– Mehriban və bağışlayan Allahın adı ilə!
Olduqca arzulanan, xoş və maraqlı bir görüş idi. Əvvəla, hər bir Quran məclisi, xüsusilə də bu cür gözəl səslər və xoş avazlarla müşayiət olunan bir məclis xoş və ürəyəyatımlı olur. İkincisi isə, mübarək Ramazan ayının belə mübarək bir məclislə başlaması olduqca xoşdur. Ümidvaram ki, Uca Yaradan bizlərə və sizlərə Quran əhli olmağı nəsib edər. İnşaallah, yaşayışımız Quranın göstərişlərinə uyğun şəkildə keçər və Quranda bəyənilən, tövsiyə edilən bir ölüm nəsibimiz olar.
Əvvələn, ölkəmizdə Quranla ünsiyyət və Quran tilavəti olduqca böyük irəliləyişlər etmişdir. Bugünkü məclisdə dinlədiyimiz tilavətlər (mən burada Quran tilavət edən əziz qardaşlarımızın hər birinə, o cümlədən məclisin təşkilatçılarına öz dərin təşəkkürümü bildirirəm) olduqca gözəl idi. Onlardan bəziləri, həqiqətən də, müəyyən edilmiş kriteri və standartlara tam uyğun səviyyədə idi; istər ifadə forması, istər avaz, istər təcvid, istərsə də ayələrin məzmununa və mənasına diqqət yetirmək, tələffüzü və ifadə formasını ayələrin məna və məzmuna uyğunlaşdırmaq baxımından. Bu cəhətdən də gənclərimiz, Allaha həmd olsun ki, diqqətəlayiq irəliləyişlər etmişlər. Bütün bunlar çox yaxşıdır. Dəfələrlə qeyd olunub ki, bu cür məclislər, gözəl tilavətlərin rəğbətlə qarşılanaraq yüksək qiymətləndirilməsi cəmiyyətimizin Quranla ünsiyyət yaratması, habelə uzun illər boyu ölkəmizin və xalqımızın mütəmadi şəkildə düçar olduğu Qurana biganəlikdən xilas olması və Qurana yaxınlaşması üçün müsbət bir başlanğıcdır. Bu proses tədricən irəliləyir. Əlbəttə, bütün xalqımızın, bütün cavanlarımızın, qadın və kişilərimizin Quranla tam ünsiyyətə girməsinə hələ xeyli var. İnsan Quranla ünsiyyət yaratdıqda bu müqəddəs kitabdan ehtiyac duyduğu İlahi hökmləri əxz etməsi, həyatda qarşısına çıxan müxtəlif problemlərin həllini tapmaq üçün Quranın rəyini öyrənməsi və Quranın sözünə əməl etməsi üçün gözəl fürsət yaranır. Bu, yalnız və yalnız Quranla ünsiyyət sayəsində mümkün ola bilər. Əvvəla, heç də belə deyil ki, əvvəllər Quranla qətiyyən ünsiyyətə girməmiş hər bir kəs lazım gəldikdə bu müqəddəs kitabı götürüb aça və özünə qaranlıq qalan bir məsələyə cavab tapa bilər. Xeyr! Əksər hallarda Quran insanı özünə yaxın buraxmır və bu səbəbdən də ürək Quranın kəsb etdiyi məna və məfhumlara asanlıqla yaxınlaşa bilmir. Quranla əvvəlcədən ünsiyyət yaratdıqda isə başqa bir məsələ! Bax, o zaman bunun həyata keçməsi mümkündür. Bir sözlə, bütün bunlar Quranla ünsiyyətə girmək üçün müqəddimədir.
Mən bir qayda olaraq əziz qarilərimizə öz tövsiyələrimi bildirirəm. Bu il vermək istədiyim digər önəmli bir tövsiyə isə bundan ibarətdir ki, Quran tilavətində avaz və səs tonu olduqca əhəmiyyətlidir. Bunlar Quranı insanın qəlbi və qulağı üçün şirin, yatımlı, xoşagələn edən, bu müqəddəs kitabın qəlblərə nüfuz etməsində təsir qoyan mühüm amillərdir. Lakin bu gözəl səslərdə müxtəlif avazları iki cür ifa etmək mümkündür: biri budur ki, Quran oxuyan şəxs onu sırf bir xanəndə kimi ifa edir; bu, bir metoddur. Misirin məşhur qarilərinin içərisində (hazırda onlar görkəmli və məşhur qarilərdir) bəziləri məhz bu cürdür. Bu, sırf ifadır; bu qarilər yaxşı oxuyurlar, səsləri gözəldir, səs tonları və avazları da olduqca yaxşıdır. Quranın digər bir qiraət metodu da var: Quranı səs, tonallıq və avazın köməyi ilə elə oxuyalar ki, insanın qəlbində Allah-Taala qarşısında itaətkarlıq və özünü təslimetmə hissi yaratsın, Uca Yaradanı onun yadına salsın.
اياته زادتهم ايمانا و اذا تليت عليهم
“...Allahın ayələri onlara oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar...” (“Ənfal” surəsi, ayə 2)
Bax, belə bir gözəl nəticə əldə edilsin! İnsanı itaət, təslimolma, dua və yalvarış halına yaxınlaşdırsın. Quranı məhz bu cür qiraət edənlərimiz də var. Məşhur qarilər arasında bəziləri Quranı bu cür oxuyurlar. Onların Quran oxuma metodu Allah qarşısında itaətkarlıq hasil edən bir metoddur. Bax, buna riayət etmək olduqca vacibdir. Xüsusilə də sizlər – Allaha həmd olsun ki, həm gözəl səsə malik olan, həm Quranı yaxşı mənimsəyən, oxuduğu ayələrin mənasını və məfhumunu dərk edən cavanlarımız! Əvvəllər belə deyildi; İslam İnqilabının ilk onilliyində belə deyildi. Gözəl səslə Quran oxuyanlar var idi, amma əksər hallarda məna və məzmuna diqqət yetirilmirdi. Allaha şükürlər olsun ki, hazırkı nailiyyətlər sayəsində gənclərimiz xeyli irəliləmişlər. Bütün bunlar çox yaxşıdır. Lakin bu məqama da riayət edin və bunu özünüz üçün bir meyar olaraq müəyyən edin ki, sizin tilavətiniz meydana itaətkarlıq və təvazö gətirməlidir. Allah kəlamı olan bu ayələr qarşısında yalnız mütilik və təvazökarlıq əmələ gəldikdə Quranın doğru yolda insana etdiyi bələdçilik onun qəlbinə təsir etməyə başlayır. Özünüz də şahidi olursunuz ki, bəzi qəlblər üçün nə qədər Quran ayələri oxunsa da, nə qədər Quranın bələdçilik etdiyi doğru yol göstərilsə də, heç bir vəchlə mütəəssir olmurlar. Bu, onlarda heç bir təsir qoymur. Bəziləri isə əksinə:
يشرح صدره للاسلام و من يرد ان يضلّه يجعل صدره ضيّقا حرجا كانّما يصّعّد فى السّماء فمن يرد اللَّه ان يهديه
“Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o, əziyyətlə səmada yuxarı qalxır...” (“Ənam” surəsi, ayə 125)
Və biz Allah-Taaladan diləməliyik ki, qəlblərimizi Quranın bələdçilik etdiyi doğru yoldan, Quranın göstərişlərindən ibrət dərsi alan, təsirlənən qəlblərdən etsin.
Elə hey bir bu qədər ayələr oxuyur, bir-birimiz üçün təkrar edirik – siz mənim üçün deyirsiniz, mən də sizlər üçün... Çox yaxşı! Lakin elə etməliyik ki, bu ayələrin kəsb etdiyi məna qəlblərimizdə təsir qoysun. Misal üçün, fərz edək:
بحبل اللَّه جميعا و اعتصموا
“Və hamılıqla Allah ipindən möhkəm yapışın...” (“Ali-İmran” surəsi, ayə 103)
Bu bir Quran təlimidir, elə deyilmi?! Dəfələrlə təkrar etmişik, hey oxumuşuq ... Bu ayeyi-şərifə İlahidən gələn bir ilham kimi qəlbimizə nazil olanda – yəni, qəlbimiz bu ayənin kəsb etdiyi mənaya cəzb olunanda, onu həzm edəndə, tam mənimsəyəndə, bu ayənin mənasına uyğunlaşanda, qəlbimiz və bütün varlığımız bu ayənin qəlibinə düşüb onun formasını alanda “vəhdət” məsələsi bizim üçün prinsipial bir məsələ olacaq və o zaman şəxsi-qərəzlik və ambisiyalar xətrinə əzəmətli milli vəhdətləri pozmayacağıq; baxın, bunun təsiri məhz bu məqamda təzahür edir. Quran ayələri insanın qəlbinə qəlb onu özünə çəkən, anlayan, həmin ayənin formasını qəbul edən zaman nazil olarsa, bizə
معه اشدّاء على الكفّار رحماء بينهم و الّذين
“...Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər...” (“Fəth” surəsi, ayə 29)
– deyiləndə bunu qəbul etmək bizim üçün daha asan olar: kafirlərə qarşı sərt, şiddətli və barışmaz olmaq; burada “şiddət” dedikdə “sərt və barışmaz mövqe tutmaq” nəzərdə tutulur. Ayənin mənası bu deyil ki, insan düşməni tamamilə yerlə-yeksan edib əzməlidir. Xeyr! Elə məqam var ki, düşməni yerlə-yeksan edib əzmək lazımdır; elə məqam da var ki, buna lüzum yoxdur. Lakin bütün hallarda düşmənə qarşı sərt və kəskin mövqe tutmaq olduqca zəruridir. Düşmənin qarşısında əsla yumşaqlıq göstərməməlisiniz! Düşmən aranıza nüfuz etməyə, sizə təsir göstərməyə müvəffəq olmamalıdır. Bu, düşmənə qarşı vacib olan mövqedir. Digər tərəfdən isə: رحماء بينهم
Bir-birimizə qarşı mehriban, rəhmli, yumşaq olmalıyıq. Baxın, axı Quran bizə bunu tapşırır?! Bəs nə üçün əməl etmirik? Problem nədədir? Baxın, problem elə bir qədər əvvəl qeyd etdiyim həmin məqamdadır. Əgər biz qəlblərimizi Quranın rəhmət yağışını, Quranın İlahi bələdçiliyinin yağışını özündə toplayan bir qaba çevirə bilsək, qəlblərimizi Qurana həvalə etsək, bizim üçün daha rahat olar. Bax, o zaman şəxsi ambisiyalar, qərəzlər, maddi mənafe, mənsəbpərəstlik, pulpərəstlik, dost-aşna həvəsi – bütün bunlar Quranın həmin göstərişinin yaddan çıxmasına, əldən verilməsinə, qulaqardına vurulmasına səbəb olmaz.
Quranı hər dəfə açıb qarşımıza qoymağımız, dinləməyimiz və oxumağımız bizləri addımbaaddım məhz bu ali məqama gətirib çıxarmalıdır. Bu cür olmalıdır. Quranın – səmavi kitabın xarakteri elə budur. Quran adi bir kitab kimi deyil; bir dəfə oxuyub nədən bəhs etdiyini öyrənəsən, çox yaxşı, örtüb yerinə qoyasan. Xeyr! Quran eynilə içdiyimiz su kimi bir həyat mənbəyidir. Ona daim ehtiyac var; o, insana tədricən, zaman ötdükcə təsir edir. Bu təsirin axırı yoxdur; Quranın insana doğru yolda etdiyi bələdçilik heç bir zaman sona çatmır. Siz Quranı nə qədər öyrənsəniz də, yenə də qarşınızda hələ açılmalı olan bağlı qapıların, düyünlərin olduğunu, açıqlanmağa ehtiyac duyan bir məchulun durduğunu görəcəksiniz. Quran belədir. Buna görə də Quranı daima oxumaq lazımdır. Bəli, bunun da yolu budur ki, biz Qurana yaxınlaşmalı, gənclərimiz gözəl səslə, gözəl avazla, müxtəlif cəhətlərə riayət etməklə Quran oxumalıdırlar. Qeyd etdiyim kimi, Uca Yaradanın qarşısında itaətkarlıq və təvazökarlığın hasil edilməsi gözəl bir tilavəti təşkil edən kompleks amillər sırasında olmalıdır.
İlahi! Bizə Quranla birgə olan bir həyat bəxş et. Bizi Quranla həyatdan apar. Qiyamət günü bizi Quranla bir yerə topla. İlahi! Qəlblərimizə Quranın doğru yolda bələdçiliyini və Quranın mərifətlərini qəbul etməyi nəsib et. Bizi yeganə Tanrıya sitayiş edənlərdən qərar ver. İlahi! Səni and veririk Muhəmməd və Ali-Muhəmmədə (s). Bu Ramazan ayını xalqımız üçün və İslam ümməti üçün bərəkətli bir Ramazan ayı qərar ver. İlahi! Quranın müsəlman ümməti arasında günü-gündən daha da yayılmasını, rəvac tapmasını və əhatə dairəsinin genişlənməsini buyur. İlahi! Dünyadan köçənlərimizə Öz bağışlanma və mərhəmətini şamil et.
Allahın salamı və rəhməti sizlərə olsun!
Seyid Əli Xamenei
22 avqust, 2009-cu il