Ali Məqamlı Rəhbərin informasiya bloku

İmam Xomeyninin vəfatının 20-ci ildönümündə edilən çıxış

– Mehriban və bağışlayan Allahın adı ilə!

Xalqımızın möhtərəm və əzəmətli atasının – dahi imam Xomeyninin (r.ə) ağır itkisi ilə bağlı faciəni bizə xatırladan 14 xordad günü ilə əlaqədar sizlərin hamınıza – məclisdə iştirak edən əzizlərimizə, böyük İran xalqına və yer üzündəki bütün azadlıqsevər insanlara dərin hüznlə başsağlığı verirəm. Ümidvaram ki, Uca Yaradan hamımıza dəstək olacaq və biz İslam tarixindəki bu böyük şəxsiyyətin xatirəsini təkrar-təkrar yad etməklə öz tərəqqi və irəliləyişimiz, habelə İran xalqının və İslam ümmətinin həyata keçirdiyi hərəkat üçün mənəvi faydalar götürə biləcəyik.

İmam Xomeyninin (r.ə) ideoloji-siyasi kursu, bu dahi insanın tutduğu yol və qarşıya qoyduğu məqsədlərlə bağlı bir məqamı xüsusilə qeyd etmək istəyirəm. İmamın (r.ə) tövsiyələrini, şüarlarını, xalqdan, rəsmilərdən və dünya müsəlmanlarından gözlədiyi, intizarında olduğu mətləbləri nəzərdən keçirdikdə görürük ki, o, iki əsas məsələni önə çəkmişdir. Əslində, dahi liderimiz imam Xomeyni (r.ə) ölkəmizdə və İslam dünyasında həyata keçirdiyi bu əzəmətli hərəkatla iki möhtəşəm bayrağı səmalara ucaltmışdır: bunlardan biri İslam dininin dirçəldilməsi bayrağıdır; bu, əzəmətli və sarsılmaz bir dövlətin ərsəyə gətirilməsidir. İkinci bayraq isə İranın və iranlıların qürur və başıucalığını dünyaya elan edən bayraqdır. Bu iki bayraq dahi İmamızın (r.ə) qüdrətli əli ilə göylərə ucalıb. İmamın (r.ə) çoxcəhətli hərəkatının, onun çağırışlarının, əslində, yalnız bir cəhəti olan birinci bayraq böyük İslam ümmətinə aiddir. İkinci bayraq isə İran xalqına, İrana və iranlılara aiddir; lakin buna rəğmən bu bayraq həm də İslam dininin hərəkətverici qüvvə rolunu oynaya bilməsinə əməli bir nümunə olduğuna görə  bütövlükdə İslam ümməti üçün bir ümid və stimulvericidir. İranda reallaşmış bu böyük hərəkat İslami oyanışa və İslamın gerçəkləşməsinə praktik təcrübə oldu. Elə buna görə də birbaşa İran və iranlılarla əlaqədar olduğuna baxmayaraq, onun nəticəsi bütün İslam ümməti üçün böyük dəyər və əhəmiyyətə malikdir. Mən imam Xomeyninin (r.ə) həyata keçirdiyi hərəkatın hər iki aspekti barədə qısaca danışmaq istəyirəm.

İmamın (r.ə) həyata keçirdiyi hərəkatın birinci aspekti İslam bayrağının göylərə ucaldılmasıdır. Bu, dünyanın dörd bir yanındakı müsəlmanların öz kimliyini dərindən anlamasına, qürur və heysiyyətini dərk etməsinə səbəb oldu. Baxmayaraq ki, uzun illər boyu mütəmadi olaraq müsəlman kimliyinin cılızlaşdırılmasına, sıxışdırılmasına cəhd göstərilmişdi, İslam İnqilabı ərsəyə gələndən sonra – dahi imam Xomeynimizin (r.ə) parlaq şəxsiyyəti dünya müsəlmanlarının gözü qarşısında canlandıqdan sonra isə onlar öz kimliyini, öz şəxsiyyətini, öz nəcibliklərini daha dərindən dərk etdilər. Bu isə İslam dünyasının şərqində və qərbində müsəlman xalqlarında oyanışın yaranmasına səbəb oldu. Fələstin xalqı onilliklər boyu davam etmiş uğursuzluqlardan sonra yenidən canlandı. Ərəb ölkələrindəki gənclər sionist rejimlə aparılan 3 müharibədə dövlətlərinin üzləşdiyi məğlubiyyətdən sonra ruhdan düşmüşdülər və İslam İnqilabının qələbəsi ilə onlar bir daha ruhlandılar (Bunlar artıq bütün İslam dünyasına aiddir, təkcə ölkəmizlə bağlı olan məsələlər deyil). Müsəlman dövlətlərinin ürəyində bədxassəli xərçəng şişi olan sionist rejimi o çağa qədər özünə “məğlubedilməzlik” siması qazanmışdı. İslam dünyasında bir çoxları sionist rejimin, həqiqətən də, “məğlubedilməz” olduğuna inanmışdılar. Və həmin “məğlubedilməz” sionist rejimi İslam İnqilabının qələbəsindən sonra müsəlman gənclərin silləsini daddı. Fələstində xalqın müqavimət dalğaları baş qaldırdı, qəsbkar rejimə bir-birinin ardınca zərbələr vuruldu: istər fələstinlilərin birinci müqavimət dalğası zamanı, istər ölkənin ayrı-ayrı məntəqələrində həyata keçirilən müqavimət dalğaları zamanı, istər 9 il öncə Livandakı məğlubiyyət və geriyə oturma zamanı, istər 33 günlük hərbi əməliyyatlar, istərsə də ötən il məzlum Qəzza camaatı ilə 22 gün davam edən döyüşlər zamanı. Bütün bunlar sionist rejimə vurulmuş zərbələr idi. Halbuki, İslam İnqilabının qələbə çaldığı zaman müsəlman dövlətlərinin, müsəlman xalqlarının, xüsusilə də ərəb xalqlarının gözündə sionist rejimi “məğlubedilməz” bir rejim hesab olunurdu. İnqilabın qələbəsi səbəb oldu ki, sionist rejimi “Nildən Fərata qədər” şüarını dərhal kənara qoysun və birdəfəlik unutsun. Eyni zamanda Afrikadan Asiyanın şərqinə qədər müsəlman xalqları müxtəlif modellərdə İslami hökumət rejimləri, İslam dövlətləri yaratmaq barədə düşünməyə başladılar. Vacib deyil ki, bizim İran İslam Respublikası modelimizin eyni olsun; önəmli olan budur ki, onlar öz ölkələrində də İslamın hakimiyyətini bərqərar etmək fikrinə düşdülər. Bu ölkələrdən bəziləri istədiklərinə müvəffəq ola bildilər; bəzilərini isə İslami hərəkat nəticəsində ümidverici bir gələcək gözləyir.

O zaman İslam dünyasının ziyalıları yeni bir ümidlə meydana atıldılar. Dahi imam Xomeyninin (r.ə) bu möhtəşəm hərəkatından, İslam İnqilabının qələbəsindən və xalqın əzəmətli mübarizəsindən sonra bu vaxta qədər pessimistcəsinə danışan, məğlubiyyət hissi keçirən şairlər, yazıçılar və incəsənət xadimlərinin əhval-ruhiyyəsi xeyli dəyişdi; sözlərində, çağırışlarında, yazılarının tonunda ümid çalarları sezilməyə başladı.

Mən buradan müsəlman xalqlarına üzümü tutaraq deyirəm: bu gün Qərb dünyasının sizə qarşı danışıq tonunun mülayimləşdiyini görürsünüzsə, bilin ki, bu, İslam dünyasındakı həmin ümumi oyanışın və müqavimətin nəticəsidir. Tanrı möminlərə qələbə vədi verib, lakin bu danılmaz İlahi vəd möminlərin müqavimət göstərmədiyi, fədakarlıq edib israrla öz sözlərinin üzərində durmadığı təqdirdə gerçəkləşə bilməz. Bu müqavimət nə qədər çox müşahidə olundusa, vəziyyət bir o qədər dəyişdi. İslam dünyası Qərbin qarşısında alçaldıcı vəziyyətdən çıxdı.

Keçmişdə imperializm dünyası və imperialist dövlətlər müsəlman ölkələri ilə istədikləri kimi davranırdılar; nə müsəlman xalqlarının, nə də onların hökumətinin rəyini soruşmurdular. Nefti varsa, başqa sərvəti varsa, üzərində istədikləri kimi sərəncam verir, tədbir görürdülər. Və həmin qərarlar mütləq surətdə icra olunmalı idi. İslam dünyasının oyanışı nəticəsində isə bu vəziyyət maksimum dərəcədə dəyişdi. Bütün İslam dünyasında müsəlmanlar uğurlu və dəyərli bir təcrübə kimi mütləq bunun qədrini bilməli, gələcək fəaliyyət kurslarını buna əsasən müəyyənləşdirməlidirlər. Hər bir xalqa dəyər və vüqar qazandıran məhz onun müqavimət və mübarizə qabiliyyətidir.

Təsəvvür edin ki, bu gün hətta yeni ABŞ administrasiyası da ABŞ dövlətini regionun insanlarının gözündə yeni bir simada canlandırmağa çalışır. Əlbəttə, onların bu cəhdi səbəbsiz deyil. Belə ki, əvvəlki ABŞ administrasiyası da region xalqlarının zehnində Amerikanı çirkin, mənf
ur və qəddar bir simada həkk etmişdi. Orta Şərq regionunda, Şimali Afrikada və digər müsəlman məntəqələrində yaşayan xalqlar ABŞ-a qəlblərinin dərinliyindən nifrət bəsləyirlər: belə ki, uzun illər boyu bölgədə ABŞ-dan amansızlıq, hərbi müdaxilə, onların hüquqlarını tapdanması, təzyiqlər və zorakı müdaxilələr görmüşdülər. Bu çağa qədər hakimiyyətdə olmuş ABŞ dövlət başçılarının uzun illər boyu onların hüquqlarını tapdaladığının şahidi olublar; məhz buna görə də ABŞ-a nifrət edirlər. Hal-hazırda yeni ABŞ administrasiyası ABŞ-ın müsəlman xalqlarının düşüncəsində formalaşmış bu mənfur simasını kökündən dəyişmək fikrindədir. Yəni bu regionda ABŞ-ı tamamilə yeni bir simada təqdim etmək niyyətindədir. Bəs buna necə nail olmaq mümkündür? Mən qətiyyətlə deyirəm ki, buna quru sözlərlə, nitqlərlə, şüarlarla nail olmaq mümkün deyil. Onlar bu regionun  xalqlarını bərk incidən, sarsıdan, onlara zərbə vuran işlər görüblər. Quru sözlərlə, nitqlərlə, şüarlarla bu incikliyi, bu qəlbisınıqlığı, bu dərin nifrəti aradan qaldırmaq əsla mümkün deyil. Əməli iş görmək lazımdır.

Amerika demokratiyadan danışır, xalqların rəyinin onun üçün əsas olduğunu deyir. Halbuki, o, Fələstində öz hakimiyyət seçimini etmiş xalqın rəyini heç saydı, əhəmiyyət vermədi. İnsanlar bundan başqa necə nəticə çıxara bilərdilər ki?! ABŞ nəinki fələstinlilərin hüquqlarının pozulduğuna əhəmiyyət vermədi, onları himayə etmədi, hətta tam əksinə, qəsbkar rejimi yüzdə yüz dəstəklədi. Halbuki, Fələstin xalqı 10 illər boyu amansızcasına, zülm ilə öz doğma vətənindən, yurd-yuvasından didərgin salınmış bir xalq idi; bu, naməlum bir tarixə aid olmayan, hamıya yaxşı məlum olan bir faktdır; 60 il öncəyə aid olan bir faktdır. Fələstin xalqı məhz belə bir vəziyyətdə, hüquqlarından məhrum edilərək müxtəlif ölkələrə didərgin düşüb.

ABŞ-ın məntəqədə yol verdiyi hüquq pozuntuları barmaqla sayılası qədər deyil. Elə bizim ölkəmizə qarşı da, atom enerjisi məsələsi ilə əlaqədar (artıq bir neçə ildir ki, müzakirə olunan bu məsələ ilə bağlı), görün, nə qədər haqsızlıqlar olub. ABŞ nə qədər yalanlar, həqiqətə zidd olan sözlər danışır. Öz əli ilə qazandığı təbii və qanuni haqqını tələb edən bir xalqın istəyinə qarşı çıxır. Xalqımız nüvə texnologiyalarını əldə etmək, nüvə enerjisindən müxtəlif sferalarda sülhməramlı istifadə etmək istədiyini deyir. Onlar isə İran xalqının nüvə silahı əldə etmək niyyətində olduğunu deyirlər. Nəyə görə yalan danışırsınız? Nə üçün bu cür sözlərlə İran xalqında özünüzə qarşı belə dərin nifrət oyadırsınız? Onlar ötən illər ərzində bu kimi işləri çox görüblər. Dəfələrlə İran xalqı və ölkə rəsmiləri nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edib. Bizim buna heç bir ehtiyacımız yoxdur və silahlanma proqamımızda nüvə silahı əsla nəzərdə tutulmayıb. Biz elan etdik ki, nüvə silahlarından istifadə İslam dini baxımından haramdır və qadağan olunur. Belə silahın saxlanılması da böyük təhlükə və problem törədə bilər. Biz nüvə silahı əldə etmək niyyətində deyilik və qətiyyən bunu istəmirik! Bizə yalvara-yalvara, pul verib belə bir işi görməyi təklif etsələr belə, İran xalqı, dövlət rəsmiləri buna aldanmaz. Lakin buna baxmayaraq, özünüzün də gördüyünüz kimi, əleyhdarlarımız və Qərb dövlətləri öz haqsız ittihamlarını zorla qəbul etdirmək üçün İranın sülhməramlı nüvə enerjisi əldə etmək niyyətində olduğunu demək əvəzinə, ölkəmizin nüvə silahı dərdində olduğunu deyirlər. Bu hüquqların tapdanması deyilmi?! Ötən illər boyunca hakimiyyətdə olmuş ABŞ administrasiyaları, xüsusilə də ABŞ-ın şüursuz eks-prezidenti terrorla mübarizə bəhanəsi ilə iki müsəlman ölkəsinə: İraqa və Əfqanıstana soxuldu. Bundan sonra isə ABŞ-ın hərbi təyyarələri dinc əhalini, yüzlərlə insanı 1 dəfə, 2 dəfə, 10 dəfə yox, ötən bir neçə il ərzində mütəmadi olaraq bombardman etdi; insanlar qətlə yetirildi. Məgər terroristlər nə iş görür ki?! Bu, elə terroristlərin etdiyi əməllər deyilmi? İntəhası, terroristlər 1, 2, 10 nəfəri qətlə yetirirlər, siz isə birdəfəlik 100-150 nəfəri qanına qəltan edirsiniz. Daha bu, terrora qarşı necə mübarizə aparmaq oldu? Amerika İraqda BƏSA-nın terrorist ünsürlərinə (Bu barədə əlimizdə dəqiq məlumat var) himayədarlıq edib, halbuki, terrorla mübarizə şüarları səsləndirir. Regiondakı xalqlarda ABŞ-a qarşı nifrət oyadan, ABŞ-ı üzüqara edən, nüfuzdan salan, bax bunlardır! Əgər ABŞ-ın yeni prezidenti ölkəsinin qazandığı mənfi reputasiyanı dəyişmək istəyirsə, bütün bu işləri kökündən dəyişməlidir. Əlbəttə, quru sözlər və şüarlarla bu mümkün deyil. Müsəlman xalqları yaxşı bilirlər ki, ABŞ rəsmilərinin doğruculluğu yalnız bir halda sübuta yetə bilər: əməldə dəyişiklik müşahidə olunsun! Əks təqdirdə, əməldə dəyişiklik etməsələr, nə qədər bəyanatlarla çıxış etsələr, İslam ümmətinə nə qədər gözəl sözlər ünvanlasalar da, heç bir nəticəsi olmayacaq; heç bir dəyişiklik hasil olmayacaq.

İslami oyanış dahi imam Xomeynimizin (r.ə) əzəmətli hərəkatının birinci aspektidir. Bu hərəkatın ikinci aspekti isə İranın və iranlıların qürur və heysiyyəti ilə bağlıdır. Bu baxımdan dahi liderimizin gördüyü ilk və önəmli iş məhz İran xalqının üzərindən həqarət damğasını götürmək, ondan acizlik psixologiyasını qoparmaq oldu. Bu, olduqca mühüm bir məsələdir. 100-150 il bundan öncə xalqımız müxtəlif amillərin təsiri altında özündə həqarət, cılızlıq hiss edirdi; özünə inamsız idi. Qacar dövründəki döyüşlərdən, həmin dövrdə məruz qaldığı şiddətli məğlubiyyətlərdən, dalbadal müxtəlif şəhərləri əldən verməsindən tutmuş daha sonra Pəhləvi şahın, Rzaxanın dövründə, xalqın diktaturanın yumruğu altında əzildiyi, heç kəsə nəfəsi çəkmək üçün belə macal verilmədiyi dövrə qədər İran xalqının psixologiyasında bu həqarət hissi, cılızlıq, özünəinamsızlıq müşahidə olunurdu. I şah Pəhləvinin hakimiyyətindən sonra da Məhəmmədrza şahın dövründə, amerikalıların müdaxiləsi, Təhlükəsizlik Komitəsinin və SAVAK-ın yaradılması ilə xalqa qarşı amansız və qəddar münasibət nəticəsində insanlarımız artıq heç bir qətiyyətli addım atmaq iqtidarında olmadıqlarını hiss edirdilər. İran xalqı bir neçə önəmli məsələdə mənəvi-psixoloji cəhətdən sındı: belə ki, məşrutə hərəkatında İran xalqı qələbə çaldıqdan sonra yenidən məğlubiyyətə uğradı. Sonralar da xalqımız əzəmətli bir milli hərəkata imza atdığına baxmayaraq rəhbər işçilər, ölkə rəsmiləri onun keşiyində layiqincə dura bilmədilər və xalq məğlubiyyətə düçar oldu. Bundan sonra 1333-57-ci illər (1954-78-ci illər) arasında – 24 il ərzində polad yumruq diktaturası xalqa ağalıq etdi. Bütün bunları yaşamış xalq, həqiqətən də, başqa bir psixologiyaya malik ola bilməzdi. Bir yandan da qərbpərəst ziyalılar (Onlardan əksəriyyəti zülmkar rejimin səlahiyyətli orqanlarında müxtəlif vəzifələri tuturdu) sözləri və əməlləri ilə xalqa heç nəyə qadir olmadığını, heç bir həlledici addım atmaq iqtidarında olmadığını təlqin etmişdilər. Eyni zamanda xalqımıza elmdə, sənayədə, mədəniyyətdə, geyim tərzində, yemək etikasında, danışıq etikasında başqalarını təqlid etmək məcburiyyətində olduğunu aşılamışdılar. Hətta iş o yerə çatdı ki, fars əlifbasını dəyişməyin lazım olduğunu da dedilər! Görün, bir xalq azadlığından, milli qürur və heysiyyətindən nə qədər uzaq düşməlidir ki, kimsə cürət edib ona: “Əlifbanı, yazını dəyişməlisən” – deyə?! Nəyə görə min illər boyunca elmi mirasımızın yazıldığı fars xəttini dəyişməli, avropalıların yazısını gətirib onları təqlid etməliyik? Təsəvvür edin ki, iş bu yerə gəlib çatmışdı! İmam Xomeyni (r.ə) gəldi və bu cılızlıq, həqarət psixologiyasını tamamən yox etdi. İslam İnqilabının qələbəsinə qədər 15 il boyunca həyata keçirdiyi hərəkatda və inqilabın qələbəsindən sonrakı 10 illik bərəkətli həyatı ərzində bu dahi insan daim bu millətin psixologiyasına özünəinamı aşılayırdı: “Siz bacaracaqsınız! Biz bacaracağıq! Siz buna qadirsiniz! Siz əzəmətlisiniz! Siz qüdrətlisiniz!” – deyirdi.

Məhz bu özünəinam və arxayınlıq hər bir ölkənin inkişaf və yüksəlişinin iki təməl sütunundan biridir. Digər sütun isə maddi resurslardır; lakin bu da kifayət deyil. Ola bilsin, kifayət qədər maddi imkanı olan bir xalq tərəqqi və yüksəlişə çata bilməyə; nüfuzlu və qüdrətli bir xalq ola bilməyə. Elə biri bizim özümüz... İnqilabdan əvvəl də neftimiz var idi; qazımız var idi; nəhəng qiymətli filiz mədənlərimiz var idi, parlaq istedadlı insan potensialımız var idi. Lakin buna baxmayaraq üçüncü dərəcəli, dünya arenasında unudulmuş, böyük dövlətlərin “qapazını yeyən” bir xalq idik; zalım, xalqın düşmənlərindən asılı olan və onların əli ilə taxta oturdulmuş bir hökumətin yumruğu altında yaşayırdıq. Odur ki, təkcə maddi imkanlar kifayət deyil, digər şərtlərə, mənəvi şərtlərə də ehtiyac var. Bu şərtlərdən ən önəmlisi isə özünəinam hissidir, yəni öz gücünə arxayın olmaqdır. Lakin xalqımız qarşısına məqsəd qoyduğu işin öhdəsindən gələ biləcəyinə inanmadı. İmam Xomeyni (r.ə) isə xalqımızı müqavimət göstərə biləcəyinə, mübariz olacağına, öz ölkəsini azad edəcəyinə, özünün quracağı bir hökuməti tam gücü ilə qoruyub-saxlaya biləcəyinə inandırdı. Dünya arenasında beynəlxalq siyasətə təsir edə biləcəyinə də inandırdı. Və elə bu cür də oldu! 20 gün bundan əvvəl mən Sənəncəndə – kürd qardaşlarımızla təşkil olunan görüşdə də həmin bu milli qürur və heysiyyət məsələsindən danışdım. Milli qürur və heysiyyət məsələsi hər bir ölkə üçün olduqca mühümdür. Bu, pafoslu sözlər deyil. Xalqımızın milli qürur və heysiyyət hissi həyatımızın bütün sferalarında mütləq öz əksini tapmalıdır.

Dövlət idarəçiliyində milli qürur psixologiyasının mənası budur ki, dövlət, hakim rejim öz xalqına arxalana, xalqından dəstək ala!

İqtisadi məsələlərdə milli qürurun öz əksini tapması ölkənin özünü təmin etməyə qadir olacaq bir səviyyəyə çatmasıdır: belə ki, ehtiyac duyduğu bir şeyi dünya ölkələrindən alıb qarşılığında həmin ölkələrin ehtiyac duyduğunu onlara verə, məğlub, aciz bir vəziyyətdə qalmaya.

Elm sahəsində milli qürurun təzahürü budur ki, ölkənin gənc tələbəsi, tədqiqatçısı, alimi elmin sərhədlərini aşa, başqa sözlə desək, bizim irəli sürdüyümüz “Proqram təminatı və elmi yaradıclıq” hərəkatını gerçəkləşdirə; parlaq elmi nailiyyətlər əldə edə. Elmi hazırkı səviyyə gətirib çıxarmış insanların istedad səviyyəsi bizdən aşağı olmamışsa, yüksək də olmamışdır. Bizim yüzilliklərdən keçib gələn parlaq elmi keçmişimiz var. Bu gün də biz parlaq elmi yaradıcılıqla məşğul ola, kəşflər edə, “Dünya elmi” qalasının göylərə ucalmasında özünəməxsus önəmli paya malik ola bilərik. Bax, o zaman bu, milli qürur və heysiyyətin əsl təzahürü olar!

Cürbəcür siyasətlərdə başqa dövlətlərlə diplomatik əlaqələrin qurulmasında milli qürurun təzahürü isə budur ki, xalq öz müstəqil rəyini yürüdə bilə! Ölkəsi, hökuməti hətta superdövlətlərin qarşısına belə, elə bir formada çıxa ki, onlar heç bir məsələdə öz iradələrini zorla ona qəbul etdirə bilməyələr.

Mədəniyyət sferasında milli qürur özünü bunda göstərir ki, xalq öz adət-ənənələrinə sadiq ola, onları uca tuta, xarici, işğalçı mədəniyyətləri kor-koranə təqlid etməyə. Təəssüflər olsun ki, İslam İnqilabından əvvəl 100 il, bəlkə bundan da artıq müddət ərzində ölkəmiz Qərb mədəniyyətinin bu viranedici dalğasında qərq olmuşdu və bunun fəsadlarına biz hələ də dözmək məcburiyyətindəyik; acısını çəkirik. Milli qürur və heysiyyət budur ki, xalq öz adət-ənənələrinə önəm verə, ehtiramla yanaşa, onlarla fəxr edə, başqalarının: “Siz geridə qalmısınız!” – deyə vurduğu tənələrə məhəl qoymaya.

Bu gün bəzi Avropa ölkələri elə işlər görürlər ki, ağlı başında olan adi bir insan bunlara ancaq istehza ilə gülə bilir. Onlara bu işləri nə üçün gördüklərini sual verəndə isə: “Bu bizim adət-ənənəmizdir” – deyə cavab verirlər; öz adət-ənənələrinə sadiqdirlər – köhnə, çürük ənənələrinə. Lakin başqa millətlər öz adət-ənənələrinə hörmət qoyanda, sadiq qalanda isə onlara tənə vurur, məsxərəyə qoyurlar. Bilin ki, özünü başqalarında əridib məhv etmək, kimliyini itirmək milli qürur və heysiyyətə tamamən ziddir. Milli qürur odur ki, xalq yadların mədəniyyəti qarşısında özünü itirməsin, dəyərlərini əldən verməsin – milli qürur, bax, budur! Şübhəsiz, həyatın bütün sferalarında milli qürur və heysiyyət öz təzahürünü tapmalı, əks olunmalıdır.

Ölkənin idarəçilik metodunun seçilməsində və xalqla ünsiyyət qurmaq işində  milli qürurun və heysiyyətin təzahürü məhz bu olmalıdır ki, cəmiyyətin hər bir üzvünə ayrı-ayrılıqda hörmətlə yanaşılsın.

امّا اخ لك فى الدّين و امّا نظير لك فى الخلق
 “Ya sənin din qardaşındırlar, ya da yaradılışda sənin kimidirlər...” (Nəhcül-bəlağə, 53-cü məktub)

Din qardaşımız, məsləkdaşımız olsa da, olmasa da, hər bir insana hörmətlə yanaşılsın, uca tutulsun. Cəmiyyətin üzvü olan hər bir insan ehtirama, uca tutulmağa layiqdir; milli qürur psixologiyasını yaradan amillərdən biri də, bax, budur! Bunlar imam Xomeyninin (r.ə) bizə tövsiyə etdiyi milli qürur və heysiyyətin müxtəlif aspektləridir. İslam rejimi bu 30 il ərzində özünəinamla irəli getdi. Əlbəttə ki, bu rejimin önündə enişli-yoxuşlu yollar çox oldu. Lakin bütün bu maneələr İslam Respublikasının irəliyə doğru hərəkətini dayandıra bilmədi; xalq qətiyyətlə dayanmadı. Xalqımızın bu milli qüruru dünyada da əks-sədasını tapıb. Mən İran xalqının öz prinsiplərinə sadiqlik ucbatından dünyada rəzil olduğunu, gözdən düşdüyünü düşünənlərin sözünü əsla qəbul etmirəm. Çünki qətiyyən belə deyil! Sadəcə, bizim düşmənlərimiz var. Dünyanın hegemon və işğalçı dövlətləri bizə qarşı vahid blokda birləşiblər. Bu dövlətlər ağalıq etdikləri hər hansı bir dövlətin onların nəzarəti altından çıxdığını görəndə dərhal ona qarşı mübarizəyə qalxır, əzməyə çalışır, təhqir edirlər. Eynilə İran da İslam İnqilabından öncə onların ağalığı altında idi və məhz inqilabın qələbəsi ilə bu zəncirləri qırıb atdı. Onların ixtiyarında bir çox təbliğat vasitələri var. Bu, o demək deyil ki, biz bir xalq kimi öz nüfuzumuzu itirmişik. Xeyr! İslama, İran İslam Respublikasına düşmən olanlar qəlbinin dərinliklərində imam Xomeyniyə (r.ə) hörmət edirlər.

İmam Xomeyninin (r.ə) bəyanatları ilə yetişmiş və bu dahi insanın istiqamətləndirdiyi əzəmətli xalqımızın inkişaf və yüksəliş zirvələrinə aparan yolu bundan ibarətdir ki, milli qürur və heysiyyəti həyatının bütün sferalarında qoruyub-saxlaya bilsin. Bu xalq ən yüksək zirvələrə ucala bilər; güclü bir xalq olandan sonra, maddi və mənəvi yüksəliş əldə edəndən sonra onun təhlükəsizliyi də ən yüksək səviyyədə təmin olunacaq. Daha ona hər hansı bir xəsarət yetirmək mümkün olmayacaq, düşmənləri tamah dişlərini onun üzərinə qıcatmayacaq. Xalqımız öz təhlükəsizliyini və asayişini ən mükəmməl formada təmin etmək istəyirsə, düşmənlərin artıq onu hədələməyə cürət edə bilməməsini istəyirsə, mütləq bu yolla getməlidir. Tərəqqi və ədalət arzusundadırsa, bu yolla getməlidir. Dövlətimiz üçün ən böyük təhlükə xalqdan uzaqlaşmaqdır, İslam dəyərlərindən uzaqlaşmaqdır, imam Xomeyninin (r.ə) mübarək kursundan  uzaqlaşmaqdır – məhz bunlar ölkəmiz üçün böyük təhlükədir. İslam İnqilabının qurduğu bu möhkəm konstruksiya qorunub-saxlansa, vaxt keçdikcə bir çox xırda problemləri aradan qaldırmaq olar. Bu möhkəm konstruksiyanı heç yerindən qırılmağa qoymayın! Əks təqdirdə, artıq heç bir yaraya əlac etmək mümkün olmayacaq, heç bir dağılmış küncü təmir etmək mümkün olmayacaq. İmam Xomeyninin (r.ə) bizə miras qoyub getdiyi İslam dövlətinin möhkəm konstruksiyasını onun öyrətdiyi kimi qoruyub-saxlamalıyıq. Mən Allaha çox şükürlər edirəm ki, 30 il ərzində İran xalqı və ölkə rəsmiləri əllərindən gəldiyi qədər bu yolu davam etdirməyi bacardılar. Əlbəttə ki, kəm-kəsirlər olub, eniş-yoxuşlar olub. Müəyyən etaplarda daha çox, müəyyən etaplarda isə daha az irəliləyişlər əldə olunub. Lakin bu hərəkat bu günə qədər müntəzəm surətdə davam edib. Allahın dəstəyi və sizlərin əzmkarlığı sayəsində, xüsusilə də siz gənclərin əzmi ilə son qəti qələbəyə qədər bu yol davam etdiriləcək.

Bu arada seçkilərlə bağlı bir neçə kəlmə demək istərdim. Seçkilər bütün dövrlərdə ölkəmizdə həssas, mühüm və taleyüklü bir məsələ olub: istər İslami Şura Məclisinə, istər Xubriqan Məclisinə seçkilər, istərsə də bir neçə gün sonra start veriləcək prezident seçkiləri olsun. Seçki ilə əlaqədar bir neçə xüsusi məqamı qeyd etmək istərdim: Birincisi, xarici KİV artıq 2-3 ay bundan əvvəl ölkəmizdə baş tutacaq seçkiyə qara yaxmağa başladılar (xalqa pessimist əhval-ruhiyyə aşılamaq üçün). Gah dedilər: “Bu seçki yox, təyinatdır!”, gah dedilər: “Bu hökumət daxilində aparılan və kontrol altında olan bir oyundur”. Namizədlərin də oyun oynadığını, rola girdiyini dedilər; bir-biri ilə rəqabət aparan namizədlər, guya ki, oyun oynayır, rola girirlər. Gah da dedilər ki, seçkidə mütləq saxtalaşdırmaya yol veriləcək. Hər dəfə bir söz dedilər. Lakin bütün bu provakasiyalardan məqsəd birdir: onlar xalqın seçkidə aktiv, diqqətəlayiq iştirak etməsini istəmirdilər; təkcə istədikləri, bax budur! Mən üzümü sizlərə tutub deyirəm: “Əzizlərim! Mənim əziz İran xalqım! Müdrik və uzaqgörən xalqım! Ötən 30 il ərzində bir bu qədər çətinliklərdən keçmiş, sınaqlardan üzüağ çıxmış və kifayət qədər təcrübə toplamış İran xalqım! Bilin ki, onlar sizin demokratiyanıza qarşıdırlar. Düşmən sizin seçkidə iştirakınıza, sizin seçimizə qarşıdır!” Onlar İslam dövlətini yeganə dayağından – xalqdan və xalqın səsindən məhrum etmək istəyirlər. Düşmənlər nə etdiklərini yaxşı başa düşürlər. Vay o kəslərin halına ki, kor-koranə onların dediyini təkrar edir, planlarını daxildə həyata keçirirlər. Belələri xalqı pessimizmə düçar edirlər. İran xalqı bu 30 ildə  ölkə rəsmilərini özünün müəyyənləşdirdiyi ilə fəxr edir. Ölkə rəsmilərinin hamısı – yüksək vəzifəlisindən tutmuş aşağı vəzifədə olanlara qədər xalq tərəfindən seçilirlər. Ali Məqamlı Rəhbərlik postunu tutan şəxslər də xalqın əli ilə – Xubriqan Məclisinə, ölkə prezidentliyinə, İslam Şurasına, digər müxtəlif şuralara seçkilər vasitəsilə seçilirlər. Bu, rejimin iftixar duyduğu, dövlətimizə başıucalıq gətirən bir məsələdir. Xalqı bundan məhrum etmək istəyirlər, çünki rejimin məhz bununla möhkəmləndiyini yaxşı bilirlər. Üzümü sizə tutub deyirəm: Bu rejimin möhkəm və sarsılmaz olmasını istəyən, İslama bağlı olan, İran xalqını sevən hər bir şəxs üçün sağlam məntiqə, İslam şəriətinə görə seçkidə iştirak etmək vacibdir.

Seçki ilə bağlı qeyd etmək istədiyim ikinci məqam isə budur: Əzizlərim! Müxtəlif namizədlərdən hər birinin öz tərəfdarları var. Namizədlərdən hər hansı birinin tərəfdarları digər bir namizədi dəstəkləyən insanlara buna görə irad tuta bilməz. Əksinə, seçki öncəsi müxtəlif siyasi tendensiyalara aid olan namizədlər arasında gedən rəqabət və insanların onlardan bu və ya digərini dəstəkləməsi, yaxud bəyənməməsi dövlətimizin iftixar duyduğu bir faktdır. Bu, çox müsbət bir haldır! Möhtərəm namizədlərdən hər birini bəyənən, dəstəkləyən insanlar var; onlardan bəziləri hətta bəyəndiyi namizədi çox böyük təəssübkeşliklə, şövqlə dəstəkləyirlər. Olsun, çox yaxşı, buna sözümüz yoxdur. Lakin diqqətli olmaq lazımdır ki, bu maraq və təəssübkeşlik qarşıdurmaya səbəb olmasın, iğtişaşlarla nəticələnməsin. Siz öz əqidəniz uğrunda, öz inandığınız ideyalar uğrunda çalışıb-vuruşursunuz. Bu inama, bu amala düşmən olanların sizdən sui-istifadə etməsinə imkan verməyin. Bəzi namizədləri dəstəkləyən gənclərin küçələrdə yürüş etdiyi barədə mənə məlumatlar gəlib çatıb; küçə yürüşlərinə münasibətimi bildirmək niyyətində deyiləm. Lakin təkidlə qeyd etmək istəyirəm ki, heç bir vəchlə bu küçə yürüşləri qarşıdurmaya, toqquşmaya səbəb olmamalıdır. Muğayat olun! Kiminsə iğtişaş və toqquşma törətməkdə israrlı olduğunu görsəniz, bilin ki, o, ya xaindir, ya da heç bir şeydən məlumatı olmayan cahil bir insandır.

Seçki ilə bağlı üçüncü məqam isə budur ki, möhtərəm namizədlər özləri də ehtiyatlı olmalıdırlar. Təbliğat-təşviqat kompaniyasını həyata keçirən hər hansı bir namizədin istər televiziya verilişlərində, istərsə də seçicilərlə görüşlər zamanı öz çıxışlarında özünü təsdiq etmək məqsədilə başqa bir namizədi inkar etməsi, cürbəcür arqumentlər gətirməsi heç də xoşagələn bir hal deyil. Mən əvvəllər də bu barədə tövsiyələrimi vermişdim, indi həmin məsələyə yenə də qayıtmaq istəyirəm. Namizədlərin hamısı bir məqsəd üçün çalışırlar. Hər kəs öz payına düşən qədər vəzifəsini, məsuliyyətini dərk edərək meydana çıxır. Mənim namizədlər arasında polemikalara, qarşılıqlı tənqidlərə heç bir etirazım yoxdur. Lakin çalışmaq lazımdır ki, bütün bunlar şəriət və din çərçivəsində həyata keçirilsin. Xalqımız müdrik bir xalqdır, hər şeyi yaxşı dərk edir və görür! Keşikçi Şurada namizədliyi təsdiq olunmuş və müxtəlif auditoriyalar qarşısında təbliğat-təşviqat aparan dörd möhtərəm namizədin hər biri ehtiyatlı olmalıdır ki, çıxışları, bəyanatları cəmiyyət içərisində ədavət toxumu səpməsin. Onlar qardaşlıq və səmimiyyət şəraitində hərəkət etməlidirlər. Əlbəttə, şəxsi və ictimai müstəvidə müxtəlif məsələlərə fərqli yanaşma, rəy müxtəlifliyi, əqidə müxtəlifliyi təbii bir haldır; bunun heç bir eybi yoxdur. Lakin bunun iğtişalarla nəticələnməsinə əsla imkan verməyin. Möhtərəm namizədlərin özləri də bu məsələlərə lazımi diqqət yetirməlidirlər.

Son olaraq dördüncü bir məqamı da qeyd etmək istəyirəm: bu seçkidə mənim yalnız bir səsim, bircə seçim hüququm var. Zənnimcə, mənim seçimimin nədən ibarət olduğunu heç kəs dəqiq bilmir; ola bilsin, bəziləri müəyyən ehtimallar edirlər. Lakin mən: “Bu və ya digər namizədə səs ver!”, yaxud “Səs vermə!” – deyə heç kəsə məsləhət verməmişəm, vermirəm və bunu etmərəm də. Mənim səs hüququm, seçimim yalnız özümə aiddir. Xalqın seçim hüququ da özünə aiddir. Mənim xalqımızdan istədiyim yalnız budur ki, hamı var-qüvvəsi ilə, əlindən gələni əsirgəmədən, tam optimist əhval-ruhiyyə ilə 22 xordad günü seçki mənətəqələrinə gəlib səs versin. Uca Yaradan düşünən, müstəqil qərar verən, öz seçimini edən, Allah yolunda və Allah naminə bu seçimə əməl edən xalqa həmişə arxadır!  

İlahi! Öz bərəkətini və rəhmətini bu xalqın üzərinə yağdır! İlahi! Dahi imam Xomeynimizin (r.ə) pak və müqəddəs ruhuna Qiyamət günü öz övliyalarınla bir cərgədə durmağı nəsib et! İlahi! İmamımızın (r.ə) dünyadan köçmüş iki gənc oğlunun ruhlarına da onun özü ilə və övliyalarınla eyni məqamı nəsib et! İlahi! Böyük əksəriyyəti bu müqəddəs məqbərənin yaxınlığında uyuyan əziz şəhidlərimizə və İslam uğrunda şəhid olmuş hər kəsə Öz övliyalarının məqamını nəsib et!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei
4 iyun, 2009-cu il