Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Çox şadam ki, ölkənin bu strateji və dəyərli zonası ilə bugünkü tanışlığımız sizlərlə – bu əhəmiyyətli sənaye və texnologiya kompleksində çalışan əziz qardaş və bacılarımla, həmçinin burada yaşayan əhalinin bir hissəsi ilə görüşümüzlə sonuclandı. Bəli, sənaye müəssisələri ilə tanışlığımız bu görüşlə başa çatır. Sizi – əziz qardaş və bacılarımı görməyə çox şadam.
Sevindirici haldır ki, dəyərli xalqımızın intellektual və elmi inkişafı ölkənin dörd bir yanında, hər bir sahədə və özünəməxsus tərzdə müşahidə olunur. Buşəhr vilayəti bu ölkənin əsl-nəcabətli və qədim vilayətlərindən biridir, buranın əhalisi isə çətin sınaqlardan çıxmışdır. Buşəhrin tarixi ilə tanış olan hər bir şəxs bilir ki, Fars körfəzinin bu uzun sahili boyunca yaşayan insanlar öz ölkəsinə, ölkənin istiqlalına, İran xalqının milli qürur və heysiyyətinə çox xidmətlər ediblər. Tarixin elə bir dövrü var idi ki, Yer kürəsinin bu regionun əhəmiyyətini dərk etmiş təcavüzkar və hegemon imperialistlər zəngin Fars Körfəzi məntəqəsini tamamilə ələ keçirməyi qərar almışdılar. Hindistan yarımadasını o vəziyyətə salan, torpağına ayaq basmaqla oranın camaatına o cür sağalmaz zərbələr vuran, Şimali Afrika və Şərqi Asiyanı da bir başqa cür çapıb-talayan kolonistlər bu regiondan əl çəkmək, tamahını üzmək istəmirdilər. O zamanlar bu uzun sahil boyunca, xüsusilə də Buşəhr və Hormozqan vilayətində yaşayan insanlar çoxlu xidmətlər etdilər, müqavimət göstərdilər, qəhrəmanlıq nümayiş etdirdilər, İran xalqının qürur və mübarizliyini sübuta yetirdilər. Bütün bunlar bu regionun tarixi keçmişinə yazılmış şanlı səhifələrdir və xalqın yaddaşından heç bir zaman silinməyəcək.
Bu gün də başqa bir tarixi etap yaşanır. Beynəlxalq təcavüzkarlar və müstəmləkəçilər dünyanın əlləri çatan hər bir guşəsini ələ keçirmək, xalqların şəxsiyyət və qürurunu məhv etmək bahasına olsa belə, özlərinin qeyri-qanuni maraqlarını təmin etmək niyyətini başqa bir formada güdürlər. Gördüyünüz kimi, bu illər ərzində dünyanın müxtəlif yerlərində, xüsusilə də Fars Körfəzi regionunda həmin ideyanı həyata keçirirlər.
İranda baş verən hadisə dünya imperializminin məqsəd və maraqlarına 180 dərəcə əksdir. Burada xalqa, qəlblərə, imanlara, sevgilərə söykənən bir dövlət qurulub; İslamın, Quranın hədəflərini rəhbər tutan bir dövlət.
و للَّه العزّة و لرسوله و للمؤمنين
“Şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur”. (“Munafiqun” surəsi, ayə 8)
– prinsipini rəhbər tutan bir dövlət. Heç bir təzyiq və məcburiyyətin sarsıda bilməyəcəyi inam və ideologiyaya malik bir dövlət. Belə bir dövlət – İslam dövləti. Yadellilərin tamah və acgözlüyünə qarşı bu mübarizliyin, bu müqavimətin özü dünyanın güc mərkəzlərini özündən çıxarır. 30 ildir ki, onlar öz qəzəblərini müxtəlif formalarda büruzə verirlər, lakin İran xalqının iradəsi sayəsində (bu iradə isə Uca Yaradanın iradəsindən və ilahi vədə əminlikdən güc alır) düşmənlər arzularına çata bilməyiblər və İran xalqı günü-gündən inkişaf, təkamül və yüksəliş meydanlarını fəth edib.
Mən bu ili “İqtisadi cihad” ili elan etmişəm. Bunun mənası odur ki, bu zaman kəsiyində İran xalqının cihadı əsas etibarilə iqtisadiyyat sferasına aiddir. Bu gün biz gəldik, bu məntəqə ilə yaxından tanış olduq. Bu zona istehsala əsaslanan iqtisadi bir zonadır. Hər bir ölkənin iqtisadiyyatı üçün isə davamlı çiçəklənmə və inkişafa səbəb ola biləcək ən mühüm sahə istehsal sahəsidir. Özəlliklə də elmi biliklərə əsaslanan iqtisadi istehsalat. Bu zona məhz belədir – həm iqtisadiyyat, həm istehsal, həm də elm var; elmə əsaslanır. İran xalqına layiq olan da budur. Əgər nə vaxtsa bu regionun və ölkənin müxtəlif yerlərinin əhalisi qarətçi, təcavüzkar dövlətlərin hegemonluğuna, həyasızlığına və acgözlüyünə elə mübarizə aparmalı idilərsə, bu gün o dövlətlərə qarşı mübarizə metodları daha mürəkkəb, daha həssas və müxtəlifdir; mürəkkəb və dərin bir müqavimət hərəkatına ehtiyac var.
Xoşbəxtlikdən, xalqımız cihad və müqavimət mədəniyyəti ilə tanışdır. Cihad hərəkatı bizə yad bir şey deyil. Xalqımız cihad meydanlarında – istər 8 illik Müqəddəs Müdafiə savaşı dövründəki hərbi cihad olsun, istər bu müddət ərzində davam edən siyasi cihad və mübarizə olsun, istərsə də iqtisadiyyat və elm sahələrində etdiyimiz cihadı götürək – sınaqlardan çıxmış bir xalqdır. Biz cihadın nə olduğunu yaxşı bilirik. Bu gün həyata keçirməli olduğumuz cihad – iqtisadi cihad – İran xalqının bu günə qədər etdiyi cihadlardan çətin deyil, amma biz nə etmək istədiyimizi bilməliyik.
İqtisadi cihad sırf iqtisadiyyat sahəsində gərgin əmək və səy deyil. “Cihad” kəlməsinin xüsusi məna yükü var. Hər çalışmaya, hər gərgin işə “cihad” demək olmaz. Cihadda düşmənin varlığı, düşmənlə üz-üzə qalmaq mənası nəzərdə tutulur. Tutaq ki, insan işləyir, çalışır, amma qarşısında bir düşmən yoxdur; bu, cihad deyil. Biri də var ki, siz düşmənlə üz-üzə durduğunuzu bildiyiniz üçün çalışmaq, gərgin surətdə işləmək istəyirsiniz; bax bu, cihaddır. Ola bilər ki, bu cihad bəzən adam öldürmək formasında, bəzən maddi vəsait formasında, bəzən elm, bəzən isə texnologiya formasında olsun – hamısı cihaddır. Cihad və mübarizənin cürbəcvür növləridir. Müasir dilimizdə “cihad” kəlməsinə ekvivalent axtarsaq, bu, “mübarizə” kəlməsidir. “İqtisadi cihad” “iqtisadi mübarizə” deməkdir.
Özü də bu işdə hər kəsin öhdəsinə məsuliyyət düşür. Bu gün bəzilərini burada gördüyümüz imanlı insanların, eləcə də sizin əksəriyyətinizin – belə ki siz də bu sənaye kompleksində çalışırsınız və onların sırasına aidsiniz – gördüyünüz iş cihaddır. İnsan bir işi ilahi niyyətlə görürsə, bu, Allah yolunda cihaddır. İnsan Haqqın sözünü ucaltmaq, İslam ümmətinə, mömin və müsəlman İran xalqına izzət və ehtiram bəxş etmək naminə çalışırsa, bu cihad Allah yolunda cihaddır. Yalnız o zaman bu səy, bu əmək bərəkət və əzəmət kəsb edir, “Allah yolunda cihad” kimi şərəfli bir ad qazanır.
Mənim bu sektorda çalışan bütün əməkdaşlardan, mütəxəssislərdən və fəal kadrlardan (onlara təşəkkür etməklə yanaşı) ciddi istəyim budur ki, gördüyünüz işi Allah yolunda cihad hesab edin. İşdən yorulmayın və bilin ki, Allah Onun yolunda cihad edənlərə qələbə vəd edib. Allah üçün və Allah yolunda hərəkət etsəniz, qələbəyə yetişəcəksiniz. Bu il xalqımızın müxtəlif təbəqələrini təmsil edən bütün insanlar, ölkə rəsmiləri, ölkənin dörd bir yanında, vilayətlərin müxtəlif sferalarında çalışan rəsmilər və sadə xalqın nümayəndələri – hər kəs Allah naminə bu gərgin əmək və səyi qarşıya məqsəd qoymalıdır. Uca Yaradan da işinizə bərəkət verəcək. Uca Yaradan belə bir istiqamətə yönəlmiş səyə, işə, niyyətə və əzmə, hökmən, bərəkət verəcək və yardım edəcək, necə ki bu günə qədər – 32 il ərzində bizdən köməyini əsirgəməyib. Allahın iradəsi olmadan, bir xalqın dünya imperializminə müqavimət göstərməyi mümkün deyildi.
Bəli, qaz yataqları ilə zəngin olan bu regionda bizim şərikimiz var; mən özüm “rəqib” sözünü işlətmək istəmirəm. Diqqət yetirsəniz, görərsiniz ki, İran xalqının tərəqqisini istəməyənlərin hamısı bu xalqın əleyhinə cəmləşiblər, qarşı tərəflə bir araya gəliblər. O tərəfə kömək edirlər və bacardıqları qədər bu tərəfin işinə pəl vurmağa çalışırlar. Cihad və mübarizənin mənasını da məhz bu, özündə əks etdirir: qarşında düşmənin düşmənçiliyini, ədavəti hiss etmək. Bu işdə və bu qəbildən olan işlərdə siz nə qədər irəli getsəniz, düşmən bir o qədər əsəbiləşəcək, narahat olacaq. Əllərindən gəldiyi qədər də işlərimizə pəl vurmağa çalışacaqlar. Bu tərəqqi yolunda sizin nəyə ehtiyacınız olsa, onlar o şeyə diqqət yönəltməyə, sizin onu əldə etməyinizə əngəl olmağa, maneçilik etməyə çalışacaqlar.
Bəs bunun əlacı nədir? Əlacı özünə qayıtmaq və özünə arxalanmaqdır; öz güc və bacarığından yardım gözləməkdir; insanların tükənmək bilməyən, coşub-daşan iradə və istedad çeşməsidir (əlhəmdulillah, əziz İranımızda, camaatımızda, gənc nəslimizdə bu var).
Bu barədə deyiləsi sözlər çoxdur. Bəzi məqamlar haqqında da bu gün zona ilə uzun çəkən tanışlığımız zamanı rəsmilər danışdılar, biz də öz tövsiyələrimizi verdik. Bütün İran xalqına müraciət edərək bir cümlə demək istəyirəm: bu iqtisadi cihadda hamı şərikdir. Bir xalqın iqtisadiyyatının idarə olunmasında isə istehlak önəmli şərtdir – düzgün istehlak, müsbət istehlak, israfçılığa, lüzumsuz sərfiyyata, məhsulun zay edilməsinə yol verməyən istehlak. Bu, daim tövsiyə olunan bir şeydir.
Allah yolunda işləmək, Allah yolunda çalışmaq mədəniyyətinin formalaşdırılması. Siz hətta məktəbdə dərs deyən bir müəllim olsanız da, bu iqtisadi cihadda payınız ola bilər: bu mədəniyyəti gənc nəslə, gələcəyin insan potensialına öyrədə bilərsiniz və bu, sizin iqtisadi cihadınız olar. Hansı sferada çalışmağınızdan asılı olmayaraq, bu cihadda payınız ola bilər.
Ədalətin tərəqqisinə yardımçı olmaq. Yaşadığımız onillik bizim üçün tərəqqi və ədalət onilliyidir. İslam dininə görə, ədalətsiz olan tərəqqi əsla tərəqqi hesab oluna bilməz.
Elə bu Əsələviyə regionunda – bu iki mühüm sosial mərkəzdə: Əsələviyə və Nəxl-e Təqidə – camaatın müəyyən ehtiyacları var. Bu ehtiyacların aradan qaldırılmasına yardım etməyin özü iqtisadi cihaddır; böyük işlər sırasına aiddir. Bu gün biz müxtəlif sektorların rəsmiləri, rəhbər işçiləri ilə bu camaatın cürbəcür problemləri: ekologiya, atmosferin çirklənməsi və s. barədə söhbətlər etdik. İnşallah, bu məsələlərə diqqət yetirilməlidir. Camaatın problemləri həllini tapmalıdır. Bütün bunlar böyük, çoxşaxəli, kompleks bir hərəkat olan iqtisadi cihadın komponentləridir. Bu xalq həmkarlıqla, həmrəyliklə, qardaşlıq hissi ilə, hər bir işi Allah yolunda görmək, Allah naminə çalışmaq duyğusu ilə öz layiqli statusuna yetişə bilər.
İnadkar düşmənlərimiz İran xalqına əllərindən gəldiyi kimi ziyan vurmaq istəyirlər. “Günahımız” isə haqqın tərəfində durmağımız, müstəqil olmaq istəyimiz, düşmənlərin zülm və hegemonluğu qarşısında təslim olmamağımızdır. Onlar öz iradələrini İran xalqına yükləmək, bu xalqa təzyiq göstərmək, zərbə vurmaq istəyirlər. Bu düşmənlərin qarşısında belə bir söz birliyi ilə, belə bir həmrəyliklə, belə bir həmkarlıqla, belə hamılıqla, gərgin çalışmaqla durmaq və onlara qalib gəlmək olar. İran xalqı bu günə qədər düşmənləri üzərində qələbə çaldığı, öz qürur və heysiyyətini qoruduğu kimi, bundan sonra da bunu edəcək.
Mən müxtəlif sahələrə rəhbərlik edən rəsmi şəxslərə – sənaye zonası ilə bugünkü tanışlığımıza əsasən, özəlliklə bu sektorun rəsmilərinə – bunu tövsiyə edirəm ki, tutduqları düzgün kursu: öz gücünə arxalanmaq, başqasına ehtiyac duymamaq kursunu ciddi surətdə davam etdirsinlər. Bilsinlər ki, bu səy və zəhmət Yaradanın diqqətindədir, Allah yolunda cihaddır; ilahi niyyətlədirsə – xalqa, ölkəyə xidmət etmək niyyəti ilahi niyyətlərdən biridir – Uca Yaradan bu cihadı arzulanan nəticəyə çatdıracaq. Bu kursu, bu istiqaməti əldən buraxmasınlar, çalışsınlar, səy göstərsinlər.
Bu gün burada gördüklərim mənim üçün sevindiricidir. Əlbəttə, müəyyən nöqsanlar var; bu barədə düşünmək lazımdır və düşünürlər də. Rəsmilərin nöqsanların aradan qaldırılması haqda düşündüyü hiss olunur. Nöqsanlara baxmayaraq, burada həyata keçirilən işlər olduqca böyük işlərdir. Bu, onu göstərir ki, İran xalqı qarşısına məqsəd qoyduğu hər bir işi həyata keçirə bilər. Bir xalqda bu güc və bacarıq hissinin olması onun üçün ən böyük mənəvi-psixoloji sərmayədir. Xalqımızda isə bu hiss var; buna sübutlar hər bir sahədə müşahidə olunur.
Bu işin elə sferaları var ki, orda elmi tədqiqatlara ehtiyac var. Neft və qaz sektorunda texnologiyadan başqa, mütləq, hüquq və iqtisadiyyat sahələrində də (neft və qaz hüququ, neft və qaz iqtisadiyyatı kimi) işlər görməli, düşünməli, bu sahələrdə elmi araşdırmalar aparmalıyıq. Gənclərimiz bu sahələrdə dəyərli işlər görə biləcək və inşallah, irəli gedəcəklər. Bu sərvət İran xalqına məxsusdur. Qaz sərvətdir, neft sərvətdir, amma istedadlı, işinə maraq göstərən və iş bacarığına malik olan insan potensialı bu sərvətlərdən daha əhəmiyyətlidir. Bu sərvət bizdə var; əsas budur. Bu insan potensialına malik olan hər bir xalq öz təbii resurslarını hasil etməyi və camaatın xidmətinə verməyi bacaracaq. Bu olmasa, təbii sərvətləri də yadlara xidmət edəcək; özündən çox başqalarına xeyir verəcək. Əlhəmdulillah, bizdə bu sərvət – insan potensialı var.
Sevindiricidir ki, ölkədə ümumilikdə əmək, çalışqanlıq, həmrəylik atmosferi hökm sürür. Bu isə keçmişdəki gərgin səylərin bərəkətinin nəticəsidir. Bu gün regionun şəhid ailələrindən bir qrupu da burada iştirak edir. Mütləq, bilməliyik ki, bu gün qazandığımız nailiyyətlər şəhidlərin cihadının, şəhidlərin qanının, şəhidlərin fədakarlığının bərəkəti sayəsindədir; şəhidlərin, əlil və veteranların. Bəziləri müharibə meydanına getdilər, canlarından da keçdilər, Allah yolunda fədakarlıq etməyin əcrini qazandılar. Bəzilərinin isə canını (şükürlər olsun!) Allah qoruyub saxlayıb və onlar İslam İnqilabına, ölkəyə xidmət etməkdədirlər. Məhz bu fədakarlıq, bu mücahidlik bu gün xalqımızı belə bir izzət və məqama, güc və bacarığa çatdırıb, ona belə böyük işləri həyata keçirmək şansı verib.
Uca Yaradana dua edirəm ki, inşallah, İran xalqının nüfuzunu, qüdrətini və tərəqqisini günü-gündən daha da artırsın. Hamımıza mənəvi dəstək olsun ki, bu möhtəşəm, ümummilli işdə payımıza düşən vəzifəni yerinə yetirək və Uca Tanrını özümüzdən razı salaq.
Allahın salamı, mərhəməti və bərəkəti nəsibiniz olsun!