– Mehriban və bağışlayan Allahın adı ilə! İslam İnqilabının Ali Məqamlı Rəhbərini burada iştirak edən hər kəsin, xüsusilə də ölkənin media nümayəndələrinin adından salamlayır və zati-alilərinə “sabahınız xeyirli olsun!” – deyirəm.
– Allahın salamı və rəhməti sizlərə olsun!
– Onuncu prezident seçkiləri həqiqətdə İslam İnqilabının dördüncü dekadasında – zati-alilərinin “tərəqqi və ədalət” onilliyi adlandırmış olduğu dördüncü dekadada ölkədə baş tutan birinci seçkidir. İran xalqı Aliməqam Həzrətin bugünkü seçkilərlə bağlı nələr söyləyəcəyini eşitmək üçün səbirsizliklə gözləyir.
Təşəkkür edirəm!
– Mehriban və bağışlayan Allahın adı ilə! Uca Yaradana şükürlər edirəm ki, İran xalqına növbəti dəfə böyük bir ümummilli sınaqda iştirak etməsi üçün dəstək oldu. Seçkilər ölkənin siyasi arenasında xalqın fəal şəkildə, hamılıqla, böyük həvəs və canlanma ilə müşayiət olunan iştirakının aşkar təzahürüdür. Mən şəxsən öz müşahidələrimə və aldığım məlumatlara əsasən bunları deyə bilərəm ki, Allaha həmd olsun ki, bu seçkidə camaatımız yüksək fəallıq və həvəs nümayiş etdirməkdədir. Zənnimizcə, insanların seçkidə məhz bu şəkildə iştirakı seçki marafonunda müxtəlif namizədlərin iştirakı, həmçinin əhalinin məlumatlılığı və ictimai-siyasi baxımdan geniş dünyagörüşünə malik olmasından qaynaqlanır və buna görə də biz Allaha şükürlər edirik. Ümidvarıq ki, Allahın dəstəyi və yardımı ilə xalqımız seçki məntəqələrinə gəlib seçkidə fəallıqla iştirak etməklə daha bir böyük imtahandan uğurla çıxacaq. İnşəallah, Uca Yaradan prezidentliyə namizədlər içərisində ən layiqli, ən yaxşı olan bir şəxsin dörd il müddətinə ölkənin icraedici hakimiyyətinin başçısı vəzifəsinə seçilməsini təqdir edəcəkdir. Heç şübhəsiz, xalq imanla, yüksək fəallıq və həvəslə meydanda olarsa, Allah-Taala Öz fəzilətlərini ondan əsirgəməyəcəkdir.
Mənim hər zaman olduğu kimi xalqımdan yeganə diləyim budur ki, yubanmadan, seçki üçün ayrılmış vaxtın əvvəlində, səhər-səhər seçki məntəqələrinə gəlsinlər. Hər bir kəs seçki qutusuna yaxınlaşaraq səs versin, öz seçiminə uyğun olaraq qərar qəbul etsin, dövlətin idarəçiliyində, ölkənin ali icraedici orqanının başçısının müəyyən olunmasında öz payına düşəni yerinə yetirsin. Bu, hər kəsin hüququ olmaqla yanaşı, həm də vəzifəsidir. Öz fikrini bildirmək xalqımızın hər bir nümayəndəsinin hüququdur və eyni zamanda öhdəsinə düşən mühüm bir vəzifədir. Mən belə düşünürəm ki, seçkidə iştirak etmək hər bir şəxsin boynuna düşən həm dinin, şəriətin müəyyən etdiyi, həm də ağıla, düzgün məntiqə əsaslanan bir vəzifədir.
Əziz xalqımızın diqqətinə çatdırmaq istədiyim digər məqamlar da vardır. Əvvəla, mən xalqımıza son günlər ərzində seçkiyə göstərdiyi yaxından maraq və fəallıq üçün (aldığım məlumatlara görə hətta gecələri də insanlar küçələrdə keçirmişlər) təşəkkür etmək istəyirəm. Küçələrə toplaşan insan izdihamının içərisində hər bir qrup öz istəyi və seçiminə əsasən şüarlar irəli sürürdü. Lakin buna baxmayaraq camaatımızın siyasi intellekt səviyyəsi və dünyagörüşü hansısa xoşagəlməz hadisənin baş verməsinə imkan yaratmadı. Xalqımız ictimai-siyasi meydanda fəal surətdə iştirak edir, şüarlar irəli sürür, bütün bunlara rəğmən eyni zamanda özünün yüksək intellektə və dünyagörüşünə malik olduğunu nümayiş etdirir. Seçkilərin təhlükəsiz şəraitdə baş tutması olduqca mühümdür. Ölkəmizdə artıq 30 ildir ki, seçkilər keçirilir. Allaha həmd olsun ki, ölkəmizdə keçirilən seçkilərdə təhlükəsizlik daim təmin edilmişdir. Bu, olduqca böyük bir nemətdir və bu, Allah-Taalanın xalqımıza şamil etdiyi fəzilətlərdən, o cümlədən camaatımızın yüksək dərk və şüur səviyyəsinə malik olmasından qaynaqlanır. Bu gün də mən ümidvaram və camaatımızdan xahiş edirəm ki, diqqətli olsunlar, özlərindəki həmin lazımi təhlükəsizlik, asayiş, mətinlik və psixoloji rahatlıq əhval-ruhiyyəsini qoruyub saxlasınlar. Bədxahların seçki məntəqələrində iğtişaşlar törədə biləcəyi istisna olunmur. Mən bildirmək istəyirəm ki, törədilə biləcək hər cür iğtişaş seçki qutularının zərərinə nəticələnəcək, yəni xalqın verdiyi səslərin və dolayısı ilə camaatın zərərinə işləyəcək. Xalqımız özü iğtişaşçı əməllər törətmək istəyənlərin qarşısını almalı, öz mətinliyi, səbirliliyi, tolerantlığı və vüqarı ilə bədxah düşmənlərinin öz istəyinə çatmasına mane olmalıdır.
Ortalıqda gəzən şayiələrə bir o qədər də qulaq asmayın! Mən belə bir halın şahidi oldum ki, dünənki gün və dünən gecə camaat arasında müxtəlif söz-söhbətlər gəzir və guya mənim dilimdən səslənmiş fikirlər sırf yalan və həqiqətdən uzaq olan şayiələr kimi yayılır. Xoşniyyətli və dürüst insanlar qətiyyən bu cür işlər görməzlər. Bunları edən nadürüst insanlardır. Hər bir partiyada, hər bir cinahda bu qəbildən olan bədxah niyyətli nadürüst insanlara az-çox rast gəlmək mümkündür. Xalqımız bu qəbildən olan şayiələrə əsla əhəmiyyət verməsin! Elə bu günün özündə də seçkinin müxtəlif məsələləri ilə bağlı camaat arasında qəsdən cürbəcür şayiələr yayıla bilər. Lakin biz ilk növbədə, daha doğrusu, ilk və son növbədə Allah-Taalanın lütfünə və yardımına etimad bəsləyir, Ona üz tutaraq kömək istəyirik. Daha sonra isə biz xalqımızın uzaqgörənliyinə, yüksək siyasi dünyagörüşünə və ayıq-sayıqlığına etimad bəsləyirik.
Mən bir daha burdan əziz xalqımızın hər bir nümayəndəsinə öz salamımı yetirirəm. Ümidvaram ki, İnşəallah, Uca Yaradan bugünkü günü xalqımız üçün mübarək bir gün edəcəkdir. Hörmətli müxbir, sizə və burada iştirak edən digər müxbirlərə, seçkiyə aidiyyəti olan səlahiyyətli orqanlarda çalışan məsul işçilərin hər birinə – burada iştirak edən dostlarımıza, həmçinin bu gün burada olmayan, lakin seçkidə əməyi keçən, hal-hazırda Ölkə üzrə Baş İcraiyyə Komitəsində iş başında olan şəxslərə öz səmimi təşəkkürümü bildirirəm. Çox sağ olun! Xudahafiz!
Seyid Əli Xamenei
12 iyul 2009-cu il