Ali Məqamlı Rəhbərin informasiya bloku

Elmi İşlər naziri və Tehran Universitetinin müəllimləri ilə görüş

 – Mehriban və bağışlayan Allahın adı ilə!

Bugünkü görüşümüz olduqca ürəyəyatan və arzuolunan bir görüşdür. Xüsusilə burada çıxış edən yoldaşların qeyd etdiyi məsələlər mənim üçün, həqiqətən də, faydalı oldu. Yoldaşlar həm humanitar elmlərlə, həm elmlərarası əlaqə və bu məsələnin detalları ilə, həm aqrar sahə ilə (Bu məsələ ilə bağlı qeyd etdikləri proqramı mütləq bizə gətirsinlər ki, nəzərdən keçirib istifadə edək), həm də elmi tədqiqatlarla bağlı mühüm fikirlər səsləndirdilər. Tehran Universitetinin hörmətli rektoru, professor Fərhad Rəhbərin təqdim etdiyi məlumat da çox faydalı, sevindirici və ümidverici idi. Çox yaxşı olar ki, elmi tərəqqi və nailiyyətlərlə bağlı olan bu dəyərli məlumat geniş ictimaiyyətin diqqətinə də çatdırılsın. Doğrudan da, bu gün dünya ictimaiyyəti İslam Respublikasının ölkədə elmin inkişafında, aparılan tədqiqatlarda, universitetlərin sayının artırılmasında, elmi işin keyfiyyətində, habelə elmi kəşflərin və məqalələrin çoxalmasında nə qədər mühüm rol oynadığını bilmir. Elə İslam İnqilabının əvvəllərində də müxalif və düşmən qüvvələr inqilabın elmə qarşı olması ilə bağlı yalan və hay-küylü təbliğat aparırdılar. Halbuki, İslam İnqilabı, sözün əsl mənasında, elmə əsaslanır; bu barədə az sonra qısaca danışacağıq. Buna görə də mənim fikrimcə, yaxşı olar ki, bir qədər əvvəl qeyd etdiyiniz statistika ictimaiyyətdə geniş surətdə yayılsın.

Bugünkü görüşümüz mənim üçün olduqca gözəl bir fürsətdir. Belə ki, burada toplaşan insanlar özəlliyi ilə seçilən insanlardır: ölkənin ən yüksək ali təhsil ocağının ‒ Tehran Universitetinin rəhbərliyini təmsil edən, cəmiyyətdə özünəməxsus nüfuzu və təsir gücü olan görkəmli şəxslərdir. Tehran Universiteti, sözün həqiqi mənasında, bütün İranın universitetidir; Tehran Universiteti həmişə stimulverici, avanqard bir təhsil ocağı olmuşdur və İnşaallah, bundan da artığını nümayiş etdirəcəkdir. Bugünkü görüşümüzə Tehran Universitetinin məsul rəsmiləri təşrif gətirib. Elə bu səbəbdən də onların rəyini eşitmək, eləcə də öz fikrimizi bildirmək üçün bu gün olduqca gözəl bir fürsətdir. Hörmətli professor Fərhad Rəhbərin irəli sürdüyü təkliflə ‒ bəndənizə universitetin fəxri doktoru adının verilməsi məsələsi ilə bağlı bir cümlə demək istərdim. Əlbəttə ki, Tehran Universitetinin bəndənizə qarşı öz sevgi və ehtiramını bu şəkildə təzahür etdirməsi bizim üçün böyük fəxrdir. Lakin mənim akademik dərəcələrlə, doktorluqla işim yoxdur; teoloji elmlər sahəsi mənim üçün kifayətdir. Biz hələ yeniyetməlik və gənclik dövründə ömür boyu teoloji elmləri öyrənəcəyimiz, bu biliklərin ardınca gedəcəyimiz barədə Uca Yaradanla sözdə və əməldə əhd-peyman bağlayıb and içmişik. Bu anda sadiq qala bilsəm, Allahın yardımı ilə dini elmlər yolunda irəliləyə bilsəm, mənim üçün bu, daha yaxşı və arzuolunandır. Sizin bu jestiniz mənim üçün olduqca qürurverici olsa da, təklifinizi qəbul etmədiyimi bildirir və hamınıza işinizdə uğurlar arzu edirəm!

Bir neçə məsələni xüsusilə qeyd etmək istəyirəm. Şübhəsiz, sizlər də həmin məsələləri gözəl bilirsiniz, çünki özünüz bu işlərdə mütəxəssissiniz. Mən uzun illərdir ki, bir problemi dönə-dönə vurğulayaraq qeyd edirəm: daha çox işləməliyik, bütün gücümüzü səfərbər edərək əzmlə çalışmalıyıq, çünki geridə qaldığımız məqamlar çoxdur. Geridə olduğumuzu da etiraf etməliyik. Ölkəmizin, İslam İnqilabımızın və İslam dövlətimizin problemi müasir dünyada yüzlərlə ölkə və xalq içərisində yeganə olmasında deyil. Əlbəttə, mən görüşlərdən birində qeyd etmişdim ki, ölkəmizin ərazisi dünya ölkələrinin birgə ərazisinin yüzdə biri qədərdir; əhalimiz də ümumi dünya əhalisinin yüzdə birini təşkil edir. Lakin bizim problemlərimiz dünya ölkələrinin və xalqlarının problemindən fərqlənir. Belə ki, bizim özünəməxsus missiyamız var. İran İslam dövlətinin, müsəlman İranının öhdəsinə hər hansı bir dövlətdən və xalqdan daha böyük, daha məsuliyyətli bir missiya düşür. Biz əsla və əsla dünyanı fəth etmək, işğal altına salmaq niyyətində deyilik! Şübhəsiz ki, müsəlman olan heç bir şəxs dünyanı fəth etmək, işğal altına salmaq fikrinə düşə bilməz! Söhbət bəşəriyyətin qarşısında öhdəmizə düşən missiyadan gedir. Bəşəriyyət bu gün olduğu kimi keçmişdə də böyük bəla və çətinliklərə düçar olmuşdur. Sizlər və mən – bizim hamımız öz ailəmizə, öz şəhərimizə, öz vətənimizə qarşı ortaq məsuliyyət daşıdığımız kimi bəşəriyyətə qarşı da məsuliyyət daşıyırıq. Ölkəmiz üçün nə isə edə bildiyimiz təqdirdə bunu əsirgəsək, günah etmiş sayılarıq. Xalqımızı xoş günə çıxara biləcəyimiz halda bunu etməsək, sözsüz ki, günah etmiş oluruq! Bəşəriyyətə münasibətdə də eynilə bu cürdür! Yer üzünün hər hansı bir məntəqəsində insanların yalançı və zülmkar siyasi rejimin təzyiqləri altında yaşadığını bilir, həmin xalqı istibdadçı rejimin zülmündən qurtulmağa bircə addım da olsa, yaxınlaşdırmaq iqtidarında ola-ola, bunu etmiriksə, günah etmiş oluruq! Dünya əhalisinin bəlli bir hissəsinin aclığa, üzücü və bədbəxtliklər gətirən yoxsulluğa düçar olduğunu görür, onlara yardım üçün tədbir görə bildiyimiz halda köməyimizi əsirgəyiriksə, demək, günah etmişik! Bəşəriyyətin və Yer kürəsinin problemlərinə məhz bu aspektdən yanaşmaq lazımdır. Belə olan təqdirdə isə ölkəmizin, xalqımızın, bütövlükdə dövlətimizin və hakim quruluşumuzun güclü, qüdrətli olması olduqca vacibdir. Biz qüdrətli olmasaq, dünyadakı qüdrətli dövlətlər bizə təsir göstərə bilərlər və o zaman nəinki bütün bəşəriyyətə, heç öz yaxın qonşularımıza və dindaşlarımıza belə təsir göstərməyimizə macal qalmaz. Elə isə, güc-qüdrət əldə etmək lazımdır! Bu güc-qüdrət isə, sözsüz ki, nə hərbi təchizat, nə də istehsal qabiliyyəti və texnologiyanın inkişafı baxımından ola bilməz.

Mənim fikrimcə, güclü və qüdrətli bir xalq olmaq üçün, ilk növbədə, iki başlıca amilə ehtiyac var: bunlardan biri elm, ikincisi isə imandır. Elm güc və qüdrətin mənbəyidir; bu gün də belədir, tarix boyunca da bu, belə olub. Gələcəkdə də elə bu cür olacaq. Elm zaman-zaman hər hansı bir texnologiya sahəsinin inkişafı ilə ölçüləcək, bəzən isə heç də bu cür olmayacaq. Elmi biliklər öz-özlüyündə qüdrət, maddi sərvət, hərbi güc, siyasi nüfuz mənbəyidir. Rəvayətlərdən birində belə buyurulur:

العلم سلطان

“Elm hakimiyyətdir”.

من وجده صال به و من لم يجده صيل عليه

Yəni məsələnin iki tərəfi var: elminiz olsa, sözünüzə qulaq asacaqlar; başqa sözlə desək, hökmranlıq edəcəksiniz.

صال

bax, budur! Yox əgər elminiz olmasa, sizin üçün başqa bir yol yoxdur:

صيل عليه

Yəni elmi olan kəs sizə hakimlik edəcək; taleyinizə, müqəddəratınıza müdaxilə edəcək. İslami biliklər xəzinəsi belə deyimlərlə doludur. Digər mühüm amil isə imandır. İman mövzusu ayrıca bir mövzudur; bu barədə ətraflı danışmağa ehtiyac var.

Deməli, elmin üzərində təkidlə durmaq lazımdır. Burada qeyd olunan nailiyyətlər olduqca mühümdür, həm də bütün bunlar İslam İnqilabından doğmuş azadlıq və azad fikir atmosferi nəticəsində ərsəyə gəlib. Əgər biz hələ də xaricdən asılı diktatura rejiminin hakimiyyəti dövründə yaşamış olsaydıq, bunların heç birinə nail ola bilməzdik. Yəni zamanın axarı öz-özlüyündə bu inkişaf və tərəqqini bizə bəxş etməzdi. Axı o zamanlar diktatura, xarici dövlətlərdən asılılıq hökm sürürdü. Lakin ola bilsin ki, diktaturanın hakim olduğu bir dövlətdə inkişaf da müşahidə oluna bilər. Misal üçün, dövlətin başında Napaleon Bonopart kimi dövrünün diktatoru olan, lakin akademiya təsis edən bir şəxs dura. Fransada Napaleonun hakimiyyətdə olduğu 14-15 il ərzində elm sahəsində sonralar, demək olar ki, 100 il boyunca müşahidə olunmayan böyük irəliləyişlər əldə olundu. Həmin elmi nailiyyətlər bu gün də Fransa üçün iftixar mənbəyidir. Axı Napaleon ağıllı, çalışqan, təşəbbüskar, dərindüşüncəli bir insan idi və ətrafına da dərrakəli insanları toplamışdı. Bəzən isə diktatura xaricdən asılılıqla, köləliklə müşayiət olunur. Bizim uzun illər boyunca düçar olduğumuz diktatura, bax, bu qəbildən idi: Pəhləvi hakimiyyəti dövründə bir cür, Qacar hakimiyyəti dövründə də ayrı cür. Qacarların hakimiyyəti dövründə də biz başqa cür kölə və asılı vəziyyətə düşmüşdük. Yəni Nəsrəddin şah kimilərin hökmdarlıq etdiyi istismarın çiçəklənmə dövründən əvvəl də, təəssüflər olsun ki, biz işğal altında idik. İstibdad və diktatura xalqın azadlığını əlindən alır, lakin yadellilərin siyasətini ölkəyə zorla tətbiq etdikdə isə bu, artıq həm də köləlik xarakteri kəsb edir. O zamanlar diktatura və xarici asılılığın ikisi də birlikdə olduğu üçün biz heç bir inkişaf və irəliləyiş etmirdik. Hal-hazırda start verdiyimiz inkişaf və yüksəliş isə böyük İslam İnqilabının məhsuludur. Biz bu tərəqqi və inkişafın davamlı olmasını istəyiriksə, daha çox işləməli, cidd-cəhdlə çalışmalıyıq! Çoxlu səy göstərmək lazımdır və ali təhsil müəssisələri bu işdə önəmli rola malikdirlər. 

Xüsusilə Tehran Universiteti ilə bağlı bir neçə önəmli məqamı qeyd etməyim yerinə düşər. Mən akademik dairələrin nümayəndəsi olmasam da (Burada çıxış edən yoldaşlardan biri mənim barəmdə: “Akademik dairələrə aid olan bir insandır” – dedi. Xeyr, bu, heç də belə deyil!), universitetlərlə, tələbələrlə və ali təhsil ocaqlarında çalışan insanlarla artıq çoxdandır ki, sıx əlaqədə oluram. Zaman-zaman müxtəlif məsələlərlə bağlı Tehran Universitetinə gəlmişəm; burada mənə məhrəm olan səmimi bir atmosferlə əhatə olunduğumu hiss etmişəm. Halbuki, o zamanlar universitet mühiti zahiri baxımdan bizim libasımız, əmmaməmiz və s. ilə heç cür uyğun gəlmirdi. Lakin insan burada dostcasına, səmimi bir atmosfer müşahidə edirdi. Digər ruhani dostlarımızın da bu ali təhsil ocağına münasibəti eyni idi. Bəlkə məhz elə buna görə də imam Xomeynini (r.ə) qarşılamalı olan məsul şəxslər onun gəlişi təxirə salındığı zaman sığınacaq kimi Tehran Universitetini seçmişdilər. Bu, sırf bir təsadüf deyildi. Əslində, bu, universitetlərlə, xüsusilə də Tehran Universiteti ilə özünəməxsus mənəvi bağlılığın göstəricisi idi. Mən mərhum cənab Behişti ilə birlikdə buraya gəlib universitetin şərq tərəfindəki girişdən universitetə daxil olduğumuz günü heç vaxt unutmaram. Elə bu görüşümüzdə iştirak edən möhtərəm alimlərdən və əziz dostlarımızdan biri bizdən əvvəl universitetə getmiş, lazımi əlaqələndirici söhbətlər aparmışdı. Buna görə də universitetin şərq tərəfdəki girişi bizim üçün açılmışdı. Çünki cənubdakı əsas girişdən universitetə daxil olmağımıza icazə verilmirdi. Biz şərqdəki girişdən Tehran Universitetinə daxil olub universitetin məscidinə getdik və məscidin arxa hissəsindəki kiçik otağa (Görəsən, həmin otaq bu gün də varmı?!) gedib orada yerləşdik. Elə həmin gün həmin otaqdan “bəst bəyannaməsi”ni – sığınacaqda olduğumuz barədə bəyannaməni yaydıq. Biz sözlə, bu insanların və bu münasibətlərin zehinlərdə kökü və tarixi keçmişi var. Həm biz universitetə müsbət və nikbin yanaşır, həm də universitet bizi özününkü kimi, səmimi qəbul edirdi. Sonralar da, görünür, elə həmin səbəbdən cümə namazının qılınması üçün məkan olaraq Tehran Universiteti seçildi. Sözsüz ki, Tehranda uyğun məkanlar çox idi və başqa cür də seçim edilə bilərdi. Lakin cümə namazının məkanı Tehran Universitetinin həyəti oldu. Bu günə qədər də cümə günlərində qəlbi stimulla dolu olan insanların üz tutduğu yer məhz Tehran Universitetidir. Bu, olduqca əhəmiyyətli bir faktdır.

İslam İnqilabının ilk illərində də mən həftədə bir dəfə Tehran Universitetinə gəlir, tələbələrlə görüşüb söhbət edirdim. Universitetin məscidinə – səhv etmirəmsə – ardıcıl olaraq bir ildən artıq gediş-gəlişimiz oldu. Tehran Universitetinə gəlir, oranın məscidində tələbələrlə söhbət edir, suallarını cavablandırırdım. Allaha çox şükürlər olsun ki, Tehran Universiteti mühüm və avanqard bir elm ocağı olmaqla yanaşı, din, mənəviyyat və iman baxımından da (qeyd etdiyim ikinci vacib faktor baxımından) diqqətəlayiq bir mərkəzdir. Bu amili qənimət bilmək və lazımınca qiymətləndirmək olduqca zəruridir. Demək istədiyim budur ki, elmin əhəmiyyəti qeyd etdiyimiz qədərdirsə, Tehran Universiteti bu sahədə öz avanqardlıq missiyasını daha da artırmalı, daha çox və intensiv iş aparmalıdır.

Bir az bundan əvvəl ixtiralardan söhbət düşdü. Müəyyən qədər ixtiralar, kəşflər olub, yeni işlər görülüb. Elmi nailiyyətlərlə mən kifayət qədər tanışam. Çünki bizə bu barədə müxtəlif yerlərdən məlumatlar çatır. Lakin, sözün doğrusu, mən elmi inkişafın bu səviyyəsindən razı deyiləm və həqiqətən də, bugünkü elmi nailiyyətlər qaneedici səviyyədə deyil. Sözsüz ki, bu cür mövzular yalnız bugünkü görüşümüz kimi xüsusi sferalarda müzakirə oluna bilər. “Elmi nailiyyətlərin bugünkü səviyyəsi qaneedici deyil!” – deyiriksə, bu, heç də o demək deyil ki, biz nəyi isə edə bilərdik, amma etməmişik. Xeyr, ola bilsin ki, heç kəs müqəssir deyil, bundan artığını etmək mümkün olmayıb. Ola bilsin ki, problemin reallığı da elə budur. Lakin bu reallıq da mənim üçün sevindirici deyil. Çünki bu gün bizim olduğumuz mərhələ ilə çatmalı olduğumuz mərhələ arasında xeyli fasilə var. Mən sizlərdən bir o qədər də çox şey istəmirəm. Mən demirəm ki, hökmən 10-20 il ərzində dünya elminin ön sıralarına çatmalıyıq. Lakin biz qarşımıza məqsəd qoymalıyıq. Belə ki, yaxın 50 il ərzində ölkə elmi asılılıqdan mütləq xilas olmalıdır. “Elmin istehsalı”, bax, bu, deməkdir. Elm hər hansı bir əmtəə deyil ki, onun istehsalı da başqa məhsullara bənzəsin. Bunun üçün bir sıra hazırlıq işlərinə və ön şərtlərə ehtiyac vardır. Lakin biz elə bir mərhələyə çatmalıyıq ki, elmi bilikləri geniş surətdə inkişaf etdirək, elmin dərinliklərinə varaq, yeni elm sahələri ilə yaxından tanış olaq. Axı bəşəriyyətin malik ola biləcəyi elmi biliklər yalnız bu gün bizim əlimizdə olan elm sahələri ilə məhdudlaşmır. Bir çox elmi biliklər var ki, bəşəriyyət onları mütləq gələcəkdə mənimsəyəcək. Necə ki, bugünkü modern elm sahələrinin bir çoxu yüz il bundan qabaq mövcud deyildi. Burada qeyd olunan humanitar elmlərin bir çoxundan da yüz il əvvəl əsər-əlamət yox idi. Nə elm sahələri, nə də həmin sahələrdə elmi tədqiqatlar var idi. Bütün bunlar sonradan meydana gəldi. Lakin bəşəriyyət daha geniş imkanlara malikdir. Yəni dünyanı tanıma, elmi biliklər əldə etmə qabiliyyəti bugünkündən daha böyükdür. Biz bütün elm sahələrində mümkün qədər irəli getməliyik. Əlimizdən gəldiyi qədər elmi biliklərə yiyələnməli, əlbəttə ki, elmi insanların xoşbəxtliyi və səadəti üçün vasitəyə çevirməliyik. Dinin – İslamın elmə yanaşması ilə materializmin elmə baxış aspekti arasındakı fərq də məhz bundan ibarətdir. Biz elmi bəşəriyyətin səadəti, tərəqqisi, çiçəklənməsi, insanlığın özünün çoxdankı arzusuna çatması – dünyada ədalətin bərqərar olması  üçün istəyirik. Dəfələrlə demişik ki, bəşəriyyət qədimdən bəri yer üzündə ədalətin bərqərar olmasını arzu edir. Hələ ən qədim dövrlərdən bəri insanlar ədalətsizlikdən əziyyət çəkmişlər. Bu gün də dünyada ədalətsizlik mövcuddur: modern ədalətsizlik, silahlı ədalətsizlik, etiraz edilməsi mümkün olmayan ədalətsizlik. Bu gün dünyada elə ədalətsizliklər var ki, heç kəs onlara qarşı öz etirazını bildirə bilməz. Kimsə etiraz səsini ucaldan kimi elmin müxtəlif imkanlarının, müasir dövrümüzdə gündən-günə çiçəklənməkdə olan informasiya texnologiyalarının köməyi ilə dərhal susdurulur. Özünüz də görürsünüz ki, bu gün İslam Respublikasının başına nələr gətirirlər. Məgər İslam Respublikası nə deyir, nə istəyir?! İslam Respublikasının əleyhinə bu qədər təbliğat, bu qədər məkrli planlar nə üçündür? İslam Respublikası nə hansısa bir ölkəni işğal etmək, nə də hansısa bir xalqın nümayəndələrinə zərbə vurmaq, ziyan vermək niyyətindədir. İslam Respublikasının bəşəriyyətə mesajı var: İslam Respublikası insanın mənəvi xoşbəxtlik və rifahı iddiasındadır! Bunu yaxşı bilirlər, ona görə də bu qədər təzyiqlər edir, problemlər törədirlər. Müasir dünyamızda da, bax, belə bir ədalətsizlik hökm sürür. Elm bu ədalətsizliyə qarşı mübarizə aparmalıdır. Halbuki, bu gün elm həmin ədalətsizliyin xidmətində durub. Müasir dünyamızda elm zülmkar insanlara, ən zalım toplumlara xidmət edir. Buna mütləq son qoymaq lazımdır! İslamın elmə baxışı nəcib, şərəfli, qərəzsiz və mənəviyyatdan doğan bir baxışdır. Elm bizə buna görə lazımdır. Bəli, bu yolda əzmlə çalışmaq lazımdır.

Məncə, diqqət yetirilməsi vacib olan məsələlərdən biri də universitetlərdə konkret mədəniyyətin formalaşdırılması məsələsidir. Universitet mühitində mədəniyyət məsələsinə olduqca böyük əhəmiyyət vermək lazımdır. Əlbəttə, ali təhsil ocağının başlıca missiyası elmdir. Buna heç bir şübhə yoxdur. Lakin tələbələrdə elmə qarşı elə ilk gündən etibarən yuxarıda qeyd etdiyim yanaşma tərzi formalaşdırılmalıdır və bu, tamamilə mümkün olan bir işdir.

Burada çıxış edən yoldaşlardan biri qeyd etdi ki, xalqın nümayəndələrində birlik və həmrəylik ruhu formalaşdırılmalıdır. Bəli, bu, arzuolunan bir haldır, lakin heç də asan bir iş deyil. Bunun üçün müəyyən hazırlığa ehtiyac var. Mənim təkidlə vurğuladığım məsələ, yəni ilk günlərdən etibarən tələbələrdə elmə münasibətlə bağlı konkret mədəniyyətin formalaşdırılması məsələsi isə tamamilə mümkün olan bir işdir. Universitetlərin aparıcı rəhbərliyi müvafiq proqramlar tətbiq etməklə bu məqsədə nail ola bilərlər. Habelə bunu dərsliklərin köməyi, müəllim seçimi, tələbələr üçün keçirilən cürbəcür tədbirlər vasitəsi ilə də təmin etmək mümkündür. Bir sözlə, bu, olduqca incə bir məsələdir.

Ümumiyyətlə, mədəniyyət məsələsi müdrik yanaşma tələb edən bir məsələdir. Elm öyrənməyin özü də bir mədəniyyətdir. Biz universitetlərdə müvafiq mədəniyyətin formalaşdırılması məsələsinə lazımi diqqət yetirsək, həm tələbələrimizdə elmə, elmi tədqiqatlara qarşı sevgi və rəğbət yaranar, onlar sırf diplom almağı düşünməzlər, həm də müəllimlərimiz auditoriyalara sinif otağında sadəcə öhdəsinə düşən vəzifəyə əməl etmək psixologiyası ilə daxil olmazlar. Bir çox hallarda elə universitetlərin özündən bizə məlumat gəlib çatır ki, bəzi müəllimlərin keçdiyi dərslər sırf vəzifə borcuna əməl etmək xarakteri daşıyır. Belə ki, onlar yalnız auditoriyaya girib öhdəsinə düşən vəzifəyə əməl etməyi, dərsini deyib çıxıb getməyi düşünürlər. Halbuki, müəllimin tədris fəaliyyəti təkcə vəzifə borcuna əməl etməkdən ibarət olmamalıdır. Burada tədris prosesinə sevgidən, elmə, tələbələrin tərbiyələndirilməsi işinə həvəs və maraqdan da söhbət getməlidir.

Universitet müəllimi öz tələbələri ilə ata və qardaş kimi davranmalı, onları taleyin ümidinə buraxmamalıdır. Xoşbəxtlikdən, hal-hazırda elmi-teoloji mərkəzlərimizdə bu hal müşahidə olunur və gözəl müəllim-tələbə münasibəti artıq bir ənənə şəklini almışdır. Elmi-teoloji mərkəzlərdə dərs deyən müəllimlər şagirdlərin cürbəcür suallar verməsini, hər hansı bir məsələni dərindən araşdırmasını normal qəbul edir və onlara canla-başla köməklik edirlər. Hətta bəzi müəllimlər tələbələri sinif otağından evlərinə qədər müşayiət edir, orada da birlikdə oturur, suallar verirlər. Müzakirələr bəzən saatlarla davam edir. Bu, müsbət bir haldır, lakin bu kimi şeylər rəsmi qərarlar qəbul etməklə mümkün olmur və burada konkret mədəniyyətin formalaşmasına böyük ehtiyac var. Özünüz də bilirsiniz ki, mən ildə bir neçə dəfə ali təhsil ocaqlarında çalışan insanlarla, möhtərəm müəllimlərimizlə görüşürəm və bu məsələni dəfələrlə qeyd etmişəm; ali təhsil ocaqlarında çalışan müəllimlərimizin özləri də bunu dəfələrlə vurğulayıblar. Dövlət də öz növbəsində 4-5 il bundan əvvəl təhsillə bağlı müvafiq qərarlar qəbul edib. Sizlər də, mənim özüm də həmin qərarlara düzgün əməl olunmadığını yaxşı bilirik. Bəs problem nədədir? Problem məhz mədəniyyət məsələsindədir. Yaxud elmi tədqiqat və araşdırmalar məsələsini götürək. Çıxış edənlər qeyd etdilər ki, bizim qadınlarımızda, kişilərimizdə, müəllimlərimizdə və tədqiqatçılarımızda elmi tədqiqata böyük maraq və həvəs var. Bəli, bu, olduqca vacib və əhəmiyyətli amildir. Bəşəriyyətin ən önəmli ixtiraları pul və sifarişlə deyil, böyük həvəs, maraq və fədakarlıqla ərsəyə gətirilmiş ixtiralardır. Bəzən dahi ixtiraçılar istədikləri nəticəni almaq üçün olduqca çətin şəraitdə çalışmış, ömrünün uzun illərini bu işə sərf etmişlər. Əlbəttə, əməyinin müsbət nəticəsini əldə etdikdən sonra, ola bilsin ki, onlara şan-şöhrət, pul və s. də üz verib. Lakin başlıca amil tədqiqata şövq, maraq, hər şeyin dərinliyinə gedib incəlikləri öyrənmək həvəsi olub. Bunun üçün isə lazımi mədəniyyətin formalaşmasına ehtiyac duyulur və cəmiyyətə məhz bu mədəniyyət aşılanmalıdır. Bilirsiniz ki, hər bir xalqın özünəməxsus cəhətləri vardır. Belə ki, bəzi xalqlar ümumi keyfiyyətlərə, digərləri isə tarixi, coğrafi, iqlim və s. kimi faktorlardan asılı olan spesifik keyfiyyətlərə malikdirlər. Biz öz xalqımızda elmi tədqiqata qarşı bu şövq və həvəsi, təhqiqatçı marağını, yorulmadan, mütəmadi elmi araşdırmalar aparmaq psixologiyasını formalaşdırmalıyıq. Xalqımızda bu psixologiya zəifdir, yaxud yox dərəcəsindədir. Burada qeyd olunan kollektiv əmək məsələsi də bu cürdür; təəssüf ki, kollektiv əmək də bizim xalqımızın spesifik xüsusiyyəti deyil. Milli idman növlərimizi avropalılara məxsus idman növləri ilə müqayisə etdikdə də bu mənzərə açıq-aydın müşahidə olunur. Milli idman növümüz olan güləş fərdi idman növlərindəndir. Hətta kollektiv idman növü olan klassik İran güləşinə baxsaq, burada da hər kəsin fərdi fiziki hərəkətlər etdiyini görərik. Özünüz də bilirsiniz ki, pəhləvanlar zorxana arenasına daxil olduqda kollektiv idman etmirlər; sadəcə, idman hərəkətlərini birgə yerinə yetirir, lakin hər kəs təklikdə idman edir. Bu, futbol, yaxud voleybol oyunları kimi deyil ki, birinin gördüyü iş o birini tamamlasın, kollektiv surətdə iş görülsün. Bütövlükdə götürsək, bizdə kollektiv iş vərdişi yoxdur. Bu, bizim millətin nöqsanıdır və onu düzəltmək lazımdır. Cəmiyyətə kollektiv əmək mədəniyyəti aşılanmalıdır. Bəs bunu kim etməlidir? Əlbəttə ki, ali təhsil ocaqları. Buna görə də universitetlərimiz elmdən əlavə cəmiyyətdə konkret mədəniyyətin formalaşdırılması məsələsi ilə də ciddi məşğul olmalıdırlar.

Biz qarşımızdakı gənc tələbəni səbirli, möhkəm əqidəli, əməksevər, tədqiqata meyilli, kollektiv işi sevən, güzəştə getməyi bacaran, ağlını emosiyalarından önə çəkən, insaflı, hər şeyin vaxtını və yerini bilən, əmək vicdanlı bir insan kimi tərbiyə edə bilərik. Ona bu kimi keyfiyyətlərin tam əksini də aşılaya bilərik. Lakin universitetin ixtiyarına verilən hər bir tələbə ‒ 18-19 yaşlı gənc qeyd etdiyim ülvi keyfiyyətlərlə tərbiyə olunmağa layiqdir. Xüsusilə ali təhsilin birinci mərhələsində ‒ bakalavr pilləsində bu məsələ üzərində ciddi fikirləşmək, müvafiq proqramlar işləyib-hazırlamaq olar. Belə bir mənəvi-əxlaqi keyfiyyətlərə malik olan yeni nəsil yetişdirmək sizin əlinizdədir. Bunun üçün isə effektiv fəaliyyət proqramlarına ehtiyac var; şübhəsiz, bu, yalnız plakatlar yapışdırmaq, qanun çıxarmaq və s. ilə əldə oluna bilməz.

Elmi iş üçün sizlərə müvafiq irimiqyaslı fəaliyyət proqramları gərək olduğu kimi bu işin reallaşması üçün də geniş və əhatəli fəaliyyət proqramlarına ehtiyac var. Bu cür fəaliyyət proqramları isə ali təhsil ocaqlarının daxilində işlənib-hazırlanmalıdır. Yəni bu, elə bir məsələ deyil ki, biz: “Müvafiq proqramlar kənar qurumlar tərəfindən hazırlanaraq universitetlərə təqdim olunsun!” – deyə göstəriş verək; belə bir sərəncam verməklə işi yoluna qoyaq. Tələbələrin mənəvi-əxlaqi və ideoloji tərbiyəsi universitetlərin içindən qaynaqlanmalı olan bir məsələdir. Mən bütün bunları ona görə vurğulayıram ki, İnşaallah, lazımi zəmin və təfəkkür istiqaməti formalaşsın, universitetlərdə konkret mədəniyyətin formalaşdırılması məsələsi üzərində müvafiq iş aparılsın.

Əlbəttə ki, mədəniyyətin formalaşdırılmasının mühüm bir istiqamətini də dini məsələlər ‒ dinlə sıx ünsiyyət qurmaq, ibadətə yaxınlaşmaq, ibadətin ləzzətini dadmaq təşkil edir. Pəhləvi rejiminin bağışlanmaz günahlarından biri də ali təhsilli insanları dindən ayırması, onları Qurani-Kərimdən, Səhifeye-Səccadiyyədən, Nəhcül-bəlağədən qəti surətdə uzaqlaşdırması idi. Sonralar da bu vəziyyət təxminən İslam İnqilabından sonrakı dövrlərə qədər davam etdi. Sözsüz ki, İslam İnqilabının qələbəsindən artıq 30 il ‒ yeni bir nəslin yetişməsinə bəs edəcək qədər vaxt ötüb. Bu müddət ərzində bir çox işlər görülə bilərdi. Lakin biz də, demək olar ki, həmin yolu davam etdirdik.

Əziz dostlar! Üzümü sizlərə tutub deyirəm: Quranla ünsiyyətdə olmaq, Quranın, habelə Səhifeye-Səccadiyyə və bu kimi bir sıra digər mötəbər və təsirli duaların ifadə etdiyi mənalar barədə dərindən düşünməyin insanın öz dini biliklərini artırmasında böyük rolu var. İslami biliklərini, din barədə məlumatını artırmaq, dinin həqiqi mahiyyətini dərk etmək olduqca mühümdür. Ola bilər, kimsə sırf emosional stimulla camaat namazlarında, etikafda, imam Hüseynin (ə) əzadarlıq məclislərində və digər dini mərasimlərdə iştirak edə, lakin qəlbinin dərinliyində dinin həqiqi mahiyyətini dərk etməyə. Ona görə də bu cür insanlar bəzən çətinliyə, dolaşıqlığa düşəndə başlarını itirir, özlərindən çıxırlar. Bunun səbəbi isə dinin gerçək mahiyyətindən bixəbər olmaqdır.

Bu kimi hallara çox rast gəlmişik. Elə İslam İnqilabının ilk illərində inqilabçılar arasında bizlərdən – saqqal saxlayan, əmmamə geyənlərdən daha dindar, möhkəm əqidəli, dinə münasibətdə bizdən də prinsipial və təəssübkeş görünən insanlar var idi. Lakin sonradan onların, az öncə qeyd etdiyim kimi, çətinə düşəndə dərhal geri durduqlarını, cəsarətsizlik nümayiş etdirdiklərini gördük. Məlum oldu ki, heç də tutduqları yola möhkəm bağlı deyilmişlər. Buna görə də dini bilikləri daha da dərinləşdirmək, İslamın gerçək mahiyyətini dərindən öyrənmək olduqca mühümdür. İslami bilgilərlə yaxından ünsiyyət qurmaq çox əhəmiyyətlidir. Bunun özü də cəmiyyətə aşılanmalı olan mədəniyyətin bir hissəsidir. Bu mühüm işləri həyata keçirəcək fədakar insanlara böyük ehtiyac var və bu missiyanı yerinə yetirmək sizlərin üzərinə düşür. Bu işi görəcək başqa bir kəs yoxdur. Sizlər – tədqiqatçı qrupların rəhbərləri bu önəmli və fədakar missiyanı layiqincə yerinə yetirməlisiniz. Bu işi administrativ tədbirlər vasitəsilə yoluna qoymaq, misal üçün, hansısa elmi mərkəzə, akademik sferaya kənardan təlqin etmək mümkün deyil. Bu kimi məsələlər haqqında oturub yaxşıca düşünmək lazımdır. Unutmamalısınız ki, bu işlər olduqca böyük əhəmiyyət kəsb edir.

Qeyd etmək istədiyim digər məsələ isə universitetlərdəki siyasi atmosfer məsələsidir. Özünüz də bilirsiniz, mən keçmişdən bəri bu əqidədəyəm ki, universitetlərdə siyasi baxımdan canlanma əhval-ruhiyyəsi daim qorunub-saxlanmalıdır. Bu, gənclərə optimist ruh bəxş edən zəruri bir amildir. Bizə isə optimist bir gənclik lazımdır. Siyasətdən uzaq olan və siyasi məsələlərdən tamamilə kənarlaşmış bir ali təhsil ocağında optimizm və yüksək əhval-ruhiyyə əsla müşahidə olunmaz. Bundan başqa, belə bir universitet gənclərin ideologiyasını və davranışını korlayan “virus”ların inkişafı üçün münasib bir məkana çevrilər. Ona görə də universitetlərdə siyasətin olması yaxşı və arzuolunan bir haldır. İntəhası, “universitetlərin siyasiləşməsi” ilə “universitetlərdə siyasətin müşahidə olunması” ifadələrini qarışdırmaq olmaz. Ali təhsil ocaqlarında siyasi ideologiyanın müşahidə olunması o demək deyil ki, müxtəlif siyasi cərəyanlar, siyasi partiyalar və mənfi ünsürlər özlərinin politik qərəzləri naminə universitetlərdən sui-istifadə etsinlər. Bu kimi neqativ hallar arzuolunmazdır və qarşısı mütləq alınmalıdır. Bu, artıq elə bir məsələdir ki, sizlər burada administrativ iradənizi nümayiş etdirməli, analoji halların baş verməsinə qətiyyən imkan verməməlisiniz. Əks halda, tələbələriniz əlinizdən çıxmış olar və hər hansı bir sui-istifadəçi onların arasında istədiyi istiqamətdə iş aparar. Bu kimi hallara bir çox nümunələr gətirmək, bənzətmələr aparmaq olar, lakin insan həmin mövzuda çox danışmaq istəmir. Bircə misal çəkim: kimsə gəlib gənc bir insanı oğurluğa, qarətə cəlb etsin, biz də oturub bunu kənardan seyr edək. Sözsüz ki, belə bir şey mümkün deyil! Tələbələri kənar mənfi təsirlərdən qorumaq üçün də müvafiq proqrama ehtiyac var; xüsusilə də Tehran Universitetində. Tehran Universiteti tarixi keçmişi, qədimliyi, ölkənin ali təhsil müəssisələri arasındakı çəkisi və nüfuzu baxımından zirvədə olduğu kimi bu məsələlərdə də hər kəsdən öndə olmalıdır. Əlbəttə, o zamanlar ölkədə universitetlərin sayı məhdud idi və ali təhsil müəssisələrində siyasi baxımdan o qədər də fəallıq müşahidə olunmurdu. Xüsusilə Tehran Universitetinin bəzi fakültələri siyasi təmayüllərin və fəaliyyətlərin özünü büruzə verdiyi olduqca həssas bir məkana çevrilmişdi. Bu günün özündə də bu cürdür. Ona görə də sizlər son dərəcədə diqqətli olmalısınız ki, universitet mühiti başqalarının – düşmənlərin sui-istifadəsi üçün vasitəyə çevrilməsin.

Bəzi insanlar “düşmən” sözünə həssaslıqla yanaşır, “Nəyə görə “düşmən” sözünü işlədir, bu kəlməni elə hey təkrar edirsiniz?” – deyə sual verirlər. Baxın, hələ biz düşmən məsələsini vurğulaya-vurğulaya, bu sözü dəfələrlə təkrar edə-edə, yenə də bəziləri bu cür qəflətə düçar olur, düşmənin onların başına nə oyun açdığını anlamırlar. Bu qədər deməyimizə, danışmağımıza baxmayaraq nəticəsi yoxdur! İndi, gör, deməsəydik, vurğulamasaydıq, nələr baş verərdi?! Baxın, görün, Quranda əvvəldən axıra qədər Uca Yaradan şeytanın, şeytansifət insanların və iblisin adını nə qədər çəkir?!  Fironun, Nəmrudun, Qarunun və besət dövründə İslam Peyğəmbəri (s) ilə düşmənçilik edənlərin adları Quranda neçə dəfələrlə təkrar olunub?! Belə də ola bilərdi ki, Allah-Taala onların adını bir dəfə çəkməklə kifayətlənəydi. Lakin bu təkrarlamanın, dəfələrlə vurğulamanın məqsədi düşmənin qurduğu tələlərdən heç bir zaman qəflətdə olmamağın vacibliyini diqqətə çatdırmaqdır. Həzrət Əli (ə) belə buyurur:

و من نام لم‌ينم عنه

“Səngərdə səni yuxu aparıbsa, bu, o demək deyil ki, qarşı cəbhədəki düşmənin də yuxulayıb!”

Xeyr! Ola bilsin ki, siz yatdığınız halda o, oyaqdır. Bax, o zaman qanınız getdi! Ona görə də ayıq-sayıq olmaq lazımdır. Lakin özünüz də görürsünüz ki, bəzi insanlar düşməni, onun əməllərini müəyyənləşdirə bilmir, qəflətə düçar olurlar.

Elə seçkidən sonra baş vermiş olaylar zamanı da bəzi insanlar, həqiqətən, böyük bir qəflətə yol verdi. Mən optimist bir insan olduğuma, hadisələrə və insanlara nikbin yanaşdığıma görə buna “qəflət” adı verməyi üstün tuturam. Seçkinin səhəri günü çox pis işlərə əl atdılar, nəticəsini isə indi görürlər. Seçkilərə etiraz bəhanəsi ilə camaatı küçələrə çıxartdılar. Nə üçün? Bu, nə məntiqdir? İnsanları küçələrə çıxarmaq nə üçündür? Məgər seçki məsələsi – belə bir əhəmiyyətli, incə məsələ küçələrdə həll oluna bilərmi?! Əlbəttə, onların əsas məqsədləri hökumətə təzyiq göstərmək üçün özlərinə qüvvə toplamaq idi. Bütün bunlar yalnız və yalnız böyük bir qəflətdən irəli gəlir. Belə bir şəraitdə onlar düşmən üçün, ölkədə iğtişaş və qarmaqarışıqlıq yaranmasını arzu edənlər üçün sığınacaq hazırlamış oldular. Bütün bunlar qəflətdə olmağın nəticəsidir. Siyasət aləmində isə qəflətdə olmaq bəzən xəyanət kimi ağır zərbələr vura bilər. Tutaq ki, atıcılıqla məşğul olduğunuz zaman atdığınız güllə səhvən bir nəfərin sinəsindən dəyib. Ola bilsin, siz bunu qəsdən etməmisiniz, qarşınızdakının nişangah olduğunu düşünüb canlı insana atəş açmısınız. Lakin son nəticədə əməliniz öz təsirini göstərəcək, ürəyindən vurulmuş insan – siz bunu qəsdən, yaxud bilməyərəkdən etmiş olsanız belə – yıxılıb öləcək. Yol verilən yanlışlıqlar da bəzən bu cürdür. İnsan səhvə yol verir, lakin bu səhvi nəticədə müəyyən təsir buraxır, kimlərə isə zərbə vurulur. İndi, gəlin, görək, universitet mühitini bu kimi zərərli təsirlərdən qorumaq istəyən sizlər nə etməlisiniz? Bu, olduqca əhəmiyyətli bir məsələdir: tələbələr və bəzi müəllimlər düzgün istiqamətə yönəldilməlidirlər.

Bir sözlə, universitetlərdə dəfələrlə qeyd etdiyimiz, bu gün də bizim və hörmətli görüş iştirakçılarının təfsilatları ilə vurğuladığı elm məsələsi çox mühümdür. Burada elmi məsələlərlə bağlı toxunulan mövzular da çox yaxşı və diqqətəlayiq idi və biz onların hamısını təsdiq edirik, dəstəkləyirik. Məncə, ali məktəblərdə konkret mədəniyyətin formalaşdırılması və siyasət məsələsi də olduqca əhəmiyyətlidir. Sözsüz ki, bütün bunlar yalnız Tehran Universitetinin problemləri deyil, ölkənin bütün ali təhsil ocaqlarına aid olan məsələlərdir. Lakin Tehran Universiteti zirvədə duran bir təhsil ocağıdır. Yəni sizlər hər hansı bir iş gördükdə bu iş örnəyə çevrilir. İnşaallah, sizlər hər kəsə örnək olmaq xüsusiyyətinizi qoruyub-saxlayacaqsınız. İnşaallah, Uca Yaradan sizə dəstək və yardımçı olacaq, siz də, biz də öhdəmizə düşən işləri layiqincə yerinə yetirəcəyik. Görülməsi mümkün olan hər bir iş Allahın köməyi ilə, böyük əzm və təşəbbüs sayəsində müyəssər ola bilər.

Xoşbəxtlikdən, son illər ərzində biz bütün bunları müxtəlif sahələrdə – həm siyasətdə, həm elmdə, həm də digər sahələrdə sınaqdan keçirmiş, şahidi olmuşuq. Canla-başla işə girişib əzm göstərdiyimiz, Allaha etimad etdiyimiz hər bir yerdə Uca Yaradan yolları üzümüzə açıb. Ümidvaram ki, bu ilin Fəcr dekadası sizlər üçün və İran xalqı üçün mübarək olacaq. İnşaallah, Allah-Taala imam Xomeyninin (r.ə) və şəhidlərimizin pak ruhlarına Qiyamət günü Öz övliyaları ilə bir cərgədə durmağı nəsib edəcək, imam Mehdi Sahibəz-Zəmanın (Ruhlarımız ona fəda olsun!) müqəddəs qəlbini də bizlərdən məmnun edəcək!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei
2 fevral, 2010-cu il