Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Əlinin doğum gününün ildönümündə edilən çıxış

Mehriban və bağışlayan Allahın adı ilə!

Bütün dünyada azadlıq tərəfdarı olan hər bir kəs üçün, həqiqətən də, əlamətdar olan bu mübarək doğum günü münasibətilə sizləri səmimi-qəlbdən təbrik edirəm. Əli ibn Əbu Talibi (ə) uzaqdan belə olsun tanıyan hər bir şəxs, əlbəttə ki, bu dahi insanın doğum gününü xatırlayarkən sevinc və şadlıq hissləri keçirir. Biz müsəlmanların, xüsusən də Əmirəl-mömininin (ə) şiələrinin bu böyük şəxsiyyətin qarşısında öhdəsinə düşən bəzi vəzifələr var, bəzi məsuliyyətlər var.

Əmirəl-mömininin (ə) Allah-Taalanın dərgahında malik olduğu məqam bu dahi və böyük insana yorulmadan göstərdiyi səyləri, ibadəti, fədakarlığı və zəhmətkeşliyi sayəsində nəsib olmuşdur. Uca Yaradan belə böyük insanları xəlq etməzdən öncə onların üzləşəcəkləri sınaqlardan necə çıxacaqlarından xəbərdardır. Bu sınaqların mükafatı isə Uca Tanrının bu müqəddəs insanın və digər məsumların (ə) vücudunda cəmləşdirdiyi pak xislət, ali yaranış və digər gözəl xüsusiyyətlərdir. Məhz həmin xüsusiyyətlər Əmirəl-mömininin (ə) İslam Peyğəmbərinin (s) gözündə elə bir ali rütbə və böyük məqam qazanmasına səbəb olmuşdur.

Əhli-sünnənin rəvayətlərində Peyğəmbərin (s) Əmirəl-mömininə (ə) (hər ikisinə Allahın salam və salavatı olsun!) bəslədiyi məhəbbət barədə bütün müsəlmanlar üçün düşündürücü və diqqətəlayiq ola biləcək mətləblər vardır. Tirmizinin əhli-sünnənin mötəbər mənbələrindən biri olan “Sünən” kitabında Ummul-möminin Aişənin dilindən belə nəql olunur:

اله) من علىّ ما خلق اللَّه خلقا احبّ الى رسول اللَّه (صلّى اللَّه عليه و

Yəni o xanımın şəxsən özü şahidlik edir ki, xəlq edilmişlərin içərisində kəramətli İslam Peyğəmbərinin (s) yanında, o Həzrətin gözündə Əmirəl-möminindən (ə) daha sevimli və istəkli bir insan olmamışdır. 

Həmçinin əhli-sünnənin 4 mötəbər imamından biri olan Əhməd Hənbəlin qeyd etdiyi digər bir rəvayətdə Əsma bint Ümeysin dilindən belə nəql olunur ki, Allahın Rəsulu (s) əllərini duaya açaraq dedi:

للّهمّ انّى اقول لك كما قال اخىموسى اجعل لى وزيرا من اهلى اشدد به ازرى و اشركه فى امرى علىّ كى نسبّحك كثيرا و نذكرك كثيرا

 

Yəni əziz İslam Peyğəmbəri (s) Uca Tanrıya xitabən deyir: “Pərvərdigara! Musa peyğəmbər Səndən özü üçün bir köməkçi,  işlərində ona yardımçı ola biləcək, daim onun yanında sağ əli ola biləcək bir ortaq təyin etməyini dilədiyi kimi mənim də Səndən diləyim budur ki, Əlini (ə) mənim köməkçim, ortağım və güclü qolum təyin edəsən”.

Bu faktlar İslam dünyasının gözü önündədir. Əmirəl-mömininin (ə) malik olduğu həmin mənəvi məqamlar, Allah-Taalaya o dərəcədə yaxın olması, Uca Yaradanın bu müqəddəs zatlara bəxş etdiyi qüdrət bizim kimilərin dərki xaricindədir. Lakin bütün bunlar bizim gözlərimiz önündədir. Bunları hamı görür və anlayır. Əmirəl-möminin (ə) İslami tərbiyəyə ən ali bir nümunədir; o, həm xidmət, səy və zəhmət dövrünü, həm qürbət dövrünü, həm də hakimiyyət və rəhbərlik dövrünü keçmişdir. Bu mərhələlərdən hər biri İslam ümməti üçün ibrət dərsləri ilə doludur. Əgər biz bu gün həmin dərslərə əməl etsək, hidayət, kamillik və yüksəlişin ən doğru yolu qarşımızda açılmış olar. Bu həqiqətlərdən məhz bu şəkildə yararlanmaq lazımdır, bu ibrət dərslərini mənimsəmək lazımdır.

Əmirəl-mömininin (ə) ömür kitabını vərəqləyərkən onun daxili keyfiyyətlərini və istedadlarını vəsf edən saysız-hesabsız sətirlər arasında belə məqamlara rast gəlirik ki, bu dahi insan özünün keşməkeşli həyatı boyunca yorulmaq bilmədən bəzi şeylərə can atmışdır; ədalət  və birlik də bu gözəl keyfiyyətlər sırasındadır. Bunlar bizim üçün bir dərsdir. İslam ümmətinin vəhdəti Əmirəl-möminin (ə) üçün olduqca önəmli idi. Həmçinin İslam ümməti içərisində ədalətin bərqərar olunması da Əmirəl-möminin (ə) üçün böyük əhəmiyyət daşıyırdı. Hər iki məqamda o dahi şəxsiyyətin daim rəhbər tutduğu haqqı tələbetmə prinsipi özünü büruzə verir – həm ədalət ardınca gedərək həyatının ən çətin sınaqlarına, istəmədən düçar edildiyi əngəllərə, ağır zəhmət və çətinliklərə, döyüşlərə dözdüyü məqamda (hakimiyyətdə olduğu qısa müddət ərzində üç müharibə ilə üzləşmiş, ədalət arxasınca getdiyi üçün bütün bu çətinliklərə dözmüş, belə bir məqamda haqqın qətiyyətli carçısı olmuşdur), həm də Allahın xatirinə, İslamın mənafeyi, müsəlmanların vəhdəti naminə özünün açıq-aydın haqlarının tapdalanmasına göz yumaraq mübarizədən vaz keçdiyi məqamda... Bütün bu məqamlarda Əmirəl-möminin (ə) İslamın, müsəlmanların, İslam cəmiyyətinin, müsəlman vəhdətinin keşiyində durur:

فامسكت يدى حتّى رأيت راجعة النّاس قد رجعت عن الاسلام يدعون الى محقّ دين محمّد (صلّى اللَّه عليه واله)

“İslam dininin, müsəlman toplumunun mənafeyinin ortaya qoyulduğunu gördükdə artıq susmağı qeyri-mümkün hesab etdim, vəhdət yaratmaq üçün meydana atıldım”.

Bu sözlər Peyğəmbərin (s) dünyadan köçdüyü ilk dövrdə – Əmirəl-möminin (ə) üçün çətin sınaqlarla dolu, əzab-əziyyətlə keçən bir dövrdə söylənilmişdir. Burada da Həzrət Əli (ə) qətiyyətlə haqqın arxasınca gedir. Və bu məqamda haqq olan məhz vəhdətdir. Bunlar bizim üçün ibrət dərsidir.

İslam cəmiyyəti bütün dövrlərdə ədalətsizlik sarıdan bir sıra zərbələrə məruz qalmışdır; dağınıqlıq, nifaq, fərdlərin bir-birindən ayrılaraq qarşıdurmaya girməsi sarıdan zərbə almışdır. İslam dünyasına zərbə vuran məhz bu kimi məsələlər olmuşdur. İslam tarixinə (xüsusilə də son əsrlərə) diqqətlə nəzər salsanız, bunu daha da aydın görə bilərsiniz. İslam dünyasının birlik və həmrəyliyə böyük ehtiyacı var. Əmirəl-möminin (ə) İslam dünyasının vəhdət və həmrəyliyinin mehvəri olmalıdır. İslam düşmənləri Həzrət Əlinin (ə) – özü birlik və həmrəylik üçün vasitə olan Əmirəl-mömininin (ə) vasitəsilə müsəlman tayfalar arasında ixtilaf yaratmaq niyyətindədirlər. İslam dünyası mütləq bu cür məsələlərdən gözdə-qulaqda olmalıdır.

Bu gün müsəlmanlar şiə və sünni arasında ixtilaf yaratmaq məqsədilə şiələrə tənə vuran, cürbəcür xoşagəlməz sözlər danışan, ortalığa hərc-mərclik salan şəxsləri görməlidirlər. Bu, biri tərəfdən də eynilə bu cürdür; digər tərəfdən də bir sıra şəxslər öz müsəlman qardaşlarını provokasiya edir, emosiyalarını qıcıqlandıraraq onları incik salırlar. İslam dünyası vəhdətdə olmalıdır. Bu gün dünyaya məhz bu lazımdır. Bu gün İslam cəmiyyətinin ehtiyacları məhz bunu tələb edir ki, müsəlman toplumları vəhdətdə olsunlar, bir-birlərinin arxasında dursunlar, birlik və həmrəylik nümayiş etdirsinlər, düşmənlərin onların zəif cəhətindən istifadə etməsinə əsla imkan  verməsinlər. Həmin düşmənlər öz-özlüyündə heç bir qüdrətə malik deyillər. İsrail nədir ki? Sionist düşmənin sayı 1,5 milyard müsəlmanın önündə ciddiyyət kəsb edən bir ədəd deyil. İslam dünyasında mövcud olan ixtilaf – İslam dünyasının daxilində mövcud olan bu nöqsanlı, zəif cəhət düşmənin müsəlman toplumlarına yol tapmasına, havadar tapmasına səbəb olur; düşmənin elə müsəlman qardaşların arasından özünə tərəfdar tapmasına səbəb olur.

Bu məsələyə İran xalqı da xüsusi diqqət yetirməlidir. Biz vahid bir xalqıq. İslam bizi birləşdirmişdir. İslam İnqilabı bizi qəflət yuxusundan oyatmış, qəlblərimizi biri-birinə yaxınlaşdırmış, stimullarımızı bir-biri ilə çulğalaşdırmış, bizi bir-birimizlə birləşdirmişdir. Biz İslam dövlətinin, İslam dininin, müsəlmanların və İranın düşmənlərinə qarşı möhkəm və qüdrətli bir yumruqda birləşmişik! Düşmənlər bizim bu güc birliyimizi, söz birliyimizi darmadağın etmək, camaat arasına nifaq salmaq, ixtilaf və qarşıdurma yaratmaq, habelə qardaşla qardaşı üz-üzə qoymaq intizarındadırlar. İran xalqı ayıq-sayıq olmalıdır!

İran xalqının möhtəşəm bir olaya imza atdığı 22 iyun prezident seçkiləri, əslində, böyük bir tarixi hadisə idi. Təqribən 40 milyon seçicinin, yəni səsvermə hüququ olan insanların 85 faizinin seçki qutularına yaxınlaşaraq səsvermədə iştirak etməsi dünya üzrə rekord göstəricilərdən idi. Bu hadisə İran xalqına olduqca böyük nüfuz qazandırdı, bu əzəmətli xalqın qüdrətini xeyli artırdı; İslam İnqilabına nüfuz qazandırdı. Bu hadisə bir daha nümayiş etdirdi ki, İslam İnqilabı 30 il keçməsinə baxmayaraq hələ də xalqı ölkənin ictimai-siyasi meydanlarına çıxarmaq qüdrətinə bu dərəcədə malikdir. Düşmənlər camaat arasında ixtilaf yaratmaq üçün dərhal işə başladılar; buna müəyyən qədər müvəffəq də ola bildilər. Lakin xalq düşmənin əməllərini mütləq zərərsizləşdirməlidir!

İslam Respublikası dövlət quruluşunun yürütdüyü siyasət açıq-aydın bir siyasətdir. Bizim baxış aspektimizə görə, bizim zənnimizə əsasən, prezidentliyə namizədlər arasında gedən rəqabət vahid bir ailənin daxilində gedən rəqabətə bənzəyir ki, bəzən emosionallığa da səbəb olur. Bəzən bir ailənin içərisində iki qardaşın da bir-birinə qarşı çıxması mümkündür. Bunun düşmənə nə aidiyyəti var? Yadlara, biganələrə nə dəxli var? Bu olayda müxtəlif siyasət və təbliğat səviyyələrində meydana atılan yadellilərin niyyəti ixtilaf və qarşıdurma törətmək, xalqın arasına uçurum salmaqdan ibarət idi. Bəzi Qərb administrasiyaları ölkə Prezidenti, Baş nazir, Xarici İşlər naziri və müxtəlif ölkə rəsmiləri səviyyəsində açıq-aşkar surətdə İran xalqının daxili məsələlərinə müdaxilə etdilər. Axı sizə nə aidiyyəti var? Nəyə görə İran xalqına aid olan bir olaya müdaxilə edirsiniz? Müdaxilə edirlər, sonra da deyirlər ki, “Biz İranın daxili işlərinə qarışmırıq”... Bəs bütün bu müdaxilələr necə olur? İğtişaşçılığa təhriketmə müdaxilə deyilmi? İran xalqını iğtişaşçı bir xalq kimi qələmə verdilər. Bu, müdaxilə deyil? Təhqir deyil? İki qrup – biri bu, digəri isə başqa bir namizədə səs vermişlər. Səsvermənin nəticələri bəlli olandan sonra əksəriyyət qazanmış və azlıq təşkil etmiş tərəflər var, mövcud qaydalar var... İkinci qrupun dəstəklədiyi namizəd səs çoxluğu qazanmamışsa, təbii ki, bu tərəfin ovqatı təlx ola bilər. Lakin bu, iğtişaş demək deyil! Bu insanlar əsla iğtişaşçı deyillər. İğtişaşçılar məhdud sayda bir qrupu təşkil edirlər. İğtişaşçılar bəzi Qərb dövlətlərinin İranda iğtişaşlar törətmək üçün müəyyən etdiyi büdcəni xərcləyənlərdir. ABŞ və Avropanın KİV-i (əksər hallarda bunlar sionistlərin təsiri altında fəaliyyət göstərirlər və İran xalqının, İslam dininin, İslam Respublikasının düşmənlərinin ehtiyat qüvvələridirlər) bütövlükdə İran xalqını iğtişaşçı kimi qələmə verirlər.

Biz xəbərdarlıq edirik – İran xalqı ölkəmizin daxili bir məsələsindən İran xalqının əleyhinə istifadə etmək istəyən bəzi ölkə başçılarına xəbərdarlıq edir: Diqqətli olun! İran xalqı baş verənlərə əks-reaksiya nümayiş etdirəcək!

Əvvəla, bunu hamı – imperialist dövlətlərin başçıları, İslam Respublikasının daxili işlərinə qarışıb yersiz boşboğazlıq edənlər bilsinlər: İran xalqının öz arasında ixtilaf mövcud olsa belə, sizin – İran xalqının düşmənlərinin ayağı meydana dəyən kimi bu xalq bir araya gələcək və sizin əleyhinizə bir əlin möhkəm yumruğu kimi birləşəcəkdir!       

Heç də belə deyil ki, siz öz yanınızdan hansısa bir cərəyanı dəstəkləyib himayə etdiyinizi düşünəcəksiniz və həmin cərəyan da sizə tərəf meyillənəcək. Əsla! Bizim 30 illik təcrübəmiz var. 30 il ərzində bu xalq sizin etdiyiniz düşmənçilikləri hafizəsinə həkk etmişdir. Xalq sizin nə etmək istədiyinizi, nə işlə məşğul olduğunuzu yaxşı anlayır. Bəzi adlar çəkərək: “Biz filankəsləri müdafiə edirik” – deyə bəhanə gətirirlər. Yalandır! Əslində, onların məqsədi kimi isə müdafiə etmək yox, ixtilaf və hərc-mərclik yaratmaqdır. Onların əsl məqsədi İran xalqının, bu xalqın görkəmli nümayəndələrinin arasında bir-birinə qarşı pessimizm toxumu səpməkdir. Yalan deyirlər!

Onların kin-küdurətlə dolu ürəklərində yalnız belə bir arzu yaşayır ki, bu müstəqil dövlət aradan getsin, onların zorakılığına qarşı mətinliklə duran bu ölkədən baş qaldırmış bu şərəf və qətiyyət tamamilə yox olsun.  Onların arzusu, bax budur! Onlar İslam Respublikasında fərdlər arasında şəxsiyyətinə görə heç bir fərq qoymurlar. Bu dövlətə, bu Konstitusiyaya, İran xalqının amallarına qəlbən bağlı və sədaqətli olan hər bir kəs onların gözündə düşməndir.  Onlar İslam Respublikasının varlığını qətiyyən istəmirlər! İstədikləri yalnız budur ki, keçmiş dövrlərdə olduğu kimi bu gün də qarşılarında müti və itaətkar, marionet bir dövlət onların əmrinə müntəzir halda dursun. Onlar çalışıb-vuruşduqları, bax buna görədir! Bu, onların utopik yuxusudur!

İslam Respublikası quruluşundan özlərinə qarşı müşahidə etdikləri 30 illik müqavimət təcrübəsi hələ də onları yuxudan ayıltmayıb. Bu xalq onların təcavüzkar və zorakı rəhbərlərinin dəfələrlə ağzının payını verib; bu da onları oyatmayıb, özlərinə gətirməyib. Bunların hələ də bizim ölkəmizə, bizim xalqımıza qarşı tamahı var. Lakin səhv edirlər; böyük səhv edirlər. Şübhəsiz ki, bu səhvin əziyyətini də özləri çəkəcəklər.

Biz həmin dövlətlərdən düşməncəsinə etdikləri bəyanatların və davranışların hesabını mütləq çəkəcəyik. Qoy xəbərləri olsun: bütün bu düşmənçilikləri onların hesabına yazacağıq! Bu cür davranışlar İslam Respublikasının həmin müdaxiləçi dövlətlərlə gələcək əlaqələrinə və qarşılıqlı həmkarlığına mənfi təsir göstərəcək; şübhəsiz! Bunu bilsinlər, anlasınlar. İran xalqı zorakılığa dözəcək bir xalq deyil. İran xalqı qüdrətli bir xalqdır! İslam Respublikası quruluşu köklü-köməcli, özünü sübut etmiş bir quruluşdur! İslam Respublikasının rəsmiləri öz aralarında yüz kərə ixtilafda olsalar belə, onların hamısı düşmənə qarşı mübarizə aparmaqda, bu ölkənin müstəqilliyinin keşiyində durmaqda bir-biri ilə yekdil və əlbirdirlər. Düşmənlər bunu bilsinlər! Elə təsəvvür etməsinlər ki, İran xalqının arasına təfriqə sala biləcəklər!

Təəssüflər olsun ki, İslam Respublikasına və İran xalqına qarşı bədxah niyyətdə olan belə bir təxribatçı piarla məşğul olan həmin kütləvi informasiya orqanlarının ölkənin içərisində də ardıcılları var və bu, günümüzdə ortalığa çıxmış bir məsələ deyil. Müqəddəs Müdafiə Hərəkatı illərində də belə olmuşdur. Həmin kütləvi təbliğat orqanları da özlərinə gəlsinlər və bilsinlər ki, bu yırtıcı canavarların himayədarlığı sayəsində heç nə əldə etməyəcəklər. Onlar yalnız özlərini düşünür, öz mənafelərini güdürlər. İnsanlardan öz mənafelərinə uyğun olduğu müddətdə istifadə edirlər; eynilə Məhəmməd Rzadan və Səddamdan istifadə etdikləri kimi. Və artıq işlərinə yaramadıqda kirli bir salfet kimi əzişdirib bir kənara tullayırlar; necə ki, Məhəmməd Rza şahın acınacaqlı və çətin günlərində onu himayə etmədilər, Səddamın ifşa edildiyi çətin vaxtlarında ona arxa olmadılar. Onlara heç kəs bel bağlamasın! Xalqımız, ziyalılarımız və görkəmli insanlarımız ayıq-sayıq və müdrikdirlər. Təəssüf ki, bunların çaldığı ilə oynayan və yalanlarına inanan azsaylı insanlar da vardır. Bu şəxslərin aldanması da onlara yanlış siqnallar verir, onlar da öz növbələrində bunların verdiyi yanlış siqnallara aldanmış olurlar. Xalq ayıq-sayıq və uzaqgörəndir və daim bu ayıq-sayıqlığını qoruyub-saxlamalıdır. Mənim bütün İran xalqına tövsiyəm bundan ibarətdir:

Bu gün bizə hər şeydən çox ayıq-sayıq olmaq, dostu düşməndən seçməyi bacarmaq lazımdır. Məbada dostu düşmənlə səhv salasınız! Məbada dostla düşməni qarışdırasınız! Məbada düşmənə qarşı nümayiş etdirilməli olan davranışı dosta qarşı nümayiş etdirəsiniz! Mən bunu bütün partiya və cinahlara üz tutaraq deyirəm!

Təbii ki, İslam dövləti xalqın asayiş və təhlükəsizliyini pozanlara qarşı ciddi mübarizə aparacaq. Bu, qurumun vəzifəsidir. İslam dövləti düşmənin yalanlarına və məkrli planlarına aldanmış hansısa şəxslərin camaatın yaşayışını bərbad etməsinə, asayişini pozmasına, gənclərini təhlükəyə atmasına əsla icazə verməyəcək! Bu diyarın balaları əzizdirlər! Hamısı əzizdirlər! Qurum buna qətiyyən icazə verməyəcək! Lakin hər kəs buna da diqqət yetirməlidir ki, qətiyyən dostla düşməni səhv salmaq olmaz! Dostu bircə səhv ucbatından düşmən kimi qəbul etməməliyik. Digər tərəfdən də bir qrup şəxs bədxah qan düşmənlərimizi dost tutmamalı, onların sözlərinə qulaq asaraq əhəmiyyət verməməlidirlər!

Düşmən qarmaqarışıqlıqda yaranmış fürsətdən öz xeyrinə istifadə edə biləcəyinə böyük ümid bəsləyirdi və onun yol verdiyi davranışlar məhz bundan qaynaqlanırdı. Allaha həmd olsun ki, bu fitnə-fəsad boşa çıxaraq sona çatdı. Haqqın qarşısında, müdrik və uazqgörən bir xalqın qarşısında hər cür fitnə-fəsad boşa çıxır, toz-tozanaq yatır! Həmişə bu cürdür!

Bir qrup düşmənin, reallıqdan xəbərdar olmayan bir qrup qafillərin əli ilə ortalığa atılmış söz-söhbətlər aradan gedir və baş vermiş olayın əsl mahiyyəti üzə çıxır. Olayın  əsl mahiyyəti isə bundan ibarətdir ki, möhtəşəm bir seçkidə İran xalqının təxminən 40 milyon nəfəri iştirak etmişdir. Hadisənin əsl mahiyyəti, bax budur! Bu hadisənin gerçək reallığıdır. İslam İnqilabından 30 il ötəndən sonra 40 milyon insan özünün seçkidə iştirakı ilə mövcud dövlət quruluşuna etimadını, ölkənin gələcəyinə inamını nümayiş etdirmişdir. Bax, hadisənin bu əsl mahiyyəti daima qalacaq. Olayın əsl mahiyyəti budur ki, ölkə prezidenti xalqın 24 milyondan artıq səs çoxluğu ilə seçilmişdir. Bunlar hadisənin mahiyyətini təşkil edir. Düşməni sevindirən qəsdən qaldırılmış toz-tozanaq, kənar məsələlər, söz-söhbətlər və olaylar bitəcək, bu həqiqət isə həmişə qalacaqdır:

فأمّا الزّبد فيذهب جفاء و امّا ما ينفع النّاس فيمكث فى الأرض

“...Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar...” (“Rəd” surəsi, ayə 17)

 

Əlbəttə, ölkə rəsmiləri də, seçilmiş ölkə prezidenti də xalq tərəfdən bu səviyyədə qiymətləndirilməyin qədrini bilməlidirlər. Xalqın bu diqqətinə görə şükür və minnətdarlıq yalnız bundan ibarətdir ki, onlar insanların problem və qayğılarını həll etmək üçün mükəmməl və hərtərəfli xidmət göstərməli, ölkənin tərəqqi və yüksəlişi, habelə böyük İran xalqının vəhdətinin qorunması uğrunda əllərindən gələni əsirgəməməli, bu yolda ciddi səy göstərməlidirlər. Bunlar real olan həqiqətlərdir. Sizlər – İran xalqı bu zaman kəsiyində böyük bir iş görmüsünüz, böyük bir olaya imza atmısınız. Uca Yaradan Öz qüdrəti ilə sizin bu əməlinizi bərəkətləndirəcək və mükəmməlləşdirəcək. Vəzifəli şəxslərin şükür və minnətdarlığı xalqın xidmətində durmaqdan ibarətdir. Xalqın şükür və minnətdarlığı isə birlik və həmrəyliyi qoruyub-saxlamaqdır; birlik və həmrəyliyi, ayıq-sayıqlığı, qardaşlığı, bir-birinə olan optimist, müsbət yanaşmasını qoruyub-saxlamaq! Düşmən bunu qətiyyən istəmir. Sizlər də çalışın ki, düşməni qəzəbləndirib özündən çıxaran, Həzrət imam Sahibəz-Zəmanın (ruhlarımız ona fəda olsun!) müqəddəs qəlbini sevindirən bütün işləri görəsiniz; bu işlər isə, qeyd etdiyim kimi, İran xalqının birliyi, həmrəyliyi, mehribanlığı, əl-ələ verməsi, optimist əhval-ruhiyyədə olması və inqilabi hərəkatını davam etdirməsidir.

Ümidvaram ki, Həzrət imam Sahibəz-Zəmanın (ə.f) duası sizlərə şamil olacaq və İnşaallah, imam Xomeyninin (r.ə) və şəhidlərin pak ruhları sizlərdən məmnun qalacaq.

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

 
Seyid Əli Xamenei
06 iyul 2009-cu il