Ali Məqamlı Rəhbərin informasiya bloku

19 dey qiyamının ildönümündə Qum sakinləri ilə görüşdə edilən bəyanat

– Mehriban və bağışlayan Allahın adı ilə!

Hər il bütün İran xalqı, xüsusilə də Qum şəhərinin dəyərli və uzaqgörən sakinləri haqlı olaraq 19 dey gününü tarixi və bir sıra ismarıcları özündə əks etdirən bir gün kimi dünyanın imperialist dövlətlərinin üzünə çırpır. Doğrudan da, 19 dey günü kimi tarixi bir hadisə düşmənlərin üzünə çırpılmağa layiq bir gündür. Bu hadisə müxtəlif aspektlərdən baxıldıqda xeyli düşündürücü və diqqətəlayiqdir. Bu, həm müdriklik, həm zəruri anları vaxtında dəyərləndirmək, düşməni tanımaq və eləcə də mübarizə, səy və fədakarlıq kimi mühüm xüsusiyyətləri özündə əks etdirir. Bütün bunlar 1356-cı ilin 19 dey günü, yəni 32 il bundan əvvəl baş vermiş əzəmətli hadisənin səciyyəvi cəhətləridir. Digər tərəfdən, bu hadisə İran xalqında  bir dəyişikliyin, oyanışın, çoxcəhətli və əzəmətli bir cərəyanın əsasını qoymuşdur. Deməli, 19 dey qiyamı, həqiqətən də, böyük əhəmiyyət kəsb edir. Çünki həmin gün öz təsirini göstərmişdi. Bu gün sizlərin həmin hadisəni və onun uğrunda qurban getmiş ruhani və qeyri-ruhani şəhidləri yad etməklə öz hörmətinizi izhar etməyiniz də ibrətamiz təsirə malikdir. Bu, bizə dərs verir, ayıq-sayıqlığı, hansı istiqamətdə hərəkət etmək lazım olduğunu öyrədir.

Öz-özlüyündə ilin bütün günləri eynidir. Məhz insanlar, məhz bu əzm, iradə və mübarizlik bir günü digərindən uca edir, onu tanıdır və fərqləndirir, başqalarına doğru yol göstərmək üçün bir bayraq kimi ucaldır. Məhərrəm ayının onuncu gününün – Aşura gününün də öz-özlüyündə digər günlərdən heç bir fərqi yoxdur. Bu günə can verən, onu mənalandıran və səmalara yüksəldən məhz Hüseyn ibn Əlidir (ə). Bu günü bu qədər əhəmiyyətli və xatirə ilə dolu edən Hüseyn ibn Əlinin (ə) silahdaşlarının mübarizliyidir. 19 dey günü və bu il qeyd etdiyimiz 9 dey günü də bu qəbildəndir. 9 deyin 10 deydən heç bir fərqi yoxdur. Qəfildən baş verən bir hərəkatla (Bu hərəkata da eynilə 19 dey günü Qumda həyata keçirilmiş hərəkatın qaynaqlandığı amillər – yəni uzaqgörənlik, düşməni tanımaq, hadisələrə vaxtında reaksiya vermək və mübarizə meydanında iştirak etmək kimi amillər təkan vermişdir) 9 dey gününü digər günlərdən fərqləndirən də məhz insanlardır.

Əmin olun ki, bu il qeyd olunan 9 dey günü də tarixin yaddaşına əbədi həkk olunmuşdur; bu da fərqli bir gündür. Müəyyən tərəfdən yanaşdıqda hazırkı xaotik atmosferin hökm sürdüyü bir şəraitdə insanların bu hərəkatı ikiqat əhəmiyyətə malikdir və həqiqətən də, böyük bir işdir. Bu tarixi hadisə haqqında düşündükcə onda Allahın qüdrətli əlinin, məsumların və Hüseyn ibn Əlinin (ə) ruhunun təzahürünü görürük. Bunlar bizim və bizim kimilərin iradəsi ilə həyata keçirilə biləcək işlər deyil; bunlar yalnız və yalnız Uca Allahın işidir, Onun qüdrət əlinin nişanəsidir. Belə ki, dəfələrlə qeyd etdiyim kimi, imam Xomeyni (r.ə) həssas məqamlardan birində mənə belə buyurdu: “Mən bu müddət ərzində baş verən olayların arxasında Allahın qüdrətli əlini gördüm”. Bu müdrik və uzaqgörən insan, bu müqəddəs şəxsiyyət hadisələrə tamamilə düzgün qiymət verə bilmişdi.

Fitnənin hökm sürdüyü bir şəraitdə vəziyyət daha da mürəkkəbləşir, həqiqəti, kimin kim olduğunu müəyyən etmək xeyli çətin olur. Əlbəttə, Uca Yaradan həmişə bir sübut yetirir və insanların Allahdan nəyi isə tələb edib, Ona “Sən bizim üçün sübut yetirməmiş, doğru yolu göstərən bir şəxs göndərməmişdin. Buna görə də biz yolumuzu azdıq” – demələrinə imkan vermir. Quranda da bu fikir dəfələrlə qeyd olunmuşdur. Allahın qüdrətli əlinin nişanəsi özünü hər yerdə büruzə verir. Sadəcə, bunu görməyə göz lazımdır. Gözlərimizi açmasaq, ayın ilk gününün hilalını da görə bilmərik, halbuki, o, mövcuddur. Bu səbəbdən də, gözlərimizi açmalı, ətrafa baxmalı və xeyli diqqətli olmalıyıq. Bizə verilən bütün imkanlardan Allahın bəxş etdiyi həqiqətləri görə bilmək üçün səmərəli şəkildə istifadə etməliyik.

Əsas insanın mübarizəsidir. Bu mübarizə insanın öz xeyri üçündür və Uca Tanrı da bu mübarizədə ona dayaq olur. Qum camaatının 1356-cı il, 19 dey günü də bu qəbildəndir. Belə ki, milyonlarla insanın fövqəladə əzəmətli hərəkatı kimi bu il ölkə əhalisinin qeyd etdiyi 9 dey günü də eyni sırada durur. İslam İnqilabı ərzində yaşadığımız müxtəlif hadisələr də buraya aiddir. Bu mübarizə bizə doğru yolu göstərir.

Diqqət edin! Siffeyn döyüşündə imam Əli (ə) kafirlərə qarşı vuruşmurdu ki?! Onun qarşısında duran ordu da namaz qılıb, Quran oxuyanlardan ibarət idi. Onlar zahiri şərtlərə əməl edənlərdən idilər. Vəziyyət olduqca çətin idi. Belə bir şəraitdə insanları kim maarifləndirəcək, kim onlara həqiqəti açıqlayacaqdı? Bəziləri, doğrudan da, şübhə və tərəddüdə qapılırdılar. Siffeyn döyüşünün tarixini vərəqlədikcə insanın qəlbi titrəyir. Həzrət Əlinin (ə) sərkərdəlik etdiyi və Şamda – o həssas məkanda Müaviyənin ordusu qarşısında düzdüyü böyük ordunun sıralarına bəzən çaxnaşma düşürdü. Döyüş bir neçə ay uzandığı üçün cəbhənin ayrı-ayrı hissələrində döyüşçülərdən bəzilərinin qəlbində şübhə yarandığı, “Niyə savaşırıq? Axı bunun bizə nə xeyri var?” – deyə suallar verdikləri barədə Əmirəl-mömininə (ə) məlumatlar gəlib çatırdı. Bu zaman Həzrət Əlinin (ə) İslamın yarandığı ilk gündən ona sadiq olan və ayrılmaz silahdaşları irəliyə atılırdılar. Xüsusilə də cənab Əmmar Yasir bu sahədə mühüm işlər görmüşdü. O, cəbhənin tərəddüd içərisində olan döyüşçüləri arasında maarifləndirmə işi aparır, doğru yolda olduqlarını sübut etməyə çalışırdı. Onun gətirdiyi arqumentlərdən hər bir şəxs daim aktual bir sübut kimi yararlana bilər. Əmmar Yasir bir neçə nəfərin şübhəyə düşdüyünü görüb, özünü oraya yetirdi və sözə başladı. Onun söylədiklərindən bəzi məqamlar bunlardır: “Qarşı cəbhədə gördüyünüz bayrağı – Bəni Uməyyə bayrağını Uhud və Bədr döyüşlərində Peyğəmbərimizin (s) qarşısında görmüşdüm. Bu gün o bayrağın altında dayananlar – Müaviyə, Əmir As o gün də orada dayanmışdılar. Uhud döyüşündə Müaviyə, Əmir As və digər başçılar Peyğəmbərin (s) qarşısında yer almışdılar. Bayraq da Bəni Uməyyə bayrağı idi”. Daha sonra Əmmar Yasir sözünə belə davam etdi: “O bayrağın altında gördüyünüz şəxslər qarşı tərəfdə yer alıblar. Eynilə həmin bayrağın altında duranlar Allah Rəsulunun (s) da qarşısında durmuşdular. Bütün bunları öz gözlərimlə görmüşəm”.

İmamımızın (r.ə) tutduğu mövqe və malik olduğu Bəni Haşim bayrağı eynilə o zamankı Bədr və Uhud döyüşlərində olduğu kimi idi. Və bugün bu bayrağın altında dayananlar – Əli ibn Əbu Talib (ə) və onun köməkçiləri o gün də həmin bayrağın altında dayanmışdılar. Bundan yaxşı əlamət ola bilərmi?! Baxın! Bayraq Uhud döyüşündəki bayraq, adamlar da həmin adamlardır! Bundan yaxşı nə sübut istəyirsiniz? Bilin! Bayraq Uhud döyüşündəki həmin bayraqdır; qarşı cəbhədəki adamlar da həmin adamlardır. Fərq yalnız ondadır ki, həmin gün o adamlar kafir olduqlarını söyləyir, bunu etiraf edir və bununla fəxr edirdilər. Bugün isə həmin bayrağın altındakılar Quran və Peyğəmbər (s) tərəfdarı, müsəlman olduqlarını iddia edirlər. Halbuki, adamlar da, bayraq da eynidir. Uzaqgörənlik, bəsirət bax, budur! Bizim dəfələrlə: “Bəsirət, uzaqgörənlik!” – deyə təkid etməyimiz və bu keyfiyyətlərin üzərində bu qədər durmağımız da məhz buna görədir.

İslam İnqilabının ilk günündən başlayaraq uzun illər boyunca imam Xomeyni (r.ə) və İslam İnqilabına qarşı  mübarizə bayrağının altında kim dayanmışdı? Amerika, İngiltərə, bütün imperialistlər, habelə imperializmə və şah rejiminə bağlı olan mürtəce qüvvələr həmin bayrağın altında qərar tutmuşdular. Bugün də eyni vəziyyət hökm sürür. Tarixə nəzər saldığınızda 1388-ci il seçki öncəsi dövrdən bugünə kimi son 7-8 ay ərzində Amerikanın harada yer aldığını görürsünüz? İngiltərə və sionist xəbər agentlikləri harada dayanmışlar? Əlbəttə, dinə əks cinahda! Ölkə daxilində tudəçilərdən tutmuş şah rejimini arzulayanlara qədər hər cür dinsiz harada qərar tutmuşdu? Yəni inqilabın ilk günündən imam Xomeyniyə (r.ə) və İslam İnqilabına qarşı düşmən mövqeyində duranlar, onu daşlayan, atəşə tutan və terrorist sui-qəsd planlarını işə salanlar hansı mövqedə durmuşdular? 22 bəhmən inqilabının qələbə günündən 3 gün keçmişdi. Eyni şəxslər İranda – küçədə, İmamın (r.ə) iqamətgahının qarşısında duraraq şüarlar səsləndirirdilər. İndi həmin şəxslər küçədə İslam quruluşu və İslam İnqilabı əleyhinə şüarlar söyləyirlər. Heç nə dəyişməyib. Özlərini solçu adlandırırdılar, arxalarında dayanan isə Amerika idi. Adları sosialist, liberal, azadlıq tələbkarı idi, arxalarında isə bütün dünyanın kiçikli-böyüklü irticaçı, imperialist və zülmkar dövlət aparatları dururdu. Bugün də vəziyyət eynidir. Bunlar bir işarə, bir əlamətdir. Əsas olan odur ki, İran xalqı bu əlamətləri dərk edirdi. Bu xüsusiyyəti bəxş etdiyi üçün Allaha yüz dəfə şükr etsək belə, yenə haqqı ödənilməz. Gərək şükr səcdəsi edək!

Bu uca millət baş verənləri ölkənin müxtəlif təbəqələrinin nəzərləriylə (müxtəlif aspektlərdən) izləyir və onları dərk edir. Bu, olduqca vacibdir. 9 dey gününün tarixdə qalacağını da məhz buna görə söyləyirəm. İnsanlar oyanırlar. Əzizlərim, ölkəmizi və inqilabı da məhz bu qorudu. İran xalqına hücum etmək istəyən müstəmləkəçilərin cəsarətini də əlindən alan məhz bu oldu. Onlar qorxuya düşmüş, müxtəlif şəxslərdən istifadə edərək təbliğat hücumuna başlamışlar. Ancaq hadisələrin əsasında başqa həqiqətlər durur. Onların əsl düşməni İran xalqıdır. Onların gerçək düşməni imanlı və uzaqgörən İran xalqı, onun gənclərinin coşub-daşan dini qeyrətidir. Onlar həm qəzəbdən kükrəyir, həm də səbir edirlər; belə də olmalıdır! Ancaq meydana atılmaq zamanı gəldiyində atılacaqlar.

Hazırda ölkəmizdə cərəyan edən hadisələrin təhlili dünyada baş verənlərdən ayrı götürülə bilməz. Dünyada və regionlarda gedən proseslər bir-biri ilə əlaqəlidir. Ölkəmiz də bu qisimdəndir və əlbəttə ki, olduqca önəmli və əhəmiyyətli bir bölgədir. Müstəmləkəçilər bu məsələdə işlərinin ləng getdiyinin əsas səbəbini də məhz bununla bağlayırlar. Bu da bir millətin və cəmiyyətin nə qədər önəmli rol oynaya biləcəyini göstərir. Dahi imam Xomeyninin (r.ə) daim İslam ümmətinə müraciət etməsinin səbəbi də onun bu faktora lazımi əhəmiyyət verməsindən irəli gəlirdi. Xalq oyandığı zamanı müstəmləkəçilərin planlarını, bax, bu cür boşa çıxara bilər. Onların işə saldığı mexanizmi, öz müstəmləkəçi məqsədlərinə çatmaq üçün həyata keçirdikləri məkrli planları yalnız xalqların oyanışı, xalqların ayıq-sayıqlığı durdura bilər. 

Dünyadakı bütün müsəlman xalqlar meydana atılsa, görün, nələr baş verər?! Əgər bütün müsəlman xalqları eyni uzaqgörənliyi, fəalllığı və iştirakı həyata keçirərlərsə, dünyada nələr cərəyan edər?! Onlar məhz bundan qorxurlar. Mənim və sizin səsinizi boğmaq və digər xalqların da bundan xəbər tutmamasını istəyirlər. Buna görə də cidd-cəhdlə dünya hadisələrinə münasibətdə bir xalqın uzaqgörənliyini, oyanışının, təsir dairəsinin genişliyini digər xalqların anlamamasına nail olmağa çalışırlar.

Əziz inqilabçı gənclərimizə, qadınlı-kişili Bəsic dəstələrinin sıralarında olan əziz övladlarıma bir məqamı da anlatmaq istərdim. Gənclər ölkə xaricindən əcnəbilərin dini əqidə haqqında söylədikləri təhqiramiz sözlərdən və ya gözləri ilə gördüklərindən əsəbləşirlər. Bir dəstə insanın Aşura gününün xatirəsini, imam Hüseyni (ə) və onun əzadarlarını necə təhqir etdiklərini gördükdə onların ürəkləri qübar bağlayır, qəzəbdən sinələri körüklənir. Əlbəttə, bu, doğru və təbii münasibətdir. Buna haqları var. Ancaq əziz gənclərimizi son dərəcə diqqətli olmağa çağırıram; unutmaq olmaz ki, düşünülmədən atılmış hər bir addım düşmənə köməkdir. Gənclər mənə zəng edirlər. Yazdıqları məktubları da oxuyur və onları yaxşı anlayıram. Hər gün bütün zəng və məktubların xülasəsi mənə çatdırılır. Oxuduqca görürəm ki, gənclər gileylənir, narahatlıq keçirir və əsəbiləşirlər. Bəzən kimdənsə şikayət edərək nə üçün səbir etdiyini, niyə sadəcə seyr etdiyini soruşurlar. Planlarının əsas məqsədi yalnız fitnə-fəsad olan düşmənin bütün vasitə və imkanları ilə təhlükəli oyuna başlamaq istədiyi bir zamanda heç bir vəchlə ona yardımçı olmamaq üçün xeyli diqqətli olmaq lazımdır. Çox ehtiyatlı və tədbirli olmaqla lazımi anda qətiyyətlə müdaxilə etmək olduqca mühümdür. Bunun üçün məsul qurumlar, qanun var. Ən sərt qanun qanuna müvafiq surətdə və onu pozmadan qəti şəkildə icra olunmalıdır.

Qanuni səlahiyyəti, vəzifə və məsuliyyəti olmayan şəxslərin işə müdaxiləsi isə hadisələri daha da uçuruma doğru aparar. Allah bizə belə buyurmuşdur:


و لايجرمنّكم شنئان قوم على ان لاتعدلوا اعدلوا هو اقرب للتّقوى
“Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun ki, o, təqvaya daha yaxındır”. (“Maidə” surəsi, ayə 8)

Yəni belə olmamalıdır ki, bir qrup şəxs düşmənçilik etsin, xəbis planlar qursun, digər bir qrup isə o xəbisləri dəstəkləsin. Əlbəttə, bu cür insanlar mövcuddur; ancaq təmkinli olmaq lazımdır. Diqqət və ehtiyat etmədən bəzi hadisələrə müdaxilə etsək, onların əlindən cana doymuş günahsız insanlar da bundan ziyan çəkərlər. Bu baş verməməlidir! Mən əziz gənclərimizə, inqilabçı övladlarımıza özbaşına hərəkətdən çəkinməyi tövsiyə edirəm. Hər şey qanun çərçivəsində öz həllini tapmalıdır.

Dövlətin məsul şəxsləri baş verənləri, insanların hansı istiqamətdə hərəkət etdiyini anlayırlar (Bunun üçün Allaha çoxlu şükürlər olsun!). Hər kəsin öz vəzifəsinə əməl etməsi üçün lazımi dəlil gətirilib. Əzəmətli 9 dey günü hər kəsin öz vəsifəsini dərk etməsi üçün tutarlı bir dəlildir. Bütün icraedici və qanunverici, məhkəmə hakimiyyətinin məsul şəxsləri, digər dövlət strukturları xalqın meydanda olduğunu və nə istədiyini yaxşı anlayırlar. Dövlət strukturları həm araqarşıdıranlara, təxribatçı, iğtişaşçı, əks-inqilabçılara, asayiş və təhlükəsizliyi pozmaq niyyətində olanlara qarşı vəzifələrini, həm də dövlətin idarəsi vəzifəsini layiqincə yerinə yetirməlidirlər. Ölkənin problemləri təkcə iğtişaşçı qüvvələrlə məhdudlaşmır ki?! Dövlət qarşısında iqtisadi, elmi, siyasi, beynəlxalq və təhlükəsizlik məsələləri də durur. Dövlətin məsul şəxslərinin qarşısında yüzlərlə vacib məsələ var. Bunları həll etmək, ölkəyə rəhbərlik etmək və onu inkişaf etdirmək lazımdır. Düşmən baş verən hadisələrlə ölkənin inkişafını dayandırmağa çalışır. Bu işdə ona kömək etmək olmaz. Düşmən bu cür hadisələrlə iqtisadi inkişafın qarşısını almağa cəhd edir. Onlar, Allaha şükür, sürətlə irəliləyən elmi tərəqqinin gedişatını, elmin müsbət inkişafını və mövcud proqresi durdurmağa çalışırlar. Düşmənlərimiz bu cür addım atmaqla qüdrətli İslam Respublikasının beynəlxalq arenada bugün keçmişə nisbətdə daha bariz və daha proqressiv siyasi iştirakına mənfi təsir göstərməyə, ona ziyan vurmağa çalışır. Bu məsələlərdə düşmənə heç bir vəchlə yardım etmək olmaz. Buna görə də məsul şəxslər iqtisadi, elmi, siyasi, ictimai, eləcə də məsuliyyət daşıdıqları və öhdələrinə götürdükləri digər sahələrdə diqqət və var-qüvvələri ilə çalışmalıdırlar. Habelə digər dövlətlər və onların rəsmiləri ilə əməkdaşlığı davam etdirməlidirlər. Xalq da beynəlxalq arenadakı iştirakını büruzə verdi.

İslam Respublikasının ən böyük sərvəti xalqın onun arxasında dayanmasıdır. Düşmənlər müəyyən fikirlərlə xalq hərəkatını pozmağa çalışdılar, bu hərəkatı “hökumətin təşkil etdiyi yürüş” adlandırdılar. Ağılsızlar, əslində, bu sözlərlə hökuməti tərif etdiklərini, onu daha da ucaltdıqlarını anlamadılar. Bu necə hökumətdir ki, iki gün ərzində (Aşura günü (bazar günü) düşmənin məkrli planları işə düşmüş, çərşənbə günü isə xalq bu möhtəşəm hərəkatı həyata keçirmişdir) ölkənin dörd bir yanında nəhəng bir ümumxalq səfərbərliyini həyata keçirə bildi? Bu gün hansı hökumət, hansı dövlət bu cür qüdrətə malikdir? Casusluq, təxribatçılıq və terrorçuluğa şərait yaratmaq üçün böyük vəsait xərcləyən dünyanın ən qüdrətli və ən varlı dövlətləri belə nə qədər çalışsalar, iki gün ərzində ölkədə yüz minlərlə insanı şəhərin küçələrinə toplaya bilməzlər. Ölkənin hər tərəfindən on milyonlarla insanın axışıb gəlməsinə nail ola bilməzlər. Hökumətin göstərişi ilə gəlmiş olsalar belə, demək ki, həmin dövlət çox qüdrətlidir. Bu cür səfərbərlik imkanına malikdirsə, deməli, nüfuzlu bir hökumətdir. Ancaq həqiqət başqadır. Həqiqət budur ki, ölkəmizdə ayrı-ayrılıqda hakimiyyət və xalq mövcud deyil. Bu, bir anlayışdır. Mən – aciz bəndənizdən tutmuş digərlərinə qədər bütün dövlət rəsmiləri İran xalqı adlanan ucsuz-bucaqsız “okean”ın bir damlasıyıq.

Bu əzəmətli hərəkatın təməlini qoyan ali İmamımızın – İmam Xomeyninin (r.ə) pak ruhuna Allahdan rəhmət diləyirəm. Bu qüdrətli hərəkatın öndərləri və sələfləri olmuş şəhidlərimizin pak ruhuna Allah rəhmət eləsin!

و السّابقون السّابقون. اولئك المقرّبون
“(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır”. (“Vaqiə” surəsi, ayə 10-11)

Yolumuzu açan və maneələri dəf edən də məhz onlar oldular. Əziz xalqımız və gənclərimiz, bu cür uzaqgörənlik və səfərbərlik nümayiş etdirdiyiniz üçün, ölkəyə, İslam quruluşu və İslam İnqilabına əl uzatmış düşmənləri məyus etdiyiniz üçün Allah-Taalanın nəzəri üzərinizdən heç bir zaman əskik olmasın və Tanrı sizə həmişə yar olsun! İnşaallah!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei
9 yanvar, 2010-cu il