığa çıxmış xalqı yenidən öz zülmkar iqtidar pəncələrinin altına salırlar.

Hamı sayıq olmalıdır. Əlbəttə ki, Misir xalqı ayıq-sayıqdır. Keçmiş rejimin Fələstin, Qəzza və Rəfəh keçid məntəqəsi ilə bağlı tutduğu mövqeyə qarşı misirlilərin nümayiş etdirdiyi etiraz hərəkatı son dərəcə dəyərli idi və bu, davam etdirilməlidir. Misir ərəb dünyasında təsir gücünə malik olan bir ölkədir. Məhz buna görə də ərəb ölkələrinə qəsbkar İsrail rejimi qarşısında boyun əydirmək istəyənlər əvvəlcə Misirin üstünə düşdülər. Rüsvayçı “Kemp-Devid” müqaviləsini Misirə qəbul etdirdilər. Məhz Misir bu müqaviləni qəbul etdikdən sonra tədricən digər ərəb ölkələri də təslim oldular; Amerikaya itaət etməyə başladılar; Fələstin məsələsi ərəb ölkələrinin qərar qəbul etmə sferasından tamamilə çıxdı. Ehtiyatlı olmaq lazımdır. Onlar Misirə həssaslıqla yanaşırlar. Qərb imperialistləri Misirdən qovulduqları Camal Əbdülnasir dövrü sona çatan kimi dərhal ölkəyə geri dönmüşdülər. Bu təcrübə Misirdə təkrarlanmamalıdır. Misir xalqı ayıq-sayıqdır, zəkalıdır və ümidvarıq ki, Uca Yaradan onlara bu işdə də yardımçı olacaq.

Daha bir məqamı da qeyd etmək istəyirəm ki, üsyana qalxmış insanları əzməyin, xalqların başından basmağın heç bir faydası yoxdur. Axı xalqlar oyanıblarsa,  öz qüvvələrini dərk ediblərsə, bu yola davam edəcəklər və inşallah, region xalqlarının hərəkatı – istər hal-hazırda qiyamların baş qaldırdığı, istərsə də potensial surətdə mövcud olduğu ölkələr olsun – qələbə ilə sonuclanacaq. Bu ölkələrdə xalq qələbə çalacaq, intəhası düşmənin separatçı hərəkətlərindən ehtiyatlı olmaq lazımdır. Bu gün istər Misir və Tunisdə, istərsə də Şimali Afrikada və digər müsəlman ölkələrində düşmənlərin niyyəti təfriqə yaratmaqdır. Xüsusilə də İran İslam Respublikası imperializmə qarşı mübarizə hərəkatının ocağı olduğu üçün etnik mənsubiyyət, məzhəb etiqadı və s. bəhanələrlə bizi başqa ölkələrdən uzaqlaşdırmaq istəyirlər. Hətta bu ölkələrin özündə də təfriqə törətmək niyyətindədirlər. Bu gün Misirdə vəhhabi, təkfiri qruplaşmalarına aid olan insanlar müxtəlif bəhanələrlə Misir xalqının arasına da ikitirəlik salmağa çalışırlar. Bu separatçı cəhdlərə qarşı sayıq olmaq lazımdır.

Bizim Fələstinlə bağlı mövqeyimiz də açıq-aydındır. Biz bu fikirdəyik ki, Fələstin torpağı, Fələstin ölkəsi tamamilə fələstinlilərə aiddir. Fələstini xəritədən silməyə çalışanlar səhvə yol verdilər. Belə bir şey heç vaxt baş verməyəcək! Fələstin həmişə yaşayacaq! Qəsbkarlar bir neçə onillik ərzində bu torpağı işğal etsələr də, heç şübhəsiz, Fələstin fələstinlilərə və İslamın ağuşuna dönəcək! Bu, baş verəcək! Fələstin xalqı da ayıq-sayıqdır. Fələstin torpağı bölünə bilməz və bütövlüklə fələstinlilərə məxsusdur. İran İslam Respublikası bu problemin həlli yolunu hələ bir neçə il öncə elan edib. Fələstin probleminin həlli yolu Amerika və başqalarının təklif etdikləri deyil. Bunlar heç bir müsbət nəticə verməyəcək. Problemin həlli yolu budur ki, Fələstin xalqı arasında referendum keçirilsin, fələstinlilərin referendum əsasında seçdikləri rejim ölkənin hər yerində hakimiyyət başına keçsin. Sonrakı mərhələdə ölkəyə xaricdən gəlmiş sionistlərlə nə edəcəklərinə onlar özləri qərar verməlidir. Bu, xalqın rəyinə əsasən formalaşmış rejimin qərarına bağlıdır.

Pərvərdigara! Müsəlman xalqlarını, Misir, Tunis, Liviya, Yəmən, Bəhreyn xalqlarını və məzlum Fələstin xalqını öz inayətin altında qəti qələbəyə çatdır! Pərvərdigara! Dəyərli İran xalqına olan bərəkətini günü-gündən artır! Pərvərdigara! İmam Xomeyninin (r.ə) və şəhidlərimizin pak ruhlarına dərgahının ən ali məqamlarında nemətlər ver. İmam Mehdi Sahibəzzamanın (ə.f) dualarına layiq olmağı bizə nəsib et!

Allahın salamı, mərhəməti və bərəkəti nəsibiniz olsun!