Ali Məqamlı Rəhbərin informasiya bloku

İslami Təbliğat üzrə Koordinasiya Şurasının üzvləri ilə görüş

– Mehriban və bağışlayan Allahın adı ilə!

Çox şadam ki, aradan uzun bir müddət keçdikdən sonra yenə də sizlərlə ‒ İslam Respublikasının həyata keçirdiyi hərəkatda ən effektiv işlərdən birinin məsuliyyətini öhdəsinə götürmüş əziz qardaş və bacılarımla  görüşmək, sizlərə “Yorulmayasınız!” demək mənə bir daha nəsib oldu.

İslami Təbliğat üzrə Koordinasiya Şurası İslam Respublikasının çoxillik tarixi keçmişi olan strukturlarından biridir. Ölkədə real ehtiyaca əsaslanan bir dövlət qurumunun ərsəyə gəlməsi, həmin qurumun illər boyu mütəmadi olaraq baş verən müxtəlif dəyişikliklərdə bu ehtiyacın aktuallığını qoruyub-saxlaması, məsələyə lazimi diqqət çəkə bilməsi, real addımlar atıb əməli iş görməsi olduqca əhəmiyyətli bir faktdır. Bəli, İslami Təbliğat üzrə Koordinasiya Şurası bu qəbildən olan dövlət strukturlarındandır. Cənab Cənnətinin də (Allah ona olan bərəkətini artırsın!) qeyd etdiyi kimi (Sözsüz ki, bu işdə onun özünün də böyük rolu olmuşdur), qurum bu illər ərzində doğru yolda ‒ “sirati-mustəqim”də irəliləmiş, zəruri anları dəqiq müəyyənləşdirib hadisələrə vaxtında və düzgün reaksiya vermişdir. Bəzi şəxslərin və qurumların problemi də elə bundadır: “İmansız deyillər, həvəssiz və laqeyd deyillər, lakin zəruri momenti dəyərləndirməyi bacarmırlar”.

Zəruri momenti dəqiq müəyyənləşdirmək, həmin momentin doğurduğu ehtiyaca uyğun hərəkət etmək lazımdır. Misal üçün, Kufə əhli içərisində qəlbi imam Hüseynə (ə) inamla, Əhli-beytə (ə) məhəbbətlə dolu olan, lakin meydana atılmaqda bir-iki ay gecikmiş insanlar var idi; özlərini “Təvvabin” adlandıran bu insanlar şəhid oldular, onların bu mübarək əməllərinin Allah yanında əcri də var. Lakin onlar görməli olduqları işi vaxtında görməmişdilər. Təvvabin Aşuradan bir müddət sonra gördüyü işi cənab Müslüm Kufəyə daxil olarkən görsəydi, vəziyyət tamamilə dəyişə bilərdi. Ola bilsin ki, hadisələr tam başqa cür cərəyan edərdi. Lazımi momenti dəqiq müəyyənləşdirib ehtiyac duyulan anda zəruri işi görmək olduqca əhəmiyyətli bir işdir.
 
Allah şükürlər olsun ki, sizin şuranız bu kimi müsbət keyfiyyətlərə malikdir. Buna saysız-hesabsız sübutlar da var; onlardan sonuncusu kimi 9 dey gününü misal göstərmək olar. Qeyd olunduğu kimi, 10 il öncə ‒ 23 tir günü də buna sübutdur. Həmin gün də zəruri momenti dəyərləndirməyə böyük ehtiyac var idi. Həm də bu, adi, ənənəvi bir iş deyildi. Bütün əzəmət və möhtəşəmliyinə baxmayaraq 22 bəhmən ümumxalq yürüşü artıq adi hal almış, ənənəvi, gözlənilən bir işdir və hər il baş tutur. 1378-ci ilin 23 tir günü həyata keçirilmiş hərəkat isə adi, ənənəvi, gözlənilən bir iş deyildi. Cəmiyyətimizin elə bir şəraitdə məhz həmin işi görməyin vacibliyini dərk etməsi və onu həyata keçirməsi çox əhəmiyyətli idi. Bu il 9 dey günü görülmüş iş də eynilə o cürdür! Lazımi anı, həmin anın tələbini dərk etmək, zəruri anda, zəruri yerdə olmaq ‒ bunlar işin əsasını təşkil edir və hər bir mömin daim bu şərtlərə riayət etməklə hadisələrdəki iştirakına effektivlik qazandıra bilər. Mömin görməli olduğu işi vaxtında və yerində görməyi bacarmalıdır. Allaha şükürlər olsun ki, İslami Təbliğat üzrə Koordinasiya Şurasında bu cür xüsusiyyətlər həmişə olub və özünü büruzə verib: həm İslam İnqilabının birinci onilliyi ərzində baş verən müxtəlif keşməkeşli olaylarda, həm Müqəddəs Müdafiə Hərəkatında ‒ müharibədən əvvəl və sonra, həm də imam Xomeyninin (r.ə) vəfatından sonra bu qurum tariximizin səhifələrinə cürbəcür əlamətdar hadisələri əbədilik həkk etmişdir. Bu unudulmaz hadisələrdən biri də elə bu ilin 9 dey günü baş vermişdir.

Mən iki məsələni burada xüsusilə qeyd etməyi özümə lazım bilirəm: bunlardan biri 22 bəhmənlə ‒ Fəcr dekadası ilə bağlıdır. İslam İnqilabının və İslam Respublikası rejiminin əksər fraqmentləri kimi Fəcr dekadası da məlum tarixi keçmişimizdə özünəməxsus əhəmiyyət kəsb edən önəmli bir hadisədir. Bu, sadəcə formal xarakter daşıyan bir şüar deyil; Fəcr dekadasını araşdırıb bu barədə dərindən düşündükdə məlum olur ki, bu, əsl həqiqətdir. Bəs nəyə görə Fəcr dekadası özünəməxsus əhəmiyyət daşıyır? İnqilabların və xalq hərəkatlarının tarixdə təsbit olunmağa başladığı dövrdən bəri dünyada baş vermiş bütün inqilabların ildönümü qeyd olunmuşdur və qeyd olunmaqda davam edir. Lakin hər bir inqilabın ildönümünün məhz onu həyata keçirmiş, əsl mahiyyətini ortaya qoymuş xalq tərəfindən qeyd olunması, uca tutulması və yad edilməsi tarixdə misli görünməmiş bir hadisədir. Belə ki, tarixdə illərlə təsirini itirməmiş inqilablar və ictimaiyyətin zehnində dərin iz buraxmış təbəddülatlarla yanaşı, bir müddət sonra yaddaşlardan tamamilə silinərək aradan getmiş inqilablar və ictimai dəyişikliklər də olmuşdur. Misal üçün, onilliklər boyu (yaxud bundan bir qədər az müddətdə) hakimiyyətini qoruyub-saxlamış Böyük Oktyabr Sosialist İnqilabı, Böyük Fransa İnqilabı, habelə digər xalq inqilabları və ya xalq inqilablarına imitasiyalar özünəməxsus təbəddülatları, çevrilişləri ortaya qoymuşdur. Lakin bu inqilab və çevrilişlərin minimum 3-cü, 4-cü ildönümündə artıq xalqın təşəbbüsündən, ümumi kütlənin stimul dolu iştirakından heç bir əsər-əlamət qalmır. Həmin inqilabların ildönümü artıq formal surətdə qeyd olunur, məmurlar təşkil olunmuş mərasimlərdə iştirak edir, bir qrup tamaşaçı Silahlı Qüvvələrin paradını izləyir.

Bizim inqilabımızın qələbəsindən isə artıq 30 il ötür. Lakin buna baxmayaraq, bu illər ərzində hər il İslam İnqilabının ildönümünü təcəssüm etdirən, önə çəkib qabardan, təntənə ilə qeyd edən məhz xalq kütləsi olmuşdur. Hər il ölkənin dörd bir yanında milyonlarla insan 22 bəhmən günü küçələrə axışır, İslam İnqilabının ildönümünü, inqilabın bayramını, inqilabın unudulmaz xatirəsini bir daha dünyaya elan edir. Bu, nə deməkdir? Bu, o deməkdir ki, İslam İnqilabı məhz xalqın ayrı-ayrı nümayəndələrinin imanı əsasında möhkəmlənərək ayaqda durub. İslam İnqilabının, bu inqilabın ortaya qoyduğu hökumət rejiminin əleyhinə olanlar xalqa qarşı durublar; xalqın əleyhinə çıxırlar. Onların öz istədiklərinə nail ola bilməməyinin sirri də bundadır; yoxsa elə bir siyasi quruluş yoxdur ki, siyasi metodlarla, yaxud təhlükəsizlik xidmətlərinin fəaliyyəti sayəsində onu sarsıtmaq mümkün olmasın. Çünki hər hansı bir siyasi quruluşu özündən daha güclüsü gəlib sarsıda bilər. Lakin xalqın imanına söykənən bir dövlətin opponentləri təhlükəsizlik xidməti, hərbi güc, maliyyə, iqtisadiyyat və s. baxımından nə qədər güclü olsalar belə, onu sarsıda bilməzlər. Bunun sirri də elə həmin dövlətin xalqa, insanların imanına, bu hökuməti ərsəyə gətirmiş faktorun özünə arxalanmasındadır; bu, olduqca əhəmiyyətli bir faktdır.

İslam Respublikasının düşmənləri xalqın əzəmətli iştirakını nümayiş etdirən hər bir mərasimi bacardıqları qədər pozmağa çalışırlar. Elə bu il baş vermiş müxtəlif olaylar da buna əyani misaldır. İsrailə və sionizmə etiraz günü olan “Qüds günü”ndə bir qrup şəxsin ‒ düşmənin yalanlarına uymuş bəzi insanların ortaya çıxıb Fələstinin əleyhinə, İsraili müdafiə edən şüarlar səsləndirdiyinin özünüz də şahidi oldunuz. İran xalqının ABŞ imperializminə qarşı nifrət, etiraz və mübarizə günü olan 13 abanda isə bu hərəkata, İslam Respublikası rejiminə, İslamiyyətə qarşı şüarlar səsləndirilirdi! Yaxşı, bəs bu, nə deməkdir? Bu, o deməkdir ki, İslam dövlətinin düşməni xalqın meydanlarda bu cür hamılıqla, səmimi və emosional iştirakından ‒ xalqın içərisindəki bütün ictimai tendensiya və siyasi təmayülləri özündə birləşdirən iştirakından qorxur. İran xalqı birgə və həmrəydir; onun mövqeyi açıq-aydındır. Lakin düşmənlər öz təbliğatlarında bu vahid mövqeyi, bu  birgə və həmrəy hərəkatı pərakəndə bir hərəkat kimi qələmə verməyə çalışırlar; İran xalqını dünyaya içərisinə təfriqə düşmüş, parçalanmış, əsas və prinsipial məsələlərdə bir-birinə qarşı durmuş bir xalq kimi təqdim etmək istəyirlər. Məqsədləri yalnız budur! Buna qarşı ciddi mübarizə aparmaq lazımdır!

İslam Respublikası xalqın iradəsi və imanı ilə hakimiyyətə gəlib, bu günə qədər də həmin iradə və iman sayəsində tam qüdrəti ilə, heç kəsdən asılı olmamağından qürur hissi duyaraq irəliləyib. İnşaallah, bundan sonra da var-gücü, qürur və şərəfi ilə bütün düşmənlərinə qələbə çalacaq!

Qısası, qeyd etmək istədiyim birinci məsələ bundan ibarətdir ki, 22 bəhmən günü İran xalqına aid olan bir gündür; bu gün dahi imam Xomeyniyə (r.ə), şəhidlərə, İslam İnqilabının həqiqi məna və mahiyyətinə aiddir. Bu, xalqın günüdür! Düşmən hər bir vasitəylə xalqın bu böyük sərvətini, bu böyük milli ehtiyatını sarsıtmaq, zəiflətmək istəyir. Sizlər bütün qüvvənizi səfərbər edərək meydanda hazır olmalı, müdrik, düşünülmüş addımlar atmalısınız. Bunu bilin ki, xalqımız İslam İnqilabının başlıca şüarlarına qəlbən bağlı və sadiqdir. Bu gün İran xalqının dünya arenasındakı nüfuzu və əzəməti də (Düşmən özü də bunu etiraf edir) məhz İslam İnqilabının və xalqın hamılıqla iştirakının bərəkətli nəticəsidir. İran xalqı bunu heç bir zaman əldən verməyəcək! 

Mən ötən aylar ərzində dəfələrlə qeyd etdiyim ikinci bir məsələnin üzərində də təkidlə durmaq istəyirəm: İran xalqının düşmənləri ölkədə şəffaf bir atmosferin hökm sürməsindən daim narahatlıq hissi keçirirlər; belə bir şərait onlar üçün dözülməzdir. Onlar İranda yalnız və yalnız qarışıq, xaotik bir şəraitin olmasını istəyirlər. Çünki onlar məhz xaotik atmosferdə öz çirkin məqsədlərinə yaxınlaşmağa, İran xalqının bu möhtəşəm hərəkatına zərbə endirməyə müvəffəq olurlar. “Xaotik atmosfer” dedikdə “fitnə-fəsadın hökm sürdüyü bir şərait” nəzərdə tutulur. Fitnə-fəsad isə o deməkdir ki, bir qrup şəxs ortaya düşüb zahirən dostcasına, əslində isə düşmənçilik məqsədi daşıyan çıxışlarla cəmiyyətdə çaşqınlıq yaradırlar. Belə bir xaotik atmosferdə, qarmaqarışıq şəraitdə düşmənlər həqiqi simalarını gizlədərək birbaşa meydana atılıb zərbə vurmağa müvəffəq olurlar. Məhz elə bu barədə Əmirəl-möminin (ə) də belə buyurur:

انّما بدء وقوع الفتن اهواء تتّبع و احكام تبتدع ... فلو انّ الباطل خلص من مزاج الحقّ لم‌يخف على المرتادين
“Batil olduğu kimi, bütün çılpaqlığı ilə ortaya çıxdıqda, haqq axtarışında olanlar çaşqınlığa düçar olmurlar; bunun batil olduğunu dərhal anlayırlar”.
و لو انّ الحقّ خلص من مزج الباطل انقطع عنه السن المعاندين
“Haqq da heç nə ilə örtülmədən, olduğu kimi ortaya çıxdıqda düşmən artıq onu inkar edə bilmir”.
Daha sonra Həzrət Əli (ə) belə buyurur:
و ليكن يؤخذ من هذا ضغث و من ذاك ضغث فيمزجان
“Fitnəkar şəxs isə haqla batili biri-birinə qarışdırıb birlikdə təqdim edir”.
فحينئذ يشتبه الحقّ على اوليائه
“Belə bir şəraitdə haqq axtarışında olanlar çaşqınlığa düçar olurlar”. (“Nəhcul-bəlağə”, xütbə 50)

Fitnə, bax, budur!

Bəs belə bir şəraitdə, belə bir təzahürə qarşı əlac nədir? Sağlam məntiq belə bir nəticəyə gəlir və şəriət də qətiyyətlə bunu hökm edir ki, belə bir xaotik şəraitdə çıxış yolu yalnız haqqı  çəkinmədən, açıq-aşkar bəyan etməkdir. Sizlər seçki bəhanəsi ilə hər hansı bir mənfi hərəkətlərə yol verildiyini, ardından isə düşmən ünsürlərin yaranmış qarışıqlıqdan istifadə edərək işə qarışdığını, sözlərində, şüarlarında gizli məqsədlərin gizləndiyi və bu düşmən ünsürlərin birbaşa meydana atıldığını görəndə onlara qarşı mövqeyinizi, aranızdakı sərhədi dəqiqliklə müəyyən etməlisiniz. Hər kəsin öhdəsinə düşən müəyyən vəzifələr var; lakin cəmiyyətin üzdə olan nümayəndələrinin, tanınmış insanların vəzifəsi daha ağırdır. Üzdə olan görkəmli şəxsiyyətlər arasında sözü daha çox eşidilən, daha geniş dinləyici auditoriyasına malik olan çoxlu insanlar var. Buna görə də düşmən ünsürlərə qarşı mövqeyini konkretləşdirmək, ayırıcı sərhədləri dəqiq müəyyənləşdirmək artıq bir vəzifədir ‒ kimin hansı əqidədə olduğu və nə dediyi mütləq məlum olmalıdır! Əks halda, batil xaotik şəraitdə, ortalıqda qopmuş “toz-tozanağın” içərisində gizlənərək zərbə endirər və haqq düşərgəsi də hardan zərbə aldığını bilməz. Elə bu səbəbdən də cəmiyyətdə üzdə olan, sayılıb-seçilən şəxslərin ikibaşlı sözlər danışmağı doğru deyil. Bu insanlar açıq danışmalı, fikirlərini aydın şəkildə ifadə etməlidirlər. Bu, təkcə ayrı-ayrı siyasi partiya və cərəyanlara aid deyil. İslam dövlətinin daxilində hökumət komandasına aid olan bütün siyasi cərəyanlar dünya imperialistlərinin himayəsini qəbul edib-etməməli olduqları ilə bağlı mövqelərini konkretləşdirməlidirlər. Bu gün imperializmin, zülmün başında duranlar,  müsəlman ölkələrini işğala məruz qoyanlar, Fələstində, İraqda, Əfqanıstanda və bir çox başqa yerlərdə məzlum insanları qətlə yetirənlər ortalığa çıxıb bəyanatlar verir, mövqe bildirirlər. Şübhəsiz ki, belə bir vəziyyətdə İslam dövlətinə, İslam hökumətinə aid olan hər bir şəxsin onlara qarşı hansı mövqeyi seçdiyi, onlara öz nifrət və etirazını bildirməyə, “Mən sizə düşmənəm!”, “Mən sizin əleyhinizəyəm!” ‒ deyə elan etməyə hazır olub-olmadığı  məlum olmalıdır.

Fitnə dolu şəraitdə cəmiyyətimizdə bəzi şəxslər dildə açıq-aşkar İslamı və İslam Respublikasının şüarlarını rədd etdilər, əməldə də dövlətin legitimliyini və seçkinin nəticələrini sual altında qoydular. Cəmiyyətdə bu kimi neqativ hallar baş verdiyi zaman üzdə olan görkəmli şəxslər baş verənlərə, düşmən ünsürlərin törətdiklərinə qarşı öz mövqelərini açıq-aşkar bildirməli, düşmənlə öz aralarında konkret sərhəd çəkməlidirlər. İkibaşlı sözlər vəziyyəti daha da mürəkkəbləşdirir; fitnənin aradan qaldırılmasına, vəziyyətin aydınlaşmasına heç bir köməklik etmir. Unutmaq olaz ki, düşmənin cəmiyyətdəki vəziyyətin aydınlaşmasını görməyə gözü yoxdur; bu, ona mane olur. Qarışıq, xaotik şərait isə düşmənə əl verir. Bax, bunun özü bir meyardır: kimlər cəmiyyətdəki vəziyyətin aydınlaşmasına, kimlər isə daha da böyük xaosun yaranmasına kömək edir? Buna hər kəs lazımi diqqət yetirsin və özü üçün meyar seçsin.

Son olaraq demək istəyirəm ki, əziz qardaşlar! Əziz bacılar! Sizlər bunu bilməlisiniz və bilirsiniz ki, İslam İnqilabı İlahi təqdirdən doğmuş bir həqiqətdir! Onu məhv etmək, sarsıtmaq qeyri-mümkündür. Nə qədər ki, bu xalqın nümayəndələrinin qəlbində iman, sevgi və stimul var; nə qədər ki, onlar əzm və təşəbbüs göstərirlər, dünyadakı bütün superdövlətlər əl-ələ versələr belə, bu inqilaba, bu dövlətə və bu xalqa heç bir ziyan vura bilməyəcəklər! Öhdəmizə düşən bir sıra vəzifələr var; onlara mütləq surətdə əməl etməliyik. Qarşıda bizi sınaqlar gözləyir; onları ötüb keçməliyik. Bu sınaqlardan bəziləri çətin, bəziləri isə nisbətən daha asan olacaq. Allaha şükürlər olsun ki, xalqımız bu gün üzləşdiyi  və gələcəkdə üzləşəcəyi sınaqlardan qat-qat ağır imtahanlardan üzüağ çıxıb. Həzrət Cənnətinin belə bir sözü var; o buyurur: “Qoy fitnəkar insanların törətdiyi əməllər İran xalqını əsla narahat etməsin!” Mən isə demək istəyirəm ki, fitnəkarlar və düşmənlər həmişə var; bu gün bir düşmən var, sabah onu başqası, o biri gün isə bir başqası əvəz edəcək. Hər gələn ayrı bir metoddan istifadə edəcək. Xalq ayıq-sayıq olsa, əzmkarlıq nümayiş etdirsə, imanını qoruyub-saxlaya bilsə, hər zaman inkişaf və dinamikada olsa, bütün bu qarşıdurmalara asanlıqla (Qeyd edim ki, getdikcə onlar daha da asanlaşacaq) sinə gərəcək, çarpışıb-vuruşsa da, sonda bu mübarizədə qalib gələcək! Allaha şükürlər olsun ki, biz bu gün İslam İnqilabının bu körpə fidanlarını ‒ inqilabı dəstəkləyən bu əzmkar gəncləri görürük. Mən bütün dostlarımıza məsləhət görürəm ki, daha böyük irəliləyişə nail olmaq üçün bugünkü gənclərdən, İslam İnqilabının bu yenicə pöhrələnən körpə fidanlarından mümkün qədər çox yararlansınlar. Bu gənclərin böyük əksəriyyəti İslam İnqilabının qələbəsinin şahidi olmayıb, yaxud o illərdə azyaşlı olublar. Lakin buna rəğmən bu gün onlar bizim o dövrdə atdığımızdan daha qətiyyətli addımlar atır, daha da uzaqgörənliklə hərəkət edirlər. Allaha şükürlər olsun ki, İslam İnqilabı günü-gündən qol-budaq atıb böyüyür!

İnşaallah, Uca Yaradan sizlərin hamınıza dəstək olub qədəmlərinizi daha da möhkəmləndirsin, rəhmət və fəzilətini dahi liderin – imam Xomeyninin (r.ə) və əziz şəhidlərimizin pak ruhlarının üzərinə yağdırsın. Allah-Taala zəmanənin rəhbəri imam Mehdi Sahibəz-Zəmanın (ə.f) müqəddəs qəlbini bizim hamımızdan razı və məmnun etsin!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei
19 yanvar, 2010-cu il