Ali Məqamlı Rəhbərin informasiya bloku

“Fələstin xalqına dəstək” Beynəlxalq Konfransı

Mehriban və bağışlayan Allahın adı ilə!

Sizlərə –  Fələstin xalqına dəstək olmaq məqsədilə İran İslam Respublikasında təşkil edilmiş dördüncü beynəlxalq konfransa qatılmış əziz qonaqlarımıza, alimlərə, mütəfəkkirlərə, siyasətçilərə və mübariz insanlara “Xoş gəlmisiniz!” deyirəm.

Hicri-qəməri təqvimi ilə 1427-ci il rabiul-əvvəl ayının 15-17 tarixlərində Tehran şəhərində təşkil edilmiş iclasla bugünkü iclas arasındakı zaman kəsiyində çox mühüm və təyinedici hadisələr baş vermişdir. Həmin hadisələr Fələstin olayının gələcəkdəki gedişatını və İslam dünyasının əsas məsələsi olmaqda davam edən Fələstin probleminin həllində öhdəmizə düşən vəzifələri  bir qədər də aydınlaşdırır. Bu mühüm hadisələrin sırasında 1427-ci hicri-qəməri ilində Livanda baş vermiş 33 günlük müharibədə İsrail hökumətinin müsəlmanların müqaviməti qarşısında hərbi və siyasi cəhətdən gözlənilməz məğlubiyyətini, həmçinin sionist rejiminin Qəzzada Fələstin xalqı və qanuni Fələstin dövlətinə qarşı yönələn 22 günlük cinayətkar müharibəsində rüsvayedici məğlubiyyətini qeyd etmək olar.

Hal-hazırda son onilliklər ərzində özünün yaxşı silahlanmış güclü ordusu və Amerikanın hərbi-siyasi himayəsi sayəsində qorxunc və məğlubedilməz görünən qəsbkar sionist rejimi iki dəfə müqavimət hərəkatının qüvvələri qarşısında məğlub olmuşdur. Bu qüvvələr isə özünün silah və hərbi təchizatından daha çox Allaha və xalqına arxalanmışdılar. Sionist rejimi ordusunun hərbi təlim və hazırlıqlığına, güclü kəşfiyyat xidmətinə, Amerikanın və bəzi Qərb dövlətlərinin ondan bir an belə əsirgəmədikləri təmənnasız himayəsinə, həmçinin İslam dünyasının bəzi ikiüzlü nümayəndələrinin əlbirliyinə baxmayaraq dağınıqlığa məruz qalır, sürətlə süquta doğru gedir, İslami oyanışın qüdrətli dalğası qarşısında kifayət qədər mətin olmadığını nümayiş etdirir.         

Digər tərəfdən, tarixin yaddaşında əbədi qalacaq Qəzza hadisəsində sionist quldurlarının törətdikləri cinayətlərə nəzər salaq: dinc əhaliyə qarşı törədilmiş kütləvi soyqırım, köməksiz insanların evlərinin xarabalığa çevrilməsi, südəmər körpələrin sinəsinə tuşlanmış güllələr, məktəb və məscid binasının bombardman edilməsi, fosforlu bombalardan və digər qadağan olunmuş silah növlərindən istifadə edilməsi, iki ilə yaxın müddətdə ərzaq, dərman, yanacaq və əhalinin ilkin ehtiyac duyduğu digər zəruri məhsulların gətirildiyi yolların bağlanması və bir sıra başqa cinayətlər bir daha sübut etdi ki, sionistlərin qondarma dövlətinin rəsmilərində mövcud olan vəhşilik və cinayətkarlıq instinkti Fələstin faciəsinin ilk onillikləri ilə müqayisədə heç də dəyişməmişdir. Sionistlərin “Diyər-Yasin”, “Səbra” və “Şətila” faciələrinin baş verməsinə səbəb olmuş həmin siyasəti, yırtıcı və rəhmsiz xisləti günümüzdə də dövrün bu despotlarının zülmkar qəlbinə və zehninə hakim kəsilmişdir. Əlbəttə ki, onlar müasir zəmanəmizdə texnikanın inkişafından bəhrələnərək öz cinayətlərinin təsir dairəsini daha da genişləndirmiş və daha çox faciəli, acınacaqlı nəticələrə səbəb olmaqdadırlar.

İstər sionist rejimin məğlubedilməzlik xülyası ilə “realist olmaq” kimi şüarları səsləndirib qəsbkarlara təslim və saziş əlini uzadanlar, istərsə də öz batil düşüncəsi ilə sionist siyasətçilərinin ikinci və üçüncü nəslinin birinci nəslin törətdiyi cinayətləri təkrar etməyəcəyinə inanaraq onların qonşuluğunda sülh və əmin-amanlıq şəraitində birgə yaşamağa ümid bəsləyənlər indi öz səhvlərini anlamalıdırlar. Əvvəla, İslam ümmətinin ayıqlıq dalğasının əmələ gəlməsi və İslami müqavimət fidanının qol-budaq ataraq böyüməsi nəticəsində sionistlərin o vahimə doğuran aldadıcı saxta obrazı darmadağın edilmiş, qəsbkar rejimdə zəiflik və acizlik nişanələri gözə çarpmağa başlamışdır. İkincisi, bu rejimin rəhbər fiqurları özlərinin təcavüzkarlıq və cinayət törətməkdə həyasızlıq xislətlərini hələ də ilk onilliklərdə olduğu kimi qoruyub saxlamaqdadırlar. Onlar münasib fürsət və imkan tapsalar, heç bir cinayəti törətməkdən çəkinməzlər.

Bu gün Fələstinin işğalından 60 il keçir. Bu müddət ərzində bütün maddi qüdrət vasitələri qəsbkarların xidmətində olmuşdur: pul, silah, texnika və texnologiya, məqsədyönlü siyasi-diplomatik fəaliyyət, nəhəng bir “informasiya agentlikləri və kəşfiyyat imperatorluğu” şəbəkəsi.

Bu şeytani strukturun genişmiqyaslı və heyrətamiz səylərinə baxmayaraq qəsbkarlar və onların himayədarları nəinki sionist rejiminin legitimlik problemini həll edə bilməmişlər, hətta bu məsələ zaman ötdükcə daha da dolaşıq və mürəkkəb bir məsələyə çevrilmişdir.

Fələstinin işğal edilməsi üçün bəhanə rolunu oynamış “Holokast” (yəhudi soyqırımı) barədə araşdırma aparılması və bu təhqiqatla əlaqəli hətta bircə sualın belə müzakirə edilməsi zamanı Qərbin, sionistlərin və sionizmi himayə edən dövlətlərin kütləvi informasiya vasitələrinin nümayiş etdirdikləri qeyri-tolerant münasibət də artıq qəsbkar rejimin sarsılmasını və tənəzzülünü göstərən bariz nümunələrdən biridir. Bu gün sionist rejiminin dünya ictimaiyyətinin məfkurəsində tutduğu mövqe özünün bütün üzüqara tarixi boyu olduğundan daha da acınacaqlıdır, bu rejimin mənşəyi və meydana gəlməsi ilə əlaqədar irəli sürülən suallar isə bir qədər də ciddi xarakter almaqdadır.

Dünya arenasında Şərqi Asiyadan tutmuş Latın Amerikasına qədər bu rejimin əleyhinə əvvəllər təsadüf olunmamış və öz-özünə baş qaldırmış etiraz səsləri ucalmaqdadır. Dünyanın 120 ölkəsində, o cümlədən bu xəbis niyyətli strukturun əsil mənbəyi olan Avropa və İngiltərədə keçirilən xalq nümayişləri, onların Qəzzada İslami müqavimət hərəkatını, Livanda 33 günlük mübarizə zamanı müsəlmanların özünümüdafiəsini dəstəkləməsi bir daha sübut edir ki,  ötən 60 il ərzində sionizmə qarşı dünya üzrə heç vaxt bu qədər ciddi və qlobal bir etiraz dalğası yaranmamışdır. Cəsarətlə demək olar ki, Livan və Fələstin müsəlmanlarının müqaviməti dünyanın vicdanını oyada bilmişdir.

Bu, böyük bir ibrət dərsidir.  Bu dərs sifarişlə saxta millət və qondarma dövlət yaratmaq, zaman keçdikcə bu dövləti inkaredilməz bir reallığa çevirmək və İslam dünyasına zalımcasına soxulmağı müsəlmanlara adi bir hal kimi qəbul etdirərək, onları belə bir zülmkarlığa öyrəşdirmək istəyən İslam ümmətinin düşmənlərinə aiddir. Bu dərs həm də İslam ümmətinə, xüsusilə də onun qeyrətli gənclərinə və ayıq vicdanı olan nümayəndələrinə aiddir. Onlar bilməlidirlər ki, ayaqlar altına atılaraq tapdanmış haqqı qaytarmaq uğrunda aparılan mübarizə və mücadilə heç vaxt nəticəsiz qalmayacaq. Çünki Allah-Taalanın verdiyi vəd haqdır və O buyurur:     

أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ

الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلا أَنْ يَقُولُوا رَبُّنَا اللَّهُ وَلَوْلا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ

“Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izn verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” – dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, yəhudi məbədləri və içərisində Allahın adı çox zikr olunan məscidlər uçulub dağılmışdı. Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət və qüdrət sahibidir!” (“Həcc” surəsi, ayə 39, 40)

Başqa yerdə belə buyurur:

إِنَّ اللَّهَ لا يُخْلِفُ الْمِيعَادَ

“Həqiqətən, Allah vədinə xilaf çıxmaz!” (“Ali İmran” surəsi, ayə 9)

Allah-Taala buyurur:

فَلَنْ يُخْلِفَ اللَّهُ عَهْدَهُ

“Allah heç vaxt Öz əhdindən dönməz”. (“Bəqərə” surəsi, ayə 80)

Və buyurur:

وَعْدَ اللَّهِ لا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لا يَعْلَمُونَ

“(Bu zəfəri kitab əhlinə) Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilməz!” (“Rum” surəsi, ayə 6)

Və:

فَلا تَحْسَبَنَّ اللَّهَ مُخْلِفَ وَعْدِهِ رُسُلَهُ إِنَّ اللَّهَ عَزِيزٌ ذُو انْتِقَامٍ

“(Ya Muhəmməd!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət və intiqam sahibidir!” (“İbrahim” surəsi, ayə 47)

Allahın bu vədəsindən açıq-aşkar bir vədə ola bilməz:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الأرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لا يُشْرِكُونَ بِي شَيْئًا وَمَنْ كَفَرَ بَعْدَ ذَلِكَ فَأُولَئِكَ هُمُ الْفَاسِقُونَ

“Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün onların Allahın Özü bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuş­dur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsil fasiqlərdir!” (“Nur” surəsi, ayə 55)

  Fələstin məsələsinə aidiyyatı olan bəzi məsul şəxslərin zehnində özünə yer almış yanlış bir təfəkkür tərzi var. Onlar düşünürlər ki, İsrail adlı bir dövlət 60 illik tarixi olan real bir faktordur və onun varlığı ilə barışmaq lazımdır. Görəsən, bu şəxslər gözləri qarşısında olan digər reallıqlardan nə üçün nəticə çıxarmırlar? Məgər Balkan, Qafqaz və Asiya qitəsinin cənub-qərbindəki dövlətlər 80 il ərzində keçmiş Sovet İttifaqından asılı, öz məzmun və mahiyyətini itirmiş vəziyyətdə onun ərazisinin bir hissəsi deyildilərmi və yalnız 80 ildən sonra özlərinin əsil mahiyyətinə və müstəqilliyinə qovuşmadılarmı? Nə üçün İslam dünyasının bir parçası olan Fələstin yenidən özünün İslami mahiyyətini və ərəbi simasını geri qaytara bilməsin? Nə üçün ərəblərin ən istedadlı və əzmkar cavanları hesab olunan Fələstin gəncləri öz iradəsini bu ədalətsiz zülm və istibdad faktoruna yeridə bilməsinlər?

İnsanların təfəkkürünü yanlış istiqamətə yönəldə biləcək digər bir məqam isə bundan ibarətdir ki, bəziləri belə deyə bilərlər: “Fələstin xalqının yeganə nicat yolu danışıqlar və problemin müzakirəsidir!” Bəs danışıqlar və müzakirələr kiminlə aparılmalıdır? Zor tətbiq etməkdən başqa heç bir  metodun səmərəliliyinə inanmayan qəsbkar, istibdadçı və azğın bir rejimləmi? Problemin bu cür oyuncaq çıxış yoluna və yalanlarla həll oluna biləcəyinə özünü inandırıb təskinlik tapanlar nəyə nail oldular? Onların sionistlərdən almağa nail olduğu, “müstəqil və suveren hakimiyyət” – bu hakimiyyətin öz-özlüyündə təhqiramiz və alçaldıcı mahiyyətini nəzərə almasaq – əvvəla, ağır bir itki ilə nəticələndi – qəsbkar rejimin, demək olar ki, bütün Fələstinə sahib olması bahasına başa gəldi, ikincisi isə həmin yalançı yarımasılı hökumətin özü belə bəzi vaxtlar bir sıra əsassız bəhanələrlə ayaq altına salınıb tapdalandı. Yasir Ərəfatın özünün Ramallah şəhərində yerləşən iqamətgahında mühasirəyə alınması və onun müxtəlif yollarla təhqir edilərək alçaldılması unudulası hadisələrdən deyildir.

Üçüncüsü, sionistlər istər Ərəfat dövründə, istərsə də məhz onun hakimiyyətindən sonrakı dövrlərdə bu “suveren dövlət”in hakim dairələri ilə öz tabeçiliklərində olan polis şöbələrinin rəisləri kimi rəftar edirlər, sanki onların əsas vəzifəsi fələstinli mücahidləri təqib etmək, həbsə almaq və onları ciddi polis və xəfiyyə mühasirəsinə məruz qoymaqdır. Bu yolla sionistlər Fələstindəki qruplaşmalar arasında nifaq və kin-küdurət toxumu səpərək onları bir-birinə düşmən etdilər. Dördüncüsü, əldə edilmiş kiçik nailiyyətlər yalnız Fələstin xalqının düşmənə boyun əyməyən yenilməz və qeyrətli kişilərlə qadınlarının müqaviməti, mübariz insanların cihadının bərəkəti sayəsində mümkün olmuşdur.

Əgər qarşıdurmalar baş verməsəydi, sionistlər Fələstinin rəsmi administrasiyasının onlara daim mütiliyi şəraitində həmin azacıq güzəştləri də etməzdilər.

Yaxud müzakirələr bu “bədxassəli törəmə”ni yaratmaqla və dəstəkləməklə ən böyük günaha yol vermiş, hal-hazırda da vasitəçilik etmək əvəzinə düşmən mövqedən çıxış edən Amerika və İngiltərə ilə aparılmalıdırmı? Halbuki, ABŞ heç vaxt sionistlərə özünün qeydsiz-şərtsiz himayəsindən əl çəkməmiş, hətta Qəzzadakı son olaylar kimi açıq-aşkar cinayətlərində belə bu rejimə havadarlığını dayandırmamışdır.

Hətta “Buş hakimiyyətinin siyasi kursunda dəyişikliklər” şüarı ilə iş başına keşmiş ABŞ-ın yeni prezidenti İsrailin təhlükəsizliyinə qeydsiz-şərtsiz təminat verməkdən danışır. Başqa sözlə, bu, dövlət miqyaslı terorizmi, zülm və diktaturanı, 22 gün müddətində yüzlərlə fələstinli kişi, qadın və uşağın kütləvi surətdə soyqırımını müdafiə etmək deməkdir. Bu isə elə Buş dövründə mövcud olan həminki aldadıcı siyasi oyunların davam etdirilməsindən başqa bir şey deyil.

BMT-dən asılı olan qurumlarla yeni-yeni müzakirələrin aparılması da digər nəticəsiz addımlardan sayılır. BMT, yəqin ki, çox nadir situasiyalarda  Fələstin məsələsi qədər rüsvayedici və ifşaedici bir sınaqla üzləşmişdir. Təhlükəsizlik Şurası Fələstinin silahlı terrorçu qruplaşmalar tərəfindən bir gün ərzində işğal olunmasını dərhal rəsmi surətdə tanıdı, bununla da bu ağır tarixi zülmün yaranmasında və davam etdirilməsində əsaslı rol oynadı. Sonralar da bu rejim tərəfindən onlarca gün ərzində həyata keçirilən kütləvi qırğınların, insanların öz yurd-yuvasından didərgin salınmasının, hərbi cinayətlərin və müxtəlif başqa günahların qarşısında razılıq əlaməti olaraq susdu. Hətta Baş Assambleya sionizmin irqçi təmayüllü olması ilə əlaqədar səsvermə keçirdiyi zaman Təhlükəsizlik Şurası nəinki onu dəstəkləmədi, hətta əməli şəkildə ondan 180 dərəcə üz çevirdi. BMT-in Təhlükəsizlik Şurasının daimi üzvü olan dünyanın ən diktator və hegemon ölkələri bu beynəlxalq durumdan bir vasitə kimi istifadə edirlər.

Nəticədə bu şura dünyada təhlükəsizliyin qorunmasına heç bir köməklik etmir. Belə demək mümkünsə, hansı məntəqədə insan haqları, demokratiya və ya bu kimi digər anlamların zalımların acgözlüyü və müstəmləkəçiliyinin genişləndirilməsi üçün vasitə rolunu oynaması tələb olunursa, Təhlükəsizlik Şurası onların köməyinə tələsir, onların qeyri-qanuni işlərini məkrli planlar və yalanlarla ört-basdır edir.

Fələstin başda qəsbkar sionist rejimi olmaqla BMT və digər imperialist dövlətlərin qapısında əl açıb durmaqla nicat tapa bilməz. Fələstinin yeganə çıxış yolu yalnız müqavimət və sarsılmazlıqdır, bu da yalnız fələstinlilərin birliyi, vahid iradəsi, vahid sözü və cihad hərəkatının tükənməz ehtiyatı olan tovhid (La ilahə illəllah) kəlməsinə əsaslanmaqla mümkün ola bilər.

Bu müqavimətin dayaq sütunları bir tərəfdən ölkənin daxilində və xaricindəki Fələstinin mücahid dəstələri,  Fələstin xalqının mömin və mübariz nümayəndələri, digər tərəfdən isə dünyanın bütün müsəlman millətləri və dövlətləri, xüsusilə din alimləri, ziyalılar, nüfuzlu siyasətçilər və ali təhsilli insanlardır. Bu iki möhkəm sütun öz yerində layiqli şəkildə dura bilsə, şübhəsiz ki, sionizmin böyük “informasiya agentlikləri imperatorluğu”nun zəhərli təbliğat əfsununa düşməmiş ayıq vicdanlar, qəlblər və düşüncələr dünyanın hər bir yerində olan haqlının və məzlumun köməyinə tələsəcək və nəticə etibarilə müstəmləkəçilik aparatını düşüncələr, duyğular və kəskin əməllər tufanı ilə qarşı-qarşıya qoyacaq.

Biz bu həqiqətin bariz nümunəsini son günlər ərzində Qəzzanın möhtəşəm müqavimət hərəkatında hamılıqla müşahidə etdik. KİV-in kameraları qarşısında Beynəlxalq Xidmətlər üzrə Təşkilatın qərbli həmsədrinin göz yaşları, humanitar təşkilatların fəallarının dərdə şərik olan təsəlliverici çıxışları, Avropa paytaxtlarının mərkəzində və ABŞ-ın şəhərlərində keçirilən genişmiqyaslı və səmimi nümayişlər, Latın Amerikasında bir neçə dövlət başçısının şücaətlə seçdikləri mövqe – bütün  bunlar sübut edir ki, hələ də Quran təbiri ilə desək, şər və fəsad törədən “şeytani” qüvvələr müsəlman olmayan ölkələrin əhalisinə tamamilə hakim kəsilə bilməyiblər və hələ ki haqqın qələbə çalması üçün meydan açıqdır.

Bəli, Fələstin xalqının mübarizəsi, səbri və müqəddəs cihad hərəkatını davam etdirməsi, eləcə də onlara bütün İslam ölkələri tərəfindən himayə olunaraq hərtərəfli yardım göstərilməsi “Fələstinin qəsbi” adlı şeytani tilsimi mütləq sındıracaqdır. İslam ümmətinin nəhəng potensialı və əzəmətli enerjisi İslam dünyasının bütün problemlərini, o cümlədən Fələstinin  son dərəcə gərgin və ağır problemini tez bir zamanda həll etmək iqtidarındadır.   

İndi isə mən sizə – dünyanın hər bir yerində yaşayan bütün müsəlman bacı və qardaşlarıma, həmçinin hər hansı bir millətin və dövlətin nümayəndələri olan ayıq vicdanlı insanlara müraciət etmək istəyirəm. Əzm və iradə nümayiş etdirərək sionist cinayətkarlarının toxunulmazlıq tilsimini sındırın! Qəzzadakı dəhşətli faciənin ssenari müəllifləri olan qəsbkar rejimin siyasi və hərbi rəhbərlərini müttəhimlər kürsüsünə oturdaraq mühakimə edin! Onları ədalətin və ağlın hökm etdiyi layiqli cəzalarına çatdırın!  Bu, atılmalı olan ilk vacib addımdır. Qəsbkar rejimin siyasi və hərbi başçıları mühakimə olunmalıdırlar! Əgər cinayətkarlar layiqli cəzalarını alsalar, cinayət yolu bu niyyətdə olanlar üçün çətinləşər. Böyük cinayətlərə imza atmış şəxslərin azadlıqda olması başqa cinayətkarları təş­viq edir və onlar üçün lazımi şərait yaradır. Əgər İslam ümməti Livanda 33 günlük mü­haribədən sonra törədilmiş o dəhşətli faciələrin icraçısı olan sionistlərin cə­zalandırılmasını ciddi surətdə tələb etsəydi, əgər bu haqlı istək Əfqanıstanda toy kar­van­la­rı­nın gül­ləbaran edilməsindən,  İraqda “Black Water”-in törətdiyi ci­nayət­lər­dən, Ame­ri­ka əsgərlərinin Əbu-Qureybədə rüsvayçı surətdə ifşasından sonra reallaşsaydı, bu gün biz Qəz­za Kərbəlasının şahidi olmazdıq.

Biz – müsəlman xalqlar və müsəlman dövlətlər sadaladığım hadisələr baş verərkən öhdəmizə düşən ədalətin və sağlam şüurun hökm etdiyi vəzifələrimizi yerinə yetirmədik və bunun nəticəsi də bu gün müşahidə etdiyimiz hadisələrdir.

Böyük təəssüf hissiylə qeyd etməliyəm ki, dünya dövlətlərindən və siyasətçilərindən bəziləri əxlaqi normalara və bəşəriyyətin vicdani mühakiməsinə tamamilə biganə yanaşırlar. 22 gün müddətində Qəzzada əksəriyyəti azyaşlı olan 1350 nəfər silahsız insanın kütləvi surətdə qətlə yetirilməsi, təxminən 5500-ə yaxın adamın ya­ralanması  belələrinin vücudunda heç bir hiss-həyəcan oyatmır. Qatillər və günahkarlar isə törətdikləri əməllərin müqabilində layiqli cəza almaq əvəzinə mükafatlandırılırlar. Qana susamış cinayətkar bir rejimin təhlükəsizliyinin təmin olunması hər bir halda icrası vacib olan müqəddəs bir iş hesab olunur. Zülmə məruz qalmış tərəf isə – istər xalqın qəti rəyi ilə hakimiyyətə gəlmiş dövlət olsun, istərsə də həmin hökuməti iş başına gətirmiş xalq olsun – günahkar qismində mühakimə edilir. Əxlaq, vicdan və mənəviyyatla heç bir əlaqəsi olmayan, bu kimi məfhumları görməyə belə gözü olmayan  siyasətin qurduğu divanın çıxardığı hökm, bax budur! Həmin dövlətlər dünya ictimaiyyətinin nifrəti ilə üzləşdikdə isə bunun açıq-aşkar səbəblərini araşdırmadan yenidən öz çirkin siyasi oyunlarını davam etdirirlər, beləliklə, bu eybəcər mənəviyyatsızlıq dağarcığı dayanıb-durmaq bilmir.

Bütün İslam dünyasına aid olan əziz müsəlman bacı və qardaşlar! Gəlin, baş vermiş hadisələrdən dərs alaq!

Bu gün bizim böyük ümmətimiz İslami oyanışın bərəkəti sayəsində nəhəng bir qüdrətə malikdir. İslam ölkələrinin çoxsaylı problemlərinin həllinin açarı məhz bu əzəmətli müsəlman toplumunun iradəsi və birliyidir. Fələstin məsələsi isə İslam dünyasının hələ də öz həllini gözləyən ən ciddi problemləri sırasındadır.

Zaman-zaman bəzilərinin: “Fələstin ərəblərin problemidir” – dediyinin şahidi oluruq. Bu sözlər hansı mənanı kəsb edir? Əgər bunu deyənlərin məqsədi ərəblərin öz doğmalarına daha çox can yandırdıqlarını, onların bu məsələdə başqalarından daha artıq xidmət və cəhd göstərmək niyyətində olduğunu qeyd etməkdirsə, bu, təqdirolunası bir haldır və biz bu münasibətlə onları təbrik edirik. Lakin bu sözlərin mənası bəzi ərəb ölkələrinin başçılarının Fələstin xalqının: “Ey iman gətirənlər!” –fəryadına qarşı biganə olacağına, Qəzza faciəsi kimi mühüm bir hadisədə işğalçı və zalım düşmənlə həmkarlıq edəcəyinə, başqalarının – vicdan əzabı çəkib rahatlıq tapa bilməyən və Fələstinin köməyinə tələsən şəxslərin üstünə  “Nə üçün Qəzzaya kömək edirsiniz?” – deyə bağıracağına eyham vurmaqdırsa,  heç bir qeyrətli və vicdanlı ərəb bu sözləri qəbul etməz və onu dilinə gətirən şəxsi qınayaraq töhmət edər. Bu, ərəblər arasında zərbül-məsələ çevrilmiş Əxzam adlı bir şəxsin məntiqinə bənzəyir. Əxzam öz atasını kötəkləyər və kimsə işə qarışmaq istədikdə onun üstünə qışqırarmış. Əxzamdan sonra onun oğlu da öz babasını döyərmiş və bu hadisə ərəblərdə zərbül-məsələ çevrilmişdir:

انَّ بَنيَّ رمّلوني بالدّم شِنشِنةٌ اَعرِفُها من اَخزَم

Mənim oğlanlarım  məni öz qanıma bələyirlər,

Bu, mənə Əxzamdan tanış olan bir xasiyyətdir.       

Fələstin xalqına hərtərəfli kömək etmək və onların müdafiəsinə qalxmaq bütün müsəlmanlar üçün vacibi-kifayi vəzifədir. İran İslam Respublikasına və bəzi başqa müsəlman dövlətlərinə Fələstinə yardım etdiklərinə görə yersiz irad tutan dövlətlər başqalarının boynundan bu İslami vəzifəni götürmək üçün həmin kömək və himayəni öz öhdələrinə götürməlidirlər. Əgər bunu etmək üçün əzm, iradə və qüdrətləri yoxdursa, yaxşısı budur ki, irad tutmaqla əngəl törətmək əvəzinə başqalarının məsuliyyətli və cəsarətli addımlarını layiqincə qiymətləndirsinlər.

Möhtərəm toplantı iştirakçıları! Sizlər Fələstin məsələsində özünəməxsus analitik rəyə malik olan ləyaqətli insanlarsınız. Bizim bugünkü tarixi vəzifəmiz keçmişdə dəfələrlə deyilmiş, heç bir efektiv nəticəsi olmayan şüarları və nəzə­riy­yələri təkrarlamaq deyil. Bizim vəzifəmiz Fələstini sionist rejiminin zülmündən xilas edə biləcək həll yollarını tapmaqdır. Bizim irəli sürdüyümüz təklif isə bütün dünya ictimaiyyətinin məntiqi surətdə dəstəkləyə biləcəyi və demokratiya prinsipinə tam uyğun olan bir çıxış yoludur. Biz təklif edirik ki, Fələstin torpağında hüququ olan bütün insanlar – istər müsəlman, istər yəhudi, istərsə də xristian olsun –  referendum yolu ilə özlərinin dövlət quruluşunu seçsinlər və uzun illər boyu öz doğma yurd-yuvasından ayrı düşüb didərginliyin çətin məşəqqətlərinə dözmüş bütün fələstinlilər də həmin referendumda iştirak etsinlər. 

Qərb dünyası bilməlidir ki, problemin bu cür həlli yolunu qəbul etməmək onların daim dünyaya car çəkdikləri demokratiya prinsipinə sadiq olmadıqlarını göstərir və bu fakt onların əleyhinə daha bir ifşaedici sınaqdır.  

Onlar  bundan öncə də Fələstində sınaqdan çıxdılar, İordan çayının qərb sahilləri və Qəzza sektorundakı seçkinin nəticələrini qəbul edib, HƏMAS-ın hakimiyyət başına keçməsi ilə razılaşmaq istəmədilər. Demokratiyanı yalnız mənfəətləri təmin olunduqda qəbul edən şəxslər, əslində, müharibəpərəst və fırıldaqçıdırlar. Onların sülhdən, əmin-amanlıqdan  dəm vurması yalan və uydurmadan başqa bir şey deyil.

Hal-hazırda Qəzza sektorunun bərpa edilməsi Fələstinin ən təcili problemlərindəndir. Fələstinlilərin böyük əksəriyyətinin qəti seçimi olan HƏMAS hakimiyyətinin bərqərar edilməsi Qəzzanın bərpası istiqamətində görüləcək yenidənqurma işlərinin mərkəzində durmalıdır. HƏMAS-ın sionist rejiminin planlarını darmadağın etmək üçün göstərdiyi müqavimət hərəkatı isə Fələstinin son yüzillik tarixinin ən parlaq səhifəsidir.

Yaxşı olar ki, misirli qardaşlarımız yardım göstərilməsi üçün yolları açsınlar, İslam ölklərinin və müsəlman xalqlarının bu mühüm işdə öz vəzifələrini yerinə yetirə bilməsi üçün lazımi şərait yaratsınlar.

Sonda 22 günlük müharibədə öz qanları ilə Fələstinin Qəzza zolağını İslam və ərəb dünyasının iftixarına çevirən şəhidlərin xatirəsini hörmətlə yad edir, onlar üçün Allah-Taaladan bağışlanma və rəhmət diləyirəm. Habelə, bütün Fələstin, Livan, İraq, Əfqanıstan və bütövlükdə İslam şəhidlərinin, əzəmətli Rəhbərin – mərhum imam Xomeyninin (r.ə) pak ruhuna salamlarımı izhar edirəm. Uca Allahdan İslama və müsəlmanlara izzət və qüdrət, müsəlman xalqları arasında səmimilik və İslam dünyasına günbəgün güclənən ayıqlıq arzu edirəm.

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei

04 mart 2009-cu il