Ali Məqamlı Rəhbərin informasiya bloku

Bicar əhalisi ilə görüş

بسم‏اللَّه‏الرّحمن‏الّرحيم

والحمد للَّه ربّ العالمين و الصّلاة و السّلام على سيّدنا و نبيّنا أبى القاسم المصطفى محمد و  على اله الأطيبين الأطهرين و صحبه المنتجبين سيّما بقيّة اللَّه فى الأرضين

Çox xoşbəxtəm ki, Bicar və Gorus şəhərlərinin böyük iftixar doğuran tarixi keçmişə malik qəhrəman əhalisi ilə belə bir izdihamlı və həyəcanlı görüşdə iştirak edirəm. Bicar əhalisi keçdiyi şərəfli tarixi yoldan əlavə müasir dövrdə də İslam İnqilabı ilə bağlı olan cürbəcür hadisələrdə, ölkəmizin məcburi surətdə cəlb edildiyi müharibədə, habelə Müqəddəs Müdafiə Hərəkatında öz parlaq potensialını nümayiş etdirdi. Bu şəhərin kişi və qadınları, ahılları və gəncləri, hətta yeniyetmələri bu meydanda, şübhəsiz ki, heç bir zaman yaddaşlardan silinməyəcək bir şücaət və qəhrəmanlıq nümayiş etdirdilər. Bir qədər əvvəl “Qolzare Şəhidan” adlı şəhidlər xiyabanında eyni məktəbdən cihad meydanına yollanıb şəhidlik şərbətini içmiş bir neçə məktəblinin müqəddəs məzarlarının önündə durmuşduq və o əzizlərin məzarlarını ziyarət edirdik. Bunlar hansısa şəhər, oranın camaatı, sakinləri olan insanlar haqqında nəticə çıxarmaq üçün olduqca böyük nişanələrdir. Tarix məhz həmin nişanələrə əsaslanaraq öz hökmünü verir. Artıq başda oturanların və hakimiyyət nümayəndələrinin ucqar şəhərləri, həmçinin ölkədəki müxtəlif etnik qrupların nümayəndələrini diqqətdən kənarda saxlamağa, onlara barmaqarası baxmağa çalışdıqları o dövr geridə qalmışdır. Bu gün İran İslam Respublikası quruluşunda bu geniş və əzəmətli ölkənin istənilən nöqtəsində yaşayan hər bir iranlı özünəməxsus əhəmiyyət kəsb edən müstəqil bir fərd kimi dəyərlidir. Məhz bu dəyərlərin, bu müstəqil şəxsiyyətlərin, ayrı-ayrı iradə və sevgilərin toplusu böyük İran xalqını təşkil edir. O İran xalqını ki, müasir dövrdə dünyadakı hegemon imperialist qüvvələrin istəyinə rəğmən öz varlığını, iradəsini və təsirini əleyhinə olan bədxahlara qəbul etdirməyi bacarmışdır. Artıq bu gün İran xalqının bir çox xalqlara nümunə olan sarsılmaz mübarizəsi öz mənşəyini ölkədə yaşayan ayrı-ayrı fərdlərin mübarizliyindən, bu böyük məmləkətin hər bir şəhərində, ucqar məntəqələrində yaşayan bütün etnosların parlaq şəxsiyyətindən götürmüşdür. Bicar şəhəri ilə bağlı diqqəti cəlb edən əsas məqam bundan ibarətdir ki, buranın əhalisi, istər sünnilər, istərsə də şiələr qəlblərindəki Əhli-beyt (ə) sevgisi ilə (xüsusilə də Əhli-beyt (ə) sevgisinin məktəbi və ustadları olan şiələr) böyük sınaqlardan başıuca çıxmağa müvəffəq olmuşlar. Bu əziz camaat İslam ölkəsinin sərhədlərinin keşiyində durmaq missiyasını yerinə yetirməklə sınaqdan əla çıxdılar və məqbul qiymət aldılar. Kürdüstan vilayətinin bütün məntəqələrində, o cümlədən şiəliyin mərkəzi sayılan Bicar şəhərində yaşayan əhali ‒ sünnilər və şiələr mehriban qonşuluq şəraitində birgə yaşayır, müsəlmanların vəhdət və həmrəyliyinə gözəl bir nümunə nümayiş etdirirlər. Bunlar təqdirəlayiq faktlardır. Bizim yalnız bu mərhələdə deyil, keçmişdən bəri apardığımız araşdırmalarda da istibdad dövründə bu məntəqəyə münasibətin mənfi olduğu diqqətimizi cəlb etmişdir. Bu məntəqənin camaatına ögey münasibət bəslənilmiş və etinasızlıqla yanaşılmışdır. Məhz buna görə də İslam İnqilabının elə ilk illərində dahi imam Xomeyninin (r.ə) göstərişinə əsasən ilk quruculuq briqadası “Kürdüstan Quruculuq Komitəsi” adı altında əhalinin xidmətində durmaq, keçmişdən bəri üst-üstə yığılmış qayğı və problemləri aradan qaldırmaq üçün bu məntəqəyə gəldi. Heç şübhəsiz ki, inqilab düşmənlərinin konkret zaman kəsiyində təhlükəsizliyi və asayişi pozması bu məntəqəni bir çox şanslardan məhrum edərək həmin xidmət işini müəyyən qədər geri saldı. Lakin İslam dinini rəhbər tutmuş diyarın qəhrəman gəncləri ‒ istər quruculuq cihadında iştirak edən cavanlar, istər İslam İnqilabının Keşikçiləri Korpusunun aslanları, istərsə də orduda və inzibati qüvvələrdə xidmət edən cəsur insanlar sizlərin ‒ əhalinin dəstəyi ilə bu vilayətdə və bu məntəqədə böyük işlər gördülər. Əlbəttə, bununla yanaşı geriliyin müşahidə olunduğu məqamlar və nöqsanlar da az deyil. Möhtərəm İmam-cümə vilayətin qayğı və problemlərindən bəzilərinə toxundu. Xoşbəxtlikdən, daim xalqın xidmətində duran hakimiyyət nümayəndələri vaxtaşırı keçirdikləri iclaslarda, o cümlədən bir gün əvvəl Sənəndəc şəhərində təşkil etdikləri iclasda ölkədə mövcud olan problemlərin aradan qaldırılması, xüsusilə də Bicar məntəqəsi ilə bağlı bir sıra diqqətəlayiq qərarlar qəbul etmişlər. Bu barədə bizə də məlumat verildi və biz də öz növbəmizdə həmin qərarların ardıcıl olaraq ciddi şəkildə həyata keçirilməsini təkidlə tövsiyə etdik. İnşallah, bu, elə belə də olacaq! İnşallah, məhz sizlərin ‒ xalqın əzmi, sizlərin ‒ xalqın köməkliyi ilə daim xalqa xidmət edən dövlət bu camaat, bu məntəqə və siz əzizlər üçün nəzərdə tutduğu böyük işləri həyata keçirə biləcək!

Mən ümumilikdə bütün ölkəyə və İslam İnqilabının problemlərinə aid olan, lakin xüsusilə də Bicarın problemlərinə toxunan mühüm bir məqamı qeyd etmək istərdim. İran xalqı dünya ictimaiyyətini heyran qoymuş əzəmətli hərəkata üç əsas faktorun köməyi ilə nail olmuşdur: birlik, hamılıqla iştirak və müdriklik. İran xalqı özünün vəhdəti, yekdilliklə iştirakı və müdrikliyi ilə bu böyük addımı atmağa – tamamilə yeni bir sivilizasiya, yeni bir hərəkat, dünya siyasi təfəkküründə yeni bir cərəyan yaratmağa müvəffəq oldu. Müsəlman xalqları özlərində qürur və heysiyyət hiss etdilər, öz həqiqi kimliyini tapdılar. Onlar müsəlman ümmətinin zorla ürcah edildiyi geriliyi aradan qaldırmaq və bu boşluğun yerini doldurmaq iqtidarında olduqlarını hiss etdilər. Odur ki, siz indi İran xalqının bu hərəkatının Şimali Afrikadan Şərqi Asiyaya qədər olan ərazidə yaşayan müsəlman xalqlarına təsir etdiyini, bu xalqların oyanışına səbəb olduğunu görürsünüz. Fələstin, Livan olaylarında, İraq və Əfqanıstanda baş verən məsələlərdə hər an, hər addımda sizlərin ‒ İran xalqının nəfəsinin təsiri hiss olunur. Bu möhtəşəm iş üç ünsürün bərəkəti ilə baş vermişdir:

Milli birlik. Qəlblər bir-birinə yaxınlaşdı, dillər eyni fəryadı aləmə car çəkdi, ölkənin dörd bir yanında yaşayan, müxtəlif etnik, məzhəb mənsubiyyətinə malik olan insanlar İslam Respublikasının bərqərar olması, İslam bayrağının göylərə ucalması məramı ilə əl-ələ, çiyin-çiyinə verib yekdil oldular. Bu birlik və yekdillik İslam İnqilabının başlanğıcında düşmənə güclü təzyiq göstərərək istibdad rejiminin belini qırmağa müvəffəq oldu. Ondan sonra da bu günün özünə qədər son anda düşmənə öz qəti sözünü deyən, onu xalqın möhkəm sıralarını pozmaq arzusundan naümid edən İran xalqının həmin birliyi və həmrəyliyi olmuşdur. Bu vəhdəti və həmrəyliyi qoruyub saxlamaq lazımdır.

Mən Sənəndəcdə dediyim sözləri burada da təkrar etmək istəyirəm. Müsəlman qardaşlar İslam birliyini şiə və sünni məzhəbləri arasındakı təfriqədən üstün tutmalı, məzhəb ixtilafının siyasi qarşıdurma, ikitirəliklə nəticələnməsinə əsla imkan verməməlidirlər. İranda yaşayan etnosların, fərqli müsəlman məzhəblərinə etiqad bəsləyən insanların, müxtəlif siyasi cərəyanların vəhdətdə olması ölkənin əzəmət və təntənəsinin təzminatçısıdır. Burada da mən hamıya məhz bunu tövsiyə edirəm. Sünni qardaşlarımızın əksəriyyət təşkil etdiyi yerlərdə də bizim tövsiyəmiz məhz bu olmuşdur. Şiə qardaşlarımızın əksəriyyət təşkil etdiyi bu şəhərdə də biz məhz bunu tövsiyə edirik: bir-birinizlə qardaş olun, əl-ələ verib həmrəy olun, bir-birinizə yardım edin. Qeyd etmək istədiyim birinci mühüm məqam bu idi.

İkinci önəmli məsələ isə xalqın ölkənin ictimai-siyasi həyatında yaxından iştirakıdır. Məhz xalqın ölkədə cərəyan edən ictimai-siyasi hadisələrdə yaxından və fəal iştirakı düşməni məyus etməyə müvəffəq olmuşdur. Əgər bu 30 il ərzində camaat ölkədə baş tutan seçkilərdə, 22 Bəhmən yürüşlərində, Qüds günündə fəal iştirak etməsəydi, xalq ölkədə təşkil olunan müxtəlif mərasimlərdə öz varlığını – İran millətinin möhtəşəmliyini düşmənə nümayiş etdirməsəydi, şübhəsiz ki, İran xalqının bugünkü birliyi və vəhdəti mümkün olmazdı. Xalqın bu hamılıqla, yaxından və fəal iştirak xüsusiyyətini qoruyub-saxlamağa çalışın!

Bizim ölkədə baş tutan hər bir seçki ərəfəsində xalqın seçkidə fəal iştirakının vacibliyini bir bu qədər təkidlə vurğulamağımızın səbəbi məhz budur. Bu iştirak yalnız siyasi arenada, seçki müstəvisində vacib deyil. Quruculuq, iqtisadiyyat və s. sferalarda da xalqın birgə iştirak etməsi olduqca zəruridir. Qeyd etdiyim kimi, bu məsələ bütün İran xalqına aiddir, lakin Bicar şəhəri baxımından da mühüm məna kəsb edir. Bicar əhalisi öz şəhərinin, yamyaşıl çöllərinin, olduqca bərəkətli məntəqəsinin qədrini bilməlidir. Bəzən insanların bu şəhərdən uzaq-uzaq məntəqələrə köçüb getdikləri barədə eşidirik. Bax, bu, xalqın birgə iştirakı prinsipinə ziddir. Xalqın ölkə iqtisadiyyatında birgə iştirakı prinsipinə ziddir! Burada qalın, burada olun, buranı abadlaşdırın! Artıq hökumətin ucqar məntəqələrə qayğı və diqqət göstərmək niyyətində olmadığı o dövrlər keçib gedib! Xoşbəxtlikdən, daim xalqın xidmətində duran dövlətimiz ölkənin ucqar məntəqələrinin qayğı və problemlərinə diqqətlə yanaşır. Mən özüm şəxsən ucqar vilayət və şəhərlərin qayğılarına nə qədər böyük diqqət yetirildiyinin yaxından şahidi oluram. Elə Bicarın özünü götürək! Ötən gün mən dövlət məmurlarının bu məntəqənin və bu şəhərin problemlərindən xəbərdar olduğunu gördüm. Məmurlar burada su çatışmazlığı, bəndlərin digər vilayətlərə tərəf aşması və buranın sudan məhrum qalması və s. bu kimi problemlərin olmasından xəbərdardırlar və onların aradan qaldırılması üçün lazımi tədbirlər görmək niyyətindədirlər. Dövlət məmurlarının ölkənin müxtəlif məntəqələrinə ‒ xüsusilə də mərkəzdən uzaq olan, əhalinin əksəriyyəti üçün ucqar sayılan məntəqələrə diqqət və qayğı göstərməsi çox dəyərli bir faktdır. Bu, olduqca yaxşıdır! Hər bir məntəqənin öz sakinləri də mütləq məmurlarla əl-ələ verib həmkarlıq etməlidirlər. Bəli, məmurlarla həmkarlıq edin, məntəqənizin problemlərinin həll olunmasında özünüz yaxından iştirak edin! Məhz bu həmkarlıq və birgə iştirak İran xalqının ölkə, vilayət, eləcə də bu məntəqə miqyasında öz əzəmətli hərəkatını davam etdirməsi üçün nəzərdə tutulan ən mühüm məsələlərdən biridir. Öz şəhərinizin, öz diyarınızın, özünüzün barlı-bərəkətli, gözəl, səfalı, yamyaşıl iqliminizin və torpağınızın qədrini bilin! Bu nemətləri qənimət bilib onlardan bəhrələnməyə çalışın! Məmurlar da bu işdə sizə yardımçı olsunlar! Əl-ələ verin! Olduqca əhəmiyyətli olan həmkarlıq və birgə iştirak məsələsi haqqında  bu qədər.

Müdriklik və uzaqgörənlik. Bu məsələyə gəldikdə isə bu üçüncü ünsür də birlik və hamılıqla iştirak ünsürləri kimi olduqca mühüm rola malikdir. İran xalqı müdrik və uzaqgörən bir xalq olduğunu artıq nümayiş etdirib. İran xalqı müdrik olmasaydı, İslam İnqilabının ilk illərində hakimiyyətdə olmuş səbatsız, bu inqilaba etiqad bəsləməyən hökumətlər sayəsində, yəqin ki, bu ölkənin aqibəti çox pis olardı. İslam İnqilabına inam bəsləmədiklərini, Amerikadan qorxduqlarını açıq-aşkar deyənlərin (bəli, onlar bunu açıq-açığına etiraf edirdilər), habelə supergüclər qarşısında yumşaqlıq göstərib güzəştə getməyə meyilli olduqlarını hiss etdirənlərin iş başında qalmasına şərait yaradılsaydı, bu gün xalqımız tamamilə başqa bir yolda, başqa bir vəziyyətdə olar, İran xalqının bugünkü hörmət-izzətindən, yüksəlişindən, beynəlxalq nüfuzundan heç bir əsər-əlamət olmazdı. Dahi imam Xomeynimiz (r.ə) mətin və mübariz dayandı, xalq da öz müdrikliyi sayəsində, öz uzaqgörənliyinin bərəkəti nəticəsində imamın (r.ə) arxasında durdu. Bu işdə müdriklik və uzaqgörənlik kimi xüsusiyyətləri xalqa çox kömək etdi!

Əzizlərim, mən demək istəyirəm ki, bu müdriklik və uzaqgörənlik həmişə vacibdir! Bu gün də, sabah da lazımdır! Xoşbəxtlikdən, bu gün ölkənin dörd bir yanında bütün sferalarda gənclər üstünlük təşkil edir. Gənclərimiz ağıllı, ayıq-sayıq olmalıdırlar. Konkret meyarlar müəyyənləşdirilib! Bu müdriklik və uzaqgörənlik müxtəlif məsələlərdə ‒ seçkilərdə, İran xalqının öz istək və tələblərini ifadə etməsində və s.-də öz təsirini qoymalıdır. İran xalqı öz seçimini edərkən çox diqqətli olmalıdır (belə ki, seçkidə mühüm olan meyarları mən ötən gün qeyd etmişdim, bir məsələni də əlavə etmək istərdim). Xalq düşmənin qarşısında ağ bayraq qaldırıb təslim olacaq, İran xalqının qürur və heysiyyətini ayaqlar altına atacaq insanları əsla hakimiyyətə gətirməməlidir! Qərbə, Qərb dövlətlərinə, hegemon qüvvələrə və imperialist hökumətlərə yaltaqlanmaqla öz ağlınca özünə beynəlxalq arenada nüfuz qazanmaq istəyənlər qətiyyən iş başına gəlməməlidirlər! Bunların İran xalqı üçün heç bir dəyəri yoxdur!  İş başına elələri keçməməlidir ki, İran xalqının düşmənləri onların vasitəsilə xalqın sıralarını pozmaq, insanları dinindən, prinsiplərindən, inqilabi dəyərlərindən uzaqlaşdırmaq fikrinə düşüb tamahlansınlar. Əgər müxtəlif siyasi və iqtisadi sammitlərdə imam Xomeyninin (r.ə) yolunu, onun müəyyənləşdirdiyi dəyər və prinsipləri davam etdirmək əvəzinə filan Qərb dövlətinə, yaxud filan beynəlxalq imperialist dövlətinə xoş gəlmək üçün çalışıb-vuruşan şəxslər iş başına gəlsələr, bu, İran xalqı üçün böyük bir faciəyə çevriləcək. Xalq üçün bu müdriklik və uzaqgörənlik olduqca vacibdir!

Buna görə də ötən 30 il ərzində olduğu kimi İran xalqının hal-hazırda da bu üç faktora ehtiyacı var: birlik, müxtəlif sferalarda həmkarlıq, hamılıqla iştirak və müdriklik. Əgər xalq Allaha imanın, Quranın bizə öyrətdiklərinin bərəkəti olan bu üç cəhəti özündə birləşdirə bilsə, sizə deyim ki, həm dünya, həm də axirət işləri qaydasına düşəcək. Xalq öz imanının, etiqadının, Peyğəmbəri-Əkrəmin (s), məsum Əhli-beytin (ə) iltifatına ümid bəsləməsinin,  Quranın və Əhli-beytin (ə) ona  öyrətdiklərinin bərəkəti sayəsində həm bu dünyadakı yaşayışını indikindən qat-qat çox yaxşılaşdıra, həm də Allah-Taalanın razılğını əldə edə biləcək.  Bu, bizim hamımızın rəhbər tutduğumuz strategiyadır.

Mən Kürdüstana bu dəfəki səfərimə görə Tanrıya çox şükürlər edirəm. Belə ki, bu məntəqə haqqında eşitdiklərimə və oxuduqlarıma əsasən kifayət qədər məlumatlı olmağıma baxmayaraq bu dəfəki səfərimdə bu əziz camaatdan, sizlərdən ‒ qəlbi sevgi ilə dolu olan, istiqanlı, vəfalı, cəsur və nəcib insanlardan bir sıra məsələlər barədə öyrəndim, reallığın daha artıq şahidi oldum. Ümidvaram ki, ölkə rəsmiləri sizin ‒ bu məntəqənin xeyirxah, nəcib və mömin əhalisinin qədrini biləcəklər! Sizlər də öz növbənizdə daim xidmətinizdə duran dövlət məmurlarının qədrini bilin! Xalqın hakimiyyət nümayəndələri ilə birgə, əl-ələ, çiyin-çiyinə fəaliyyəti nəticəsində əziz İranımız ölkəmizdə İslam İnqilabının stimulu olan İslamın ‒ saf, xalis İslamın müəyyənləşdirdiyi hədəflərə çata biləcək.

İlahi! Səni and verirəm Muhəmməd  və Ali Muhəmmədə (s)! Öz mərhəmətini, Öz bərəkətlərini, Öz fəzilətlərini, Öz yardımını bu camaatın üzərinə yağdır! Dünyadan getməsi ilə, həqiqətən də, qəlblərimizə dağ çəkən bu dahi mərceyi-təqlidin, bu arif fəqihin (Ayətullah Behcətin) ruhunu Qiyamətdə Öz övliyalarınla bir cərgədə saxla! İlahi!  Muhəmməd və Ali Muhəmmədin (s) xatirinə! Özümüzü islah etmək, nicat tapmaq, mükəmməl mərifət əldə etmək üçün bizlərə də yardımçı ol!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei

18 may 2009-cu il