Ali Məqamlı Rəhbərin informasiya bloku

Tehran şəhərində qılınmış cümə namazının xütbələri

Birinci xütbə

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

الحمد للَّه ربّ العالمين نحمده و نستعينه و نؤمن به و نستغفره و نتوكّل عليه‏ و نصلّى و نسلّم على حبيبه و نجيبه سيّد خلقه بشير رحمته و نذير نقمته سيّدنا و نبيّنا ابى‏القاسم المصطفى محمّد و على اله الأطيبين الأطهرين المنتجبين سيّما بقيّةاللَّه فى العالمين.‏
اللّهمّ صلّ على ائمّة المسلمين و حماة المستضعفين و هداة المؤمنين
.

Mehriban və bağışlayan Allahın adı ilə!

Namaz qılan əziz qardaş və bacılarımıza İlahi təqvanı tövsiyə edirəm. Bu ay təqva ayıdır. Bu gün – Ramazan ayının 21-ci günü isə təqvanın təcəssüm etdiyi mübarək bir gündür. Əmirəl-möminin (ə) təqva mücəssiməsi idi; gəlin, ondan ibrət dərsi götürək, bu dünyamız və axirətimiz üçün təqvadan ehtiyat toplayaq.

Cümə namazının bu ilk xütbəsində Həzrət Əmirəl-möminin Əli (ə) haqqında danışacağıq. Bu gün Əmirəl-mömininə (ə) aid olan bir gündür. Eynilə dünənki gün kimi bir gündə (Dünən həm də cümə günü idi; bu baxımdan da həmin ilin bu ilə çox oxşarlığı var.) – 21-ci gecədə bəşəriyyət Həzrət Əlini (ə) əldən verdi. Əmirəl-mömininin (ə) cismi, Əmirəl-mömininin (ə) səsi, Əmirəl-mömininin (ə) ilıq nəfəsi, Əmirəl-mömininin (ə) nüfuzedici baxışları bəşərin ogünkü dünyasından geri alındı. Lakin Həzrət Əlini (ə) hər kəs özündə yaşaya bilər. Hər kəs öz əməllərində sanki Həzrət Əli (ə) hər an qarşısındaymış kimi yaşaya bilər. Bu şərtlə ki, biz Əmirəl-mömininin (ə) xarakter və təbiətini, Əmirəl-mömininin (ə) davranışlarını bir nümunə olaraq diqqət mərkəzində saxlayaq. Mən bu gün sizə – əziz qardaş və bacılarımıza Əmirəl-möminin Əlinin (ə) iftixarla dolu həyat yolu, həmçinin onun qısamüddətli, lakin parlaq hakimiyyət dövrü barədə danışacağam.

Mən konkret bir mövzu ətrafında bir neçə mühüm məsələni qeyd etmək istəyirəm ki, bu da Həzrət Əlinin (ə) siyasi kursudur. Bir məqamı daim nəzərdə saxlamaq və diqqət yetirmək lazımdır ki, Əmirəl-mömininin (ə) siyasi kursu heç bir zaman onun mənəvi və əxlaqi keyfiyyətlərindən ayrı olmamışdır. Həzrət Əlinin (ə) siyasəti daima mənəviyyatla, əxlaqla çulğalaşmışdır; Həzrət Əlinin (ə) siyasəti, əslində, onun mənəviyyatından və əxlaqından qaynaqlanır. Siyasət əxlaqdan qaynaqlandıqda, mənbəyini mənəviyyatdan aldıqda həmin siyasətlə üzləşən insanların mükəmməlləşməsi üçün bir vasitə rolunu oynayır; onları behiştə aparan bir yola çevrilir. Lakin siyasət əxlaqdan ayrıldıqda, mənəviyyatdan uzaqlaşdıqda siyasətbazlığa – nə yolla olursa-olsun, hakimiyyət, var-dövlət əldə etmək, bu dünyada öz işini irəli aparmaq üçün lazım olan vasitəyə çevrilir. Belə bir siyasət, sözün həqiqi mənasında, bəlaya çevrilir. Məhz belə bir siyasət siyasətçinin özü üçün də, yürüdülən bu siyasəti öz həyatında yaşamaq məcburiyyətində qalan digər insanlar üçün də böyük bəlaya çevrilir.

Həzrət Əli (ə) üç böyük müharibə və minlərlə insan itkisinin nəticəsi olan həmin hakimiyyət haqqında (“Nəhcül-bəlağə”dən bu barədə lazımi məlumat ala bilərsiniz) elə ifadələr işlədir ki, bu ifadələr Əmirəl-mömininin (ə) gözündə bu hakimiyyətin nə qədər dəyərsiz, cılız olduğunu göstərir. Həzrət Əli (ə) İbn Abbasa xitabən hakimiyyəti öz köhnə ayaqqabısının düyün düşmüş bağından daha dəyərsiz adlandırır. Başqa bir yerdə isə əlində olan hakimiyyət barədə belə buyurur:

لألفيتم دنياكم هذه ازهد عندى من عفطة عنز

“Bir çəpişin asqırması nəticəsində əmələ gələn rütubətin həyati əhəmiyyətli rütubət kimi nə qiyməti ola bilər? Heç bir!”

Ardınca buyurur: “Bu hakimiyyət, bu güc-qüdrət, bu taxt-tac Əli üçün bundan daha dəyərsiz və əhəmiyyətsizdir”.

Həmin xütbənin başqa bir yerində hakimiyyəti nəyə görə qəbul etdiyi barədə belə bir arqument gətirir:

لو لا حضور الحاضر و قيام الحجّة بوجود النّاصر

“Gördüm ki, insanlar gəlirlər, bu barədə israr edirlər, öz köməklərini təklif edirlər, mən də qəbul etdim”.

Başqa bir yerdə yenə də bu barədə arqument gətirərkən belə buyurur:

و ما اخذ اللَّه على العلماء ان لايقارّوا على كظّة ظالم و لا سغب مظلوم

“Uca Yaradan alimlərin, bilicilərin öhdəsində belə bir vəzifə müəyyənləşdirmişdir ki, zalımın toxluğuna, məzlumun isə aclığına və yoxsulluğuna səbir etməsinlər, buna dözməsinlər”.

Bax, bu kimi şeylər Əmirəl-möminini (ə) hakimiyyətə tərəf çəkir, yaxud da onu özünə ədalətsizcəsinə təzyiq göstərənlərə qarşı müqavimətə, mübarizəyə və hətta müharibəyə qalxmağa məcbur edir. Yoxsa Həzrət Əli (ə) üçün hakimiyyətin heç bir dəyəri yoxdur.

Həzrət Əlinin (ə) siyasətində özünəməxsus xüsusiyyətlərdən biri budur: hiylə və yalandan uzaq durmaq. O Həzrətdən (ə) bir cümlə ilə belə rəvayət olunur:

لو لا التّقى لكنت ادهى العرب

“Təqva mənim əl-ayağımı bağlamasaydı, hiyləgərliyə və məkrliliyə ərəbin bütün hiyləgər və məkrli insanlarından daha yaxşı bələd olardım”.

Başqa bir yerdə isə rəvayətdə gəlib çatan məlumata əsasən Əmirəl-möminin (ə) özünü Müaviyə ilə müqayisə edərkən (belə ki, Müaviyə hakimiyyətdə məkrliliyi və fənd işlətmək bacarığı ilə məşhur idi) belə buyurmuşdur:

واللَّه ما معاوية بأدهى منّى

“Müaviyə məndən zirək deyil. Lakin Əli nə edə bilər? Təqva və əxlaqa riayət etmək yolunu tutubsa, əl-qolu və dili bağlanıb”.

Əmirəl-mömininin (ə) metodu, bax budur! Təqva olmayan yerdə insanın əl-qolu və dili açıqdır; istədiyini deyə bilər, həqiqətin əksinə olanı da deyə bilər, böhtan ata bilər, insanlara yalan danışa bilər, vədinə xilaf çıxa bilər, hətta haqq yolun düşmənləri ilə dostlaşa da bilər. Təqva olmayanda vəziyyət belədir. Əmirəl-möminin (ə) buyurur: “Mən siyasəti təqva ilə seçdim, təqva ilə öhdəmə götürdüm”. Məhz buna görə də Əmirəl-mömininin (ə) metodunda məkrlilik, hiyləgərlik, çirkin işlər və bu kimi xoşagəlməz şeylər yoxdur. Həzrət Əlinin (ə) siyasi dəst-xətti pak-pakizədir.           

Vaxtilə bəzilərinin daim İslam dünyasında yaydığı “dinin siyasətdən ayrı olması prinsipi”nin (bu, bizim ölkəmizdə də var idi; təəssüf ki, bu günün də özündə bəziləri dinin siyasətdən ayrı olması barədə “mahnılar” oxuyurlar) təhlükəli tərəflərindən biri budur ki, siyasət dindən ayrıldıqda nəticə etibarı ilə etikadan, mənəviyyatdan da ayrılacaq.  Sekular və dinlə heç bir əlaqəsi olmayan quruluşlarda, demək olar ki, böyük əksəriyyəti təşkil edən hallarda əxlaq və mənəviyyat aradan getmişdir. Ola bilsin ki, istisna şəkildə hardasa əxlaq və mənəviyyata uyğun olan bir hal gözə dəysin; bu mümkündür, lakin istisnadır. Din siyasətdən ayrı olduqda siyasət qeyri-etik xarakter alır, yalnız maddi və şəxsi mənafeyi güdən hesablamalara əsaslanır. Əmirəl-mömininin (ə) siyasi kursunun təməli isə mənəviyyata söykənir və onun mənəvi-əxlaqi kursundan heç də ayrı deyil.

Əmirəl-mömininin (ə) siyasi diplomatiyasına gəlincə isə, əvvəla, o, öz müxaliflərinə, hətta düşmənlərinə qarşı mümkün həddə qədər soyuqqanlı və mülayim davranırdı. Əmirəl-mömininin (ə) təqribən beşillik hakimiyyəti dövründə vadar edildiyi beş müharibənin çətinliyinə dözməsi də yalnız lazımi dərəcədə xoşrəftarlıq və tolerantlıq nümayiş etdirdikdən sonra baş vermişdir. Həzrət Əli (ə) elə bir şəxs deyildi ki, ona müxalif olan bir insana qarşı lazımi dərəcədə mülayimlik və dözümlülük göstərmədən qılınca əl atsın.

O Həzrətin (ə) söylədiyi bir neçə fikrə diqqət yetirək:

Həzrət Əlinin (ə) xilafətinin ilk dövrlərində bir qrup şəxs onun yanına gəlib digər bir qrup şəxs haqqında: “Ağa, bunlar haqqında birdəfəlik ölçü götür” – deyə israr edirdi. Əmirəl-möminin (ə) israr edən həmin şəxslərin cavabında onlara səbir etməyi məsləhət görürdü. Həzrət Əlinin (ə) bu məsələ ilə bağlı dediyi fikirlərdən biri də bu idi: “Bu dediyiniz sadəcə bir fikirdir; sizin rəyinizdir”.

فرقة ترى ما ترون

“Bəziləri sizin bu rəyinizlə razıdırlar”.

و فرقة ترى ما لاترون

“Digər bir qrup isə sizin qəbul edib razılaşmadığınız bir rəyə malikdirlər”.

و فرقة لاترى هذا و لا ذاك

“Başqa bir qrup isə nə bu, nə də digər fikirlə razı deyillər; onların özlərinə məxsus üçüncü rəyi var”.

فاصبروا

“Səbir edin ki, Əmirəl-möminin (ə) müdrikliklə öz işini yerinə yetirsin”.

حتّى ... تؤخذ الحقوق مسمحة

“İmkan verin ki, xeyirxahlıqla, nəzakətlə, mülayimcəsinə haqlının haqqını alaq, haqq-ədalətin bərqərar edilməsinə nail olaq”.

و اذا لم‏اجد بدّا فاخر الدّواء الكىّ

“Bacardığımız qədər şans verək, mülayimliklə, xoşrəftarlıqla haqq yiyəsinə haqqını çatdıraq, haqq-ədaləti bərqərar edək. Əgər görsək ki, başqa bir çarə yoxdur və haqqa boyun əymək istəmirlər, yalnız o zaman:

اخر الدّواء الكىّ

Bu cümlə ərəb zərbi-məsəli kimi məşhurdur.

اخر الدّواء الكىّ

Yəni: “Sonda çarə nəyə qalsa, onu qətiyyətlə edərik. Yaranı sağaltmaq üçün mümkün olduğu qədər müalicə və dava-dərman edərik, məlhəm qoyarıq. Əmələ gəlməsə, sonda üstünə dağ basarıq, çünki başqa əlacı yoxdur”.

Siffeyn müharibəsində döyüş başlamazdan əvvəl eynilə o cür bir qrup insan: “Əmirəl-möminin (ə) nə üçün hücuma keçmir?” – deyə təkid edirdilər. Həzrət Əlinin (ə)  hücuma başlaması üçün təkid edirdilər. O zaman Əmirəl-möminin (ə)  belə buyurdu:

فواللَّه ما دفعت الحرب يوما الاّ و انا اطمع ان تلحق بى طائفة فتهتدى بى

Yəni: “Mənim məqsədim müharibə etmək deyil, doğru yola istiqamətləndirməkdir. Əgər döyüşü bircə günlük belə olsun, təxirə salıramsa, bu, yalnız ona görədir ki, bəlkə kimlərsə qəlblərini haqqa təslim edələr, haqq yoluna gələlər. Əgər ümidimiz tamamən üzülsə, heç kəsin doğru yola gəlmədiyini görsək, yalnız o zaman qılınc çəkib döyüşə başlayarıq”.

Əmirəl-möminin (ə) üçün olduqca çətin sınaqlardan biri olan Cəməl müharibəsində də o Həzrət (ə) qarşı cəbhədə duranlar barədə buyurur:

انّ هؤلاء قد تمالئوا على سخطة امارتى

“Bunlar bir yerə toplaşaraq əlbir olublar ki, Əmirəl-mömininin (ə) hakimiyyətinə qarşı özlərinin qəzəb və hiddətini bildirsinlər”. Həzrət Əli (ə) buyurur:

و سأصبر

 “Mən səbir edəcəyəm? Lakin nə vaxta qədər?!”

ما لم‏اخف على جماعتكم

 “O vaxta qədər ki, onların əməllərinin siz müsəlmanlar arasında parçalanma yaratdığını, ixtilaf saldığını, qardaş qırğını törətdiyini görəcəyəm. O zaman işə başlayıb bu fitnə-fəsadı aradan qaldırmaq üçün bir əlac edəcəyəm. Mümkün olduğu qədər səbir edəcək, öyüd-nəsihət vermək yolunu tutacağam”.

Əmirəl-mömininin (ə) siyasi kursunun xüsusiyyətlərindən biri də budur ki, o, öz düşmənləri və ona müxalif olan şəxslərlə faktlarla danışır, arqumentlər gətirirdi. O Həzrət (ə) hətta Müaviyəyə belə yazdığı məktublarda (Müaviyə ilə Əmirəl-möminin (ə)  arasında şiddətli ədavət var idi, lakin buna baxmayaraq o, İmama (ə) məktublar göndərir, onu təhqir edir və həqiqətə uyğun olmayan sözlər danışırdı) onun yanlış yol tutduğunu arqumentlərlə əsaslandırırdı. Həzrət Əli (ə) yanına gələrək ona beyət edən Təlhə və Zübeyrlə də (Bu şəxslər ümrə əməlini yerinə yetirmək bəhanəsi ilə Mədinədən çıxaraq Məkkəyə yollanmışdılar. Həzrət Əli (ə) gözdə-qulaqda idi və elə əvvəlcədən də onların ümrəni yerinə yetirmək niyyətində olmadığını demişdi. Təlhə və Zübeyr orada bir çox işlər gördülər; bu hadisələrin təfsilatı çox uzundur.) eynilə bu cür davranaraq onlara belə buyurur:

لقد نقمتما يسيرا و ارجأتما كثيرا

“Siz kiçicik bir şeyi qarşıdurma yaratmaq üçün bəhanəyə çevirdiniz, bir bu qədər müsbət məqamları isə qəsdən görməməzliyə vurdunuz. Sizlər düşmənçilikdən, müxalifətdən dəm vurursunuz”.

Əmirəl-möminin (ə) onlarla təvazökarlıqla danışır, baş verənləri izah edirdi. O Həzrət (ə) belə deyirdi: “Mənə düşmən lazım deyil”.

Həzrət Əli (ə) belə bir mülayim və nəzakətli rəftara malikdir. Lakin bu xoşrəftarlıq heç bir təsir etmədikdə Əmirəl-mömininin (ə)  qətiyyəti öz yerini alır. Bu məqamda da Əmirəl-möminin (ə)  xəvaric kimiləri ilə məhz özünün buyurduğu kimi:

انا فقأت عين الفتنة

“Fitnənin gözünü mən çıxardım” – deyə rəftar etdiyini göstərir. Əlidən (ə) başqa heç bir şəxs (o Həzrətin (ə) özünün də “Nəhcül-bəlağə”də buyurduğu kimi) bu işi görə bilməzdi.

Əmirəl-mömininin (ə) siyasi diplomatiyasının xüsusiyyətlərindən biri də bu idi ki, o Həzrət (ə) qalibiyyət naminə qətiyyən zülmə, yalana və zülmkar işlərə əl atmırdı. Əmirəl-mömininin (ə) hakimiyyətinin ilk dövrlərində bir qrup şəxs o Həzrətə (ə) belə deyirdilər: “Ağa, sən cəmiyyətin bəzi nümayəndələri – nüfuzlu şəxslər barədə bir şey fikirləş və beytul-maldan onlar üçün bir qədər artıq pay ayır ki, onların könlünü alasan və müxalifətinə tuş gəlməyəsən”. Həzrət Əli (ə) isə belə buyurur:

أ تأمرونّى ان أطلب النّصر بالجور

“İstəyirsiniz ki, mən zülmə əl ataraq özüm üçün qələbəni təmin edim?”

واللَّه لا اطور به ما سمر سمير و ما أمّ نجم فى السّماء نجما

“Əmirəl-mömininin zülm etməklə, yanlış yola düşməklə, İslam dininə uyğun gəlməyən metodlarla özünə dostlar qazanması əsla mümkün deyil”.

Əmirəl-mömininin (ə) siyasi kursunun özünəməxsus cəhətlərindən biri də budur ki, o, Həzrət (ə) çox ciddi şəkildə (gəlişigözəl sözlər xətrinə deyil) insanlardan tələb edirdi ki, xoşuna gəlməkdən ötrü onunla yaltaqcasına danışmasınlar, onunla görüşərkən süni şəkildə davranmasınlar. Bir gün Əmirəl-möminin (ə) özünün bəlağətli və ecazkar xütbələrindən birini söyləyərkən bir nəfər ayağa qalxıb onu tərifləməyə başladı. O Həzrət Əlinin (ə) danışdığı sözləri və qeyd etdiyi məsələləri tərif edir, Əmirəl-mömininin (ə) şəninə mədhlər söyləyirdi. Həmin şəxs sözünü bitirəndən sonra Həzrət Əli (ə) üzünü ona tərəf çevirdi və “Mənimlə bu tərzdə danışmayın” – deyə təqribən həmin ana qədər də etdiyi söhbət qədər (“Nəhcül-bəlağə”də rast gəlinən və Seyid Rzanın qeyd etdiyi qədər) bu insana nəsihət verdi. Həzrət Əlinin (ə) burada işlətdiyi ifadələrdən:

فلا تكلّمونى بما تكلّم به الجبابرة

“Mənimlə padşahlar, zülmkar hakimlərlə danışılan tərzdə danışmayın” – ifadəsi çox məşhurdur.

و لاتتحفّظوا منّى بما يتحفّظ به عند اهل البادرة

 “Mənimlə “Birdən sözlərim acığına gələr, birdən dediklərim filan zülmkar hakimi məmnun etməz və ürəyinə yatmaz” – deyə ölçüb-biçərək danışdığınız şəxslər kimi danışmayın; mənim qarşımda durarkən bütün dediklərinizi ölçüb-biçməyin”.

و لاتخالطونى بالمصانعة و لا تظنّوا بى استثقالا فى حقّ قيل لى

“Elə düşünməyin ki, mənə haqq olan bir sözü desəniz, Əli sizin bu haqq sözünüzdən inciyəcək; bu, ona ağır gələcək. Əsla belə deyil!”

Bax, bu da Əmirəl-mömininin (ə) siyasi davranışının səciyyəvi xüsusiyyətlərindən biridir.

Bu dahi insanın xarakterik cəhətlərindən biri də budur ki, o Həzrət (ə) özünə müxalif olan  və qarşı çıxan şəxslərin hamısı ilə eyni cür davranmır, hamını tərəzinin eyni gözünə qoymurdu. Əmirəl-möminin (ə) bu və digər şəxslər və cərəyanlar arasında fərq qoyurdu. Dinə etiqadı olmayan xəvaricə qarşı (əlbəttə ki, din yolundan yayınaraq tənəzzülə doğru getdikləri və dinin yalnız zahiri atributlarını rəhbər tutduqları üçün) Həzrət Əli (ə) mübarizəyə qalxdı. Müaviyəyə qarşı da mübarizəyə qalxdı və o zaman – Quranlar nizələrin ucuna sancılanda Əmirəl-möminin (ə) buyurdu: “Allaha and olsun ki, bu, bir hiylədir, məkrdir, yalandır. Bunlar Qurana qətiyyən etiqad bəsləmirlər”.

Dinin zahiri atributlarına riayət etmədiklərinə baxmayaraq xəvaric də həzin Quran sədaları ilə o Həzrətin (ə) qarşısında qoşun çəkib durduqda Həzrət Əli (ə) onlara qarşı mübarizə apardı. Yəni kimlərsə dinin zahiri atributlarından istifadə edərək irəli getmək istəyəndə Əmirəl-möminin (ə) onlara qarşı mübarizəyə qalxırdı; istər Müaviyə, istərsə də xəvaric olsun – əsla fərq etməz! Lakin bununla belə Həzrət Əli (ə) bu insanlara qarşı eyni cür mübarizə aparmırdı. Doğrudur, Həzrət Əli (ə) mübarizə aparırdı, lakin öyüd-nəsihət vermək daim onun davranışının xarakterik cəhəti idi. Buna görə də Əli (ə) belə buyururdu:

لاتقاتلوا الخوارج بعدى

“Məndən sonra xəvariclə müharibə etməyin, xəvaricə qarşı vuruşmayın”.

فليس من طلب الحقّ فاخطأه كمن طلب الباطل فأدركه

“Haqqın ardınca gedən, lakin səhvə yol verən şəxs (bu şəxs haqqı axtarır, lakin cahilliyi səbəbindən və ya tərəfkeşliyi ucbatından səhvə düçar olur) batilin arxasınca gedən və batilə qovuşan bir şəxs kimi deyil. Bunların ikisi də eyni deyil!”

Məhz bu, Əmirəl-mömininin (ə) siyasi diplomatiyasıdır. Diqqət yetirdikdə görürük ki, bu siyasi diplomatiya o dahi insanın mənəvi davranışı ilə harmoniya təşkil edir. Harada olmasından asılı olmayaraq Əmirəl-möminin (ə) elə həmin görkəmli, dahi və hamıdan üstün olan Əli ibn Əbu Talibdir (ə) ki, dünya onun tayı-bərabərinə heç bir zaman rast gəlməmişdir. 

Bu gün Əmirəl-mömininin (ə) matəm günüdür. Mən bir neçə cümlə ilə bu dahi insanın müsibəti barədə də qeyd etmək istəyirəm. Dünənki gecə kimi mübarək bir gecədə Əmirəl-möminin (ə) dünyadan getdi. Bu iki gün, yaxud iki gecə ərzində (19-u səhər Əmirəl-möminin (ə) o lənətə gəlmişin əli ilə zərbə aldıqdan sonra 21-i gecəyə qədər) bir neçə ibrətli hadisə baş verdi.

Bunlardan biri elə ilk anlarda baş verdi. Rəvayətlərdə oxuyuruq ki, Allahın bu düşməni Əmirəl-mömininə (ə) zərbə endirəndə o Həzrət (ə) heç bir ah-nalə etmədi, ağrı-acısını büruzə vermədi. Həzrət Əli (ə) yalnız belə buyurdu:

بسم اللَّه و باللَّه و فى سبيل اللَّه، فزت و ربّ الكعبة

“Kəbənin Tanrısına and olsun ki, rahatlıq tapdım”.

Bundan sonra imam Həsən Müctəba (ə) özünü yetirib o böyük insanın başını dizi üstə aldı. Rəvayətə görə Həzrət Əlinin (ə) mübarək başından qan axırdı və mübarək saqqalı qana bulaşmışdı. İmam Həsən (ə) atasının üzünə tamaşa edirdi; gözləri yaşla dolmuşdu. İmam Həsənin (ə) göz yaşının bir damcısı atasının üzünə düşdü. Həzrət Əli (ə) gözlərini açıb dedi: “Həsənim! Sən ağlayırsan? Ağlama! Bu anda mən elə bir camaatın arasındayam ki, onlar məni salamlayırlar. Bilirsən burada kimlər var? (Həzrət Əli (ə) haqqında nəql olunan rəvayətlərə əsasən o Həzrət (ə) bunları elə ilk anlarda buyurmuşdur.) Peyğəmbər (s) burdadır, Fatimeyi-Zəhra (s.ə) burdadır”. İmam Həsən (ə) namazını məsciddə qıldıqdan, imam Əli (ə) də oturmuş halda namazını qıldıqdan sonra o Həzrəti (ə) ayağa qaldırdılar. Rəvayətçilərin nəql etdiyinə görə Həzrət Əlini (ə) səndələyə-səndələyə, yıxılmaqdan güclə saxlayaraq evinə aparıb çıxardılar.

تهدّمت واللَّه اركان الهدى ... قتل علىّ المرتضى

sədalarını eşidən səhabələr və bütün Kufə əhalisi məscidə tərəf axışdılar. Hay-küy qalxdı. Rəvayətçi nəql edir ki, Peyğəmbərin (s) vəfat etdiyi gündəki kimi Kufədə ağlamaq və ah-vay səsləri ucaldı. O böyüklükdə Kufə şəhəri başdan-başa müsibət, kədər və hüznlə dolmuşdu. Həzrət Əlini (ə) gətirirdilər. İmam Hüseyn (ə) yaxına gəldi. Rəvayətə əsasən, Həzrət Hüseyn (ə) bu kiçik müddət ərzində o qədər ağlamışdı ki, göz qapaqları yara olmuşdu. Əmirəl-mömininin (ə) gözü imam Hüseynə (ə) sataşdı: “Hüseynim, ağlama! Səbirli olun, səbir edin! Bütün bunlar keçib gedəcək” – deyə imam Hüseynə (ə) də təsəlli verdi.

Həzrət Əlini (ə) evə keçirdilər, ibadətgaha – evdə o Həzrətin (ə) namaz qıldığı yerə apardılar. O (ə) özü: “Məni ora aparın” – deyə buyurmuşdu. Həzrət Əli (ə) üçün orada yer salıb uzandırdılar. Əmirəl-mömininin (ə) qızları buraya gəldilər; Zeynəb və Ummugülsüm gəlib Həzrət Əlinin (ə) yanında oturaraq göz yaşı axıtmağa başladılar. İmam Həsən (ə) ağladığı anda ona öyüd-nəsihət edib təskinlik verən, imam Hüseynin (ə) göz yaşlarını gördükdə ona təsəlli verib: “Səbirli ol!” – deyən Əmirəl-möminin (ə) bu yerdə qızlarının göz yaşlarına dözə bilmədi. Rəvayət olunur ki, Həzrət Əli (ə) də qızlara qoşulub hönkürtü ilə ağlamağa başladı. Ya Əmirəl-möminin (ə)! Bu məqamda Zeynəbinin göz yaşlarına dözə bilmədin. Əgər Aşura günü Zeynəbinin necə göz yaşı tökdüyünü, necə mərsiyə dediyini görsəydin, nə edərdin?!

Əbu Həmzə Somali Həbib ibn Əmrudan nəql edərək deyir: “Son saatlarda, həmin 21-ci gecədə Əmirəl-möminini (ə) görməyə getdim. Həzrət Əlinin (ə) qızlarından birinin də orada olduğunu gördüm. O qız ağlayırdı; mən də göz yaşlarımı saxlaya bilməyib ağlamağa başladım. Çöldə duran camaat da bu qızın ağlamaq səsini eşidəndə göz yaşı tökməyə başladılar. O zaman Əmirəl-möminin (ə) gözlərini açıb dedi: “Əgər mənim bu anda gördüyümü siz də görsəydiniz, ağlamazdınız”. Dedim: “Ya Əmirəl-möminin (ə), məgər siz nə görürsünüz?” Dedi: “Mən Allahın göylərdəki mələklərinin, bütün peyğəmbərlərin və Tanrı elçilərinin  səf çəkib məni salamladığını, mənə xoşgəldin etdiklərini görürəm. Yanımda oturub: “Gəl, Əli can, tez gəl!” – deyən Peyğəmbəri (s) görürəm”. Həbib ibn Əmru deyir: “Mən xeyli göz yaşı axıdandan sonra ayağa qalxdım.  Hələ evdən çıxmamışdım ki, ailə üzvlərinin fəryad səsindən Həzrət Əlinin (ə) dünyadan köçdüyünü anladım”.

صلّى اللَّه عليك يا اميرالمؤمنين،  صلّى اللَّه عليك يا اميرالمؤمنين،  صلّى اللَّه عليك يا اميرالمؤمنين. نسئلك اللّهمّ و ندعوك باسمك العظيم الاعظم الأعزّ الأجلّ الأكرم يا اللَّه...

İlahi! Əmirəl-möminin (ə) haqqına, bizi Əlinin (ə) həqiqi şiələrindən et! İlahi! Bu dünyada və axirətdə bizə Əmirəl-möminin (ə) yolunu tutmağı nəsib et! İlahi! Bizi, sözün həqiqi mənasında, o dahi insanın ardıcıllarından et! İlahi! İslam dünyasının problem və çətinliklərini aradan qaldır! Fələstin, İraq, Livan, Əfqanıstan, Pakistan və digər müsəlman məntəqələrin müsəlman əhalisinin problem və çətinliklərini aradan qaldır! İlahi! Öz fəzilət və kərəminlə İran xalqının problem və sıxıntılarını aradan qaldır! İlahi! Günü-gündən bu xalqın izzət və ehtiramını, qüdrətini daha da artır! İlahi! İran xalqının böyük sərmayəsi olan birlik və həmrəyliyini onlar üçün qoruyub-saxla! İlahi! Təfriqə salan əlləri kəs! İlahi! Olduğumuz hər bir yerdə, tutduğumuz hər bir məqamda haqqa bağlı və sadiq qalmaqda bizi müvəffəq et! İlahi! Bizi zülmdən, zorakılıqdan, başqalarının hüquqlarına təcavüz etməkdən qoru!

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَالْعَصْرِ. إِنَّ الإنْسَانَ لَفِي خُسْرٍ إِلا الَّذِينَ آمَنُوا. وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ

“Mehriban və bağışlayan Allahın adı ilə!

And olsun əsr vaxtına ki, şübhəsiz, insan ziyan içindədir, yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edənlərdən başqa”. (“Əsr” surəsi, ayə 1-3)

İkinci xütbə

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

الحمد للَّه ربّ العالمين و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى‏القاسم المصطفى محمّد و على ءاله الاطيبين الأطهرين المنتجبين سيّما علىّ اميرالمؤمنين و فاطمة الزّهراء سيّدة نساء العالمين و الحسن و الحسين سيّدى شباب اهل الجنّة و علىّ‏بن‏الحسين زين‏العابدين و محمّدبن‏علىّ الباقر و جعفربن‏محمّد الصّادق و موسى‏بن‏جعفر الكاظم و علىّ‏بن‏موسى‏الرّضا و محمّدبن‏علىّ الجواد و علىّ‏بن‏محمّد الهادىّ و الحسن‏بن‏علىّ الزّكىّ العسكرىّ و الحجّة القائم المهدىّ‏.
اللّهمّ صلّ عليهم و صلّ على ائمّة المسلمين و حماة المستضعفين و هداة المؤمنين.‏
اوصيكم عباد اللَّه بتقوى اللَّه‏

Mehriban və bağışlayan Allahın adı ilə!

Bu xütbədə bir daha özümə və sizlərə – əziz qardaş və bacılarıma İlahi təqvanı tövsiyə edərək sizi bu əxlaqi keyfiyyətə dəvət edirəm. Gəlin, davranışımızda, danışdığımız sözlərdə, etdiyimiz əməllərdə İlahi təqvanı və Allaha xatir pisliklərdən çəkinməyi rəhbər tutaq.

İkinci xütbədə, əvvəla, mərhum Ayətullah Taleqaninin və həmçinin şəhid Ayətullah Mədəninin (hər ikisinin ruhu behiştlik olsun!) xatirəsini ehtiramla yad etməyimiz lazımdır. Bu günlər həmin dahi insanların xatirəsi ilə əlamətdardır və şübhəsiz ki, bu iki insanın əziz xatirəsi ölkəmizin İmam-cüməlik tarixçəsindən heç bir zaman silinə bilməz. Həqiqətən, tam vicdanla demək olar ki, bu böyük şəxsiyyətlərdən hər birinin özünəməxsus unudulmaz xidmətləri var və onların əziz xatirəsi yaddaşlarımızdan və tariximizdən heç bir zaman silinməyəcək.

Bu gün bu xütbədə qeyd edəcəyim məsələlərdən biri (əslində, bu gün sizlərin – namaz qılan əzizlərimizin və əziz camaatımızın hüzurunda qeyd olunan məsələlər siyasi cərəyanlara, siyasi xadimlərə, keçmiş və hazırkı siyasi rəsmilərə ünvanlanır) budur ki, mübarək Ramazan ayının bizə verdiyi bu dəyərli fürsətdən səmərəli istifadə etməliyik. Bu gün sizlərə həqiqətləri aşkara çıxarmaq və öyüd-nəsihət vermək üçün bəzi mətləbləri açıqlayacağıq. İnşaallah, bütün bu deyilənlər həm ünvanlandığı şəxslər, həm bizim özümüz, xüsusilə də əziz gənclərimiz, dəyərli camaatımız və möminlərimiz üçün faydalı olacaqdır.

Üz tutub sözümüzü ünvanladığımız şəxslər, əlbəttə, bu günə qədər İslam quruluşuna aid olan insanlar kimi qeyd olunmuşlar. Onlar quruma daxil olan, onun bir tərkib hissəsi olan dəyərli şəxsiyyətlərdir. İnşaallah, gələcəkdə də onların hamısı mövcud quruma aid olacaq və böyük əzmlə İslam dövləti üçün çalışıb-vuruşacaqlar. Əslində, “qurumun tərkibində” və “qurumdan kənar” məfhumları yalnız təbliğat və puç şüar xarakteri daşıyan məfhumlar deyil. Bu, sırf gözdən pərdə asmaq üçün də deyil. Bunun öz meyarları, ideoloji və elmi əsasları var. Bu günə belə olmuşdur, İnşaallah, bundan sonra da məhz bu cür olacaqdır.

İslam İnqilabının əvvəlindən bu günə qədər inqilabın – xalqın bu nəcib hərəkatının cərəyanında ikitirəlik və ziddiyyətlər qarşıya çıxmışdır. Bu ziddiyyətlərin bəzisi xəsarətyetirici olmuş, bəziləri isə məhz xalqın müdrikliyi nəticəsində, bu proseslərin fəal ünsürlərinin ayıq-sayıqlığı və məsuliyyətliliyi sayəsində öz çözümünü tapmış, inqilab və ölkə üçün əsaslı problemə çevrilməmişdir. Ortaya çıxan bu fikir ayrılıqları və ziddiyyətlərin hamısı eyni cür deyil. Belə ki, bəzi fikir ayrılıqları prinsip və ideologiyalardakı ixtilafdan qaynaqlanır, bəzilərinin isə əqidə və prinsiplərlə heç bir əlaqəsi yoxdur. Bunların əsl səbəbi şəxsi mənafedir; dava da məhz şəxsi mənafe ucbatından gedir. Mövcud ixtilafların bəzisi isə qeyd olunan səbəblərdən heç biri ilə əlaqəli deyil. Bu halda isə problem prinsipial məsələlərin icrası ilə bağlı rəy və fikir müxtəlifliyindədir; yəni prinsip və fundamental əqidələr çərçivəsində icra metodları ilə bağlı ixtilaf əmələ gəlir. Bu baxımdan da mövcud ixtilafların hamısı eyni deyil.

Bəli, İslam İnqilabının ilk illərindən etibarən inqilabdan əvvəlki dövrdə və mübarizə illəri ərzində baş vermiş hadisələrdə bir-birimizlə çiyin-çiyinə olduğumuz qruplar arasında müəyyən ixtilaflar əmələ gəldi. İmam Xomeyni (r.ə) bu ixtilafların hamısını eyni cür qarşılamadı. İmam Əlininin (ə) metodunda qeyd etdiyimiz kimi, imam Xomeyni (r.ə) də onun yolunu tutmuşdu. Başqa sözlə desək, o da əvvəl xoş rəftar nümayiş etdirərək öyüd-nəsihət verir, yalnız zərurət halında sərt mövqe seçirdi. Problem çıxaran qruplardan biri müvəqqəti dövlətə aid idi, digər bir qrup “Qisas” layihəsi əleyhinə çıxış edərək bəzi məlum hərəkətləri etdi, başqa bir qrup isə hətta işi terror və küçə iğtişaşlarına qədər gətirib çıxartdı. İmam Xomeyni (r.ə) bu qruplardan hər birinə qarşı bir cür mübarizə apardı. Belə hallara hətta yüksək hökumət dairələrində də rast gəlinirdi; Baş nazir, ölkə Prezidenti, hətta sonralar İmamın (r.ə) ömrünün sonlarına yaxın Prezidentdən də yüksək dairələrdə bu cür neqativ hallara rast gəlinirdi. İmam Xomeyni (r.ə) artıq xoş və təmkinli rəftar nümayiş etdirməyin mümkün olmadığını hiss etdiyi şəxslərə qarşı sərt mövqe seçdi. Hərçənd onların hamısının keçmişdə inqilabi və dini fəaliyyəti olmuş, çoxları yüksək hökumət dairələrinin nümayəndəsi idilər. Lakin iş belə gətirmiş və bu kimi ziddiyyətlər ortaya çıxmışdı. Bəziləri, həqiqətən də, İmama (r.ə) qarşı çıxmış, bəziləri isə onunla müxtəlif rəydə olmalarına baxmayaraq işi qarşıdurma və düşmənçilik səviyyəsinə gətirib çıxarmamışdılar. Bəziləri İmama (r.ə) qarşı çıxaraq onun mülayim və təmkinli davranışını saymazlığa vurdular. İmam Xomeyni (r.ə) onunla görüşmək istəyini bildirmiş həmin münafiq qruplaşmaya ismarış yolladı ki: “Əgər siz haqq yolunu tutsanız, mən sizinlə dialoqa gedərəm. Əgər bu yanlış işlərdən əl çəksəniz, mən özüm sizin görüşünüzə gələrəm”. Yəni İmam (r.ə) bu həddə qədər onlara qarşı mülayim davranaraq dil tapmağa cəhd göstərdi. Lakin təhlükə hiss olunan anda, xüsusən də İslam İnqilabının və İslam dövlətinin strukturunda yanlış prinsiplərə rəvac verilməsindən söhbət gedirsə, bu, artıq öldürücü bir zəhər kimidir. Bu məqamda İmam Xomeyni (r.ə) heç kimi yola vermədi və mülayim davranmadı; sərt mövqeyə keçdi. Bütün bunlar məhz prinsipial ziddiyyətlər zamanı ortaya çıxan məsələlərdir.

Şəxsi mənafe ucbatından müxalif mövqe seçənlər bəzən buna ideoloji və prinsipial don geyindirirlər. Bu ikisindən hansı biri olursa-olsun – istər ideoloji-prinsipial, istərsə də şəxsi mənafe səbəbindən müxalif mövqe seçənlər mövcud qurumla, inqilabla qarşıdurmaya girib İslam İnqilabının fundamental prinsiplərindən üz çevirdikdə düşmənə çevrilirlər.

Əlbəttə, müxalif əqidəyə malik olan, mövcud qurumla heç bir işi olmayan şəxslə qurumun da heç bir işi yoxdur. Bəziləri ortaya belə bir söz atıblar və tez-tez bunu təkrar edirlər: “fərqli düşünənlər”. Məgər qurum “fərqli düşünənlər”ə qarşı necə davranır?! Qurumun fərqli düşüncə sahibləri ilə heç bir işi yoxdur. Bir bu qədər fərqli düşünən insan var. Siyasi baxımdan fərqli düşüncə sahibləri dini cəhətdən fərqli düşüncədə olanlardan çox deyil ki?! Bəli, bizdə fərqli düşünən dini azlıqlar var; onların İslami Şura Məclisində, müxtəlif vəzifə postlarında da nümayəndələri var. Buna görə də söhbət fərqli düşünməkdən getmir. Həqiqətdə söhbət müxalifətdən, hökumətə qarşı çıxmaqdan, zərbə endirməkdən, qurumun və İslam İnqilabının üstünə qılınc çəkməkdən gedir. Qurumun sərt mövqe nümayiş etdirdiyi hallar, bax bunlardır. Lakin əgər mövcud ixtilaf metod seçimi və bununla bağlı rəy müxtəlifliyi ucbatındandırsa, bu, heç də ziyanlı deyil, əksinə xeyirlidir.

Ölkə rəsmilərinin, ölkənin işlərinə nəzarət edən insanların zəif cəhətlərini onlara göstərən tənqidçilərin olmasında heç bir problem yoxdur. İnsan rəqabətə girəndə, tənqidlə üzləşəndə daha da yaxşı işləyir. Tənqidi mövqedən yanaşan insanların, bu və ya digər metodu qəbul edən və yaxud etməyən şəxslərin mövcudluğu qurum üçün heç də zərərli deyil. İntəhası, bütün bunlar qurumun çərçivəsi daxilində həyata keçirilməlidir. Yalnız bu halda heç bir problem yoxdur. Belə müxalifət ziyanlı müxalifət deyil. Mövcud qurum, əlbəttə ki, belə bir müxalifətə qarşı sərt mövqeyə keçməz. Şübhəsiz, tənqidlər də müəyyən prinsiplər çərçivəsində olmalıdır. İslam İnqilabının prinsiplərinin nədən ibarət olduğu isə dəqiq müəyyən edilmişdir. İnqilabın fundamental prinsipləri şəxsi rəylərə və zövqlərə bağlı bir şey deyil ki, hər yerindən qalxan onlara əl qatsın. Sonra da bu prinsipləri arayıb-axtaranda İslam İnqilabına tamamilə yad olduqlarını görək. İnqilabın əsas prinsipi İslam dinidir, Konstitusiyadır, İmam Xomeyninin (r.ə) göstərdiyi yoldur, İmamın (r.ə) vəsiyyətləridir, qurumun siyasi kursudur və bu siyasi kursun kodifikasiya olunması Konstitusiyada vacib bir məsələ olaraq müəyyən edilmişdir. Bu çərçivə daxilində rəy müxtəlifliyinin, məmşa müxtəlifliyinin, zövqlərdəki ikitirəliyin heç bir eybi yoxdur. Əksinə, bu, çox gözəldir. Əslində, bu, zərərli yox, faydalıdır. Meydanda bu cür ziddiyyətlərin müşahidə olunması arzuolunandır və bu halda qurum heç kəsə qarşı kəskin mövqedə durmaz. İnsanlar fundamental prinsiplər çərçivəsində davranarlarsa, ədavət aparmaq, cəmiyyətdə asayiş və təhlükəsizliyi pozmaq niyyətində deyillərsə (hazırda baş verən yalan və şayiələr yaymaq kimi xoşagəlməz hallar baş verməzsə), qurum heç kimlə problem yaşamaz. Cəmiyyətdə müxalif mövqedə olan insanlar var, onların özlərinə məxsus nəzər nöqtəsi var və onlar bunu açıq-aşkar surətdə bəyan edirlər. Qurum onlara qarşı sərt mövqedən çıxış etmir. Qurum maksimum dərəcədə özünə cəlb etmək və minimum dərəcədə özündən çəkindirmək yolunu tutub. Bu, qurumun seçdiyi metoddur. Buna hər kəs xüsusi diqqət yetirməlidir. Müxalif nöqteyi-nəzərə malik olanlar, qurumun rəsmi mövqeyinə əks mövqedən çıxış edənlər bu çərçivə daxilində özlərini müqayisə edə bilərlər. Belə ki, dövlət qurumun əsaslarına qarşı çıxan, əhalinin asayiş və təhlükəsizliyinin əleyhinə olan şəxsin qarşısını almağa məcburdur.

Biz haqqında ittihamların və töhmətlərin səsləndirildiyi bir insan barədə belə deyirik: “Onun özünü müdafiə etmək hüququ var”. Bəli, dövlət də bu cürdür. Qurumun da özünü müdafiə etmək hüququ var. Mövcud qurumun məhz hakimiyyətdə olduğu üçün və siyasi iqtidara malik olduğu üçün özünü müdafiə etməməli, hər cür müxalifətə, qarşıdurmaya, qanun pozuntusuna, sərhəd pozuntusuna qarşı əks-reaksiya göstərməməli olduğunu düşünmək doğru deyil. Bu, qətiyyən düzgün deyil. Bu, dünyanın hər bir yerində belədir. Dünyada mövcud olan müxtəlif partiyalar arasındakı cürbəcür ixtilaflara nəzər salsaq (elə özünü demokratiya tərəfdarı hesab edən ölkələri götürək), görərik ki,  bir-birinə müxalif olan və qarşı duran partiyaların heç biri hakim qurumun fundamental prinsiplərinə və əsaslarına qarşı çıxmırlar. Əks təqdirdə xalqın gözündən düşərlər. Müvafiq orqanlar var: Konstitusiyanın İcrasına Nəzarət Orqanı, Konstitusiya Məhkəməsi (bizdəki Konstitusiyanı Mühafizə Şurası kimi) və s. Bu orqanlar belələrini qəbul etmirlər. Hər hansı bir dövlətdə kimsə ortalığa çıxıb hakim qurumun əsaslarının əleyhinə fəaliyyət göstərərsə, həmin qurum ona qarşı heç bir əks-reaksiya göstərmədən sakit və arxayın oturmaz. Elə həmin Avropa dövlətlərində bəzən hakim qurumlar bundan da kiçik problemlərə – qurumun fundamental əsaslarından hesab olunmayan məsələlərə qarşı kəskin və sərt mövqedən çıxış edirlər. Buna görə də hakim qurumun əleyhinə olmaq, dövlətin əsaslarına qarşı çıxmaq, dövlətə qarşı qılınc çəkib mübarizəyə qalxmaq sərt qarşılanacaq. Lakin müxalif fikirdə olmaq, fərqli düşünmək qeyd olunan mənfiliklərlə müşayiət olunmazsa, haqsız ittihamlar, yalan və şayiələr yaymaq və bu kimi digər neqativ halları ortaya qoymazsa, qurum heç bir vəchlə buna qarşı çıxmayacaq. Qurumun metodu heç bir zaman bu olmamışdır, bu gün də bu deyil və İnşaallah, gələcəkdə də bu olmayacaqdır. Bu, bir məsələ.

Fəal siyasətçilərin, rəsmilərin, hakimiyyət nümayəndələrinin, müxtəlif rəsmi dairələrdə çalışanların və nüfuzlu şəxslərin olduqca böyük diqqət yetirməli olduqları digər mühüm bir məsələ də var. Bu, insanların şəxsi miqyasda doğru yoldan azıb fəsada düçar olması məsələsidir. Bizlər hamımız son dərəcə diqqətli olmalıyıq. Hal-hazırda hər bir kəs fəsada və yanlış yola düçar olmaq təhlükəsi ilə üz-üzədir. Bəzən kiçik yanlışlıqlar, kiçicik nöqsanlar insan üçün daha böyük xətalarla, bəzən isə dərin uçurumlara yuvarlanmaqla nəticələnə bilər. Son dərəcə diqqətli və ehtiyatlı olmaq lazımdır. Qurani-Kərim bu barədə bizə dəfələrlə xəbərdarlıq etmişdir. Quranın bir çox yerində məhz bununla bağlı ciddi xəbərdarlıq olunur. Ayələrdən birində belə buyurulur:

ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوءَى أَنْ كَذَّبُوا بِآيَاتِ اللَّهِ

“Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək oldu...” (“Rum” surəsi, ayə 10)

Doğrudan da, bəzi işlərin nəticəsi budur ki, insan sonda ən pis məqama – İlahi ayələri təkzib etmək məqamına gəlib çatır.

Başqa bir yerdə isə buyurulur:

فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَى يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُوا اللَّهَ مَا وَعَدُوهُ

“Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına görə Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı”. (“Tövbə” surəsi, ayə 77)

Yəni Tanrıya verdikləri vədə xilaf çıxdılar və bu, onların qəlblərində nifaq və ikiüzlülüyün əmələ gəlməsinə səbəb oldu. Deməli, insan müəyyən günahı etdikdə həmin günah onu nifaqa və ikiüzlülüyə tərəf çəkir. Nifaq isə batində küfr etmək deməkdir. Quranın bu yerində kafirlər və münafiqlər bərabər tutulur. Başqa bir ayədə isə Allah-Taala belə buyurur:

إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنْكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا

“Əlbəttə, doğrudan da, iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi...” (“Ali-İmran” surəsi, ayə 155)

Bəzi vaxtlar bəzilərinin düşmənin qarşısında acizlik etdiyini, dözüb müqavimət göstərə bilmədiyini görürsünüz. Bu, onların əvvəllər gördükləri bəzi işlər ucbatındandır. Onlar öz batinlərini günah və xəta ilə xarab etmişlər. Xətalar və haqq yoldan sapınmalar insanın mənəviyyatını getdikcə çürüdür, xarab edir. Bu mənəvi fəsad və çürüklük nəticə etibarı ilə əməldə, bəzən isə əqidədə xəta və yanlışlıqla nəticələnir. Həm də bu proses zaman ötdükcə baş verir. Birdəfəlik baş vermir ki!... Elə düşünməyin ki, bir insan gecə mömin yatıb səhər yuxudan münafiq oyanır. Xeyr! Bu, tədricən, zərrə-zərrə baş verir. Və bunun əlacı yalnız və yalnız özündən muğayat olmaqdır. Özündən muğayat olmaq isə elə həmin təqvadır. Elə isə, demək ki, bunun çarəsi təqvadır. Özümüzdən muğayat olaq. İnsanlar öz doğmalarından, yaxın adamlarından muğayat olsunlar: xanımlar ərlərindən, kişilər həyat yoldaşlarından, yaxın dostlar bir-birindən...

وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ

“...bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa”. (“Əsr” surəsi, ayə 3)

Bir-birimizdən muğayat olaq ki, bu bəlaya düçar olmayaq. Camaatımız rəsmilərimizə, vəzifəli şəxslərə öyüd-nəsihət versin, xeyirxahlıq etsin, onlara yazsın, fikrini desin, ismarış göndərsin ki, məbada doğru yoldan sapınsınlar. Əlbəttə, qurum, ölkə və xalq üçün rəsmilərin düz yoldan sapınması təhlükəsi daha böyükdür. İnsan zaman-zaman bunu səsləndirilən bəzi fikirlərdə, atılan addımlarda və davranışlarda hiss edir. Bəzən belə bir təhlükənin əlamətlərini açıq-aşkar şəkildə müşahidə etmək olur. Allaha sığınmaq, Uca Yaradandan yardım istəmək lazımdır.

Sonrakı digər mühüm məqam isə bundan ibarətdir ki, eynilə bir şəxsin barəsində mümkün olan bu kimi şeylər – yəni fəsada düçar olmaq və doğru yoldan sapınmaq hər hansı bir qurumun da başına gələ bilər. Hər hansı bir hakim qurumun, hətta tamamilə sağlam və İslami bir strukturun da! Başqa sözlə desək, insanların yoluxa bildiyi həmin xəstəliyə İslam dövləti, İslam Respublikası da mübtəla ola bilər. Adı İslam Respublikası olaraq qalar, zahirən öz İslami görünüşünü, İslami obrazını saxlayar, lakin xarakteri, davranışı, fəaliyyət proqramları qeyri-islami bir şəkil alar. Bu, elə ötən il əziz tələbələrimizlə görüşlərimizdən birində qeyd etdiyim İslam İnqilabının obrazı və xarakteri məsələsidir.

Cəmiyyətin və hakim qurumun davranışı iki cür ola bilər: mənfi və müsbət, yəni cəmiyyət və hakim qurum yüksələn və enən xətt üzrə hərəkət edə bilər. Yüksələn xətt üzrə hərəkət o deməkdir ki, cəmiyyət getdikcə ədalət prinsipinə daha da getdikcə yaxınlaşsın; dinə, dini davranış və dini əxlaqa yaxınlaşsın. Azad bir atmosferdə inkişaf etsin. Elmi, praktik və sənaye baxımından inkişaf etsin. Cəmiyyətdə haqqın və səbrin tövsiyə edildiyi müşahidə olunsun. Cəmiyyət günü-gündən Allahın düşmənlərinə, dinin, ölkənin istiqlalının düşmənlərinə qarşı özünü daha da güclü hiss etsin, daha da mətin müqavimət göstərsin. Zülm və fəsad cəbhəsinin qarşısında müqavimətini günbəgün daha da artırsın. Əlbəttə, bütün bunlar tərəqqi və yüksəliş deməkdir, habelə cəmiyyətin müsbət istiqamətli hərəkətidir. Cəmiyyətin bu dünyasını və axirətini, bax bunlar abad edəcək. Biz məhz belə bir müsbət istiqamətli hərəkət üçün var-qüvvəmizlə çalışmalıyıq. Lakin bunların tam əksinə olaraq tənəzzülə doğru aparan bir davranış da var: ədalətə doğru aparan hərəkat əvəzinə müxtəlif cür təzahür edən böyük iqtisadi və ictimai nöqsanlara aparan bir hərəkat; azadlıqdan elmi, praktik və əxlaqi tərəqqi naminə istifadə etmək əvəzinə başısoyuq davranış, əxlaqsızlıq, fəsad, günah və yalanın yayılması naminə istifadə; imperializmə, təcavüzkarlığa, beynəlxalq banditizmə müqavimət göstərmək, belələrinə öz gücünü və qüdrətini nümayiş etdirmək əvəzinə onların qarşısında çaşıb qalmaq, özünü aciz hiss etmək, geri çəkilmək. Eləcə də qeyzlə qaşını çatmaq zəruri olduğu məqamda üzlərinə gülmək, hüquqlarını tələb etmək lazım gəldiyi yerdə öz haqqına göz yummaq (lap elə nüvə hüququnu, yaxud da qeyrisini götürək). Bunlar tənəzzül və geriləmə əlamətləridir. Cəmiyyət həmin zirvələrə və dəyərlərə doğru hərəkət etməli, yüksəklərə can atmalı, müsbət istiqamətdə irəliləməlidir. Eniş istiqamətində addımlamaq, tənəzzülə doğru hərəkət etmək isə İslam dövlətinin düçar ola biləcəyi həmin xəstəlikdir. İslam dövləti belə bir təhlükə ilə üzləşə bilər. Bu səbəbdən də xalqımız son dərəcə ayıq-sayıq olmalıdır. İslam Respublikası yalnız o zaman həqiqi İslam Respublikasıdır ki, İmam Xomeyninin (r.ə) müəyyənləşdirdiyi fundamental məsələlər, İmamın (r.ə) mübarək həyatı dövründə ortaya qoyulmuş, şüara çevrilmiş, ciddi şəkildə riayət olunan prinsiplərlə irəli getsin. Həmin şüarları rəhbər tutaraq hərəkət etdiyimiz hər bir yerdə (Mən bunu əminliklə deyirəm, belə ki, son 30 il ərzində cərəyan edən prosesləri yaxından müşahidə etmişəm) tərəqqi və nailiyyət bizimlə olub, qələbə bizimlə olub, izzət və ehtiram qazanmışıq, dünya mənfəəti də bizimlə olub. Həmin şüarlardan geri çəkilib səhlənkarlıq etdiyimiz hər bir yerdə isə meydanı düşmənə həvalə etmişik, zəifləmişik, geriləmişik; bu, bizə əsla hörmət qazandırmayıb, əksinə düşmən daha da cürətlənib, bir az da çox üstümüzə gəlib. Maddi cəhətdən də ziyan çəkmişik. Ölkədəki problemlərin – istər iqtisadi, istər ictimai, istərsə də siyasi problemlər olsun – yeganə həlli yolunu imperialist düşmənə qarşı silahı yerə qoyub təslim olmaqda görmək düzgün deyil. Müstəmləkəçi düşmənin istədiyi də elə budur.

Seçkidən sonra özünüzün də müşahidə etdiyiniz kimi baş verən olaylar – onların himayə etdiyi qəsdən törədilən bütün iğtişaşlar bundan ötrü idi ki, bəlkə inqilabın xalq arasındakı dayağına zərbə endirə və İslam İnqilabını bu möhkəm dayaqdan məhrum edə bilələr! Mən dəfələrlə qeyd etmişəm ki, xalqın İslam dövlətinə olan böyük etimadının nişanəsi məhz onun seçkidəki 40 milyonluq iştirakı idi. Hal-hazırda xarici radiolar və təəssüflər olsun ki, ölkənin daxilində də bəzi KİV səs-səsə verib hey israrla: “Xalq mövcud quruma etimadını itirib!” – deyə təkrar edirlər. Bu sözün cavabında belə demək lazımdır: “Xalqın yüzdə 85 faizi səsvermədə iştirak edib, 40 milyon insan səsvermə məntəqələrinə gəlib. Bu insanların kimə səs verdikləri o qədər də mühüm deyil, səsvermə məntəqəsinə gəlməyin özü xalqın hakim quruma bəslədiyi etimadının bariz nişanəsidir”. İşin mahiyyəti də elə bundadır. Bunlar isə yalanlarının üzə çıxmamağı üçün dönə-dönə təbliğat apardılar ki, xalqın etimadı əldən gedib. Nə edək? Bəli, bəziləri guya canıyananlıq edərək dedilər: “Xalqın etimadını qaytarmaq üçün nə edək?” Xalq hakim quruma inanır, qurum da xalqa etimad bəsləyir! İnşaallah, gələcək seçkilərdə (2-3 ildən sonra) özünüz də görəcəksiniz ki, xalq qurumun əleyhinə olan şəxslərin, düşmənlərin, daxildəki məlumatsız və hər şeydən bixəbər insanların etdiyi hoqqabazlıqlara baxmayaraq seçkidə yenə də mətin və güclü bir iştirak nümayiş etdirəcək.

Bəs elə isə mühüm olan məqam budur ki, biz hamımız muğayat olmalıyıq. Muğayat olmalıyıq ki, İslami bir qurum olan, dini bir qurum olan, dinin, İslamın və Quranın hökmlərinin çərçivəsi daxilində hərəkət etmək niyyətində olması ilə fəxr edən İslam Respublikası dinə etiqad bəsləməyən bir quruma – bəzi cənablar demişkən, “sekular” bir quruma çevrilməsin. Heç bir vəchlə daxilən sekolar, zahirən isə dini bir struktura çevrilməsin. Daxildə Qərb mədəniyyətinə və bu mədəniyyətə sahib çıxmış dövlətlərə sarı can atan, zahirdə isə dini şüarları və dini məsələləri əlində bayraq tutan bir quruma çevrilməsin. Bu cür olmasın! İslam dövləti, sözün həqiqi mənasında, İslami olmalıdır və günü-gündən İslami əsaslara daha da yaxınlaşmalıdır. Düyünləri açan, problemləri həll edən, cəmiyyətə izzət və qüdrət bəxş edən İslam Respublikası dövlət quruluşuna dünyanın hər yerində daha da çox tərəfdarlar qazandıracaq amil məhz budur. Bəziləri İslam Respublikasına qarşı bəslənən ədavəti görəndə təşvişə düşürlər. İslam Respublikasına qarşı qeyzlə açılmış, cürbəcür iftiralar yağdıran və pis sözlər danışan ağızlar onları bərk qorxuya salır. Halbuki, dünyadakı bütün hakim qurumların, bütün dövlət strukturlarının düşmənləri də var, dostları da. Bu bu gün də belədir, tarix boyu da belə olub. Elə bir hökumət tapmaq mümkün deyil ki, daxilində və xaricində hamı ona qarşı birmənalı olaraq ya pis, ya da yaxşı münasibət bəsləsin. Xeyr! Hamısının bir qrup və bir qrup əleyhdarı var. Peyğəmbərin (s) hakimiyyəti də bu cür olub, Əlinin (ə) hakimiyyəti də. Müaviyə və Yezidin hakimiyyəti də bu cür olub – hamısının zamanında onların lehinə və əleyhinə olan insanlar olub. İslam Respublikası da belədir. Bəziləri onun tərəfdarıdır, bir qrup isə ona qarşıdır. Lakin problemin əsl mahiyyəti bundadır ki, hər hansı bir hökumətin tərəfdarlarının və əleyhdarlarının kimliyinə diqqət yetirmək lazımdır. Meyar bax, budur! 

Elə bir hökumət var ki, beynəlxalq qarətçiliklə məşğul olan hər bir kəs ona düşməndir; beynəlxalq miqyasda zor tətbiq edən hər bir kəs onun əleyhinədir. Qara müstəmləkəçi keçmişi olan hər bir dövlət ona müxalifdir. Hər bir xəbis sionist sərmayədar ona düşməndir. Bəli, bu müxalifət iftixar mənbəyidir. Bu, qətiyyən heç kəsi qorxutmamalıdır. Bəs həmin hökumətin tərəfdarları kimlərdir? Dünyanın dörd bir yanında imanlı xalqlar bu hökumətin tərəfdarlarıdır. Afrikada, Şimali Afrika ölkələrində, Afrikanın müsəlmanlar yaşayan məntəqələrində, Asiyada, İndoneziya və Malayziyaya qədər ərazidə, ərəb və qeyri-ərəb ölkələrində, Avropada iranlı olmayan müsəlman əhali, müsəlman xalqlar onu sevir və dəstəkləyirlər.

Bir neçə il əvvəl futbol yarışmasında İran komandası rəqib komandaya qalib gəlmişdi. Şimali Afrikadakı kafelərdən birində matçı seyr edən gənclər İran komandasının futbolçuları qol vurduqca əl çalırmışlar. Bir nəfər onlara belə deyib: “Bu ki sizin öz ölkəniz deyil? Sizin nə işinizə qalıb ki, iranlı futbolçu rəqib komandanın qapısından qol keçirir? Heç rəqib komanda da sizin düşməniniz deyil?!” Gənclər isə onun cavabında: “İranın qələbəsi bizim qələbəmizdir!” – deyiblər. Diqqət yetirin: hətta futbol meydançasında belə! Bütün bunlar olduqca dəyərlidir.

Seçkidən sonra baş verən iğtişaşlar zamanı müxtəlif İslam ölkələrindəki müsəlmanlar nigarançılıq içində idilər. Buradakı tanış-bilişlərindən İranda nə baş verdiyi barədə soraqlaşırdılar. Bunlar da: “Narahat olmayın, qorxmayın, İslam Respublikası bütün bu söz-söhbətlərdən daha güclüdür” – deyə cavab verirdilər. İslam Respublikası belə bir hökumətdir. Düşmənləri onlardır, dostları isə bunlardır. Dünyanın bütün yamanları və şimrləri onunla düşməndirlər. Bütün məzlumlar isə onun tərəfdarlarıdır. Fələstin xalqı onun tərəfdarıdır, mübariz ərəb xalqları onun tərəfdarıdır. Bəli, Amerika dövləti isə onun əleyhinədir, İrana qarşı 20 ildir ki, məkrli niyyətlər güdən İngiltərə dövləti də (İngiltərənin İrana qarşı xəbisliyinin 20 illik tarixi var) onun əleyhinədir. Bu müxalifət heç kəsi vahiməyə salmır. Lakin tamamilə əksinə olan bir dövlət var: onun havadarları oğrulardan, banditlərdən, imperialistlərdən, dünyadakı qoluzorlulardan, əleyhdarları isə öz millətindən, imanlı və zülmə məruz qalmış xalqlardan ibarətdir. Bax, bu isə xəcalətverici bir faktdır. Bu qəbildən olanlar – dünyamiqyaslı oğrular, banditlər, imperialistlər bu günə qədər İslam Respublikasına müxalif olublar. Dünya arenasında İslam Respublikasının əleyhinə çıxmaq və onunla mübarizə aparmaq istəyənlər məhz bunlardır. Lakin xalqın nümayəndələri, böyük xalq kütlələri, müstəqil dövlətlər, həmin superdövlətlərdən asılı olmayan siyasətçilər, məzlum xalqlar – bunlar isə İslam Respublikasını dəstəkləyirlər. Belə müxalifətdən qorxub düşmənin qarşısında ağ bayraq qaldırmaq lazım deyil. Hər bir halda bizim gənc nəslimiz son dərəcə ayıq-sayıq və uzaqgörən olmalıdır.

Əziz gənclər! Bu ölkə sizindir! Gələcək sizindir! Qüdrətli bir dövlət – istər elmi, istər siyasi, istər informasiya, istərsə də dinamik fəaliyyət və beynəlxalq nüfuz baxımından dünyanın müxtəlif regionlarındakı dövlətlərdən daha qüdrətli bir dövlət sizə hörmət və iftixar qazandıracaq! Siz belə bir dövlətin təkmilləşməsi və quruculuğu naminə səylə çalışmalı, üzərinizə düşən vəzifəni hiss etməlisiniz. Gənclərin bu işdə öhdəsinə konkret bir vəzifə düşür.

Sözün həqiqi mənasında, yalnız və yalnız İslam Respublikası, yəni İmam Xomeyninin (r.ə) bizlər üçün təməlini qoyduğu və ölkəmizə bəxş etdiyi İslam Respublikası həmin tələblərə – beynəlxalq nüfuz, siyasi qüdrət, ehtiram, dünya rifahı və axirətin abad olunması kimi mühüm tələblərə cavab verə bilər. Lakin gözdə-qulaqda olun ki, bizim üçün süni, şablon bir İslam Respublikası düzəltməsinlər. Ötən 30 il ərzində bu məqsədlə bir çox işlər görüldü, zaman-zaman bu, hətta böyük bir hərəkata çevrildi. Lakin Uca Yaradan bütün bunları ram etdi. Xalqımız ayıq-sayıq idi, uzaqgörən idi; bu səbəbdən də belə bir hadisənin baş verməsinə icazə vermədi. Onlar bəzi işlər görmək, imam Xomeynin (r.ə) şüarlarını tarixin yaddaşına tapşırmaq istəyirdilər. Açıq-aşkar: “Bunlar köhnəlib” – deyə aləmə car çəkirdilər. Xeyr! İslam İnqilabının şüarları köhnələcək şüarlar deyil! Hər zaman təzədir; xalq üçün həmişə diqqətəlayiq və cəlbedicidir. Zəiflərin və məzlumların mənafeyini güdən, milli qürur və ehtirama xidmət edən, özündə mübarizə və mətanəti əks etdirən bu şüarlar heç vaxt köhnəlməyəcək! Heç vaxt və heç bir xalq üçün! Bizim dövlətimiz üçün də heç bir zaman sıradan çıxmayacaq!

Gələn həftənin cümə günü Qüds günüdür. Bu gün sevimli İmamımızın (r.ə) ən böyük yadigarlarından biridir. Bu gün İslam İnqilabının və xalqımızın Qüds və Fələstin olayına qəlbən bağlılığının bariz nişanəsidir. Qüds gününün bərəkəti sayəsində bizlər hər il bu adı dünyada yaşatmağı, aktual bir mövzu kimi qoruyub-saxlamağı bacardıq. Bir sıra dövlətlər, bir sıra siyasətlər Fələstin probleminin unudulmasını çox arzulayırdılar, bunda maraqlı idilər və bu məqsədlə böyük pullar xərclədilər. Əgər İslam Respublikası bu məsələnin aktuallığı naminə çalışmasaydı, İslam Respublikası var-gücü ilə bu məkrli siyasətə qarşı çıxmasaydı, onların Fələstin problemini tədricən arxa plana keçirməsi, yerli-dibli unutdurması heç də gözlənilməz deyildi. Hal-hazırda da imperializm maşınının, xəbis sionistlərin özləri də bunu etiraf edirlər, bu əqidədədirlər və narahatdırlar ki,  İslam Respublikası Fələstin bayrağını göylərə ucaldıb və bununla da onların əlbir olub Fələstin məsələsinin aktuallığını aradan qaldırmasına mane olur. Qüds günü bu ada və bu xatirəyə bir daha həyat bəxşetmə günüdür! Bu il də Allahın yardımı və dəstəyi ilə, eləcə də Onun xalqımıza doğru yolda bələdçiliyi sayəsində əzəmətli xalqımız Tehranda və bütün şəhərlərdə Qüds gününü qeyd edəcək, yürüş keçirəcək. Başqa ölkələrdə də müsəlmanların əksəriyyəti Qüds günündə İran xalqının bu nümunəsinə əməl edəcəklər. Qüds günü məhz Qüds probleminə aid olan bir gündür və eyni zamanda İran xalqının birlik və həmrəyliyinin əyani təzahürüdür. Diqqətli olun ki, kimlərsə Qüds günü baş tutacaq toplantılardan təfriqə salmaq məqsədilə istifadə etməsinlər. Məhz təfriqədən qorxmaq lazımdır! İkitirəliliyə qarşı mübarizə aparmaq, təfriqənin əleyhinə çıxış etmək lazımdır. Qətiyyən təfriqə yaranmamalıdır. Məhz o zaman İran xalqı bir yumruq kimi birləşib Qüds bayrağını iftixarla göylərə ucalda biləcək! Bu illər ərzində bu əlamətdar günə də qarışıqlıq salmaq istəyiblər. Lakin Allaha şükürlər olsun ki, bunu bacarmayıblar. İnşaallah, bundan sonra da bacarmayacaqlar!

İlahi! Səni and veririk Muhəmməd (s) və Ali-Muhəmmədə (ə), xalqımızı günü-gündən daha cəsur, daha ayıq-sayıq və uzaqgörən, daha güclü, qüdrətli və şad-xürrəm et!

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَالْعَادِيَاتِ ضَبْحًا. فَالْمُورِيَاتِ قَدْحًا. فَالْمُغِيرَاتِ صُبْحًا. فَأَثَرْنَ بِهِ نَقْعًا. فَوَسَطْنَ بِهِ جَمْعًا.

إِنَّ الإنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ. وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ. وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ. أَفَلا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ. وَحُصِّلَ مَا فِي الصُّدُورِ. إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ.

Mehriban və bağışlayan Allahın adı ilə!

1. And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a,

2. (And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara,

3. (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə,

4. Hücumları ilə toz-torpaq qaldıranlara,

5. O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki,

6. Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir!

7. Və şübhəsiz, o, özü də buna şahiddir.

8. Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir.

9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (Qiyamət günü),

10. Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman,

11. Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır. (“Adiyat” surəsi, ayə 1-11)

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei

11 sentyabr, 2009-cu il