Ali Məqamlı Rəhbərin informasiya bloku

Xubriqan məclisinin üzvləri ilə görüşdə edilən çıxış

Xubriqan məclisinin üzvləri ilə görüşdə edilən çıxış

Mərhəmətli və bağışlayan Allahın adı ilə! 

Əvvəla, sizlərə – dövlətin və hakimiyyətin sütunu olan möhtərəm cənablara təşrif gətirib bu mühüm iclasda iştirak etdiyinizə, müəyyən önəmli məsələləri qeyd etdiyinizə görə təşəkkürümü bildirirəm. İnşallah, Uca Tanrı sizə müvəffəqiyyət nəsib etsin və öhdəmizə düşən vəzifəyə əməl edə bilməyimiz üçün hamımıza dəstək və yardımçı olsun! Yeri gəlmişkən, mərhum cənab Fakirin vəfatı ilə əlaqədar sizlərin hamınıza – əziz qardaşlarıma, mərhumun həmkarlarına başsağlığı verir, İslam dövləti yolunda dəyərli xidmətləri olmuş, qeyrətli, bacarıqlı və çalışqan bir insanı itirdiyimizə görə son dərəcə təəssüfləndiyimi bildirmək istəyirəm. 1963-cü ildə mən Məşhəd şəhərində cənab Fakirlə eyni həbsxanada yatmışam. Onun zindanda çəkdiyi əziyyətlərin,  habelə o illərdən bəri bütün fəaliyyətlərinin şahidi olmuşam.  İnşallah, Tanrı ona öz dərgahında ali məqamlar nəsib etsin!

Dəfələrlə qeyd etdiyimiz kimi, şəriət alimləri, şəriət ekspertləri və onların təmsil olunduğu Xubriqan Məclisi müstəsna əhəmiyyətli bir amildir. Bu qurumun varlığı “İslam respublikası” modelli hakimiyyət rejiminin spesifik cəhətidir. Xubriqan Məclisi adlı-sanlı, xalqın arasında nüfuzu olan, bütün məsələlərdə, xüsusilə də olduqca mühüm əhəmiyyət daşıyan Rəhbərlik və Rəhbər seçimi məsələsində, habelə bununla bağlı digər məsələlərdə xalqın etimadını qazanmış alimləri özündə birləşdirən bir qurum hesab olunur. Şəriət alimlərinin xalq arasındakı bu strateji və böyük təsir gücünə malik olan nüfuzunun uzun illər boyu bərəkətli nəticələri olmuşdur və bu gün də vardır. Alimlər və xalqın etimad bəslədiyi mənəvi-ideoloji liderlər insanların diqqətini İslam İnqilabının həqiqətlərinə yönəltməsəydilər, xalq böyük və taleyüklü hadisələrdə iştirak etməz, mövqeyini nümayiş etdirməzdi. Hazırkı şəraitdə İslam İnqilabının tarixində həqiqətən əzəmətli bir hadisə olan 22 Bəhmən yürüşü və ondan da əvvəl – 9 dey günündə başdan-başa ölkənin dörd-bir yanında xalqın küçə və xiyabanlara çıxıb öz iradəsini ifadə etməsi buna misal ola bilər. Din alimlərinin insanları doğru yola istiqamətləndirmə işindəki rolu təkcə sosial əhəmiyyəti baxımından ikinci dərəcəli rol oynayan, şəxsi məsələlərlə məhdudlaşmır. İrimiqyaslı ictimai məsələlərdə, o cümlədən hakimiyyət, İslam rejimi, bunun üzərində qurulmuş vəzifələrin icrası, dünyada baş verən neqativ proseslərə qarşı müqavimət göstərmək və s. ilə bağlı məsələlərdə insanlara bələdçilik etmək, xalqı düzgün istiqamətə yönəltmək daha əhəmiyyətlidir. Əgər din alimlərinin və ruhani liderlərin cəmiyyətdəki özünəməxsus rolu olmasaydı, heç şübhəsiz, İslam İnqilabı gerçəkləşməz, İslam dövləti meydana gəlməz, yolunda törədilmiş bütün maneələrə rəğmən, İslam İnqilabı və bu rejim qorunub saxlanmazdı. Buna görə də din alimləri, o cümlədən onların içərisindən ən seçilmiş insanların təmsil olunduğu Xubriqan Məclisi cəmiyyətdə gedən proseslərə və cəmiyyətin müqəddəratına ayrılmaz və davamlı təsirə malikdirlər. Bu təsirin nəticəsini isə, Allaha çox şükür, özünüz də görürsünüz.    

İslam dövlətinin əsasında Allaha itaət durur. İslam rejiminin başlıca spesifikası, təməl prinsipi də elə budur. Quran buyurur:

اطيعوا اللَّه و اطيعوا الرّسول

“Allaha və Peyğəmbərə itaət edin!” (“Nisa” surəsi, ayə 59)


Başqa bir ayədə isə Allah Peyğəmbərə (s) xitabən buyurur:

ان كنتم تحبّون اللَّه فاتّبعونى يحببكم اللَّه

“De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin”. (“Ali-İmran” surəsi, ayə 31)


Məhz buna görə də İslam dövlətinin təməlini Uca Yaradana itaət prinsipi təşkil edir.  

Uca Yaradana itaətin bir neçə mərhələsi var. Bunlardan biri konkret situasiyalarda vacib olan itaətdir, belə ki konkret hallarla bağlı olaraq (söhbət fərdi miqyaslı məsələlərdən də gedə bilər) Allah-Təala: “Bu işi görün!”, yaxud “Görməyin!”, – deyə buyurur. Misal üçün, “Namaz qılın, oruc tutun, zəkat verin!” və s. deyir. Bu, Yaradana itaətin elə bir növüdür ki, burada insan Allahın əmr etdiyi və çəkindirdiyi məsələlərə itaət edir. Bundan daha mühüm olanı isə insanların həyatda tutduqları yol baxımından Uca Yaradana itaət etmələridir, yəni insanların bir araya gəldiyi toplumlar Allahın müəyyənləşdirdiyi plan və kurs üzrə yaşamalıdırlar ki, bu plan reallaşsın. Ayrı-ayrı fərdlərin itaəti, ilahi əmrlərə tabe olması ilə bu plan gerçəkləşə bilməz. Bu, tamamilə başqa, daha yüksək əhəmiyyətli bir məsələdir. Tanrının cızdığı planın müsəlman cəmiyyətinin həyatında reallaşması üçün hamılıqla görüləcək, kollektiv işə ehtiyac var. Misal üçün, Məkkədə müsəlmanlar öhdələrinə düşən vacib əməllərə riayət edirdilər, lakin Məkkədəki müsəlman toplumu İslam hökumətinin artıq bərqərar olunduğu Mədinədəki müsəlman toplumundan fərqlənirdi. Belə bir vəziyyətdə Məkkədə yeni istiqamətdə iş aparıldı, fərdi miqyaslı şəri əməllərlə məhdudlaşmayan bir fəaliyyətə başlanıldı və bu, vacib idi. Hansı cəmiyyətdə bu reallaşarsa, o zaman:

لأكلوا من فوقهم و من تحت ارجلهم

–  həyat gözəlləşər, insanlar səadətə qovuşar, Allahın əmrlərinə itaətin bərəkətli təsiri və nəticələri insanların həyatına da sirayət edər.1

İslam rejimi insanlara səadət və xoşbəxtlik bəxş edir. İslam rejimi Allah tərəfindən cəmiyyət üçün cızılmış plana əsaslanır, ilahi plan üzərində qurulur. Bu plan reallaşarsa, şəxsi miqyaslı, kiçik xəta və yanlışlıqlar da get-gedə öz həllini tapar. Hədisi-qüdsilərdən birini nəql edən məşhur rəvayətdə deyilir ki, Allah-Təala belə buyurmuşdur:

لأعذّبنّ كلّ رعيّة اطاعت اماما جائرا ليس من اللَّه و لو كانت الرّعيّة فى اعمالها برّة تقيّة

“Müsəlman cəmiyyəti içərisində Mənim bəyənmədiyim, zülmkar başçının rəhbərliyini qəbul edən toplum əzaba düçar olacaq, hərçənd həmin insanlar özləri yaxşı camaat olsalar belə!”
 

Hədisin ardında isə bunun tam əksinə olan bir vəziyyət qeyd olunur:

و لأعفونّ عن كلّ رعيّة اطاعت اماما عادلا من اللَّه و ان كانت الرّعيّة فى اعمالها ظالمة مسيئة

“Allahın bəyəndiyi, layiqli bir rəhbəri özünə başçı seçən toplum Tanrının diqqətinə və mərhəmətinə layiq görüləcək, hərçənd bu insanlar fərdi davranışlarında zülm və xətaya yol vermiş olsalar belə!”  

Yəni ümumilikdə düzgün istiqamətə yönəlmiş böyük bir ictimai rejim daxilində fərdi miqyaslı xətalar, yanlış davranışlar ola bilər; daha dəqiq desək, bunların islah edilməsi mümkündür. Belə bir ictimai sistem son nəticədə cəmiyyəti, fərdləri arzulanan məqsədə çatdıra bilər. Halbuki əgər əksinə olsa, yəni ayrı-ayrı fərdlərin əməlləri düzgün olduğu halda ictimai münasibətlər, sosial qayda-qanunlar yanlış olsa, Tanrı tərəfindən deyil, şeytan tərəfindən tənzimlənmiş, nəfsə tabe edilmiş olsa, fərdi miqyaslı əməllər, ayrı-ayrı şəxslərin düzgün davranışları belə bir toplumu məqsədə çatdıra bilməz. Ümumilikdə düzgün istiqamətə yönəlməmiş bir cəmiyyətdə dinin, ilahi qanunların bəşəriyyətin səadət və xoşbəxtliyi üçün müəyyən etdiyi şərait qurula bilməz. Buna görə də geniş miqyaslı itaət məsələsi, insanın özünün bütün əməlləri və ümumilikdə həyatı üçün Yaradanın müəyyən etdiyi ümumi kursu axtarıb-araşdırması, üzə çıxarması və ona riayət etməsi olduqca böyük əhəmiyyət kəsb edir.

İslam rejimi vahid və yeganə olan Allaha imana əsaslanır. Onun başlıca təməli tovhid – təkallahlılıq əqidəsidir. Digər mühüm daşıyıcı sütunları isə ədalət, insan məfhumunun uca tutulması, insana, onun rəyinə yüksək dəyər verilməsi prinsipləridir. Biz ölkəmizdə formalaşdırdığımız müsəlman cəmiyyətinə məhz bu aspektdən yanaşsaq, görərik ki, müsəlman dünyasının spesifik toplumu içərisində İslam dövləti olduqca əzəmətli bir hərəkatı gerçəkləşdirməyə müvəffəq olub və bu, fərdi miqyaslı fəaliyyət nəticəsində heç bir zaman mümkün ola bilməzdi. Bu gün biz İslam dünyasına nəzər saldıqda Tanrının müəyyən etdiyi formada, ilahi plana əsasən qurulmuş dövlət quruluşunun məhz İran İslam Respublikası olduğunu görürük.

İran İslam Respublikasının əsasında ilahi prinsip və dəyərlər durur. Əlbəttə, müəyyən nöqsanlar, zəif cəhətlər var. Onları aradan qaldırmaq, yoluna qoymaq, islah etmək əzmində olmaq lazımdır. Bu, relslər üzərində mənzil başına doğru irəliləyən qatarın hərəkətinə bənzəyir. Aydındır ki, həmin qatarın içərisində öhdəsinə düşən vəzifəyə lazımınca əməl edən və etməyən insanlar var. Bəziləri döşəməni çirkləndirir, yeri zibilləyirlər, bəziləri məsuliyyətlidirlər, davranışlarına diqqət edirlər, bəziləri isə yox. Bütün bunlara baxmayaraq, qatar hədəfinə doğru irəliləyir və heç şübhəsiz, mənzil başına çatacaq.

Cəmiyyətdəki xırda problemləri yoluna qoymaq mümkündür. “Xırda” dedikdə bu məsələlərin əhəmiyyətsiz olduğunu bildirmək istəmirik. Xeyr, bunlar əhəmiyyətli məsələlərdir, lakin ayrı-ayrı fərdlərə aid olan, şəxsi, belə desək, cüzi problemlərdir; yoluna qoyula bilər. Əsas odur ki, cəmiyyətdəki nizam-intizamı, qayda-qanunu qoruyub saxlaya bilək. İslam Respublikası ilk gündən bu günə qədər məhz bunun üçün çalışıb: İslam dövlətini, bu rejimin əsasında duran, onu digər quruluşlardan fərqləndirən prinsipləri, sərhəd və meyarları qorumağa səy göstərib.

Bizim başqaları ilə bir sıra oxşar, müştərək cəhətlərimiz var. Lakin bu rejimin əsas mahiyyəti, yəni Uca Yaradana itaət və Allahın qoyduğu yol ilə getmək prinsipi qorunub saxlanmalıdır. Dövlətimizin əsas və əməli səyləri elə ilk başlanğıcdan bu istiqamətə yönəlib – rejimə müxalif olan, Allahın hökmünə və dininə əsaslanan bu hərəkatın əleyhinə çıxan şəxsləri qəbul etməməli! Nəyə görə qəbul etməməli? Gəlin görək bu rejimin əleyhinə çıxan kimlərdir? Bəziləri İslam dövlətinin mahiyyətinə diqqətlə, analitik bir nəzər salaraq bu rejimin maddi əsaslar üzərində qurulmuş rejimlərin əleyhinə olduğunu anlayıblar və məhz bu səbəbdən ona qarşı çıxırlar. Bəziləri isə bu dövlətin dünya ictimaiyyətinə açıq-aşkar təsirini görərək ona müxalif mövqe tuturlar. Vaxtilə İmam Xomeyni: “Hizbullahın – Allahın partiyasının mərkəzləri bütün İslam dünyasında təşkil olunmalıdır”, – deyə buyurmuşdu.  Bu gün həmin mərkəzlərin təşkil olunduğunu görürlər; qəlblərin İslama doğru meylləndiyini görürlər. İslam dünyasının əksər nöqtələrində ayrı-ayrı müsəlmanların öz müsəlman kimliyini və heysiyyətini dərk etdiyini görürlər. Bu isə onların maddi mənafeyini təhdid altında qoyur.

Əlbəttə ki, onlar prosesin öz mənşəyini buradan götürdüyünü yaxşı başa düşürlər. Elə buna görə də İslam Respublikasının əleyhinə çıxır, ona qarşı mübarizə aparırlar. Doğrudan da, Yer üzündə bu qədər şiddətli müxalifətlə üzləşən, imperialist blokunun belə əlbir surətdə əleyhinə mübarizə apardığı ikinci bir dövlət tapmaq mümkün deyil. İnqilabın əvvəllərindən bu günün özünə qədər bu proses davam edir. Ona görə də biz rejimin daha da möhkəmlənməsi və qorunub saxlanması üçün əzm nümayiş etdirməliyik. Dövlətimizin əsasları, rejimin başlıca prinsipləri dəqiq müəyyən olunub – məlumdur. Hamımız bu prinsiplərə uyğun hərəkət etməliyik. Həmin əsasların daha da möhkəmlənməsi üçün çalışmalı, hərəkət etməli, lazımi addımlar atmalı, təşəbbüs göstərməliyik.        

Olduqca mühüm əhəmiyyət daşıyan məsələlərdən biri də xalqın ölkədə gedən ictimai-siyasi proseslərdə iştirakı və rolu, bunun ən ümdə təzahürü isə seçkilərdir. Buna görə də İslam Respublikası rejimində seçki formal – gözdən pərdə asmaq xarakteri daşımayan, real bir məsələdir. Biz seçkiləri kimi isə təqlid etmək üçün keçirmirik. “Başqaları demokratiya adı ilə seçki keçirdiyinə görə bizdə də seçkilər olmalıdır”, – deyə buna can atmırıq. Xeyr, seçki xalqın rəyinin, kütlənin razılığının iqtidara nüfuz etməsini təmin etmək üçün həyata keçirilən real bir prosesdir. Əmirəl-möminin Əli (ə) Malik Əştərə verdiyi məşhur fərmanında buyurur: “Ümumi kütlənin razılığını elit təbəqənin narazılığından üstün tut! Sadə xalqın razılığını qazanmaq naminə çalış və bu işdə elitanın qəzəbi ilə qarşılaşacağından qorxma!”

Biz xalqın nə dediyinə, nə istədiyinə diqqət yetirməliyik. Xalqın ictimai-siyasi proseslərdə iştirakının bərəkətli nəticələri var. Bu bərəkətli nəticələrdən biri odur ki, düşmənlər ölkəmizə nəzər saldıqda xalqın hakim rejimin arxasında durduğunu görürlər. Hiss edirlər ki, bu dövlətə qarşı mübarizə aparmaq mümkün deyil, çünki bütöv bir xalqa qarşı mübarizə aparmaq olmaz. Hər hansı bir rejimi cürbəcür təzyiqlər, iqtisadi sanksiyalar, təbliğat işləri və ideoloji müharibə ilə zəiflətmək, çökdürmək mümkündür. Lakin iqtidarın kökü xalqa dayanırsa, hakim rejim və dövlət rəsmiləri xalqla sıx bağlıdırlarsa, bu halda düşmənin işi çətinləşir. Düşmənin necə çətinə düşdüyünü özünüz də müşahidə edirsiniz.     

İnqilabın əvvəlindən bu günə qədər İslam dövlətinə qarşı aparılan ədavət günü-gündən daha da genişlənib, dərinləşib, mürəkkəbləşib. Lakin paralel olaraq, düşmənin İslam İnqilabını məğlub etmək ümidi də get-gedə azalıb. Əgər İslam Respublikası rejiminin düşmənləri 20-30 il əvvəl bu dövləti sarsıtmaq, çökdürmək, yaxud ən azından, irəliyə doğru hərəkətinə davam edə bilməyəcək qədər zəiflətmək ümidi ilə yaşayırdılarsa, bu gün onlar bu ümiddən məhrumdurlar. Bunu onların danışdığı sözlərdən, atdıqları addımlardan da anlamaq olur. Davranışları onları açıq-aşkar ələ verir. Odur ki, xalqın ölkədə gedən ictimai-siyasi proseslərdə iştirakı olduqca önəmli bir məsələdir. Xalqın bu proseslərdə iştirakının ən mühüm göstəricilərindən biri isə seçkilərdir.

Seçkidən sonra baş vermiş fitnə-fəsad və iğtişaşlara gəlincə, həmin xoşagəlməz olayların əsas mahiyyəti bundan ibarətdir ki, bir qrup insan xalqın rəyini, xalqın iştirakını inkar etdi, zərbə altında qoydu, hazırkı iqtidar “qeyri-legitim” adlandırıldı, ittiham olundu. Yol verilmiş ən böyük günah bu idi. Halbuki bu insanlar seçkinin nəticəsinə hörmətlə yanaşmalı, qanuna təslim olmalı idilər. Biz düşünürük ki, İslam dininin seçki məsələsi ilə bağlı ortaya qoyduğu  mötəbər meyarlar və göstəricilər var və mən onlardan bəzilərini az sonra qeyd edəcəyəm. Seçkilər İslamda mövcud olan bu meyarlara cavab verirsə, qanun qarşısında, qanunun ədalətli mühakiməsi qarşısında təslim olmaq lazımdır. Eynilə qanunun müəyyən etdiyi hakimin qarşısında da təslim olmaq vacibdir. Qanun seçki kimi mühüm bir məsələdə kimi isə hakim seçibsə, yaxud müəyyən mühakimə metodu müəyyən edibsə, ürəyimizcə olmasa belə, bunu qəbul etməliyik. Bax bu, əsl sağlam seçki olar! 

Qeyd etdiyimiz formada – İslam dövləti üçün qanuni və mötəbər sayılacaq formada baş tutan sağlam seçkilər məhz aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: birincisi, seçkidə xalqın rəyinə, qərarına və seçiminə hörmətlə yanaşılmalıdır. Sizə deyim ki, bu gün periodik olaraq seçkilərin baş tutduğu, demokratiyanı özü üçün bayraq etmiş “demokratik” dünyada heç də ümumi kütlənin rəyi nəzərə alınmır. Həmin ölkələrdə seçkilər formal xarakter daşıyan bir məsələdir. Həqiqətən də, əksər hallarda məhz bu cür olur. Amerikada da, dünyanın adlı-sanlı demokratik dövlətlərində də belədir. Namizədliyini irəli sürən, seçkidə rəqabət aparan şəxslərin arxasında cürbəcür bloklara aid olan partiyalar, yəni ayrı-ayrı sərmayədarlar, şirkət sahibləri, maliyyə oliqarxları, nəhəng kapital mafiyaları durur. Bütün işləri yoluna qoyan bunlardır. Azdırıcı təbliğatdan, cürbəcür metodlardan istifadə edərək xalqın rəyini istədiyi istiqamətə yönəldən bunlardır.  Reallıqda, mübarizə xalqın verdiyi səslər arasında deyil, nəhəng şirkətlərin sahibləri arasında gedir. Xalqın səsverməsi gözdən pərdə asmaq məqsədi daşıyır. Əslində, həmin ölkələrdə demokratik hökumət “azlığın hakimiyyəti” deməkdir. Bir ovuc elitanın hakimiyyəti deməkdir. O elita ki, bu statusu, bu imtiyazı özünün nəhəng maliyyə imkanları sayəsində qazanıb. Siyasət aləmini də idarə edən bunlardır.

İslam Respublikasında keçirilən seçkilər isə belə deyil. Burada qərar verən, seçim edən yalnız xalqdır. Bu seçim zaman-zaman doğru və ya yanlış ola bilər – söhbət bundan getmir – lakin son qərarı verən xalqın özüdür. Xalqın verdiyi səslərin arxasında dolayısı ilə hakimiyyət və sərvət mafiyaları gizlənmir. Bu seçkilərdə, doğrudan da, xalqın rəyinə, xalqın seçiminə hörmət qoyulur. Bu seçimin qarşısında təslim olmaq lazımdır. Bu çox mühüm bir məsələdir.

Seçki və seçkinin əhəmiyyəti ilə bağlı digər önəmli məqam isə sağlam rəqabət, seçki ilə əlaqədar xalq arasında yaranan canlanmadır. Seçki insanları qərar vermək, proseslərdən kənarda qalmamaq məsuliyyətini hiss etməyə vadar edir. Əhali arasında seçki ilə bağlı yaranan canlanma dövlətin damarlarına yeni bir qan kimi axıb, ona yeni ruh bəxş edir. Seçkinin ən müsbət cəhətlərindən biri budur ki, o, durğunluğun qarşısını alır, dövlət administrasiyasında dəyişikliklərin yaranmasına səbəb olur. Hər hansı bir ictimai quruluşun uzunömürlü olmasının ən yaxşı metodu səbatını qoruyub saxlamaqla yanaşı, dəyişikliklərə də önəm verməkdir. Durğunluq mənfi, səbat isə müsbət bir haldır. Səbat deyərkən mən dövlətin möhkəmliyini, sarsılmazlığını nəzərdə tuturam – yəni bu çərçivə, bu prinsiplər olduğu kimi qorunub saxlanmalı, möhkəm və sarsılmaz olmalıdır. Eyni zamanda bu çərçivənin daxilində dəyişikliklər, islahatlar, sağlam seçki marafonları və rəqabətlər həyata keçirilməlidir. “Dövlət” adlı gəminin fırtınalı dənizlərdə təhlükəsiz üzə bilməsi üçün ən gözəl metod budur.

و هى تجرى بهم فى موج كالجبال

“Və həmin gəmi onları dağlara bənzər dalğaların arasında aparırdı”. (“Hud” surəsi, ayə 42)

Bu sözlər Nuhun gəmisi haqda deyilir. Gəmi cürbəcür dalğaların arası ilə irəliləyir, lakin bu qorxunc dalğalar onun səbatını, möhkəmliyini əlindən ala bilmir. Bu səbat, bu sarsılmazlıq vacibdir. Sözsüz ki, bu səbatın daxilində, bu çərçivənin içərisində dəyişikliklər labüddür.

Buna görə də bütün dəyişiklik və islahatlar dövlətin başlıca prinsipləri çərçivəsində həyata keçirilməlidir. Seçki marafonuna qoşulan namizədlərdən hansısa bu çərçivələri qırmaq istəsə, dövlətin qoyduğu qayda-qanunları aşmış, seçki qaydalarından kənara çıxmış olsa, bu artıq yanlış bir hərəkətdir. Hər şey dövlətin başlıca prinsipləri çərçivəsində olmalıdır. Bu çərçivələr dəyişilməzdir.

Seçkiyə qatılan namizədlər dövlətin düşmənləri, rejimə müxalif olan qüvvələrlə öz aralarındakı sərhədləri açıq-aşkar müəyyən etməlidirlər. Bu da çox vacib olan məsələlərdən biridir. Namizədlər arasında müəyyən ictimai, yaxud iqtisadi məsələlərlə bağlı fikir ayrılığı ola bilər. Bunun heç bir eybi yoxdur, qoy hər biri öz fikrini desin! Lakin hakim rejimə müxalif olan fikirlərə qarşı öz mövqelərini açıq-aydın şəkildə ortaya qoymalı, rejimin əleyhdarları ilə öz aralarındakı sərhədləri dəqiq müəyyənləşdirməlidirlər. Bu, çox vacibdir.        

Biz hər kəsin öz mövqeyini, öz sərhədlərini açıq-aşkar ortaya qoyması məsələsini dəfələrlə vurğulamışıq. Bunu ona görə etmişik ki, namizədlərin mövqeyi bəlli olmasa, dost-düşmənlə aralarındakı sərhəd dəqiq müəyyənləşdirilməsə, bu, xalqı çaşqınlığa gətirib çıxara bilər. Bu, eynilə ölkələrin sərhədlərinə bənzəyir. Ölkənin sərhədləri dəqiqləşdirilməsə, müəyyən şəxslər kimliyi müəyyən olunmadan, xəyanət məqsədilə ölkəyə daxil ola bilər, yaxud bəziləri özləri də bilmədən sərhəddən kənara çıxarlar. Ona görə də sərhədlərin dəqiq müəyyənləşdirilməsinin əhəmiyyətini xüsusi vurğulamaq vacibdir. Seçkidə bu sərhədlərə riayət etməyən şəxslərin açıq-aşkar səhvi budur ki, onlar xalqı əziyyətə salır, çaşqınlığa düçar edirlər. Dövlətlə onun əleyhdarları, düşmənləri arasındakı ayırıcı xətlər dəqiq müəyyənləşdirilməli, bu sərhədlər rəhbər tutulmaqla rejimin düşmənlərinə qarşı nifrət və etiraz bildirilməlidir.

Sözsüz ki, seçkilərdə dövlətin, ölkənin mənafeyi və maraqları ayrı-ayrı siyasi partiyaların, cinahların  və şəxsiyyətlərin maraq və mənafeyindən üstün tutulmalı, səsləndirilən rəy və fikirlər tam aydın, şəffaf olmalıdır. Kimin nə istədiyi məlum olmalıdır. Seçki məhz bu şərtlər daxilində baş tutarsa, heç şübhəsiz, dövlətin maraqlarına, ölkənin tərəqqisinə və xalqın mənafeyinə xidmət etmiş olar, hakim rejimin canlılığını və dinamikliyini qoruyub saxlayaraq onu irəli aparar.

Qeyd etmək istəyirəm ki, bu gün, xoşbəxtlikdən, ölkəmizdə hakim rejimin ümumi vəziyyəti keçmişdəkinə nisbətən heç də geriləməyib. Əksinə, bir çox məqamlarda dəfələrlə yaxşılaşıb. Buna diqqət yetirmək lazımdır. Bu heç də boş fantaziya və arzular deyil. Mən bunu reallığı nəzərə alaraq deyirəm.

Bir anlıq düşünün: bu gün nə dahi İmam Xomeyninin (r.ə) ilıq nəfəsi bizim üzərimizdədir, nə də xalqı həyəcana və təbii ki, hərəkətə gətirib coşduran müharibəni yaşayırıq. İslam İnqilabının qələbəsindən 31 il uzaqlaşmışıq. Lakin özünüz də görürsünüz ki, bu xalqın gənclərinin əksəriyyəti müxtəlif meydanlarda saf niyyətlə, layiqincə özlərini təsdiq edirlər. Yaşlılar öz yerində, lakin mən gəncləri ona görə vurğulayıram ki, onlar mənəvi-əxlaqi, ideoloji təhlükələrin, cürbəcür azğınlıqların hədəfinə hamıdan çox çevrilirlər. Universitetlərdə də, universitetlərdən kənarda da, müxtəlif ictimai sferalarda da gənclərimizin bu iştirakı müşahidə olunur.

Gənclər, bir qayda olaraq, ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdə iştirak edirlər. 22 Bəhmən günü siz bu fakta misilsiz bir nümunənin şahidi oldunuz. Televiziya ekranlarından gördüyümüz, nümayişləri yaxından seyr etmiş insanlardan eşitdiyimiz kimi, istər Tehranda, istərsə də qalan şəhərlərdə nümayiş iştirakçılarının əksəriyyətini gənclər təşkil etmişlər. O nəhəng izdihamın böyük əksəriyyəti gənclərdən ibarət olub. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, xalq özündə məsuliyyət hiss edir, meydanlara çıxır. İnqilabın qələbəsindən 31 il ötdükdən sonra xalqda, xüsusilə də gənclərdə belə bir məsuliyyət hissinin olması çox böyük bir hadisədir; möhtəşəm bir faktdır.

Nəyə görə bu il 22 Bəhmən nümayişlərində insanlar ötən ilkinə nisbətən daha emosional və izdihamlı iştirak etdilər? Ona görə ki, xalqımız təhlükə hiss etmişdi. Kimlərinsə seçkilər və seçkidən sonrakı hadisələr bəhanəsi ilə dövlətin əsaslarına zərbə vurduğunu, hökumətə qarşı çıxdığını, İslam rejiminə əl uzatdığını anlamışdı. Onların davranışlarının ən təhlükəli tərəfi bu idi ki, dildə İmam Xomeyninin, İslam İnqilabının və İslam dövlətinin adını tuturdular, sözləri, əməlləri, atdıqları addımlar, qızışdırdıqları provokasiyalar isə inqilaba, inqilabın kursuna və hədəflərinə tamamilə zidd idi. Xalq bunu hiss etdi. Xalqın bunu dərk etməsi onun yüksək səviyyəli uzaqgörənliyindən irəli gəlir və bu, çox mühümdür. Təhlükəni hiss etmiş xalqın bu şəkildə meydanlara atılıb öz varlığını elan etməsi isə onun yüksək əzm və iradəsini nümayiş etdirir. Bu da olduqca əhəmiyyətli bir məsələdir. Biz bütün bunları görməli, qiymətləndirməli, nədən irəli gəldiyini bilməliyik. Bilməliyik ki, bütün bunlar xalqımızın dindarlığından irəli gəlir. Bütün bunların əsas amili İslam dövlətində başlıca meyar olan Uca Tanrıya itaət prinsipidir. Mənə elə gəlir ki, ən əsas məsələ də elə budur.

Bu gün biz güclülərin dünyasında böyük bir düşmənçilik cəbhəsi ilə qarşı-qarşıyayıq. Bu, beynəlxalq güc, maliyyə və iqtisadiyyat mərkəzlərində formalaşmış, əksəriyyət etibarilə, sionistlərin və nəhəng kapitalistlərin əlində cəmləşmiş bir cəbhədir. Bu cəbhə İslam dövlətinə qarşı bütün vasitələrdən istifadə edir və təəssüflər olsun ki, ölkəmizin daxilində də bəziləri onların səsinə səs verir. Onların etimadını qazanır, sözlərini təkrarlayır, İslam dövlətinə zərbə vura bilmələri üçün onlara siyasi ötürmələr edir, dəstək olurlar. Çox təəssüf ki, belə bir hal müşahidə olunur. Lakin bunun qarşılığında xalqın ayıq-sayıqlığı, müdrikliyi, stimulu, fəal iştirakı, dindarlığı, dövlətin təməl prinsiplərinə bağlılığı da var. Bütün bunlar İslam Respublikasında var olan həqiqətlərdir. Biz bu illər ərzində inkişaf edib irəlilədiyimiz üçün Allaha şükürlər edirik.

Bu gün bizim öhdəmizə düşən vəzifə budur ki, möhtəşəm dövlətçiliyimizi qoruyub saxlayaq. Dövlətçiliyimizi qoruyub saxlamaq üçün isə onun əleyhinə olanlarla öz aramızdakı ayırıcı sərhədləri müəyyənləşdirməliyik. Mənim dəfələrlə vurğuladığım sərhədlərin müəyyən edilməsi məsələsi bu məqamda öz əhəmiyyətini doğruldur. Bundan aşağıda duran – əhəmiyyətinə görə ikinci, üçüncü və s. sıralarda gələn məsələlərlə bağlı insanlarımız arasında fikir müxtəlifliyi ola bilər. Bu rəy müxtəliflikləri mühüm deyil, cəmiyyətimizə zərbə vurmayacaq, əksinə, inkişafa səbəb olacaq. Bu cür fikir ayrılıqlarının seçkilərə də təsir göstərməsi mümkündür; eybi yox! Mühüm olan dövlətin əsasları, rejimin ümumi strukturu, ümumi dövlətçilik proqramıdır. Məhz buna daim diqqət yönəltmək və həssas yanaşmaq lazımdır. Deyilən hər bir sözün, atılan hər bir addımın həmin ümumi dövlətçilik prinsipləri ilə nə dərəcədə səsləşib-səsləşmədiyinə diqqət yetirmək lazımdır.

Düşməni tanımaq lazımdır! Bizim problemimiz bundadır. Elə bu səbəbdən də mən təkrar-təkrar vurğulayıram ki, cəmiyyətin öndə gedən, görkəmli şəxsiyyətləri müdrik, uzaqgörən və gözüaçıq olmalıdırlar. Bəzən insanlarımız dövlətin əsaslarına qarşı yönəlmiş düşmənçiliyi vaxtında dərk edə bilmir, onları xırda-para məsələlərlə əlaqələndirirlər. Təəssüflər olsun ki, məşrutə dövrünün əvvəllərində də bizdə eyni vəziyyət meydana gəldi. Məşrutənin ilk dövrlərində də elə böyük alimlər (mən ad çəkməyə ehtiyac görmürəm, çünki onları hamı tanıyır) var idi ki, onlar o dövrün qərbpərəst insanlarının, belə deyək, Qərbin təsiri altında olan, Qərb təfəkkürü qarşısında məğlub olmuş ziyalıların hazırladığı təhlükəli planları görə bilmədilər. Onların o dövrün parlamentində etdiyi çıxışların, mətbuatda gedən yazılarının İslama qarşı mübarizə olduğunu anlamadılar. Buna diqqət yetirmədilər, üzüyumşaqlıq etdilər. Nəticəsi isə bu oldu ki, mərhum Şeyx Fəzlullah Nuri kimi hadisələrin mahiyyətini dərk edən şəxsiyyətlər onların gözü qarşısında dar ağacından asıldı. Lakin onlar yenə də həssaslıq nümayiş etdirmədilər. Şeyx Fəzlullahın ardınca onun edamına heç bir reaksiya verməmiş insanların özləri də qərbpərəstlər tərəfindən təqib olunmağa, təhqir və sui-qəsdlə üzləşməyə başladılar, onların şilləsini daddılar. Bəziləri həyatını, bəziləri isə cəmiyyətdəki nüfuzunu itirdilər. Bu, onların o dövrdə yol verdikləri səhv idi. Biz bu səhvi təkrar etməməliyik. Coxcəhətli bir şəxsiyyətə malik olan İmam Xomeyninin (r.ə) şəxsi keyfiyyətlərindən biri də elə bu idi: həssaslıq. Misal üçün, qisas haqqında qanun qəbul edilərkən ona qarşı reaksiya verilən kimi (halbuki bu, sadəcə, bir qanun idi) İmam dərhal həssaslıqla məsələnin mahiyyətini anladı. İslam dinindəki qisas qanununun əleyhinə çıxmağın nə məna kəsb etdiyini dərk etdi və xatırladığınız kimi, buna qarşı heyrətamiz dərəcədə qətiyyətli bir mövqe nümayiş etdirdi. Biz də bu cür olmalıyıq – həssas olmalıyıq!

Dövlətimizin əsaslarına, dövlətçiliyimizin başlıca prinsiplərinə və toxunulmazlığına qarşı heç bir vəchlə səhlənkarlıq etməməliyik. İkinci dərəcəli əhəmiyyət daşıyan məsələlər var ki, əlbəttə, onları həll etmək mümkündür. Misal üçün, mən son günlərdə Qurumun Mənafeyini Müəyyənləşdirən Şurada müzakirəyə çıxarılmış qanun layihəsinin diqqət mərkəzində olduğunu görürəm. Əlbəttə, bu, belə də olmalıdır. Həmin layihə Qurumun Mənafeyini Müəyyənləşdirən Şurada müzakirə olunduqdan, məsləhətləşmələrdən sonra bizə təqdim olunacaq və lazım gələrsə, biz onu tətbiq edib, başlıca siyasət strategiyası olaraq elan edəcəyik. Sözsüz ki, Konstitusiyanı Mühafizə Şurası qanuni səlahiyyətlərə malikdir və bu qurumun Konstitusiyada açıq-aşkar əksini tapmış vəzifələrinə – yəni seçkiyə nəzarət, vəzifə və səlahiyyətlərin müəyyən edilməsi və s. kimi vəzifələrinə müdaxilə olunmamalıdır. Bu şeyləri yoluna qoymaq olar. Bu məsələni mübahisə və konflikt obyektinə çevirmək lazım deyil. Bu kimi məsələlərlə bağlı problemləri aradan qaldırmaq mümkündür. Bəzi məqamlarda kim isə səhvə də yol verə bilər; səhvi düzəltmək mümkündür. Bunlar prinsipial məsələlər deyil. Prinsipial olan məsələlər seçkidən sonrakı 8-9 ay ərzində bütöv İslam dövləti ilə küfr və imperializm bloku arasında konflikt obyektinə çevrilmiş məsələlər idi. Qeyd etdiyim kimi, ölkə daxilində də bəzi şəxslər onların sözlərini təkrar edirdilər.

Onlar istəyirlər ki, Yer üzündə İslam dövləti, dini əsaslar üzərində qurulmuş bir rejim, Allaha və Onun peyğəmbərinə itaətə söykənən bir dövlət quruluşu mövcud olmasın. Onlar xalqın bu rejimə hamılıqla itaətinə təminat verən hər bir şeyə düşmən kəsilirlər. O şeyə qarşı mübarizə aparır, fəaliyyət  göstərir, zərbə endirmək üçün bütün qüvvələrini səfərbər edirlər. Xalqın İslam dövlətinə itaətini təmin edən həmin amil isə onun, öz növbəsində, dövlətin başlıca dayaqlarını, əsas prinsiplərini qoruyub saxlamaq üçün səy göstərməsidir. Başlıca əhəmiyyət daşıyan, prinsipial məsələləri nəzərdən qaçırmaq olmaz.

Eyni zamanda, hər kəs öz mövqeyini açıq-aşkar bildirməlidir. Yəni İslam dövlətinə sadiq olan, xalqın iman və stimulla bu dövlətin arxasında durmasını dəstəkləyən insanlar xalq hərəkatının bu şəkildə – islami bir hərəkat olaraq davam etdirilməsini istəməyənlərlə öz aralarında ayırıcı sərhədləri dəqiq müəyyən etməli, onlara qarşı öz mövqelərini açıq bildirməlidirlər. Çünki elələri qanuna qarşı çıxır, qanunun əleyhinə gedirlər. Bu sərhədlər açıq-aydın olmalıdır ki, xalq yanlışlığa, səhvə yol verməsin. Xalq gözünü bizə dikib. Biz İslam dövlətinin başlıca kursunun nədən ibarət olduğunu bilməliyik. Əsas məsələ budur. Bunu ətrafında cərəyan edən hər bir şeydə güzəştə getmək, problemi yoluna qoymaq olar. Ortada rəy müxtəlifliyi olsa belə, bu, konfliktə, qarşıdurmaya, ədavətə çevrilməməlidir. Çünki daxildəki bu ədavət düşmənin dəyirmanına su tökə bilər. Bizim demək istədiyimiz budur!

Konstitusiyada, qanunun aliliyində və hakimiyyətində cəmlənmiş bu başlıca strategiyanı qəbul edən şəxslər bütöv bir məcmu olan İslam hökumətinin tərkib hissəsinə aiddirlər. Bunları inkar edənlər isə İslam hökumətinə qatılmaq səlahiyyətini öz əli ilə əldən verən şəxslərdir. Qanunu görməyə gözü olmayan, əksəriyyətin rəyini qəbul etməyən, ölkəmiz üçün iftixar mənbəyi olan o 40 milyonluq seçkini şübhə altına salan, İslam dövlətinin güclü bir cəhətini zəif cəhət kimi qələmə vermək istəyən şəxslər, həqiqətdə, özlərini bu nicat gəmisindən – İslam dövlətindən kənarlaşdırırlar. Yoxsa, kimi isə nicat gəmisindən çölə atmağı kim istəyər ki?!

Allahın peyğəmbəri Həzrət Nuh (ə) övladına buyurur:

يا بنىّ اركب معنا و لا تكن مع الكافرين

“Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (“Hud” surəsi, ayə 42)

İslam dövləti də Həzrət Nuh (ə) kimi, hamıya belə deyir: “Gəlin, bizimlə olun! Gəlin, bu nicat gəmisinə minin! – و لا تكن مع الكافرين – Kafirlərdən olmayın!” Başlıca məqsəd və prinsip budur. Biz heç kəsi İslam hökumətindən uzaqlaşdırmaq niyyətində deyilik, lakin elə insanlar var ki, özləri özlərini bu rejimdən uzaqlaşdırırlar; özləri özlərini hökumətdən kənarlaşdırırlar.

Ümidvarıq, Uca Yaradan bizə dəstək olacaq ki, İslam dövlətini, onun bütövlüyünü, çox şükür, bu günə qədər gətirib çıxara bildiyimiz dövlətçilik kursunu qoruyub saxlayaq, bu dövlətə və bu xalqa xidmət edə bilək. 

İnsan dərindən diqqət yetirdikdə görür ki, xalqın müdrikliyi, uzaqgörənliyi, İslam dövləti qarşısında məsuliyyət hiss etməsi, həqiqətən, misli-bərabəri olmayan bir faktdır. Xalqımızdakı bu məsuliyyətə, daim hazırlıq psixologiyasına əsaslanaraq əminliklə demək olar ki, bu gün ölkəmizdə Müqəddəs Müdafiə savaşı kimi bir hadisə baş versə, meydana atılan gənclərimizin sayı o dövrdəkindən heç də az olmaz, əksinə, çox olar. Bunu xalqımızın bu gün həyata keçirdiyi möhtəşəm hərəkatdan anlamaq olar.

Ümidvarıq ki, Uca Tanrı bizə, xalqımıza, bütün dövlət rəsmilərimizə öhdəmizə düşən vəzifələrə əməl etməkdə dəstək və yardımçı olacaq. Dövlət rəsmilərinin öhdəsinə düşən məsuliyyət xüsusilə ağırdır. Üçlü hakimiyyət qüvvələrini təmsil edən rəsmilərin məsuliyyəti çox böyükdür. Onlar öhdələrinə düşən vəzifələri daha da ciddi şəkildə, daha böyük diqqət və əzmlə yerinə yetirməlidirlər ki, inşallah, Uca Yaradan da öz mərhəmətini üzərimizə yağdırsın, fəzilətlərini bizdən geri almasın. Bu günə qədər nəyə nail olmuşuqsa, hamısını bizə nəsib edən Uca Yaradan olub. Allahın hidayəti və mərhəməti bundan sonra da bizə şamil olunsa, Uca Yaradan yenə də öz yardımını bizdən əsirgəməyəcək.

Mən çəkdikləri zəhmətə, gördükləri gözəl işlərə, hər zaman ortaya qoyduqları dəyərli mövqeyə görə Xubriqan Məclisinin möhtərəm üzvlərinə, məclisin çox hörmətli sədrinə, məsul şəxslərə təşəkkürümü bildirirəm. Ümidvaram ki, Həzrət Mehdi Sahibəz-zəman (ə.f) sizin bütün səy və zəhmətlərinizdən məmnun qalacaq, Uca Yaradan o həzrətin müqəddəs qəlbini daim şad etməyimiz, dualarına layiq olmağımız, dahi İmam Xomeyninin (r.ə) və şəhidlərimizin müqəddəs ruhlarını razı salmağımız üçün bizə yardımçı olacaq.
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!


1 “Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitablardan sonuncusu olan Qurana) düzgün əməl etsəydilər, həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin nemətlərindən) yeyərdilər”. (“Maidə” surəsi, ayə 66)