Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabı Rəhbərinin Beynəlxalq Quran müsabiqəsinin iştirakçıları ilə görüşündəki çıxışı

– Mehriban və bağışlayan Allahın adı ilə!

Möhtərəm görüş iştirakçılarına, əziz bacı və qardaşlarımıza, xüsusilə də Uca Yaradanın kəlamının möhtərəm qarilərinə, İslam ölkələrindən buraya təşrif gətirmiş möhtərəm qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Bugünkü görüşümüz mənə olduqca xoş təsir bağışladı. Mən həm sizlərlə Qurani-Kərimi oxuyan, Quranın aşiqi olan gözəl insanlarla görüşməkdən zövq aldım, həm də möhtərəm qarilərin burada nümayiş etdirdikləri yüksək səviyyəli qiraətdən birlikdə bəhrələndik.

Çalışmalıyıq ki, bu məclisdən götürdüyümüz bəhrə yalnız bu görüşün çərçivəsi ilə yalnız gördüklərimiz və eşitdiklərimizlə məhdudlaşmasın, qəlblərimiz də bu görüşdən bəhrələnsin. Qurani-Kərim ehtiva etdiyi İlahi göstərişlərə əməl etmək üçündür; Quran dərk etmək və düşünmək üçündür. Hazırda İslam dünyasının düçar olduğu bu qədər problemlərin səbəbi nədədir? Nəyə görə bu qədər böyük əzəməti olan İslam ümməti zəifləyib? Niyə? Nə üçün dünyanın dörd bir yanında olan müsəlman qardaşlar əl-ələ verib həmrəy ola bilmirlər? Nəyə görə? Məgər elə bu Qurani-Kərim bizə buyurmayıb ki:

و اعتصموا بحبل اللَّه جميعا و لاتفرّقوا

“Və hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın”. (“Ali-İmran” surəsi, ayə 103)

Məgər bu Quran:

و للَّه العزّة و لرسوله و للمؤمنين

“İzzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur”. (“Munafiqun” surəsi, ayə  8)

– deyə müjdə vermirmi?

Nəyə görə bütün dünyadakı müsəlman toplumu bu gün layiq olduğu hörmət və ehtirama malik deyil? Səbəb nədir? Nəyə görə biz elmdə geri qalmışıq? Nəyə görə müsəlman toplumu beynəlxalq siyasət və qlobal problemlərin həllində geri qalır? Səbəb isə budur ki, müsəlmanlar Quranın göstərişlərinə əməl etmirlər; səbəbi budur ki, bunda nə qədər iddialı olsaq da, Quran şüurumuzun və əməllərimizin meyarı, mehvəri deyil. Qurana nə dərəcədə əməl etsək, onun təsirini həyatımızda bir o qədər hiss edəcəyik.

İran İslam Respublikasında biz Quranın təlimlərinə əlimizdən gəldiyi qədər əməl etməyə səy göstəririk; buna müəyyən qədər müvəffəq ola bilmişik. Uca Yaradan Qurani-Kərimə nə dərəcədə əməl etməyimizin qarşılığı olaraq bunun təsirini bizə həmin əndazədə əyani surətdə göstərib. Allah-Taalanın işlərində vədinə xilaf çıxmaq əsla yoxdur. O, belə buyurur:

و من اصدق من اللَّه قيلا

“Allahdan daha doğru danışan kimdir?!” (“Nisa” surəsi, ayə 122)

Uca Tanrı möminlərə qələbə, yer üzündə hakimiyyət, izzət və ehtiram vəd edirsə, demək, bütün bu vədlər doğrudur! Bizim bu İlahi vədləri öz yaşam mühitimizdə müşahidə etməməyimizin səbəbi isə Allah-Taalanın irəli sürdüyü şərtlərə əməl etməməyimizdir.

و اوفوا بعهدى اوف بعهدكم

“Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim (Sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir)”. (“Bəqərə” surəsi, ayə 40)

Siz Mənimlə bağladığınız əhd-peymana, Mənim göstərişlərimə əməl edin ki, Mən də həmin əhd-peymana əməl edim! Uca Yaradan bizlərlə bu cür şərt kəsir. Bu, bizə verilmiş böyük bir dərsdir.

Bizim bu cür Quran məclisləri, Quran müsabiqələri, Quran adına müxtəlif görüşlər keçirməkdə, ölkənin dörd bir yanından əli Quranlı insanları dəvət edib bir yerə toplamaqda  məqsədimiz məhz yuxarıda qeyd etdiyim hədəflərə mümkün qədər yaxınlaşmaqdır; bəli, məqsədimiz budur ki, Qurani-Kərimə bacardıqca daha çox yaxınlaşaq. Qurani-Kərimə dərkimiz və düşüncəmiz, həmçinin  əməllərimiz baxımdan yaxınlaşmaq biz bütün səylərimizi, əzmimizi, bax bu müqəddəs məqsədə doğru yönəltməliyik. Bu gün İslam dünyası susuz qalmış torpaq kimi Qurana əməl etməyə təşnədir. Və elə İslamın düşmənləri də məhz bunu istəmirlər. Tamamilə aydındır ki, İslam düşmənləri açıq-aşkar surətdə “Biz Quranla, yaxud İslam dini ilə düşmənik!” – deyə elan etmirlər.

يخادعون اللَّه و الّذين امنوا

“Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar”. (“Bəqərə” surəsi, ayə 9)

Onlar həm Allah-Taalaya, həm də Allah bəndələrinə qarşı məkrlə hiylə işlədərək deyirlər: “Biz İslam dininin tərəfdarıyıq!” Bununla belə, onlar məhz İslam dininin bizim qarşımıza qoyduğu əsas, prinsipial məqamlara hücumlar edirlər.

Bu gün siz özünüz də şahidi olursunuz ki, bəzi İslam ölkələrində cihad məsələsinin hallandırılması cinayət hesab olunur. Bu ölkələrdə dərs kitablarında cihad məsələsinin şərh edilməsi qadağandır. Bu və ya digər şəkildə dövlət orqanları ilə əlaqədar olan şəxslər danışıqlarına diqqət yetirməli, “cihad və şəhidlik” adını çəkməməlidirlər. Dinimizin bu qəbildən olan prinsipial məsələlərinə, şəriətlə müəyyən olunmuş əməllərimizə hücumlar edirlər. Müsəlmanların vəhdətinə zərbə endirir, onların qəlbini biri-birinə qarşı pessimist ruhda kökləməyə çalışırlar. Sünni və şiə problemi, şiələrin və əhli-sünnənin ayrı-ayrılıqda öz aralarında müxtəlif baxımdan mövcud olan fərqliliklər bütün bunlar İslam düşmənlərinin cürbəcür məkrli işlərinin aparıcı mövzusudur. Düşmən “Mən Quranın əleyhinəyəm!” – demir, buna baxmayaraq Quranın bəşəriyyətə təlim edərək aşıladığı təməl prinsiplərinə qarşı çıxır; buna misal olaraq elə həmin vəhdət məsələsini də qeyd etmək olar. Xeyirxah qəlblər nə qədər İslam dünyasında müsəlman qardaşlar arasında vəhdət yaratmaq üçün nə qədər çalışsalar da, bir də görürük ki, hardasa bir partlayıcı qurğu işə düşdü; müsəlman birliyinə qarşı hazırlanmış bir bomba partladı; istər o tərəfdən, istərsə də o biri tərəfdən; hansı cinahdan olursa-olsun... Fərqi yoxdur!...

Bu, elə məsələlərdəndir ki, biz onlara qarşı çox ayıq-sayıq, diqqətli olmalıyıq! Bizlərlə İran xalqı ilə bağlı məsələ də eynilə bu cürdür. Biz irəli sürdüyümüz fikirləri ətrafdakılara ünvanlamırıq. Dediklərimiz, ilk növbədə, özümüzə aiddir. Biz özümüz də birlik və həmrəyliyimizi qorumalıyıq. Baxın, az öncə burada oxunan ayələrdə də deyilir ki:

وَاذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنْتُمْ عَلَى شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا

“Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi”. (“Ali-İmran” surəsi, ayə 103)

Yəni İslam sizi təfriqə odundan xilas etdi. Unutmusunuzmu? Elə hey o, buna, bu, ona irad tutsun, ikinci dərəcəli məsələləri daha önəmli və prinsipial məsələlərin sırasına keçirək, əsas, prinsipial olanlar haqda unudaq... Elə hey aramızda ixtilaf, hərc-mərclik olsun... Quran belə buyurur:

و اعتصموا بحبل اللَّه جميعا

“Hamılıqla Allahın ipindən möhkəm yapışın!” (“Ali-İmran” surəsi, ayə 103)

Yaxşı, burası da var ki, “hamı” eyni səviyyədə deyil. Bəzisinin imanı güclü, bəzisininki isə zəifdir; bəzisinin əməlləri daha yaxşı, digərininki isə orta səviyyəlidir. Buna baxmayaraq Uca Yaradan hamıya müraciət edərək deyir: “Hamınız bir olub Allahın möhkəm ipindən yapışın!”Bunu birlikdə edin! Belə olmaz ki, sən deyəsən: “Mən Allahın ipindən ayrıca yapışdım, Onu rəhbər tutdum, o birisi isə yox”, o biri də öz növbəsində: “Mən Allahın ipindən ayrıca, özüm tək, möhkəm-möhkəm yapışmışdım, bu biri isə yox”. Bir-birinizə qarşı tolerantlıq göstərin. Ortada bəlli olan müştərək əsaslar var, mehvər rolunu oynayan prinsiplər var. Əsas budur ki, həmin bu prinsipial məsələlərdə etiqadımızın təməli, mehvəri olan məsələlərdə birgə və həmrəy olaq! Olar bilsin ki, ikinci dərəcəli, yardımçı məsələlərlə bağlı insanlar arasında yüzlərlə ixtilaf mövcud olsun; eyb etməz! Bu, bir araya gəlməyimiz, bir yerdə olmağımız, birgə olmağımız üçün heç bir problem yaratmır. Biz davranışımızda özümüz üçün birmənalı şəkildə belə bir meyar seçməli, sözlərimizdə diqqətli olmalıyıq, çünki ikinci dərəcəli, yardımçı məsələlərlə bağlı başqalarını qəti şəkildə rədd etmək, uzaqlaşdırmaq məsləhət deyil. Bu gün İran xalqı bütöv, vahid bir xalqdır. Bu birliyin qədrini bilmək lazımdır. İxtilaf və hərc-mərclik törətmək yaramaz!

Bəzilərinin son üç-dörd gün ərzində baş verən olaylarla bağlı ortaya çıxmış ixtilafları bir qədər də dərinləşdirməyə çalışdığını görürəm. Xeyr! Çalışmaq lazımdır ki, hərc-mərclik, qarşıdurma yaranmasın! Hamımız biri-birimizlə qardaşıq, bu səbəbdən də həmrəy olub əl-ələ verməli, həmkarlıq etməliyik! Hamımız ölkədə hərtərəfli quruculuğa nail olmaq üçün bir-birimizə kömək etməliyik! Heç kəsə haqsız yerə töhmət vurmaq lazım deyil! Bircə təqsiri ucbatından heç kəsi müsbət və məqsədyönlü hesab olunan hər bir şeydən uzaqlaşdırmaq lazım deyil! İnsaflı olmaq lazımdır. İnsafla iş görmək, insafla danışmaq lazımdır! Uca Yaradan düşmənlər haqqında belə buyurur:

و لا يجرمنّكم شنآن قوم على الّا تعدلوا اعدلوا هو اقرب للتّقوى

“Hər hansı bir camaata qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır”. (“Maidə” surəsi, ayə 8)

Əgər bir kəslə aranızda düşmənçilik varsa, bu ədavət sizin ona qarşı insafsız və ədalətsiz davranmağınıza əsla səbəb olmamalıdır! Diqqət edin, hətta düşmənə qarşı belə! O ki qaldı, düşmən olmayan birinə qarşı?!...  Ədalətsizliyi, insafsızlığı bir kənara qoymaq lazımdır. Hamı İslami dövlət quruluşunun – İslam Respublikasının bayrağı altında birləşsin! Bunun üçün bəlli prinsiplər mövcuddur. Hamı özünün həmin prinsiplərə bağlılığını elan etsin! Hamı çiyin-çiyinə dursun! Nə eybi var, qoy aralarında fikir müxtəlifliyi olsun! Cəmiyyətdə fikir ayrılığı, rəy müxtəlifliyi daim olub. Müxtəlif dövrlərdə cəmiyyətin müxtəlif nümayəndələrinin rəy və yanaşma tərzindəki bu fərqlilik şəxsi ambisiyalarla, nəfsin istəkləri ilə qarışdıqda işlər korlanır. Nəfsin istəklərinə qarşı olduqca diqqətli olmaq gərəkdir. Nəfsin istəklərinə aldanmaqda özümüzə qarşı tələbkar və bədgüman olmalıyıq. Diqqətlə araşdırmalıyıq: hansı məqamda nəfsimizin tələbləri və şəxsi ambisiyalarımız, hansı məqamda isə, həqiqətən də, öhdəmizə düşən vəzifəni dərk etmək hissi bizi hərəkətə gətirir? Öhdəmizə düşən vəzifəni dərk etməyə də xeyli diqqət yetirməliyik. Bəlli olan vəzifəmizin çərçivəsindən bir addım belə olsun, kənara qoymamalıyıq, ifratçılığa varmamalıyıq. Yalnız o zaman Allahın lütfü və mərhəməti bizimlə olacaq. Eynilə bu günə qədər Tanrının lütf və mərhəməti İran xalqına şamil olunduğu kimi, İnşaallah, bundan belə də Allahın fəziləti Öz böyük dəstəyi və yardımı ilə bu xalqa şamil olunacaqdır!

Hər bir kəs üzərinə düşən vəzifəyə əməl etməlidir. Çalışın! Səy göstərin, əlinizdən gələni əsirgəməyin! Bizim: “Hamınız öhdənizə düşən vəzifəyə əməl edin!” – deyə tövsiyə etməyimiz o demək deyil ki, hal-hazırda biz özümüz üzərimizə düşən hər bir vəzifəyə lazımi səviyyədə əməl edirik. Xeyr!

و ما ابرّئ نفسى

“Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm”. (“Yusif” surəsi, ayə 53)

Əlimizdən gələni etməliyik! Buna can atmalıyıq! Təqva, bax budur! Təqva öz vəzifəsinə əməl etmək üçün səy göstərmək və məsuliyyətli olmaqdır. Təqvanın mənası, bax budur! Biz belə bir səy və çalışqanlıq nümayiş etdirməliyik. Yalnız o zaman hansı məqamdasa büdrəyəndə, səhvə yol verəndə Uca Yaradan bizi əfv edər! Allah-Taala yalnız o zaman səhvlərimizin üstündən keçər! Yalnız biz məsuliyyətli, diqqətli olub səy göstərdiyimiz zaman!...    

Ümidvarıq ki, Uca Allah Öz geniş mərhəməti ilə belə görüşlərimizə, məclislərimizə, Qurani-Kərimin tilavət olunduğu, dinlənildiyi bu cür məclislərə, Quran barədə aparılan bu söhbətlərə bərəkət verəcək! Bizim hamımızı qəflətdən oyadıb gözümüzü açacaq! İnşaallah, Allah-Taala bizə dəstək və yardımçı olacaq ki, üzərimizə düşən vəzifələrə əməl edək!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei

25 iyul, 2009-cu il