Ali Məqamlı Rəhbərin informasiya bloku

Ölkənin elm xadimlərindən bir qrupu ilə görüş

– Mehriban və bağışlayan Allahın adı ilə!

Mənim üçün siz əzizlərlə olan bugünkü görüşümüz həmişə olduğu kimi olduqca xoş və ümidvericidir. Həqiqətən də, ölkənin əsl ümid yeri savadlı və ziyalı gənclər, xüsusən də ziyalı olması ilə yanaşı öhdəsinə düşən vəzifə və məsuliyyəti dərk edən gənclərdir. Sizinlə – əziz qardaş və bacılarımızla, mənim sevimli övladlarımla keçirdiyimiz, Allaha şükürlər olsun, çox xoş və ürəkaçan görüşümüz nəinki mənim və digər rəsmi şəxslərin qəlbində, bəlkə bütövlükdə ölkə miqyasında gələcəyə olan bu ümidi daha da gücləndirir. Mən əvvəlcə möhtərəm rəsmilərimizə – buraya təşrif gətirmiş çox hörmətli nazirlərə, Görkəmli Xadimlər Fondunun sədrinə, ölkə başçısının müavini olan xanıma və digər məsul şəxslərə müraciət edərək bir məqamı xüsusilə qeyd etmək istəyirəm: siz öz fəaliyyət proqramlarınızı, yanaşma metodunuzu bu reallıqları nəzərə alaraq tənzimləməlisiniz. Bu il gənc elm xadimlərimizin vurğuladığı məsələlər ötən illərdəki, yaxud on il bundan əvvəlki tələbə gənclərimizin, ali məktəb məzunlarımızın qeyd etdiklərindən daha önəmli, püxtələşmiş və dərin xarakterə malik olması ilə hiss olunacaq dərəcədə fərqlənir. Mən universitetlərin müəllim və tələbə heyəti ilə daim əlaqə saxlamışam. Bildiyiniz kimi, ildə bir neçə dəfə müxtəlif əlamətdar hadisələrlə əlaqədar olaraq gənclərimizlə bu cür görüşlər keçirir, oturub söhbət edir, onların rəy və düşüncələrini dinləyirik. Mən ölkədə hazırlanan iri və kiçik miqyaslı proqramlardan kənar, öz-özlüyümdə bugünkü gənc tələbə nəslini və elm xadimlərini dəyərləndirərkən bu günümüzlə on il əvvəlki vəziyyətimiz arasında nəzərəçarpacaq dərəcədə fərq görürəm. Belə ki, inkişaf və tərəqqi açıq-aydın özünü göstərir. Möhtərəm rəsmilərimiz bu aşkar reallığa lazımi diqqət yetirərək gələcək fəaliyyət proqramlarını işləyib-hazırlamalıdırlar. Əziz cavanlarımızın burada qeyd etdiyi məqamlar eynilə ölkədəki elmi hərəkat, ölkənin sabahı, gələcək tərəqqisi barədə düşünən hər bir insanın təfəkküründə özünə yer alan önəmli məsələlərdir. Gənclərimizin əsas məsələlərə olduqca böyük diqqət yönəltdiyi açıq-aşkar müşahidə olunur.

Gənclərimizdən biri belə qeyd etdi: “Görülən işlər gələcəyin ehtiyaclarına əsaslanmalıdır. Bu gələcəyin, bu ehtiyacların ümumi planı mütləq işlənib-hazırlanmalıdır”. Yaxud da həmin məsələ ilə bağlı başqa bir gəncimiz: “Hərəkət istiqamətimizi özümüz müəyyənləşdirməliyik. Başqalarının – qərblilərin cızdığı plan əsasında hərəkət edərək onların gələcək həyatında və uğurlarında boşluqları dolduran pazllar rolunu oynamamalıyıq. Nəyə ehtiyacımız olduğunu dəqiq müəyyənləşdirərək həmin ehtiyaclarımızı təmin etməliyik” – dedi. Bütün bu səsləndirilən fikirlər olduqca böyük və əhəmiyyətli fikirlərdir. Bunların hər biri intellektual, düşünən, xalqa canı yanan, məsuliyyətli insanın ölkədəki elmi hərəkata qlobal miqyasda nəzər salarkən dərk etdiyi məsələlərdir. Lakin bu dərketmə zəruri olsa da, kifayət deyil. Bunun əsasında müvafiq proqramlar hazırlamaq, fəaliyyət göstərmək daha mühümdür. Həmçinin gənclərdən bir neçəsinin də burada qeyd etdiyi kimi, cəmiyyətə, ölkənin ziyalı ictimaiyyətinə, görkəmli xadimlərinə öhdəsinə düşən məsuliyyəti dərk etmək psixologiyası, öhdəçilik mədəniyyəti aşılanmalıdır. Ziyalılar və görkəmli xadimlər sırf cəmiyyətdən nə isə umub gözləməməlidirlər. Əlbəttə, onların bu umacağı tam məntiqidir; yersiz bir şey deyil. Lakin bununla yanaşı öhdəçilik, məsuliyyət və özünü borclu bilmək hissi də olmalıdır. “Ölkənin bu böyük toplumunun üzvü olan bir fərd kimi mənim çiyinlərimə düşən vəzifə nədən ibarətdir? Mən nə iş görməliyəm?” Bax, bu barədə ciddi düşünmək lazımdır. Bunlar çox mühümdür. Xanımlardan biri bu məclisdə tamamilə doğru olaraq qeyd etdi ki: “Dindən uzaq, dindən ayrı olan bir mənəviyyat əsasən mənəviyyat yox, fantaziyadır, insan təxəyyülün məhsuludur. Belə bir mənəviyyatı deyil, məhz dini mənəviyyatı ölkənin elmi hərəkatının, elmi tədqiqat hərəkatının başlıca elementinə çevirmək lazımdır”. Bu, önəm verilməli olan başlıca məsələlərdən biridir. Bu olsa (Sonuncu çıxış edən gəncimiz də bu məsələ ilə bağlı gənc nəslin arzusunu qeyd etdi. Bu, eynilə bizim də arzuladığımız və təkrar-təkrar vurğuladığımız mühüm bir məsələdir), cəmiyyətin əxlaqiləşməsi də gerçəkləşəcək. Çünki yalnız şüarlarla irəli getmək olmaz. Hərəkət etmək lazımdır. Qarşıya qoyulan məqsədə doğru irəliləmək lazımdır.

Bu fikirləri sizlərin dilindən eşidəndə məndə daha çox ümid yaranır və mən tam yəqinliklə bu cəmiyyətin, bu dövlətin, bu toplumun belə bir maddi və mənəvi, elmi və əxlaqi irəliləyiş sayəsində, şübhəsiz, öz məqsədlərinə çatacağını hiss edirəm. Məhz elə buna görə də İslam Respublikası toxunulmazlıq qazanmışdır. 

Bu məclisdə son dövrdə baş vermiş bəzi olaylara və məsələlərə də toxunuldu. Doğrudur, bütün bunlarla bağlı bir çox sözlər danışılıb. Elə düşünməyin ki, bu barədə deyilənlərin hamısı elə “Səda və Sima” dövlət teleradiokompaniyasında səsləndirilən fikirlərdən ibarətdir. Xeyr, bir sıra başqa mətləblər də var. İnsan ürəyindən keçən hər bir şeyi demir, yaxud deyə bilmir. Həqiqətdə isə danışılası sözlər çoxdur. Siz gənclər, Allaha şükürlər olsun ki, ağıllı, istedadlısınız və tədricən həqiqət sizin üçün aydınlaşacaq. Son dövrdə və ümumilikdə ötən 30 il ərzində cərəyan edən siyasi olaylardan mən bunu müşahidə edirəm ki, ölkəmiz, yəni İslam Respublikası tədricən bu cür olaylara qarşı özündə güclü bir immunitet yaratmış, sarsılmaz, zərbəyə, gözlənilməz partlayışlara davamlı bir quruluşa çevrilmişdir. Zarafat deyil. Siz dünyadakı cürbəcür təbliğat və təhlükəsizlik orqanlarının təhlükəsizlik, casusluq və təbliğat gücünü əsla kiçik, əhəmiyyətsiz bir şey hesab etməyin. Bunu hamı hiss edir (Ola bilsin,  müxtəlif mövzularla bağlı daha az informasiyası olan insanlar bunu daha az müşahidə edirlər). Hollivudu zarafat bilməyin. Xanımlardan birinin də qeyd etdiyi kimi, Qərbin mədəniyyət və incəsənətinin təsir gücünü, Qərb dünyasında son dərəcə dəqiqliklə yürüdülən təbliğatı zarafat hesab etməyin. Bitib-tükənmək bilməyən sərvətə, nəhəng siyasi-təbliğat orqanlarına əlavə olaraq bu böyük qüvvələrin də hamısı məhz İslam Respublikasının üstünə düşüblər. Bu gün dünyada bu qədər hücumlara hədəf olan ikinci bir dövlət tapmaq olmaz. İslam Respublikası isə bütün bunlara qarşı müqavimət göstərir. Məgər bu zarafatdırmı? Başı bəlalar çəkmiş, artıq möhkəmlənərək özündə immunitet yaratmış bu varlıq mübarizə aparmaqda və müqavimət göstərməkdə hələ də davam edir. Bu, heç də balaca bir şey deyil! Uydurma da deyil! Gənclərimiz, əziz cavanlarımız bunu mütləq bilməlidirlər. Elə zənn etməyin ki, mən bu cür sözləri eşitdikdə narahat oluram. Xeyr, əslində, mən bu mətləblər barədə danışılmamağından narahat oluram.

Tələbələrlə, ali məktəblərin müəllim kollektivi ilə keçirdiyim görüşlərdə bəzən görürəm ki, insanlar ehtiyat edərək mənə olan hörmət, yaxud hər hansı başqa bir səbəb ucbatından xoşuma gəlməyəcəyini ehtimal etdikləri bəzi məsələlərə toxunmurlar. Halbuki, mən, əksinə, bu mətləblərin açılmamağından narahat oluram. Yəni bu cür məsələlərin qeyd olunması məni qətiyyən narahat etmir. Kaş kifayət qədər vaxt olaydı və insan deyiləcək sözlərin, vurğulanacaq məqamların hamısını dinləyib bir çox həqiqətləri özü üçün aydınlaşdıra biləydi... Əlbəttə ki, gələcəkdə bu işlər mütləq görüləcək. Siz qətiyyən elə bilməyin ki, bu ölkənin əleyhinə əlbir şəkildə hazırlanan sui-qəsd planları fantaziyadır. Xeyr! Bu, bir reallıqdır. Ölkəmizə qarşı dörd bir yandan məkrli planlar hazırlanır və ola bilsin ki, ölkənin içərisində həmin planların həyata keçirilməsi istiqamətində hərəkətverici mehvər rolunu oynayan şəxslərin özlərinin də bundan əsla xəbəri yoxdur.         

Sözsüz ki, bunu dərk etmək üçün də müdrikliyə və uzaqgörənliyə ehtiyac var. Bəzilərində isə bu müdriklik və uzaqgörənlik yoxdur. Biz cürbəcür insanları görə-görə gəlmişik. Bəziləri kimin çaldığına oynadıqlarını belə dərk etmirlər. Lakin onların dərk edib-etməməyi, bilib-bilməməyi reallığı dəyişmir: ölkəmizə qarşı məkrli planlar var! Buna baxmayaraq bu ölkə, bu dövlət nəinki süstləşmir, zəifləmir, əksinə, onun siz gənclərdən ibarət olan qabaqcıl elmi ictimaiyyəti on il əvvəlkinə nisbətən bu gün açıq-aşkar irəliləməkdədir. Bu, nə deməkdir? Bu, haqlı olmaq deməkdir! Bu, əsl-nəcabət deməkdir! Bu, köklü-köməcli olmaq, möhkəm əsaslar üzərində durmaq deməkdir!

الم تر كيف ضرب اللَّه مثلا كلمة طيّبة كشجرة طيّبة

 “Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tövhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib)”. (“İbrahim” surəsi, ayə 24)

Biz, bax bu prinsipə etiqad bəsləyirik. Biz imanla, mənəviyyatla hərəkət edirik. Mən mövcud nöqsan və çatışmazlıqları inkar etmirəm. Lakin çatışmazlıqları aradan qaldırmağın yolu “Filan yerdə vəziyyət filan cürdür” – deyə elan etmək deyil. Xeyr, bir çox şeylər aləmə car çəkməklə yox, məhz iş görməklə yoluna qoyulur; bəzi şeylər yalnız danışmaqla düzəlmir. Uzun-uzadı danışmaq, təbliğat naminə qalmaqal salıb boşboğazlıq etmək problemlərin həllinə heç bir köməklik etmir. Seçki ilə bağlı olaylarda özünüz də bunun şahidi oldunuz. Seçkiqabağı təbliğat-təşviqat kompaniyasına, misal üçün, seçkidən bir ay, yaxud iyirmi gün öncə start verilməli idisə də, bu işə Novruz bayramından da əvvəl başlamışdılar. Yoldaşlardan bəzilərinin tənqid etdiyi həmin telekanal da, təəssüflər olsun ki, bu cür təbliğatı əks etdirirdi. Mən özüm də bununla razı deyildim. Elə zənn etməyin ki, “Səda və Sima” dövlət teleradiokompaniyasının rəhbərini mən seçirəmsə, demək, bu telekanalda yayımlanan bütün proqramları bircə-bircə gətirib mənə təqdim edirlər və mən də onları nəzərdən keçirib imzalayıram. Xeyr, “Səda və Sima” telekanalının bir çox proqramları məni qane etmir. O cümlədən də mən seçkidən (12 iyun seçkilərini nəzərdə tuturam) üç ay öncə –mart ayında, bəlkə bundan da əvvəl təbliğat məqsədi güdən səfərlərin, çıxışların və bəyanatların, baş verən qarşıdurmaların televiziya vasitəsilə yayımlanmasına qətiyyən razı deyildim. Təəssüflər olsun ki, bütün bunlar televiziya ekranları vasitəsilə yayımlandı. Bəhanəsi də bu oldu ki, bizdə fikir azadlığı var! Təbii ki, bütün bunlar uydurma bəhanələrdir; ölkənin daxilində qalmaqal yaratmaq üçündür. İdeoloji qalmaqal sağlam mübahisədən fərqlidir. Mən dəfələrlə qeyd etmişəm ki, universitetlərdə azad fikir tribunaları yaradılmalıdır. Siz gənclər nə üçün bu istiqamətdə iş görmürsünüz? Elə sizlər özünüz Tehran, Şərif, Əmir Kəbir universitetlərində siyasət və maarifləndirmə işi üzrə azad düşüncə tribunaları yaradın! Tələbələr orada öz sözlərini açıq-aşkar desinlər, bir-birilərinin fikirlərini tənqid etsinlər, müzakirələr aparsınlar, hər kəs öz nəzər nöqtəsini müdafiə edib əsaslandırsın. Çünki məhz həmin müzakirələrdə həqiqət aşkara çıxacaq. Kiminsə öz tənqidi fikrini ortaya atması ilə haqq üzə çıxmır. Bu yolla haqq düzgün dərk oluna bilməz. Deməli, boşboğazlıq edib xaotik ideoloji atmosfer yaratmaqla ölkənin inkişaf və tərəqqisinə heç bir yardım etmək olmaz. Bu yaşlı atanızın bu sahədəki təcrübəsinə inanın! Ölkənin inkişaf və tərəqqisinə yardım edəcək başlıca amil məhz düşüncələrin, həqiqətən də, azadlığıdır. Yəni azad surətdə fikirləşmək, sərbəst analiz etmək, qalmaqal və səs-küydən qorxmamaq, onun-bunun provokasiyasına uymamaqdır. Ola bilsin ki, bəzən dediyiniz hər hansı bir söz gözlənilmədən dünyanın ən çirkin və xəbis siyasətçiləri tərəfindən alqışla qarşılansın. Belə bir hal əsla sizi təşviq etməsin! Gənclər arasında geniş yayılmış bir ifadə ilə desək, məclis sizi tutmasın! Düzgün, məntiqi danışın! Kənardakıların sözünü eşidin, öz fikrinizi deyin; sonra isə oturub düşünün. Quran da eynilə belə buyurur:

فبشّر عباد

 الّذين يستمعون القول فيتّبعون احسنه

“Buna görə də müjdə ver Mənim bəndələrimə! Sözlərə qulaq asıb onların ən yaxşısına tabe olan kəslərə!...” (“Zumər” surəsi, ayə 17, 18)

Deyilən sözü eşidib ən yaxşısını seçmək lazımdır. Əks təqdirdə, çaxnaşma yaratmağın nə ilə nəticələndiyini, seçkidən əvvəl və sonra törədilən qalmaqalların hansı formada inikas etdiyini özünüz də gördünüz. Xüsusilə baş verən olaylarda yadellilərin də əli olduqda, vəziyyət bir qədər də mürəkkəbləşir. Sizcə, hansı səbəbdən dünyanın təbliğat orqanları məhz İslam dövlətinin zərərinə olduğunu düşündükləri hadisələri anbaan yayımlayırlar? Onlar bu işi nə məqsədlə görürlər? Bunu düşünmək lazım deyilmi?! Bu barədə araşdırma aparmağa ehtiyac yoxdurmu?! Bütün bunlar diqqət yetirilməsi vacib olan məsələlərdir.

Hər bir halda ölkəmiz irəliləməkdə davam edir. Bundan, heç şübhəsiz, əmin ola bilərsiniz! Ölkəmiz irəli getməkdədir. Əlbəttə, keçmiş fəaliyyət proqramlarımızda bir sıra nöqsanlar olub, lakin bütün müsbət və mənfi məqamların nəticəsi bu gün sizin müşahidə etdiyiniz kimidir: gənclərimiz elmi baxımdan, siyasi dünyagörüşü baxımından, dini təfəkkür tərzinin zehinlərinin dərinliyinə nüfuz edib yayılması baxımından irəli getmişlər. Bu gün bu məclisdə cavanlarımızın din və mənəviyyat, Qərbin nəzərdə tutduğu məsələlər və hazırladığı proqramlar, habelə müstəqillik barədə danışdığı sözlər (Bunlar artıq sizin üçün geniş müzakirə obyektinə çevrilmiş məsələlərdir) sizdən bir qədər əvvəlki dövrdə ziyalıların deməyə, yaxud dərk etməyə ehtiyac olduğunu düşündükləri qabaqcıl fikirlərdəndir! Bu gün isə həmin ideyalar cəmiyyətimizdə özünə geniş yer almış bir mədəniyyətə çevrilmişdir. Məgər bu, irəliləyiş deyilmi?! Bəli, biz inkişaf etməkdəyik! Əlbəttə, düşmənlərimiz də çoxdur, qarşımızda maneələr də çoxdur. Önümüzdə maneələr olmasaydı, biz belə hazırlıqlı və təcrübəli olmazdıq. İslam cəmiyyəti və İslam Respublikası bu cür məharətli və hazırlıqlı olmazdı. Maneələr var. Əgər belə olmasaydı, rahat, düz yol ilə getməklə bədənin əzələlərini bərkitmək olardımı?! Alpinistlər kimi uca dağlara çıxmaq, maneələri aşıb zirvələri fəth etmək lazımdır. Bizim cəmiyyətimiz bu işi görüb, bu yolda irəliləyib və bundan sonra da irəliləyəcək. Bunu hökmən bilin! Bugünkü gənc nəsil elə bir nəsil deyil ki, onun qarşısını alıb dayandırmaq mümkün olsun.

Bu gün mən sizə belə bir tövsiyə etmək istəyirəm: hər hansı bir ölkənin tərəqqi simvolu, yəni hər hansı bir ölkənin qüdrətli olması, güc və qüdrətlə müşayiət olunan bir tərəqqiyə nail olması üçün başlıca amil məhz elmdir. Bu gün düşmənin İslam Respublikasına qarşı yönəltdiyi məkrli planlardan bir çoxunun hədəfi elm, elm adamları, elm öyrənən tələbələr və elmi ictimaiyyətdir. Bu məsələyə lazımi diqqət yetirin. Düşmənin nişan alıb atdığı oxun hədəfinə tuş gəlməsinə əsla imkan verməyin. Praktik-əməli fəaliyyətin durdurulmasına imkan verməyin! Bütün bu deyilənlərin içərisində ən mühüm məsələ elm, elmi tədqiqat və araşdırmalardır. Qərb dünyasının sərvəti və qüdrəti elm sarıdandır; Qərbin bu gün dünyadakı hegemonluğu da məhz sahib olduğu elmi biliklərə görədir. Pul öz-özlüyündə qüdrət və hakimiyyət qazandırmır. Hakimiyyəti qazandıran elmdir, bilikdir. Bu gün Amerikanın elmi tərəqqisi olmasaydı, dünyada bu cür hegemonluq edib hər işə müdaxilə edə bilməzdi. Sərvət də elm vasitəsilə qazanılır. Elmə lazımi əhəmiyyət verin! Artıq bir neçə ildir ki, mənim elm, tədqiqat, araşdırma, elmi tərəqqi, novatorluq, hazırkı elmi sərhədləri yarıb keçmək məsələləri üzərində bu qədər təkidlə durmağım məhz bu səbəbdəndir. Çünki müxtəlif elm sahələrində nailiyyətlər əldə olunmadan ölkənin qüdrətlənməsi mümkün deyil. Güc və qüdrəti gətirən məhz elmdir.

Dedilər ki, gəlin, İranın nüvə mərkəzlərini bombardman edək. Dünyanın dövlət rəsmilərindən biri isə (Mən ad çəkmək istəmirəm; sözsüz, bunu hamı bilir və dünyada geniş yayıldığına görə, yəqin ki, siz də bu məsələdən xəbərdarsınız. Mən bəzi şəxslərin adlarını qeyd etməyi xoşlamıram) belə dedi: “Elmi də bombardman etmək mümkün deyil ki?!” Tamamilə düz deyir; haqlıdır. Danışdıqları bütün yalanlara baxmayaraq onların bu sözlərində böyük həqiqət var idi. Tutaq ki, Nətənzi bombaladılar, İsfahandakı zavodu bombaladılar, elmi necə bombardman edəcəklər? Görürsünüzmü, elm toxunulmazlıq qazandırır, güc-qüdrət gətirir. Diqqətli olun! Diqqətli olun ki, ali məktəblərinizdə, auditoriyalarınızda, tədqiqat mərkəzlərinizdə, tədqiqat fəaliyyətinizdə qəsdən ixtilaf yaradılmasın. Hansısa bir əlin ixtilaf, qarşıdurma yaratmaq istədiyini görsəniz, bunu mənfi qarşılayın. Bilin ki, sizin qüdrətinizi, sizin gələcəyinizi hədəfə alıblar.

Mənim siz gənclərə deyiləsi sözüm çoxdur. İncəsənət xadimi olan xanımın qeyd etdiyi məsələ, zənnimcə, çox əhəmiyyətlidir; mühüm işlərdən biri elə budur. Kimlərsə, fərz edək ki, Qərb bazarında rəsm əsərlərinə qoyulan tələblə, bu sahədəki zövq və tendensiyalarla tanış olandan sonra gəlib burada kimlərinsə maliyyə dəstəyi ilə bizim rəssamlıq sənətimizi həmin tələblərin təmin olunması istiqamətinə yönəldir. Eynilə bu hal kinomatoqrafiyada da özünü göstərir. Belə ki, öz tələb və istəklərinə uyğun olan filmləri kinofestivallara qəbul edirlər. Elmi fəaliyyət sferasında da eynilə bu cürdür; İSİ-da dərc olunan məqalələr, sizin tədqiqat mərkəzlərində apardığınız tədqiqat işləri ilə bağlı da vəziyyət belədir. Bu günümüzdə, təəssüflər olsun ki, geniş yayılmış, Avropa təbiri ilə desək, “sponsorlar” arzu etdikləri istiqamətdə elmi işin aparılması üçün müxtəlif sahələrə maddi dəstək göstərir, maliyyə vəsaiti xərcləyirlər. Bu məsələyə xüsusi diqqət yetirin! Ölkənin elmi baxımdan müstəqil olmasının zəruri şərtlərindən biri məhz budur; bu, elmi hərəkatın, incəsənət sahəsindəki hərəkatın və ilk növbədə, siyasi hərəkatın müstəqil olmasının zəruri şərtlərindən biridir. Siyasi cərəyanlardan bəziləri də bu qəbildəndir.

Daha bir tövsiyəm isə budur ki, malik olduğunuz, eynilə can sağlığı kimi, həyatın özü kimi böyük bir nemət olan istedad nemətinin şükrünü edin. Bütün nemətlər Allah-Taala tərəfindən bəxş olunur; bu nemətlərə görə şükür etməlisiniz. Mənim bu tövsiyəmi yadda saxlayın. Biz nemətlərdən bir çoxunu vaxtında dərk etmirik; yalnız onun əksi ilə qarşılaşanda həmin nemətin həqiqətini anlayırıq. Gəncliyin özü bir nemətdir. İnsan qocalanda bunun nə qədər böyük bir nemət olduğunu daha çox dərk edir. Gözəl istedad, yaxşı yaddaş böyük bir nemətdir. Bu nemətlərə görə şükür etmək lazımdır. Bəs nemətlərin şükrü nədir? Şükür üç mərhələdən ibarətdir: birincisi, neməti tanıyıb dərk etmək və ondan bixəbər olmamaq; ikincisi, həmin nemətin Tanrıdan gəldiyini, Allah tərəfindən əta olunmuş bir bəxşiş olduğunu bilmək; üçüncüsü isə bu neməti düzgün istiqamətdə sərf etməkdir. Olduqca qiymətli olan istedad nemətini də düzgün istiqamətdə işlətmək lazımdır. Bu, insanda öhdəçilik, məsuliyyət hissi oyadan bir şeydir: yaşadığı cəmiyyətə, ölkəsinin gələcəyinə, mövcud olan böyük imkanlara (Bu istedad və nəzərəçarpan fəaliyyət nəticə etibarilə ölkədə yaradılmış münasib imkan və şəraitin məhsuludur) qarşı məsuliyyət hissi nəzərdə tutulur. İstedad nemətinin şükrü, bax budur. İnsan özünü cəmiyyətdən ayrı bir ada kimi təsəvvür edib əldə etdiyi hər hansı bir mənəvi sərvəti, malik olduğu potensial imkanı özü üçün şəxsi, maddi mülkiyyətə çevirməli olduğunu düşünməməlidir; bu, heç də belə deyil. Hər bir insan malik olduğu istedad və potensialı ölkənin gələcəyi naminə sərf etməlidir.          

Məsul şəxslərə də bir tövsiyəm var. Rəsmilərə də, ilk növbədə, tövsiyəm nemətlərə görə şükür etməkdir: ölkədə görkəmli, istedadlı insanların varlığı kimi bir nemətə görə Allah-Taalaya şükür etmək. Burada da şükür qeyd etdiyimi həmin üç mərhələdə olmalıdır. Birincisi, nemətdən xəbərdar olmaq, yəni görkəmli şəxsiyyətləri tanımaqdır. İkinci növbədə, bu istedadlı insanların varlığının İlahi bir nemət olduğunu bilməliyik. Bilməliyik ki, bu neməti bizə, qurumun rəsmilərinə verən məhz Uca Allahdır. Daha sonra isə bu dəyərli, möhtərəm və əziz nemətdən, yəni ölkənin güclü istedada malik olan görkəmli şəxsiyyətlər toplumundan düzgün istiqamətlərdə bəhrələnməliyik.

Əziz gəncimizin dediyi bir neçə cümlə barədə də fikrimi bildirmək istəyirəm. Doğrudur, qeyd etdiyimiz kimi, deyiləsi sözlər çoxdur. Hər hansı bir orqanın, yaxud konkret  bir şəxsin insafsızlığını tənqid etdikdə, ilk növbədə, biz özümüz insafsızlığa düçar olmamalıyıq. Bu məqama diqqət yetirməyimiz yaxşı olar. “Səda və Sima” dövlət teleradiokompaniyası ölkədəki real vəziyyəti olduğu kimi əks etdirirmi? Xeyr, nöqsanlı şəkildə nümayiş etdirir. Əlbəttə, “Səda və Sima”nın əks etdirmədiyi bir çox böyük və gözəçarpan nailiyyətlər var. Buna sübut olaraq qeyd etmək olar ki, sizlərin – baş verən müxtəlif olaylarla bilavasitə əlaqədar olan bir toplumun ölkədəki bir çox reallıqlardan və nailiyyətlərdən məlumatı yoxdur; bu, bizim “Səda və Sima” dövlət teleradiokompaniyamızın qüsurudur. “Səda və Sima” telekanalı Qərb ölkələrində çoxillik təcrübəyə malik olan, müxtəlif incəsənət sahələrindən istifadə edərək yalanlarını həqiqət kimi qələmə verən televiziyalar kimi ən azından ölkədəki mövcud reallıqları olduğu kimi əks etdirə bilsəydi, sizi əmin edirəm ki, bugünkü gənc nəslin öz ölkəsinə, dininə, İslami əsaslar üzərində qurulmuş dövlətinə ümidi və bağlılığı hazırkından qat-qat artıq olardı. Bu, bizim “Səda və Sima” dövlət teleradiokompaniyasına olan əsas iradımızdır. Dövlət teleradiokompaniyası ölkədəki vəziyyəti düzgün əks etdirə bilsəydi, tamaşaçıların əhval-ruhiyyəsi və müsbət emosiyaları bugünkündən dəfələrlə yüksək səviyyədə olardı. Səadət və xoşbəxtlik mənbəyi olan bir çox qaneedici işlər görülməkdədir. Nəinki elm sahəsində, ictimai, siyasi sferalarda da görülən bir çox işlər qürurvericidir. Çoxlarının (əksəriyyətin) bu barədə məlumatı yoxdur. Mənim əksər hallarda dövlət rəsmilərinə iradım bundan ibarətdir ki, nəyə görə onlar mövcud reallığı, həqiqətləri bəyan edərək açıqlamırlar. Həqiqətləri bəyan etmək də özünəməxsus bir sənətdir. Həqiqətləri məharətlə bəyan etmək xüsusilə böyük bir sənətdir. Və bu, bizim dövlət rəsmilərimizdə əksər hallarda müşahidə olunmur.    

Adətən bəzi şəxslərə tutduğumuz iradlardan biri də budur ki, onlar özgənin dediyini qəbul edir, özününkünün dediyi bir fikrə isə şübhə ilə yanaşırlar. Nə üçün? Bu, yanlış bir yanaşma tərzidir və islah olunması vacibdir. Əlbəttə, siz – dəyərli gənclərimiz, İnşaallah, ölkənin müxtəlif ictimai-siyasi meydanlarına daxil olacaq, təbliğat sferasını əhatə edəcəksiniz. Mətbuatımızda da vəziyyət eynilə bu cürdür. Mən adətən hər gün 16-17 qəzeti nəzərdən keçirirəm; bütün səhifələrə və orada dərc olunan yazılara baxmasam da, sərlövhəsi diqqətimi çəkən yazıları oxuyuram. Təəssüf ki, qəzetlərimizin xeyli hissəsi həqiqətləri əks etdirməkdə olduqca zəifdirlər; prinsipial və ikinci dərəcəli məsələləri ayırd etməkdə insafsızlığa yol verirlər. Baş verən son olaylar zamanı problemləri birinci və ikinci dərəcəli olmaq üzrə bir-birindən fərqləndirmək, başlıca məsələnin nədən ibarət olduğunu, onun ətrafındakı qeyri-əsas, ikinci dərəcəli məsələlərin hansılardan ibarət olduğunu bilmək vacib idi. İkinci dərəcəli məsələlərin əhəmiyyəti heç də az olmasa da, başlıca məsələlər onlardan daha əhəmiyyətlidir. Son olaylar zamanı başlıca məsələ məhz seçkinin əsl mahiyyəti idi. Seçkinin əsl mahiyyətinin sual altına salınması yol verilmiş ən böyük cinayət idi. Nəyə görə siz belə bir cinayətə göz yumursunuz?! Bu qədər zəhmət çəkilir, xalq seçkidə hamılıqla bu cür möhtəşəm surətdə iştirak edərək dünyada bu qədər iddiaçısı olan demokratiyaya rekord göstərici təyin edir, sonra isə seçkinin ertəsi günü bir qrup şəxs heç bir dəlil-sübuta arxalanmadan, boş-boşuna gəlib: “Seçki saxtadır!” – deyir. Bu, balaca bir işdirmi? Bu, kiçik bir cinayətdirmi? Bütün bu hadisələrə bir qədər insaflı yanaşmaq lazım idi. Düşmən də öz növbəsində baş verənlərdən maksimum dərəcədə öz xeyrinə istifadə etdi. Ölkə daxilində də elə əvvəlcədən İslam Respublikası dövlət quruluşu ilə razılaşmayan (Bunlar dünən-bu gün ortalığa çıxmış insanlar deyil; onların mövcud qurumla fikir ayrılığı artıq 30 ildir ki, davam edir) bir qrup insan var ki, onlar da fürsətdən istifadə etdilər; qurumla əlaqədar olan, qurumun öz daxilindən olan bəzi insanların meydanda bu cür at oynatdığını görüb fürsəti qənimət bilərək ortaya atıldılar. Nəticəsini də özünüz gördünüz. Mən ilk gündən olaylara quruluş verən həmin cənablara müraciət etdim. Elə ilk saatlarda onlara xüsusi ismarış göndərdim. Xüsusi ismarışlar, lazımi öyüd-nəsihətlər veriləndən sonra insan əlacsız qaldıqda müəyyən sözləri açıq-aşkar demək məcburiyyətində qalır. Mən onlara ismarış yolladım, “Siz bu işi başlayırsınız, amma olayları axıra qədər kontrol altında saxlaya bilməyəcəksiniz. Başqaları gəlib vəziyyətdən sui-istifadə edəcəklər” – dedim. Özgələrin vəziyyətdən necə sui-istifadə etdiyinin siz də şahidi oldunuz. “İsrailə ölüm!”, “Amerikaya ölüm!” şüarlarının  üstündən xətt çəkildi. Bunun mənası nədir? Siyasət meydanına daxil olan hər bir şəxs mahir bir şahmatçı kimi etdiyi hər bir gedişin üç-dörd gedişdən sonra verəcəyi nəticəni öncədən götür-qoy etməlidir. Bilməlidir ki, atacağı addımın qarşılığında rəqibi başqa bir gediş edəcək. O zaman nə edəcəyi barədə ciddi düşünməlidir. İkinci gedişdə çıxılmaz vəziyyətə düşəcəyini anlasa, bu gün həmin gedişi etməməlidir. İşdir, əgər etsə, demək, naşıdır (“Naşı” sözü burada ən yaxşı ifadə ola bilər). Yəni bu işdə, bu oyunda, bu hərəkətdə naşıdır, səriştəsizdir. Bunlar nə etdiklərini heç özləri də anlamırlar. Bir işə başlayırlar, amma növbəti gedişlərdə başlarını itirib mat-məəttəl qalacaqlarını dərk etmirlər. Sözsüz ki, onlar bütün bunları əvvəlcədən götür-qoy etməli idilər. Əsl məsələ də, bax bu idi. Seçkinin üzərinə şübhə kölgəsinin salınması, bir qrup insanın (Onların qəlbində heç bir pis niyyət yox idi; seçki meydanına daxil olub öz əqidələrinə uyğun şəkildə hərəkət etdilər) hakim quruma, ölkəyə, ölkədəki ümumi hərəkata qarşı çıxması kiçik bir iş deyil. Əgər olaylara insaf və vicdan prizmasından yanaşırsınızsa, həmin birtərəfli hərəkətləri, birtərəfli olayları görün, əhəmiyyətini də diqqət mərkəzində saxlayın. Lakin məsələnin bu tərəfinin daha mühüm olduğunu da nəzərdən qaçırmayın.

Əlbəttə, mən sizinlə keçirdiyimiz görüşlərdə siyasi və s. bu kimi mövzulara toxunaraq vaxtımızın elmdən, mənəviyyatdan, öyüd-nəsihətdən savayı söhbətlərə sərf olunmasına qıymıram. Lakin həmin mövzulara bu həddə toxunmağım zəruri və qaçılmazdır. Rəhbərlik məqamının tənqid olunmadığını iddia edənlərə isə siz deyin ki, bunu etsinlər. Biz: “Heç kəs bizi tənqid etməməlidir” – deməmişik ki?!  Bizim buna heç bir sözümüz yoxdur. Mən tənqidləri hər zaman müsbət qarşılamağa hazıram. Əlbəttə ki, tənqidlər var; lakin burada bu məsələni açıqlamaq yerinə düşməz. Rəhbərlik məqamına qarşı da tənqidlər var. Və heç də az deyil; kifayət qədərdir. Mən də öz növbəmdə onları qəbul edir və anlayıram.

İnşaallah, ümidvarıq ki, Uca Yaradan bizim hamımızı razı qaldığı istiqamətə və Onu məmnun edəcək səmtə yönəldər. İnşaallah, sizin hamınızın gələcəyini əvvəlki nəsillərdən daha uğurlu edər və sizlərə öz ölkənizə başıucalığı gətirməyi nəsib edər. Siz gəncsiniz və İnşaallah, ölkənizin qüdrətin zirvəsinə ucaldığı o günü mütləq görəcək, bizləri də xoş xatirələrlə yad edəcəksiniz.

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei

28 oktyabr, 2009-cu il