Mehriban və bağışlayan Allahın adı ilə!
Sizlərə ‒ gənc dostlarımıza çox minnətdarıq ki, bu gün bizim hüseyniyyəmizdə gənclik coşqusu ilə yanaşı təfəkkür və yüksək intellektlə dolu bir atmosfer yaratdınız. Ümidvarıq ki, sizdə ‒ əziz gənclərimizdə və tələbə dostlarımızda olan bu əhval-ruhiyyə (belə bir əhval-ruhiyyə dini əqidə və xalis imanla birləşdikdə hər bir ölkənin həyatının müxtəlif mərhələlərində bütün çətinliklərin açarı rolunu oynaya bilər) günü-gündən daha da yüksələcək.
Dostlar, sizin burada toxunduğunuz məsələlər çox diqqətəlayiq idi. Mən iştirak etdiyim hər bir yığıncaqda üz-üzə gəldiyim insanların danışdığı sözlərə diqqətlə qulaq asıram və yeri gəldikcə onlardan istifadə etməyi də sevirəm. Eləcə də bu məclisdə çıxış edən hər bir kəsi ‒ istər gənc tələbələri, istərsə də burada iştirak edən digər insanları diqqətlə dinlədim. Sizin bugünkü söhbətdə toxunduğunuz məqamların hər biri mənim üçün dərin mənası və aktuallığı ilə seçilirdi. Həmçinin biz bu gün ölkəmizdə orta statistik tələbənin intellekt və dünyagörüşü səviyyəsini də müşahidə etdik. Mən sizin burada ölkəmizin bütün tələbələrini təmsil etdiyinizi demək istəmirəm. Lakin belə demək mümkündür ki, problemlərin həllinə münasibətdə sizin nümayiş etdirdiyiniz yüksək intellekt, diqqət və analitik təfəkkür səviyyəsi bizim ali təhsil ocaqlarımzda vardır. Bu fakt mənim üçün çox diqqətəlayiqdir.
Dostlar, siz öz çıxışlarınızda müəyyən məqamları vurğuladınız. Mən, əlbəttə ki, özüm üçün əvvəlcədən müəyyən qeydlər götürmüşdüm. Vaxtımız imkan verərsə, nəzərdə tutduğum həmin məsələlər barəsində sizlər üçün söhbət edəcəyəm. Lakin, zənnimcə, sizin söhbət əsnasında toxunduğunuz bəzi məqamlara bir daha qayıdıb onları şərh etsək, heç də pis olmaz.
Dostlardan biri dedi ki, bu gün artıq yeni bir nəsil yetişməkdədir. Bəli, bu, tamamilə doğrudur. Şübhəsiz ki, bu, İslam İnqilabında ərsəyə gələn birinci nəsil deyil. Sizdən öncə bir nəsil də özünü inqilabda nümayiş etdirərək təzahür etmiş, belə demək mümkünsə, İslam İnqilabında doğulmuş və öz qüdrətli əli ilə ölkənin düşdüyü problemlər düyününü açmaq uğrunda əvəzsiz xidmətlər göstərmişdir. Həmin nəsil də inqilabın qoynunda yetişmiş bir nəsil idi. Həmin nəsil də başqa bir yerdə – yabançı bir atmosferdə yetişməmişdi. İnqilab qızmar bir kürəyə bənzəyir. O, varlıqların təşkil olunduğu elementlərin quruluşunu və nizamını dəyişir. İnqilab belə bir faktordur. Qədimdə haqqında çox danışılan, misi qızıla çevirən iksirə, kimyaya bənzəyir. Əlbəttə, indi bu, çoxlarına əfsanə kimi görünsə də, qətiyyən belə deyil. Bu, bir həqiqət idi və hal-hazırda da belədir. İnqilab da eynilə bu cürdür. İnqilab dəyişdirən, təbəddülatlar doğuran, dəyişikliklər yaradan, tamamilə fərqli forma, quruluş verən bir faktordur. Bu dəyişiklik və təbəddülatlar yalnız ictimai münasibətlər səviyyəsində olmur, bəlkə, ilk növbədə, insanların şüuruna və psixologiyasına sirayət edir. İlkin təbəddülatlar burada ‒ qəlblərdə yaranır. Buna görə də İslam İnqilabı baş verərkən on beş, on altı, on yeddi yaşı olan həmin gənc nəsil inqilab meydanlarında ilk sınaqdan çıxdı. Daha sonra isə bu gənc nəsil Müqəddəs Müdafiə Hərəkatı illərində o əsrarəngiz mübarizə əhval-ruhiyyəsini, müqavimət atmosferini yaratmaqla bir daha öz varlığını sübut etdi. Həmin nəsil də, həmçinin sizin burada qeyd etdiyiniz kimi, hazırda yetişməkdə olan gənc nəsil də İslam İnqilabından doğulmuş nəsillərdir. Mən bununla tamamilə razıyam, bunu hiss edirəm və qəbul edirəm.
Ortalığa belə bir sual çıxa bilər: hazırkı gənc nəslin qarşısında duran mühüm vəzifə nədən ibarətdir? Onun öhdəsinə düşən məsuliyyət hansıdır? Onu kimlər istiqamətləndirəcək və irəliyə aparacaqdır? Bunlar yaxşı suallardır. Zənnimcə, bunlar bir sual kimi qarşıya qoyulsalar da, öz həllini tapmayacaq məsələlər deyil. Bunların hər birini cavablandırmaq mümkündür. İnqilab bir dövlətin əvəzinə başqa bir dövlət qurmaq üçün həyata keçirilməmişdir. İnqilab konkret quruluş yaratmaq, konkret ideologiyaya əsaslanan milli və demokratik cəmiyyət qurmaq üçün həyata keçirilmişdir. Həmin ideologiya isə İslam təfəkkürüdür. Biz belə bir ideologiyaya etiqad bəsləyirik ki, (biz öz iddiamızı sübut edə bilərik, bizim irəli sürdüyümüz ideologiya artıq sübut olunmuşdur və qətidir) bəşər övladının xoşbəxtliyi üçün yeganə yol məhz İlahi peyğəmbərlərin gətirdiyi təlimdir. Bunların içərisində ən mükəmməl olanı isə İslam dinidir. Peyğəmbərlərin təlimi olmadan insanlar nəinki mənəvi gözəlliklərin zirvələrinə, insanın mələkut aləminin ən ali zirvələrinə ucalması üçün zəmin rolunu oynayan mənəvi-psixoloji dincliyə, ruhi aramlığa, hətta bugünkü gündə əldə etdikləri maddi inkişaf səviyyəsinə belə nail ola bilməzdilər.
Peyğəmbərlərin təbliğ etdiyi ideologiyanın cəmiyyətdə rəvac tapması üçün uzunmüddətli və ardıcıl olaraq həyata keçiriləcək bir hərəkata ehtiyac var idi. İslam İnqilabı, bax bu məqsədlə ərsəyə gətirildi. Bu inqilabın hədəfi yalnız İslam dövləti, İslami əsaslara söykənən bir quruluş yaratmaq deyil, əslində, İslam cəmiyyəti, müsəlman ölkəsi, bütün peyğəmbərlərin yer üzünə gətirdikləri təlimlərin ən alisi və ən seçilmişi olan İslam dininin təlimləri əsasında yaşayan, bunun təsirini özündə və həyatında hiss edən bir toplum, sosial bir gerçəklik yaratmaq idi. Bizim qarşıya qoyduğumuz məqsəd də, bax budur! Bəli, biz hələlik öz məqsədimizə nail olmamışıq. Cəmi otuz il ərzində belə bir məqsədin reallaşması heç gözlənilmirdi də. Təbii ki, bu hədəfə çatmaq üçün uzunmüddətli səy və zəhmət tələb olunur. Sizin üzərinizə düşən məsuliyyət, bax budur! Hazırda yetişməkdə olan gənc nəslin vəzifəsi budur ki, öz ölkə və xalqını “Sözün həqiqi mənasında İslam cəmiyyətidir” – deyilə biləcək bir səviyyəyə gətirib çıxarsın. Bu hədəfi öz fəaliyyətiniz üçün meyar təyin edəsiniz. O zaman sizin əldə edəcəyiniz uğur bu ideologiyanın və praktikanın bütün dünyaya yayılması üçün vasitə olacaq! Hazırkı nəslin öhdəsinə düşən bu vəzifə insan təsəvvüründə canlandırıldıqda və bir nəzəriyyə olaraq irəli sürüldükdə heç də müşkül bir iş kimi nəzərə çarpmır. Buna baxmayaraq, şübhəsiz ki, onun həyata keçirilməsi çətin bir prosesdir və bu yolda gərgin əmək sərf olunmalıdır. Bunun üçün burada haqqında danışdığımız cihad əhval-ruhiyyəli gərgin səylə yanaşı, gəncliyin hərəkətverici stimuluna, gənclik şövqünə də böyük ehtiyac vardır. Məqsədimiz budur: Biz İslam ölkəsində yaşamaq istəyirik! Yalnız həqiqi mənada İslam ölkəsi təşkil olunduqda insanların həyatı, dünyası abadlaşacaqdır. Burada “abadlaşma” ifadəsi maddi əsaslara söykənən quruluşlarda başa düşülən mənada işlədilmir.
Maddi əsaslı quruluşlarda da abadlıq var, yəni onlar maddi cəhətdən qənaətbəxş səviyyədədirlər. Lakin buna baxmayaraq onlarda elə həmin maddi tərəqqi baxımından tənzimləmə və ədalətli meyar yoxdur. Özünüz də şahidsiniz: hətta ABŞ kimi varlı bir ölkədə belə dünyada ən zəngin olan insanlarla bərabər, bəzən dünyada ən acınacaqlı vəziyyətdə yaşayan, soyuqdan, istidən, aclıqdan əziyyət çəkən yoxsullara da təsadüf olunur. ABŞ-da cəmiyyətin orta təbəqəsinin nümayəndələri gecə-gündüz dayanmadan, bütün iş vaxtını, bütün iş qabiliyyətini sərf edərək çalışmasalar, qarınlarını doydura bilməzlər. Bu, bəşər övladı üçün, ümumilikdə sosial bir toplum üçün əsla xoşbəxtlik hesab edilə bilməz. Halbuki, ABŞ-da ümumi daxili məhsulun həcmi hər hansı başqa ölkədən on dəfə artıqdır. Bunun özü sübut deyilmi? Yəni hətta maddi sərvətlərdən yararlanma baxımından da ədalət, toplumu nəzərə alma meyarı yoxdur. Başqa sözlə desək, insanların hamısı hətta maddi nemətlərdən belə bərabər səviyyədə yararlana bilmirlər. Mənəvi baxımdan rifah səviyyəsinə gəldikdə isə mənəvi-psixoloji rahatlıq yoxdur, Uca Yaradana qarşı ciddi münasibət yoxdur, Allaha xatir günahlardan çəkinmə yoxdur, namus, ismət, paklıq yoxdur, kompromisə getmə və tolerant münasibət yoxdur, Allah bəndələrinə rəhm edib əl tutmaq yoxdur,... və s. yoxdur!
İslam ölkəsi, İslam cəmiyyəti belə bir səadətə yetişməyi qarşısına məqsəd qoymamışdır. Bizim İslam cəmiyyəti üçün arzuladığımız xoşbəxtlik və rifah yalnız yuxarıda sadalananlardan ibarət deyil. Biz öz ölkəmizin və cəmiyyətimizin həm maddi, həm də mənəvi baxımdan yüksək rifah səviyyəsinə çatmasını arzulayırıq. Yəni yoxsulluq yox olmalı, ədalət, iman, günah və pisliklərdən Allaha xatir çəkinmə, əxlaq, mənəviyyat isə daima var olmalıdır! Bu, bizim daim izləməli olduğumuz bir hədəfdir!
Dostlardan biri deyirdi ki, müəyyən dəlillərə əsasən tələbə hərəkatının gələcəyi sual altındadır. Heç də belə deyil! Təsadüfən tələbə hərəkatının öhdəsinə düşən vəzifələri və yerinə yetirməli olduğu işləri də elə bu mövzuya toxunan qardaşımızın özü qeyd etdi. Elə isə daha qeyri-müəyyən olan, sual altında qalan nədir ki? Öncə qeyd etdiyim hədəf və məqsədi qarşıya qoyaraq dostumuzun sadaladığı işləri həyata keçirmək lazımdır. Belə bir sual yarana bilər: bu ülvi, böyük və misilsiz məqsədə çatmaq təkcə tələbələrin, həm də yalnız öz üzərində sizin “tələbə hərəkatı” adlandırdığınız bir missiyanı yerinə yetirmək zərurətini hiss edən tələbələrin ‒ fəal, stimula malik olan, öz intellektindən, fiziki və psixoloji gücündən “inkişaf və tərəqqi” naminə istifadə etmək niyyətində olan tələbələrin vəzifəsidirmi? Yalnız onlara müraciət olunurmu? Şübhəsiz ki, yox! Ən böyük məsuliyyət məsul vəzifəli şəxslərin və cəmiyyətin müxtəlif görkəmli nümayəndələrinin ‒ elm xadimlərinin, siyasi xadimlərin, mütəfəkkirlərin öhdəsinə düşür. Buna baxmayaraq aktiv tələbə hərəkatı da bu işdə böyük məsuliyyət daşıyır və bu hərəkatın üzərinə düşən vəzifələrdən biri dərindən düşünməyə, dərk etməyə və hadisələrə düzgün qiymət verməyə çalışmaqdır.
Zənnimcə, zəruri işlərdən biri də genişmiqyaslı monitorinqlərin təşkil edilməsidir. Ali məktəb tələbələri və dini dairələrin nümayəndələrinin təşəbbüsü ilə düzgün və məqsədyönlü proqram əsasında keçiriləcək həmin monitorinqlərdə müxtəlif problemlərin həlli ətrafında düşünüb, onların müsbət həlli yollarını tapmaq mümkündür. Dərindən düşünməyə dəvət etməklə, düzgün istiqamətli düşüncə tərzinin təbliğ olunması ilə bizim elm və texnologiya sahəsində, ümumilikdə hərtərəfli elmi tərəqqi məsələsində tələbələrimizdən gözlədiyimiz gələcək nailiyyətləri əldə etmək mümkündür. Yəni doğru yöndə istiqamətlənərək sağlam fəaliyyət göstərmək, düşüncə meydanında yeni sözlə, yeni fikirlə çıxış etmək lazımdır. Görüləsi mühüm işlərdən biri, bax budur!
Daha bir əhəmiyyətli məqam isə əsas və aparıcı prinsiplərin tam dəqiqliklə müəyyənləşdirilməsidir. Biz dərindən düşünməyə səy göstərmək adı ilə son nəticədə öz əsas prinsiplərimizdən əsla yayınmamalı, çaşqınlığa uğramamalıyıq. Əsas prinsip və strategiyalar düzgün istiqamət götürməkdə və doğru yolda irəliləməkdə daim insana bələdçilik edir. İnsanın konkret prinsip və strategiyaları özünə rəhbər tutmasını onun məcburi surətdə iki divarın arası ilə irəliləməsinə bənzətmək düzgün deyil. Belə ki, insanı əsas məqsədə çatdıra biləcək yeganə doğru yolda, düzgün və sağlam yolda əsas prinsip və strategiyaları ona bələdçilik edən, onu istiqamətləndirən nişanlardır. Həmin doğru yolu tapmaq və müəyyənləşdirmək lazımdır. Düzgün istiqamətdə gedib-getməmək isə hər kəsin öz fərdi seçimidir. Heç bir insan bu doğru yolu qət etmək məcburiyyətində deyil. Həmin əsas prinsiplər heç kəsi məcburiyyət qarşısında qoymur, heç kəsin azadlığını məhdudlaşdırmır. Bunlar yalnız insanı istiqamətləndirir, ona əsas məqsədə çatmaq üçün hansı yol ilə getməli olduğunu göstərir. Əsas prinsiplərdən yayınan insan öz məqsədinə çatmayacaq. Bu isə düzgün istiqamətdən yayınaraq əyri yollarla getməyin insan üçün törətdiyi iki çətinlikdən biridir. Çünki dolayı yollarla gedən insan mənzil başına çata bilməməklə yanaşı, üstəlik vaxtını da itirir, fürsəti də əldən verir.
Sonuncu 100-150 il ərzində ölkəmizdə “dəyişiklik”, “inkişaf və tərəqqi” iddiası ilə bizi, həqiqətən də, sözün əsl mənasında, dolanbac yollara sürükləyən şəxslər böyük günah etmiş oldular. Yüz əlli il ərzində biz həm öz məqsədimizə çata bilməyib geridə qaldıq, həm də vaxtımızı itirdik. Bu sərgərdanlıq səhrasında bir neçə nəsil dalbadal çaşqın vəziyyətində qalaraq əsas məqsədə çatmadan öz dövranını boş-boşuna sürməlidir ki, nə vaxtsa, hansısa bir nəsil səhv etdiyini dərk etsin, geri qayıdıb yenidən irəliyə ‒ məqsədə doğru hərəkət etməyə başlasın. Bütün bəşəriyyəti doğru yoldan azdırıb dolanbac yollara çəkən şəxslərin günahı insanların vaxtını, ömrünü, əllərindəki fürsəti puç etməkdir.
Bir vaxtlar cəmiyyətimizə belə bir fikri təlqin etmişdilər ki, bizim inkişaf etmək üçün yeganə yolumuz Qərb dünyasını təqlid etməkdədir (həm də bu təqlid elm öyrənməkdə, elmi nailiyyətlərin əldə olunmasında deyil, yalnız zahiri baxımdan olmalıdır). Qadınlarımız hicab örtməməli, yaxud kişilərimiz filan dəbə uyğun papaq geyməlidirlər. Bilirsinizmi, xalqımızın həyatında elə bir dövr olub ki, “Pəhləvi papağı” adlı xüsusi formalı papaq geymək məcburi olub və başına həmin papaqdan qoymayan şəxslər məsuliyyətə cəlb ediliblər. Daha sonra isə bir qədər də irəli gedərək elan ediblər ki, ya Pəhləvi papağı, ya da şlyapa qoymalısınız, çünki qərblilər, avropalılar başlarına şlyapa qoyurlar. Bir vaxtlar xalqı Qərbdən gətirilmiş vahid formalı libası geyinməyə vadar etmək üçün ölkədə geyinilən yerli formalı libas növlərinin hamısı qadağan olunmuşdu. Bütün bunların isə inkişaf, tərəqqi naminə olduğu deyilirdi. Ölkənin inkişafını bunda görürdülər ki, kişilərimiz kostyum geyinib qalstuk taxsınlar, qadınlarımız hicabsız, açıq-saçıq libaslarda gəzsinlər ‒ bir sözlə, xalq Qərbin adət-ənənəsini mənimsəsin. Görün, dərindən düşündükdə bu, bir ölkə üçün nə qədər təhlükəli, nə qədər xəcalətverici bir işdir. O dövrdə isə nəinki xəcalət çəkmir, hətta fəxrlə bu barədə aləmə car çəkirdilər. Düz yoldan sapınmaq, dolanbac yollarda azıb qalmaq, bax budur! “Tərəqqi və inkişaf” adı altında kor-koranə, yanlış təqlid yolunu tutmaq və bunun göz qabağında olan nəticəsi ‒ yolunu azıb sərgərdan qalmaq! İdeologiya, əsas əqidə prinsipləri belə səhvlərə düçar olmamaq üçündür.
Dostlarımızdan biri müəyyən şəxslərə və qurumlara qarşı açıq-aşkar öz etirazını bildirdi. Bu, tələbə üçün xarakterik xüsusiyyətdir. Mən bu etirazların haqlı, yaxud haqsız olması barədə mühakimə yürütmək fikrində deyiləm. Əsas məsələ budur ki, tələbələrin öz sözünü birbaşa, çəkinmədən, siyasətə qarışmadan deməyi bacarması təqdirəlayiqdir. Tələbə ictimaiyyətinin ünvanına səslənə biləcək ən pis və ən haqlı irad isə budur ki, tələbələr mühafizəkarlıq nümayiş etdirib yalnız bu günün baxış prizmasından çıxış etsinlər və subyektiv fikir yürütsünlər. Xeyr, tələbə öz sözünü açıq-aşkar deməyi bacarmalıdır. Əlbəttə, cəsarətli çıxışlar edən şəxsin niyyəti də təmiz və sədaqətli olmalı, həmçinin hansısa bir məqamda yanlışlığa yol verdiyi aşkara çıxdıqda öz səhvini dərhal qəbul etməyi də bacarmalıdır. Sizin ‒ gənc, sədaqətli, təmizürəkli tələbə və gənclərin siyasətbaz bir insandan fərqiniz, bax bundadır ki, öz fikrinizi, öz sözünüzü birbaşa və cəsarətlə deməyi bacarasınız. Etdiyiniz çıxışlar səmimi olsun, ürəkdən gələn olsun. Məlum olanda ki, səhvə yol vermisiniz, dərhal geri çəkiləsiniz. Təmkinli davranış ‒ zənnimcə, bu, tələbənin ən üstün səciyyəvi xüsusiyyətidir.
“Səda və Sima” telekompaniyasının ünvanına da etirazlar səsləndi. Bəziləri deyirlər ki, “Səda və Sima” telekompaniyasına münasibətdə hər hansı tənqidi fikir yürütmək Rəhbərlik Məqamının əleyhinə çıxış etmək deməkdir. Çünki həmin telekompaniyanın sədri Rəhbərlik Məqamı tərəfindən təyin edilir. Əgər, həqiqətən də, meyar bu olsaydı, belə çıxır ki, heç kəs heç kəsə qarşı etirazını bildirməməlidir! Belə ki, Məhkəmə Hakimiyyətinin sədrini də Rəhbərlik təyin edir, ölkə prezidenti də seçkilərdən sonra Rəhbərlik tərəfindən “Prezident vəzifəsinə təyin etdim” fərmanı ilə təsdiq olunaraq öz səlahiyyətlərinin icrasına başlayır. Belə çıxır ki, heç kəsə qarşı tənqidi münasibət bildirmək olmaz. Xeyr, birincisi, “Səda və Sima” telekompaniyasını Rəhbərlik Məqamı deyil, kompaniyanın müdiriyyəti idarə edir. Bunu hər kəs bilsin! Rəhbərlik Məqamının özü də bəzi vaxtlarda həmin telekompaniyaya qarşı öz etirazını bildirir. Sizin irəli sürdüyünüz tənqidi fikirlərin bir çoxu elə bizi də narahat edən məsələlərdir. Bundan əlavə bir çox başqa iradlar da vardır. Mən sizin qədər televiziya və radio proqramlarını izləmək imkanına malik olmasam da, müxtəlif məntəqələrdən mənə gəlib çatan xəbərlərə əsasən bu barədə məlumatım çoxdur. Biz özümüz də “Səda və Sima” telekompaniyasındakı vəziyyətə lazım gələrsə, öz etirazımızı bildirir, mane olmağa çalışır, mübahisəli məqamları bəzən məhkəmədə aydınlaşdırırıq. Son nəticədə onlar da müəyyən cavabdehlik daşıdıqları üçün məsələyə aydınlıq gətirməyə məcbur olurlar. Onların verdiyi cavab bəzən doğru, bəzən isə yanlış olur. Hər halda, “Səda və Sima”ya da bir sıra etiraz və iradlar mövcuddur və sizin həmin telekompaniyaya ünvanlanmış tənqidi fikirlərinizin hökmən dolayısı ilə Rəhbərlik Məqamına şamil olunması doğru deyil. Tənqidi münasibət bildirmək sizin hüququnuzdur və bunda heç bir qəbahət yoxdur.
Dostlardan biri sual verdi ki, imam Xomeyninin (r.ə) ideya və görüşləri ilə necə tanış ola bilərik? Zənnimcə, bu, tamamilə aydın bir məsələdir. İmamın (r.ə) görüşləri və ideyaları bütöv bir topludur. Xoşbəxtlikdən, onun bütün bəyanatları lentə alınmışdır və bu gün eynilə olduğu kimi əlimizdədir. Hər hansı başqa mətndən olduğu kimi imam Xomeyninin (r.ə) də əlimizdə olan bəyanatlarından onların müəllifinin ideya və görüşlərini əxz etmək mümkündür. Lakin bu zaman düzgün çıxarış metoduna riayət etmək olduqca vacibdir. Düzgün çıxarış metodu isə imamın (r.ə) irəli sürdüyü bütün fikirlərlə tanış olmaq, onları paralel şəkildə nəzərdən keçirmək deməkdir. Bu fikirlərin arasında həm ümumi, həm də xüsusi müddəalar, həm mütləq, həm də nisbi anlayışlar var. Bütün bunlar imam Xomeyninin (r.ə) görüşləri və ideyalarıdır, onları müqayisəli şəkildə təhlil etmək lazımdır. Əlbəttə ki, bu, heç də asan bir iş deyil, lakin nə etmək lazım olduğu aydındır. İmamın (r.ə) görüşlərini və ideyalarını araşdırmaq böyük səy, gərgin əmək tələb edən bir iş olsa da, siz gənclər bu işin öhdəsindən gəlmək iqtidarındasınız. Tədqiqatçılar bu işin üzərində ciddi çalışıb, müxtəlif sahələrdə etdiyi çıxışlardan, danışdığı bütün sözlərdən onun görüşləri və ideyaları barədə nəticə çıxara bilərlər.
İndi isə mən əvvəlcədən nəzərdə tutduğum və özüm üçün qeydiyyat apardığım bəzi məsələlərə qısaca ‒ bir-iki cümlə ilə toxunmaq istəyirəm. Belə ki, azan vaxtına çox az qaldığı üçün vaxtımız dardır. Dostlardan bir neçəsinin burada qeyd etdiyi kimi, biz hal-hazırda İslam Respublikası dövlət quruluşumuzun ömrünün IV onilliyinə qədəm qoymaqdayıq. Sözsüz ki, 30-35 illik tarixi olan bir ictimai quruluş hələ tamamilə gənc hesab olunur. Xüsusilə də bu ictimai quruluşun daxilində yerində və məqamında olan dəyişikliklər baş verirsə, həmin quruluş o qədər də tez köhnəlməyəcək, əsrlər keçsə belə, sıradan çıxmış və yararsız hesab olunmayacaq. Lakin buna baxmayaraq hər bir halda 30-35-40 il ömrü olan bir ictimai quruluşun müəyyən cəhətlərdən hələ gənc olduğunu demək mümkündür. Belə ki, həmin quruluşun püxtələşməsi və tam formalaşması üçün irəlidə hələ daha çox təcrübə toplamasına, dövlətin təməlində duran məsələlərə daha artıq səy və zəhmət sərf etməsinə ehtiyac vardır.
Dedik ki, hazırkı onillikdə irəli sürülmüş və daha artıq diqqət yetirməli olduğumuz şüar məhz (bu şüar onillik bir mərhələdə onu rəhbər tutaraq bütün sahələrdə öz fəaliyyətimizi istiqamətləndirməyimiz üçündür) “tərəqqi və ədalət” şüarıdır. “Tərəqqi və ədalət” bizim əsas devizimiz olmalıdır! Qeyd etdyim kimi, “tərəqqi” dedikdə hərtərəfli ‒ həm maddi, həm də mənəvi baxımdan tərəqqi və inkişaf başa düşülməlidir. Mən maddi inkişafın zəruriliyini inkar etmirəm. Biz insanların maddi rifah səviyyəsinin yüksəlməsini, məşğulluğun artmasını, elm və texnologiya sahəsində tərəqqini qətiyyən diqqətdən kənarda saxlamaq niyyətində deyilik. Bütün bunlar olduqca zəruri və əhəmiyyətli məsələlərdir. Şübhəsiz, bu sferada çatışmazlıq, işsizlik, qiymətlərin bahalaşması və inflyasiya hallarına yol verilməməlidir. Lakin sadəcə bunlarla kifayətlənməməliyik. Bütün bunlarla paralel olaraq sağlam fikir, möhkəm etiqad, günü-gündən artan, coşub-daşan mənəvi potensial, İslam dininin yüksək bəşəri, əxlaqi dəyərlərinin yayılması da inkişaf etdirilməlidir.
Az öncə qeyd etdiyim kimi, düz yoldan sapınıb səhv, dolanbac yollara düçar olmaqdan çəkinmək lazımdır. Bəzən problemlərin həlli naminə elə variantlar təqdim olunur ki, onlar, əslində, tamamilə yalnış yollardır. Buna misal olaraq, bir qədər əvvəl Pəhləvi dövründəki “inkişaf”ı göstərmək olar. Pəhləvi dövründə guya irəliyə atılan addımların bəzisi mahiyyət etibarilə, əslində, durğunluq, bəzisi isə geriləmə və tənəzzül idi. Vaxtımız az olduğu üçün bugünkü görüşümüz həmin addımları təfsilatı ilə təhlil etmək üçün münasib deyil. Bunlar Qərbdən götürülmüş nümunələr olsalar da, əslində, İran xalqını yolundan azdıran, insanları əsas məqsədindən uzaqlaşdıran dolanbac yollardır. Zahiri parıltıya uyaraq qərbliləri özünə meyar seçməyin, onları təqlid edərək ardınca getməyin nəticəsi Pəhləvi hakimiyyəti dövründə – 50-60 il müddətində müşahidə olunmuş məşəqqətlər və ağrı-acılardır.
Yanlış təsəvvürlərə düçar olmağın başqa bir nümunəsinə bəzən elə bizim öz dövrümüzdə də rast gəlinir. Bu mövzuda diqqətli olmaq vacibdir. Burada zahiri atributlardan söhbət getmir, burada birinci misalda olduğu kimi, xalqın iranlı və müsəlman kimliyi inkar edilmir. Məsələ burasındadır ki, cəmiyyətdə siyasətçilər, rəhbər işçilər, natiqlər və b. arasında tərəqqi və irəliləyiş baxımdan Qərb dövlətləri ilə rəqabət mövzusu ilə bağlı pessimist əhval-ruhiyyə müşahidə olunur. Onlar Qərb dövlətlərinə yüksək və əlçatmaz bir zirvə kimi baxır, bu bədbin əhval-ruhiyyənin adını isə “reallığı görmək” qoyurlar. Onlar deyirlər: “Cənablar, reallıq budur ki, bu günümüzdə qərblilər elmi cəhətdən bu qədər irəlidədirlər, müxtəlif sahələrdə bu qədər inkişaf etmişlər, sosial elmlər, ictimai-siyasi problemlərlə əlaqədar bu qədər müxtəlif nəzəriyyələr irəli sürmüşlər, bu qədər yeni nəzəriyyə, fikir və təşəbbüslərlə çıxış etmişlər. Biz onlarla eyni səviyyəyə gedib çata bilərikmi?” Yəni ictimaiyyətin bəzi nümayəndələri, bax belə bir əhval-ruhiyyədədirlər. Bu 30 il ərzində mən özüm dəfələrlə bu qəbildən olan insanlarla rastlaşmışam. Onlar birbaşa, eyhamla, yaxud üstüörtülü şəkildə həmin mövzuya toxunaraq deyiblər: “Bəli, əlbəttə ki, biz inkişaf etməliyik, lakin onların ardınca getsək, daha yaxşı olmazmı? Biz heç onlarla eyni səviyyəyə belə çata bilmirik, o ki qala onları geridə qoyaq! Hədər yerə özünüzə niyə əziyyət verirsiniz?” Belə bir pessimist əhval-ruhiyyədə olmağın özü də insanı çaşdıraraq əsl məqsədindən azdırıb, dolanbac yollara düçar edə bilər.
Belə çıxır ki, hər hansı bir xalq, misal üçün, bizim xalqımız, o cümlədən müxtəlif Şərq və müsəlman xalqları daim Qərbin etdiyini təkrar edə-edə onun arxasınca getməyə, həmişə onlara şagirdlik etməyə, özlərində nəinki Qərbi ötüb keçmək, hətta onun səviyyəsinə çatmaq üçün belə heç bir qüvvə və potensial hiss edə bilməməyə məhkumdurlar? Bu, insanı məqsədindən azdırıb dolanbac yollarda sərgərdan qoyan olduqca təhlükəli, yanlış bir fikirdir və əfsuslar olsun ki, bu günümüzdə də bəzi universitet müəllimləri, politoloqlar və din xadimləri həmin yanlış fikri ictimaiyyət arasında yayırlar. Bəşəriyyətin uzunmüddətli təcrübəsi belə bir təsəvvürü tamamilə rədd edir! Nəyə görə biz Qərbin ləpirləri ilə getməyə məhkum olmalıyıq? Məgər Uca Yaradan insanların bir qrupunu daim geridə qalıb arxada gəlmək üçünmü yaradıb? Hansı tarixi gerçəklik belə bir iddianı sübut edə bilər? Məgər bu gün dünya arenasında qabaqcıl sayılanlar bir neçə əsr bundan əvvəl hər cəhətdən dünyanın ən geridə qalmış millətləri deyildilərmi? Avropanın orta əsrlərdə keçdiyi mərhələ məgər tarixin yaddaşından silinibmi? Mən dəfələrlə demişəm ki, orta əsrlər müsəlman xalqları, İran xalqı üçün deyil, Avropa üçün zülmət qaranlıq dövrü, cəhalət və nadanlıq dövrüdür. Onların “cəhalət, nadanlıq və zülmət dövrü” adlandırdıqları həmin tarixi mərhələ bizim ölkəmiz, həmçinin digər müsəlman dövlətləri üçün əzəmət, şan-şöhrət, elmin, fəlsəfənin, siyasətin inkişafı və siyasi qüdrət mərhələsi olmuşdur.
Belə pessimist əhval-ruhiyyə çox təhlükəli və ziyanlıdır! Xüsusilə də bəziləri hətta ölkəmizdə bu gün elmi tərəqqinin müşahidə olunduğu sahələrdə belə uğur qazanmağın mümkün olduğuna əvvəllər şübhə ilə yanaşır və deyirdilər: “Bunların heç bir xeyri yoxdur!” Lakin müsəlman gənc, iranlı gənc böyük şövq və ruh yüksəkliyi ilə işə başlayaraq başqalarının səviyyəsinə çatmağa, hətta sərf etdiyi qısa zaman kəsiyini nəzərə alsaq, bəzi məqamlarda onlardan irəli belə keçməyə müvəffəq oldu. Buna görə də qətiyyətlə demək olar ki, özünə inamsızlıq və pessimizm həmin yanlış, azdırıcı təfəkkür tərzlərindən biridir və buna qətiyyən yol verilməməlidir. İslam dininin, Qurani-Kərimin insana baxış prizması budur ki, insan müsbət nəticələr əldə etmək üçün ciddi səy göstərməli, çalışıb-vuruşmalıdır. Nizam-intizamla, məqsədyönlü şəkildə, dayanmadan, ardıcıl olaraq səy göstərilməlidir! Artıq azanın səsi ucaldı.
Ümidvaram ki, İnşallah, Allah-Taalanın lütfü və dəstəyi ilə, siz tələbələr keçdiyiniz bu mərhələdə – ölkəmizin belə bir həssas dönəmində sınaqlardan layiqincə çıxacaq və vətənimizin tərəqqisi üçün bir vasitə olacaqsınız.
İlahi! Bu əziz gəncləri öz lütfünün kölgəsi altına al, doğru yola istiqamətləndirərək himayə et! Qoy onların varlığı dünyada və axirətdə bu ölkə üçün dəyərli zəxirə olsun! Onlara bütün meydanlarda qələbəni nəsib et! İlahi! Mübarək Ramazan ayının bu günləri münasibətilə özünün bərəkətli mənəvi nemət və bəxşişlərini gənclərimizin pak qəlblərinə yağdır! Zəmanənin sahibinin (ə.f) müqəddəs qəlbini bizim hamımızdan razı və məmnun et!
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!