Ali Məqamlı Rəhbərin informasiya bloku

Şərqi Azərbaycanda yaşayan əhali ilə görüş

Mehriban və bağışlayan Allahın adı ilə!

Əziz qardaş və bacılarım! Xoş gəlmisiniz! Bu gün, Allaha çox şükürlər olsun, bizə dəstək oldu ki, bu hüseyniyyədə  şəhid ailələrinin, Təbriz və Azərbaycanın təmizürəkli insanlarının, əziz gənclərinin saf mənəviyyatı qəlblərimizi Hüseyn ibn Əlinin (ə) xatirəsi ilə paklaşdırsın, həmişə siz təbrizlilərdə müşahidə etdiyimiz bu diqqətcillik və saf niyyət yaşayışımızı və iş mühitimizi bir daha nurlandırsın.

Bugünkü görüşümüz dolğun mənası olan bir ünsiyyət üzərində qurulub. Bu gün ərbəin günüdür və 29 bəhmən Təbriz hadisəsi də ərbəin tutumlu bir hadisədir. Kərbəla hadisəsində ərbəin günü bir başlanğıc, bir giriş idi. Kərbəla hadisəsi – o böyük fədakarlıq baş verdikdən, Əba Əbdillah (ə), onun səhabələri, dostları və ailə üzvləri həmin kiçik mühitdə o misilsiz fədakarlığa imza atandan sonra həqiqəti təbliğ etmək əsir götürülənlərin öhdəsinə düşürdü. Həzrət Zeynəbin (s.ə) və imam Səccadın (ə) xütbələri, ifşaedici çıxışları və əsl həqiqəti açıqlayan ismarışları  güclü bir informasiya daşıyıcısı kimi baş verənləri, imam Hüseynin (ə) məqsədini, ideyalarını və hansı mövqeyi tutduğunu mümkün qədər geniş hüdudlarda insanlara çatdırmalı idi və çatdırdı da!

Boğucu mühitin spesifik xüsusiyyəti budur ki, insanlar dərk etdikləri həqiqətləri əməllərində göstərməyə cürət tapmırlar. Belə ki, əvvəla, istibdadçı və zalım rejim insanların dərk etməsi üçün şərait yaratmır, insanların idrakı və zehni nəzarət altından çıxdıqda və onlar həqiqətləri dərk etməyə başladıqda isə başa düşdüklərinə əməl etməyə əsla imkan vermir. Kufədə, Şamda və ümumən bütün yol boyu bir çoxları Zeynəbi-Kubranın (s.ə), imam Səccadın (ə) söylədiklərini eşitdikdə, yaxud əsirlərin vəziyyətini gördükdə çox şeyi anladılar. Lakin o zülm, diktatura, istibdadla dolu olan boğucu şəraitdə anladığı və dərk etdiyi həqiqəti aşkara çıxarmağa kim cürət edərdi, kim özündə belə bir qüdrəti hiss edərdi?! Baş verənlər kəndir kimi düyünlənib möminlərin hulqumuna keçmişdi. Məhz Ərbəin hadisəsi həmin düyünə batırılan ilk neştər oldu. İlk püskürmə elə ərbəin günü Kərbəlada baş verdi.

Mərhum Seyid ibn Tavus və digər dahi insanlar yazmışlar ki, əsirləri, yəni Həzrət Zeynəbi (s.ə) və digərlərini gətirən karvan ərbəin günü Kərbəlaya daxil olanda orada təkcə Cabir ibn Abdullah Ənsari və Ətiyyə Oufi deyildilər. Seyyidüş-Şühədanın (ə) məzarının ətrafında toplaşmış Bəni-Haşim qəbiləsindən olan bir qrup kişi Zeynəbi-Kubranı (s.ə) qarşılamağa gəldilər. Ola bilsin ki, Zeynəbi-Kubranın (s.ə) Şamdan dönərkən Kərbəlaya getməyi israr etməsi də imam xanədanına məxsus ali bir siyasət olmuş və Kərbəlada həmin kiçicik, lakin dərin məna daşıyan görüşün təşkil edilməsi məqsədini daşımışdır. Bəziləri əsirlərin ərbəin gününə qədər Kərbəlaya gəlib çata bilməsinə şübhə ilə yanaşmış və təəccüblə bunun qeyri-mümkün demişlər. Mərhum şəhid Ayətullah Qazi bu işin baş verməsinin tamamilə mümkün olduğunu sübut edən müfəssəl bir əsər yazmışdır. Hər bir halda böyüklərin və qədim salnaməçilərin yazdıqlarında belə bir fakt öz əksini tapır ki, Zeynəbi-Kubra (s.ə) və Əhli-beytdən (ə) olan bir qrup insan Kərbəlaya daxil olduqları vaxt Ətiyyə Oufi, cənab Cabir ibn Abdullah və Bəni-Haşimdən bir qrup kişi orada idilər. Bu isə məhz şəhidliklə əldə edilməli olan məqsədin, yəni bu ideyanın yayılmasından, insanlara cürət hissini aşılamaqdan ibarət olan məqsədin həyata keçməsi demək idi. Elə həmin məqamdan da Təvvabin olayı ərsəyə gəldi. Təvvabin hərəkatı boğuldu, lakin buna baxmayaraq həmin hadisədən az sonra Muxtarın və Kufənin digər qəhrəman kişilərinin iştirakı ilə baş verən qiyam zalım və xəbis Bəni-Üməyyə sülaləsini biri-birinə qatdı. Əlbəttə, onlardan sonra Mərvanilər sülaləsi hakimiyyətə gəldi, lakin mübarizə yenə də davam etdirildi. Artıq yol açılmışdı. Bu, Ərbəin hadisəsinin özünəməxsus xüsusiyyətidir. Yəni Ərbəin hadisəsində həm ifşa etmə, həm əməl, həm də həmin ifşaçılığın hədəflərinin reallaşması vardır.

Eynilə buna bənzər olay Təbrizin ərbəin hadisəsində də baş vermişdir. Mən əvvəllər də Təbriz şəhərinin sevimli sakinlərinə bunları söyləmişəm. Əgər 29 bəhmən günü Təbriz şəhərindəki hadisələr baş verməsəydi, Qum şəhidlərinin xatirəsi təbrizlilərin vasitəsilə o cür fədakarlıqla canlı saxlanılmasaydı, mübarizə hərəkatı başqa bir istiqamətə yönələ bilərdi. Böyük ehtimalla həmin əzəmətli hadisə məhz bu şəkildə baş verməyə bilərdi. 29 bəhmən günü Təbrizdə baş verən olaylar, Təbriz əhalisinin qiyamı həlledici mahiyyət daşıyırdı. Təbrizdə baş verən hadisələr Qumda axıdılmış qanları, Qumda baş vermiş hərəkatın əsl səbəblərini yenidən dirçəldərək həyat verdi. İnsanlar, doğrudan da, bu yolda çox şey: öz canlarını, asayişlərini, təhlükəsizliklərini itirdilər, lakin əldə etdikləri nəticə bütün ölkənin oyanışı oldu. Buna görə də qətiyyətlə demək olar ki, Qum hadisəsi üçün bir ərbəin təşkil edildisə, Təbrizdə 29 bəhmən günü şəhid olanlar üçün neçə-neçə ərbəin bərpa edildi. Bu isə onların hərəkatının geniş bir ərazini əhatə etdiyini göstərir. Düzgün əməlin, haqlı işin xüsusiyyəti də budur. Bəli, bunlar artıq tarixin yaddaşına yazılmış, keçmişdə qalmış hadisələrdir. Hazırda 56-cı il 29 bəhmən günü Təbriz şəhərində baş vermiş həmin hadisədən 31 il ötür. 31 il xeyli uzun bir müddətdir. Bu gün burada toplaşanlardan – gənclərdən bir çoxu o dövrdə hələ dünyaya gəlməmiş, yaxud o qədər körpə olmuşlar ki, baş verənləri dərk etməmişlər. Bu hadisədən çıxarılan nəticə, ibrət dərsi nədən ibarətdir? Təmiz niyyətdən, haqq məramdan, düzgün ideyadan qaynaqlanan hər bir hadisənin mahiyyətində daima böyük bir ibrət dərsi durur. Həmin dərsi yaxşıca mənimsəmək lazımdır. 29 bəhmən Təbriz hadisələrindən götürülən dərs, birincisi, ayıq-sayıqlıq, müdriklik və uzaqgörənlik, ikincisi, lazımi anda lazımi addımlar atmaqda cürətli olmaq, üçüncüsü isə qarşıdakı çətinlik və təhlükə barədə düşünmədən gələcəyə optimist baxışla baxmaqdır. Bu, 29 bəhmən Təbriz hadisəsinin üç özünəməxsus xüsusiyyətidir.

Əvvəla, müdriklik. Bir çoxları real situasiyanın əhəmiyyətini lazımi qədər dərk edib qiymətləndirə bilmədilər. Təbriz camaatı isə real vəziyyətin həssaslığını dərindən dərk edib təşəbbüs göstərdilər, qətiyyətli addımlar atdılar. Bu uzaqgörənliyin, reallığı, mövcud situasiyanın həssaslığını dərk edə bilməyin özü çox mühüm bir işdir. Mövcud olan olduqca həssas real vəziyyət dərk edildikdən sonra təşəbbüs göstərmək, zəruri addımlar atmaq üçün isə mütləq insan özündə cürət və iradə tapmalıdır. Bu da ikinci önəmli məqamdır. Bundan sonra isə optimist əhval-ruhiyyə ilə, Allaha arxalanıb onun yardımına ümid edərək, Allahın onu dəstəkləyəcəyinə tam arxayınlıqla  lazımi tədbir görmək, zəruri addımları atmaq lazımdır. 29 bəhmən hadisələrindən götürülən dərslərin bir qismi bunlardır.

Bu insanlar Allaha iman gətirmiş olmasaydılar, əgər onların qəlbinin dərinliklərində iman hissi dalğalanmasaydı, onlarda həmin agahlıq və dərketmə müşahidə olunsaydı belə, heç bir işə yaramaz, heç bir dərdə çarə olmaz və heç bir təşəbbüslə nəticələnməzdi. Camaatın imanlı, müdrik olması, lazımi anda lazımi addımları atması – bütün bunlar əsaslı rol oynamış, beləliklə, bu hadisə bizim üçün bir ibrət dərsinə çevrilmişdir. Bu günün özündə də belədir. Gələcəkdə də eynilə bu cür olacaq. Baş verən bütün hadisələri ayıq-sayıqlıqla, müdrikliklə izləmək və doğru qiymətləndirmək lazımdır.

Bir çox xalqlar həssas situasiyalara düşmüş, lakin vəziyyətin həssaslığını dərk edib lazımınca qiymətləndirə bilməmişlər. Dərk edə bilmədikləri üçün də hadisələr onları gözləmədikəri anda haqlamış, əzərək ötüb keçmiş, onlar isə nəyin baş verdiyindən xəbərsiz şəkildə həmin hadisələrin qurbanlarına çevrilmişlər.

Ruhani alimlərdən bəziləri xudbin Rzaxanın özbaşınalıqlarına qarşı çıxdıqda hamı onlarla həmrəy olsaydı, xalqın nümayəndələri ölkədə nələrin baş verdiyini açıq gözlə görüb dərk edə bilsəydilər, xalqımız 50 il irəli düşər, xarici dövlətlərdən asılı olan diktator və istibdadçı Pəhləvi rejiminin 50 illik hakimiyyətinin ziyanını çəkməyə məcbur olmazdı. Nadanlıq və maarifsizlik insanı bu cür zülmlərə dözüb boyun əyməyə vadar edir. Cəhalət içərisində, nadan və avam vəziyyətində qalmaq lazım deyil! Amerikalıların bu ölkədə çevriliş etdikləri gün – ABŞ və İngiltərə bunu əlbir surətdə 32-ci ildə etmişdilər – ölkədə vəziyyətin nə dərəcədə həssas olmasına vaxtında lazımi qiymət verərək müvafiq tədbirlər görülsəydi, əlbəttə ki, ölkənin uzun illər boyu düçar olduğu xəsarət və ziyanlar olmazdı. Baş verən hadisələri uzaqgörənlik və ayıq-sayıqlıqla izləmək lazımdır!

Bu gün xalqımız var-gücü ilə İslam İnqilabını mahiyyətindəki antiimperializm xarakterindən və bu istiqamətə yönəlmiş fəaliyyətindən məhrum etməyə çalışan bir cəbhə ilə qarşı-qarşıyadır. İslam İnqilabının qələbə çaldığı ilk illərdən bəri bu cəbhə ciddi səy göstərir ki, bu inqilabın məhsulu olan İslam Respublikasını dirçəlməyə, ayağa qalxmağa qoymasın. Onlar əllərindən gələn hər bir şeyi etdilər ki, İslam Respublikasına bünövrədən inkişaf edib möhkəmlənməyə imkan verməsinlər. Əlbəttə ki, bunu bacarmadılar! Müxtəlif siyasi gedişlər etdilər, iqtisadi blokada tətbiq etdilər, bu xalqı 8 il müddətində arzuolunmaz müharibəyə məcbur etdilər, xalqın düşmənlərini təchiz edərək onlara himayədarlıq etdilər, ölkə daxilində İslam İnqilabının və İslam Respublikasının üzərinə şübhə kölgələri saldılar, lakin heç nəyə nail ola bilmədilər. Nəhayət, sonda əlacsız qalıb belə bir nəticəyə gəldilər ki, İslam Respublikasını aradan götürmək mümkün deyil. Çünki İslam Respublikasının müdafiəçisi, himayəçisi sinəsini onun uğrunda sipər etmiş mömin insanlardır. Milyonlarla imanlı insan bu quruluşu bu günə qədər qoruyub saxlamışdır. Söhbət hakimiyyət nümayəndələrindən və ölkə rəsmilərindən getmir. Biri var ki, hakimiyyət bir qrup insanın əlindədir və dövlət onlar üçün gəlir mənbəyidir. Belə bir dövlət imperialistlər üçün heç bir təhlükə kəsb etmir. Biri də var ki, dövlət və qurum xalqın imanına, iradəsinə, sevgisinə və güclü dəstəyinə arxalanır. Belə bir qurumu yerindən tərpətmək əsla mümkün deyil. İmperialistlər bunu çox yaxşı başa düşüblər. Xalqımızın illər ərzində keçib gəldiyi yol, habelə xalqın – sizlərin 22 bəhmən tarixində baş tutan builki nümayişi olduqca əzəmətli və möhtəşəm olmuşdur. Elmi nailiyyətlər, gənclərin müxtəlif sferalardakı fəaliyyəti, xoşbəxtlikdən, əvvəlkindən də artıq əzm və inamla səsləndirilən inqilabi şüarlar – məsul şəxslərdən heç biri inqilabi şüarları utanc hissi ilə qarşılamır; onlar müstəqilliklə, azadlıqla, İslam dini və belə bir mötəbər, dərin məzmun və məna kəsb edən konstitusiya ilə fəxr edirlər – göstərir ki, bu dövləti yerindən laxlatmaq qətiyyən mümkün deyil! Onlar belə bir nəticəyə gəliblər ki, bu quruluşun mahiyyətini təşkil edən prinsipləri bacardıqca zəiflətmək lazımdır. Mədəniyyətə tuşlanan bu hücumların – mən bir neçə il öncə bu barədə belə bir ifadə işlətmişdim: mədəniyyətə yönələn gizli sui-qəsdlərin – əlamətlərini müxtəlif sferalarda müşahidə etmək olurdu. Bu günün özündə də bu təsirləri görmək mümkündür. Bütün bunların əsl məqsədi və hədəfi məhz budur: İslam İnqilabını öz mahiyyətindən, özünün İslami, dini məzmunundan, öz inqilabi ruhundan məhrum etmək, uzaqlaşdırmaq. Bu, xalqdan ayıq-sayıqlıq və müdriklik tələb edən həmin həssas məqamlardan biridir. Mahiyyət etibarilə bu, 29 Bəhmən hadisəsinə bənzəyir. Bir çoxları 29 Bəhmən hadisəsinin əhəmiyyətini anlamadılar. Siz təbrizlilər isə bunu dərk etdiniz. Növbə gəlib real addımlar atmağa, iş görməyə çatanda da siz müdriklik və uzaqgörənlik nümayiş etdirdiniz. Bütün dövrlərdə məhz bu cür olmalıdır. Xalqımız baş verən bütün hadisələri lazımınca qiymətləndirməli və onun əhəmiyyətini dərk etməlidir. Xoşbəxtlikdən, bu gün xalqımız bunu yaxşı dərk edir. Xalq tamamilə müdrik, ayıq-sayıq və uzaqgörəndir. Bu faktın özü də İslam İnqilabının, İslam Respublikasının bərəkətli nəticələrindəndir. İnsanlarda oyanış və canlanma baş vermiş, onlar hadisələrə analitik aspektdən yanaşmağa və təhlil etməyə başlamışlar.

Hamı bilsin ki, bu gün İslam Respublikası dövlət quruluşunun düşmənləri bu möhkəm bünövrəni kökündən qoparmaqda özlərini aciz hiss edirlər! Onlar var-qüvvələri ilə çalışırlar ki, müxtəlif vasitələrdən istifadə edərək bu inqilaba aidiyyatı olmuş, bu gün də aidiyyatı olan (bu inqilabın vaxtilə və hal-hazırda içində olmuş) şəxslərin öz əli ilə bu bünövrəni kərpic-kərpic söküb dağıtsınlar, bu strukturun mahiyyətini zərrə-zərrə azaltsınlar. İslam Respublikasının yalnız quruca adı “İslam Respublikası”, “inqilabi qurum” olaraq qalsın, onun mahiyyətində isə İslami və inqilabi məzmundan heç bir əsər-əlamət gözə dəyməsin. Adın nə dəyəri var? Mühüm olan, lazımlı olan məzmun və mahiyyətdir. Mənim və sizlərin öhdəsinə düşən önəmli vəzifə bundan ibarətdir ki, respublikamızın İslami mahiyyətinin, olduqca qiymətli olan inqilabi prinsiplərinin keşiyində dayanaq. Bu qiymətli fundamental prinsiplərə, bu ali dəyərlərə barmaqarası baxılmasına, görməməzliyə vurulmasına qətiyyən imkan verməyək. Bu, bizim vəzifəmizdir.

Bilməliyik ki, Uca Yaradan imanla Ona tərəf gələn, öz bəşəri qüdrətindən doğan əməlləri, atdığı bütün addımları, bütün qüvvəsini yalnız bir hədəfə doğru yönəldən insanların dayağıdır. Uca Yaradan müqəddəs amallar uğrunda çalışan şəxslərə, əlbəttə ki, yardım edəcəkdir! Hər hansı mərhələdə məğlubiyyətə düçar olmağımızın və Allah-Taalanın bizə yardımçı olmamasının səbəbi yalnız bu olmuşdur ki, düzgün işlərdən yapışmamışıq. Öz payımıza düşəni yerinə yetirməmişik. Biz öz öhdəmizə düşən vəzifəyə əməl etsək, Allah da bizə yardım edəcək. Allah-Taala belə buyurur:

بعهدى اوف بعهدكم  اوفوا

“Mənim əhd-peymanıma vəfa edin ki, Mən də sizin əhd-peymanınıza vəfa edim. (Sizin əhd-peymanınız itaət, Mənimki isə savab və mükafat verməkdir)” (“Bəqərə” surəsi, ayə 40)

Qarşılıqlıdır. Varlığımızın və bizə əta olunan bütün nemətlərin sahibi olan Allah bizimlə ikitərəfli müqavilə bağlamışdır: “Siz əməl edin, Biz də əməl edəcəyik”. Deməli, Uca Yaradan bizə belə bir vədə vermişdir. Buna görə də biz öz öhdəmizə düşən vəzifəyə əməl etməsək, Tanrıdan əsla kömək uma bilmərik.

Allaha şükürlər olsun ki,  İran xalqı qətiyyətli addımlar atmağa, əməli iş görməyə qadir olan bir xalq olduğunu nümayiş etdirdi. Bu 30 il ərzində düşmənlərimiz inqilabi şüarların unudulacağını çox gözləyiblər. Bu gün İslam İnqilabının 30-cu ildönümündə siz geniş xalq kütləsinə, onların ifadə etdiyi fikirlərə, irəli sürdükləri şüarlara nəzər saldıqda eynilə inqilabın baş verdiyi ilk illərdəki emosiyaları və şüarları müşahidə edirsiniz. Həmin  صراط مستقيم – doğru yol qorunub-saxlanılmışdır. Bu, olduqca mühüm bir faktdır. Tarixdə baş vermiş müxtəlif inqilablarda bu hal müşahidə olunmur. Bu, Allaha imanın, İslamın bərəkətidir. İnqilabi şüarları qoruyub-saxlamaq lazımdır. Gənclərimiz buna xüsusi əhəmiyyət verməli və qədrini bilməlidirlər. Xoşbəxtlikdən, bugünkü gənc nəsil o dövrkündən daha da səriştəlidir. O dövrdə qələbəni qazandıran emosiya və duyğular idisə, bu gün gənclərin meydanda iştirakı ideya və məfkurə baxımından daha önəmlidir. Sırf emosiyalardan söhbət getmir. Baxmayaraq ki, gənclərin emosionallığı faktoru da mövcuddur və bu, çox mühümdür. Lakin onların ideyaları, hadisələri düzgün qiymətləndirməsi və meydanda iştirakı  da vardır.

Allah-Taala bizim əziz şəhidlərimizi Qiyamət günü Peyğəmbərlə (s) bir yerdə məhşur etsin! Bu möhtəşəm hərəkatın stimulverici qüvvəsi olan əzəmətli imamımızı (r.ə) öz övliyaları ilə bir dəstədə qərar versin! İnşaallah, bizlərə bu yolun əsgərlərindən, bu müqəddəs hədəfin fədailərindən olmağı nəsib etsin! İnşaallah, Allah-Taala sizlərə – əziz qardaş və bacılara Öz yardım və dəstəyini günbəgün daha da artırsın!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei

16 fevral 2009-cu il