Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ölkənin ziyalı xanımları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Əvvəla, iki aləmin ən üstün qadını, Behişt qadınlarının xanımı Həzrət Siddiqeyi-Tahirə Fatimeyi-Zəhranın (s.ə) doğum gününə aid olan bu günlər münasibətilə hamınızı təbrik edirəm. Bugünkü görüşümüz, əlhəmdulillah, mühüm və dəyərli bir görüş oldu. Əvvəla, iştirakçılar sosial və elmi həyatımızın müxtəlif sferalarında çalışan fəal xanımlar, cəmiyyətimizdəki əsl görkəmli xadimlərdir. İstər çox hörmətli universitet müəllimələri, elm, texnologiya və s. meydanlarında tanınmış xanımlar olsun, istərsə də şəhid ailələrinin möhtərəm üzvləri, şəhid xanımı və 4 şəhidin anası olan bu qadın olsun – bu xanımların hamısı ölkəmizdə qadınların kamillik və yüksəlişə doğru hərəkatının zirvədə olduğuna bir nümunədir. Şükürlər olsun ki, bugünkü görüşümüz hər cəhətdən gözəl və dəyərlidir. Onun daha bir əhəmiyyətli tərəfi simvolik xarakter daşımasıdır. Sözsüz ki, gördüyü dəyərli işlərlə tanınan, öndə olan, ölkənin tərəqqisi və gələcəyi üçün sərmayə sayıla biləcək digər möhtərəm xanımlarımız ölkənin dörd bir yanında var. Bu görüş İran qadınlarının kompleks xarakterli, möhtəşəm hərəkatının bir simvoludur.

Xanımların burada qeyd etdiyi məsələlər, demək olar ki, İslam dövlətində və İslam Respublikasında qadın mövzusu ilə bağlı diqqət yetirilməli, izlənməli olan bütün cəhətləri əhatə edirdi. Mən danışılanlara diqqətlə qulaq asdım. Xanımların çıxışlarında, demək olar ki, bu gün qadın problemi ilə bağlı müzakirə, tədqiqat və araşdırma mövzusu ola biləcək, ölkədə hazırlanan fəaliyyət proqramları üçün əsas rolunu oynayacaq bütün məqamlara toxunuldu. Bu, mənim üçün olduqca maraqlı və sevindirici bir faktdır.

Bu günə qədər gedən proseslər haqqında ümumilikdə mühakimə yürütsək, deməliyik ki, İslam Respublikası rejimi uca bir zirvəyə yol tapmağı bacarıb. Həmin zirvə ziyalı, cəmiyyətin ən incə problemləri haqqında müstəqil düşüncə və rəyə malik olan xanımların yetişdirilməsidir. Mən o problemlərin nədən ibarət olduğunu da qeyd edəcəyəm. Qadın problemi (müasir dünyada bunu artıq “qadın böhranı” adlandırmaq lazımdır) hər bir sivilizasiyanın, hər bir cəmiyyətin və ölkənin başlıca problemlərindən biridir. Sizlər bu problemlə bağlı ən incə məqamları, ən mühüm müddəaları dərk etməyi, problem haqqında dərindən düşünməyi bacarırsınız. Buna əsasən demək olar ki,  İslam Respublikası dünyanın bir çox ölkələrinin yetişə bilmədiyi bir zirvəyə yol tapıb.

Mən burada bir məsələni qeyd etmək istəyirəm. Görülən bütün işlərə – sizin, başqalarının əməyinə – baxmayaraq, qadın və ailə problemi hələ də aktualdır, geniş müzakirə və araşdırmaların mövzusu ola bilər. Sözügedən problem, inşallah, gələcəkdə strateji ideya konfranslarımızdan birinin də mövzusu olacaq. Strateji ideya konfransları (bu günə qədər iki strateji ideya konfransımız olub və həmin iclaslarda qoyulan məsələlər ilkin mərhələdə ideoloji xarakter daşısa da, inşallah, gələcəkdə layihə və icra baxımından həyata keçiriləcək) cəmiyyətin ən başlıca və strateji əhəmiyyət daşıyan ideoloji problemlərinin araşdırılması vəzifəsini qarşıya qoyub. Bu konfranslarda müzakirəsi nəzərdə tutulan problemlərdən biri də qadın və ailə problemidir və gələcək konfranslarımızdan biri bu mövzu ətrafında olacaq. Mən elə buradaca möhtərəm xanımlarımızdan, xanım mütəfəkkirlərimizdən (əlhəmdulillah, bu gün burada onların görkəmli nümayəndələrini gördük) xahiş edirəm ki, bu işdə ciddi iştirak etsinlər, müzakirələrə qoşulsunlar, düşünsünlər, araşdırma aparsınlar. Mövzu ilə bağlı müddəaları ayrıca, elmi-professional səviyyədə, İslam mənbələrinə və saf inqilab məfkurəsinə əsaslanaraq (xoşbəxtlikdən, bütün bunlar sizdə var) araşdırsınlar, məsələləri qadın probleminə həsr olunacaq strateji ideya konfransında ortaya qoysunlar, müzakirə olunsun və inşallah, fəaliyyət proqramlarının hazırlanması və həyata keçirilməsi üçün lazımi işlər görülsün.

“Cəmiyyət və qadın” probleminin mahiyyətində iki şey durur: iki başlıca məqam var ki, əgər onlar haqqında dərindən düşünülsə, bu sahədə yeni bir yanaşma tətbiq olunsa, ciddi və ardıcıl surətdə iş görülsə, bu gün dünyada qadın böhranı hesab oluna biləcək problemin vaxt keçdikcə (orta və ya uzun zaman çərçivəsində) öz həllini tapacağına ümid etmək olar. Həmin iki məqamdan biri qadının cəmiyyətdəki status və mövqeyinə yanlış, neqativ yanaşmadan ibarətdir. Qərbdən başlanğıc götürmüş bu yanlış yanaşmanın, neqativ anlaşılmanın o qədər də uzun tarixi keçmişi və kökləri yoxdur. Bu məsələnin sionist ideoloqlarının protokollarında öz əksini tapdığını iddia edənlər də var və bunun həqiqətə zidd olmadığını güman etmək olar. Baxsaq, görərik ki, Qərb sivilizasiyasında bu yanlış yanaşmanın, qadının cəmiyyətdəki status və mövqeyi ilə bağlı bu yanlış və neqativ ideyaların tarixi təxminən 100-150 ildən o yana getmir, bunlar Qərbdən digər toplumlara, o cümlədən müsəlman toplumlarına sirayət edib. Bu, bir məqam.

Problemin əsasını təşkil edən ikinci məqam isə ailənin yanlış dərk olunması, ailədaxili münasibətlərdəki yanlış davranışlardır. Bizim fikrimizcə, qadın məsələsini böhran həddinə gətirib çıxaran və bu gün dünyada əsas problemlərdən birinə çevirən məhz bu iki məqamdır. “Qadın böhranı” ifadəsi təəccüb doğura bilər. Bu gün ekoloji böhran, içməli su böhranı, enerji böhranı, qlobal istiləşmə böhranı və sairə bəşəriyyətin başlıca problemləri kimi baxılır. Lakin bunların heç biri bəşəriyyətin başlıca problemi deyil. Bəşəriyyətin başlıca problemi olan şeylərin əksəriyyəti insanın mənəviyyatı, əxlaqı, insanlar arasındakı ictimai münasibətlərlə sıx əlaqəli olan məsələlərlə bağlıdır. Bunlardan biri də kişi və qadın problemi, cəmiyyətdə qadının mövqeyi, statusu və cəmiyyətdə qadın problemidir. Bu, doğrudan da, bir böhrandır, lakin onu üzə vurmur,  müzakirəyə çıxarmırlar. Dünyaya ağalıq edən siyasətlər bu məsələnin açılıb-ağardılmasını özlərinin xeyrinə hesab etmir, bəlkə də başlıca strategiyalarına zidd bilirlər.

Birinci məsələyə – qadının həyatda və cəmiyyətdəki statusu məsələsinə gəlincə (bunu istədiyiniz təbirlə adlandıra bilərsiniz), burada problem ondan ibarətdir ki, bu sahədə tədricən müəyyən disbalans yaradılıb: tərəflərdən birinin mənafeyi üstün tutulub, digərindən isə istifadə olunub, mənafeyi qurban verilib. Bəşəriyyəti bu formada iki qrupa ayırıblar. Mənafeyi üstün olan tərəf kişilər, istifadəyə məruz qalan tərəf isə qadınlardır. Bu, ilk növbədə Qərb cəmiyyətində, daha sonra isə digər toplumlarda yavaş-yavaş, tədricən, cürbəcür metodların, təbliğatların vasitəsilə, onilliklər boyu baş verib. Bəlkə də bu prosesin tarixi 100-150 il əvvələ gedib çıxır; mən bunu dəqiq bilmirəm və bu məsələ maraqlı tədqiqat obyekti ola bilər. Qadının sosial statusunu bu şəkildə müəyyən etmiş, bu şəkildə təqdim etmişlər: qadın daim kişi tərəfindən istifadəyə məruz qalan, mənafeyi qurban verilən bir varlıq olmalıdır. Buna görə də Qərb sivilizasiyasında özünü cəmiyyətdə doğrultmaq, şəxsiyyətini təsdiq etmək istəyən  bir qadın, hökmən, öz cinsi cazibədarlığını işə salmalıdır. Hətta rəsmi mərasimlərdə belə, qadın elə tərzdə geyinməlidir ki, mənafeyi üstün tutulan tərəfin – yəni kişinin gözünü oxşasın.

Məncə, qadına qarşı yol verilmiş ən böyük zərbə, ən böyük təhqir, ən böyük hüquq pozuntusu elə budur: sosial mühitdə elə bir mədəniyyət formalaşa ki, qadın mənafeyi üstün tutulan tərəf üçün bir istifadə obyekti kimi tanına. Təəssüf ki, bu gün Qərb sivilizasiyasında bu var. Başqaları da onları təqlid ediblər, onların getdiyi yol ilə gedib, xeyli çalışıb-vuruşublar və bu, bütün dünyaya yayılıb. Kim isə bunun əksini desə, onun əleyhinə hay-küy qaldırırlar. Misal üçün, qadınların ictimai yerlərdə bəzənib-düzənməsi, açıq-saçıq libaslarda gəzməsi hansısa cəmiyyətdə qınansa, buna qarşı kəskin reaksiya verilər, hay-küy qalxar. Bunun əksi olsa, yəni hansısa cəmiyyətdə qadınların çılpaqlığı bəyənilən  bir məsələ kimi ortaya atılsa, bu, dünyada heç bir reaksiya və səs-küy doğurmaz. Lakin qadının örtünməyi, çılpaq gəzməməyi, bəzənib-düzənməməyi cəmiyyətdə müzakirəyə çıxarılan kimi, dünyada hökmranlıq edən təbliğat orqanları ayağa qalxır, hay-küy qaldırır. Bu, ortada illər boyu qəsdən yürüdülən konkret bir mədəniyyətin, konkret bir siyasətin, konkret bir strategiyanın olduğunu göstərir. Bu mədəniyyətin, bu siyasətin əsasını isə cəmiyyətdə qadın üçün belə bir yanlış, təhqiramiz mövqe və statusun təsbit olunması təşkil edir. Təəssüflər olsun ki, bu siyasəti güdənlər istədiklərinə nail olublar.

Bunun nəticəsidir ki, siz get-gedə Qərbdə hicab əleyhinə açıq-aşkar mübarizə aparıldığının şahidi olursunuz. Adını da belə qoyublar ki, hicab dini atributdur və biz cəmiyyətimizdə – dünyəvi cəmiyyətimizdə – dini atributların göz qabağında olmasını istəmirik. Düşünürəm ki, bu, yalandır. Söhbət dindən getmir. Söhbət bundan gedir ki, Qərbin əsas, prinsipial və strateji siyasəti qadının ucuzlaşdırılması, asan əldə olunan bir əşya kimi təqdim olunmasına əsaslandığı üçün hicab bu siyasətə ziddir. Hicab dini iman və stimuldan qaynaqlanmasaydı belə, onun əleyhinə çıxacaqdılar. Əsas problem budur.

Bu problem daha sonra bəşər cəmiyyətində öz nəticələrini, acınacaqlı sonuclarını göstərdi: ailənin əsaslarının sarsılması problemi ortaya çıxdı (statistika şokedicidir və möhtərəm xanımlardan biri də bununla bağlı bir misalı qeyd etdi), qadın alverinin statistikası da acınacaqlı və təəssüfləndirici bir problemə çevrildi. Verilən məlumatlara görə (səhv etmirəmsə, bu, BMT-nin hesabatıdır; rəsmi bir mərkəzin məlumatıdır), dünyada ən sürətlə inkişaf edən biznes sahəsi qadın alveri və qadın qaçaqçılığıdır. Bu sahədə vəziyyətin ən pis həddə olduğu bir neçə ölkə var ki, İsrail də bu sıraya daxildir. Kasıb ölkələrdən, Latın Amerikası ölkələrindən, bəzi Asiya ölkələrindən, bəzi yoxsul Avropa ölkələrindən qadın və qızları iş tapmaq, ailə qurmaq və s. bəhanələrlə aldadıb aparır, elə mərkəzlərə verirlər ki, oradakı ağır şəraiti təsəvvür edəndə, o yerlərin adını çəkəndə insanın tükləri biz-biz durur. Bütün bunların kökündə, qeyd etdiyim kimi,  qadının cəmiyyətdəki statusuna yanlış yanaşma, bu məsələdə bərqərar edilmiş zülmkar balans durur. Nikahdan kənar doğulan uşaqlar (bu faktın ən yüksək statistikası da elə Amerikadadır), nikaha daxil olmadan birgə yaşama halları – bütün bunlar, əslində, ailə ocağının məhvi, isti, səmimi, bərəkət dolu ailə mühitinin məhvi, bəşəriyyətin bu bərəkətdən məhrum edilməsi deməkdir və bunların hamısı qeyd etdiyim birinci problemdən qaynaqlanır. Bunun üçün bir şey fikirləşmək, bir çarə tapmaq lazımdır. Qadının gerçək mövqe və statusunu müəyyən etmək, Qərbin hay-küyçü məntiqinə qarşı ciddi mübarizə aparmaq lazımdır.

Vaxtı ilə mən belə bir fikir səsləndirmişdim: məndən soruşmuşdular ki, qərblilərin İranda qadın problemləri haqda dedikləri qarşısında özümüzü necə müdafiə etməliyik? O zaman mən dedim ki, bu məsələdə biz müdafiə mövqeyində yox, hücum mövqeyində durmalıyıq! Qadın problemi ilə bağlı məhz biz Qərbdən cavabdehlik tələb edirik, biz onların əleyhinə iddia qaldırırıq. Qadına zülm edən, qadını təhqir edən, onun mövqeyinin alçaldan, “azadlıq”, “məşğulluq”, “məsuliyyət həvalə etmək” adı altında onları mənəvi-psixoloji, emosional təzyiqlərə məruz qoyan, şəxsiyyətlərini təhqir edən qərblilərdir. Onlar cavabdehlik etməlidir. İslam Respublikasının öhdəsinə bu məsələ ilə bağlı konkret məsuliyyət düşür. İran İslam Respublikası qadın problemləri ilə bağlı öz sözünü açıq-aşkar, çəkinmədən, heç nəyin üstündən keçmədən deməlidir. Onun sözü isə, əksəriyyət etibarilə, Qərbin yanlış yanaşmasına, müəyyən etdiyi bu zülmkar disbalansa etirazdan ibarətdir. Bu aspektdən yanaşılarsa, hicab məsələsi də, kişi-qadın münasibətləri məsələsi də məna kəsb edər. Problemin biri budur.

Qadının cəmiyyətdə mövqeyi ilə bağlı ortaya çıxan ikinci problem isə ailə məsələsidir. İslam dinin ailəyə, qadının ailədəki statusuna yanaşması kifayət qədər aydındır.

المرأة سيّدة بيتها

“Evin böyüyü evin qadınıdır”(1)  – bunu Peyğəmbəri-Əkrəm (s) deyir. Qadının ailədəki statusu məsum imamların (ə) müxtəlif deyimlərində də əksini tapıb:

المرأة ريحانة و ليست بقهرمانة

“Qadın güldür, o, qəhrəman deyil!”(2)

Ərəb təbiri ilə “qəhrəman” dedikdə işləri idarə edən şəxs, hörmətli bir xidmətçi nəzərdə tutulur. Buyurulur ki, evdə qadın qəhrəman deyil, güldür. Evin gülüdür. Kişilərə müraciətlə deyilir: “Sizlərdən ən yaxşısı o kəsdir ki, xanımı ilə ən gözəl şəkildə davranır”. İslamın yanaşması budur və bu deyimlərdən nə qədər istəsən, var. Lakin eyni zamanda İslamın nəzərdə tutduqlarının ailədə gerçəkləşməsi elə bir məsələdir ki, yalnız yuxarıdakı deyimlərlə tamamlana, həll oluna bilməz. Bunun üçün müəyyən hüquqi bazaya, qeyd etdiklərimin praktikada icra edilməsinə və icrasına  zəmanətə ehtiyac var. Bax bu işləri görmək lazımdır. Ötən illər ərzində bu işlər görülməyib. Dindar ailələr, gözəl əxlaqlı, şəriətə əməl etməyə çalışan kişilər müəyyən şeyləri nəzərə alıblar. Bu xüsusiyyətlərin mövcud olmadığı situasiyalarda isə lazımi şərtlər nəzərə alınmayıb, ailədə qadına zülm edilib.

Əlbəttə, elə düşünmək lazım deyil ki, qərblilər bu məsələdə bizdən irəlidədirlər. Əsla! Mənim bir çox statistikalar haqqında məlumatım var, möhtərəm xanımlardan biri də bəzi rəqəmləri burada qeyd etdi. Qadınların zülmə məruz qalması, hüquqlarının pozulması baxımından Qərb ailələrinin vəziyyəti müsəlman, İran və Şərq ailələrindən, sözsüz ki, daha pisdir; pis deyilsə, yaxşı da deyil. Bəzi hallarda isə, mütləqdir ki, pisdir. Biz gözümüzü onlara dikməmişik, onlar bizim üçün nümunə deyil. Bizim ailələrimizdə çatışmazlıqlar çoxdur; qanuni bazaya, qanuni zəmanətə, qanunların icrası üçün zəmanətə ehtiyac var və bütün bunlar reallaşmalıdır. Bu, elə bir sferadır ki, ölkəmizdə bu sahədə az işlər görülüb və hələ görüləsi çox işlər var.

İslamın məsələyə yanaşması, problemin dini mənbələrdəki çözümü baxımından heç bir boşluq yoxdur. Bəzən İslam təfəkkürünü tənqid edən şəxslərin qadın məsələsi ilə bağlı miras, diyə və bu kimi şeylərə irad tutduğunu görürük. Bunlar haqlı iradlar deyil. Onların güclü və məntiqi cavabları var. Ailədaxili münasibətlərə gəlincə isə, təəssüflər olsun ki, əksər hallarda bu məsələyə etinasız yanaşılır. Halbuki İslamın məsələyə yanaşması tamamilə şəffaf və aydındır. Ailə qadın üçün etibarlı, qürurunun qorunduğu, mənəvi cəhətdən özünü tam sakit hiss etdiyi bir mühit olmalıdır ki, o, əsas vəzifəsini – ailənin qorunub saxlanması işini ən yüksək səviyyədə icra edə bilsin.

İslamın qadına yanaşması ilə bağlı çox sözlər deyilib, mən özüm də dəfələrlə bu barədə danışmışam. Dəfələrlə qeyd etmişəm ki, Quranda Allahın razı qaldığı, imanlı insana, eləcə də kafir, Tanrı dərgahında qəbul olunmayan insana nümunə kimi, qadın qeyd olunub. Bu, maraqlı bir şeydir. Quran yaxşı və pis insanlara nümunə gətirmək istədikdə hər iki halda qadınları seçir:

ضرب اللَّه مثلا للّذين كفروا امرأة نوح و امرأة لوط

“Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi”. (“Təhrim” surəsi, ayə 10)

Quran pis qadınlara misal olaraq, yəni pis qadınların nümunəsi və simvolu kimi, iki qadının adını çəkir: Nuhun xanımı və Lutun xanımı. Ardınca tam tərsini deyir:

و ضرب اللَّه مثلا للّذين امنوا امرأة فرعون

“Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi”. (“Təhrim” surəsi, ayə 11)

Yaxşı qadınlara, başqalarından yüksəkdə duran, imanlı qadınlara nümunə olaraq iki nəfəri təqdim edir: onlardan biri Fironun xanımı, digəri isə Həzrət Məryəmdir.

و مريم ابنت عمران الّتى احصنت فرجها

“(Allah mömin qadınlara) həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi”. (“Təhrim” surəsi, ayə 12)

Maraqlı burasıdır ki, bu 4 qadının yaxşılığı və pisliyi ailə mühiti ilə bağlıdır. Pis hesab etdiyi həmin iki qadın haqqında buyurur:

كانتا تحت عبدين من عبادنا صالحين فخانتاهما

“Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər ...” (“Təhrim” surəsi, ayə 10)

Bu iki qadın yüksək şənə, ali məqama malik peyğəmbərlər olan ərlərinə xəyanət ediblər. Söhbət ailə problemindən gedir. O biri iki qadının məsələsi də ailə ilə bağlıdır. Birincisinin – Fironun xanımının dəyəri və əhəmiyyəti bundadır ki, o, ulul-əzm peyğəmbərlərdən birini – Musanı qucağında böyüdür, ona iman gətirir və yardım edir. Buna görə də Firon ondan intiqam alır. Burada da qadının gördüyü əzəmətli işin – Musanın tərbiyə olunması işinin təsiri ilə ailə problemi ortaya çıxır. Həzrət Məryəmin timsalında da eyni məqam müşahidə olunur:

الّتى احصنت فرجها

– namusunu qorudu, iffətini qorudu. Bu onu göstərir ki, Həzrət Məryəmin çevrəsində onun iffətini, namusunu təhdid edə biləcək faktorlar olub və o, bunlara qarşı mübarizə aparmağı bacarıb. Bütün bunlar Quranın qeyd etdiyim mühüm aspektlərə: ailə münasibətlərinə və qadının cəmiyyətdəki statusuna diqqət yetirdiyini göstərir. Odur ki bunlar əhəmiyyətli məsələlərdir.

Əlbəttə, biz İslam Respublikası olaraq bu sahədə müəyyən irəliləyişlərə nail olmuşuq. Mən məsələlərə daim optimist yanaşıram. İslam İnqilabının qələbəsindən öncəki vəziyyətin də öz gözlərimlə şahidi olmuşam. O zaman ölkəmizin, cəmiyyətimizin, qadınlarımızın vəziyyəti və üz tutduğu istiqamət son dərəcə qorxunc və təhlükəli idi. Ölkədə hər bir şey təqdlidçi xarakter aldığına görə bəzən qadınlarımızın zahiri görünüşü şəkillərdə gördüyümüz, haqqında oxuduğumuz, yaxud eşidib məlumat aldığımız Avropa qadınlarından da pis idi! Belə bir vəziyyəti yayır, təbliğ edirdilər. Əlbəttə, İran qadını təbiətində qoyulmuş iman gövhəri sayəsində bu dağıdıcı dalğaya qalib gələ bildi; həm özünün bilavasitə iştirakı, həm də kişiləri ruhlandırması ilə İslam İnqilabında önəmli rol oynadı. Bununla da İslam İnqilabının başlıca dayaqlarından biri oldu. İnqilabdan sonra da qadınlarımız fövqəladə bir hərəkata imza atdılar.

Bir şeyi də qeyd etməliyəm ki, Haqq yolu mücahidlərinin, mübariz əsgər və komandanların həyat yoldaşları və anaları, həqiqətən, səbir və müqavimət simvoludurlar. İnsan onların həyat tarixçəsini oxuyanda, əzab-əziyyətləri ilə tanış olanda bu qadınların, bu anaların nələr çəkdiyini görür. Əlbəttə, inqilabdan öncə mübarizə aparan insanların həyat yoldaşları da çətinliklər, əzab-əziyyətlərlə üzləşiblər, o zaman da belə qadınlara rast gəlinib, lakin fədakar xanımların mükəmməl nümunələri Müqəddəs Müdafiənin tarixində ortaya çıxıb. Onlar övladlarını cəbhələrə göndəriblər; o balaların çoxu şəhid olub, əlil olub, lakin səbir və dözüm simvolu olan bu qadınlar dağ kimi möhkəm durublar. Qeyd etdiklərim mənəvi-insani sfera ilə bağlı idi. Siyasi və elmi sferada da ölkəmizin qadınları, şükürlər olsun, fövqəladə irəliləyişlər ediblər. Elmin müxtəlif sahələrində – həm universitetlərdə, həm də teoloji mərkəzlərdə – çoxlu sayda xanım tədqiqatçıların, professorların elmi fəaliyyətlə məşğul olması İslam Respublikasının uğurunun göstəricisidir (elə sizlər – burada iştirak edən möhtərəm xanımlar da onlara nümunəsiniz). Mənim yanaşma tərzim budur. Belə bir yanaşma tərzi insanı gələcəyə ruhlandırır. İnşallah, biz bu sürət tempi ilə irəli getməkdə davam etsək, heç şübhəsiz, dünyada geniş yayılmış yanlış Qərb mədəniyyətinə qalib gələ biləcəyik. İşləmək, çalışmaq, önəmli məsələlərlə məşğul olmaq lazımdır. Biz gələcəyə optimist yanaşırıq, lakin bu optimizm zəif cəhətlərimizi görməyimizə mane olmamalıdır. Biz müəyyən dərəcədə irəliyə gedə bilmişik, lakin bundan da on dəfə artıq irəliləyə bilərdik. Buna mane olan da elə zəif cəhətlərimiz, mövcud olan problemlərimizdir. Siz onlardan bəzilərini burada qeyd etdiniz; başqa problemlər də var ki, aradan qaldırılmalıdır. Sonda mən onu demək istəyirəm ki, işin ümdə hissəsi xanımların öz öhdəsinə düşür. Məhz siz bu barədə düşünə, fikir yürüdə, araşdırma apara, problemləri nəzəri-ideoloji səviyyədə həll edə, əməl olunma məqamına gəldikdə isə icra strategiyalarını təqdim edə bilərsiniz. Bu, işimizi xeyli asanlaşdırar, məqsədə doğru yaxınlaşmağımıza yardımçı olar. Əlbəttə, bu iclasda möhtərəm xanımlarımız müəyyən təkliflər də irəli sürdülər; bunlardan bəziləri tamamilə realdır, icra oluna, müvafiq tədbirlər görülə bilər. Bəzilərinin reallaşması üçün isə zəmin yaratmaq mümkündür.

Hər halda, ümidvaram ki, inşallah, ölkəmizin qadın ictimaiyyəti ən uğurlu ictimai kəsimlərdən birinə çevriləcək, Gənc qızlarımız sizin qurub yaratdığınız bu əsaslar üzərində daha böyük addımlar atmağa müvəffəq olacaqlar və biz İslam dininin uca amallarına günü-gündən daha da yaxınlaşacağıq. İnşallah, bugünkü görüşümüz də bu sferada öz bərəkətli nəticələrini verəcək.

Allahın salamı, mərhəməti və bərəkəti nəsibiniz olsun!
____________________________________
(1) “Nəhcül-fəsahə”, s. 614
(2) “Nəhcül-bəlağə”, 31-ci məktub