Ali Məqamlı Rəhbərin informasiya bloku

“Cəməran” esminesinin istehsalçı heyəti ilə görüş

– Mehriban və bağışlayan Allahın adı ilə!

Bu gün mənim üçün olduqca xoş və fərəhli bir gündür. Yalnız İran İslam Respublikasının Hərbi Dəniz Donanmasının balansına növbəti döyüş gəmisi əlavə edildiyi üçün deyil, (Sözsüz ki, bu, olduqca mühüm və qiymətli bir nailiyyətdir) ən çox ona görə ki, bu gün Silahlı Qüvvələrin bu qolunda xidmət edən səriştəli kadrlar, savadlı gənclərimiz Allaha təvəkkülün, ümid və inamın bəhrəsini öz gözləri ilə gördülər. Bu da onlara irəlidə daha irimiqyaslı addımlar atmaq üçün qətiyyət bəxş edəcək. İşin mühüm olan tərəfi də elə bundan ibarətdir. Başqa sözlə desək, mühüm olan budur ki, ölkəmizin insan potensialı nəyə qadir olduğunu anlasın, öz bilik və bacarığının qədrini bilsin; Allah-Taalanın ona bəxş etdiyi istedad və qüvvəni real əmələ çevirərək işin böyüklüyündən və ağırlığından əsla qorxmasın.

Cənab kontr-admiral Səyyarinin az öncə qeyd etdiyi irimiqyaslı layihə, əlbəttə, ilk baxışdan əlçatmaz görünə bilər. Lakin mən də məhz belə bir düşüncə tərzinin tərəfdarıyam. Düşünürəm ki, sizin əsas məqsədiniz dövlətinizin və xalqınızın nüfuzunu qorumaq üçün daim hazır olduğunuzu, cəsur və qüdrətli olduğunuzu hər kəsə nümayiş etdirmək olmalıdır. Şübhəsiz, bunun üçün lazımi hazırlıq işləri görülməlidir. Bəzən mövcud reallıqlara diqqət yetirdikdə bu cür arzular əlçatmaz görünür. Ancaq mən qətiyyətlə bildirirəm ki, bu yola qədəm qoymalı və addım-addım irəliləməliyik. Sözsüz ki, irəli getdikcə arzuladığımız nəticəni əldə etmək bir o qədər asan olacaq.

Burada – Dəniz Donanmasının Bəndər-Abbasdakı hərbi zavodunda Hind okeanında, Oman dənizində üzən, mühüm texnologiya ilə təchiz olunmuş gəmilərin standartlarına uyğun yeni bir esminesin konstruksiya layihəsi irəli sürüldüyü gün, fikrimcə, bəziləri bu işin reallaşacağına şübhə ilə yanaşdılar. Lakin bu, nəinki reallaşması mümkün olan bir iş idi, hətta bu gün sizin daha irimiqyaslı işlər üçün göstərdiyiniz əzmin müqabilində bu, o qədər böyük bir iş hesab oluna bilməz. Yəni bu gün sizin daha nəhəng işlər üçün göstərdiyiniz əzm və təşəbbüs “Cəməran” gəmisinin konstruksiyasına sərf olunduğundan qat-qat üstündür. Baxmayaraq ki, siz esminesin konstruksiyası üçün xeyli zəhmət çəkmisiniz və əməyiniz olduqca qiymətlidir: bilik və bacarığınızı, istedad və ağlınızı real işə çevirmiş, gecəli-gündüzlü işləmisiniz. Bununla belə, “Cəməran” esminesinin inşası bu gün sizin can atdığınız zirvələrin, göstərdiyiniz əzmin müqabilində elə də böyük bir iş deyil. Gələcəkdə sizi daha mühüm işlər gözləyir. Yəqin ki, “Dalğa 2”, “Dalğa 3” və “Dalğa 4” layihələri bir-birindən daha sanballı, keyfiyyət göstəriciləri baxımından daha üstün olacaq.

Hər şeydən öncə sizə dərin təşəkkürümü bildirməliyəm. Sizin uzun illər ərzində toplanmış böyük təcrübəniz var və bu təcrübədən lazımınca faydalana bilərsiniz. Amma bu işlərin uzun müddət ərzində başa gəldiyinə baxmayaraq, dediyim kimi, sizin əziyyət və səylərinizin bəhrəsini gördüyümə görə bu gün mənim üçün çox fərəhli və mübarək bir gündür.

Bizim gəmiçilik sənayemizin 7-8 əsrlik tarixi vardır. İran gəmiləri Fars körfəzindən Asiyanın ən uzaq nöqtələrinə üzdükləri zaman bu gün dənizçilik sahəsində dərin biliklərə malik olan və bu sahədə şöhrət tapmış ölkələrin bir çoxu heç bir diqqətəlayiq nailiyyət əldə etməmişdilər. Xalqımızın belə bir tarixi keçmişi, bacarığı ola-ola, gənclərimiz bu qədər savadlı, dərrakəli, məharətli olduğu halda biz niyə bu qədər geridə qalmalıyıq ki, bu gün hər hansı bir nailiyyət əldə etdiyimizdə bu qədər sevinək?

Əsrlər boyunca xalqımızın başı müsibətlər çəkib. Bəs bu əzab-əziyyətlərə kimlər bais olub? Əcnəbilər? Xeyr! Azğın ölkə başçıları! Mən ölkəmizin sahil və adalarını ələ keçirməyə çalışmış portuqallar, hollandlar və ya ingilislərdən şikayət etmirəm. Bəli, bu dövlətlər yalnız öz mənafelərini güdür və bu işdən maddi qüdrət əldə etməyə çalışırdılar. Ölkələrindən minlərlə kilometr uzağa gedərək qarətçiliklə məşğul olurdular. Məgər onlar Hind yarımadasını, ordan şərqə doğru uzanan bölgələri işğal etməmişdilər?! Və bu gün də bütün dünyada eyni işi görmürlərmi? Odur ki, mən onlardan deyil, İran dövləti və xalqının heysiyyətini, ləyaqətini qoruya bilməyən, ölkə üçün heç bir iş görməyən, müstəbid və azğın ölkə başçılarından gileylənirəm. Məhz onların ucbatından düşmən bir gün Bəndər-Abbası, bir gün Hörmüz boğazını, bir gün də Qəşəm adasını və beləcə digər adaları da bir-bir İran xalqının əlindən almışdı, üstəlik cürbəcür tələblər də irəli sürürdü. Əlbəttə, İran xalqı buna layiq deyildi.

Əgər İran İslam Respublikası yalnız ölkənin itirilmiş özünəinamını, qürur və heysiyyətini bu xalqa, bu ölkəyə, bizlərə yenidən qaytarmış olsaydı belə, ona ömür boyu minnətdar olmalı idik. Sizə bildirmək istəyirəm ki, İslam dini, İslami təfəkkür və Qurana iman əsasında formalaşmış psixologiya bir xalqın öz bacarıqlarını, öz istedadını ayaqlar altında əzib məhv etməsini qadağan edir; fitri bacarığına etinasızlıq göstərib manqurtlaşmasına və başqalarının onun taleyinin sahibinə çevrilməsinə izn vermir. Həm İslam dini, həm də İran İslam Respublikası buna qarşıdır.

Özünüz də görürsünüz ki, bu gün dünya müstəmləkəçiləri, ağalıq iddiasında olan hegemon dövlətlər İslam Respublikasının canına daraşıblar (əlbəttə ki, bacardıqları həddə qədər). Çünki onun sahibsiz süfrəsindən istədiklərini və bacardıqlarını götürməyə, mənfəət əldə etməyə öyrəşiblər. Ancaq indi bu torpaqların əsl sahibi olan xalqın oyandığını, düşmənin sinəsindən itələyib ona qarşı ciddi müqavimət göstərdiyini gördüklərində, təbii ki, qəzəblənirlər. Məkrli planların səbəbi də məhz bunlardır. İslam Respublikasının və bu respublikaya, İslam dininə könül bağlayıb bu yolda irəliləyən xalqın günahı yalnız və yalnız başqalarının hegemonluğu, ağalığı və təhqirləri altında öz şərəf və ləyaqətini, heysiyyətini itirmək istəməməsidir. Əlbəttə, bu da tarixdə bir təcrübədir. Belə ki, qoy tarix də, gələcək nəsillər də bilsinlər ki, kimliyini dərk edib fitri qüdrətinə inanan bir xalq var-qüvvəsi ilə – istər elm və sənaye sahəsində, istərsə də təcrübə, bacarıq, yaxud iman (Ən möhtəşəm qüvvə də məhz budur) baxımından əldə etdiyi bütün qüvvə ilə, bütün varlığı ilə meydana atılarsa, dünyada heç bir güc onun əzm və iradəsini qıra bilməz; heç bir düşmən ona qələbə çala bilməz; bəlkə əksinə, uğursuzluğa düçar olar. Onlar indiyə qədər uğur qazanmamışlar, bundan sonra da qazanmayacaqlar!

Bilin ki, sizin bacarığınız, müqavimətiniz, mübarizliyiniz nə qədər artsa, onların qəzəbi də bir o qədər artacaq. Bacarsalar, bu qəzəbi əməldə həyata keçirəcəklər, əks təqdirdə qəzəbdən zəncir çeynəyə-çeynəyə nailiyyətlərinizi uzaqdan seyr etməyə məcbur olacaqlar. İnşaallah, məhz elə bu cür də olacaq! 22 bəhmən günündən – əzəmətli xalq hərəkatından  sonra gördüyünüz hər böyük iş onları hiddətləndirir. Çünki onlar İran xalqı, İslam İnqilabı və İslam Respublikası ilə bağlı tam başqa xəyallara qapılmışdılar, lakin məyusluğa uğradılar. Bu gün Amerikanın, eləcə də digər Qərb dövlətlərinin böyükdən-kiçiyə, prezidentindən tutmuş istənilən nazirliyinin müşavirinə qədər hər bir təmsilçisinin çıxışları və bəyanatları onların qəzəb və aqresiya içərisində olduğunu göstərir.

Onlar qəzəblidirlər, hiddətlənirlər. Nə etmək lazım olduğunu bilmirlər. Gah təhdid edir, gah bu təhdidləri geri götürür, gah tonlarını yumşaldır, gah da orda-burda töhmətlər yağdırırlar.

İran İslam Respublikasında nüvə silahının istehsalı haqqında dedikləri cəfəng və çeynənmiş sözlər onların təbliğat sahəsində nə qədər aciz qaldıqlarını göstərir.

İslam Respublikası bu məsələlərdə özünü müdafiə etmək üçün səy göstərməyə heç bir ehtiyac duymur. Xeyr! Biz əsla atom silahını dəstəkləmirik və onu istehsal etmək niyyətində də deyilik. Dinimiz və əqidəmizin əsaslarına görə bu cür kütləvi qırğın vasitələrindən istifadə qadağan və haramdır. Bu, bəşər irsinin məhvi deməkdir və Quranda da qadağan olunur. Biz atom silahının yolunu tutmamışıq. Biz elə bir yol tutmuşuq ki, onun imperialist dövlətləri qorxutması təbiidir (Əminəm ki, bu gün də onlar qorxu içindədirlər). Bizim tutduğumuz yol İslam ümmətində qəhrəmanlıq ruhunu və müsəlman qürurunu oyatmaq yoludur. Qoy bilsinlər ki, biz mütləq buna nail olacağıq!

Müsəlman ümməti coğrafi nöqteyi-nəzərdən – istər strateji, istərsə də iqtisadi və ya təbii resursların paylanması baxımından dünyanın olduqca həssas nöqtəsində yerləşmiş və öz istəklərinə zidd olaraq istismara məruz qalmışdır. Bizim missiyamız və məqsədimiz İslam dünyasını xəbərdarlıq etməkdir. Və bu xəbərdarlıq öz effektini göstərməkdədir: özünüz də görürsünüz ki, İslam dünyasının müxtəlif yerlərində hökmranlıq etmək istəyənlərə, hegemonluq iddiasında olanlara, xüsusilə də Amerikaya nifrət durmadan artmaqdadır. Onlar İranın qonşu dövlətlərin əleyhinə olması haqqında yalan iddialar irəli sürürlər. Halbuki, qonşu dövlətlər bunun belə olmadığını yaxşı bilirlər. İslam İnqilabının ilk illərində Fars körfəzi dövlətləri və bəzi qonşu dövlətlər yanlışlıqla İslam Respublikasının onlara qarşı olduğunu düşünürdülərsə də, bir müddət sonra bunun belə olmadığını anladılar. Onlar bizim qardaşlarımız və qonşularımızdır. Fars körfəzi regionu ağıllı və düşünülmüş ümumi siyasət nəticəsində körfəz dövlətlərinin mənafeyinə uyğun şəkildə idarə oluna bilər. Bölgə dövlətlərinin bu düzgün və məqsədəuyğun hərəkətini təhdid altında qoyan amil məhz əcnəbi dövlətlərin, xüsusilə də Amerikanın məntəqə işlərinə qarışmasıdır. Fars körfəzi bölgəsinin təhlükəsizliyi bölgə dövlətlərinin deyil, Amerikanın vasitəsilə pozulur. Bu məntəqə və bu dövlətlər üçün zorla təhlükə doğuran da elə onlardır; ölkələr arasında ixtilaflar yaratmağı arzulayır və bacardıqları qədər bu zəmində işlər görürlər. Əlbəttə, bəzən onların məkrli və hiyləgər planları reallaşır, ancaq bir çox hallarda baş tutmur və bundan sonra da baş tutmayacaq, İnşaallah. Onlar Yaxın Şərq və Fars körfəzi regionunda – bu həssas və strateji mərkəzdə yerləşmiş dövlətlərin diqqətini həqiqi düşmənlərdən yayındırmaq istəyirlər. Bu bölgənin həqiqi düşmənləri bu və ya digər dəlillərə əsasən sionistlər, Amerika Birləşmiş Ştatlarıdır. Onların niyyəti diqqətdən yayınmaq, əsl düşmənin kimliyini gizlətməkdir, buna görə də mənasız, cəfəng sözlər danışırlar.

İran İslam Respublikası milyonlarla insanın “qəlbinə arxalanır”. Əgər on milyonlarla insan bir ağızdan dünyaya öz səsini bəyan edərsə, onu susdurmaq mümkün deyil; bu səsin dalğası dünyada əbədi qalar. Zarafat deyil, on milyonlarla insan səs-səsə verərək bir ağızdan imperializmə, dünyanın hegemon rejimlərinə qarşı nifrətlə fəryad çəkərək İslama iman və milli əzəmət uğrunda mətanət nümayiş etdirirlər. Və bir-iki dəfə deyil, 30 ildir ki, xalq bu cür fəryad səsini ucaldır. Bu, yaddaşlardan silinəcək bir iş deyil, bütün bu qəlblərin və səslərin birliyi əbədi yaşayacaq! Yerin cazibə qanunu və digər təbiət qanunları kimi bunlar da təbiətin və tarixin vacib qanunlarıdır. Ona görə də bu qanunları pozmaq əsla mümkün deyil. Bu səs əbədi yaddaşlarda qalacaq; ancaq bir şərtlə ki, hər işimizi düzgün görək. Mən dəfələrlə çıxışlarım zamanı Allah Rəsulundan (s) sitat gətirirəm:

رحم اللَّه امرء عمل عملا فأتقنه
“İşini görən, onu möhkəm, düzgün və qətiyyətlə yerinə yetirən şəxsə Allahın rəhməti olsun!”

Demək, işi əzmlə görmək lazımdır!

Digər bir məqam da odur ki, bu, sadəcə bir gəmi inşası deyil. Əslində, bu, ölkəmizin zavodlarında irimiqyaslı hərbi gəminin konstruksiyası və layihələndirilməsi ənənələrinin yaradılması deməkdir. Bu dəyərli işin ərsəyə gətirilməsi üçün ölkəmizin universitetləri, imam Xomeyni (r.ə) adına universitet, Hərbi Dəniz Donanması və Müdafiə Nazirliyinin sənayesi səfərbər oldu. Beyinlər işə düşdü və müxtəlif elektron sənaye sahələri, digər qurumlar da işə qoşulmağa məcbur oldular. Bu dinamikanın, aktiv fiziki və zehni fəaliyyətə keçmənin özü belə ölkə üçün bir nailiyyətdir; bu, öz-özlüyündə “Cəməran” kimi yüksəkkeyfiyyətli hərbi gəminin konstruksiyasından da böyük bir işdir. Var-gücünüzlə bunu qorumağa çalışın, heç bir vəchlə elm və sənayenin dinamik inkişafının zəifləməsinə imkan verməyin. Daima iş və təşəbbüs əzmində olun!

Biz ötən illərə qədər Oman dənizinin sahillərindən lazımınca bəhrələnməmişik. Bütün diqqətimizi Fars körfəzinə yönəltmiş və bu dənizin nə qədər əhəmiyyətli olduğunu nəzərdən qaçırmışıq. Halbuki, Oman dənizinə yeni bir yanaşma İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən böyük işlərin həyata keçirilməsinə rəvac verə bilər. Bu, ölkənin cənub-şərq bölgəsinə Allahın bəxş etdiyi bir nemətdir. Buna görə də dövlət və müxtəlif qurumlar – istər Müdafiə Nazirliyi, istərsə də aidiyyəti olan digər nazirliklər bu işin irəliləməsi üçün hərtərəfli köməklik etməlidirlər. Bəli! Bütün bu işlər, İnşaallah, həyata keçəcəkdir. Ancaq onu da deyim ki, irəli sürülən təkliflər – mən özüm də onları dəstəkləyirəm – müxtəlif məhdudiyyətlər və ya digər səbəblər üzündən təklif olunduğu şəkildə həyata keçməsə belə, yenə də irəliləmək, var-qüvvə ilə işləmək lazımdır. 30 il ərzində müxtəlif rəhbər vəzifələrdə çalışdığım müddətdə topladığım təcrübəyə əsasən deyə bilərəm ki, insan potensialının bilik və bacarıqları istənilən şəraitdə əksər çatışmazlıqların yerini doldurmağa qadirdir. Maliyyə vəsaiti yoxdursa, bu çatışmazlığı administrativ işlərin keyfiyyətini yüksəltməklə aradan qaldırmaq olar. İlk baxışdan bu işlər çətin və ya qeyri-real görünə bilər, ancaq reallaşması mümkündür. Bunu dəfələrlə öz təcrübəmizdən – istər müharibənin, istərsə də ölkəmizin müxtəlif sahələrinə dair çeşidli məsələlərin qazandırdığı təcrübələrdən görmüşük. İran insanı problemlərə ötən zamanın pessimist baxışlarıyla baxsaydı, artıq bir çox şeyi əldən verdiyini düşünərdi. Ancaq işə başladığı andan bunu həyata keçirə biləcəyini anladı. Anladı ki, maliyyə vəsaiti, resurslar olmasa da, administrativ bacarıq, ağıl və qənaət mövcuddur və əlindəki az-çox imkanlarını dəyərləndirə bilər.

Bəzən əlinizdə müəyyən imkanlar olur, ancaq ona diqqət yetirmir və ondan lazımınca faydalanmırsınız, başqa mənbədən istifadə edirsiniz. İstifadə etdiyiniz mənbə tükəndiyində isə özünüzə bir daha nəzər salır və fərqində olmadığınız həmin imkanı görürsünüz; bax, bu zaman o, özünü açıq-aşkar büruzə verir. Odur ki, heç bir vəchlə bu dinamikanın zəifləməsinə imkan verməyin. İstər burada, istərsə də şimal bölgəsində və ya da digər müxtəlif regionlarda işinizi davam etdirin.

Bu məsələ ilə bağlı bir-biri ilə sıx əlaqə saxlayan qurumların birliyi və həmrəyliyi də olduqca önəmlidir; məsələn, Müdafiə Nazirliyi ilə əməkdaşlıq. Bu gün bu görüşdə Müdafiə naziri də iştirak edir. Qoy o da bu məqama xüsusi diqqət yetirsin! Bəzən mənə verilən vədlərin vaxtında yerinə yetirilmədiyindən şikayət edirlər. Doğrudur, bu cür neqativ hallar olur. Qarşıya çıxan problemləri, o cümlədən “Dalğa 2” layihəsinin gecikməsinə səbəb olan amilləri oturub araşdırmağınız lazımdır. Bu yaxınlarda Silahlı Qüvvələr bizə yeni bir təklif irəli sürdü. Biz də məsələni araşdırmağı, problemi aradan qaldırmaq üçün nə etmək lazım olduğunu müəyyənləşdirməyi tövsiyə etdik. Mühərriklərin bir hissəsi yoxlama və təmir üçün göndərilib, lakin özlərinin dediyinə görə hələ də geri qaytarılmayıb. “Peykan” tipli kiçik hərbi gəmilərin orijinal mühərriklərində də eyni hal baş vermişdi. Haqqında şikayət daxil olan bir sıra hallar da bu qəbildəndir. Şikayət etmək lazım deyil! Siz ki, bir-birinizdən uzaqda deyilsiniz, bir mərkəzə tabesiniz və eyni məqsəd uğrunda irəliləyirsiniz. Oturub problemləri birgə həll edin. Əlbəttə ki, Baş Qərargah da aidiyyəti qurumlar arasında birliyin və sıx əlaqələrin təminatına yardım etməlidir.

Sizə bir tövsiyəm var: olduqca əhəmiyyətli olan bu konstruksiyanı lazımi detalların istehsalı işi ilə daha da təkmilləşdirin. Deyəsən, bu gün məruzələr zamanı artıq detal istehsalına başlandığını eşitdim. Hər halda, əgər bu işə hələ start verilməyibsə də, mən bu məsələnin üzərində çox təkid edirəm. Detal istehsalı olduqca vacib bir məsələdir. Belə olmasın ki, ehtiyac duyulduğu, yaxud duyulana yaxın anda detal axtarışına başlayaq. Elə əvvəldən bu işə lazımi diqqət yetirin, bunun özündə də səmərə və fayda vardır.

Mən sualtı qayıqlar məsələsini də xüsusilə vurğulamaq istəyirəm. Hərbi Dəniz Donanmasının strateji məqsəd və hədəflərindən biri də sualtı qayıqlar olmalıdır. Əgər bir az öncə qeyd etdiyimiz kimi, Hərbi Donanma ölkənin müdafiəsində strateji əhəmiyyətli və mütləq vacib qüvvələr sırasındadırsa (Sözsüz ki, məhz elə bu cürdür), onda sualtı qayıqlarımızla bölgədə birinciliyi əldə etməliyik.

Digər vacib məsələlərdən biri də elektron müharibədir. Uzun illər boyunca istər Dəniz Donanması, istərsə də Hava Qüvvələri qarşısındakı nitqlərimdə elektron müharibə məsələsini dəfələrlə vurğulamışam və yenə də vurğulamaqdayam. Düşmənləriniz silah təchizatı sahəsində elektron biliklərə önəmli yer ayırır və uzun illərdir ki, bununla əlaqədar işlər görürlər. Elektron müdafiə bizim üçün olduqca vacib bir məsələdir. Bu məsələ üzərində ciddi işləyin. Xoşbəxtlikdən, ölkəmizdə bu sahənin inkişafı üçün münasib zəmin var; bu gün elektron sənayemiz uğurla inkişaf edir. Bacarıqlı alimlərimiz, fəal insanlarımız, eləcə də böyük və tükənməz sərvətimiz olan gənclərimiz var.

Uca Tanrı hamınızı qorusun, İnşaallah! Sizin üçün dua edirəm. Ümidvaram ki, siz – Hərbi Dəniz Donanmasında xidmət edən gənclər, İnşaallah, İran xalqına layiqli bir donanma yaradacaqsınız.

Ölkəmizin dəniz ölkəsi olduğunu qeyd etdilər. Bu, bir həqiqətdir. Ölkəmizin okeanla əlaqəsi, dəniz sərhədləri var; özü də bu qədər strateji əhəmiyyətə malik dənizlərlə: istər Fars körfəzi, istər Oman dənizi, istərsə də bu məntəqənin strateji əhəmiyyətini artıran digər su coğrafiyaları olsun. Bəli, bu dəniz ölkəsinin, sözün həqiqi mənasında, yüksək səviyyəli və qüdrətli bir donanmaya ehtiyacı var və bu iş siz gənclərin vasitəsilə mütləq reallaşacaq.

Uca Yaradan sizi qorusun, İnşaallah. İmam Sahibəz-Zəmanın (ə.f) duası heç bir zaman üzərinizdən əskik olmasın və şəhidlərin pak ruhu, Həzrət Xomeyninin (r.ə) mübarək ruhu Allahın uca dərgahında sizlərə duaçı olsun, İnşaallah!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei
19 fevral, 2010-cu il