Ali Məqamlı Rəhbərin informasiya bloku

Hərbi Hava Qüvvələrinin komandanlığı və şəxsi heyəti ilə görüş

– Mehriban və bağışlayan Allahın adı ilə!

Əzizlərim – İslam İnqilabının rəşadətli cəbhəsinin ən mühüm bölməsi olan Hərbi Hava Qüvvələrinin komandanları, zabitləri və çalışqan heyəti, xoş gəlmisiniz! 19 bəhmən günü inqilab tarixində olduqca əhəmiyyətli gündür. Siz cavanların haqqında eşitdiyiniz, bizim isə şəxsən şahidi olduğumuz o böyük hadisədə yalnız İlahi stimul və ixlas var idi. Məhz buna görə də həmin hadisə öz dövrü üçün çox təsirli olmuş və tarixdə qalmışdır. Allaha xatir, pak niyyətlə görülən işin spesifik cəhəti də elə budur: effektiv və unudulmaz olmaq. Bu cür hadisələrin effekti yalnız baş verdiyi zamanı əhatə etmir, davamlı və daimi xarakter daşıyır. Allah naminə görülən müqəddəs işlərin hamısı belədir. Hərbi Hava Qüvvələrində xidmət edən gənc kadrlardan bir qrupu “Ülvi” mədrəsəsinə gəlib imam Xomeyniyə (r.ə) sədaqət andı içdikləri gün həmin dövrdə mövcud olan siyasi-ideoloji baryeri böyük cəsarətlə aşdılar və məhz bu hadisə tarixdə böyük bir dönüş nöqtəsi oldu. O gəncləri nə vəzifə, nə pul, nə də tərif gözləyirdi. Sözsüz ki, onlar təhdid və təhlükə ilə qarşılaşacaqdılar. Odur ki, həmin hadisələrdə İlahi stimuldan başqa bir stimul əsla mövcud deyildi. Allaha xatir atılan bu hünərli addım həmin gün öz təsirini göstərdi və bu gün də o hadisələrdən 31 il keçməsinə rəğmən təsirini göstərməkdədir.

Hazırda səfər ayının son ongünlüyüdür. Ərbəindən sonrakı günləri yaşayırıq. İslam tarixinin ilkin dövrlərinə nəzər salsaq, bu günlərin Zeynəbi-Kubra (s.ə) günləri olduğunu görərik. Zeynəbi-Kubranın (s.ə) gördüyü işlər də eyni səciyyəyə malikdir. Yəni bu iş də sırf Allah naminə, əziyyət, məşəqqət və möhnətlər içərisində görülmüşdü. Dinin İlahi-mənəvi gücü o əzəmətli xanımın – Zeynəbi-Kubranın (s.ə) qətiyyətli simasında parlaq surətdə təcəssüm etmişdi. Keçmiş tarixi hadisələr özündə bu günə qədər bərəkətli ideya və görüşlərin mənbəyi olmuş bir çox dəyərli mesajları ehtiva edir ki, İnşaallah, dünyanın sonuna qədər də bu, belə davam edəcək. Çox yaxşı olar ki, həmin hadisələri dərindən öyrənək və dərk edək.

Həzrət Zeynəb (s.ə) həm Kərbəlaya gedən yolda imam Hüseynə (ə) yoldaşlıq edərkən, həm Aşura günü baş vermiş hadisə zamanı o çətinlik və möhnətləri yaşayarkən, həm də Hüseyn ibn Əlinin (ə) şəhadətindən sonra başsız qalmış uşaq və qadınların yeganə pənahı olduğu zaman misli-bərabəri görünməmiş, parlaq bir İlahi rəhbər simasında çıxış etdi. Tarixdə bunun bənzərinə rast gəlmək mümkün deyil. Sonrakı hadisələr zamanı, Həzrət Zeynəbin (s.ə) Kufədə, Şamda əsir olduğu dövrdə, eləcə də artıq həmin hadisələr başa çatdıqdan sonrakı dövrdə – İslam hərəkatında, İslami təfəkkürün inkişafında, müsəlman cəmiyyətinin tərəqqisində yeni bir başlanğıc olan bu günlərdə də Zeynəbi-Kubra (s.ə) bu misilsiz İlahi rəhbər simasını qoruyub-saxlamışdır. Məhz özünün böyük və misilsiz mücahidliyinə görə xanım Zeynəb (s.ə) Allah-Taalanın dərgahında sözlə ifadə olunmayacaq dərəcədə ali bir məqama malik olmuşdur. 

Özünüz düşünün! Qurani-Kərimdə Uca Yaradan iki qadını imanın kamilliyinə gözəl nümunə kimi göstərir. Eyni zamanda kafirliyə də nümunə olaraq iki qadını misal çəkir:

ضرب اللَّه مثلا للّذين كفروا امرأت نوح و امرأت لوط كانتا تحت عبدين من عبادنا
“Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan iki bəndənin (kəbini) altında idilər”. (“Təhrim” surəsi, ayə 10)

Allah-Taala bu mübarək ayədə küfrə nümunə olaraq iki qadının adını qeyd edir. Yəni istər küfr, istərsə də iman baxımından kişiləri misal çəkmir, qadınları nümunə gətirir.

و ضرب اللَّه مثلا للّذين امنوا امرأت فرعون
“Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi”. (“Təhrim” surəsi, ayə 11)

Göründüyü kimi, Uca Allah məhz Fironun xanımını və Həzrət Məryəmi kamil imana nümunə kimi göstərir:

و مريم ابنت عمران
“İmran qızı Məryəmi də (məsəl çəkdi)”. (“Təhrim” surəsi, ayə 12)

Fironun xanımı ilə Zeynəbi-Kubra (s.ə) arasında aparılan kiçik bir müqayisə Zeynəbi-Kubranın (s.ə) nə qədər ali bir məqama malik olduğunu açıq-aşkar göstərir. Belə ki, Qurani-Kərimdə Fironun xanımı Qiyamət gününə qədər bütün kişi və qadınlar üçün imana nümunə kimi tanıtdırılır. Elə isə müqayisə edin: Həzrət Musaya (ə) iman gətirən və onun göstərdiyi doğru yola tapınan Fironun xanımı Fironun işgəncələri altında (O mübarək xanım tarixi materiallara və rəvayətlərə istinadən həmin işgəncələrdən də vəfat etmişdir) çəkdiyi fiziki ağrı-acılardan dilə gələrək Uca Tanrıdan belə istədi:

اذ قالت ربّ ابن لى عندك بيتا فى الجّنة
“Ey Rəbbim, mənim üçün Öz yanında – Cənnətində bir yer ayır!” (“Təhrim” surəsi, ayə 11)

Həmin an o, əslində, özünə ölüm diləyərək dünyanı tərk etmək istəmişdir.

و نجّنى من فرعون و عمله
“Məni Fironun əlindən, onun pozğun əməllərindən xilas et”. (“Təhrim” surəsi, ayə 11)

Halbuki, Fironun xanımı Asiyanın bütün ağrı və əzabı yalnız fiziki xarakter daşıyırdı. O, Həzrət Zeynəb (s.ə) kimi neçə qardaşını, iki övladını, qohum-əqrəbasının çoxunu və qardaşı övladlarını itirməmiş, onları göz görə-görə qurbangaha yola salmamışdı. Zeynəbi-Kubranın (s.ə) çəkdiyi o mənəvi əzabları Fironun xanımı Həzrət Asiya çəkməmişdi. Aşura günü Zeynəbi-Kubranın (s.ə) bütün əzizləri gözləri qarşısında qurban gedərək bir-bir şəhid oldular. Seyyidüş-şühəda Hüseyn ibn Əlinin (ə), Həzrət Əbulfəzl Abbasın, Əli Əkbərin, Qasimin, öz övladlarının, digər qardaşlarının da şəhadətini öz gözləri ilə görmüşdü. O əzəmətli qadının imam Hüseynin (ə) şəhadətindən sonra da başı çox bəlalar çəkdi: düşmənin hücumu, təhqirləri ilə üzləşdi, uşaqların və qadınların məsuliyyətini öz öhdəsinə götürdü. Məgər bu müsibətləri fiziki işgəncələrlə müqayisə etmək olarmı?! Əsla! Hətta bütün bu əziyyətlərin müqabilində belə xanım Zeynəb (s.ə) aləmlərin Rəbbinə:

ربّ نجّنى
“Məni xilas et!”

demədi. Aşura günü Zeynəbi-Kubra (s.ə) Allah-Taaladan bu cür dilədi: “Pərvərdigara! Bizdən bunu – bu qurbanı qəbul et!” Qardaşının parça-parça olmuş bədəni gözləri önündə ikən ürəyini Uca Allaha açıb belə dedi: “Pərvərdigara! Bu qurbanı bizdən qəbul et!”

Ondan “Gördün, nələr etdik?”– deyə soruşduqda belə buyurdu:

ما رأيت الّا جميلا
“Gözəllikdən başqa bir şey görmədim!” (“Biharul Ənvar”, c.45, səh.116)

Bütün bu bəlalar Zeynəbi-Kubranın (s.ə) gözündə gözəldir. Çünki Allah tərəfindəndir. Onun naminədir! Onun yolunda, Onun müqəddəs kəlməsi uğrundadır! Bir görün, nə qədər ali bir məqamdır, o qadının qəlbində haqqa və həqiqətə nə qədər güclü bir aşiqlik var! Görün, bu, Qurani-Kərimdə Həzrət Asiya haqqında nəql olunan məqamdan nə qədər fərqlənir! Bu, Həzrət Zeynəbin (s.ə) tutduğu məqamın aliliyini göstərir. Allah üçün görülən iş, bax, belə olar! Ona görə də xanım Zeynəbin (s.ə) adı və gördüyü işlər bu gün hər kəsə nümunədir və yaddaşlarda yaşayır. İslam dininin yer üzündən yox olmaması və əbədi yaşaması, Allah bəndələrinin Onun qoyduğu yolla getməkdə davam etməsi faktı Hüseyn ibn Əli (ə) və Həzrət Zeynəbin (s.ə) gördüyü işlərə söykənir, onlardan güc alır. Yəni o böyük səbir, o güclü müqavimət, çətinliklər və müsibətlərə dayanış, bu gün özünüz də gördüyünüz kimi, dünyamızda dini dəyərlərin yayılmasına səbəb olmuşdur. Bu gün müxtəlif ideoloji məktəblərdə bəşəri vicdanla eyniləşdirilən bütün insani dəyərlər məhz dindən qaynaqlanır. Bu dəyərləri məhz din doğurmuşdur. Allah naminə görülən işin özünəməxsus cəhəti də budur.

İslam İnqilabı da bu qəbildəndir. Ona görə də bu inqilab tarixə qızıl hərflərlə yazıldı, heç bir zaman sarsılmadı, mənəvi və həqiqi qüdrət əldə edərək davam etdi. Və bu inqilab Allah xatirinə edilmiş bir inqilabdır. Qeyd edim ki, bu inqilab başlayanda da, hərəkat geniş vüsət alanda da müxtəlif siyasi partiyaların hakimiyyətə gəlmək məqsədilə həyata keçirdiyi hərəkatlara bənzəmirdi. Çünki bu hərəkat məzlum insanların hərəkatı olub İlahi hökmləri icra etmək, İslam cəmiyyəti yaratmaq və bu cəmiyyətdə ədaləti bərpa etmək məqsədi daşıyırdı. İnqilab qələbə çalana, sarsılmaz gücə malik olana və davamını tapana qədər mücadilə edib onu qoruyub-saxlayan insanların niyyəti Allah naminə idi. Sizin – Hərbi Hava Qüvvələrinin şəhid olan gəncləri də Allah yolunda şəhid olanlardır. Silahlı Qüvvələrin verdiyi şəhidlərin hamısı məhz bu qəbildəndir. Həmin dövrdə Allah xatirinə iş görən, Onun üçün çalışan insanların işinə Allah özü bərəkət verdi. İnqilab düşmənlərinin anlamadığı məqam, müstəmləkəçi və sionist dairələrin dərk etmədiyi məsələ də məhz budur. Onlar heç cür dərk edə bilmirlər ki, bu binanın möhkəmliyi Allah naminə, pak niyyətlə ucaldılmasında, mübarizliklə inkişaf etdirilməsindədir. Elə bu səbəbdən də İslam İnqilabı və İslami quruluş ürəkləri fəth edir. Bu gün müxtəlif audio-vizual informasiya vasitələri də daxil olmaqla minlərlə KİV dövrün tələblərinə uyğun metodlarla İslam quruluşuna qarşı iş aparırlar. Minlərlə mütəxəssis xüsusi tədqiqat mərkəzlərində çalışır, hər gün inqilab əleyhinə yeni şüar və ideyalar irəli sürür, məkrli planlar cızırlar. Ancaq yenə də İslam İnqilabı və İslami quruluşa zərər verə bilmirlər. Niyə? Çünki bu binanın möhkəmliyi, sarsılmazlığı məhz Allaha iman prinsipinə əsaslanır. Bu yolda irəliləmiş şəxslər Uca Allahın buyurduğu işi görmüşlər.

İslam quruluşu digər quruluşlardan tamamilə fərqlənir. Bu gün dünyanın heç bir yerində əleyhinə bu cür təbliğat aparılan, siyasi oyunlar qurulan, iqtisadi təzyiqlərə məruz qalıb, sanksiyaların tətbiq edildiyi, lakin bütün bunlara rəğmən bu cür möhkəm dayanan ikinci bir quruluş mövcud deyil. Dünyada belə bir fakta rast gəlinmir. Şübhəsiz ki, bu quruluş Allah naminə müqavimət göstərir və bundan sonra da göstərəcək! Qoy hər kəs bunu bilsin! Nə Amerika, nə sionizm, nə də dünyanın müstəmləkəçi və hegemon qüvvələri heç bir zaman istər siyasi və iqtisadi yollarla, sanksiya və töhmətlərlə, istərsə də ölkə daxilindəki muzdluları təhrik etməklə İslam İnqilabını azacıq belə olsun, sarsıda bilməyəcəklər!

Deməli, İslam İnqilabının sarsılmazlığının sirri insanların öz imanına arxalanmasındadır, pak niyyətlə Allaha sığınmaqdadır. Özünüz də görürsünüz ki, xalqın böyük bir hissəsi bütün ölkədə İslam İnqilabına qarşı ciddi bir düşmənçiliyin baş qaldırdığını anladıqlarında çağırışsız ayağa qalxır. 9 dey günü ölkəmizdə hansı hadisələrin baş verdiyinin sizlər də şahidi oldunuz. Həmişə çoxmilyonlu nümayişləri bir neçə min insanın iştirak etdiyi mitinq adlandırıb təhqir etməyə, cılızlaşdırmağa çalışan inqilab düşmənlərinin özləri də istər yazılı, istərsə də şifahi şəkildə etiraf edərək bildirdilər ki, son 20 il ərzində İranda bu cür əzəmətli xalq nümayişi olmamışdır. Hətta İslam Respublikası haqqında həqiqətləri gizlətməyə çalışan şəxslər də bunu etiraf etdilər. Bəs səbəb nə idi? Səbəb budur ki, xalq düşmənin İslam quruluşuna qarşı çıxdığını anladıqda dərhal meydana atılır. Bu isə imandan doğan, ürəkdən gələn bir hərəkətdir; bu, İlahi stimulla meydana gələn bir hərəkatdır; bu, Allahın qüdrətinin, İlahi iradənin parlaq təcəssümüdür; mən və mənim kimilərin gördüyü bir iş deyil! Qəlblər Onun əlindədir, iradələr Onun iradəsinə tabedir. İş yalnız və yalnız Allah naminə görülərsə, əməldə ixlas olarsa, Uca Yaradan da dəstək olar. Ona görə də Allah-Taalanın Özü Qurani-Kərimdə belə buyurur:

انّ اللَّه يدافع عن الّذين امنوا
“Həqiqətən, Allah iman gətirmiş kəsləri müdafiə edir”. (“Həcc” surəsi, ayə 38)

Lakin İslami quruluşun düşmənləri bu həqiqəti anlamamış, hələ də anlamırlar. Sırf bu üzdən sanksiyalar tətbiq edir, fikirlər söyləyir, müxtəlif üsullara əl atırlar; İslam Respublikasının zəif nöqtəsini tapmağa çalışırlar. Gah insan hüquqlarından, gah da demokratiyadan dəm vururlar. Həqiqətən də, bu gün bütün dünya onların məkrli planlarını məsxərəyə qoyur. Onlar ictimai rəydən ağızdolusu danışırlar. Lakin əgər ictimai fikir Amerika və sionistlərin söylədiyi bu sözlərə inansaydı, dünyanın bir çox dövlətləri və xalqları zaman-zaman imperializmin başında duranlara bu cür nifrət nümayiş etdirməzdilər; halbuki, bunu etdiklərini görürük. Getdikləri hər yerdə bir dəstə insan onların əleyhinə şüarlar söyləyir. Aydındır ki, dünyanın ictimai rəyi onların məkrli planlarına aldanmır. İnsan hüquqlarından danışanların özləri istər öz dustaqxanalarında, istərsə də bütün dünyada – dünya xalqlarına münasibətdə, hətta öz xalqlarına qarşı belə elementar insan hüquqlarını tapdalayırlar. “İnsan hüququ” – deyə aləmə car çəkirlər! İşgəncələri isə qanuniləşdirirlər! Məgər bu, bir dövlət üçün rüsvayedici fakt deyilmi?! Yaxud dustaqxanalarda işgəncələri qanuni hala salmaq bir dövlət üçün utandırıcı amil deyilmi?! Buna rəğmən onlar heç bir xəcalət çəkmədən, həyasızcasına insan hüquqlarından, insanın dəyəri və aliliyindən dəm vururlar. Onların səsləndirdiyi bu fikirləri eşidən hər bir kəs həmin dövlətlərin iddialarını yaxşı bələd olduğu əməlləri ilə müqayisə etdikdə onları lağa qoyur. Axı bütün bunlara kim inanar?

Demokratiyadan dəm vurur, ancaq dünyanın hər guşəsində, o cümlədən bizim regionda da qatı müstəbid və irticaçı dövlətlərlə qardaşlıq sazişləri bağlayırlar. Bu gün Orta Şərq regionunda Amerika Birləşmiş Ştatları ilə daha çox müttəfiq olan dövlətlər hansılardır? Şimali Afrikanın hansı dövlətləri buraya aiddir? Onlar qədər qatı istibdadçı dövlət mövcuddurmu? Bununla belə, ağızdolusu demokratiyadan danışırlar! İslam Respublikasını – əhalinin 85 faizini seçki məntəqələrinə cəlb edəcək qədər qüdrətli olan bu parlaq xalq hakimiyyətini “demokratiya” bəhanəsi ilə sarsıtmağa çalışırlar. Bütün bunların gülünc olduğunu hər kəs yaxşı anlayır. Baş verən hadisələr haqqında məlumatı olan və bunları anlayan hər bir şəxs Amerikanın fəaliyyətinə istehza ilə yanaşır.

İran xalqı müdrik, ayıq-sayıq və təcrübəli bir xalqdır. Əziz qardaşlarım, bu hadisələr yalnız bu günümüzə aid deyil. Əksəriyyətiniz xatırlayırsınız, qoy gənclər də bilsinlər! Artıq 31 ildir ki, müstəmləkəçi dövlətlərlə İran dövləti arasında bu cür siyasi oyunlar davam edir, yəni bu, yalnız bu günün hadisələri deyil. İstər onların hər zaman nəticəsiz qalmış təhdidləri, istər tətbiq etdikləri sanksiyalar, atdıqları iftiralar, istərsə də ittihamları! Bunlar ancaq bu günə aid deyil! İslam Respublikası bu təbliğat bombardmanı altında yenə də belə bir irəliləyişə nail olmağı bacarmışdır. Hazırda Hərbi Hava Qüvvələrimizin qüdrəti İslam İnqilabının ilk günlərinə nisbətdə çox fərqlidir. Bu gün yiyələndiyiniz bilik və bacarıqlar, texnologiya, inkişaf etmiş insan potensialı, müxtəlif təşəbbüslər inqilabın ilk dövrü ilə əsla müqayisə edilə bilməz. Hətta 20 il öncə ilə də müqayisə oluna bilməz. Biz günü-gündən inkişaf edirik. Ölkəmizin bütün sahələri də eynilə bu cürdür. Bu gün sizin də eşitdiyiniz, şahidi olduğunuz kimi, raket istehsalı, biologiya, lazerin tətbiqi, nüvə texnologiyaları sahələrində, eləcə də digər müxtəlif sahələrdə bu qədər böyük və əhəmiyyətli nailiyyət əldə etmiş ölkəmiz o zaman – İslam İnqilabının ilk dövrlərində ən sadə texnologiyaları belə idxal etmək məcburiyyətində qalan həmin ölkədir. O zaman ölkəmiz ondan-bundan kreditlər götürməyə, elementar texnoloji vəsaitləri çox çətinliklə başqa dövlətlərdən almağa məcbur idi. Hər şey bir neçə qat bahasına alınırdı; ölkə yoxsulluq içərisində idi. Bu gün həmin ordu, həmin Silahlı Qüvvələr, həmin Hərbi Hava Qüvvələri belə bir tərəqqiyə nail olub. Elə həmin elmi, akademik, tədqiqat və texnoloji mərkəzlər belə bir yüksək səviyyə əldə edib. Biz bu yerə düşmənlərin təbliğatı, təhdid və sanksiyaları altında gəlib çatmışıq. Hələ də İran xalqını sanksiyalarla qorxudursunuz?!

Əsas odur ki, əziz xalqımız güc və söz birliyini qoruyub-saxlasın. Bu birlik düşmənin gözünə tikan kimi batır. Onlar məhz xalqımızın söz birliyini pozmağa çalışırlar. Zənnimcə, bu son aylarda – seçkidən sonrakı qarışıq dövrün hadisələrində əsas maraq xalq arasında çaxnaşma yaratmaq idi. Onlar buna cəhd edirdilər, ancaq bacara bilmədilər. Bu gün məlum olub ki, İran xalqının əzəmətinə qarşı çıxan, seçkilər ərəfəsində onun gördüyü işlərə əngəl olanlar xalqdan deyillər. Onlar ya açıq-aydın əks-inqilabçıdırlar, ya da öz cahillik və inadkarlıqları ucbatından inqilaba qarşı çıxırlar; önəmlisi budur ki, bu şəxslərin xalqla heç bir əlaqələri yoxdur. Xalqın böyük hissəsi Allah, İslam dini və İslam Respublikası, İlahi hökmləri həyata keçirmək, İslamın rəhbərliyi altında istiqlaliyyət və nüfuz əldə etmək yolunda irəliləyir. Millətin tutduğu yol budur!

Əlbəttə, bir qrup şəxs ilk gündən buna qarşı çıxaraq Amerikanın İran dövləti üzərində öz zalım ağalıq və hökmranlığını bərpa etməsini istəyirdilər. Bunun üçün var-qüvvələri ilə çalışırdılar və bu gün də bu çirkin niyyətlərini gizlətmirlər. Bəzi ünsürlər bu məqsədlə ölkə xaricində fəaliyyət göstərirlər. Şübhəsiz ki, ölkə daxilində də bu cür mənfi ünsürlər mövcuddur. Ölkəmizdə inqilabdan yara almış, diktatura rejiminə muzdurluq etmiş şəxslərin övladları yaşayır və 30 ildir ki, inqilaba nifrət bəsləyirlər. Belələri İslam İnqilabının ilk dövrlərində də var idi, bu gün də var, sabah da olacaqlar. Bir qrup şəxs isə nəinki təkcə fəqihlərə, ümumiyyətlə, İslam hökumətinə, fiqhə qarşıdır! Onlar tamamən İslama qarşıdırlar. Ancaq bu şəxslər çox kiçik bir qrupu təşkil edirlər.

Bu böyük xalq, onun milli əzəməti Allah və İslam yolunda birgə və həmrəydir. Siyasi baxışların müxtəlifliyinə rəğmən həmvətənlərimizin qəlbləri və sözləri birdir. İslam düşmənləri məhz bu birliyi pozmağa çalışırlar. Ancaq xalq möhkəm durub. İnşaallah, 22 bəhmən günü Uca Allahın yardımı ilə İran xalqı bir daha sübut edəcək ki, özünün söz və güc birliyi ilə Amerika, İngiltərə və sionistlərin ağzına onları keçmişdə olduğu kimi mat-məəttəl qoyacaq bir yumruq vura bilər.

İslam Respublikası İslamın rəhbərliyi altında özünün İslami düşüncədən qaynaqlanan şərəfli yolunda, təhlükəsizlik və ədalət yolunda, xalq hakimiyyəti yolunda irəliləməyə davam edəcək; tərəddüd etmədən, zəiflik göstərmədən addımlayacaq. Əlbəttə, bunun layiqli qiymətini gələcək nəsillər verəcək! Bilin ki, müasir gəncliyimiz və gələcək nəsillər xalqımızın imperializmə qarşı mübarizədə topladığı zəngin təcrübə ilə zirvələrə doğru gedən yolda irəliləyərək onları fəth edəcək. İran xalqı bu zirvələrə layiqdir. Müdrik, çalışqan, imanlı bir xalq inqilabın bizə bəxş etdiyi İslamdan qaynaqlanan azadlığı əldə edərsə, heç bir zaman öz irəliləyişini dayandırmaz. İnşaallah, siz gənclər o günləri görəcəksiniz. Bunun üçün gərək sizlərdən hər biriniz öz sahənizdə əzmlə çalışasınız.

Hərbi Hava Qüvvələrinin komandirinin də qeyd etdiyi kimi, Hərbi Hava Qüvvələri çox gözəl nailiyyətlər əldə etmişdir. Sizin müxtəlif sahələrdə əldə etdiyiniz bu nailiyyətlərdən biz də xəbərdarıq. Bu irəliləyişlər heç bir halda dayanmamalıdır. Əldə etdiklərinizlə kifayətlənməyin. Yeni-yeni təşəbbüslər göstərin. Siz bundan da artığına layiqsiniz və sizin xalqınız bundan da yüksək səviyyəli Hava Qüvvələrinə malik olmağa layiqdir. Bütün Silahlı Qüvvələr, o cümlədən, Hərbi Hava Qüvvələri İran xalqının nüfuzunu, möhkəmliyini tanıtmalı, bu xalqın sarsılmazlığı və qüdrətini hər kəsə göstərməlidir. İnşaallah, belə də olacaq.

Ümid edirəm ki, Uca Rəbbim İslam Respublikasının Hava Qüvvələri və ordusunda, habelə bütün Silahlı Qüvvələrində şəhid olmuş əziz övladlarımıza övliyalarla bir cərgədə yer ayıracaq. Bu günlər adətən xalqımız üçün başqa günlərlə müqayisədə dahi imam Xomeyninin (r.ə) xatirəsi ilə daha əziz və əlamətdardır. Ümidvaram ki, Allah-Taala Ali Məqamlı İmamımıza (r.ə) müqəddəslərlə eyni sırada durmağı nəsib edər. İmam Sahibəz-Zəmanın (ə.f) müqəddəs qəlbi sizlərdən razı olsun, İnşaallah!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei
8 fevral, 2010-cu il