Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Kürdüstan vilayətində yaşayan şəhid və müharibə əlillərinin ailələri ilə görüşündəki çıxışı

Mehriban və bağışlayan Allahın adı ilə!

Bu sevgi və səmimiyyət dolu görüşdə insan maddi həyatımızda, həqiqətən də, behişt rayihəsi olan şəhidliyin xoş ətrini duyur. Əvvəla, bütün əziz bacı və qardaşlarımız, şəhid ailələrinin üzvləri, hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm ki, bu gün bu toplantıya təşrif gətirməklə mənim üçün şəhidlərin ailə üzvlərinin əhatəsində olmaq, sizin yadigarları olduğunuz əziz şəhidlərimizin müqəddəs ruhundan mənəvi və ruhi bəhrə götürmək kimi bir fürsət və imkan yaratdınız. Xüsusilə də proqram hazırlamış əzizlərimizə, müəyyən mövzular barədə burada şer və nəsrlə çox gözəl şəkildə çıxışlar edən şəhid övladlarına və ifa etdikləri dini musiqilərlə bizi feyzyab edən əziz yeniyetmələrimizə öz dərin təşəkkürümü bildirirəm.

Mən bütün səfərlərimdə şəhid ailələri ilə görüşmək iftixarına nail oluram, onlarla görüşürəm, bütün vilayət və şəhərlərdə təşkil olunan bugünkü görüşümüzə bənzər yığıncaqlarda məhz belə bir mənəvi əhval-ruhiyyəli atmosferi hiss edirəm. Lakin qeyd etmək istəyirəm ki, Kürdüstan şəhidləri və onların ailə üzvləri başqa vi­la­yət­lərdə daha az təsadüf edilən və əksər hallarda nəzərə çarpmayan bəzi xüsusiyyətlərə malikdirlər. Həmin xüsusiyyətlərdən biri budur ki, bu vilayətin şəhidləri daha da məzlumcasına, daha da qəribanə şəhid olmuş, onların ailə üzvləri bu müsibətə çox böyük çətinliklə səbir etmişlər. Nə üçün? Çünki İslam İnqilabına və ölkəyə düşmən olan ünsürlər bu vilayətdə, xüsusilə də ilk illərdə şəhid ailələri üçün elə bir mühit yaradırdılar ki, şəhidlərin anaları, ataları, bacı-qardaşları üçün həmin atmosferdə yaşamaq bəzən şəhidliyin özündən də daha ağır olurdu. Kürdüstanı daxili münaqişə və qardaş qırğını ocağına çevirmək niyyətində olan həmin əks-inqilabçı ünsürlər, o murdar əllər bu vilayətin, bu camaatın ən yaxşı gənclərini qanına qəltan etməklə kifayətlənməyib, hələ nisbətən daha uzun bir  dövr ərzində onların ailə üzvlərini də güclü təzyiqlərə məruz qoyurdular. Başqa vilayətlərdə şəhid ailələrinin başına gələn mü­sibət yalnız bundan ibarət idi ki, onlar öz əzizlərini itirmişdilər. Onlar camaatın sevgisi, coşqusu, səmimi və ürəyiyanan münasibəti ilə əhatə olunmuş bir mühitdə şəhid olmuş əzizlərinin adının fəxrlə dillərdə gəzdiyinin şahidi olurdular. Kürdüstan vilayətində isə (şəxsən bizim özümüz də bu barədə məlumatlar əldə etmişik) bir sıra belə hallar baş vermişdir ki, bu vilayətin, bu dövlətin düşmənləri şə­hid ailələrini müxtəlif psixoloji, fiziki təzyiqlərə məruz qoymuş, həmçinin onların təhlükəsizliyini də sual altına salmışlar. Şübhəsiz ki, bu təzyiqlər həmin bədxahları bu insanların nəzərində daha da üzüqara etməkdən savayı heç bir nəticə ver­mə­miş­dir. Kürdüstan camaatı canıyananlıq, mehribanlıq, qonaqpərvərlik kimi xüsusiyyətlərə, sevgi və məhəbbət hissləri ilə dolu bir psixoloji əhval-ruhiyyəyə malik olmaqla yanaşı, eyni zamanda həm də özlərinin şücaəti, cəsarəti, qəh­rə­man­lı­ğı ilə məşhurdurlar. Və bu xalqın düşmənləri heç bir vəchlə şəhid ailələrinin qəddini əyə bilmədilər.

Mən bundan əvvəl Sənəndəc şəhərinə səfərimdə 6 övladı şəhid olmuş bir atanın ziyarətinə getdim. Mən ölkənin çox az yerində buna bənzər bir faktın şahidi ol­mu­şam. 6 övlad! Onlardan üçü döyüş meydanlarında, digər üçü isə yol gedərkən düşmən BƏSA-nın bombardmanı nəticəsində həlak olublar. Canının altı parçası şəhid olmuş bu ata o qədər mətin və dözümlü idi ki, mən onun əzəmətli ruhu qarşısında özümü kiçilmiş hiss etdim. Mən Kürdüstanda bax, belə bir hadisənin şahidi oldum! Bu gün o əzəmətli insanın (bu, həqiqətən də, əzəmətdir) digər iki övladı ilə burada rastlaşıb atalarının halını soruşdum. Onlar həmin kişinin Tanrı rəhmətinə qo­vuşduğunu söylədilər.

Üç şəhid, iki şəhid vermiş ailələr, eyni zamanda həm həyat yoldaşını, həm də övladını itirmiş qadınlar ciyərparələrini itirdikdən sonra düşmənin psixoloji və si­yasi təzyiqləri qarşısında belə təslim olmamış, düşmən təzyiqləri onların qəddini əsla əyə bilməmişdir. Bu həddindən artıq əzəmətli və olduqca möhtəşəm bir davranışdır! Mən  məhz Kürdüstanda bu­nun şahidi oldum! 

Sizin əziz gəncləriniz həm əks-inqilabçılara, həm də Səddamın BƏSA rejiminə qarşı mübarizə cəbhəsində vuruşmuşlar. Bu gənclər, əlbəttə ki, kökü bir-birinə çox yaxın olan həmin iki düşmənlə mübarizə cəbhələrində böyük bir mətinliklə dayandılar. Kürd cavanları – Mərivan, Səqqez, Banə, Qürvə, Bicar şəhərlərinin gəncləri “FAV” əməliyyatında öz həmvətənləri, qardaşları ilə çiyin-çiyinə mətinliklə vuruşdular, mübarizə apardılar və şəhid verdilər. Burada həm əks-inqilabçı qüvvələrə, həm də düşmən BƏSA rejiminə qarşı ciddi mübarizə aparıldı. Mən Mərivanda və Dezlidə  şahidi olduğum mübarizə səhnələrini, bu gənclərin önünə gələni yandırıb-yaxan alov dilimləri kimi düşmənin üzərinə necə hücum çəkdiyini heç vaxt unutmayacağam! Mənim əzizlərim! Bir xalqı daxildən möhkəmləndirən də elə həmin mübarizədir! Süstlük, prinsipsizlik və ruhdan düşmək bizə heç nə verə bilməz! Zorakılığın qarşısında təslim olmaqla biz xalqlar arasındakı yarışda heç bir yer tuta bilmərik! Məhz bu barədə “Nəhcül-Bəlağə”də belə deyilir:

فتحه اللَّه لخاصّة اوليائه باب من ابواب الجنّة انّ الجهاد

Bu sözlərin mənası belədir: “Tanrı yolunda, haqq uğrunda cihad və mübarizə behişt qapılarından biridir ki, Allah onu yalnız Öz xüsusi övliyaları üçün açmışdır”.

Bu, o deməkdir ki, sizin cavanlarınız, sizin şəhid olmuş əzizləriniz Tanrının həmin behişt qapısından keçməyi bacarmış xüsusi övliayalarından olmuşlar. Nəyə görə Uca Yaradan belələrini Özünün xüsusi övliyalarından hesab edir? Çünki əgər bu mübarizə və fədakarlıqlar olmasa, hər hansı bir xalq daim yumruqlar altında əzilmiş, geri qalmış və zəif olar, həmişə zülm və istibdad içərisində çapalaya-çapalaya qalar. Xalqımız – böyük İran xalqı müxtəlif arenalarda öz əzəmətini nümayiş etdirdi və sizlər də bu bölgədəki çətin sınaqlardan olduqca yaxşı çıxdınız! Sizlər bu böyük imtahan nəticəsində yüksək bir məqam əldə etdiniz!

İki diqqətəlayiq mühüm məqam vardır ki, onları heç bir zaman nə mən, nə siz, nə də xüsusilə bu gənclər və yeniyetmələr yaddan çıxarmamalıdırlar. Onlardan biri budur ki, biz eynilə İslam dininin ilk illərində yaşamış möhtəşəm şəxsiyyətlərin qəhrəmanlığı ilə fəxr etdiyimiz kimi, “şəhid” adının və şəhidlərin xatirəsinin bizə yaşatdığı bu iftixar duyğusunu da mütləq qoruyub-saxlamalıyıq. Düşmənin istəmədiyi şey, bax, elə budur! Düşmən şəhidlərin xatirəsinin yaddaşlardan silinməsini arzulayır. Düşmən insanların nümayiş etdirdikləri mübarizə və şücaətlərin xatirəsinin bu xalqın zehnindən həmişəlik olaraq itib getməsini istəyir. Hamı məhz düşmənin bu istəyinin tam əksinə olaraq rəftar etməlidir!  Şəhidlərin xatirəsini uca tutun! Daim yaşadın! Onların əziz xatirəsini qoruyun! Bu, birinci mühüm məqamdır.

İkinci məqam isə budur ki, bizim xalqımız, gənclərimiz, qadınlarımız və kişilərimiz mübarizə dövrünün başa çatdığını, təhlükənin artıq sovuşduğunu düşünməməlidirlər. Ola bilər ki, bizi hərbi cəhətdən heç bir təhlükə gözləməsin. Bu, elə belədir də! Bu gün İran xalqı qüdrətin elə bir mərhələsinə gəlib çatmışdır ki, öz düşmənlərindən zərbə almaq ehtimalını kifayət qədər endirmişdir. Onlar bu xalqa hərbi təcavüz etməyə cürət etməzlər, belə ki, darmadağın edilib geri oturdulacaqlarını yaxşı bilirlər. Onlar bu xalqın müqavimət göstərən mübariz bir xalq olduğunu bilirlər! Buna görə də hərbi hücum təhlükəsi həddən artıq azdır. Lakin təcavüz yalnız silah və hərbi texnika vasitəsilə olmur. Məhz bizim milli mətinliyimizin dayağı olan faktorlar düşmənin diqqət mərkəzindədir. Düşmən milli birliyi, möhkəm dini əqidəni hədəf seçmişdir. Düşmən bizim kişi və qadınlarımızın səbir, dözümlülük əhval-ruhiyyəsini hədəf seçmişdir. Belə bir təcavüz hərbi təcavüzdən daha da təhlükəlidir.

Hərbi hücum zamanı siz öz cəbhənizi də, düşmənin cəbhəsini də dəqiq müəy­yən­ləşdirmiş olursunuz. Lakin mənəviyyata, mədəniyyətə qarşı həyata keçi­ri­lən “zərif” təcavüz zamanı siz qarşınızdakı düşməni gözlə müşahidə edə bilmirsiniz. Burada çox ayıq-sayıq olmaq lazımdır. Mən bütün İran xalqından, xüsusilə də şəhid ailələrindən, siz əzizlərin hamınızdan, ilk növbədə isə gənclərdən xahiş edirəm ki, tam diqqət, ehtiyat və ayıq-sayıqlıqla öz “mənəvi-psixoloji sərhədləri”nizi qoruyun. Düşmənin qarışqa kimi camaatın zehninə, dini etiqadının və imanının köklərinə daraşmasına, dəlib keçərək özünə yol açmasına qətiyyən imkan verməyin! Bu, olduqca əhəmiyyətlidir! Bizim hamımızın vəzifəsidir ki, öz imanımızın, öz mənəviyyatımızın və psixologiyamızın sərhədlərinin keşiyində duraq!

Təəssüflər olsun ki, bu gün İran xalqının düşmənləri hətta sərhədlərimizin kənarına qədər gəlib çatmağa müvəffəq olmuşlar. Keçmişdə – İslam İnqilabının ilk illərində də düşmənlər – qüdrətli, imperialist, sionist düşmənlər müxtəlif planlar cızırdılar. Bu gün isə elə həmin düşmənlər regionda baş vermiş dəyişikliklərdən məharətlə istifadə edərək sizin coğrafi sərhədlərinizin kənarında mərkəzlərini, bazalarını yerləşdirmişlər və bunlardan özlərinin “zərif”, olduqca kinli və təhlükəli fəaliyyətləri üçün istifadə edirlər. Hamı ehtiyatlı, ayıq-sayıq olmalıdır! Və mən xüsusilə də üzümü gənclərə tutub deyirəm:

Əziz gənclər! Sizin doğma vətəninizin bu gün müdrikliyə və ayıq-sayıqlığa ehtiyacı var! İnsanları birlikdən, həmrəylikdən, səmimiyyətdən uzaqlaşdırmaq istəyənlərin hərəkətlərinə diqqətlə nəzarət edin! Bu gün şəhərin meydanında hamıya müraciət etdiyim kimi, sizə də üzüm tutub deyirəm: hər cür vasitə ilə, hər cür bəhanə ilə xalqın nümayəndələrinin arasına ixtilaf və təfriqə salmaq istəyənlər var. Hər hansı bir şəxsin bu istiqamətdə fəaliyyət göstərdiyini görsəniz, onun düşmənin vuran əli olduğunu yəqin bilin. İstər bunu bilərəkdən, istərsə də bilməyərəkdən etsin! Ola bilər ki, belələrinin özlərinin də məsələnin əsil mahiyyətindən xəbəri olmasın. Buna baxmayaraq onlar yenə də düşmənin vuran əlidirlər. Nəticə eynidir. Düşmənə işləyirlər! Sizə bilmədən, yaxud da qəsdən zərbə endirən şəxslər nəticə etibarilə bir-birindən fərqlənmirlər, onların hamısı eynidirlər. Müdrik və uzaqgörən olmaq lazımdır! Ayıq-sayıq olmaq lazımdır!

Xoşbəxtlikdən, xalq müdrik və ayıq-sayıqdır. Keçmiş illərin çoxsaylı təcrübələrində artıq xalqımız bərkə-boşa düşüb. Bizim camaatımız növbənöv məkrli sui-qəsd planlarını vaxtında müəyyən etmiş və onlarla qarşı-qarşıya gəlib mübarizə apara bilmişdir. Bu gün də eynilə o cür olacaq! Biz özümüzü daxildən gücləndirməliyik! Elmimizi, iqtisadiyyatımızı, novatorluğumuzu, tex­no­lo­gi­yamızı və ən əsası imanımızı gücləndirməliyik! Mən üzümü sizə tutaraq deyirəm: bugünkü gənclərimizin, Allahın yardımı ilə, ölkədə iş başına keçib bütün sahələrdə idarəçiliyi əllərinə alacaqları o gün uzaqda deyil! Şübhəsiz, xalqımız və dövlətimiz o qədər də uzaq olmayan gələcəkdə elə bir dövrə, elə bir mərhələyə çatacaq ki, bu ölkəyə istər hərbi, istər siyasi, istərsə də iqtisadi təcavüz etmək fikri heç bir düşmənin ağlına belə gəlməyəcək. Bu gün malik olduğumuz hər bir şey gənclərimizin imza atdığı uzunmüddətli mübarizənin, əziz şəhidlərimizin axıdılmış qanının bərəkəti sayəsindədir. Ümidvarıq ki, Uca Yaradan bu böyük əmanətin keşiyində durmaq, İran xalqının əzəmətini əlimizdən gəldiyi qədər artırmaq üçün bizə yardımçı olacaq!

İlahi! Qiyamət günü əziz şəhidlərimizin pak ruhlarına əzəmətli Peyğəmbərin (s) nəcib ruhu ilə bir cərgədə dayanmağı nəsib elə! İlahi! Bizi şəhidlərin həqiqi davamçılarından et!

Allahın rəhməti, bərəkəti və salamı sizlərə olsun!   

 

Seyid Əli Xamenei

12 may 2009-cu il