Ali Məqamlı Rəhbərin informasiya bloku

İran İslam Respublikasının Ali Məqamlı Rəhbərinin imamətliyi ilə qılınan cümə namazının xütbələri

Birinci xütbə

بسم ‏اللَّه‏الرّحمن‏الرّحيم‏

و الحمدللَّه ربّ العالمين نحمده و نستعينه و نتوكّل عليه و نستغفره و نصلّى و نسلّم على حبيبه و نجيبه و خيرته فى خلقه حافظ سرّه و مبلّغ رسالاته بشير رحمته و نذير نقمته سيّدنا و نبيّنا ابى‏القاسم المصطفى محمّد و على اله الأطيبين الأطهرين المنتجبين الهداة المهديّين المعصومين سيّما بقيّةاللَّه فى العالمين و السّلام على ائمّة المسلمين و حماة المستضعفين و هداة المؤمنين.

Hikmətli Allah Öz kitabında belə buyurur:

هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالأرْضِ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

“Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə Öz dərgahından xatircəmlik, rahatlıq və mənəvi möhkəmlik göndərən Odur. Göylərdəki və yerdəki ordular (həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən ixtiyara malik olmayanlar) Allahın ixtiyarındadır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (“Fəth” surəsi, ayə 4)

Əziz qardaş və bacılarımızın hamısına tövsiyəm budur ki, hər bir halda İlahi təqvaya riayət etsinlər, Uca Yaradana diqqət yetirsinlər, Allah-Taalanın mərhəmət və fəzilətinə ürəkdən inansınlar. Mən hər kəsi buna dəvət edirəm. Əgər biz ilahi təqvanı özümüz üçün adət halına sala bilsək, hər bir halda qəlbimiz yalnız Allaha doğru yönəlmiş olsa və daim Tanrının müqəddəs zatının hüzurunda durduğumuzu unutmasaq (təqvanın əsl mənası da elə budur), sözsüz ki, Allah-Taalanın bərəkəti, mərhəməti və dəstəyi bizə şamil ediləcək. Hər həftə cümə namazı qılan, diqqətini Tanrıya doğru yönəldən insanlar təqvanın bu heyranedici mənasını qəlblərindən keçirməli, təqvanı özlərinə təlqin etməlidirlər.

Yaşadığımız günlər bir yandan Siddiqeyi-Kubra Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum gününə təsadüf etməklə yanaşı, digər tərəfdən də rəcəb ayının olduqca dəyərli və qənimət sayıla biləcək günləri, zikr, dua və Allah-Taalaya diqqət yönəltmək vaxtıdır. Oxuduğum ayə möminlərə müjdə verərək “Səkineye-İlahi”nin nazil edilməsi barədə xatırladır. “Səkineye-İlahi” dedikdə növbənöv mənəvi və ictimai narahatlıqlar, keşməkeşlər müqabilində daxili rahatlıq, dinclik və arxayınlıq başa düşülür. Bu ayə Hüdeybiyyə məsələsi ilə bağlıdır. Belə ki, hicrətin 6-cı ilində əziz Peyğəmbərin (s) öz dostlarından və səhabələrindən bir neçə yüz nəfərlə ümrə həccini yerinə yetirmək məqsədilə Mədinədən Məkkəyə doğru hərəkət edərkən bir neçə baxımdan möminlərin qəlblərini təlatümə gətirən hadisələr baş vermişdir. Bir tərəfdən, düşmənlər yaxşı təchiz olunmuş qüvvə ilə onları mühasirəyə almışdılar. Möminlər Mədinədən uzaqlaşmışdılar (Hüdeybiyyə Məkkə şəhərinin yaxınlığında yerləşir), düşmən qüvvələrinin isə Məkkədə dəstəyi, çoxlu sayda silahı və canlı qüvvəsi var idi. Bu, işin möminlərdən bir çoxunu təşvişə salan, qəlblərini narahat edən tərəflərindən biri idi. Digər tərəfdən isə Peyğəmbəri-Əkrəm (s) sonralar hamı üçün aşkar olan gizli və əzəmətli İlahi  siyasətlə onunla danışıqlar aparmağa gəlmiş kafirlərə bəzi məsələlərlə bağlı güzəştə getmişdi: kafirlər möminlər tərəfindən təqdim olunan yazıda “Rəhman” və “Rəhim” adlarının, “Bismillah” kəlməsinin ixtisar olunmasını tələb etmişdilər, Peyğəmbər (s) də bunu qəbul etmişdi. Bu qəbildən olan bir neçə məsələ də baş vermiş, möminlərin qəlbini incitmiş, təşvişə və şəkk-şübhəyə salmışdı.

İslama itaət edən möminlərin qəlbində istər şəxsi, istərsə də ictimai problemlər zəminində bu kimi müxtəlif iztirab və təşvişlər yarandıqda “Səkineye-İlahi”nin ‒ Tanrı tərəfdən mənəvi aramlıq və rahatlığın nazil edilməsini gözləmək lazımdır. O zaman Allah-Taala belə buyurur:

هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ

“Möminlərin ürəklərinə Öz dərgahından xatircəmlik, rahatlıq və mənəvi möhkəmlik göndərən Odur”. (“Fəth” surəsi, ayə 4)

Tanrı qəlbləri qüvvətləndirdi, onlara rahatlıq bəxş etdi, mənəvi təlatümdən çıxardı və müsəlmanlar Allah-Taalanın onlara əta etdiyi bu mənəvi sakitlik nəticəsində mənəvi-psixoloji baxımdan rahatlıq tapdılar. Məhz o vaxt Tanrının nazil etdiyi İlahi mənəvi sakitliyin nəticəsi belə olur:

لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ

“...Möminlərin imanı üstünə iman artırmaq üçün”. (“Fəth” surəsi, ayə 4)

O zaman iman toxumu onların qəlbində daha da dərinlərə nüfuz edir, iman nuru onların qəlbini daha da işıqlandırır və imanları bir qədər də güclənir. Elə buna görə də müsəlman bir toplum, mömin bir cəmiyyət üçün Tanrıya münasibətdə optimist olmaq, Allahın onların yardımçısı olduğuna inanmaq olduqca mühümdür. Müsəlmanlar bilməlidirlər ki, Allah-Taala həmişə haqq yolun yolçularının arxası və dayağıdır. Qəlblər qüvvə tapanda atılan addımlar daha da möhkəm və qətiyyətli olur. Addımlar möhkəmləndikdə və yol asanlıqla qət edilir, hədəfə daha tez yaxınlaşmaq mümkün olur.

İslamın düşmənlərinin istəyi həmişə bu olmuşdur ki, möminlərin qəlblərini təşvişə salıb iztirablara düçar etsinlər. İslam tarixi boyunca bu qəbildən olan bir çox hadisələr baş vermişdir. İslamdan öncə də sonuncu Peyğəmbərdən (s) əvvəl gələn peyğəmbərlərin cihad hərəkatı zamanı öz imanının möhkəmliyini qoruyub-saxlamağı bacaran möminlər mənəvi dinclik və rahatlıq tapmışlar. Bu mənəvi aramlıq onların öz davranışlarını qəlblərindəki imana müvafiq istiqamətləndirməsinə lazımi şərait yaratmışdır. Onlar əsla təşvişə düşməmiş, iztirab yaşamamış, düz yoldan sapmamışlar. Belə ki, mənəvi təşviş və daxili iztirab halında doğru yolu tapmaq daha da çətinləşir. Mənəvi cəhətdən rahat və arxayın olan insan isə düzgün fikirləşir, düzgün qərarlar qəbul edərək düzgün də addımlar atır. Bunlar İlahi mərhəmətin nişanələridir.

Bu gün bizim inqilabi cəmiyyətimizin, mömin camaatımızın məhz buna ehtiyacı vardır ki, özündə mümkün qədər çox belə bir mənəvi rahatlıq, sakitlik, arxayınlıq və vüqar formalaşdırsın.

أَلا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوب

 “Qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aramlıq tapar!” (“Rəd” surəsi, ayə 9)

Qəlbləri bu dünyadakı həyatın keşməkeşlərindən salamat çıxaran məhz Allahı yada salmaqdır. Allahı yad etməyin qiymətini bilin! Qeyd etdiyimiz kimi, rəcəb ayı yaxınlaşır. Rəcəb ayının duaları mərifət ümmanıdır. Dua yalnız insanın öz qəlbini Allaha yaxınlaşdırmasından ibarət deyil. Əlbəttə, duada bu da var; duada öyrənmək və mənimsəmək də var; duada həm təlim, həm də ruhun saflaşdırılması var. Dualar – məsumlardan (ə) nəql olunan təsirli dualar  həm zehni aydınlaşdırır, həm bizə həyatda ehtiyac duyduğumuz müəyyən həqiqət və  bilikləri öyrədir, həm də qəlblərimizin diqqətini Allaha doğru yönəldir. Tanrını zikr edib xatırlamağa böyük dəyər vermək lazımdır. Elə sizin bu cümə namazınızın da mahiyyəti Allah-Taalanı yada salmaqdan ibarətdir.

فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ

“Allahı çox zikr edin”.(“Cümə” surəsi, ayə 9)

Burada Tanrının zikri, Uca Yaradanı yada salmaq sizin qəlblərinizə, dillərinizə və hərəkətlərinizə hakim olmalıdır. Qəlbiniz Allahı yad etmək, dilləriniz Onun müqəddəs adını zikr etmək, əl, ayaq və bədən hərəkətləriniz də Allahı anmaq və Onun əmrlərinə itaət etməklə məşğul olmalıdır. Bizlərdən hər birimizin ehtiyac duyduğu məhz bunlardır.

Sizə bildirim ki, İslam İnqilabının ilk illərindən indiyə qədər ötən 30 il ərzində ölkəmizin başına müxtəlif hadisələr (bu hadisələrdən bəziləri bir xalqı, bir quruluşu yerindən oynada biləcək, qonşu ölkələrdə baş verənlərin şahidi olduğumuz kimi, bir ölkəni çaşqınlığa düçar edəcək, nə etdiyinə, nə etməli olduğuna qərar verə bilməyəcək həddə gətirən hadisələr də olmuşdur) gəlmişdir. Lakin  obrazlı şəkildə desək, “İran İslam Respublikası” adlı sizlərin möhkəm imanına, güclü iradəsinə, nurlu qəlblərinə arxalanan, Allah-Taalanı zikr etməklə daha da möhkəmlənən bu əzəmətli gəmi həmin növbənöv fırtınalarda azacıq belə olsun, çətinliyə və xəsarətə düçar olmadı. Bu, Allahın mərhəmətinin bir nişanəsidir. Bu, Tanrının sizlərə ‒ əziz xalqımıza doğru istiqamətlənən fəzilətlərinin nişanəsidir.

İlahi fəzilətlərə layiq görülmək bir, bu fəzilətləri və İlahi rəhməti özündə qoruyub-saxlamaq isə digər bir məsələdir. Məbada özündən razılığa düçar olaq! Məbada Tanrının Öz yardım əlini bizə uzatdığını görüb, “Allah-Taalanın diqqəti artıq bizə doğru cəlb olunmuşdur” – deyərək üzərimizə düşən vəzifələrdən bixəbər olaq! Məbada qəlblərimiz Tanrını yad etməkdən uzaq düşsün! Xüsusilə də sizlərə ‒ harada olmasından asılı olmayaraq ölkənin  dörd bir yanında yaşayan əziz gənclərə üzümü tutaraq səslənirəm: Gənclər! Bu pak, nurani və yumşaq qəlblərinizin qədir-qiymətini bilin! Qəlblərinizi Allahı zikr edib anmaqla sirab edin. Qəlblərinizi Allahın zikri ilə ləbaləb doldurun ki, Uca Yaradan öz diqqət və mərhəmətini bu xalqın üzərindən heç vaxt əskik etməsin. Mənim bu gün dediklərimi eşidin və yadda saxlayın! Mən bu xalqı məhz belə görür, bu ölkədə tarix boyu öz başımıza gələnlərə və qonşu ölkələrin təcrübəsinə əsaslanaraq deyirəm ki, xalqımız Allahın yardımı və verdiyi güc-qüdrətlə  özünün bütün ali məqsədlərinə yetişəcək. Mən bunu yəqin bilirəm və bundan tamamilə əminəm.

Cəmiyyətimizdəki bu mənəvi atmosferin qədir-qiymətini bilin! Məbada siyasi emosiyalar bizi Allahdan yayındıra! Məbada hər bir ölkədə baş verən hərc-mərclik və dartışmalar – bunlar azad bir cəmiyyətdə təsadüf edilən tamamilə təbii hallardır – bizi çaşdıra və hara getmək, hansı yolla getmək istədiyimizi bilməyək! Bu inqilabın təməli elə ilk gündən sadiq imanla çırpınan pak qəlblər əsasında möhkəmləndi və bu yolun davamı da elə həmin möhkəm təməl üzərində salınacaq.

Bu qədər yayındırıcı amillərin mövcud olmasına baxmayaraq, Allaha şükürlər olsun ki, xalqımız imanlı, tanrısevər, din yolunu tutan, mənəviyyata önəm verən bir xalqdır. Bu gün maddiyyatın hakim kəsildiyi dünyada gənclər heyrət və çaşqınlıq içərisindədirlər. Mənəviyyatdan uzaq düşmək onları çaşqınlığa düçar etmişdir. Onlar özlərini itirmişlər və nə edəcəklərini bilmirlər. Onların filosof və mütəfəkkirləri də çaşıb-qalmışlar. Onlardan bəziləri problemlərinin yoluna qoyulması üçün yeganə çıxış yolunun mənəviyyata dönmək olduğunu artıq dərk etmişlər. Lakin onlar əldən verdikləri, son iki yüzillik ərzində Qərb ölkələrində daim müxtəlif üsullarla əzilib-tapdanmış mənəviyyatı necə geri qaytara bilərlər? Bu, heç də asan bir iş deyil! Bizim xalqımız isə onlardan tamamilə fərqlidir! Xalqımız bu ucsuz-bucaqsız mənəviyyat məcrası ilə hərəkət etmiş və məhz mənəviyyat sayəsində bu möhtəşəmlikdə bir inqilaba – İslam İnqilabına qələbə qazandırmağa nail olmuş, elə həmin mənəviyyat sayəsində də bu maddiyyatpərəst dünyada mənəviyyata söykənən İslami bir dövlət quruluşu yaratmağa, onun təməlini möhkəmlətməyə, cürbəcür hücumlardan və fırtınalardan qorumağa müvəffəq olmuşdur. Xalqımız zorla sürükləndiyi 8 illik məcburi müharibədən də məhz bu mənəviyyata arxalanaraq başıucalıq və qalibiyyətlə çıxmağa nail olmuşdur. Bu günün özündə də bizim gənclərimiz əksəriyyət etibarilə imanlı və mənəviyyata bağlıdırlar. Hətta zahirən mənəviyyata bir o qədər də meyilli deyilmiş kimi görünənlərin belə, həssas məqamlarda qəlbən Allaha bağlı olduğu açıq-aşkar hiss olunur. Mən dəfələrlə demişəm ki, qədr gecələrində, etikaf günlərində (Rəcəb ayının 13, 14 və 15-i “came məscidi”ndə yerinə yetirilən müstəhəb əməl), mübarək Ramazan bayramı günü qılınan namaz mərasimlərində insanın heç gümanına belə gəlməyəcək şəxslərin qəlblərinin diqqətini Allaha yönəldərək ibadət etdiklərinin şahidi olmaq mümkündür.

İlahi! Səni and veririk Qurana! Səni and veririk bizi doğru yola istiqamətləndirən Peyğəmbəri-Əkrəmə (s) və məsum imamlara (ə)! Qəlblərimizi mənəviyyatla əvvəlkindən də çox doldur! İlahi! Bizləri Qurandan və Əhli-beytdən (ə) uzaq salma! İlahi! Bu əzəmətli xalqın qəlbinə iman, təqva, İlahi rahatlıq və arxayınlıq  nazil et! İlahi! Bu qüdrətli və məzlum xalqı düşmənlərinin üzərində qələbəyə çatdır! İlahi! Qəlblərimizin diqqətini daim Özünə cəlb olunmuş surətdə saxla! İlahi! Bütün dediklərimizin və əməllərimizin Sənin naminə, Sənin yolunda olmasını bizə nəsib edərək onları bizdən qəbul et! İlahi! Bizim salamımızı təyin etdiyin Rəhbərin, Sənin Höccətin və saleh bəndən olan Həzrət imam Zamanın (ə.f) hüzuruna (ruhlarımız Ona fəda olsun!) yetir! O əzəmətli və aliməqam imamın (ə.f) bizim üçün etdiyi duaları müstəcab elə!

İkinci xütbə

بسم‏اللَّه‏الرّحمن‏الرّحيم‏

والحمدللَّه ربّ العالمين و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى‏القاسم المصطفى محمّد و على اله الأطيبين الأطهرين المنتجبين الهداة المهديّين المعصومين سيّما علىّ اميرالمؤمنين و حبيبته فاطمة الزّهراء و الحسن و الحسين سيّدى شباب اهل الجنّة و علىّ‏بن‏الحسين و محمّدبن‏علىّ و جعفربن‏محمّد و موسى‏بن‏جعفر و علىّ‏بن‏موسى و محمّدبن‏علىّ و علىّ‏بن‏محمّد و الحسن‏بن‏علىّ و الخلف القائم المهدىّ صلواتك عليهم اجمعين و صلّ على ائمّة المسلمين و حماة المستضعفين و هداة المؤمنين.

اوصيكم عباد اللَّه بتقوى اللَّه

Bu xütbədə də namazda iştirak edən bütün qardaş və bacıları təqvaya, pərhizkarlığa dəvət edirəm.

Bu xütbədə toxunmaq istədiyim məsələ ölkəmizin bu günündə aktual olan seçki məsələsidir. Üç qrup insana üzümü tutaraq üç mühüm məsələni qeyd etmək istəyirəm: ümumilikdə, ölkənin istənilən məntəqəsində yaşayan əziz xalqımıza üz tutaraq deyəcəklərim var; görkəmli siyasətçilərə, ölkə prezidentliyinə namizədlərə, seçki məsələsində fəal iştirak edən, habelə bu və ya digər dərəcədə seçkiyə aidiyyəti olan şəxslərə deyiləsi sözüm var; başda oturan imperialistlərə, bəzi Qərb dövlətlərinə və onların idarə etdiyi KİV-lərin rəhbərlərinə də üz tutaraq qeyd etmək istədiyim bir sıra mətləblər var. 

Sizlərə – sevimli xalqıma üz tutub demək istədiyim məsələ budur ki, mən sizə dünyalar qədər təzim, tərif və təşəkkür etmək istəyirəm. Mən öz çıxışlarımda və xütbələrimdə həmsöhbətlərim barədə mübaliğə ilə danışmağı, yaxud tərif deməyi əsla sevmirəm. Lakin bu dəfəki seçki ilə bağlı üzümü sizə – əziz camaatımıza tutub demək istəyirəm ki, mən sizin haqqınızda hər nə qədər mübaliğə ilə danışsam, yenə də azdır. Hətta mənim söhbətimdə tərif çaları olsa belə, yenə də eyb etməz. Siz olduqca böyük bir işə imza atmısınız! 22 xordad prezident seçkiləri xalqımızın öz ölkəsinin müqəddəratında nə qədər böyük məsuliyyət hissi duymasının əzəmətli nümayişi idi. Bu seçkilər xalqın öz ölkəsinin idarə olunmasında iştirak etməkdə nə dərəcədə maraqlı olmasının möhtəşəm bir nümayişi idi. Camaatın mövcud dövlət quruluşuna nə dərəcədə bağlı olmasının təmtəraqlı, bir nümayişi idi. Həqiqətən də, ölkəmizdə baş vermiş bu reallığın bənzərini mən hal-hazırda dünyanın heç bir yerində, cürbəcür demokratik quruluşların (istər zahiri və aldadıcı, istərsə də, həqiqətən, xalqın rəyini rəhbər tutan quruluşlar olsun) heç birində görmürəm. İslam Respublikasında da 1358-ci ildə (58-ci ilin fərvərdin ayında) ölkədə baş tutmuş referendumdan savayı keçən həftənin cümə günü sizlərin imza atdığınız hadisənin misli-bərabəri əsla görünməmişdir. Əhalinin 85 faizi – təqribən 40 milyon insan seçkidə iştirak edib! Bu cür möhtəşəm hadisələrin arxasında Həzrət imam Zamanın (ə.f) mübarək əlinin durduğu hiss olunur. Bu, Allah-Taalanın diqqətinin bir ölkəyə, bir xalqa cəlb olunmasının nişanəsidir. Mən sizlərə – ölkənin müxtəlif yerlərində yaşayan əziz xalqımıza sonsuz səmimiyyətlə öz dərin minnətdarlığımı bildirərək qarşınızda baş əymək istəyirəm. Həqiqətən də, sizin əməliniz buna layiqdir. 

Xüsusilə bizim gənc nəslimiz sübut etdi ki, İslam İnqilabının birinci nəslində müşahidə etdiyimiz həmin siyasi canlanma və həyəcanı yaşadır, eyni zamanda ölkənin ictimai-siyasi həyatında öhdəsinə düşən məsuliyyəti dərk edir. Fərq yalnız bundadır ki, inqilab dövründə baş verən olaylar qızmar kürə kimi qəlbləri cuşa gətirirdi. Daha sonra müharibə dövründə gəncləri hərəkətə gətirən başqa bir stimul da var idi. Hal-hazırda isə bunlar yoxdur, bununla belə bugünkü gənc nəslimiz həmin məsuliyyət hissini, öhdəsinə düşən ictimai-siyasi vəzifəni hiss edir, həmin həyəcan və canlanmanı yaşayır. Bu, heç də kiçik bir iş deyil! Şübhəsiz ki, insanlar bir-birindən fərqli ictimai-siyasi meyilliliklərə, zövqlərə və nəzər nöqtələrinə malikdirlər. Bir qrup insan konkret bir şəxsi, konkret fikirləri qəbul edir. Digər bir qrup isə başqa bir şəxsi və onun fikirlərini bəyənir. Bu var və tamamilə təbii bir prosesdir. Lakin qeyd etmək lazımdır ki, özünəməxsus rəyə malik olan bütün bu insanları gördükdə bütövlükdə cəmiyyətdə məsuliyyətlilik və öhdəsinə düşən vəzifəni hamılıqla dərk etmək hissi müşahidə olunur. Bu, xalqın öz ölkəsini, öz dövlət quruluşunu qorumaq işində öhdəsinə düşən məsuliyyəti dərk etməsi deməkdir. Hamı – böyüklü-kiçikli, şəhərlərdə və kəndlərdə yaşayanlar, müxtəlif etnosların və məzhəblərin nümayəndələri, kişilər, qadınlar, qocalar və cavanlar bu meydana atıldı. Hamı bu möhtəşəm hərəkatda iştirak etdi.

Əzizlərim! Bu seçki sizin düşmənləriniz üçün siyasi bir zəlzələ, dünyanın dörd bir yanında olan dostlarınız üçün isə həqiqi bir bayram idi. Tarixi bir bayram idi! İslam İnqilabının 30-cu ildönümü ərəfəsində camaat bir daha bu quruluşa, bu inqilaba və dahi imam Xomeyniyə (r.ə) öz sədaqətini bu cür möhtəşəm surətdə izhar etdi! Bu, camaatın imam Xomeyni (r.ə) ilə, şəhidlərlə öz əhd-peymanını təzələmək üçün apardığı ümummilli hərəkat idi. İslam Respublikası quruluşu üçün isə bu, alınan yeni bir nəfəs, atılan yeni bir addım və böyük bir fürsət idi. Bu seçki “dini demokratiya”nın nə demək olduğunu bütün aləmə sübut etdi. İslam Respublikası dövlət quruluşunu gözü götürməyənlər “dini əsaslı xalq hakimiyyəti”nin nə demək olduğunu bir daha gördülər. Dini demokratiya diktaturalar, istibdadçı hökumətlərlə mənəviyyatdan, dindən uzaq olan demokratiyalar arasında üçüncü bir yoldur. İnsanları özünə cəlb edən, xalqı meydanlara çəkib çıxaran məhz budur! Dini demokratiya artıq sınaqdan çıxdı! Bu, seçkilərlə əlaqədar  qeyd etmək istədiyim önəmli məqamlardan biri idi.                   

Seçki ilə bağlı qeyd etmək istədiyim digər bir məqam isə budur ki, 22 xordad prezident seçkiləri insanların bu ölkədə etimad, optimizm, ümummilli sevinc və fərəh hissləri ilə yaşadığını göstərdi. Bu, sizin düşmənlərinizin öz qərəzli təbliğatlarında yaydıqları bədxah sözlərə tutarlı bir cavabdır! Ölkədə yaşayan əhali sabaha nikbin nəzərlərlə baxmasa, seçkidə iştirak etməz, öz dövlət quruluşuna etimad bəsləməsə, seçkidə iştirak etməz, özünü azad hiss etməsə, seçkini müsbət qarşılamaz. Bu seçkidə xalqın dövlət quruluşu kimi İslam Respublikasına etimad bəslədiyi aşkara çıxdı. Bir qədər sonra qeyd edəcəyim kimi, düşmənlər elə xalqın bu etimadını hədəfə alıblar. İran xalqının düşmənləri bu etimadı yox etmək niyyətindədirlər. Bu etimad isə İran İslam Respublikasının ən dəyərli sərmayəsidir və düşmənlər onu bu sərmayədən məhrum etmək istəyirlər. Onlar bu seçkilərlə, xalqın göstərdiyi bu etimadla bağlı insanların qəlbinə şəkk-şübhə, tərəddüd toxumu səpmək, bununla da həmin böyük və ümumxalq etimadı laxlatmaq məqsədini güdürlər.

İran xalqının düşmənləri yaxşı bilirlər ki, xalqın mövcud quruluşa etimadı olmadığı təqdirdə onun ölkədə baş verən ictimai-siyasi hadisələrdə iştirakı zəifləyəcək, bu zaman isə qurumun legitimliyi şübhə altına düşəcək. Onların istədiyi də elə budur! Düşmənlərin məqsədi məhz budur! Onlar xalqın etimadını yox etmək, bununla da insanların ölkənin ictimai-siyasi həyatında yekdilliklə iştirakını get-gedə aradan götürmək, nəticədə isə İslam Respublikasını öz legitimliyindən məhrum etmək istəyirlər. Bunun ölkəyə və xalqa vuracağı ziyan isə banklara od vurmaqdan, yaxud avtobusları yandırmaqdan dəfələrlə böyükdür. Bunun zərərli nəticələri başqa heç bir şeylə müqayisə oluna bilməz. İnsanlar belə bir möhtəşəm addım ataraq seçkidə bu qədər böyük bir həvəslə iştirak edələr, daha sonra isə onlara “Siz mövcud quruluşa etimad göstərməkdə böyük səhv etmisiniz. Bu qurum etimada layiq deyildi!” – deyilə?! Düşmənin istədiyi, bax budur!

Onlar bu strategiyanı yürütməyə artıq seçkidən əvvəl – iki-üç ay bundan öncə başlamışdılar. Mən yeni ilin ilk günündə Məşhəd şəhərindəki çıxışımda qeyd etmişdim ki, düşmənlər seçkinin saxtalaşdırılacağı barədə elə hey şaiyələr yaymaqdadırlar. Onların məqsədi gələcək planları üçün müvafiq zəmin hazırlamaq idi. Mən o zaman ölkənin içərisindəki yoldaşlarımıza üzümü tutub xəbərdarlıq etdim və dedim ki, düşmənin camaatın zehninə yerləşdirmək niyyətində olduğu bu sözləri sizlər əsla ağzınıza alıb təkrarlamayın. Xalq İslam Respublikası dövlət quruluşuna etimad göstərir. Bu etimad asanlıqla əldə olunmayıb. 30 ildir ki, İslam Respublikası öz məsul vəzifəli şəxsləri, habelə gərgin səy və fəaliyyəti nəticəsində mövcud dövlət quruluşuna qarşı camaatın qəlbindəki etimadı dərinləşdirməyə müvəffəq olub. Düşmən isə bu etimadı yox etmək, xalqı şəkk-şübhəyə və tərəddüdə salmaq arzusundadır. Bu, önəmli olan məqamlardan daha biridir.

Üçüncü mühüm məqam isə seçkiqabağı rəqabət məsələsi idi. Belə ki, seçkidən öncə müxtəlif namizədlər arasında tamamilə azad, ciddi və şəffaf şəraitdə rəqabət aparılırdı. Hər kəs bunun şahidi olmuşdur. Həmin rəqabət, namizədlər arasındakı polemikalar o qədər şəffaf və açıq-aşkar surətdə aparılırdı ki, hətta bəziləri bir qədər sonra qeyd edəcəyim kimi, buna müəyyən mənada haqlı olan etirazlarını da bildirdilər. Seçkiqabağı həmin rəqabət və polemikalar hal-hazırda təsirini müşahidə etməkdə olduğumuz bəzi fəsadlara da səbəb oldular. Mən sizə bir faktı bildirmək istəyirəm: biz belə düşünürdük və hazırda da bu fikirdəyik ki, dörd namizəd arasında gedən rəqabət, əslində, İslami dövlət quruluşuna aid olan şəxsiyyətlər və cərəyanlar arasında gedən bir rəqabətdir. Halbuki, düşmənlər müxtəlif  KİV-də (əksər hallarda bunlar xəbis və üzüqara sionistlərə məxsus KİV-dir) vəziyyəti məhz bu cür qələmə verməyə çalışırdılar ki, guya rəqabət mövcud quruluşun tərəfdarları ilə əleyhdarları arasında gedir. Xeyr! Qətiyyən belə deyildi! Onlar çox böyük səhv edib, bu cür sözlər danışırlar. Bunlar həqiqətdən tamamilə uzaq olan fikirlərdir.

Bu dəfəki ciddi seçki marafonuna qoşulan dörd namizədin dördü də mövcud quruluşa aid olan elementlər idi və hal-hazırda da bu belədir. Onlardan biri – ölkəmizin prezidenti daim ölkəyə və xalqa xidmət etməyə hazır olan, zəhmətkeş, çalışqan bir ölkə başçısı kimi etimad qazanmışdır. Namizədlərdən digəri isə mənim özümün prezident olduğum dövrdə səkkiz il baş nazir vəzifəsində çalışmışdır. Namizədlərdən başqa birisi uzun illər boyu ordu komandiri, Müqəddəs Müdafiə Hərəkatı illərində isə mühüm rol oynamış əsas hərbi komandanlardan biri olmuşdur. Onlardan digəri isə ölkədə iki dəfə qanunverici hakimiyyətin başçısı vəzifəsini yerinə yetirib, İslami Şura Məclisinin sədri olub. Bütün bunlar mövcud quruluşa aid olan elementlərdir. Bu insanların hamısı İslam Respublikası dövlət quruluşuna aiddirlər. Şübhəsiz ki, onlar müxtəlif baxışlara, strategiyalara, bir-birindən fərqli siyasi mövqeyə malikdirlər. Lakin onların hamısı mövcud quruluşa məxsusdurlar. Bu dörd nəfər ölkədə mövcud olan siyasi qurumun ünsürləridir. Onların arasındakı rəqabət xəbis sionist, ABŞ və İngiltərə radiokompaniyalarının və başqalarının qəsdən qələmə vermək istədiyi kimi qurumun içi ilə çölü arasında gedən rəqabət deyil, əksinə qurumun öz daxilində gedən bir rəqabətdir. Bəli! Bu, məhz mövcud qurumun içərisində, onun tərkib hissəsi olan, ona aid olan, taleyi və keçmişi bu qurumla sıx bağlı olan elementlər arasında gedən bir rəqabət idi. Mən bu insanların hamısını yaxından tanıyıram, hər birinin görüşlərinə, fikirlərinə, siyasi təmayülünə, davranış xüsusiyyətlərinə yaxşı bələdəm. Mən onların hamısı ilə yaxın iş atmosferində işləmişəm.

Əlbəttə, mən bu cənabların bütün baxışlarını qəbul etmirəm. Zənnimcə, onların bəzi nöqteyi-nəzərləri və atdıqları addımlar, heç şübhəsiz ki, tənqidə məruz qala bilər. Mən ölkəyə xidmət işində onlardan bəzisini digərindən daha layiqli hesab edirəm. Lakin seçim etmək xalqın öhdəsində idi və bu gün də belədir! Xalq öz seçimini etdi. Nə mənim istəyim, mənim rəyim camaata açıqlandı, nə də camaatın mənim rəyimə müvafiq addım atması lazım deyildi. İnsanlar öz meyarları əsasında qərar verərək hərəkət etdilər. Milyonlarla insan bu namizədə, milyonlarla insan isə digər namizədə səs verdi. Buna görə də qarşıya çıxan problem məhz qurumun öz daxili problemidir. Bəzilərinin mövcud problemə başqa cür don geydirmək istəyi yüzdə-yüz onların qərəzli və xəbis niyyətli olmasından irəli gəlir. Dava qurumun içi ilə çölü arasında, İslam İnqilabı ilə əks-inqilab arasında getmir. İxtilaf mövcud strukturun öz çərçivəsi daxilində olan ünsürlər arasındadır.

Bu dörd namizədə səs vermiş insanlar da bu addımı quruma inam hissi ilə atmış, seçim etdikləri namizədin ölkə üçün daha faydalı olacağını, həmin şəxsin mövcud quruluşa daha çox bağlı olduğunu düşünərək ona səs vermişlər. İnsanlar quruma xidmət göstərmək işində daha saleh və layiqli bildikləri insana səs vermişlər. Xalq da mövcud quruluşun öz çərçivəsi daxilində hərəkət etmişdir.

Mən seçkiqabağı rəqabət kampaniyası və olduqca mühüm bir təşəbbüs olan namizədlər arasındakı polemikalar məsələsinə də toxunmaq istəyirəm. Belə ki, televiziya ilə yayımlanan həmin polemikalar olduqca maraqlı, açıq-aşkar, ciddi və şəffaf idi. Həmin polemikalar kənardan ölkədəki seçkiqabağı rəqabətin gözdən pərdə asmaq xatirinə olduğunu, reallıqdan uzaq olduğunu deyənlərin ağzından vurdu. Onlar gördülər ki, xeyr, namizədlər arasındakı rəqabət tamamilə realdır, bu insanlar tam ciddi şəkildə qarşı-qarşıya durmuşlar, bir-biri ilə mübahisə edir, arqumentlər gətirirlər. Buna görə də seçkidən öncə yayımlanan polemikalar məhz bu cəhətdən olduqca müsbət bir təşəbbüs idi. Şübhəsiz ki, onların müsbət təsirləri olduğu kimi nöqsanlı cəhətləri də var idi ki,  mən burada hər ikisini sizin nəzərinizə çatdırmaq istəyirəm.

Televiziya ilə yayımlanan bu polemikaların və qızğın mübahisələrin pozitiv tərəfi bu idi ki, burada hər kəs tam şəffaf şəraitdə, rahatlıqla danışaraq öz sözünü deyirdi. Hər kəs tənqid və sorğu-sual seli qarşısında hesabat verməyə məcbur olurdu. Tənqidə məruz qalanlar suallara cavab verərək özlərini müdafiə edirdilər. Konkret şəxslərin, konkret partiyaların mövqeyi, siyasi kursu, strategiyası, nəyə və nə dərəcədə bağlı olduqları tamamilə açıq-aydın surətdə, heç bir gizli və dolaşıq məqamı qalmadan xalqa məlum oldu. Bütün bunlar camaatın gözü qarşısında açıqlandı və xalq öz hökmünü vermək imkanı əldə etdi. Camaat İslam dövlətində heç də yad, biganə hesab olunmadığını, mövcud quruluşun xalqdan gizli heç bir sirri olmadığını bir daha hiss etdi. Hər şey camaatın gözü önündə aşkara çıxdı, hər kəsin rəyi açıqlandı, xalqın şahib olduğu həmin proseslərə, görüb-eşitdiyi rəy və fikirlərə əsasən səs verəcəyi məlum oldu. Ümumxalq səsverməsi gözdən pərdə asmaq xatirinə deyil. Seçim hüququ, həqiqətən də, xalqa məxsusdur. Xalq hər şeydən xəbərdar, məlumatlı surətdə, gözüaçıqlıqla öz seçimini etmək istəyir. Seçkidən öncə yayımlanan polemikalar, bax bunu bir daha göstərdi. Sözsüz ki, bu dəfəki seçkidə iştirak edən seçicilərin say göstəricisinin əvvəlki dövrlərdə rast gəlinən ən yüksək göstəriciyə nisbətən 10 milyon nəfər çox olmasının əsas səbəblərindən biri məhz insanların təfəkkürünün fəal şəkildə bu seçkiyə cəlb edilməsi, habelə camaatın öz qərarını dəqiqləşdirərək səsvermə məntəqələrinə gəlib səs verməsi idi. Həmin polemikalar getdikcə küçələrə, məhəllələrə, evlərə ötürülür və bu, insanların seçim bacarığını xeyli yüksəldirdi. Belə müzakirələr və söhbətlər şüurları inkişaf etdirir, həmçinin seçim bacarığını da yüksəldir. Bu isə İslam Respublikasının baxış prizmasına görə arzuolunan bir faktdır.

Əlbəttə, burasını da qeyd edim, bu müzakirə və polemikalar elə bir həddə gəlib çatmamalıdır ki, kin-küdurətə və ədavətə çevrilsin. Bu halda onlar əks-təsirə malik olacaqlar. Əgər müzakirələr baş tutduqları ilk gündə olduğu şəkildə – həmin həddə qalsalar, bu, çox yaxşıdır; lakin tərəflər mübahisəni uzatmaq, hey deyişmək və höcətləşmək fikrinə düşsələr, bu, artıq kin-küdurətə çevriləcək. Şübhəsiz ki, bu qəbildən olan polemikaların administrativ səviyyədə, həm də daha sonra qeyd edəcəyim nöqsanlı cəhətlərini çıxmaq şərtilə həyata keçirilməsi, o cümlədən ayrı-ayrı şəxslərin, vəzifəli insanların tənqidlərə məruz qalaraq hesabat vermək, cavabdehlik daşımaq, açıqlama vermək məcburiyyəti qarşısında qalması olduqca müsbət bir haldır. Çox vaxt kiməsə qarşı tənqidlərin səslənməsi, əslində, həmin şəxsin insanların qarşısında məsələyə aydınlıq gətirməsi və həqiqəti deməsi üçün lazımi bir fürsətdir; bu, olduqca yaxşı bir şeydir; əlbəttə, qeyd edəcəyim nöqsanları çıxmaq şərtilə! Əgər belə polemikalar il boyu, yaxud dörd il ərzində davam etdirilsə, onlar seçkiqabağı mərhələdə partlayış həddinə gəlib çatmaz. Vaxt ötdükcə deyiləsi olanlar deyilər; eşidiləsi olanlar eşidilər; tənqidlər, onlara verilən cavablar və açıqlamalar məlum olar. Bütün bunlar həmin polemikaların olduqca müsbət və bəyənilən tərəfləridir. Lakin bu müzakirələrin nöqsanlı cəhətləri də var idi ki, onlar mütləq aradan qaldırılmalıdır. Bəzən insan həmin polemikalarda məntiqilik xüsusiyyətinin zəif­lə­diyinin, emosionallığın artdığının və əsəblərin gərildiyinin şahidi olurdu; bəzən isə bu müzakirələr təxribatçı xarakter alırdı; polemikalar əsnasında hal-hazırda və həm­çi­nin ötən dövrlərdə ölkədəki mövcud vəziyyət ifrat formada pislənirdi; bunların hər ikisi mənfi haldır. Bəzi məqamlarda heç sübuta yetirilməmiş ittihamlar belə irəli sürülürdü. Şayiələrə istinad olunur, açıq-aşkar insafsızlığa yol verilirdi. Həm bu qədər xid­mətləri müqabilində hazırkı hökumətə, həm də keçmişdə – 30 il ərzində ha­ki­miy­yətdə olmuş hökumətlərə qarşı insafsızcasına çıxışlar səslənirdi.  Cənablar söhbət əsnasında bəzən emosiyalara qapılır, dəyərli və müsbət sözlərlə yanaşı xoşagəlməz, mənfi fikirlər də eşidilirdi.

Şəxsən mən özüm də xalqın digər nümayəndələri kimi televiziya ekranı qarşısında oturaraq həmin müzakirələrə tamaşa etdim  və söz azadlığını seyr etməkdən həzz aldım; İslam Respublikasının insanlara öz seçim bacarığını yüksəltmək üçün yardım etməsindən həzz aldım. Lakin qeyd etdiyim xoşagəlməz məqamlardan və nöqsanlardan narazı qalaraq xeyli məyus oldum. Sözsüz ki, həmin xoşagəlməz məqamlar, eyhamlar və açıqlamalar hər iki tərəfdə namizədləri dəstəkləyən insanları da narahat etdi, gərginliyə səbəb oldu.

Bu gün cümə namazının minbərində, cümə namazında vacib olan xütbədə mənim boynuma düşən vəzifə həqiqətləri açıqlamaqdır. Həmin xoşagəlməz, mənfi halların qarşıya çıxmasında, təəssüf ki, hər iki tərəf günahkar idi. Bir yandan ölkənin qa­nu­ni prezidentinin ünvanına  ən kəskin ittihamlar irəli sürülürdü. Hətta polemikalar yayımlanmağa başlamamışdan iki-üç ay əvvəl də mən bu cür sözlər eşidir, bu tip fikirlərin səsləndiyinin şahidi olurdum. Töhmətlər, ittihamlar irəli sü­rülür, cürbəcür sözlər danışılırdı. Gəlin görək, bütün bunlar kimə ünvanlanırdı? Ölkənin qanuni prezidenti olan, xalqın verdiyi səslərə arxalanan bir şəxsə! Cürbəcür haqsız ittihamlar səsləndi, xalqın etimadını qazanmış ölkə başçısı yalançılıqda günahlandırıldı. Məgər bütün bunlar müsbət hallardırmı? Hazırkı hökumətin fəaliyyəti haqqında saxta, həqiqətdən uzaq  vərəqələr hazırlanaraq orda-burda yayıldı. İşin içində olan bizlər bütün bunların həqiqətdən tamamilə uzaq olduğunu yaxşı görür və bilirik. Hətta bəziləri ağzıpərtöv danışaraq ölkə prezidentini “xurafatçı”, “rəmmal” adlandırdılar və bu qəbildən olan alçaldıcı sözlərlə təhqir etdilər; etik qaydaları, qanunu və vicdanı ayaq altına atdılar.

Bu bir yandan; digər tərəfdən də eynilə həmin cür! Digər tərəfdən də eynilə bunlara bənzər, lakin fərqli metodlarla müxtəlif işlər görüldü. İslam İnqilabının 30 illik parlaq fəaliyyət salnaməsi, böyük xidmətləri kiçildildi, bu quruluşun görkəmli şəxsiyyətləri olan bəzi insanların adları hallandırıldı. Halbuki, onlar ömrünü İslam Respublikası uğrunda sərf etmiş insanlardır. Mən heç vaxt cümə namazında ayrı-ayrı şəxslərin adlarını çəkməmişəm. Lakin burada adlar çəkildiyi üçün mən də bu barədə danışmağa məcburam. Xüsusilə də mən cənab Haşimi Rəfsəncaninin və cənab Natiq Nurinin adlarını çəkib, bu barədə danışmalıyam. Əlbəttə, bu cənabları heç kəs maliyyə nöq­sanlarına yol verməkdə ittiham etməyib. Lakin buna baxmayaraq onların ətrafındakılar və yaxınları haqqında irəli sürülən hər bir iddia aidiyyəti olan məhkəmə orqanında qanunla sübut edilməlidir. Bu cür ittihamları sübuta yetirməmişdən əvvəl KİV-ə ötürmək olmaz. Hər hansı bir fakt sübuta yetirildikdən sonra cəmiyyətin nümayəndələri arasında heç bir fərq yoxdur.  Lakin sübuta yeti­rilməyincə heç nəyi qəti surətdə iddia etmək və bu barədə açıqlama vermək olmaz. Bu qəbildən olan sözlər KİV-də səslənəndə cəmiyyətdə mənfi təsir doğurur, gənclər bunu başqa cür dərk edir və nəticə çıxarırlar.

Cənab Haşimi Rəfsəncanini hamı tanıyır. Mənim onunla tanışlığım İslam  İnqilabından sonrakı dövrə, yaxud onun inqilabdan sonra məsul vəzifələrdə olduğu dövrə aid deyil. Mən 1336-cı ildən bəri, yəni 52 il öncədən bu insanı yaxından tanıyıram. Cənab Haşimi Rəfsəncani mübarizə hərəkatı dövründə hərəkatın ən əsas şəxsiyyətlərindən biri idi; inqilabdan əvvəlki ciddi və ardıcıl mübarizlərdən idi. İslam İnqilabının qələbəsindən sonra isə o, İslam Respublikasının ən görkəmli şəxsiyyətlərindən biri kimi imam Xomeyni (r.ə) ilə çiyin-çiyinə dayanmış, imamın (r.ə) vəfatından sonra da bu günə qədər Rəhbərlik Məqamının  daima yanında olmuşdur.  Bu insan dəfələrlə şəhidliyin astanasına qədər getmişdir. O, inqilabdan  öncə öz əmlakını bu inqilab yolunda sərf edir, mübarizlərə xərcləyirdi. Gənclərimiz bütün bunları bilsələr, yaxşıdır. İnqilabdan sonra cənab Haşimi Rəfsəncaninin öhdəsinə məsul vəzifələr düşmüşdür: 8 il müddətində ölkə prezidenti olmuş, bundan öncə İslami Şura Məclisinin sədri vəzifəsini yerinə yetirmiş, sonralar da digər məsul postlarda çalış­mışdır. Bütün bunlar danılmaz həqiqətlərdir və onlardan xəbərdar olmaq lazımdır. Ən həssas dövrlərdə cənab Haşimi Rəfsəncani İslam İnqilabının və İslam Respublikasının xidmətində durmuşdur.

Sözsüz ki, mənlə cənab Rəfsəncani arasında bir çox məqamlarla bağlı rəy müxtəlifliyi mövcuddur və bu, tamamilə təbii bir haldır, camaat şübhəyə düşüb qətiyyən başqa bir şey fikirləşməməlidir. Əlbəttə, cənab Rəfsəncani ilə hazırkı ölkə prezidenti arasında 1384-cü ildə keçirilən prezident seçkilərindən hal-hazırkı günə qədər mövcud olan rəy müxtəlifliyi bu gün də vardır. Onlar həm xarici məsələlər, həm ictimai ədalətin bərqərar edilməsi metodları, həm də mədəniyyət sferasındakı bəzi məsələlərlə bağ­lı ixtilaflı baxışlara malikdirlər və ölkə prezidentinin nəzər nöqtəsi şəxsən mə­nim­kinə daha yaxındır.

Cənab Natiq Nuri ilə bağlı məsələ də eynilə bu cürdür. Cənab Natiq Nuri də İslam İnqilabı uğrunda xidmətləri ilə seçilən şəxsiyyətlərdəndir. Onun da çoxsaylı xidmətləri vardır və İslam İnqilabına, İslam dövlətinə sədaqət və bağlılığında heç bir şəkk-şübhə yoxdur.

Televiziya vasitəsilə canlı yayımda polemikaların yayımlanması çox yaxşıdır. Lakin qeyd etdiyim nöqsanlı məqamlar mütləq aradan qaldırılmalıdır. Mən elə o zaman ‒ polemika başa çatdıqdan sonra ölkə prezidentinə də xəbərdarlıq etdim ki, səslənən fikirlərə heç bir reaksiya verməsin.

Maliyyə nöqsanları və korrupsiya ilə mübarizə məsələsində İslam dövlətinin mövqeyi tamamilə aydındır; ictimai ədalətin bərqərar edilməsi ilə bağlı məsələlərdə də İslam dövlətinin mövqeyi tam aydındır. Hər hansı məntəqədə olursa-olsun, korrupsiya ilə ciddi mübarizə aparmaq lazımdır. Mən bildirmək istəyirəm ki, biz İslam Respublikasında maliyyə və iqtisadi nöqsanların olmadığını əsla iddia etmirik. Belə olmasaydı, mən bir neçə il əvvəl üçlü hakimiyyət qüvvələrinin başçılarına yazdığım 8 maddədən ibarət məktubda bu məsələni təkidlə vurğulamazdım. Xeyr, belə hallara rast gəlinir. Lakin mən bunu xüsusilə qeyd etmək istəyirəm ki, İslam Respublikası bu günün özündə dünyada mövcud olan ən sağlam ictimai-siyasi qu­ru­luşlardan biridir. Bizim hansısa sionist xəbər agentliyinə istinadən ölkəni və mövcud quruluşu maliyyə nöqsanlarında ittiham etməyimiz düzgün deyil. Əsassız yerə ayrı-ayrı şəxslərin, məsul vəzifələrdə çalışan insanların üzərinə şübhə kölgəsi salmağımız da qətiyyən düzgün deyil. İslam Respublikası nöqteyi-nəzərindən maliyyə nöqsanlarına yol verilməsi halları mühüm problemlərdən biridir və bu problemlə həm icraedici, həm məhkəmə, həm də qanunverici hakimiyyət səviyyəsində ciddi şəkildə mübarizə aparılmalıdır. Bu problemlə mübarizə aparmaq hər kəsin öhdəsinə düşən mühüm bir vəzifədir. Belə neqativ halların qarşısı alınmasa, bu hallar ölkədə daha geniş yayılar. Necə ki, dünya ölkələrinin bir çoxu – maliyyə nöqsanları, korrupsiya və “çirkli pulların yuyulması” ilə mübarizədən bu qədər ağızdolusu dəm vuran Qərb ölkələri – xirtdəyə qədər həmin nöqsanlara və korrupsiyaya batmışlar. Son gün­lər İngiltərə dövlətində və İngiltərə parlamentində baş verən olayları sizlər də eşit­diniz və bütün dünya onlardan xəbərdar oldu. Bunlar hələ baş verənlərin kiçik bir hissəsidir. Bundan da artığı vardır.

Mən xütbənin xalqa ünvanladığım bu hissəsini yekunlaşdırmaq istəyirəm. Əzizlərim! Ey İran xalqı! 22 xordad prezident seçkiləri sizlərin qəhrəmanı olduğunuz bir mərdlik dastanı idi. Dün­ya­nın müxtəlif yerlərində olan bəzi düşmənlərimizin İslam Respublikasının bu tam, qeyd-şərtsiz qələbəsinin üzərinə şübhə kölgəsi salmağa cidd-cəhdlə çalışmalarına baxmayaraq bu mərdlik dastanı tarixiləşdi, bütün dünyaya səs saldı! Hətta bəziləri bu qələbəni milli məğlubiyyətə çevirməyə çalışdılar. Onlar sizin bu qələbənin sevincini ürəkdolusu yaşamağınıza, dünya xalqları arasında seçicilərin seçkidə ən yüksək iştirak göstəricisinin sizin adnızla bağ­lan­ma­sına mane olmaq istədilər. Onlar məhz bunu istəyirdilər. Lakin onların bütün bu cəhdlərinə rəğmən bu, məhz sizin adınızla bağlandı və artıq bunu heç bir üsulla süni şəkildə dəyişdirmək olmaz.

Seçki marafonu sona çatdı. Bu dörd namizədə səs vermiş hər bir kəs, İnşallah, əməlinin qarşılığı olaraq İlahi mükafat alacaqdır. Səs verənlərin hamısı İslam İnqilabı cəbhəsindədirlər, İslam quruluşuna aiddirlər. Əgər Allahın əmrini yerinə yetirmək, əməli ilə Tanrıya yaxınlaşmaq niyyəti ilə səs vermişlərsə, onların bu əməli həm də ibadətdir. İnqilab xətti 40 milyon səs toplamışdır. Təkcə seçilmiş ölkə prezidentinə səs vermiş 24,5 milyon nəfər deyil, əslində, seçkidə iştirak etmiş 40 milyon insanın hamısı inqilab xəttinə səs vermişdir.   

Xalq tamamilə əmindir! Namizədlərin bəzi tərəfdarları da əmin olsunlar ki, İslam Respublikası xalqın verdiyi səslərə heç bir zaman xəyanət etməz. Ölkəmizdə seçkini tənzimləyən qanunlar saxtalaşdırmaya yol verilməsinə imkan yaratmır. Bunu seçkiyə bu və ya digər dərəcədə aidiyyəti olan və seçki ilə bağlı məsələlərdən xəbərdar olan hər bir kəs təsdiq edə bilər. 11 milyon seçici rəyi miqyasında fərq mövcuddursa, hansı saxtalaşdırmadan söhbət gedə bilər? Ola bilər ki, iki namizədin topladığı səslər arasında 100 min, 500 min, 1 milyon səs fərqi olsa, kimsə: “Saxtalaşdırılıb, yerbəyer olunub” – deyə düşünsün. Amma 11 milyon seçici rəyi səviyyəsində saxtalaşdırmanı necə həyata keçirmək olar? Eyni zamanda mən bunu da qeyd etdim və möhtərəm Konstitusiyaya Nəzarət Şurası da mənimlə razılaşdı ki, seçkinin şəffalığına şübhəsi olan şəxslər öz iradlarını bildirib seçkinin sax­ta­laş­dırılması faktını sübut edən sənədləri təqdim edərlərsə, həmin müraciətlərə mütləq baxılmalı, müvafiq araşdırma aparılmalıdır. Sözsüz ki, bu, yalnız qanuni yollarla həyata keçirilməlidir. Mən qeyri-qanuni metodları heç vaxt qəbul edə bilmərəm. Bu gün qanun çərçivəsindən kənara çıxmağa yol verilərsə, gələcəkdə ölkədə heç bir seçki şəffaf şəraitdə baş tutmyacaq. Son nəticədə hər bir seçkidə qələbə çalan və müvəffəqiyyətsizliyə uğrayan tərəflər olur. Bu halda heç bir seçkinin qanuniliyinə etimad göstərilməyəcək və seçkilər öz şəffaflığını itirəcək. Buna görə də hər şey düzgün və qanuna müvafiq surətdə həyata keçirilməlidir. Əgər, həqiqətən də, şübhə və iradlar vardırsa, qanuni yollarla araşdırılmalıdır. Bu sahə ilə bağlı qanunlarımız tam mükəmməldir və onlarda heç bir çatışmazlıq yoxdur. Nümunə olaraq, namizədlərə verilmiş seçkiyə nəzarət etmək, seçki ilə bağlı şi­ka­yət­lərlə müraciət etmək və araşdırma aparılmasını tələb etmək hüquqlarını misal göstərmək olar. Mən şəxsən möhtərəm Konstitusiyaya Nəzarət Şurasına bu məsələ ilə bağlı müraciət etdim və tapşırdım ki, əgər hansısa seçki məntəqəsində toplanmış səslərin yenidən sayılmasına ehtiyac olarsa, bu iş hökmən namizədlərin şəxsi nümayəndələrinin iştirakı ilə həyata keçirilsin. Namizədlərin öz nüma­yən­dələrinin iştirakı ilə səslər yerindəcə sayılsın, qeydiyyata alınsın və imzalansın. Buna görə də demək istəyirəm ki, bu baxımdan heç bir problem, yaxud çətinlik yoxdur. Prezident seçkiləri və sizlərlə – əziz xalqımızla bağlı demək istədiklərim bunlar idi.

İkinci növbədə isə mən siyasətçilərə, prezidentliyə namizədlərə, partiya və cərəyanların liderlərinə müraciət etmək istəyirəm. Mən üzümü həmin cənablara tu­tub demək istəyirəm ki, bu gün ölkə üçün olduqca həssas, tarixi bir andır. Dünyanın, Orta Şərqin vəziyyətinə, Yer kürəsindəki iqtisadi vəziyyətə, qonşuluğumuzdakı İraq, Əfqanıstan, Pakistan kimi dövlətlərin üzləşdiyi problemlərə baxın! Biz hal-hazırda olduqca həssas, tarixi bir mərhələni yaşamaqdayıq! Belə bir tarixi mərhələdə hamımızın öhdəsinə düşən mühüm bir vəzifə budur ki, ayıq-sayıq davranaq və səhvə yol verməmək üçün çox diqqətli olaq. 

İnsafla demək lazımdır ki, xalq seçki məsələsində öhdəsinə düşən vəzifəni, həqiqətən də, yerinə yetirdi. Xalqın öhdəsinə düşən vəzifə seçki məntəqələrinə gəlib səs vermək idi və o, bu vəzifəni ən mükəmməl surətdə yerinə yetirdi. Lakin sizin və bizim öhdəmizə düşən vəzifə daha ağırdır. Kütlənin təfəkkür tərzinə bu və ya digər dərəcədə təsiri olan, cəmiyyətdə sözü eşidilən şəxslər ‒ siyasətçilər, partiya sədrləri, siyasi cərəyanların liderləri öz rəftar və danışıqlarında son dərəcə diqqətli olmalıdırlar. Onların azacıq belə olsun, ifratçılığa yol verməsi cəmiyyətdə elə həssas və təhlükəli nəticələr doğura bilər ki, hətta həmin şəxslərin özləri belə bunun qarşısını almaq iqtidarında olmaya bilərlər. Son günlərdə şahidi olduğumuz olaylar da buna nümunə ola bilər. Cəmiyyətdə ifratçılıq və ekstremizm təzahür etdikdə hər bir ekstremist davranış arxasınca digər bir ifratçı hərəkəti çəkib gətirir. Tanınmış siyasətçilər qanunu ayaq altına atıb, necə deyərlər, qaş düzəldən istəyən yerdə vurub gözü də çıxarsalar, istər-istəməz axıdılan qanların, amansızlığın və qarşıdurmanın səbəbkarı onlardır. Mən bu cənabların hamısına üzümü tutub deyirəm: Dostlar, qardaşlar özünüzü ələ alın! Təmkinli, genişürəkli olun! Gözünüzü açıb üstümüzə uzanan düşmən əllərini görün! Bu gün diplomatik maskalarını artıq yavaş-yavaş atmaqda, öz həqiqi simalarını aşkara çıxarmaqda olan pusquda durmuş ac qurdları görün! Bütün bunlardan bixəbər olmayın!

Hal-hazırda Qərb dövlətlərindən bir neçəsinin bu günə qədər bizimlə nəzakətli diplomatik variantlarla danışan məşhur diplomatları artıq maskalarını qaldırmışlar. Onlar öz həqiqi simalarını üzə çıxarmaqdadırlar.

قد بدت البغضاء من افواههم وما تخفى صدورهم اكبر

“Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür”. (“Ali-İmran” surəsi, ayə 118)

Onlar İslam dövlətinə qarşı bəslədikləri düşmənçilik hisslərini üzə çıxarmaqdadırlar. Bunlardan ən xəbis olanı isə İngiltərə hökumətidir. Mən qardaşlarımıza bunu demək istəyirəm ki, Uca Yaradanın qarşısında üzərinizə düşən məsuliyyət barədə düşünün. Siz Allah-Taalanın qarşısında məsuliyyət daşıyırsınız və mütləq sorğu-sual olunacaqsınız. İmam Xomeyninin (r.ə) son vəsiyyətlərini xatırlayın: “Qanun daim rəhbər tutulmalıdır! Qanunu daim özünüzə rəhbər tutub uca bilin!” Seçki, əslində, nədən ötrüdür? Seçki ondan ötrüdür ki, bütün ixtilaflar seçki qutusunun qarşısında öz həllini tapsın. Küçələrdən deyil, məhz seçki qutularından çıxan nəticələrə əsasən camaatın nə istəyib-istəmədiyi müəyyən olmalıdır. Hər seçkidən sonra səs toplamayan tərəf öz tərəfdarlarını toplayıb küçələrə qoşun çəkəcək,  buna cavab olaraq müvəffəqiyyət qazanmış tərəf də öz tərəfdarlarını küçələrə tökəcəksə, daha ölkədə seçki nədən ötrü keçirilir? Camaatın təqsiri nədir? İş yeri, qazanc yeri küçədə olan, gündəlik işlərinin ardınca küçələrdə gediş-gəliş edən bu insanların günahı nədir ki, biz maneəçilik törədərək öz tərəfdarlarımızı onlara nümayiş etdirmək istəyirik. O tərəf bir cür, bu tərəf də başqa cür! Problemi heç də siyasət olmayan, lakin terror aktı törətmək istəyən bir şəxs üçün küçələrdə yaranmış bu qarmaqarışıqlıqdan, bəziləri keçib-getmək, bəziləri isə toplaşmaq niyyətində olan bu insan izdihamı arasında gizlənməkdən əlverişli nə ola bilər? Əgər bu izdiham hansısa bir terrorist üçün yaxşı komuflyaj rolunu oynasa, buna görə kim məsuliyyət daşıyacaq? Ötən günlər ərzində adi camaat, mülki əhali arasından qətlə yetirilmiş bir neçə nəfər insanın ölümünə görə kim cavab verməlidir? Bütün bu baş verənlər əvvəl-axır öz ardınca emosional bir reaksiya doğura bilər (küçələrdəki bu qarmaqarışıqlıqdan istifadə edib mülki əhaliyə, yaxud inzibati qüvvələrin əməkdaşlarına qarşı terror aktı törədə bilərlər). O zaman həmin əks-reaksiyaya görə kim cavabdehlik daşıyacaq? Baş verən hadisələrdən bəzilərini eşidəndə adamın qəlbi qan ağlayır. Universitetin yerləşdiyi küçədə heç bir iğtişaş törətməyən mömin gənclərə, tələbələrə hücum edələr, sonra da xalqa rəhbərlik etməkdən danışıb şüarlar irəli sürələr! Bu hadisələri eşidəndə insanın qəlbi, həqiqətən də, qan ağlayır. Seçkidən sonra küçələrdə gücünü sınamaq  düzgün bir iş deyil. Əslində, bu, seçkinin və demokratiyanın əsas prinsiplərini bataqlığa sürükləməkdir.

Hamıdan istəyim budur ki, bu cür davranışlara son qoysunlar. Bu metod düzgün bir metod deyil. Əgər bütün bunlara son qoyulmasa, baş verənlərin doğruracağı nəticələrə, hərc-mərcliyə görə məsuliyyət onların öhdəsinə düşəcək.

Bəziləri küçə hərəkatı ilə mövcud quruluşa təzyiq göstərdiklərini, “məsləhətləşmək” adı altında dövlət rəsmilərinə zorla öz istəklərini qəbul etdirə biləcəklərini düşünürlərsə, böyük səhv edirlər. Xeyr, bunun özü də yanlış bir təsəvvürdür! Əvvəla, təzyiq altında qalaraq qeyri-qanuni məsələlərlə razılaşmağın özü elə diktaturanın başlanğıcı deməkdir. Bu səpkidə götür-qoy etmək tamamilə yanlışdır. Bu cür təsəvvürlər hər hansı bir nəticə versə belə, həmin nəticə birbaşa olaraq bəzi pərdəarxası komandanlara istiqamətlənəcək. Lazım gələrsə, vaxtı və növbəsi çatanda xalq onları da tanıyacaq.

Mənim bütün dotlarımızdan, qardaşlarımızdan istəyim budur ki, qardaşlıq və qarşılıqlı anlaşma atmosferi yaratsınlar, qanuna riayət etsinlər. Qanunçuluğun yolu açıqdır. Qarşılıqlı sevgi və səmimiyyətin yolu açıqdır. Çalışın, bu yollarla gedəsiniz! Ümidvaram ki, Uca Yaradan hamıya məhz bu yolla getməkdə yardımçı olacaq. Bəli, hamı ölkənin inkişaf və tərəqqisini arzulayır. Qardaşlar! Xalqın 40 milyonluq zəfər bayramını əziz bilin və düşmənin bu bayramın təntənəsini pozmasına əsla imkan verməyin. Belə ki, düşmənin niyyəti məhz bu bayramın möhtəşəmliyini pozmaqdır. Əlbəttə, əgər kimlərsə başqa yollar seçmək istəsələr, o zaman mən özüm şəxsən bir daha xalqın qarşısına keçib bundan daha açıq-açığına və kəskin surətdə danışacağam.

Üçüncü müraciətim isə imperialist dövlətlərin başçılarına və onların KİV-nədir. Mən sonuncu iki-üç həftə ərzində ‒ seçkidən öncəki həftələrdə, seçki günü, seçkinin səhəri günü və son iki-üç gündə ABŞ-ın, habelə bir neçə Avropa ölkəsinin dövlət rəsmilərinin  danışıqlarını izlədim. Bu həftələr ərzində onların davranışı və danışıqları fərqli-fərqli idi. Əvvəlcə ‒ seçkilər baş tutmazdan öncə onların dövlət rəsmilərinin, KİV-nin tutduğu mövqe xalqın seçkidə iştirakını azaltmaq üçün İranda keçiriləcək seçkinin üzərinə şübhə kölgəsi salmaqdan ibarət idi. Şübhəsiz, onlar da ‒ həm avropalılar, həm də amerikalılar seçkinin belə bir nəticələr verə biləcəyini ehtimal etmişdilər. Lakin onlar xalqın belə bir əzəmətli hərəkatı həyata keçirəcəyini gözləmirdilər. Onlar inanmazdılar ki, belə bir iş baş tuta bilər: xalqın 85 faizi – 40 milyon insan seçkidə iştirak edər. İran xalqının prezident seçkilərində belə bir əzəmətli hərəkat nümayiş etdirməsi onları şoka saldı. Bununla da onlar İranda nə qədər böyük bir hadisənin baş verdiyini dərk etdilər. Anladılar ki, artıq bu yeni situasiyaya uyğun hərəkət etməlidirlər. Onlar həm beynəlxalq, həm Orta Şərq və İslam dünyası ilə bağlı məsələlərdə, həm də nüvə problemi ilə bağlı situasiyanın dəyişə biləcəyini yaxşı anladılar. Onlar İranla bağlı məsələdə, sözün əsl mənasında, şoka düşdülər. Anladılar ki, İslam Respublikası ilə bağlı məsələlərdə tamamilə yeni bir səhifə açılmışdır və onlar istər-istəməz bunu qəbul etmək məcburiyyətindədirlər. Bu, məhz xalqın belə bir əzəmətli hərəkata imza atması ilə baş tutdu. Onlar öz əlaltılarının vasitəçiliyi ilə seçkinin gedişatı barədə ardıcıl surətdə məlumat əldə etdikdə təəccübləndilər. Cümə günü sübhdən etibarən mülahizələr, bəyanatlar və elə yerindəcə onlara qarşı fikirlər səsləndirilməyə başladı.

Onlar bəzi namizədlərin seçkinin nəticələrinə etirazlarını bildirdiklərini görəndə özləri üçün olduqca münasib bir fürsətin yarandığını hiss etdilər. Onlar yaranmış vəziyyətdən maksimal dərəcədə faydalanmaq üçün bu fürsəti qənimət bildilər. Şənbə və bazar günlərindən başlayaraq onların danışıq tonu dəyişdi, yavaş-yavaş namizədlərin çağırışı ilə küçələrdə gözə dəyməyə başlayan insanları müşahidə etdikdə isə bir qədər də ürəkləndilər, yavaş-yavaş maskalarını çıxarmağa, həqiqi simalarını göstərməyə başladılar. ABŞ-ın və bir neçə Avropa dövlətlərinin xarici işlər nazirləri və dövlət başçıları özlərinin iç üzünü açıb tökən bəzi sözlər danışdılar. ABŞ prezidentinin: “Biz camaatın küçələrə töküləcəyi bu günü gözləyirdik” – dediyi barədə sitat gətirildi. Amerikalılar bir yandan məktublar yazıb İranla əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildirir, İslam Respublikasına öz ehtiramlarını ifadə edirlər, digər tərəfdən isə bu cür sözlər danışırlar. Biz bunlardan hansına inanaq?

Ölkənin daxilində də həmin xarici ünsürlərin idarə etdiyi qüvvələr işə düşdülər və küçə təxribatları başladı. Təxribatlar, yanğınlar törədildi, ümumi əmlaka od vuruldu, camaatın iş və qazanc yerlərinin təhlükəsizliyi pozuldu, dükanlarının şüşələri qırıldı, bəzi mağazaların malları qarət edildi, xalqın əmlakının və həyatının təhlükəsizliyinə qəsd etdilər. Onlar camaatın asayiş və təhlükəsizliyinə təcavüz etdilər. Əslində isə bütün bunların camaatla, namizədlərin tərəfdarları ilə heç bir əlaqəsi yoxdur. Baş verənlər bədxahların, muzdurların, Qərbin və sionistlərin casus xidmətlərinin əlaltılarının işidir. Ölkənin daxilində bəzilərinin səriştəsizliklə atdığı addımlar onları tamaha saldı. Elə bildilər ki, İran da Gürcüstandır (!) Bir neçə il bundan əvvəl mətbuatda və bəzi KİV-də ABŞ-dan olan sionist bir sərmayəçinin şəxsən verdiyi açıqlamaya istinadən 10 milyon dollar xərcləyərək Gürcüstanda məxməri inqilab etdiyini, bir hökuməti yıxaraq digərini hakimiyyətə gətirdiyini dediyi barədə xəbər yayımlandı. Səfehlər elə təsəvvür etdilər ki, İslam Respublikası, İran və əzəmətli İran xalqı da buna bənzəyər. Siz İranı hara ilə müqayisə edirsiniz? Düşmənlərimizin problemi budur ki, onlar hələ də İran xalqını yaxşı tanıya bilməyiblər.

Zənnimcə, bütün bunların içərisində hamısından daha çirkin və betər olanı isə ABŞ rəsmilərinin “insan hüquqları və xalqa təzyiqlər” barədə ürəyiyananlıqla danışdığı sözlər idi. Onlar: “Biz xalqla bu cür rəftar olunmasının əleyhinəyik! Bu, bizi narahat edir!” – deyirdilər. Məgər siz xalqın qeydinə qalırsınız? Siz, ümumiyyətlə, “insan haqları” adına nəyi isə dərk və qəbul edirsiniz? Əfqanıstanı gülləbaran edib viran qoyan və hələ də buna davam etməkdə olan kimdir?! İraqı öz hərbçilərinin çəkməsi altında əzib alçaldan kimdir? Fələstində zalım sionist hökumətinə bu qədər maddi və siyasi dəstək verən kim idi?  Çox təəccüblüdür ki, ABŞ-ın özündə elə demokrat partiyasının – indi İran barədə bəyanatlarla çıxış edən xanım Klintonun həyat yoldaşının administrasiyası dövründə Davudi firqəsinə aid olan 80-dən çox insan diri-diri yandırıldı. Bu faktı ki, inkar etmək mümkün deyil?! Həmin cənablar, həmin demokratlar bu işi gördülər. Davudilər (özlərinin təbirincə desək, “Devidilər”) müəyyən səbəblər ucbatından ABŞ dövlətinin qəzəbinə tuş gəlmiş, bir evdə sığınacaq tapmışdılar. ABŞ administrasiyasının bütün səylərinə baxmayaraq onlar həmin evdən çölə çıxmırdılar. O zaman ABŞ hökumətinin əmri ilə həmin evə od vuruldu və 80 nəfər kişi, qadın və uşaq orada diri-diri yanaraq həlak oldu. İnsan haqlarının nə demək olduğu barədə, ümumiyyətlə, sizin anlayışınız varmı? Zənnimcə, ABŞ-ın, Avropanın rəsmiləri və siyasətçiləri bir qədər abır-həya etməyi özlərinə vəzifə bilsələr, çox yaxşı olardı. İslam Respublikası insan haqlarının bayraqdarıdır! Bizim Fələstin, Livan, İraq və Əfqanıstandakı ‒ ümumiyyətlə, dünyanın hər hansı bir məntəqəsindəki məzlum insanları dəstəkləməyimiz buna bir sübutdur. Buna sübutdur ki, İslam dininə etiqad və iman sayəsində bu ölkədə insan hüquqları uca tutulur. Bizim insan haqları barədə kiminsə bizə nəsihət edib məruzə oxumasına heç bir ehtiyacımız yoxdur. Bəli, seçki barədə demək istədiklərimiz bunlar idi.

Son olaraq rəhbərimiz və sahibimiz olan Həzrət imam Mehdi Sahibəz-Zəmana (ruhlarımız ona fəda olsun!) müraciət etmək istəyirəm: Ey bizim ağamız! Ey bizim rəhbərimiz! Biz lazım olana əməl etdik, zəruri olanı dedik və həmişə də deyəcəyik. Mən hər nəyim varsa ‒ azacıq qüdrəti olan canımı, nüfuz və heysiyyətimi (bunların özünü də mənə sən vermisən) ortaya qoydum, onu İslam İnqilabının və İslamın yolunda fəda edəcəyəm. Sən də bizim üçün bir fədakarlıq et! Ey bizim ağamız, rəhbərimiz, bizim üçün dua et! Bizim sahibimiz sənsən! Bu ölkənin sahibi sənsən! Bu inqilabın sahibi sənsən! Bizi qoruyan sənsən! Biz bu yola davam edəcəyik! Həm də qüdrətlə davam edəcəyik! Bu yolda bizlərə öz dualarınla, öz himayədarlığınla dəstək ol, diqqətini əsirgəmə və bizi qoru!

بسم‏اللَّه‏الرّحمن‏الرّحيم

اذا جاء نصر اللَّه و الفتح. و رأيت النّاس يدخلون فى دين اللَّه افواجا. فسبّح بحمد ربّك و استغفره انّه كان توّابا.

و السّلام عليكم و رحمةاللَّه و بركاته

“Allahın köməyi və o (böyük) zəfər (Məkkənin fəthi və digər zəfərlər) gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir”. (“Nəsr” surəsi)

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei

19 iyun, 2009-cu il