Ali Məqamlı Rəhbərin informasiya bloku

Qurani-Kərimi tədqiq edən xanımlardan bir qrupu ilə görüş

– Mehriban və bağışlayan Allahın adı ilə!

Çox xoş gəlmisiniz! Möhtərəm xanımlar, əziz bacılar! Həqiqətən də, bu gün bu ziyalı, Qurani-Kərimə mənən bağlı olan belə bir izdihamlı toplumu görmək mənim üçün bir bayramdır və mən bunu Əhli-beytin (ə) kəramətli və məsum xanımı Həzrət Fatimənin (s.ə) bir lütfü hesab edirəm. Allaha şükürlər olsun, ölkəmizdə elə bir gün gəlib çatmışdır ki, ölkənin xanımlarından ibarət olan bu əzəmətli toplum böyük, məntiqi və elmi bir stimulla Quranın tədqiqi, dərk olunması, yayılması və araşdırılması ilə məşğuldur və ölkədə Qurani-Kərim sahəsindəki fəaliyyətə bu cür rövnəq verməkdədir. Tam yəqinliklə demək olar ki, bu, Allah-Taala tərəfindən ölkəmizə nəsib olmuş böyük bir nemətdir.

Möhtərəm xanımların burada irəli sürdüyü bütün təkliflər diqqətəlayiqdir. İnşaallah, biz özümüz üçün qeydlər götürəcəyik və şübhəsiz ki, həmin məqamlara diqqət yetiriləcək, araşdırma aparılacaq və əgər lazım gələrsə, bu işlər müvafiq rəsmi şəxslərə həvalə olunacaqdır. Ümidvarıq ki, bu elmi, məntiqi və ağlabatan təkliflərin bir qismi tezliklə həyata keçiriləcək.

Mən iki məsələni xüsusilə qeyd etmək istəyirəm: bunlardan biri ölkəmizdə və İslam Respublikasında olduqca əzəmətli və qabarıq olan qadın hərəkatının əsasıdır. İkinci məsələ isə Quranla bağlıdır. Zənnimcə, ölkəmizdəki xanımların Qurani-Kərimə bu qədər diqqət yetirib önəm verməsi və Quran sahəsində bu cür fəallıqla iştirakı elə bir mühüm hadisədir ki, bu, İslam Respublikası dövlət quruluşunu kənardan seyr edən, onu yaxından tanımaq istəyən, tənqid edən, sevən və əleyhinə olanların gözü qarşısında bu qurumun böyük bir müvəffəqiyyəti kimi təzahür etməlidir. Bunu mütləq hamı görməlidir. Əvvəla, qadınların elmi-tədqiqat sahəsinə qədəm qoymasının özü (Bu isə yalnız Quran sahəsi ilə məhdudlaşmır) diqqətəlayiq bir faktdır. Mən adətən ölkədə nəşr olunan jurnalları – elmi, elmi-tədqiqat və elmi-publisistik dərgiləri nəzərdən keçirirəm. Hər zaman yeni-yeni mövzuları əhatə edən bu jurnallarda müxtəlif sahələrlə bağlı dərc olunan yazılara diqqət yetirəndə xanım tədqiqatçıların və qələm sahiblərinin sayının gözəçarpacaq və diqqətəlayiq dərəcədə olduğunu görmək mümkündür. Ölkəmizdə qadınların teoloji elmlərdə, fiqhdə, fəlsəfədə, ali təhsilin problemləri, humanitar, habelə təbiət elmləri sahəsində – bir sözlə, elmin bütün sferalarındakı aktiv iştirakı xeyli qabarıq və gözəçarpandır. Ali təhsil ocaqları tələbə qızlarımızla doludur. Xanımların iştirakı elmi dairələrimizi heyranedici bir formada aydınlatmışdır. Bu nədir? Nə baş verir? Bu, hansı gerçəklikdən xəbər verir? Ölkəmizdə nə zaman bir bu qədər tədqiqatçı, təhqiqatçı, alim, savadlı, maarifçi və təbliğatçı xanımlar olub? Tarixi keçmişimizdə heç bir zaman belə bir şey olmayıb. Bəli, zaman-zaman qadınlar içərisində tək-tük alimlər, görkəmli şəxslər olub. Lakin bu, bütün cəmiyyəti əhatə edəcək, gözəçarpacaq və böyük əksəriyyəti təşkil edəcək bir səviyyədə olmayıb. Bu, məhz İslam Respublikasının dövrünə təsadüf edir. Bu gerçəklik məhz ölkəmizdə İslami hakimiyyətin bərəkətinin nəticəsidir ki, xanımlar elmi sferada öz istedad və bacarıqlarını belə görkəmli və nəzərəçarpacaq formada nümayiş etdirirlər. Bu, İslam Respublikası dövlət quruluşunun iftixar duyduğu real faktlardan biridir. Mən tələbələrlə, gənclərlə təşkil olunan görüşlərdə dəfələrlə qeyd etmişəm ki, qadın məsələsi ilə bağlı biz qərblilərin iddiaları qarşısında əsla özümüzü müdafiəyə qalxmırıq. Yəni bu məsələdə biz hücum mövqeyindəyik və qadın problemi ilə bağlı İslam deyil, məhz Qərb özünü müdafiə edib haqq qazandırmalıdır.

İslam despotik rejimlərdə daim olduğu kimi qadına tamamilə başqa bir gözlə baxmamış, əksinə onu bir şəxsiyyət kimi dəyərləndirmişdir. İslamda möminlərə nümunə gətirmək istədikdə, yəni bu məqsədlə məhz qadın seçilir:

و ضرب اللَّه مثلا للّذين امنوا امرأت فرعون

“Və Allaha iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi...” (“Təhrim” surəsi, ayə 11)

Bu, birinci şəxs.

و مريم ابنت عمران

“...İmran qızı Məryəmi də (məsəl çəkdi)...” (“Təhrim” surəsi, ayə 12)

Bu da nümunə gətirilən ikinci qadın. İman gətirənlər üçün nümunə olaraq iki qadının adları qeyd olunur. Eyni zamanda kafirlər üçün də iki qadın nümunə gətirilir:

امرأت نوح و امرأت لوط كانتا تحت عبدين من عبادنا ... فخانتاهما

“(Allah kafir olanlara) Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan (əməlisaleh) iki bəndənin (kəbini) altında idilər...” (“Təhrim” surəsi, ayə 10)

Yəni İslam dini qadını nəinki yalnız qadınlar üçün, bəlkə bütün cəmiyyət üçün mehvər, ibrət və ayna təyin edir. Qadın əvəzinə bir kişi də seçilə bilərdi. Lakin bu, qadına münasibətdə mövcud olmuş yanlış yanaşma tərzinə qarşı bir növ mübarizə məqsədi daşıyır. Qadına qarşı mövcud olmuş bu baxış həmişə alçaldıcı olmamışdır. Lakin həmişə səhv bir yanaşma olmuşdur.  

Despotik rejimlərdə qadına həmişə düzgün olmayan baxış aspektindən yanaşılmışdır. Belə ki, bu günün özündə də Qərbdə vəziyyət eynilə bu cürdür. Ola bilsin ki, Qərb dövlətlərində bir çox kişilər kimi qadınların da bir qrupu möhtərəm, nüfuzlu və gözəl bir şəxsiyyət kimi formalaşıb. Lakin qadına münasibətdə Qərb mədəniyyətinin mahiyyətinə oturmuş baxış ümumilikdə yanlışdır. Əksinə, Qərbdə qadına münasibət ona bir alət kimi yanaşan, alçaldıcı bir münasibətdir. Qərb bu ideyanı irəli sürür ki, siz çadra geyməməli, örtünməməlisiniz. Lakin Qərbin bu baxış aspektinə görə, bunun səbəbi heç də sizin azad olmağınız deyil. Çünki siz özünüz də həmişə hicabda özünüzü azad hiss etdiyinizi deyirsiniz. Qərb dünyası tamamilə başqa bir şeyi nəzərdə tutur. O, qadınların kişilərin gözlərini oxşaması, kişilərin qadınlardan şəriətə uyğun olmayan şəkildə faydalanması üçün onları cəmiyyətə xüsusi bir formada çıxarmaq istəyir. Komplimentlərlə ört-basdır olunub üstünə cürbəcür adlar qoyulsa belə, bu, qadına qarşı ən böyük təhqirdir. 

Qadına qarşı həqiqi ehtiram budur ki, Uca Yaradanın hər bir insanın, o cümlədən qadının varlığında İlahi bir vergi kimi qoyduğu böyük, qabarıq güc və istedadın, habelə yalnız qadınların varlığında mövcud olan bacarıq və istedadların müxtəlif sferalarda üzə çıxması üçün qadına lazımi şərait yaradılsın. Qadın ailədə, cəmiyyətdə, beynəlxalq arenada, elm, bilik, mərifət və tədqiqat sferalarında, maarifləndirmə və quruculuq işində özünü büruzə verə bilsin. Qadına hörmət, bax budur. Görürəm ki, Allahın dəstəyi və yardımı ilə, həmçinin Tanrının fəziləti sayəsində bizim cəmiyyətimizdə bu, mükəmməl formada öz əksini tapır. Bəli, əsas məsələ budur ki, bu günümüzdə, Allaha şükürlər olsun ki, ölkəmizin qadınları elmin bütün sferalarında iştirak edirlər. Həm də aktiv və təqdirəlayiq bir şəkildə fəaliyyət göstərirlər. Xüsusilə də onların Quranla əlaqədar qurumlara, Qurani-Kərimlə bağlı fəaliyyətə qatılması olduqca dəyərli bir faktdır.

Güman etmirəm ki, dünyanın hansısa bir nöqtəsində belə böyük həvəs və stimulla bu qədər çoxsaylı bir toplum Quranla bağlı işlərdə bu cür fəallıq göstərsin. Əlbəttə, bu barədə məndə dəqiq məlumat yoxdur, mən bunu araşdırmamışam. Lakin eşitdiyimiz ümumi məlumatlardan belə bir nəticəyə gəlmək mümkündür. Belə bir şey olsaydı, yəqin ki, eşidib bilərdik. Mən güman etmirəm ki, İslam dünyasının başqa bir yerində belə bir şey ola. Bu, yalnız sizlərin hünəridir! Qurani-Kərimin müxtəlif problemləri ilə – sırf elmi problemlərdən tutmuş təbliğat işi, habelə pedaqoji problemlərlə bağlı tədqiqat aparan, incəsənət sahəsində çalışan bu qədər xanımın olması, zənnimcə, olduqca dəyərlidir. Əlbəttə, əgər təklif olunduğu kimi beynəlxalq müsabiqələr məsələsi reallaşsa və bu sahədə qəti addımlar atılsa (Əlbəttə, bu təklif ətrafında ciddi araşdırma aparılmalı, bu məsələnin müxtəlif cəhətləri ölçülüb-biçilməlidir), o zaman İran qadınının Quran sahəsində gördüyü işin əhəmiyyəti daha da aydın olacaq. Və Qurani-Kərimlə bağlı belə bir diqqətəlayiq fəaliyyətə imza ata bilmək həm İran qadını üçün, həm də İslam Respublikası üçün böyük bir iftixardır.                    

Quranla əlaqədar olaraq biz açıq etiraf etməliyik ki, cəmiyyətimiz illər boyu Qurandan uzaq olmuşdur. Hazırda biz İslam Respublikası olaraq cəmiyyətimizlə Qurani-Kərim arasındakı bu fasiləni azaltmaqdayıq; geridə qaldığımız məqamların yerini doldurmaqdayıq. Lakin unutmayaq ki, geriliyə düçar olduğumuz məqamlar olduqca çox olub. Despotik rejimlərin hakimiyyəti dövründə Quran cəmiyyətimizdə rəsmi bir mövqe tutmurdu. Ola bilsin ki, qıraq-bucaqda müəyyən şəxslərin Quranla tanışlığı var idi – dindar insanlar evlərində Quran oxuyardılar – lakin bu tanışlıq yalnız Quran tilavəti ilə məhdudlaşırdı. Quranın mahiyyəti barədə düşünmək xüsusilə də ümumcəmiyyət səviyyəsində, ictimaiyyət arasında çox az təsadüf olunan bir şey idi; həddən artıq az idi. Elə bunun nəticəsi olaraq da ziyalı ictimaiyyətimiz və ali təhsil ocaqlarında çalışan insanlarımız Qurandan, ümumiyyətlə, uzaq idilər. Həqiqətən də, o dövrün təhsilli insanları arasında kiminsə Quranla ünsiyyətdə olması, Quranla tanışlığının olması – əlbəttə, geniş və dərindən tanışlığı nəzərdə tutmuram; Quran barədə məhdud şəkildə olan bilgilərdən danışıram – tez-tez rast gəlinən bir hal deyildi. Yalnız əvvəllər dini məktəblərdə təhsil almış və həmin dövrdən bəzi Quran ayələrinin yaddaşına həkk olunduğu insanlara təsadüf etmək olardı. Lakin digər müsəlman dövlətlərində, xüsusilə də ərəb ölkələrində şərait tamamilə fərqli olduğu üçün vəziyyət də bu cür deyildi; bu günün özündə də belədir. Həmin ölkələrdə hətta müxtəlif yüksək dövlət postlarını tutan ali təhsilli, ziyalı insanlarla görüşəndə onların söhbət əsnasında Quran ayələrindən misal gətirdiyini, məhz bu ayələrin köməkliyi ilə arqumentlər gətirərək öz fikirlərini əsaslandırdığını görürük. Hazırkı gənc nəslimizdə bu olsa da, köhnə ziyalı ictimaiyyətimiz arasında belə bir şey yox idi. Bunun səbəbi isə Qurandan uzaq düşməyimizdə idi. Həmin ölkələrdə təlim və tərbiyənin keyfiyyətinin nə vəziyyətdə olmağı isə başqa bir mövzudur. Məxsusən də ərəb ölkələrində bu, geniş yayılmış bir hal idi; hazırda da bu var. Biz İslam İnqilabının əvvəllərindən bəri belə bir hala qarşı mübarizə aparırdıq. Biz ərəb ölkələrinin siyasətçilərinin və dövlət rəsmilərinin əməldə Quranın əsaslarından uzaq olmasına öz etirazımızı, həm də haqlı etirazımızı bildirirdik. Lakin onların təfəkküründə və dilində Quran var idi. Və bizlər həmişə təəssüf hissi keçirirdik ki, nəyə görə biz belə deyilik? Misal üçün, belə bir bənzətmə aparım ki, İranda poetik zövqlü insanlar söhbətarası Sədinin “Gülüstan”ından, Hafizin şeirlərindən, yaxud başqa bir məşhur şairin yaradıcılığından misraları misal gətirdikləri kimi, onlar da bu məqsədlə Quran ayələrindən istifadə edirdilər. Ölkəmizdə isə belə deyildi. Biz məhz İslam İnqilabından əvvəlki dövrdə mövcud olan tərbiyə metodu ucbatından Qurandan uzaq düşmüşdük. Hal-hazırda isə bu itkinin yerini doldurmaq istəyirik. İnsafən, bu məqsədlə İslam İnqilabının əvvəllərindən bəri bir çox işlər görülüb və bunların müsbət nəticəsini də hazırda müşahidə etməkdəyik. Lakin bu, hələ işin başlanğıcıdır; yolun başlanğıcıdır. Quranla çulğalaşmaq, Quranla yoğrulmaq lazımdır. Quranda toxunulan mövzular həyat üçündür, yalnız məlumat xarakteri daşımır. Bəzən insanın Quran barədə məlumatı yaxşı olur, lakin onun yaşam tərzində Qurani-Kərimdən heç bir əsər-əlamət görünmür. Xanımlardan bəziləri də bunu qeyd etdilər. Biz çalışmalıyıq ki, Quran həyatımızda təcəssüm etsin. Əziz İslam Peyğəmbərinin (s) zövcələrindən birindən Peyğəmbərin (s) əxlaqı barədə soruşanda o, cavabında belə deyir:

كان خلقه القرآن

“Onun əxlaqı Quran idi”. (“Fəzailul-Xəmsə”, cild 1, səh.117)

Yəni onun əxlaqı təcəssüm etmiş bir Quran idi. Bax, bu, bizim cəmiyyətimizdə gerçəkləşməlidir.

Olduqca aşkar olan bir həqiqət də vardır ki, məhz həddən artıq aşkar olması ucbatından əksər hallarda gizli qalır. Gəlin, bu həqiqəti də qeyd edək, açıqlayaq. Bu həqiqət İslam Respublikasının gerçəkləşməsi faktının özüdür. Bunun özü, sözün əsl mənasında, Quranın təcəssüm etməsi deməkdir. İslam Respublikası dövlət quruluşu – dini yönümlü bir dövlət quruluşu, əslində, Qurana əməl etməyin ən böyük paraqraflarından biridir və məhz İslam İnqilabı bizim üçün bunu təmin etmişdir. Biz bundan əsla bixəbər olmamalıyıq. Bəli, bu geniş çərçivə daxilində doldurulmalı olan bir çox xanalar, görüləsi bir sıra işlər var. Lakin ən əsas, ən başlıca iş bu qurumun ərsəyə gəlməsi idi. Dinə əsaslanan bir qurumun yaradılması idi. Elə bir qurum ki, onun rəsmilərinin daxili potensialı, amalları, bütün xüsusiyyətləri, fəaliyyəti xalqla əlaqəli olsun, yəni onların başlıca fəaliyyət istiqamətini dinə əsaslanaraq, dinin, İslamın göstərdiyi yola uyğun olaraq xalqa xidmət etmək təşkil etsin. Bu, Qurana əməl etmək prinsipləri içərisində ən böyük bir prinsipdir. Başqa sözlə desək, bu, elə Allah Rəsulunun (s) Mədinəyə gəlmək, Məkkədən Mədinəyə hicrət etməklə gördüyü həmin işdir. Konkret qurum, konkret cəmiyyət formalaşmayınca, bütün ictimai fəaliyyətləri öz əhatə dairəsinə ala biləcək mərkəzləşmiş hakimiyyət qurulmayınca görülən işlərə zəmanət verilə bilməz. İslam İnqilabından əvvəl ictimaiyyətə öyüd-nəsihət verməyə çalışan az sayda xeyirxah insanlar var idi. Onlar ürək yanğısı ilə, hiddətini içində boğaraq hey insanlara öyüd-nəsihət verir, moizələr edirdilər (Bu işdə onlar kütləvi, yaxud daha məhdud dairəli informasiya vasitələrinin köməyindən istifadə edirdilər). Sözsüz, moizələr də effektsiz qalmır, insanların qəlbində öz təsirini qoyurdu. Lakin bütün bunlar praktik şəkildə reallaşa bilmirdi. Çünki mövcud qurum yanlış bir qurum idi. Habelə cəmiyyətin mövqeyi də ədalətin, vicdanın, insafın, əxlaq və mənəviyyatın əleyhinə köklənmiş bir mövqe idi. Belə bir şəraitdə nə qədər israr edib kimi isə ədalətə, rəhmə, insaflı olmağa çağırsanız da, nəticəsi olarmı?! Cəmiyyətin hansı ruhda köklənmiş olması olduqca mühümdür. Məhz bunun əsasında konkret bir sistemin, bəlli bir qurumun – doğruluq və din üzərində köklənmiş bir qurumun formalaşması durur və bu işi isə məhz İslam İnqilabı gördü; belə bir qurumun təməlini qoydu. Demək istədiyim budur ki, Quran tədqiqatçılarımız, enerji dolu, həvəsli gənclərimiz bu həqiqəti yaddan çıxarmamalıdırlar. Bu, olduqca aşkar və açıq-aydın bir həqiqətdir. Lakin əksər hallarda insanlar bu aşkar həqiqətə lazımi əhəmiyyət vermir və sanki ondan bixəbər qalırlar. Unutmayın ki, bu, son dərəcə önəmli olan bir həqiqətdir.

Bu çərçivə daxilində Quranın göstərdiyi yolla quruculuq işinə başlamalı və əsas işləri görməliyik ki, mahiyyətimiz Qurandakı kəlmələrin əsl mənası ilə uyğunlaşsın. Fərdi, administrativ, korporativ davranışımız, təlim-tərbiyə prosesindəki davranışımız, yəni ali məktəblər, tədqiqat mərkəzləri və elmi-teoloji hövzə də daxil olmaqla bütövlükdə təlim-tərbiyə sistemimiz, beynəlxalq arenadakı davranışımız – bütün bunlar İslama əsaslanmalıdır. Yaxşı, bəs bu, nə zaman gerçəkləşəcək? Yalnız biz Quranın mahiyyəti və mənası ilə, həqiqətən də, düzgün tanış olduqda! Yalnız o zaman! Bu işi isə istər xanım, istərsə də kişi tədqiqatçılarımızın fəaliyyəti daxil olmaqla ölkəmizdə gedən möhtəşəm Quran tədqiqatı hərəkatı gerçəkləşdirə bilər. Bəli, o əsas istiqamət məhz bu olmalıdır. Tədqiqatlar bu istiqamətə yönəldilməlidir.

Qurani-Kərimin tədqiqatı ilə bağlı mühüm bir məqam da bundan ibarətdir ki, Quran sahəsində hər hansı bir iş görmək  istəyən şəxs qəlbini saf Quran həqiqətləri ilə üzbəüz gəlmək üçün hazır vəziyyətə gətirməlidir. Yəni qəlbini çirkinliklərdən təmizləməlidir. Ürək çirkinliklərdən təmizlənməsə, Quranın dilindən haqqı və həqiqəti qəbul etməyə hazır olmasa, Allahdan və İslamdan uzaq olan prinsiplərə bağlı olsa və insan bu halda Quranla görüşsə belə, ondan yararlana bilməyəcək. Odur ki, Quran belə buyurur:

يضلّ به كثيرا و يهدى به كثيرا

“...(Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır və çoxlarını onunla hidayət edir...” (“Bəqərə” surəsi, ayə 26)

Yaxşı, bəs “Quran azdırır” nə deməkdir? Quran hidayət edir, bu məlumdur! Bəs “Quran azdırır” nə mənadadır? Bu, ona görədir ki:

و أمّا الّذين فى قلوبهم مرض فزادتهم رجسا الى رجسهم

“Qəlblərində (şirk, küfr və nifaq) xəstəliyi olanlara gəldikdə isə onların murdarlığının üstünə daha bir murdarlıq artırdı...”(“Tövbə” surəsi, ayə 125)

Deməli, qəlblərində mərəz olan kəslər Quranı oxuyanda onların mənəviyyatındakı çirkinlik daha da artacaq. Yəni Quran ayəsi və ya surəsi onların daxilindəki çirkinliyi bir az da artıracaq. Bəs bu çirkinlik nədən ibarətdir? Qəlblərdəki bu “mərəz” nə mərəzdir? Bu mərəz elə əxlaqi çirkinliklərdən ibarətdir. Paxıllığa, bədxahlığa, hərisliyə, dünyapərəstliyə düçar olanda, şəhvət bizə qalib gələndə, qüdrət və hakimiyyət həvəsi bizə güc gələndə, haqqa göz yummaq, haqqı gizlətmək və ədalətə qənim çıxmaq ruhumuza, qəlbimizə hakim kəsiləndə Qurandan istifadə etmirik. Quranın bizə verməli olduğunun əksinə olan şeyləri əxz edirik. Bunlardan Allaha pənah aparmaq lazımdır. Görürsən ki, bəzən bəzi insanlar Quran ayələrini İslama zərbə vurmaq məqsədilə oxuyurlar. İslam Respublikasına zərbə vurmaq üçün oxuyurlar! İslam Respublikasının bizə bəxş etdiyi fəzilətləri məhv etmək üçün oxuyurlar! Quranla mənəviyyatı pak surətdə görüşmək lazımdır ki, Quranın nuru, Quranın dediyi qəlbimizi ələ alsın və İnşaallah, ondan yararlana bilək.

Qurani-Kərimin tədqiqatları mövzusunda qeyd olunması yerinə düşən önəmli məsələlərdən biri də budur ki, Quranla bağlı aparılan tədqiqatlarda fundamental elmi işlərə böyük ehtiyac duyulur. Belə deyil ki, ərəb dilini yaxşı bilən istənilən bir şəxs Qurandakı bütün mətləbləri anlayıb dərk etsin; Quran tədqiqatçısı olsun. Xeyr! Əvvəla, Quranın özü ilə ünsiyyət qurmaq lazımdır. Yəni Qurani-Kərimi tədqiq edən şəxs bütövlükdə Quranla yaxın ünsiyyətə girməlidir. Quranı dəfələrlə oxumaq, onun barəsində şəxsən dərindən düşünmək müqəddəs kitabda hər hansı bir mövzuda həqiqəti araşdırdığımız zaman onunla bağlı müsbət nəticə əldə etməkdə bizə yardım edir. Demək ki, Quranla ünsiyyət qurmağın özü olduqca zəruri bir amildir.

Bundan əlavə, Qurandan istifadə tərzi də mühümdür. Din alimlərimizin, fəqihlərimizin ayə və rəvayətlərdən istifadə metodu təcrübədən keçmiş, elmi baxımdan püxtələşmiş, təkmilləşmiş və tam sınanmış bir metoddur. Bunları mənimsəmək olduqca vacibdir. Mən demirəm ki, Qurani-Kərimi tədqiq etmək istəyən hər bir şəxs illərlə dini təhsil almalıdır. Mən bunu nəzərdə tutmuram. Lakin Quran tədqiqatı işində Quranı dərk etmək üçün zəruri olan ilkin şərtlər çox mühümdür; onların sırasına dili bilmək, dilin incəliklərinə bələd olmaq, fiqhin əsaslarından bəziləri ilə tanışlıq, Quranda olan rəvayətlərdən istifadə edə bilmək də daxildir. Bütün bunlar Qurani-Kərimin tədqiqatında olduqca effektlidir.

Son olaraq bir məsələni də qeyd edək: mən dəfələrlə, elə bu yaxınlarda da ali təhsil ocaqlarımızda humanitar elmlərin tədrisi ilə bağlı gileyimi bildirmişəm. Ölkəmizdə tədris olunan humanitar elmlər Quranın və İslamın fundamental əsasları ilə ziddiyyət təşkil edən əsaslar üzərində qurulub. Qərbin humanitar elmləri fərqli bir dünyagörüşünə, varlıq aləminin tamamilə başqa cür qavranılmasına, əksər hallarda isə maddi baxış aspektinə əsaslanır. Bəli, bu baxış aspekti tamamilə yanlışdır. Bu cür əsaslanma qeyri-düzgündür. Həmin humanitar elmləri biz tərcümə edərək daxilinə heç bir İslami tədqiqatın nüfuz etməsi üçün şərait yaratmadan gətirib ali məktəblərimizdə, müxtəlif sahələrdə tədris edirik. Halbuki, humanitar elmlərin kökünü, əsasını və bünövrəsini Quranda axtarmaq lazımdır. Quran tədqiqatının mühüm əhəmiyyət kəsb edən sahələrindən biri də məhz budur. Müxtəlif sferalarda Quranda qeyd edilən incə mətləblərə diqqət yetirmək, humanitar elmlərin əsaslarını Qurani-Kərimdə axtarıb-tapmaq lazımdır. Bu, olduqca mühüm və prinsipial bir işdir. Əgər bu reallaşsa, müxtəlif humanitar elm sahələrindəki mütəfəkkirlərimiz, tədqiqatçılarımız və alimlərimiz bu bünövrə və əsaslar üzərində uca binalar qura bilərlər. Şübhəsiz ki, o zaman başqalarının – qərblilərin və humanitar elm sahələri üzrə inkişaf etmiş xalqların nailiyyətlərindən də istifadə edə bilərlər. Lakin bütün bunlar yalnız və yalnız Quranın bünövrəsi üzərində qurulmalıdır.

Ümidvarıq ki, Uca Yaradan sizlərə dəstək və yardımçı olacaq. Mən möhtərəm xanımlarımızın hamısına – ölkənin müxtəlif bölgələrində Quranla bağlı fəal iş aparan dəyərli xanımlarımıza öz səmimi təşəkkürümü bildirirəm. Sizlərin Quranla bağlı tədqiqatlar sahəsindəki bu fəal iştirakınız ölkənin qadın ictimaiyyətinə ilham verəcək və ölkəmizin qadınlarını – başqa sözlə, cəmiyyətimizin yarısını Qurana doğru istiqamətləndirəcək. Qadınlar Qurani-Kərimlə yaxın ünsiyyət qursalar, cəmiyyətin bir çox problemləri həll olunacaq. Çünki gələcək nəslin insanları məhz qadının qoynunda yetişir və Qurana bələd olan, Quranla ünsiyyətdə olan, Quran məfhumları ilə qarşılıqlı anlaşmada olan bir qadın övlad tərbiyəsində bir çox müsbət təsirlər qoya bilər. Ümidvarıq ki, İnşaallah, sizlərin həyata keçirdiyiniz bu möhtəşəm hərəkatın bərəkəti sayəsində cəmiyyətimizin sabahı Qurani-Kərimlə bugünkündən dəfələrlə çox çulğalaşmış olacaq.

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei

20 oktyabr, 2009-cu il