– Mehriban və bağışlayan Allahın adı ilə!
Yalnız İslam ümməti üçün deyil, bütün bəşəriyyət üçün böyük bir bayram olan bu əzəmətli Məbəs bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm. Ümidvarıq ki, Allah-Taala bu bayramı sizlər – möhtərəm görüş iştirakçıları, dəyərli qonaqlar və əziz İran xalqı, bütün müsəlman xalqları və bütövlükdə bəşəriyyət üçün mübarək edəcəkdir.
Kəramətli İslam Peyğəmbərinin (s) besət məsələsi (peyğəmbərliyə seçilmə) barədə bizim darçərçivəli zehinlərimiz bir çox fikirlər irəli sürmüş, nöqsanlı dillərimiz bir çox sözlər danışmışdır. Bu barədə bir çoxları müxtəlif fikirlər söyləmişlər. Əslində, besət məsələsi həqiqi miqyası belə tezliklə müəyyən oluna bilməyəcək möhtəşəm bir hadisədir. Zaman keçdikcə, bəşəriyyət müxtəlif təcrübələr qazanaraq öz yaşam tərzindəki qüsurlarını və nöqsanlı cəhətlərini daha yaxşı dərk etdikcə kəramətli İslam Peyğəmbərinin (s) besətinin çoxcəhətliliyi daha çox üzə çıxır. Peyğəmbərin (s) besəti həqiqətdə camaatın sağlam və məntiqli düşüncəyə, gözəl əxlaqa və qanunçuluğa dəvət olunmasına, bəşəriyyətdə bu kimi keyfiyyətlərin tərbiyə olunmasına xidmət edirdi. Bütün bunlar dinc və asudə yaşayış, təkamülə doğru inkişaf üçün insanlığın ehtiyac duyduğu mühüm keyfiyyətlərdir.
Hər şeydən öncə, əqli tərbiyə məsələsi durur. “Əqli tərbiyə” dedikdə insanın əqli potensialını üzə çıxarmaq, bu potensialı onun düşüncəsinə və əməllərinə hakim etmək, insanın qarşısındakı həyat yolunu açıq-aydın görə bilməsi, bu yolu dəqiq müəyyənləşdirərək qət edə bilməsi üçün şüur və düşüncə məşəlini ona həvalə etmək nəzərdə tutulur. Bu, ilk növbədə, qarşıda duran məsələdir; ən mühüm məsələ də elə budur. Peyğəmbərin (s) besətində birinci dərəcəli məsələ kimi təfəkkür məsələsi qarşıya qoyulmuşdur, düşüncə və bilgi məsələsi önə çəkilmişdir. Bundan əlavə, diqqət etsəniz, görərsiniz ki, Qurani-Kərimdə də, Peyğəmbərin (s) Qurandan kənar təlimlərində də başdan-başa ağla, sağlam düşüncə və məntiqə, təfəkkürə əsaslanmaq, hər bir işdə ətraflı götür-qoy etmək və digər bu kimi təbirlər vardır. Hətta Quran Qiyamət günü günahkarların dilindən belə buyurur:
لو كنّا نسمع او نعقل ما كنّا فى اصحاب السّعير
“...Əgər biz (həqiqətən) eşitsəydik, ya düşünsəydik, əsla yanar cəhənnəm odunun əhli zümrəsində olmazdıq”. (“Mülk”surəsi, ayə 10)
Yəni onlar: “Bizim cəhənnəm oduna düçar olmağımızın səbəbi budur ki, bizlər öz ağlımızı, düşüncəmizi rəhbər tutmadıq, bizə deyilənlərə qulaq asmadıq, əhəmiyyət vermədik. Buna görə də bu gün – Qiyamət günündə belə bir əbədi, pis aqibətə düçar olduq” – deyəcəklər.
Bütün peyğəmbərlərin (bu, təkcə İslam Peyğəmbərinə (s) aid deyil) daşıdıqları müqəddəs missiyaya, onların keçdiyi həyat yoluna nəzər saldıqda görürük ki, burada ağıla və sağlam təfəkkürə dəvət birinci yerdə durur. Şübhəsiz, İslam dinində bu xüsusiyyət daha güclü, daha aydın və birbaşa formada təzahür edir. Məhz buna görə də Əmirəl-möminin (ə) İlahi peyğəmbərlərin bu missiyanı yerinə yetirmək üçün yer üzünə göndərilməsinin səbəbini belə izah edir:
ليستأدوهم ميثاق فطرته ... و يثيروا لهم دفائن العقول
“Onlar ağıl və düşüncə xəzinələrini üzə çıxarmaq üçün göndərilmişlər”. (“Nəhcül-bəlağə”, xütbə 1)
Həmin ağıl xəzinələri mənim və sizlərin qəlbindədir. İşimizi çətinləşdirən isə budur ki, bizlər zəngin bir xəzinənin üstündə yatan, lakin bundan xəbəri olmayan, elə bu səbəbdən də altındakı var-dövlətdən istifadə etməyib acından ölən bir insana bənzəyirik. Bax, bizlər eynilə belə bir vəziyyətdəyik. Ağlımızla hərəkət etməyəndə, düşüncəmizi rəhbər tutmayanda, şüurumuzu islah etməyəndə, nəfsin cilovunu ağıla və sağlam düşüncəyə həvalə etməyəndə bizim vəziyyətimiz, bax bu cür olur!
Bu xəzinə bizim ixtiyarımızda olsa da, ondan istifadə etmirik. Belə olan təqdirdə isə ağılsızlıq, cahillik və bunların törətdiyi saysız-hesabsız fəsadlar ucbatından dünya və axirət həyatında çoxlu sıxıntılara və problemlərə düçar oluruq. Elə buna görə də kəramətli İslam Peyğəmbəri (s) hədislərdən birində belə buyurur:
انّ العقل عقال من الجهل
“Ağıl cəhalət üçün bir kəndirdir”. (“Tuhuful-uqul”, səh.15)
Hədisdə qeyd olunan kəndir (ərəbcə “üqal” – tərc), əslində, hərəkət edə bilməməsi, nəzarətdə qalması üçün dəvənin, yaxud başqa bir heyvanın ayağına bağlanan kəndirdir. Demək, Peyğəmbər (s) buyurduğu kimi, ağıl cəhalət üçün kəndirdir. Ağıl insanın cəhalət üzündən bir iş görə bilməməsi üçün əl-ayağını bağlayan bir kəndirdir. Daha sonra isə o Həzrət (s) buyurur:
و النّفس كمثل اخبث الدّواب
İnsanın nəfsi isə ən dəlisov, ramedilməz bir heyvan kimidir; dördayaqlılardan ən ipə-sapa yatmayanı kimidir. Nəfs, bax budur.
فان لم تعقل حارت
Bu nəfsi kontrol etməsəniz, öz nəzarətiniz altına salmasanız, cilovlayıb ram etməsəniz, o, özbaşına qalar, baş alıb hara getdiyini bilməyən vəhşi heyvan kimi sərgərdan qalar. Hər bir insan üçün də elə məhz bu sərgərdanlıq ucbatından şəxsi həyatında da, sosial həyatında da bir sıra problemlər qarşıya çıxır. Bütövlükdə cəmiyyət üçün problemlər törənir. Ağlın əhəmiyyəti, bax budur.
Kəramətli İslam Peyğəmbərinin (s) gördüyü birinci iş düşüncəni hərəkətə gətirmək, təfəkkür gücünü stimullaşdırmaqdır; cəmiyyət içərisində təfəkkürün gücünü möhkəmləndirməkdir. Bu, bütün çətinliklərin açarı ola bilər. İnsanı dinə doğru istiqamətləndirən, dinə tərəf çəkib aparan məhz ağıldır. İnsanı Allah-Taala qarşısında ibadət etməyə sövq edən də ağıldır, səfeh, düşünülməmiş işlər görməkdən, dünyaya aludə olmaqdan çəkindirən də ağıldır. Ağıl, bax budur! Məhz buna görə də başlıca olaraq cəmiyyətdə ağıl və təfəkkürün qüdrətini artırmaq lazımdır. Allah məhz bunu hər birimiz üçün vəzifə olaraq təyin etmişdir.
Bizim bir bu qədər nöqsanlı, zəif cəhətlərimiz var; Peyğəmbərin (s) o misilsiz əzəməti və dühası qarşısında mənəviyyatımız bir bu qədər cılızdır. Lakin bununla belə biz qurduğumuz İslam cəmiyyətində (biz dövrümüzdə kəramətli İslam Peyğəmbərinin (s) yaratdığı İslam cəmiyyətinə bənzər bir cəmiyyət qurmaq istəmişik) məhz qeyd etdiyim prinsipi əsas götürmək istəmişik – bu cəmiyyətdə də ağıl ən mühüm meyar olmalıdır.
Besət hadisəsinin mahiyyətində ikinci növbədə isə əxlaqi tərbiyə durur.
بعثت لأتمّم مكارم الاخلاق
Peyğəmbər (s) yüksək əxlaqi cəhətləri, etik dəyərləri camaat arasında ən kamil formada yaymaq missiyasını yerinə yetirmək üçün göndərilmişdir. (“Məcməul-bəyan”, c.10, səh.500)
Əxlaq bəşər toplumunun sağlam həyat tərzi keçirə bilməsi üçün vacib şərt sayılan oksigenlə zəngin olan hava kimidir. Əxlaq olmadıqda, əxlaqsızlıq cəmiyyətə hakim kəsildikdə, hərislik, qərəz, nəfsin istəkləri, cəhalət, dünyapərəstlik, şəxsi ambisiyalar, həsəd, bir-birinin ayağından dartmaq, bir-birinə qarşı bədgümanlıq insanların həyatına daxil olduqda – cəmiyyətin simasında bu tip əxlaqi rəzilliklər özünü büruzə verdikdə həyat xeyli mürəkkəbləşəcək. Get-gedə cəmiyyətdə hava ağırlaşacaq, boğucu mühitdə nəfəs almaq çətinləşəcək. İnsan sağlam tənəffüs qabiliyyətini itirəcək. Elə bu səbəbdən də Qurani-Kərimdə təzkiyyə, yəni insanın saflaşması (bu, elə əxlaqi cəhətdən özünütəkmilləşdirmə mənasındadır) məsələsi elm öyrənmək məsələsindən irəlidə durur. Elə Peyğəmbərdən (s) ağıl barəsində nəql etdiyimiz həmin rəvayətdə də o Həzrət (s) ağıl barədə bəyan etdikdən sonra belə buyurur: “O zaman ağıldan helm (həlimlik, dözüm, həlimxasiyyətlilik və səbir) meydana gəldi. Helmdən isə elm, bilik yarandı”. Ardıcıllığa bir diqqət yetirin: əvvəlcə ağıl helmi – səbri, dözümlülüyü meydana gətirir. İnsanda həmin səbir və dözümlülük xüsusiyyəti təzahür etdikdə isə istər şəxsi, istərsə də sosial miqyasda elm öyrənmək, biliklərə yiyələnmək, məlumatını artırmaq üçün münasib zəmin yaranacaq. Belə çıxır ki, elm helmdən sonrakı mərhələdə gəlir. Helm əxlaqdır. Quran ayəsində də insanın mənəvi cəhətdən özünüsaflaşdırması ön plana çəkilir:
يزكّيهم و يعلّمهم الكتاب و الحكمة
“...(Allah) onları (pis əməllərdən) təmizləyən, onlara kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi...” (“Ali-İmran” surəsi, ayə 164, “Cümə” surəsi, ayə 2)
Bu isə elə əxlaqi baxımdan tərbiyə olunmaq deməkdir.
Bu gün bizim əxlaqi baxımdan özünütərbiyəyə son dərəcə ehtiyacımız var; həm biz – İran xalqı, ölkəmizin coğrafi hüdudlarında qurduğumuz İslam cəmiyyəti, həm də bütövlükdə İslam dünyası, böyük İslam ümməti, müxtəlif müsəlman toplumları buna böyük ehtiyac duyur. Bəlı, bunlar bizim birinci növbədə ehtiyac duyduğumuz məsələlərdir.
Bunun ardınca isə qanunçuluq – qanunu ali bilib rəhbər tutmaq mədəniyyətinin aşılanması gəlir. İslam əhkamının (şəriətin) mükəmməl şəkildə ilk icraçısı kəramətli İslam Peyğəmbərinin (s) şəxsən özü olmuşdur. Ummul-muminin Ayişənin dilindən belə nəql olunur ki, o xanımdan Peyğəmbər (s) haqqında – onun əxlaqı, davranışı barədə soruşmuşlar. O, belə cavab vermişdir:
كان خلقه القرآن
“Onun əxlaqı, bütün davranışları, həyatı Quranın təcəssümü idi”. (“Nəhcül-bəlağənin şərhi”, İbn Əbil Hədid, c.6, səh.340)
Yəni elə bir şey yox idi ki, Peyğəmbər (s) onu əmr etsin, özü isə həmin şeyə əməl etməsin. Bütün bunlar bizim üçün ən gözəl dərsdir; bunların hamısı dərsdir. Bu, o demək deyil ki, biz o əzəməti öz həqirliyimizlə müqayisə etmək fikrinə düşürük. Xeyr! O Həzrət (s) uca, əlçatmaz bir zirvədir, biz isə o zirvənin ətəklərində var-gəl edirik. Lakin həmin zirvəyə doğru hərəkət edirik; bizim üçün meyar olan həmin o zirvədir.
Həyatın özü də bir sınaq meydanıdır! İran xalqı bugünkü izzət və ehtiramına yetişənə qədər olduqca çətin sınaqları arxada qoymuşdur. O vaxta qədər ki, təkcə “La ilahə illəllah” sözləri ilə, bu sözləri yalnız dildə deməklə, zaman-zaman isə zehinlərimizdə bu barədə düşünməklə kifayətlənirdik, zülm və istibdadın pəncəsində çapalayırdıq. Elə ki, iş görməyə başladıq, “La ilahə illəllah” şüarının meydanda əməli surətdə sübutunun keyfiyyətini öyrəndik, sözün həqiqi mənasında, müsəlman olan bir xalq olduq. Və Uca Yaradan bu izzəti, bu qüdrəti, bu parlaq və görkəmli şəxsiyyəti bizə – İran xalqına əta etdi. Biz Allaha doğru bircə addım atsaq, Allah həmin addımın əvəzini mütləq verəcəkdir. Bu, mütləq, gecikmədən, tez bir zamanda həyata keçən bir aksiomdur.
Xalqımız İslam İnqilabı dövründə, Müqəddəs Müdafiə Hərəkatı illərində, ümumilikdə bu otuz il ərzində qarşısına çıxan növbənöv sınaqlardan üzüağ çıxdı. Uca Yaradan bizə göstərdiyimiz səylərə, sərf etdiyimiz əməyə müvafiq ölçüdə nailiyyətlər nəsib edib. Əlbəttə, nailiyyətlərimiz çox böyükdür:
من جاء بالحسنة فله عشر امثالها
“Kim yaxşı bir iş görsə, ona həmin işin on qat əvəzi (savabı) verilər...”. (“Ənam” surəsi, ayə 160)
Uca Yaradan bizə əməyimizdən on qat artığını verib. Xatırlayın, istibdadçı rejimin hakimiyyəti illərində biz müsəlman xalqları arasında, ümumilikdə beynəlxalq aləmdə hansı yeri tuturduq? Bir kənara çəkilmiş, unudulmuş, dövrün son dərəcə həssas tələblərinə cavab verə bilməyən, millət üçün təkanverici stimul rolunu oynayan şücaət və əzmkarlıqdan məhrum olmuş bir vəziyyətdə idik. Bu gün isə gənclərimiz, elm adamlarımız, alimlərimiz, sənətkarlarımız, əkinçilərimiz, xalqımızın nümayəndələri böyük amallar uğrunda çalışırlar, böyük arzulara aparan yollarda günbəgün irəliləyirlər. Bu hərəkatın nəticəsi də göz qabağındadır; bunu özünüz də görürsünüz. Bu gün dünyanın ən böyük superdövlətləri İslam Respublikasına qarşı mübarizə aparmağı özləri üçün şüar ediblər! Onlar bununla İran xalqını hədələdiklərini, qorxuda biləcəklərini güman edirlər. Halbuki, onlar bilmirlər ki, dünyanın maddi cəhətdən ən qüdrətli, ən xəbis dövlətləri öz məkrli planlarına çatmaq yolunda İran xalqını özləri üçün maneə hesab etdikdə bu millət özünün həqiqi kimliyini, əsl şəxsiyyətinin mahiyyətini daha dərindən hiss edir. Bu, heç də kiçik, əhəmiyyətsiz bir fakt deyil. Onlar: “Orta Şərqdə filan-filan işləri görmək istəyirik” – deyirlər; hələ qurduqları məkrli planların bundan on qat artığı barədə isə heç danışmırlar da. İran xalqı onlar üçün əngəl törədir! İslam Respublikasında yaşayan xalq onlar üçün maneədir! Bax, bu isə bu xalqın əzəmətinin, bu quruluşun qüdrətinin əyani göstəricisidir; dünyadakı imperialist dövlətlərin ən azı dünya ərazisinin müəyyən bir regionunda öz məqsədlərinə çatmasına əngəl ola bilmiş bu dövlətin əzəmətinin real göstəricisidir. İran xalqı buna məhz dinin hökmləri çərçivəsində hərəkət etməsi sayəsində nail ola bilmişdir.
Peyğəmbərin (s) özü bu hökmlərin ən mükəmməl icraçısı idi:
آمن الرّسول بما انزل اليه من ربّه
“Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi...” (“Bəqərə” surəsi, ayə 285)
Möminlər də o Həzrətin (s) ardınca İslam dininin göstərişlərinə əməl etmişlər. O icraçıdır; insanlar da onun dinin əhkamına necə əməl etdiyinə baxıb düzgün yola istiqamətlənirlər. Cəmiyyətin üzdə olan nümayəndələrinin, liderlərin, görkəmli, sayılıb-seçilən insanların rolu da bundan ibarətdir. Təkcə sözlərlə, nitqlərlə kifayətlənməməliyik. Aranızda hökumət nümayəndələri, məsul vəzifə postları tutanlarınız çoxdur. Hər biriniz əməl etmək, insanlar üçün nümunə olmaq baxımından öndər ola bilərsiniz.
Xalqımız xeyirxah bir xalqdır, böyük bir xalqdır, vəfalı, güzəştə getməyi bacaran bir xalqdır. Xalqımızın bu kimi keyfiyyətlərinin bariz nümunələrini son otuz il ərzində çox görmüşük. Elə son olaylarda, seçki ərəfəsində və seçkidən sonra törədilən hadisələrlə bağlı xalqımızın tutduğu mövqeyi, ifa etdiyi rolu özünüz müşahidə etdiniz.
Bu xalqın nümayəndələri arasında sosial həyat sferasında fərqli nöqteyi-nəzərlərə, müxtəlif zövqlərə malik olan insanlar var. Hər kəs öz fikrini söyləyir, öz sözünü deyir. Lakin buna baxmayaraq İran xalqı özünün mövcud dövlət quruluşu ilə düşmənçilik məsələsinin ortaya atıldığından, kiminsə (o kəs hətta xalqın ürəyincə olan, onun etiqad bəslədiyi şüarlarla çıxış etsə belə) İslam dövlətinə zərbə endirmək üçün çalışdığından duyuq düşən kimi dərhal ondan uzaqlaşır; həmin şəxsin bədxah niyyətli olduğunu görən kimi kənara çəkilir. Bu, olduqca mühüm bir məsələdir.
Son günlər ərzində baş verən hadisələr (otuz il ərzində elə bir gün olmamışdır ki, biz hansısa bir təcrübə əldə etməyək, baş verən hansısa bir olaydan ibrət dərsi götürməyək; çox şeylər öyrənmişik, çox şeyləri anlamışıq) xalqımız üçün böyük təcrübə oldu. Hamı anladı ki, möhtəşəm xalq hərəkatı tam təhlükəsizlik və asayiş şəraitində, sabit şəkildə yüksələn xətt üzrə inkişaf etdikdə belə düşmənin millət üçün hazırladığı məkrli sui-qəsd planlarından gözdə-qulaqda olmaq lazımdır. Hamı təsdiq etdi ki, 40 milyon seçicinin iştirak etdiyi builki prezident seçkiləri İslam İnqilabının qələbəsindən bu günə qədər müşahidə olunan əzəmətli bir hadisədir; aradan 30 il keçməsinə rəğmən mövcud quruluş hələ də xalqı ölkənin ictimai-siyasi əhəmiyyətli problemlərinin həll olunduğu meydanlara toplamaq iqtidarındadır. Bu, möhtəşəm bir faktdır. Hər kəs anladı ki, düşmən pusquda durub fürsət gözləyir və belə bir məqamda əsla ehtiyatı əldən vermək olmaz. Hal-hazırda “xarici düşmən” ifadəsi işlənən kimi o saat əcnəbilər günahsız donuna girərək: “Xeyr, xeyr! Bunun bizə heç bir aidiyyəti yoxdur! Bizim bunda heç bir rolumuz olmayıb!” – deyirlər. Bu, açıq-aşkar həyasızlıqdır. Hamı bunu görür! Yaxşı, xarici qüvvələrin İranın daxili işlərinə qarışması barədə kəşfiyyat orqanlarının əldə etdiyi dəqiq məlumatları bir yana qoyaq... Hamının gözü qarşısında olan daha aydın bir fakt budur ki, son bir neçə onillik ərzində xarici KİV millətlərin təbəddülata uğramasında ən mühüm rolu ifa etmişlər.
Bir zamanlar – bir neçə il öncə mən burada qeyd etmişdim ki, dünya xalqlarının istiqlalına düşmən kəsilmiş bədxahların müxtəlif millətlərə zərbə endirmək, onları öz yolundan azdırmaq üçün əllərində olan ən güclü vasitə məhz imperialistlərdən asılı və geniş imkanlara malik olan KİV, təbliğat aparatları və kəşfiyyat orqanlarıdır. O vaxt mən bir neçə ölkəni misal gətirmişdim. Bu gün həmin sözlərin deyildiyi vaxtdan bir neçə il ötüb və beynəlxalq kütləvi informasiya vasitələri ogünkü ilə müqayisədə daha geniş imkanlara, əhatə dairəsinə və müxtəlifliyə malikdirlər. Düşmənlər əl altdan öz işlərini görür, sonra isə: “Biz heç bir şey etmirik!”, “Biz heç bir tədbir görmürük!” – deyə aləmə car çəkirlər. Onlar özlərinə məxsus KİV-in köməkliyi ilə nadan və iğtişaşçı qruplaşmaları açıq-aşkar şəkildə təlimatlandırırlar: “Polislə bu şəkildə qarşıdurma yaradın! Birlik və həmrəyliyə qarşı bu cür təbliğat aparın! Küçə iğtişaşlarını bu cür törədin! Təxribatları bu cür həyata keçirin! Yanğınları bu cür törədin!” Məgər bunlar dəxalət etmək deyilmi? Müdaxilə etməyə bundan da birbaşa, bundan da açıq-aşkar bir nümunə ola bilərmi? Camaatımız bütün bunları öz gözləri ilə gördü. Bunlar xalqımız üçün qazanılan təcrübədir. Əgər kimsə azsaylı bir qruplaşma üzvlərinin (özü də Tehran kimi bir şəhərdə), fərz edək ki, bələdiyyə idarəsinin zibil qutusuna (gücləri ancaq buna çatır), yaxud camaatın əmlakına – motosikletinə, avtomobilinə, bankına, mağazasına hücum etdiyini görüb onların xalq, camaat olduğunu güman etsə, bu, tamamilə səhv bir fikirdir. Xeyr! Bunlar camaat deyil! Bəli, onları dəstəkləmək, himayə etmək istəyən imperialist ruporları həmin qruplaşmaları qəsdən “xalqın nümayəndələri”, “camaat” adlandırırlar. Bunlar xalqdırmı?! Xalq bu iğtişaşçıların, bu fəsadçıların törətdiyi əməlləri görəndə bir kənara çəkilən və onları nifrətlə seyr edən insanlardır! Xalq ictimai asayişi pozanlara ikrah hissi ilə yanaşır!
Bu gün cəmiyyəti iğtişaşlara və asayiş pozuntusuna sövq edən hər bir kəs – kim olursa-olsun – İran xalqının nəzərində mənfur bir insandır. Bu xalq qarşıya qoyduğu hədəflərə yalnız təhlükəsizlik və asayiş şəraitində yetişə bilər. Asayiş olarsa, təhsil də, elm də, tərəqqi də, sənaye də, maddi sərvətlər də, müxtəlif baxımdan təhlükəsizlik də, ibadət də olacaqdır. Dünya və axirət məhz asayiş sayəsində mövcuddur. Asayiş pozulduqda isə bütün bunlara zərbə dəyir. Bir xalqın əmin-amanlığını və təhlükəsizliyini pozmaq insanın mürtəkib ola biləcəyi ən böyük günahdır. Əlbəttə, bu sözlərimizin kimlərdənsə tapşırıq alan, kiminsə muzduru olan və buna görə də qulağına öyüd-nəsihət girməyənlərə heç bir aidiyyəti yoxdur; bu sözləri üzümüzü onlara tutaraq demirik. Biz cəmiyyətin sayılıb-seçilən, görkəmli nümayəndələrinə, ziyalılara səslənirik. Xalqımızın nümayəndələri müdrikdirlər, ayıq-sayıqdırlar. Ziyalılar və görkəmli şəxslər də müdrik, ayıq-sayıq olmalıdırlar.
Cəmiyyətin üzdə olan nümayəndələri bilməlidirlər ki, həmin muzdurlara əl verib onların xeyrinə işləyə biləcək hər bir söz, atılacaq hər bir addım, səsləndiriləcək hər bir analitik fikir İran xalqının zərərinədir. Biz hamımız son dərəcə də diqqətli olmalıyıq: söhbətlərimizə, tutduğumuz mövqeyə, danışdığımız və danışmadığımız sözlərə qarşı çox diqqətli olmalıyıq. Bəzi şeylər var ki, deyilməlidir; onları deməsək, həmin yerdə öz vəzifəmizə əməl etməmiş oluruq. Elə şeylər də var ki, əsla dilə gətirilməməlidir; onlar barədə danışsaq, öhdəmizə düşən vəzifənin ziddinə hərəkət etmiş olarıq. Görkəmli şəxslər böyük bir sınaq qarşısındadırlar. Bu, böyük bir imtahandır. Bu imtahandan kəsilmək, uğursuz çıxmaq yalnız bir il geri düşmək demək deyil; bu imtahandan uğursuz çıxmaq, əslində, süquta uğramaq deməkdir. Əgər süquta uğramaq istəmiriksə, insanı Allaha ibadətə və bəndəliyə sövq edən ağılı, sağlam düşüncəni özümüz üçün əsas meyar seçməliyik. Bizim ölçü-biçi vahidimiz ağıl, məntiqli təfəkkür və sağlam düşüncə olmalıdır.
Ağıl adət etdiyimiz siyasətbazlıq və diplomatik gedişlər deyil. Bütün bunlar ağlın ziddinədir.
العقل ما عبد به الرّحمن و اكتسب به الجنان
“Ağıl odur ki, onun vasitəsilə Allah-Taalaya pərəstiş olunur və behişt əldə edilir”. (“Üsuli-Kafi”, c.1, səh.11, hədis 3)
Ağıl insanı doğru yola istiqamətləndirən və ona bu yolda bələdçilik edəndir. Siyasətbazlıqla ağıllı, məntiqəuyğun rəftar etdiyini düşünənlər böyük səhvə yol verirlər. Xeyr! Ağıl bizlər üçün Allah-Taalaya ibadət yolunu açan, genişləndirən bir qüvvədir. Bunun Tanrı ilə öz aramızda meyarı isə budur ki, biz bu sözləri həqiqətənmi sidq ürəklə, Allaha xatir deyib-demədiyimiz barədə düşünək. Baxaq görək, bu sözləri deyərkən biz, həqiqətən də, Allahı düşünürük, ya yox? Mən doğrudanmı Allah xatirinə, Allahın razılığını əldə etmək üçün danışıram, yaxud sizin hüsn-rəğbətinizi, diqqətinizi qazanmaq üçün?! Bu əməlim Allaha xatirdir, yaxud sözümü eşidən və eşitməyənlərə? Meyar, bax budur! Biz öz daxilimizə nəzər salmalıyıq. İnsanı mühakimə edə biləcək ən yaxşı və ali hakim elə insanın özüdür. Biz özümüzü aldatmamalıyıq; nə etdiyimizi anlamalıyıq, nə danışdığımızı yaxşı bilməliyik; hansı işlə məşğul olduğumuzu yaxşı bilməliyik.
Yol açıqdır! Yolu bizim üçün açmışlar! Məbəs gününə məhz bu aspektdən yanaşmaq lazımdır. Məbəs yalnız bir bayram deyil ki, onun sevincini yaşayaq, əl çalaq, şirniyyat yeyək və paylayaq, şadyanalıq edək. Əslində, Məbəs günü əlamətdar bir gündür. Əlamətdar günlər insanın diqqətini hansısa həqiqətə doğru yönəldir. Məbəs günü də məhz belə bir əlamətdar gündür. Biz bu gündə Məbəs hadisəsinin (İslam Peyğəmbərinin (s) yer üzündə Allah elçisi təyin edilməsi) əsl həqiqətinə, İslam Peyğəmbərinə (s), onun göstərdiyi son dərəcə böyük səy və mücahidələrə diqqətlə nəzər yetirməliyik. Onun heyrətamiz təsirinə diqqət yetirməliyik. On il – on il bir xalqın tarixində bircə ana bərabərdir, bu on il ərzində bu dahi insan – dahilərin dahisi nələr etdi! Allah Rəsulunun (s) hakimiyyətdə olduğu həmin mübarək onilliyi tarixdə yaşanmış başqa hansı onilliklə müqayisə etmək mümkündür?! O, bəşər tarixində necə əzəmətli bir hərəkata imza atmış, tufan qaldırmışdır?! Və həmin tufanın ardınca bəşəriyyətə hansı dinc, asudə sahilləri göstərmiş, həmin asayiş və rahatlığa aparan yolu nişan vermişdir?! Özü də cəmi 63 il ömür sürmüşdür. Biz də bu uzun sürən ömürlərimizdə etdiyimiz uşaq-uşaq hərəkətlərlə məhz o yolda (hara qədər olursa-olsun) irəli getmək istəyirik. Yalnız o cür ixlasla, o qədər səy və ciddi-cəhdlə, İlahi istiqamətləndirmə ilə həyata keçirilən bir hərəkat Peyğəmbərin (s) o möhtəşəmlikdə, o əzəmətdə on il sürən hakimiyyətini doğura bilərdi.
İlahi! Sən bizi qəflət yuxusundan oyat! Qəlblərimizi İslamın həqiqətləri ilə əvvəlkindən daha da artıq tanış et! İlahi! Addımladığı bu ali və mətin yolda İran xalqına yardımçı ol! İlahi! Zəmanənin sahibi imam Məhdi Sahibəz-Zəmanın (ə.f) müqəddəs qəlbini bizlərdən razı və məmnun et!
Allahın salamı və rəhməti sizlərə olsun!
Seyid Əli Xamenei
20 iyul, 2009-cu il