– Mehriban və bağışlayan Allahın adı ilə!
Bu gün xalqımız və gələcəyimiz üçün, İnşaallah, mübarək bir gündür. Həmçinin hazırkı mərasim də olduqca əlamətdar və dəyərli bir mərasimdir. Uca Yaradandan acizanə şəkildə diləyirəm ki, bu yeni mərhələdə – bu gündən etibarən başlanğıc götürən bu yeni ölkə administrasiyası etapında İran xalqına öz bərəkət və rəhmətini şamil etsin.
Möhtərəm prezidentimizin bəyanatı qətiyyətli, doğru və yerində söylənilmiş bir bəyanatdır. Böyük ümidvarlıqla gözləyirik ki, ölkə başçısının çıxışı zamanı qeyd etdiyi əsas müddəaların həyata keçirilməsi üçün gələcək dörd il ərzində, İnşaallah, lazımi əzmkarlıq və təşəbbüs göstəriləcəkdir.
İİR-da xalqın ölkənin ictimai-siyasi həyatında iştirakı, həmçinin seçki məsələsi bu gün dünyaya tamamilə yeni və aşkar formada təqdim olunan mühüm bir məsələdir. Bu əhəmiyyətli məsələ barəsində daha çox düşünmək, danışmaq və müzakirələr aparmaq məqsədəuyğundur. Əslində, bu məsələnin mahiyyətində dini demokratiya durur; belə ki, “dini demokratiya” xalqın İslami meyarları – İlahi meyarları rəhbər tutmaqla ölkənin ictimai-siyasi arenasında hamılıqla iştirak etməsi, ciddi rəqabətin aparılması, cəmiyyətdə real səy və fəaliyyət göstərilməsi deməkdir. Bu gün bəşəriyyət belə bir heyranedici kombinasiyaya böyük ehtiyac duyur; bəşəriyyət məhz belə bir demokratiyaya təşnədir.
Biz ölkəmizdə İslam İnqilabı qələbə çalanadək dövlətin taleyüklü məsələlərində xalqın bu cür həlledici iştirakını müşahidə etməmişik. O dövrdə hakimiyyətdə olan dövlət başçıları diktaturaya və silahın gücünə arxalanaraq zorla xalqa hakim olur, özlərinin təzyiqlər və istibdadla müşayiət olunan hakimiyyətini güclə xalqın boynuna qoyurdular. Hakimiyyətdən gedəndə isə bu İlahi neməti, yəni xalqa rəhbərlik və onun üzərində hakimiyyəti öz şəxsi əmlakları kimi övladlarına miras qoyurdular. Xalq bu hadisələrin cərəyanında heç bir rola malik deyildi. Və bu gün beynəlxalq arenada demokratiya, xalq hakimiyyəti, insan haqları və bu qəbildən olan digər prinsiplərdən dəm vuranlar o zaman həmin diktator, eqoist rejimlərin yanlış, qeyri-humanist hakimiyyət üsuli-idarəsinə göz yumaraq onlarla həmkarlıq edirdilər; onları himayə edərək dəstəkləyirdilər. Hökumətdə xalqın iştirakının (ən azından sözdə də olsa) təsirə malik olduğu dövlətlərdə isə mənəvi dəyərlər gözə dəymirdi.
İslam Respublikasına yeni bir həqiqət, yeni bir olay kimi üstünlük qazandıran isə məhz bu keyfiyyətlərdir: xalqın ölkənin ictimai-siyasi həyatında iştirakı; mənəviyyata, İlahi hökmlərə bağlılıq, Tanrı qarşısında itaətkarlıq. Bu iki xüsusiyyət vahid bir həqiqəti əmələ gətirmişdir. İslam Respublikasında dövlətçiliyin, yoxsa İslamçılığın ön plana çəkildiyi barədə aparılan bəhslər yanlış və olduqca mənasızdır. İslamçılıq və dövlətçilik birləşərək vahid bir gerçəkliyi əmələ gətirən iki ayrı-ayrı ünsür deyil. Çünki İslamçılığın mahiyyətində dövlətçilik də vardır. İlahi hökmlərə arxalanmanın mahiyyətində xalqa etimad bəsləmək, xalqın rəyinə və istəklərinə ehtiramla yanaşmaq da vardır. İslam Respublikası İslam İnqilabının İran xalqına töhfə etdiyi vahid bir gerçəklikdir. Bu, ötən 30 il ərzində sınaqdan çıxaraq öz işəyararlığını ən gözəl şəkildə sübut etmiş vahid bir həqiqətdir.
Demokratiya iddiasında olanlar belə bir suala cavab verməlidirlər: görəsən, onların özlərinin hökumət aparatında həqiqi demokratiya nə dərəcədə vardır? Görəsən, İran xalqının qəlbində dalğalanan, onu öhdəsinə düşən vəzifəyə əməl etmək naminə seçki qutularının qarşısına çəkib aparan bu həvəs, imandan qaynaqlanan bu cəzbolunma o hökumətlərdə vardırmı? Həmin demokratik quruluşların hansı guşəsində bunu müşahidə etmək olar? Bu fövqəladə, müstəsna hökumət üsuli-idarəsi İslamın bizə verdiyi ən böyük töhfədir. Bu gerçəkliklə yanaşı, İslam Respublikası və onun bünövrəsi üzərində möhkəmlənmiş dövlət quruluşunun həddən artıq möhtəşəm bir mahiyyətə malik olduğuna xüsusi diqqət yetirmək lazımdır.
İslam İnqilabı artıq ömrünün 30-cu ilini yaşamaqdadır. Bu müddət ərzində, ölkəmizdə təqribən 30 dəfə seçki baş tutmuşdur. Bu seçkilər ölkənin icraedici administrasiyalarından tutmuş qanunverici hakimiyyətinə qədər, şəhər meriyalarına və s.-yə şamil edilmişdir. Belə ki, İslam quruluşunun əsasnaməsi, Konstitusiyası, ölkənin başlıca administrasiyaları xalqın rəyi əsasında müəyyənləşdirilmişdir. Məhz belə bir həqiqətdən qaynaqlanan bu qurumun gerçək tutumu, həqiqi mahiyyəti onu kənardan müşahidə edərək fikir söyləyənlərin, onun barəsində təhlillər aparanların dediklərindən daha yüksək və alidir. Qərəzli fikirlər bir yana dursun, hətta qərəzsiz səslənən fikirlər də əksər hallarda İslam Respublikasının əsl mahiyyətini dərk etməməkdən qaynaqlanır. İslami dövlət quruluşu məhz belə bir əzəmətli mahiyyətə malikdir. 30 il ərzində bu möhtəşəm mahiyyətin daxilində müxtəlif ideologiyalar və siyasi təmayüllər yer almışdır. Bu 30 il ərzində ölkənin icraiyyə hakimiyyəti asayiş, səmimiyyət və ehtiramla əldən-ələ ötürülmüşdür. Müxtəlif siyasi təmayüllər hakimiyyətə gəlmişlər; ötən 30 ilin bəzi etaplarında hakimiyyətdə olmuş bəzi administrasiyalar İslam İnqilabının təməl prinsiplərindən müəyyən sapmalar nümayiş etdirmişlər. Lakin inqilabın əsl mahiyyətindəki tutum bütün bunları öz tərkibinə qata bilmişdir; onları öz kürəsində əritməyi bacarmışdır; bir sözlə, həzm edə bilmişdir. Bununla da inqilab öz mahiyyət tutumunu, təcrübəsini artırmış, daha da böyük qüdrətlə öz yoluna davam etmişdir. Bu qurumun öz daxilindən belə İslami quruluşa zərbə endirmək niyyətində olanlar buna müvəffəq ola bilməmişlər. Bu günə qədər İslam İnqilabı günü-gündən daha da artan qüdrəti ilə öz yoluna – özünün düz yoluna davam etmiş və etməkdədir. Bu qurumun tərkibində müxtəlif stimullara malik olan şəxslər istər-istəməz onun qüdrət və potensialının artmasına yardımçı olmuşlar. Bu gerçəkliyə diqqətlə yanaşmaq lazımdır. Bu möhtəşəm İslami mahiyyətin tutumu qeyd etdiyim İslamçılıq və dövlətçilikdən qaynaqlanır, həmin dini – İslami demokratiyadan başlanğıc götürür. Belə bir möhtəşəm mahiyyət tutumunu əmələ gətirən də məhz budur! İslam Respublikasının sarsılmazlığının və baqi olmasının sirri də məhz onun öz zatında bu gerçəklikləri ehtiva etməsindədir. İnşaallah, İİR bu mahiyyət tutumunu daim qoruyub-saxlayacaq!
Bu il ölkəmizdə baş tutan prezident seçkiləri olduqca mühüm idi. Builki seçkilər özündə bir sıra ismarışları ehtiva edirdi. Bu seçkilərin mahiyyətində həm bir sıra ismarışlar, həm də qazanılmış təcrübələr dururdu. Bu seçki həm də sınaq üçün bir vasitə idi; bu seçki, əslində, bizləri sınağa çəkdi; yoxladı. Zənnimcə, budəfəki seçki olduqca mübarək bir seçki idi. İlk növbədə, ölkədə baş tutan son seçkinin bizə çatdırdığı mühüm ismarışları qeyd etmək istəyirəm.
Seçkinin bizlərə ünvanladığı birinci ismarış bundan ibarətdir ki, aradan 30 il keçməsinə baxmayaraq İslam Respublikası xalqı ictimai-siyasi meydanlarda səfərbər etmək qüdrətinə malikdir; həm də onun bu qabiliyyəti dünyada sabitləşmiş rekordları ötüb keçəcək bir həddədir. Bu illər ərzində bəziləri zaman ötdükcə İslam Respublikasının öz dövrünü başa vuraraq köhnələcəyini, xalqın gözündən düşəcəyini, habelə onu dəstəkləyən izdihamlı kütləni meydanda səfərbər etmək qabiliyyətini itirəcəyini səbirsizliklə gözləyirdilər. Sonuncu seçkilər bunu göstərdi ki, İslam quruluşunun kütləni səfərbər etmək qüdrəti günü-gündən daha da artmışdır. Bu qurum xalqın etimadını özünə cəlb etməkdə daha böyük müvəffəqiyyət əldə etmişdir. Bu, son dərəcə əhəmiyyətli bir faktdır. Seçki fonunda baş verən bəzi olaylar bu faktların üzərinə kölgə salır. Sonuncu seçkinin ortaya qoyduğu mühüm bir fakt bundan ibarətdir ki, İslam İnqilabı, İslam dövləti əvvəlki kimi canlıdır, xalqın maraq və etimadını doğurur, yüksəlişə doğru hərəkət edir, 30 il keçməsinə rəğmən bu gün də kütləni meydanlarda səfərbər etmək qüdrətinə, özü də bu qədər böyük bir həddə malikdir.
Seçicilərin seçkidə yüzdə səksən beş faizlik iştirak göstəricisi ümumdünya miqyasında, demək olar ki, misli-bərabəri görünməmiş, ən azından isə nadir təsadüf olunan bir göstəricidir.
Budəfəki seçkinin və xalqın həmin seçkidə belə bir əzəmətli iştirakının hər kəsə çatdırdığı daha bir ismarış isə xalqla İslam dövləti arasında qarşılıqlı etimadın mövcud olmasıdır. Bu seçkidə müzakirələrin aparılması, müxtəlif ideoloji və siyasi təmayüllü insanların irəli çıxaraq öz sözünü deməsi, müxtəlif rəylərin səsləndirilməsi üçün meydan açıq idi. Bu isə göstərdi ki, İslami dövlət quruluşu özünəinam hissi duyur, öz xalqına etimad bəsləyir, xalqa inanır. Məhz bunun qarşılığında da xalq mövcud quruluşa öz etimadını nümayiş etdirdi, seçki məntəqələrinə gəlib səs verdi. Əgər xalq ölkədəki mövcud dövlət quruluşuna etimad bəsləməsəydi, belə bir diqqət, belə bir maraq nümayiş etdirməzdi. Xalqın dövlətə etimadsızlığından dəm vuranlara (bu cür sözlər qərəz ucbatından deyilmirsə, onda məlumatsızlıqdan deyilir) üzümü tutub demək istəyirəm ki, bundan daha yüksək olan hansı etimaddan danışmaq olar: insanlar seçkiyə qatılırlar, öz dövlətinə, öz dövlət quruluşuna etimad göstərərək öz səslərini – öz rəylərini ona etibar edirlər və bu seçkinin nəticələrini öyrənmək üçün gözləyirlər?! Bu, xalqın nümayiş etdirdiyi ən yüksək etimaddır. Allah-Taalanın yardımı və fəziləti sayəsində xalqımızın bu etimadı əvvəllər olduğu kimi yenə də vardır. Ümidvarlıqla gözləyirik ki, ölkə rəsmiləri, müxtəlif sferalarda çalışan məsul vəzifəli şəxslər özlərinin davranışı, əmək fəaliyyəti ilə bu inam və etimadı daha da artırmağa çalışacaqlar. Belə ki, xalqın inam və etimadı İslami dövlət quruluşunun malik olduğu başlıca sərmayədir.
Onuncu prezident seçkiləri daha bir həqiqəti dünyaya çatdırdı. Bu həqiqət isə əhalinin yüksək optimist əhval-ruhiyyədə olmasından ibarətdir. Əlbəttə ki, bizim ölkəmizdə və cəmiyyətimizdə bu, tamamilə təbii bir şeydir. Belə ki, ölkəmizin əhalisinin əksəriyyəti gənclərdir və məhz gənclər optimizm və yüksək əhval-ruhiyyənin daşıyıcılarıdır. Gənclər ümid və inamın daşıyıcılarıdır. Onlar inamla meydana daxil oldular (gələcəyə inam olmasa, təbii ki, sönükqəlbli və pessimist bir insan heç vaxt seçkiyə qatılmaz). Xalqın, gənclərin seçkidə hamılıqla iştirakı onların inamlı və optimist əhval-ruhiyyədə olmasının bariz göstəricisidir.
Budəfəki seçki sayəsində qazanılmış bəzi təcrübələr də vardır. Həmin təcrübələr arasında xalqımız və ölkə rəsmilərimiz üçün mühüm olan bir məqam var. Mən təkidlə vurğulayıram ki, həmin bu məqama son dərəcə ciddi yanaşmaq lazımdır; bu məsələdə həm rəsmilərimizin, həm də xalqımızın nümayəndələrinin ciddiyyəti olduqca zəruridir. Həmin məqam budur ki, biz İslam İnqilabının, İran İslam Respublikasının düşmənləri tərəfdən hər an zərbə almaq təhlükəsinin var olduğuna inanmalıyıq; hətta ən yaxşı və ən münasib şəraitdə belə! Daim pusquda durmuş düşməni gözümüzün önünə gətirməliyik. İran xalqının ümummilli hərəkatına zərbə endirilə biləcəyindən qəflətdə olmaq olduqca təhlükəlidir. Ayıq-sayıq olun! Bu, Əmirəl-mömininin (ə) də tövsiyə etdiyi həmin məqamdır:
و من نام لمينم عنه
(Nəhcül-bəlağə, 62-ci məktub)
Siyasi həyat sferasında əsla mürgüləmək olmaz! Səngərdə bizi yuxu aparmamalıdır! Səni yuxu aparsa belə, bilməlisən ki, bu an düşmən oyaq ola bilər. Bu, qətiyyən analitik bir fikir deyil; bu, dəqiq məlumatdır. İslam Respublikasının düşmənləri çox çalışıb-vuruşdular ki, İslam dövlətinin xalq üçün təmin etdiyi azadlıq atmosferində qalmaqal törədib insanlara başağrısı yaratsınlar. Onlar İran xalqı üçün əlamətdar bir gün, böyük bir milli bayram sayılan belə bir gündə bu xalqın əleyhinə işləyəcək bir situasiya yarada bilmək ümidiylə çox çalışdılar, çoxlu pullar xərclədilər, bir sıra KİV-i işə saldılar, bir sıra amilləri səfərbər etdilər... Bu məqsədlə çox səy göstərdilər... Bax, bu təcrübə bizlər üçün – hamımız üçün, xalqımızın hər bir nümayəndəsi üçün xəbərdaredici olmalıdır. Əgər biz siyasi-ictimai həyat sferasında bir-birimizə qarşı bədbin olsaq, bir-birimizə düşmən gözü ilə baxsaq, həqiqi düşmənlərimizin əlinə əlverişli fürsət düşəcək. Əgər dərindən düşünməsək, hadisələrə uzaqgörənliklə yanaşmasaq, İslam İnqilabının pusquda durmuş düşmənlərini unutsaq, zərbə alacağıq! Budəfəki seçki bizim üçün dəyərli bir təcrübə oldu. İslam İnqilabının ilk illərindən bəri ölkəmizdə baş tutmuş heç bir seçkidə seçicilərin 40 milyon nəfərlik, yüzdə səksən beş faizlik iştirakı qeydə alınmamışdı. Bu, ilk dəfə olaraq onuncu prezident seçkilərində baş verdi. Lakin belə böyük bir fürsətin, belə möhtəşəm bir bayramın qeyd olunduğu vaxtda bəzi əllər İran xalqına zərbə endirmək məqsədilə işə keçdi. Ayıq-sayıq olmaq lazımdır! Bu ayıq-sayıqlıq yalnız sözdə olmamalıdır! Xalqın nümayəndələri, müxtəlif siyasi cərəyanlar, dövlətin, İslam quruluşunun varlığına etinasız yanaşanlar – hər kəs, hər kəs, sözün həqiqi mənasında, ayıq-sayıq olmalıdır! Qətiyyən aldanmamalıdır!
Konkret qüvvələr hələ bir müddət əvvəl fəaliyyətə başlamışdılar. Hələ bir müddət əvvəl onlar seçkidən İran xalqının əleyhinə istifadə etmək üçün zəmin hazırlamağa başlamışdılar. Xoşbəxtlikdən, İran xalqı daim ayıq-sayıq, uzaqgörən olmuşdur; bu gün də belədir! Bədxahlar bir qədər qarmaqarışıqlıq saldılar, bununla da insanların ovqatını təlx etdilər. Lakin buna baxmayaraq onlar istədiklərinə nail ola bilmədilər. Sizlərin – xalqın ayıq-sayıqlığı buna mane oldu. Bu, bizə düşmənin hər an pusquda durduğu barədə xəbərdarlıq edən dəyərli bir təcrübə oldu.
Zənnimcə, düşmənlərimiz də ölkəmizdə baş tutan sonuncu seçkidən özləri üçün müəyyən təcrübə qazandılar; nəticə çıxardılar; əgər bu, belə deyilsə də, yaxşı olardı ki, onlar baş verənlərdən ibrət dərsi alaydılar. Yaxşı olardı ki, düşmən hansı gerçəkliklə üzbəüz gəldiyini bilsin. Yaxşı olardı ki, düşmən İslam quruluşunun, İslam İnqilabının həqiqətini dərk etməkdə yanlışlığa düçar olmasın. Düşmən bilməlidir ki, İslam İnqilabını, İslam Respublikasını bu cür bayağı işlərlə diz çökdürmək əsla mümkün deyil. İslam dövləti ayaqları üstündə möhkəm dayanıb! Düşmənlər elə təsəvvür etməsinlər ki, 1979-cu il baş verən İslam İnqilabında xalqın ümummilli, izdihamlı iştirakını yanlış formada parodiya etməklə, belə desək, o inqilabın karikaturasını yaratmaqla inqilabın və İslam quruluşunun əzəmətinə zərbə endirə bilərlər! Bu, düşmənlər üçün qazanılmış dəyərli bir təcrübə olmalıdır. Düşmənlər çaşmasınlar! Bu cür boş, mənasız sözlər İslam dövlətini əsla sarsıda bilməz!
Bu inqilabın, bu qurumun əzəməti, İslam Respublikası quruluşunun köklü, sarsılmaz olması son bir-iki ay ərzində baş vermiş hadisələrdə İİR-nın düşmənlərinə daha da aydın oldu. Bu xalq imanlı bir xalqdır! Ayıq-sayıq, uzaqgörən bir xalqdır! İstedadlı bir xalqdır! Zirar məscidləri tikməklə bu xalqı sarsıtmaq mümkün deyil! Biz müsəlmanlar tariximizdə bu cür hallarla üzləşmişik:
و الّذين اتّخذوا مسجدا ضرارا و كفرا و تفريقا بين المؤمنين و ارصادا لمن حارب اللَّه و رسوله
“Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və Allah və Onun Peyğəmbəri ilə müharibəyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır...” (“Tövbə” surəsi, ayə 107)
İslam İnqilabının əziz, aliməqam rəhbərini, cani-dildən, bütün varlığı ilə Qurana qərq olmuş bir şəxsiyyəti – dahi imam Xomeynimizi (r.ə) təqlid etməklə bu xalqı aldatmaq əsla mümkün deyil! Bu insanların qəlbi imanla nurlanmışdır; onlar açıqfikirli və məlumatlıdırlar. Gənclərimiz kifayət qədər məlumatlıdırlar! Bu, düşmənlərimiz üçün dəyərli bir təcrübədir.
Bu seçkidə xalqımız bir sıra sınaqlardan da çıxdı. Zənnimcə, xalqımız bu sınaqlardan uğurla çıxmışdır; məqbul nəticə əldə etmişdir. Xalqın seçkidə yekdilliklə və izdihamlı şəkildə iştirakı onu başıuca edən böyük bir sınaq idi. Xalqın bir çox nümayəndələri (müxtəlif siyasi təmayüllü insanlar) üzərlərinə düşən vəzifəyə müvafiq surətdə addım atdılar. Əlbəttə, cəmiyyətin üzdə olan bir sıra nümayəndələri bu böyük sınaqdan uğurla çıxa bilmədilər. Budəfəki seçki sınağında bəzi insanlar müvəffəqiyyət qazanmadılar. Saf niyyətlə, sədaqətlə meydana atılaraq öhdəsinə düşən vəzifəyə əməl etmək istəyən bəzi gənclərimiz də məlumatlı, geniş dünyagörüşünə malik olmalarına rəğmən yenə də bəzi məqamlarda səhvə yol verdilər. Bu ölkənin gənclərindən bir çoxu isə həmin məqamda iman və sədaqətlə düzgün addımlar atdılar. İnandıqları namizədə səs verdilər, həmin şəxs ya seçildi, ya da seçilmədi. Meyar bu deyil! Əsas meyar budur ki, insan konkret əqidəyə malik olsun, məlumatlı şəkildə, öhdəsinə düşən vəzifəni, məsuliyyəti anlayaraq belə bir mühüm siyasi addımı ata bilsin. Daha sonra isə hamı qanunun hökmünə tabe olsun. Xalqımızın mütləq əksəriyyəti – gənclərin, görkəmli şəxsiyyətlərin, geniş kütlənin böyük bir qismi məhz bu mövqeyi seçmiş və bu sınaqdan uğurla çıxmışlar. Bir qisim insanlar isə, şübhəsiz ki, aldanmışlar.
Ölkə rəsmiləri üçün də böyük bir sınaq var. Onlar bu nemətin qədrini bilməlidirlər. Çoxsaylı seçici rəyinə, misli görünməmiş səsvermə nəticələrinə əsasən xalq tərəfindən belə bir böyük məsuliyyət tələb edən vəzifəyə təyin olunmuş möhtərəm ölkə prezidentimiz bu nemətin qədrini bilməli və bu böyük nemətə görə Allaha çoxlu şükürlər etməlidir. Gələcək hökumət kabinetində onunla çalışacaq həmkarları da bu nemətin – İslamın, imanın, bu insanların qəlbini ziyalandıran, onları ölkənin taleyüklü məsələlərinin həll olunduğu meydanlara çəkib gətirən bu nurun qədrini bilməlidirlər. Möhtəşəm İslam İnqilabına layiq olduğu qədirdanlığı ifadə etmək üçün ölkə rəsmilərinə özlərinin bütün səy və bacarığını xalqa xidmət, inqilabın ali məqsədlərinə doğru yüksəliş uğrunda səfərbər etməsi lazımdır.
Möhtərəm prezidentimizin vurğuladığı müddəalar olduqca müsbət və diqqətəlayiqdir. Bu müddəaların reallaşması üçün gərəkli proqramlar hazırlanmalıdır. Mən ölkə rəsmilərinə və irəlidə təşkil ediləcək hökumət kabinetinə tövsiyə edirəm ki, öz iş fəaliyyətlərini bəlli proqram əsasında qurmağa önəm versinlər. Bu, insanlarda qarşıya qoyulan hədəflərin reallaşmasına olan inamı daha da artırır və onların ölkənin tərəqqi və yüksəlişi haqda mühakimə yürütməsinə imkan verir. Konkret fəaliyyət proqramlarına, qanuna söykənmək, üçlü hakimiyyət qüvvələrinin bir-biri ilə əməkdaşlıq etməsi önəmli vəzifələr sırasındadır və bu amillər üçün Allah-Taalaya şükürlər etmək gərəkdir. Bu amillərin qarşılığında bizim hamımız Tanrıya dərin, hədsiz-hüdudsuz bir şükür və minnətdarlıq etməliyik.
Uca Yaradan bizlər üçün belə bir fürsət yaradıb, bizə belə böyük nemətləri bəxş edib. Bu nemətlərə görə biz yalnız dildə şükür etməməliyik. Ölkə rəsmilərimizin əməli işdə şükür və qədirdanlığının ifadəsi onların öz öhdələrinə düşən məsuliyyət və vəzifələrə lazımınca əməl etməsidir. Bunun üçün isə üçlü hakimiyyət qüvvələri arasında həmkarlıq əldə olunmalıdır, Məclis dövlətə kömək etməlidir, dövlət Məclislə həmkarlıq etməlidir, Məhkəmə Hakimiyyəti malik olduğu özünəməxsus mövqedə dövlətə və Məclisə gərəkli olan yardımı əsirgəməməlidir. Bir sözlə, hakimiyyət qüvvələri çiyin-çiyinə durmalıdırlar. Dövlət seçkidə iştirak edən həmin böyük izdihama məxsusdur; ölkə prezidenti onların hamısına aiddir. Əməli işdə, hazırlanan fəaliyyət proqramlarında buna mütləq diqqət yetirmək lazımdır.
Əlbəttə, möhtərəm ölkə başçısını dəstəkləyən insanlarla yanaşı (cənab Əhmədi Nejadı ölkə daxilində olduğu kimi, hətta xaricdə də dəstəkləyən saysız-hesabsız insanlar var), digər iki qrup şəxslər də vardır ki, onlara diqqətlə yanaşmaq, yəni onları mütləq nəzərə almaq lazımdır. Bunlardan biri seçkidə uğur qazanmamış aqressiv müxalifətdir. Şübhəsiz ki, o, gələcək dörd il müddətində dövlətin əleyhinə mövqe tutacaq. Bu insanlar müxalif mövqedə durmuşlar və bundan sonra da həmin mövqedən çəkinməyəcəklər. Lakin mövcud qurumun tərkib hissəsi olan, ölkə başçısı və dövlət quruluşuna qarşı heç bir düşmənçilik aparmayan digər bir qrup insanlar da vardır. Konkret məqamlara tənqidi yanaşan bu insanlara lazımi diqqət yetirmək, onların rəyini nəzərə almaq, ağlabatan, məqbul fikirlərini qəbul etmək vacibdir. Ümidvaram ki, mənim bu tövsiyəmə, İnşaallah, əməl ediləcək.
Xalqın bütün üzvləri bir-biri ilə qardaşdırlar. Mütləq surətdə vacib, görüləsi tədbirlərdən biri də budur ki, məsul şəxslər baş vermiş son olaylar zamanı zərər çəkmiş insanlara – maddi, fiziki, mənəvi ziyan görmüş şəxslərə yardım etməlidirlər. Zərərçəkənlər himayə edilməli, onlara lazımi kömək göstərilməlidir. Günahkarlar isə kimliyindən asılı olmayaraq hökmən üzə çıxarılaraq məsuliyyətə cəlb edilməlidirlər.
Ölkəmiz geniş imkanlara malikdir; bir sıra problem və çatışmazlıqlara baxmayaraq qarşısına ali məqsədlər qoymuşdur. Bizim əlimizdə çoxlu imkanlar var: biz təbii resurslara, mədən ehtiyatlarına və bütün bunlardan daha önəmli olan böyük insan potensialına sahibik. Ölkəmizin insan potensialı orta ümumdünya səviyyəsindən yüksəkdir. Bütün bunlar böyük bir sərvətdir. Bəli, qayğı və problemlərimiz də çoxdur. Artıq uzun zamandır ki, davam edən çatışmazlıqlarımız, geriliyə düçar olduğumuz məqamlar da vardır. Bütün sferalarda – elmi, texniki, ictimai və mədəni sferalarda mövcud olan bu gerilik mütləq aradan qaldırılmalıdır. Bu isə gərgin zəhmət tələb edir. Allaha həmd olsun ki, dövlətimiz, möhtərəm ölkə prezidentimiz çalışqan və zəhmətkeşdir. Xalq da bunu anlamış, dərk etmiş, şahidi olmuş və öz yaşam tərzində bunun təsirini yaxından hiss etmişdir. İnsanların seçkidə belə yüksəksəviyyəli iştirakının səbəblərindən biri, sözsüz ki, doqquzuncu hökumət kabinetinin və möhtərəm ölkə başçısının zəhmətkeşliyi, çalışqanlığı və fəallığıdır. Bu hal davam etdirilməlidir. Əldə olan böyük imkanlardan mövcud çatışmazlıqların və boşluqların doldurulması üçün səmərəli istifadə olunmalıdır. Böyükmiqyaslı və uzunömürlü işlər görülməlidir. Bu işdə hamı yardımçı olmalıdır. Əgər qarşıya qoyduğumuz məqsədlərə çatmaq istəyiriksə, hamımız yardımçı olmalıyıq. Şəxsi təmayülləri bir kənara qoymaq lazımdır. Hər kəs – siyasi təmayül baxımından həmin dövlətə müvafiq olanlar da, olmayanlar da, dövlətə qarşı hansısa bir tənqidi yanaşmaya malik olanlar da, olmayanlar da, bir sözlə, hamı seçilmiş dövlətə mütləq yardımçı olmalıdır. Hər kəs əlindən gələn köməyi etməlidir. Ölkənin Baş İcraiyyə Hakimiyyəti və İcraedici Orqanının öhdəsinə çox ağır bir yük düşür və buna görə də yardımçı olmaq lazımdır. Hər kəs əlindən gələni əsirgəməməlidir ki, bu ağır yükü mənzil başına çatdırmaq mümkün olsun. İnşaallah ki, məhz belə də olacaq.
Ümidvaram ki, Həzrət imam Sahibəz-Zəmanın (ə.f) duaları (bu möhtəşəm mərasim o Həzrətin (ə.f) mübarək doğum günü ərəfəsinə təsadüf etdi. Yəqin ki, bu təsadüf o Həzrətin (ə.f) dualarının bizim üçün daha da bərəkətli olmasına yol açar) ölkə rəsmilərimizə və İran xalqının nümayəndələrinə şamil olacaq. Əziz imam Xomeyninin (r.ə) və uca şəhidlərimizin pak ruhları da, İnşaallah, mələkut aləmində İran xalqı üçün Tanrıya dualar edəcəklər. Ümidvarıq ki, onların məsum ruhları bizim hamımızdan razı və məmnun qalacaq.
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!
Seyid Əli Xamenei
03 avqust, 2009-cu il