Ali Məqamlı Rəhbərin informasiya bloku

Mazandaran vilayətinin imanlı camaatı ilə izdihamlı görüş

– Mehriban və bağışlayan Allahın adı ilə!

Uzaq yoldan gəlmiş və bu gün öz isti nəfəsləri, qəlblərindəki istək və məhəbbətləri ilə Hüseyniyyəmizi zinətləndirən əziz bacı və qardaşlarıma “Xoş gəlmisiniz!” deyirəm.

Əziz bacı və qardaşlarım, xüsusilə də hörmətli şəhid ailələri, möhtərəm alimlər, çalışqan və daim xalqın xidmətində duran məmurlar, bir daha xoş gəlmisiniz!

Bu gəlişinizlə sizlər İran xalqının məşhur qəhrəmanlıq tarixindən olan və Amol camaatının fəxr etdiyi bu əzəmətli xatirəni – 6 bəhmən gününü xatirinizdə və yaddaşınızda bir daha yaşatdınız.

Məncə də bu təntənəli xatirənin, inqilab tarixində həlledici və misilsiz əhəmiyyəti olan bu hadisənin yaddaşlardan silinməsinə əsla imkan verməməliyik. Gənc nəsil bu hadisələri doğru tanımalı, onları təhlil etməyi, öz yüksək hədəfi olaraq seçməyi və onlardan keşməkeşlərlə dolu gələcək yollarını işıqlandırmaq üçün faydalanmağı bacarmalıdır.

Tarix boyu Mazandaranın, o cümlədən Amol camaatının az iftixar doğurmadığını xüsusən qeyd etmək istərdim. Belə ki, istər Allah yolunda cihadda, istər elmdə və fiqhdə, istərsə də İslami biliklər və irfan sahəsində Amol, doğrudan da, parlaq bir simaya malikdir. Bu gün də (Allaha şükürlər olsun!) Amol elmi-teoloji mərkəzlərdən biri, ölkəmizin qürur doğuran ruhani potensialının qiymətli tərkib hissəsi sayılır. Sürükləndiyi 8 illik məcburi müharibə kimi böyük imtahan zamanı da istər Amol şəhəri, istərsə də geniş Mazandaran vilayəti ölkəmizin iftixar duyduğu regionlardan olmuşlar. Hələ o vaxt Mazandaranda yerləşmiş qoşunlarla, eləcə də bu regionun Bəsic qüvvələri və fədakar gəncləri ilə tanışlığım var idi. Onları yaxından-uzaqdan bir qədər tanıyır və nə qədər mübariz olduqlarını da bilirdim. Şübhəsiz ki, bütün bunlar inqilabın xatirəsindən əsla silinməyəcək! Müşahidə etdiyiniz möhkəm, əzəmətli və hündür binanın kərpic və daşlarını üst-üstə yığaraq kim ucaltmışdır? Bu zinətli naxışları kim vurmuş və o möhtəşəm binanı kim göylərə qaldırmışdır? Məgər öz gördükləri işlərlə, mübarizlik, dözümlülük və məsuliyyət hissi ilə kərpic-kərpic bu binanı ucaldan, ona forma və əzəmətlilik bəxş edən həmin şəxsləri və hadisələri görməmək olarmı?! Bəzən yol verilən səhvlərdən biri də bu böyük “nəqqaş”ları görməzlikdən gəlmək olmuşdur.

“Min səngər şəhəri!” Məgər bu, balaca ifadədirmi? Məgər bu, kiçik bir sözdürmü? 6 bəhmən hadisələri o qədər əhəmiyyətlidir ki, dahi rəhbərimiz imam Xomeyni (r.ə) onu öz tarixi vəsiyyətnaməsində qeyd etmiş və unudulmamaq üçün bizlərə yadigar qoymuşdur. Yaxşı, bəs niyə unudulmamalıdır? Çünki tarixi hadisələr bizlər üçün bir ibrət dərsi, dəyərli bir təcrübədir. Xalqın yaşadığı hadisələr çox zaman müxtəlif zamanlarda təkrarlanan hadisələrdir. Bu gün həmin vaxtdan 28 il keçir; ancaq nə İslam Respublikasının tutduğu yol, nə də onun düşmənləri dəyişmişdir. Nə qədər ki, İran xalqı Allah-Taalanın yardım və istəyi ilə öz prinsiplərinə və İslam İnqilabına var-qüvvəsi ilə bağlıdır, o vaxt baş vermiş hadisələr həm bu günümüz, həm də sabahımız üçün ibrət dərsi olacaq. Bu hadisələr məhz bu səbəbdən unudulmamalıdır!

Amolun 6 bəhmən gününün fəzilətləri haqqında bir fikir də ərz etmək istəyirəm. “Min səngər” nə deməkdir? Həmin gün xalq şəhərdə təcavüzkar düşmən dəstələrinə qarşı səngər qazmışdı. Ancaq bu, məsələnin zahiri mahiyyətidir. İstər min səngər olsun, istər az, istərsə də çox! Heç bir fərq etməz! Mən bunu başqa cür düşünürəm: “O səngərlər sadəcə küçələrdə qazılmış səngərlər deyil! Bu səngərlər ürəklərdə qazılmışdır və min deyil, minlərlədir. Qəlbi stimulla dolu olan hər bir şərəfli insanın, hər bir möminin düşmən hücumuna qarşı bir səngəri var”.

Şübhəsiz ki, öz məqsədinə doğru irəliləyən xalq yolunun üstündə onu hansı təhlükələrin gözlədiyini, nə cür pusquların qurulduğunu və bunun müqabilində nə edəcəyini bilməzsə, heç nəyin qayğısına qalmaz və heç nəyi düşünməzsə, mütləq zərbəyə məruz qalar. Ali məqsədlər uğrunda mübarizə aparmış, bu yolda zərbələrə məruz qalmış, bəzən əsrlər boyunca ayağa qalxa bilməyəcək qədər güclü zərbələr almış bütün xalqların problemi məhz burdan başlamışdır. Bu xalqlar onları nə gözlədiyini bilməmiş və hadisələrlə üzləşməyə hazır olmamışlar. Keçmişin dərsləri bizə yolumuzu tapmağa, pusquları və onları quranları tanımağa kömək edir.

İslam İnqilabı o cür əzəmətlə qələbə çaldı. Silahsız, əliyalın xalq qəddar rejimin silahlı qüvvələrinə qarşı çıxdı və inqilaba qələbə qazandırdı. Sonra isə bu insanlar İslam Respublikasına səs verib, onu seçdilər. Sizcə, şərəfli və insaflı bir insan xalqın bu istəyinə necə yanaşar?! Bəziləri isə meydana atılıb xalqın tərəfində durduqlarını iddia edərək, özlərini “demokrat” adlandırmaqla xalqın tərəfdarı kimi qələmə verdilər və bununla da ağır qurbanlar bahasına İslam quruluşunun əsasını qoyan xalqa qarşı çıxmağa başladılar. Onların arasında münafiqlər, açıq-aşkar kafir olanlar və qərbpərəstlər, zahirən özünü dindar kimi qələmə verənlər də var idi. Onlar İran xalqına, İslam quruluşuna qarşı bir cəbhədə birləşib, bir hərəkət etməyə başladılar. Xalqla bir olduqlarını iddia edir, ancaq onunla düşmənçilik edirdilər. Onlar dəfələrlə demokratiyanın və xalqın rəyinin tərəfdarı olduqlarını söyləyirdilər, lakin zamanı gələndə xalqın səsi və bu səsvermənin nəticəsinə qarşı çıxdılar. Ziyalı, azad düşüncə və fikir sahibləri olduqlarını bildirir, Qərb mütəfəkkirlərinin təlqin etdiyi bədxahlıq və xəbisliklə yoğrulmuş ideoloji çərçivəni inadla qəbul edir və İran xalqına qarşı çıxırdılar. Əvvəlcə bir ziyalı kimi davranaraq İslam Respublikasına və İmamın (r.ə) prinsiplərinə etiraz etməyə, fikir yürütməyə başladılar. Sonra isə heç nədən çəkinmədən meydana atılaraq siyasi-ideoloji mübarizəni silahlı mübarizə ilə əvəz etdilər və  bir sıra problemlər yaratmağa başladılar.
Bütün bu hadisələr ölkəmizdə baş verib; bunlar keçmişin hadisələri deyil, inqilabın ilk ongünlüyündə baş vermiş hadisələrdir. Oturub düşünmək, ölkənin problemlərinin nədən ibarət olduğunu öyrənmək (Bütün bu problemlər ölkəmizin diqqət mərkəzində idi. Onların bir hissəsi keçmişdən qalmış, bir hissəsi isə süni şəkildə yaradılmışdı), bu problemlərin həllinə kömək etmək, bu mühüm məsələdə hökumətə yardım etmək, yol göstərmək fikrindədirlərsə, bəs niyə yol göstərmək və bu ağır yükün altına girib onu çəkmək yerinə qarşıdurma yaratmağa, şaiyələr yayıb iftiralar atmağa, bacardıqları hər yerdə, hər regionda xalqa qarşı çıxmağa başladılar? O zaman ölkə sərhədləri döyüş vəziyyətində idi. Bu vəziyyətə belə etinasız yanaşdılar və Tehranın küçələrində, əlləri çatan hər yerdə, hər yol ayrıcında İslam Respublikasının və İslam quruluşunun əksinə getməyə başladılar.

İslam Respublikası mahiyyətcə xalq, onun imanı və mübarizliyindən fərqlənmir. Bu gün də eyni haldır. Öz-özlüyümüzdə biz heç kim və heç nəyik. Məhz bu cəsur ürəklərin, bu mübariz insanların vasitəsilə Uca Yaradan İslam quruluşunu himayə edir:

هو الّذى ايّدك بنصره و بالمؤمنين
“Səni Öz (qeyb) köməyi və möminlərin vasitəsilə qüvvətləndirən Odur”. (“Ənfal” surəsi, ayə 62)

Yəni Allah-Taala İslam Peyğəmbərinə (s) belə buyurmuşdu: “Allah sənə möminlərin vasitəsilə kömək edir”. Eyni hal ölkəmizdə bu gün də özünü göstərməkdədir. İnqilab zamanı da belə idi. Bizim başqa heç bir vasitəmiz yoxdur. Vasitəmiz hər cür silahdan daha effektiv və hər cür vasitədən daha təsirli olan xalqın imanıdır. İslam Respublikası o zaman da bu cür idi, bu gün də eynilə həminki kimidir. Xalq məkrli planları boşa çıxardı. Əlbəttə, bir planın boşa çıxması onun tamamilə dəf edilməsi demək deyil. Düşmən sayıqdır və başqa bir oyuna, başqa bir məkrli plana hazırlaşır. Heç şübhəsiz, xalqımız ayıq-sayıq olsa, bunun heç bir qorxusu olmaz. Yüz məkrli plan həyata keçirsələr belə, xalqımız onun qarşısını alacaq və tutduğu yolda irəliləməyə davam edəcək. İran xalqının əzəmətli hərəkatı heç bir zaman dayanmayacaq. O, həm irəliləyəcək, həm də ixtilaf, düşmənçilik və problemlərə qarşı mübarizə aparacaq. Bu vəziyyət artıq 30 ildir ki, davam edir. İslam Respublikasının əleyhdarlarının yol verdiyi müəyyən səhvlər var. Nə qədər ki, onlar həmin səhvlərə yol verməyə davam edəcəklər, gördükləri işlərlə xalqa bir qədər əziyyət versələr də, bu, daha çox onların öz zərərinə olacaq. Yol verdikləri səhvlərdən birincisi İslam Respublikasına müxalif olanların çox zaman özlərini xalqdan yüksək tutmasıdır. İkinci səhvləri isə xalqın düşmənlərinə ümid bəsləyib, onlara bel bağlamalarıdır. Bu, onların iki ən böyük səhvidir. Özünü xalqdan üstün tutan bir şəxs xalq qanunauyğun bir addım atanda, hər hansı bir seçim edəndə və bunu reallaşdırmaq istədikdə, əlbəttə ki, xalqı “avam” adlandıracaq, bu hərəkətlərin də avamlıqdan irəli gəldiyini, populizm olduğunu və bunu əsla qəbul etməyəcəyini deyəcək. “Özlərini xalqdan üstün bilmək” özünü, bax, elə bunda büruzə verir. “Biz xalqın tərəfindəyik” – demək meyar deyil. Xalqla birliyini gərək əməldə sübut edəsən. Bu, onlara tutulan ilk iraddır.

İkinci iradımız onların xalqın düşmənlərinə (Bu düşmənçilik açıq-aşkar özünü göstərir) bel bağlamalarıdır. 30 il ərzində bu xalqla kim düşmənçilik edib? İlk növbədə, Amerika və sionizm! İslam Respublikasının bunlardan daha qatı düşməni varmı? Elə ilk gündən Amerika, sionist rejimi və dünya sionistləri İslam Respublikasına qarşı çıxmışlar. Bu gün də qatı düşmənlərimiz məhz onlardır. Bəzi Qərb dövlətlərinin mənasız və boş sözlər danışdıqlarının şahidi oluram. Təhrikçi qüvvə sionistlər, icraçılar isə Amerika dövləti və hökumətində, Amerika seçkilərində ağalıq edən hegemon təbəqədir. Səhnəyə quruluş verən də onlardır. Odur ki, bu düşmənlər İran xalqının barışmaz düşmənləridir.

Xalqa qarşı çıxan şəxs düşmənə bel bağlayırsa, bu, onun yol verdiyi ikinci böyük səhvdir. Məgər düşmənə də güvənmək olar?! Düşmənin meydana atıldığını gördüyümüz zaman bunun nə demək olduğunu anlamalı, onu yaxşı tanımalıyıq. Səhvə yol versək, dərhal səhvimizi düzəltməliyik. İlk gündən Amerika hökuməti İslam Respublikasına qarşı məkrli planlar qurmağa başladı. Bu planların nəticəsiz olduğunu söyləmək artıqdır. Onların səmərə vermədiyi, faydasız olduğu açıq-aşkar görünür. Əgər belə olmasaydı, indi İslam Respublikasından əsər-əlamət qalmazdı. Özünüz də görürsünüz ki, İran İslam Respublikası bu gün ilk illərə nisbətdə dəfələrlə qüdrətlidir. Buna görə də bütün məkrli planlar heç bir fayda verməmişdir. Bu gün də yeni hiylələr işləməkdə, planlar qurmaqdadırlar. Heç nədən dərs almırlar. Buna təəccüb edirəm! Keçmişdə olanlara baxıb düşünmürlər ki: “Biz bu qədər məkrli planlar hazırladıq, İslam Respublikasının əleyhinə bu qədər vəsait xərclədik, bir çox yerdə müxtəlif işlər gördük, ölkə daxilində muzdlular tutduq, ölkə xaricində respublika əleyhinə qüvvələr səfərbər etdik, amma heç bir fayda vermədi”. Buna rəğmən yenə də oturub İslam Respublikasını sındırmaq üçün 45 milyon dollar dəyərində büdcə təsdiqlədilər. Bu büdcə İran İslam İnqilabını internet vasitəsilə məhv etmək üçün təsdiqlənmişdi. Bir görün, düşmən nə qədər əlacsız qalıb! Dəfələrlə 45 milyon dollarlıq büdcə təsdiqləmiş, İslam Respublikasını çökdürmək üçün diplomatik yollara, iqtisadi embarqolara əl atmış, müxtəlif məkrli planlar işləyib-hazırlamış və casuslar yetişdirib ölkə daxilinə yollamısınız. Bütün bunların nə faydası oldu ki, indi də bu cür hərəkət edir, planlaşdırdığınız kimi İran xalqını inqilabdan uzaqlaşdırmaq istəyirsiniz? Düşmən bunu anlamır. Bu, elə Allahın təqdiridir. Allahın varlığından qafil olan düşmənin qulaq və gözlərinə möhür vurulub ki, həqiqəti dərk etməsin.

فسينفقونها ثمّ تكون عليهم حسرة
“Tezliklə hamısını xərcləyəcəklər, (amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır”. (“Ənfal” surəsi, ayə 36)

Vəsait xərcləyir, sonra da heç bir fayda vermədiyi üçün təəssüflənirlər. Bir bəhanə ilə Tehranda çaxnaşma yaratmaq üçün, bilmirəm, nə qədər əyləşib beləcə planlar cızmış, tədbir tökmüşlər?! Allah bilir, bu planları nə qədər öncədən oturub hazırlamışlar... Yaxşı, bəs nəticəsi nə oldu? Xalq əvvəlkindən daha da ayıq-sayıq olmadımı?! Əgər kimsə meydana atılmağın, İslam Respublikasını müdafiə etməyin lüzumsuz olduğunu düşünürdüsə, artıq bu hadisələrdən sonra onun müdafiəsi üçün daim hazır olmağın zəruriliyini anladı. Düşmənin oynadığı bu oyunlar həm də İslam Respublikasından bac almaq üçün idi. İslam İnqilabının ilk günlərində də eyni vəziyyət hökm sürürdü. Bu intriqaların bir qismi heç bir haqqa malik olmadan, xalqın istəyi və dayağı olmadan İslam Respublikasını hakimiyyətdən onlara da pay verməyə, onları da özlərinə ortaq etməyə məcbur etmək məqsədi daşıyırdı. Beynəlxalq arenadakı düşmənlərimiz bu çaxnaşmaları İslam Respublikasını bac verməyə məcbur etmək üçün törədirdi. Təhlükə hiss edən kimi dövlətlərin çoxu hegemon dövlətlərlə görüşərək pul və siyasi bac verməyə hazır olurlar. Lakin İmam Xomeyni (r.ə) bac vermədi. Qoy hər kəs bilsin: Biz nə xalqın, nə də öz adımızdan heç kimə bac verməyəcəyik! Bizim yalnız haqq sözümüz var və sözümüzün üzərində də möhkəm durmuşuq. Bizim heç bir günahımız yoxdur. Biz qüdrətli dövlətlərin ağalıq etmədiyi bir xalq olmaq, dövlət idarəçiliyinin öz əlimizdə olmasını istəyirik! Biz daim həqiqət axtarışında olan və irəliləyən bir xalq olmaq istəyirik! Təkcə sözdə deyil, əməldə də müsəlmanlığını sübut edən bir xalq olmaq, İlahi hökmlərə əməl etmək istəyirik! Məscidlərimizin, sözün həqiqi mənasında, müsəlman, İslam məscidləri olmasını istəyirik! Biz heç bir vəchlə Qərb siyasətçilərinin, materialist mütəfəkkirlərinin uydurma ideologiyaları və təlqinlərini həyatımızda vacib təlimat kimi qəbul edə bilmərik. Biz yalnız Allahın hökmünə boyun əymək istəyirik! Məgər bu cinayətdirmi?! Müsəlman kimi yaşamaq istəyiriksə, özümüzü, məqsəd və əqidəmizi düşmən qarşısında müdafiə etmək üçün qüdrətli olmağın vacibliyini də anlayırıq. Dövlətimizin, xalqımızın (bir millət adına) hüquqlarını qoruya bilmək üçün güc sahibi olmalıyıq! Bizim məqsədimiz bax, budur! Məgər bir xalqın bunu arzulaması cinayətdir?! Odur ki, söylədiklərimiz həqiqətdir və bu həqiqətin arxasında dayanmışıq! İnanırıq ki, ədalət haqsızlıqla toqquşub üz-üzə gəldiyində haqq tərəfdarları doğru danışıb, həqiqətin tərəfində durarlarsa, haqsızlıq mütləq yeniləcəkdir. Bu 30 il ərzində bunu təcrübədən keçirmiş, yıxılmamış və irəliləmişik, məsul və qeyri-məsul şəxslər tərəfindən hər hansı bir sahədə müəyyən geriləmə, uğursuzluq müşahidə olunursa, bu, hansısa bir məqamda mübarizəmizin zəifləməsindən irəli gəlmişdir. Mübariz olduğumuz, sözümüzün üzərində durduğumuz hər bir yerdə irəliləyişlər əldə etmişik. Gələcəkdə də bu cür davam edəcək. Gərək xalq, məsul və qeyri-məsul şəxslər, xüsusilə də gənclər, nüfuzlu söz sahibləri meydanda iştirak etmək məsuliyyətini əldən verməsinlər. Heç kim bu işdə öhdəlik və məsuliyyət daşımadığını deməsin! Hər kəs məsuliyyət daşıyır! Məsuliyyət silahlanıb küçələrə tökülmək demək deyil. Gördüyümüz hər bir işdə məsuliyyətli olmalıyıq. İslam Respublikası və İslam İnqilabını müdafiə etməkdə, yəni İslam dinini, xalqın hüquqlarını və dövlətin şərəfini qorumaqda öhdəmizə düşən məsuliyyəti hiss etməli, son dərəcə məsuliyyətli olmalıyıq. Bu, ilkin şərtdir! Və mən bu hissə malik olduğumuzu görürəm. Bunu xalqımız da sübuta yetirdi. Az öncə qeyd olunan 9 dey günü də buna açıq-aşkar nümunədir. Başqa nümunələr də var. Qarşıdan 22 bəhmən günü, Fəcr ongünlüyü gəlir. Vaxtilə xalq varlığını, hazırlığını, cəsurluğunu və optimizmini göstərdi, yenə də göstərəcək. Xüsusilə də dövlət rəsmiləri güclü tədbirlər və davamlı işlərlə, yorulmadan, şövq və həvəslə, Allaha sığınmaq və Ondan yardım istəməklə problemləri həll edə bilmək üçün bütün güclərini səfərbər etməlidirlər. Məqsəd yalnız siyasi problemlərin həlli və təhlükəsizliyin təminatından (Bunlar mövcud problemlərin cüzi hissəsidir) ibarət deyil. Ölkənin inkişafı, iqtisadiyyat, elm və müxtəlif ictimai məsələlər də məsuliyyət daşıdığımız öhdəliklərə aiddir. Üçlü hakimiyyət qüvvələrinin rəsmiləri, ölkənin bütün məmurları İran xalqı üçün işləməyi öz vəzifələri bilməlidirlər. Daim işləməli və tədbir görməli, bir an belə olsun, ayıq-sayıqlığı itirməməlidirlər. Biz uğurlu bir irəliləyiş yolundayıq. Bu irəliləyişin durdurulmasına əsla imkan verilməməlidir. Biz irəliləməkdəyik. Elə bu cür də irəliləməyə davam etməli, sürət tempimizi artırmalı, daha da hərtərəfli şəkildə inkişaf etməklə nöqsanlarımızı aradan qaldırmalıyıq. Xalqın səlahiyyətli şəxslər qarşısındakı məsuliyyəti isə onlara etimad göstərmək və onlarla həmfikir olmaqdır. “Dövlət rəsmilərinə etimad göstərmək və onlarla həmfikir olmaq” o demək deyil ki, lazım gəldiyində onları tənqid etməyək və ya zəruri məsələləri diqqətlərinə çatdırmayaq. Xeyr! Lakin tənqid və iradlara rəğmən bir olmaq lazımdır. Düşmənin məqsədlərindən biri də xalqın hökumətə etimad göstərməməsinə şərait yaratmaqdır. Bax, bu, düşmənin hiyləsidir. Odur ki, yüksək rütbəli şəxslərdən sadə vətəndaşlara qədər hər kəsin ümdə vəzifəsi düşmənə qarşı ölkənin və inqilabın müdafiəsində iştirak etməkdir. Xoşbəxtlikdən, 30 il bundan əvvəlkindən fərqli olaraq düşmən cəbhəsi nisbətən geriləmiş və daha çox problemlərlə üzləşmişdir. Onların Əfqanıstanda, İraqda, Pakistanda problemləri mövcuddur. Son zamanlarda isə Yəməndə özlərinə problem yaratmışlar. Onların regionumuzdakı xalqlar və öz xalqları ilə, eləcə də Avropada bir sıra çətinlikləri var. Düşmən cəbhəsinə qarşı mübarizə aparmaq, bu işdə özünü məsuliyyətli bilmək hər bir şəxsin vəzifəsidir. Məsul şəxslərin vəzifəsi çətinlikləri həll etmək, problemləri aradan qaldırmaq üçün işləmək, xalqa xidmətdə vaxtdan düzgün faydalanmaq, daim xalqın xidmətində durmaq və iş görmək üçün hər dəqiqəni, hər saatı qənimət bilməkdir.

Xalqın məsul şəxslər qarşısında ümumi vəzifəsi isə etimad göstərmək, onlarla həmfikir olmaq, arxa durmaq və yardım etməkdir.

Əgər kiminsə məsul şəxslərə yardım etmək üçün hər hansı bir ideyası varsa, buyursun, desin. Etirazı olan varsa, buna da iradımız yoxdur, ancaq etiraz qarşıdurma formasında yox, səmimi yoldaşlıq şəklində olmalıdır. Sanki səngər yoldaşı olan iki əsgərdən biri o birinə ayağını uzatdığı və ya yuxuladığı üçün irad tutur. Bu halda cəbhə yoldaşlarının arasında qarşıdurma yaranmır ki?!

Əzizlərim, bilin ki, bir çox əlamətlərdən göründüyü kimi, Allahın qüdrət və iradəsi sizin – İran xalqının dayağıdır. Əmin olun ki, imam Mehdi Sahibəz-Zəmanın (Canımız ona fəda olsun!) müstəcəb duaları sizinlədir.

Bilin ki, Allah Öz yardımı və fəziləti ilə bu xalqı uca məqsədlərinə və ali arzularına çatdıracaq, düşməni sizin qarşınızda əzərək yerlə-yeksan edəcək. İnşaallah!

İlahi! Bu böyük xalqla onun imanı, niyyəti və pak qəlbinə görə rəftar et!

İlahi! Əziz şəhidlərimizə, Amol hadisəsində şəhid olanlara və Mazandaran vilayətinin bütün şəhidlərinə Qiyamət günü övliyalarınla eyni sırada durmağı nəsib et! Dahi rəhbərimiz imam Xomeyninin (r.ə) və şəhidlərimizin ruhlarına ümmətə doğru yol göstərən imamlarla bir cərgədə durmağı nəsib et!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!   

Seyid Əli Xamenei
26 yanvar, 2010-cu il