Mehriban və bağışlayan Allahın adı ilə!
Bugünkü görüşümüz mənim üçün olduqca xoş və maraqlıdır. Dostlarımız, əziz qardaşlarımız dolğun, qənaətbəxş çıxışlar etdilər və artıq iki saatdan çoxdur ki, sizinlə ünsiyyətdəyik. Lakin buna baxmayaraq mən qətiyyən yorğunluq hiss etmirəm və əvvəlcədən olduğu kimi, bu anda da digər görüş iştirakçılarının da çıxışlarını dinləməyə hazıram. Əlbəttə, artıq gün günortaya çatır və azana – namaz vaxtına yaxınlaşmaqdayıq. Ünsiyyətimizi məhdudlaşdıran yalnız budur, yoxsa mən qətiyyən yorğun deyiləm. Bunları ona görə deyirəm ki, möhtərəm icra nümayəndəsi öz çıxışında mənim yorğun olduğumu qeyd etdi. Mən isə demək istəyirəm ki, xeyr, əsla yorğunluq hiss etmirəm və sizləri dinləməyə hazıram. Lakin vaxtımız məhduddur və yalnız günorta namazına qədər vaxtımız var.
Dostlarımızın, qardaş və bacılarımızın qeyd etdikləri məsələlər mənim üçün iki cəhətdən olduqca faydalıdır. Bunlardan biri odur ki, istər mədəniyyət, istər iqtisadiyyat, istərsə də müxtəlif sferalarla bağlı qeyd edilən məsələlərin mahiyyətində mühüm diqqətəlayiq məqamlar var. İnşaallah, biz bütün bunlardan istifadə edəcəyik və ümidvarıq ki, gələcəkdə qəbul edəcəyimiz qərarlarda və hazırlayacağımız tədbirlər planlarında qeyd edilən məsələlərdən yüksək səviyyədə bəhrələnəcəyik. Mənim üçün faydalı və önəmli olan cəhətlərdən digəri isə budur ki, mən bu kiçik görüşümüzdə Kürdüstan vilayətinin güclü insan potensialına malik olduğunu şəxsən müşahidə edə bildim. Baxmayaraq ki, mənim kürd etnosunun görkəmli nümayəndələrinin əsərləri ilə keçmişdə də tanışlığım olmuşdur.
Bugünkü görüşümüzdə iştirak edən cənab Əhməd Qazinin tanınmış tərcüməçi mərhum Məhəmməd Qazinin qardaşı olduğu barədə məlumat aldım. Qeyd edim ki, mənim mərhum Məhəmməd Qazinin tərcümə əsərləri ilə ilk tanışlığım 40 il, bəlkə bundan da bir qədər öncə olmuşdur. Zənnimcə, bu, Roman Rolanın yazdığı “Mahatma Qandi” əsərinin tərcüməsi idi. Həm əsər olduqca dəyərli bir əsərdir, həm də Məhəmməd Qazinin tərcüməsi, həqiqətən, mükəmməl və qiymətli bir tərcümədir. Əlbəttə, bir neçə ildən sonra Roman Rolanın digər mühüm əsərlərindən biri olan “Məftun ürək“ əsərinin Məhəmməd Qazinin qələmindən çıxan tərcüməsini də oxudum. Həmin tərcümə əsəri üç, ya da dörd cilddən ibarətdir, olduqca gözəl, həqiqətən də, zinətləndirilmiş nəsr ilə yazılmışdır. Əlbəttə, mən tərcümənin əsərin orijinalı ilə nə qədər uyğun olub-olmadığı barədə heç bir fikir yürüdə bilmərəm. Bu haqda orijinal əsərin dilini bilənlər fikir bildirə bilərlər. Lakin deyə bilərəm ki, həmin tərcümə əsəri dil və nəsr baxımından, həqiqətən,
dəyərlidir. Mən fars yazıçılarının, tərcüməçilərin əsərləri ilə tanışam və ümumilikdə bu əsərlər haqqında özlüyümdə müəyyən bir rəy formalaşdırmışam. Məhz bu nöqteyi-nəzərdən deyə bilərəm ki, mərhum Məhəmməd Qazinin tərcüməsi olduqca dəyərli və diqqətəlayiqdir. Şübhəsiz, mən Məhəmməd Qazinin özü ilə də bir dəfə görüşmüşəm. Bu görüş ölkə prezidenti olduğum dövrün sonlarına doğru Şirazda keçirilən Hafiz yaradıcılığına həsr olunmuş konqresdə baş tutmuşdu. O zaman Məhəmməd Qazini mənə təqdim etdilər. Onun səhhətində qırtlağı ilə bağlı problem olduğu üçün ucadan danışa bilmir və mikrofondan istifadə edirdi. O zaman bizim Məhəmməd Qazi ilə çox kiçik ‒ bir neçə cümlədən ibarət söhbətimiz oldu.
Yaxud bayaq dostlarımızın adını qeyd etdikləri mərhum Əbdürrəhman Şərəfkəndinin (Həccar) nəsrini götürək. Bu insan, sözün həqiqi mənasında, böyük bir işə imza atmışdır. İbn Sinanın “Qanun” əsərini tərcümə etmək olduqca mürəkkəb, qarma-qarışıq, eyni zamanda qiymətli bir işdir. Təxminən min il əvvəl bir iranlı tərəfindən ərəb dilində yazılmış bu əsərdən yüzilliklər boyu dünyanın ən böyük tibb universitetlərində istifadə olunmuş, həmin kitab fars dilinə isə tərcümə edilməmişdi. Məndə belə bir məlumat var ki, bu yaxınlara qədər – təxminən yüz il bundan əvvəl Avropa ölkələrinin tibb məktəblərində “Qanun” tez-tez müraciət olunan stolüstü kitablardan biri olmuş və bir sıra Avropa dillərinə tərcümə edilmişdir. Farsdilli insanlar isə İbn Sinanın “Qanun” əsəri ilə tanışlıqdan məhrum qalmışdılar! Ölkə prezidenti olduğum dövrün ortalarında həmin əsərin nəyə görə indiyə qədər dilimizə tərcümə edilmədiyi diqqətimi çəkdi. Yoldaşları çağırıb dedim ki, təşəbbüs göstərin, “Qanun”u tərcümə edin! Göstəriş verildi və işə başlandı. Lakin belə işlərdə böyük həvəs və maraq lazımdır. Bunlar göstəriş və tapşırıqla başa gələn işlər deyil. Həmin əsnada məlumat aldım ki, bu kitab artıq tərcümə olunub. O zaman mərhum Həccarın, səhv etmirəmsə, 8 cilddən ibarət olan tərcüməsini mənə gətirdilər. Mən nə tibb mütəxəssisi deyiləm, nə də həmin tərcüməni ərəb mətni ilə tutuşdurmaq fikrim yox idi. Lakin həmin tərcüməni oxuyanda anladım ki, onu oxuyan hər bir şəxs, həqiqətən, bu gözəl nəsrin gücü qarşısında baş əyəcək. Olduqca uğurlu bir tərcümədir! Əlbəttə ki, mən tərcüməçini şəxsən tanımırdım. Soruşdum, kürd olduğunu dedilər. Sonralar – bir neçə il bundan əvvəl həmin şəxsin dünyadan köçdüyü barədə xəbər tutdum.
Kürd şairlərindən bəziləri ilə də tanışlığım var. Bunlara misal olaraq olduqca istedadlı şair, böyük seyid mərhum Sotudənin adını qeyd edə bilərəm. Onunla İslam İnqilabının ilk illərindən xəstələnib Sənəndəcə gəldiyi və orada yaşadığı müddətə qədər tanışlığımız və ünsiyyətimiz olub. Yəqin ki, o, elə Sənəndəcdə də dünyasını dəyişib. Həmçinin mərhum Gülşən Kürdüstaninin adını qeyd edə bilərəm ki, onun özü ilə yaxından tanış olmazdan əvvəl yaradıcılığı, şeirləri ilə tanış olmuşdum. Demək istəyirəm ki, indiyə qədər kürd mədəniyyət xadimləri ilə bu cür müxtəsər tanışlıqlarım olmuş, kürd insanının mədəni səviyyəsi, sivil kimliyi aşkar və sübuta yetirilmiş bir həqiqət kimi zehnimdə özünə yer tapmışdı. Bu gün isə, qeyd etdiyim kimi, bu faktı daha da yaxından müşahidə etdim və bu, mənim üçün qənimət hesab etdiyim olduqca dəyərli bir imkandır. Çox arzu edərdim ki, bu vilayətin ziyalılarından daha da böyük bir qisminin bu görüşdə iştirak edib bizimlə ünsiyyət yaratması, fikirlərini bölüşməsi üçün fürsət olaydı. Əlbəttə ki, bu, mənim üçün də daha faydalı olardı. İnşaallah, ümidvarıq ki, müşahidələrimizdən və gəldiyimiz nəticələrdən əziz ölkəmizin, bu zəngin, barlı-bəhərli vilayətin tərəqqi və inkişafı istiqamətində kifayət qədər faydalana biləcəyik.
Kürdüstan vilayətində olduğum iki gün ərzində müxtəlif görüşlərdə – istər ümumilikdə camaatla, istərsə də hərbi qüvvələrlə və digər sahələrin təmsilçiləri ilə görüşlərdə etdiyim çıxışlar əsas etibarilə kürd camaatının şücaət və qəhrəmanlığının vəsf edilməsi üzərində qurulmuşdur. Lakin mən, həqiqətən, öz-özlüyümdə belə bir nəticəyə gəldim ki, ölkəmizin bu coğrafi hissəsinin və bu insan toplumunun bir sıra digər dəyər və gözəllikləri onların səciyyəvi xüsusiyyəti olan qəhrəmanlıq və şücaət kimi xarakterik cəhətləri geridə qoyur. Bu vilayət xoş xasiyyət, gözəl və ürəyəyatımlı səs, füsunkar təbiət, lətafətli şeir, yüksək ədəbiyyat nümunələri, ziyalı təfəkkür, imanlı qəlb kimi bir sıra gözəlliklərə malikdir. Bütün bu xüsusiyyətləri insan burada müşahidə edir və bunların, həqiqətən də, qədrini bilmək gərəkdir.
Xoşbəxtlikdən, İslam Respublikasında bu önəmli məqama lazımi diqqət yetirilir və ehtiramla yanaşılır. Biz İslam Respublikasında dəyərli olan hər bir şeyə qədirbilənliklə yanaşırıq. Harda olursa olsun – Kürdüstanda, Farsda, İsfəhanda, ya Xorasanda mənəvi və mədəni dəyərləri qənimət hesab edərək onların qədrini bilirik. İslam dövləti birmənalı olaraq nə Kürdüstana, nə də ölkənin başqa bir spesifik məntəqəsinə ayrı-seçkiliklə yanaşmır. Çox arzu edərdik ki, kürd ziyalıları və Kürdüstanın görkəmli şəxsləri bu həqiqətin daşıyıcıları və təmsilçiləri kimi çıxış etsinlər. Əlbəttə ki, mən kürd ziyalılarının məhz bu cür düşündüklərini və belə bir baxış aspektinə malik olduqlarını bilirəm. Bir qədər əvvəl dostlarımızın etdiyi çıxışlar da bunu əks etdirirdi. Biz dəfələrlə təkrar etmişik ki, xalqımızın etnik tərkibinin rəngarəngliyini ölkəmiz üçün böyük bir şans hesab edirik. Bu, sırf həqiqətdir. Bizim üçün ölkədə çoxsaylı etnosların yaşaması, həqiqətən də, böyük bir şansdır. İslam dövləti etnik və məzhəb müxtəlifliyi məsələsinə qətiyyən təəssübkeşliklə, şovinistcəsinə və birtərəfli yanaşmır. Mən bunu qətiyətlə elan edirəm: nə bu gün ‒ mənim öz obyektiv fikrimi bildirdiyim bir zamanda İslam dövlətinin müxtəlif etnoslara və məzhəblərə belə bir yanaşması yoxdur, nə də ötən dövrlərdə ‒ 60-cı illərdə, imam Xomeyninin (r.ə) mübarək həyatı dövründə bu hal müşahidə olunmamışdır. İslam Respublikasının dövlət quruluşu üçün yeganə meyar İslam dini və iranlı olmaqdır; İslam və iranlılıq! Bu baxımdan ölkənin coğrafi məkanının hüdudları daxilində bütün müsəlmanlar və bütün iranlılar özünəməxsus dəyərə malikdirlər. İslam Respublikası dövlətinin prinsipial şəkildə qarşıya qoymaq istədiyi ideya, bax budur.
Zənnimcə, bu vilayət böyük bir mədəniyyət ocağıdır. Mən dəfələrlə qeyd etmişəm ki, bu vilayəti təhlükəsizlik zonasına, hərbi vilayətə çevirmək üçün ciddi səy göstərdilər. Həqiqəti tam tərsinə təqdim etdilər. Bütün bunları İslam Respublikası etməmişdi və təbii ki, edə bilməzdi də... Bəs bunu edən kimlər idi? Əlbəttə ki, İslam Respublikasının düşmənləri! Onlar İslam Respublikasının kürd millətini, yaxud əhli-sünnə məzhəbini bəyənmədikləri, qəbul etmədikləri barədə təbliğat apardılar. Bu, başdan-ayağa yalan və həqiqətə zidd idi. Sonralar hər şey aydınlaşdı, sübuta yetirildi və üzə çıxdı. Bu, istibdadçı rejimin baxış aspekti olub! Ayrı-seçkiliklə yanaşma istibdadçı rejimin təbiətinə xas olan spesifik bir cəhətdir. İstibdad müxtəlif məqsəd və dəlillərlə təkcə kürd millətinə deyil, ölkədə yaşayan çoxsaylı etnosların hamısına ayrı-seçkiliklə yanaşırdı. İslam Respublikasında isə belə bir neqativ yanaşma aradan qaldırıldı. Bəli, düşmənlər buna imkan vermək istəmirdilər. İslam Respublikasının təbiətinə xas olan bütün etnoslara bərabərhüquqlu yanaşma prinsipinin ölkənin bu məntəqəsində gerçəkləşə bilməməsi onların mənafeyinə tamamən uyğun idi.
Bölgədə bəzi iqtisadi problemlərin və geriliklərin mövcud olması bəlli bir həqiqətdir. Mənim bütün bunlar barədə məlumatım var və yoldaşların qeyd etdiyi məsələlərdən xəbərdaram. Bunlar hökmən həllini tapmalı olan real problemlərdir və bu problemlərin hamısı başlanğıcdan bu vilayətdə düşmənlər tərəfindən yürüdülən kor-koranə, şiddətli düşmənçiliyin, xəbis planların nəticəsidir. Mən inanıram ki, İslam Respublikası bütün bu hallar üzərində qələbə çalmışdır. Lakin bu, o demək deyil ki, həmin ədavətin kökü kəsilib. Sizin və bizim öhdəmizə düşən məsuliyyət hələ də qalmaqdadır. Hamımız səy göstərməliyik ki, belə bir böyük potensiala – təbiət və insan potensialına malik olan Kürdüstan və kürdlərin yaşadığı bu məntəqə əziz vətənimizdə, böyük və İslami ölkəmizdə öz layiqli yerini tuta bilsin. Bəziləri bunun həyata keçməsini qətiyyən istəmirlər. Onlar hal-hazırda da bu məqsədlə çalışıb-vuruşmaqdadırlar. Mən belə bir mədəni atmosferə malik olan yığıncaqda xoşagəlməz məsələlərə toxunmaq istəməzdim. Lakin bu, bir reallıqdır. Buna gizli və üstüörtülü bir reallıq kimi yanaşaraq diqqətli olun: düşmən heç də əlini əlinin üstünə qoyub oturmur, o, daim çalışır. Günü bu gün də sərhədlərimizin o tayında – mən bunu dünən də bir yerdə qeyd etmişəm – imperialistlərin casus orqanları açıq-aşkar fəaliyyət göstərməkdədirlər. Yəni CIA təşkilatı rəsmi və tam leqal şəkildə İraqın Kürdüstan məntəqəsində iş aparmaqdadır. Onların bütün fəaliyyəti İslam Respublikasının əleyhinə çalışmaq, İslam dövlətinə qarşı istifadə edə biləcəkləri hər hansı bir cərəyanı istiqamətləndirmək üzərində qurulmuşdur. Bunlar analitik fikirlər deyil! Bunlar əldə edilən məlumatlara əsaslanmış faktlardır və ayıq-sayıqlıq tələb edir. Aidiyyətli orqanlar ayıq-sayıq durmalıdırlar. Həmçinin camaat da öz növbəsində məsuliyyətli olmalıdır. Lakin ölkənin və məntəqənin görkəmli, sayılıb-seçilən adamlarının öhdəsinə daha çox məsuliyyət düşür. Əzizlərim! Sizlər bu xalqın dərdini və problemini daha yaxşı anlayır, daha düzgün müəyyənləşdirir və çıxış yolunun nədən ibarət olduğunu hamıdan daha yaxşı bilirsiniz. Genişdüşüncəli və gözüaçıq olan siz ziyalılar bəzi məsələləri geniş xalq kütləsinə nisbətən daha tez, vaxtında dərk edib lazımi qiymət verə bilirsiniz. Buna görə də sizdən daha çox şey tələb olunur. İslam Respublikası dövlət quruluşu meydanda öz yeni sözünü artıq söyləyib! Səsləndirilən bəzi fikirlərin və aparılan təbliğatın tam əksinə olaraq (elə bu təbliğat da İslam Respublikasının düşmənləri və bədxahları tərəfindən aparılır) İslam Respublikası ədavət və düşmənçiliyin tərəfdarı deyil! İslam Respublikası iğtişaşçı, davakar bir dövlət deyil! İslam dövlətinin niyyəti kimin üçünsə başağrısı və problemlər yaratmaq deyil! Bu dövlət kimə isə başağrısı olursa, bu, İslam Respublikasının xarakterindən qaynaqlanır. İslam dövləti özünün təbiəti etibarilə dünyada baş verən hadisələrə müstəqil bir nöqteyi-nəzərdən yanaşan, istər böyük, istərsə də kiçik məsələlərlə bağlı dünyanın supergüclərinin təsiri altına düşməyən bir dövlətdir. Bu prinsip isə İslam dinindən, İslam təlimindən irəli gəlir. Bu da İslamın bizə verdiyi tapşırıqlardan biridir. İslam dini istəmir ki, müsəlman bir xalq mövqe seçimində, davranışında, siyasətində və verdiyi qərarlarda özünün imperialist maraqlarını, öz mənfəətini güdən mərkəzlərə tabe olsun. Hökumət nümayəndələrinin vəzifəsi yaxşı-yaxşı götür-qoy edib müsəlman xalqın, İslam ümmətinin mənafeyinə uyğun olana əməl etməkdir. Məhz buna əsasən biz imperialist, işğalçı dövlətlərin yürütdüyü siyasətin təsiri altına düşmürük. Müxtəlif olaylarda onların rəyi bir cür, İslam Respublikasının rəyi isə tamamilə fərqli olmuşdur. Bu fakt isə onlar üçün qəbuledilməzdir və elə buna görə də həmin imperialist dövlətlər İslam Respublikası ilə ədavət aparmağa başlayırlar. İslam Respublikası da öz növbəsində əlacsız qalaraq özünü müdafiə etməyə məcburdur. Mübarizənin, istiqlaliyyətin xarakteri budur: konflikt və qarşıdurma yaratmaq. Ola bilərdi ki, İran xalqı da onun-bunun diktəsi ilə oturub-duran bir dövlətə, hökumətə malik olsun. O zaman, təbii ki, bu cür konfliktlər müşahidə olunmazdı. Lakin o zaman ortalıqda müşahidə olunmayan təkcə konfliktlər olmayacaqdı, çünki o halda bir sıra digər faktorlardan da heç bir əsər-əlamət qalmayacaqdı: o zaman artıq milli qürur və heysiyyət hissləri, milli tərəqqi də olmayacaqdı! Ölkədə eynilə istibdad dövründə şahidi olduğumuz mənzərə müşahidə olunacaqdı.
Ötən gün bu şəhərin baş meydanında qeyd etdiyim statistik göstəricilərə diqqət yetirdikdə bir sıra ibrətamiz nəticələr çıxarmaq olar. Belə ki, rəsmi və mötəbər statistik məlumatlara əsasən 30 il öncə sizin belə bir potensiala malik olan vilayətinizdə ali məktəb tələbələrinin sayı 365 nəfər təşkil etmişdir. Vilayətdə savadlı əhalinin faiz göstəricisi yüzdə iyirmi doqquzdur. Bəli, o zaman vilayətin əhalisini hazırda problem kimi qarşıya qoyulan məsələlər düşündürüb narahat etmirdi. Lakin vilayətdə insanlara zəlillik, acizlik və həqarət əhval-ruhiyyəsini yaşadan bərbad bir mənəvi atmosfer hökm sürürdü. Məgər bu, dözüləsi bir haldırmı? Təsəvvür edin ki, İran xalqına belə bir psixologiya aşılanmışdı. Hər yerdə bu cür idi. İstibdadçı rejimin hakimiyyət dövrü barədə qələmə alınmış (elə hakimiyyətə yaxın olan komandanın üzvlərinin yazdığı) kitabları, xatiratları oxuyanda insanı xəcalət təri basır. Ölkə başçıları və mühüm qərarları qəbul etməli olan məsul şəxslər baş nazir postuna kimi isə təyin etmək, yaxud bu kimi yüzdə yüz ölkənin daxili işi hesab olunan digər məsələlər barədə qərar vermək, habelə ölkənin daxili və xarici siyasət kursunun ana xəttini müəyyənləşdirmək üçün ABŞ və İngiltərə səfirinə müraciət etməyə, onların fikrini öyrənməyə, razılığını əldə etməyə məcbur idilər. Bu, həmin rejimin əleyhdarlarının qondardığı bir söhbət deyil. Xeyr! Bu, onların özlərinin qələmə aldığı məsələlərdir. Əlbəttə, bizim əldə etdiyimiz sənədlərdə də bütün bunlar öz əksini tapmışdı və bu günə qədər də qələmə alınan əsərlərdə bu məsələlərə rast gəlmək mümkündür.
Elə bu günlərdə mən özüm bu barədə insanı, həqiqətən də, heyrətə gətirən bir kitabı mütaliə etməkdəyəm. Hanı o milli qürur? Hanı o milli heysiyyət? Hanı iranlının iranlı olması ilə qürur duymaq hissi? Hanı belə bir şərəfli tarixi keçmişi olan xalqa arxalanmaq hissi? İstibdad dövründə bunların heç birindən əsər-əlamət olmayıb. Pəhləvilər bir cür, onlardan öncə hakimiyyətdə olmuş Qacarlar da başqa cür ... ! Biri-birindən betər! İslam Respublikası bu cür hoqqabazlıqlara son qoydu. Biz bunu açıq-aydın, dəyərli bir həqiqət kimi daim nəzərdə tutmalı, buna əsasən götür-qoy edərək addım atmalıyıq. Mən hiss edirəm ki, bu vilayətin dəyərli, görkəmli şəxsiyyətləri, əslində, siyasi-ideoloji sfera sayılan bu sahədə özünəməxsus mühüm rolları ifa edəcəklər.
Əlbəttə, gələcək nəsil ziyalıların yetişdirilməsi də vilayətin görkəmli şəxslərinin öhdəsinə düşən mühüm vəzifələrdən biridir. Bildiyiniz kimi, Allaha həmd olsun ki, istedadlı gənclərimiz var. Elə burada çıxış edən gənc xanım kimi gənclərimiz! Belə gəncləri görəndə insan tələbələrimizin – istər qızlar, istərsə də oğlanlar olsun – nə qədər parlaq istedada malik olduğunu bir daha hiss edir. Şübhəsiz, ölkəmizin dörd bir yanında bunu müşahidə etmək mümkündür və burada da, Allaha şükürlər olsun ki, belədir. Sözsüz ki, ziyalıların və görkəmli şəxsiyyətlərin yetişdirilməsində səlahiyyətli dövlət orqanlarının da öhdəsinə böyük məsuliyyət düşür və onlar bu insanlar üçün lazımi imkanların yaradılmasında, həmçinin onların hüquqlarına riayət edilməsində diqqətli olmalıdırlar. İnşaallah, gələcəkdə buna nail olunması üçün müvafiq tədbirlər görüləcək, həm burada qeyd etdiyimiz məsələlər, həm də aidiyyətli dövlət orqanlarının öhdəsinə düşən digər vəzifələrin lazımınca yerinə yetirilməsi üçün zəruri olan addımlar atılacaq. Lakin ziyalı insanların yetişdirilməsində məsuliyyətin digər böyük bir qismi də elə bölgədəki ziyalıların, görkəmli, sayılıb-seçilən şəxslərin payına düşür; müəllimlər, ali məktəblərdə dərs deyən insanlar, din, etika və mədəniyyət fənlərini, o cümlədən müxtəlif elm sahələrini tədris edən müəllimlər – bütünlükdə gənc nəslin təfəkkürünə təsir etmək imkanı olan bütün insanlar çalışdıqları sferada, özlərinin təlim-tərbiyə fəaliyyəti çərçivəsində bu məsuliyyəti hiss etməli və öz vəzifələrini lazımınca yerinə yetirməlidirlər. Bir də ki, çox diqqətli olun! Vahid, formalaşmış, bir yumruq kimi birləşərək böyük nailiyyətlərə imza atmış bir İran dövlətinin varlığı düşməni son dərəcə narahat edir. O, bunu qətiyyən istəmir! Bugünkü möhtəşəm hərəkat dinimizin, milli mənəviyyatımızın ən əsas mehvəri olan İslamın sayəsində gerçəkləşmişdir və düşmənlər bu hərəkatı darmadağın edib aradan götürmək niyyətindədirlər. Əlbəttə, onlar buna heç bir zaman müvəffəq olmamış və Allahın yardımı ilə gələcəkdə də heç bir zaman nail olmayacaqlar. Buna baxmayaraq biz düşmənin məkrli sui-qəsd planlarından qəflətdə olmamalıyıq! Zənnimcə, bu işdə əziz və möhtərəm ziyalılarımızın öhdəsinə böyük bir məsuliyyət düşür.
Bu arada qeyd edim ki, dostlarımızın toxunduğu bəzi problemlər barədə artıq düşünülmüş, işlənilmiş və lazımi qərarlar qəbul edilmişdir. Şübhəsiz, qeyd olunan məsələlərin sırasında diqqət yetirilməsi tələb olunan bir sıra digər yeni məqamlar da vardır.
Burada qeyd olundu ki, tələbələrə və universitetlərdə çalışan tədqiqatçılara lazımi diqqət və qayğı göstərilmir, onlara maliyyə vəsaiti ayrılmır. Mən ölkə başçısının təşəbbüsü ilə yaradılmış Elmi Müavinətlər Fondu barədə sizə xatırlatmaq istəyirəm. Elmi Müavinətlər Fondunun təsis edilməsi olduqca müsbət bir addımdır və qeyd olunan problemlərlə əlaqədar həmin fonda müraciət edilməlidir. EMF artıq bir sıra müsbət və diqqətəlayiq işlər görmüşdür və zənnimcə, həmin fondun fəaliyyətinə lazımi diqqət yetirmək, yeri gəldikcə ora müraciət etmək lazımdır. Ümidvaram ki, Uca Yaradan sizin hamınıza dəstək olacaq!
Bugünkü görüş mənim üçün olduqca faydalı bir görüş oldu. Mən həm sizlərlə görüşdüm, xüsusilə də bəzi möhtərəm insanlarla yaxından tanış olmaq imkanı əldə etdim, həm də quruculuq işində diqqətəlayiq olan bir sıra faydalı təkliflər eşitdim. Ümidvaram ki, Allahın yardımı ilə bugünkü görüşümüzün Kürdüstanın, bütövlükdə ölkəmizin gələcəyi üçün böyük bir səmərəsi olacaq.
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!
Seyid Əli Xamenei
2009/05/14