Ali Məqamlı Rəhbərin informasiya bloku

Mərivan əhalisi ilə görüş

بسم‏اللَّه‏الرّحمن‏الرّحيم

و الحمد للَّه ربّ العالمين و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى القاسم المصطفى محمّد و على اله الطّيّبين الطّاهرين و صحبه المنتجبين سيّما بقيّةاللَّه فى العالمين

Mərivan məntəqəsi - bu şəhər, bu camaat, bu gözəl mənzərələr və həssas məntəqələr mənim üçün Kürdüstanın və ölkənin qərb vilayətlərinin xatirələrlə dolu olan yerlərindən biridir. Uca Yaradana şükürlər edirəm ki, bu əzəmətli qəhrəmanlıq salnamələri, gözəl təbiət mənzərələri, keçmişdə də sınaqdan keçirib şahidi olduğum sevgi və sədaqət hissləri ilə dolu olan bu məntəqəyə bir daha səfər etməyim üçün mənə dəstək oldu.

Əziz mərivanlılar! Bu gün bu meydanda izdihamlı və səmimi bir atmosferdə toplaşmış Mərivan əhalisi! Bilin ki, mən bu şəhəri, bu məntəqəni və sizlərin bu əzəmətli toplumunuzu ölkəmiz, inqilabımız üçün Tanrı tərəfindən bəxş edilmiş İlahi nemətlərdən və bərəkətlərdən biri hesab edirəm.

İslam İnqilabının ilk illərindən etibarən – bədxah düşmənin bu gözəl, yamyaşıl təbiətli məntəqəni müharibə meydanına çevirdiyi, bu mehriban, istiqanlı, səmimi və imanlı camaatın gündəlik həyatını hərbi əməliyyatların, çatışmazlıqların törətdiyi problemlərə və müharibə vəziyyətinin digər çətinliklərinə düçar etdiyi vaxtlardan bəri Uca Yaradan bizim bu məntəqəyə gediş-gəliş etməyimizi, bura ilə daha yaxından tanış olmağımızı təqdir etdi. Beləliklə, ölkənin digər yerlərindən bura gəlmiş mömin qardaşlarımızın sizlər – bu məntəqənin sevimli, mehriban, vəfalı və səmimi əhalisi haqqında danışdıqlarından əlavə, mən özüm şəxsən bu məntəqəyə gəlib bütün bunların öz gözlərimlə şahidi ola bildim. Yadımdadır, 59-cu ildə elə burada – Mərivan şəhərində buranın səmimi camaatından bir qrupu ilə görüşmüş, təlim-tərbiyə müəssisələrindən birinə (zənnimcə, bu, orta məktəblərdən biri idi) baş çəkmiş və oradakı yeniyetmələrlə söhbət etmişdik. Yəqin ki, həmin yeniyetmələr bu gün artıq ortayaşlı insanlardır. Əgər yanılmıramsa, o zaman biz buradan – Mərivanın özündən olan bir neçə nəfərlə Dəzli və Dərki məntəqələrinə getdik; çox həssas, əhəmiyyətli, təbiəti etibarilə olduqca gözəl, insanları isə çox mehriban və istiqanlı olan həmin məntəqələrə. Təəssüf ki, İran xalqının və İslam İnqilabının düşmənlərinin çəkdirdiyi əziyyətlərin təsiri ilə o gözəl camaat, zirvəsi buludlara dəyən dağlar, yamyaşıl çöllər qanlı döyüşlərin getdiyi bir cəhənnəmə çevrilmişdi. Düşmən özünün bəzi muzdurlarından sui-istifadə edərək onların əli ilə əhalini əzməyə, dolayısı ilə İslam dövlətinə zərbə vurmağa və İran xalqını təhqir etməyə müvəffəq olmuşdu.

Heç vaxt unutmaram, Dəzlidə  əhali bizi gülərüzlə qarşıladı. Qardaşlarla birgə Dəzlidən çıxıb İraq ərazisinin yaxınlığında yerləşən dağlıq ərazilərə – “Tətəh” adlanan yüksəkliklərə tərəf getmək istəyirdik ki, oradakı əhalinin arasına nüfuz etmiş bədxah və rəzil muzdurlar heyətimizin orada olduğu barədə düşmənə məlumat verdilər. Biz həmin yüksəkliklərə doğru gedərkən yolda havada düşmən təyyarələrinin ötdüyünü müşahidə etdik. Dəzlidə nəyinsə baş verəcəyini anladıq. Təəssüf ki, geri dönəndə düşmənin mülki əhalini, küçə və bazarda gediş-gəliş edən insanları bombardman etdiyini gördük; bir qrup insan qətlə yetirilmiş, bəziləri isə ağır yaralanmışdı. O zaman biz şəhidlərin cənazələrini və yaralılardan bəzilərini götürüb Mərivana gəldik. 

Bütün bunlar ibrətamiz məna daşıyan xatirələrdir. O zaman insan haqlarının müdafiəçisi olduqlarını iddia edən dövlətlər həmin Səddam Hüseyni himayə edərək dəstəkləyirdilər; həmin vəhşi əməlləri dəstəkləyirdilər. Bu gün ölkəmizdəki gənc nəsil yaxşı bilir və bilməlidir də ki, insan hüquqları iddiasında olan bəzi dünya dövlətlərinin cürbəcür yalanlarının və vurduğu ziyanın yeri heç nə ilə ödənilməyəcək böyük xətalarının sınaq meydanı, bax bizim bu əziz ölkəmiz, onun qərb sərhədləri, o cümlədən də Kürdüstan məntəqəsi olmuşdur.

Vaxtilə düşmən BƏSA rejimi Mərivan şəhərini özünün uzaqvuran ağır artilleriyası ilə müntəzəm olaraq atəşə tuturdu. O zaman döyüşkən kürd, fars cavanları və digər etnosların nümayəndələri olan gənclər düşmənin topxanasını susdurmaq, Mərivan şəhərini düşmən topxanasının atəş zolağından çıxarmaq məqsədilə “Vəl-fəcr 4”  əməliyyatını keçirdilər və buna nail oldular. Həmin mübariz gənclər ölkənin müxtəlif məntəqələrindən səfərbərliyə alınmış, o cümlədən cəsur kürd gənclərinin də iştirak etdiyi İnqilab Keşikçiləri və Bəsici döyüşçüləri idi. Onlar “Vəl-fəcr 4” əməliyyatını planlaşdıraraq həyata keçirdilər, nəticədə düşmən susduruldu və geri oturduldu. Onlar hətta İraqın Hələbçə şəhərini də düşmənin nüfuz dairəsindən çıxarmağa müvəffəq olmuşdular. Qəhrəman oğullarımızın qəti zərbəsinin acısını dadan və buraya nüfuz edə bilməyən düşmən, heç bilirsinizmi bunun intiqamını almaq üçün nə etdi? İnsanlıqdan uzaq olan düşmən – rəhmsiz BƏSA rejimi Hələbçə şəhərini kimyəvi silahlarla bombardman etdi. Bombardman zamanı Hələbçə şəhərinin və yaxın məntəqələrin yüzlərlə, bəlkə də minlərlə kürd əhalisi tələf oldu. Bu faciənin səbəbi isə yalnız və yalnız Səddam Hüseynin həmin kürd əhalidən İslam Respublikasının mömin silahlı qüvvələrinə qarşı müqavimət göstərmədikləri və onları gülərüzlə qəbul etdikləri üçün intiqam almaq istəməsi idi.

Bu məntəqə belə böyük sınaqlardan çıxmışdır. Mən sizə tarixdən danışmaq niyyətində deyiləm. Sizlər, xüsusilə də gənc nəsil bütün bunları, şübhəsiz ki, bilməlidir. Siz İslam Respublikasının hansı böyük sınaqlardan çıxdığını, İran xalqının nə qədər möhtəşəm bir hərəkata imza atdığını, ayrı-ayrılıqda özünün hər bir nümayəndəsinin dəstəyi sayəsində belə böyük bir qələbəyə nail olduğunu mütləq bilməlisiniz. Siz gənclər bütün bunları tarixin verdiyi böyük ibrətamiz dərslər kimi öyrənib bilməlisiniz ki, bu gün imperialistlərin əlaltılarının dünya miqyasında yürütdükləri təbliğatın çəkisini və tutumunu dərk edə biləsiniz. Mən tarixdən danışmaq istəmirəm. Mən yalnız bunu demək istəyirəm: çərşənbə axşamı Sənəndəcdə mən milli qürur və heysiyyətdən danışdım. Hər bir millət özünü dəyərli hesab etməli və özünə dəyər verməlidir. Millət heç bir kəsin hər hansı bir vasitə və üsulla onu alçaltmasını, xar və zəlil vəziyyətə salmasını əsla qəbul etməməli, bununla mübarizə aparmalı, özünə qarşı ehtiramla yanaşılmasına nail olmalıdır. İran xalqına münasibətdə isə bu izzət və ehtiram bir zərurətdir. Allah-Taalanın fəziləti və İslam İnqilabı sayəsində xalqımızda həmin milli qürur hissinin formalaşması üçün lazımi zəmin yaranmışdır. Milli qürur və heysiyyətin mühüm amillərindən biri isə yadellilərə, düşmənlərə, bizim xalqımız kimi böyük bir xalqın əzəmətli və möhtəşəm tale yolu keçməsində özü üçün heç bir fayda görməyənlərə ürək qızdırıb onlardan asılı vəziyyətə düşməməkdir. Belələrini yalnız öz mənafeyi düşündürür və onlar öz xeyirlərini ancaq və ancaq xalqları alçaltmaqda, zəlil və aciz vəziyyət salmaqda görürlər. Belələrinə könül bağlamaq lazım deyil. 

Gələcəkdə bu ölkəni idarə edən siz gənclər olacaqsınız. Bu ölkə sizindir, gələcək sizə məxsusdur! Gənclərimiz mühüm bir məsələni daim prinsipial surətdə yadda saxlamalıdırlar ki, onlar ölkənin idarə edilməsi, ölkənin gələcəyi ilə bağlı   yadellilərin təqdim etdiyi modellərdən deyil, İslami, milli, yerli modellərdən istifadə etməlidirlər. Bu günün özündə də əvvəlki illərdə olduğu kimi Qərb dövlətləri və Qərb sivilizasiyasının fəalları özlərinə məxsus mədəniyyəti, bilgiləri, düşünüb-daşınaraq ortaya çıxardıqlarını digər xalqlara – zehinlərə qəbul etdirmək üçün ciddi səy göstərirlər. Özünə qarşı hörmət görmək, müstəqil olmaq istəyən hər bir xalq bu tendensiyanın qarşısında müqavimət göstərməyi mütləq bacarmalıdır.

Hal-hazırda bütün dünya Qərb kapitalist sisteminin beynəlxalq hadisələr və böhranlar qarşısında nə qədər aciz qaldığına şahiddir. Həmin sistemin özü böhranlar doğurur və özünü bu böhranlardan müdafiə etməkdə aciz qalır. Və bu, Qərbin daim barəsində fəxrlə danışaraq önə çəkdiyi həmin iqtisadi sistemdir!  Həmin kapitalist sistemidir! Və onlar min bir vasitə ilə bu sistemi müstəsna iqtisadi sistem modeli olaraq xalqlara qəbul etdirmək istəyirdilər.

Demək istədiyim budur ki, xalqımız, gənclərimiz, ziyalılarımız, tələbələrimiz, gələcəyimizin qurucuları Qərb dövlətlərinin zəif və bacarıqsız idarəetmə metodlarını görsünlər, onların dövlət administrasiyasının ən önəmli bir sahəsi olan iqtisadiyyat sferasında nə qədər gücsüz olduqlarının şahidi olsunlar! Bundan başqa mədəniyyət, etika, insan heysiyyətinə etinasız münasibət, öz hakimiyyətinin nüfuz dairəsində həyata keçirdikləri təzyiqlər baxımından da Qərb sivilizasiyası sınaqdan üzüqara çıxmışdır.  Xalqımız, vəzifəli şəxslərimiz, xüsusilə də gənclərimiz bunu yaddan çıxarmamalı, bu faktı nəzərə alaraq ölkənin, bu böyük xalqın idarəetmə işini həyata keçirmək üçün yerli, özünəməxsus metodlar seçmək barədə ciddi düşünməlidirlər. Bunun üçün isə İslam dininə daha artıq diqqətlə yanaşmağınız lazımdır. İslamın insana, bəşəriyyətə və insani dəyərlərə açıq-aydın bir baxış prizması var. Biz durğun xarakterli İslamı əsla dəstəkləmirik! Biz sizi bəzi İslamçılıq iddiasında olanlar kimi problemlərə dar baxış prizmasından yanaşan İslama dəvət etmirik! Biz əsl İslam dininə, insanı qəflət yuxusundan oyadıb dərin düşüncəyə, təfəkkürə doğru istiqamətləndirən İslam dininə, Quranın, sünnənin, Əhli-beytin (ə) bizə təqdim etdiyi xalis İslam dininə dəvət edirik. Elə bir İslam ki, onilliklər ərzində düşmən işğalının ağrı-acısını yaşamış bu böyük ölkəmizdə belə bir hərəkata rəhbərlik edib belə bir azadlığa, belə bir müstəqilliyə nail ola bildi. Biz məhz belə bir İslama dəvət edirik!

Gənclərimiz, ziyalılarımız, mədəniyyət xadimlərimiz dərindən düşünməlidirlər. Ölkə rəsmiləri İslam dininin siyasi kursuna müvafiq addımlar atmalıdırlar. Ölkə rəsmilərimizin, yaxud hal-hazırda müşahidə etdiyimiz kimi, seçki ərəfəsində prezidentliyə namizədlərin ətrafdakıların diqqət mərkəzində qalmaqdan ötrü qərblilərin dediklərini təkrar etməsi əsla üstünlük sayılmır. Qərbin ürəyinə yatacaq bir söz deməyimiz bizim üçün qətiyyən imtiyaz deyil. Belələri iranlı təfəkkürünə, müsəlman şüuruna, iranlı və İslami kimliyinə müxalif olan şəxslərdir. Tanrıya şükürlər edirəm ki, İran xalqı lazımi dərk və intellekt səviyyəsi əldə edərək bu qədər maneələri dəf etməyə müvəffəq oldu. 

Yaşadığınız region – Kürdüstan məntəqəsi – bu yamyaşıl, bağ-bağatlı, istər insanları, istərsə də təbiəti baxımından böyük potensiala malik olan vilayət ölkəmizin həssas nöqtələrindən biridir. Düşmənin törətdiyi bir sıra bədxah əməllərdən biri də bu və bəzi buna bənzər məntəqələrlə ölkənin digər məntəqələri arasında inamsızlıq, yanlış anlaşma uçurumu yaradaraq onları ayrı salmaq, yaxud uzaqlaşdırmaq cəhdləri olmuşdur. Lakin düşmənlər buna müvəffəq ola bilmədilər. Onlar özlərinin neqativ təbliğatı və asayişi pozma cəhdləri ilə bu mömin, müsəlman xalqı parçalaya bilmədilər. Uzun illər ərzində Kürdüstanın bütün məntəqələrində əziz kürd bacı və qardaşlarımız müxtəlif sferalarda mütəmadi surətdə sədaqət, mübarizlik, yüksəliş və rəşadət nümayiş etdirdilər. Bu məntəqələr arasında əvvəllər də İslam dininin əsaslarına bağlılığı, imanlı, birgə, qayğıkeş və çalışqan əhalisi ilə məşhur olan Mərivan şəhəri xüsusi yer tutur. Dəfələrlə kürd qardaşlarımızın özlərinin “Mərivan Kürdüstanın Qumudur” – dediyini eşitmişik. Bu ifadə Mərivan şəhərinin elmi-dini mərkəz olmasına bir işarədir. Bu məntəqədə dinə meyilli, elmə marağı olan insanlar toplaşmışlar. Xoşbəxtlikdən, uzun illərin təcrübəsi də məhz bu faktı qabarıq şəkildə təzahür etdirmişdir.

Bu günümüzdə, Allaha şükürlər olsun ki, İslam quruluşu öhdəsinə düşən vəzifənin nədən ibarət olduğunu yaxşı bilir. İslam quruluşu, İslam Respublikası nəinki yalnız ölkə daxilində, habelə regionda və beynəlxalq miqyasda siyasi arenada, dünya siyasətçilərinin, siyasi ssenaristlərin gözündə özünü təsdiq etmişdir. Düşmənlər İslam Respublikasının səbatlılığını, onun günü-gündən artan qüdrətini etiraf etməyə və bu faktın qarşısında təslim olmağa məcbur olmuşlar.

Bu gün, Allaha şükürlər olsun ki, İslam Respublikasının əlində çatışmazlıqları, nöqsanları və keçmişin acı təcrübəsinin nəticələrini aradan qaldırmaq üçün tədbir görmək fürsəti var. “20 illik perspektiv planı” istər qanunverici, istərsə də icraedici hakimiyyəti təmsil edən vəzifəli şəxslərin müxtəlif sferalarda addımbaaddım izləmək, bu sənədin qarşıya qoyduğu hədəflərə yaxınlaşmaq üçün məsuliyyət daşıdıqları olduqca mötəbər və mühüm bir sənəddir.  Bu baxımdan ölkənin bütün məntəqələrində yaşayan müdrik camaatımızın, istedadlı gənclərimizin öhdəsinə olduqca mühüm bir vəzifə düşür. Sizlərə, xüsusən də əziz gənclərimizə üzümü tutub deyirəm: ölkənin quruculuq işi, ölkənin tərəqqi və yüksəlişi müştərək bir vəzifədir! Bu, məsul şəxslər və camaat arasında müştərək olan bir vəzifədir! Bəli, camaat da məsuliyyət daşıyır! Son dərəcə diqqətli olmalıyıq ki, ölkənin yüksəlişini gözü götürməyən düşmənlər zehnimizi və diqqətimizi ikinci dərəcəli məsələlərə cəlb edə bilməsinlər və hamımız bir yumruq kimi birləşərək bu hədəflərə doğru irəliləyək.

Bu gün mən qətiyyətlə deyə bilərəm ki, ölkəmizdəki məsul şəxslər bütün məntəqələrdə mövcud çatışmazlıqları aradan qaldırmaq üçün əllərindən gələni edirlər. Kürdüstana bu dəfəki səfər çərçivəsində də məsul şəxslərin və nazirlərin iştirakı ilə Sənəndəcdə keçirilən iclasda onlar ilk növbədə görülməli olan tədbirləri nəzərdən keçirib bu barədə bizə də ətraflı məlumat verdilər. Mən belə bir təşəbbüs üçün bu məntəqəyə gəlmiş hökumət nümayəndələrinə öz dərin təşəkkürümü bildirirəm. Onların diqqət yönəltdikləri problemlər Kürdüstanın bütün məntəqələri, o cümlədən sizin diyarınız olan Mərivan üçün önəmli və aktual problemlərdir. Həmçinin Sənəndəcdə keçirilən iclasda olduqca müsbət qərarlar qəbul edildi. Ümidvarıq ki, həmin qərarlar həyata keçiriləcək.

Ölkənin tərəqqi və yüksəlişinə aparan bu hərəkatın müvəffəqiyyətinin rəhni isə İran xalqının mübarizliyi, habelə inqilabi şüarlara sadiq qalmasıdır. Yalnız və yalnız İslam İnqilabının irəli sürdüyü şüarlar İran xalqının qüdrətinin əsas şərti, dövlətin müxtəlif sferalarda yüksəlişinin ən böyük dayağı ola bilər.

Bu məntəqədə son dərəcə əhəmiyyətli olan məsələlərdən biri də sərmayə qoyuluşu problemidir. Sənaye və əkinçilik sahələrinə sərmayənin cəlb edilməsi yeni iş yerlərinin açılması üçün əlverişli şərait yarada bilər. Məşğulluğun göstəricisi kifayət qədər yüksək olmadıqda, gəlir əldə etmək üçün düzgün yollar açıq olmadıqda, təəssüf ki, gənclərimiz  qaçaqmalçılıq və bu kimi başqa əyri yollara əl atırlar. Qaçaqmalçılıq ölkə üçün bir bəla, iqtisadiyyatımız üçün isə böyük bir dərddir, iflicedici bir virusdur. Cavanlarımız elə vəziyyətə düşməməlidirlər ki, çarəsizlik ucbatından belə bir ağılsız, qanunsuz və şəriətə zidd olan yollara əl atmaq məcburiyyətində olduqlarını hiss etsinlər. Bu, dövlətin prinsipial şəkildə qarşıya qoyaraq nail olmağa çalışdığı məsələlərdən biridir. Siz də bu işdə yardımçı olmalısınız. Bu məsələdə dövlətlə həmkarlıq etməlisiniz. Düzdür, qaçaqmalçılıq öz icraçısına müəyyən gəlir gətirir, lakin əsl xeyri bu işin pərdəarxasında duran şəxslər götürür. Sui-istifadəçi, hiyləgər insanlar heç bir əziyyət çəkmədən, heç bir təhlükə ilə üzbəüz qalmadan qaçaqmalçılıq işindən maksimum gəliri əldə edir, mömin gənclərimiz isə ehtiyac, yaxud başqa bir səbəb ucbatından özlərini böyük riskə atırlar. Buna mütləq son qoyulmalıdır! Və bu yalnız Kürdüstanın bütün məntəqələrində, şəhərlərdə, xüsusən də Mərivan kimi sərhəddə yaxın yerləşən şəhərlərdə sağlam investisiya qoyuluşu və məşğulluğun təmin edilməsi ilə mümkündür. Mən hökumət nümayəndələrinin bu məqama diqqətlə yanaşdığının, problemin onları düşündürdüyünün şahidi oldum. Bu isə sevindirici bir haldır. Məntəqəyə diqqətəlayiq investisiyanın cəlb edilməsi, yeni iş yerlərinin açılması üçün lazımi zəmin hazırlanmalıdır ki, gənclər sağlam, qanuni və halal yollarla öz yaşayışlarını təmin edə bilsinlər.

Əlbəttə, bunu da qeyd edim ki, düşmən investisiya qoyulması, sərvətin əldə olunması üçün asayişin ən mühüm şərt olduğunu yaxşı bilir və bu məntəqədə belə müsbət tədbirlərin həyata keçirilməsini istəmir. Elə buna görə də o, məntəqədə asayişi və təhlükəsizliyi pozmaq üçün əlindən gələni əsirgəməyəcək. Əlbəttə, tam əminliklə bunu da sizə deyim ki, İslam Respublikasının imanlı və sədaqətli asayiş keçikçiləri camaatın, məxsusən də gənclərimizin köməkliyi ilə təhlükəsizliyi pozmağa cəhd edən ünsürlərlə şiddətli mübarizə aparacaq, Allah-Taalanın lütfü sayəsində bu cür neqativ ünsürlərə heç bir şans verməyəcəklər.

Allaha şükürlər edirəm ki, bir daha sevimli Mərivan şəhərini, sizləri – bu şəhərin əziz, mehriban, vəfalı və mömin əhalisini yaxından ziyarət etmək üçün mənə dəstək oldu. Biz bir an belə olsun, sizi yaddan çıxarmırıq. Hökumət nümayəndələrinin qəlbi sizlərə – xalqa böyük məhəbbətlə çırpınır, camaatımıza qarşı  sevgi ilə doludur. Bunu bilin! Ölkənin məsul vəzifəli şəxslərinin gecə-gündüz fikri və səyi ölkədəki ən önəmli problemlər, o cümlədən iqtisadi problemlər istiqamətində irəliləyişə nail olmaqdır. Xoşbəxtlikdən, bir çox nailiyyətlər əldə edilmiş, bir sıra mühüm işlər görülmüşdür. Lakin hələ bir sıra görüləsi işlər də vardır. Bu səfərimizin daşıdığı məqsədlərdən biri də qarşılıqlı mehriban və səmimi əlaqələrin günü-gündən daha da möhkəmlənməsi üçün xalqın diqqətini ölkənin digər regionlarından bu məntəqəyə cəlb etməkdir. Həm bu məntəqədə yaşayan kürdlər, həm də digər məntəqələrdə yaşayan farslar, türklər, bəluclar, yaxud digər etnik qrupların hamısı “İran xalqı” adlanan vahid və əzəmətli bir canlı orqanizmin üzvləri olduqlarını açıq-aşkar hiss etməlidirlər.  Allah həmd olsun ki, buna nail olunmuşdur!

Mən sizlərə – əziz Mərivan əhalisinə sevgi dolu münasibətinizə, təşkil etdiyiniz qarşılama mərasiminə, mehriban və səmimi hisslərinizə görə ürəkdən təşəkkür edirəm. Allah-Taaladan diləyim budur ki, Öz lütfünü və fəzilətini sizlərə – əziz camaata nazil etsin, məsul şəxslərə və bizə dəstək olub yardım etsin ki, bu sevimli camaatın qarşısında öhdəmizə düşən vəzifələrə mükəmməl surətdə və tam şəkildə əməl edək. Sizin hamınızı Uca Yaradana əmanət edirəm!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei

16 may 2009-cu il