Mehriban və bağışlayan Allahın adı ilə!
İlk növbədə, insanlıq tarixinin ən uca şəhidi Həzrət Əba Əbdillahul-Hüseynin (ə) – tarix boyunca unudulmaz qəhrəmanlıq nümunəsi yaradan və İslam ümmətinə dirçəliş bəxş edən şəxsiyyətin şəhid edilməsi münasibətilə başsağlığı verir, daha sonra isə ayıq-sayıq Qum əhalisinin oyanışının ildönümü ilə əlaqədar o şəhərdən gələrək səfa və səmimiyyət dolu bu yığıncağı təşkil edən siz əziz bacı və qardaşlara «xoş gəldiniz!» deyirəm.
19 Dey Qiyamı sırf ötüb-keçən tarixi bir hadisə deyil. Bu hadisənin əhəmiyyəti İran millətinin bir hissəsinin – əziz Qum əhalisinin baş verəcək hadisəni öncədən bilməsindədir. Bu camaatın ayıqlıq və dirçəliş ruhiyyəsi ölkə üzrə böyük bir cərəyan yaratmaqda onların yardımına yetişdi. Qəzetlərin birində şeytan sarayının bir muzduru tərəfindən yüksək şəxsiyyətli imama qarşı edilən sayğısızlıq olayı o günün hadisələrinə səthi yanaşan dayazdüşüncəli camaatının bir çoxunun nəzərində o qədər də böyük önəm kəsb etmədi. İnsanlar bu hadisənin dərin nöqtəsi və fitnəkarlığın görünməyən yönünü hiss etmir, anlamırdılar. Təbii ki, insan hiyləni duymadıqda ona qarşı reaksiya da göstərmir. Qum əhalisi, Qum gəncləri isə duydular, anladılar, hadisənin əhəmiyyətini dərk etdilər. Bu, inqilab tariximizdə baş verən həmin hadisənin ən önəmli cəhətidir. Siz qumlular o günkü dərkə yiyələnməyib, küçələrə çıxmayıb, müdafiə edib şəhid verməsəydiniz və şeytan rejimi üçün o misilsiz rüsvayçılığı yaratmasaydınız, o zaman baş tutan mübarizə cərəyanlarının bu şəkildə həyata keçəcəyi və davam edəcəyi məlum deyildi. Başlanğıc nöqtə çox önəmlidir və heç də təsadüfi deyil. Bu, hər hansı bir hadisənin qaranlıq məqamlarını, gizlin və qapalı xüsusiyyətlərini uzaqgörənliklə dərk etməkdən qaynaqlanır. Belə peşəkarlığa Qumun 19 dey tarixi malik idi və bu, öncədən qarşıya çıxmış olayı doğru anladığını, hiyləni başa düşdüyünü bildirirdi. O, qəzetdə imam Xomeyninin (r.ə) əleyhinə dərc olunan bu məqalənin ardınca nələrin olacağını və nələrin də baş verdiyini yaxşı bilirdi. Hiyləni anladığından ona qarşı reaksiya göstərməyə yönəldi.
Bu gün də həminki dərs davam edir. Bir millətin dərin insani duyumu ilə hadisələri baş vermədən öncə hiss etməli, nəyin olacağını anlamalı və ona qarşı reaksiya göstərməlidir.
Keçmişə nəzər salsaq, İslam tarixi boyunca bu dərkin və düzgün siyasi uzaqgörənliyin olmamasının millətləri daim qəflətdə saxladığını, millətlərin düşmənlərinə onlara qarşı istədikləri hər bir işi görmə imkanı verdiyini və onların əks reaksiyasını zərərsizləşdirdiyini görürük.
Siz bu aspektlə Kərbəla olayına baxın. Hicrətdən sonrakı 60 illiyin sonlarında, yəni Peyğəmbəri-Əkrəmin (s) vəfatından 50 il sonrakı dövrdə yaşayan müsəlmanların bir çoxu baş verən hadisələri düzgün təhliletmə əzmində deyildilər. Doğru nəticə çıxarmadıqlarına görə də reaksiya göstərmirdilər. Bu səbəbdən meydan İslam ümmətinin taleyində istədikləri işi görən və hər hansı bir qanun pozuntusunu istədikləri tərzdə həyata keçirən şəxslərin üzünə açıq idi, çünki heç kəs onların bu qeyri-qanuni işlərinin qarşısını almırdı. Hətta iş o yerə çatır ki, pozğun, cinayətkar və əxlaqsız bir şəxs – İslam hakimliyi və Peyğəmbər (s) xəlifəsinin heç bir şərtlərinə malik olmayan və bütün işlərində Peyğəmbərin (s) həyat tərzinin tam əksinə davrandığı açıq-aydın müşahidə olunan bir gənc – İslam ümmətinin rəhbəri və Peyğəmbərin (s) canişini olur. Bu gün bu hadisənin sizin nəzərinizdə necə təəccüb doğurduğuna bir diqqət yetirin. O gün isə bu olay həmin dövrdəki toplumun nəzərində heç də təəccüblü görünmürdü. Onlar təhlükə qorxusu hiss etmirdilər. Bir sıra şəxslərin təhlükədən qorxu duyduğunu təsəvvür etsək belə, şəxsi mənafe, rifah və rahatlıqları onların əksül-əməl nümayiş etdirmələrinə icazə vermirdi. Peyğəmbər (s) xalqı təkallahlığa, paklığa, ədalət və əxlaqi təmizliyə, ümumi ictimai mənfəətinə sövq etdirmək üçün İslamı gətirdi. Bu gün isə Peyğəmbərin (s) yerində başdan-ayağa cinayətkar və pozğun, Allahın varlığı və Allahın birliyi əqidəsinə etiqad bəsləməyən bir şəxs əyləşir. Peyğəmbərin (s) dünyadan köçməsindən heç əlli il keçməmişdi ki, məhz belə bir şəxs hakimiyyətə gəlir! Bu, bu gün sizin nəzərinizdə çox qəribə görünür. O gün isə camaatın bir çoxunun nəzərində heç də təəccüb doğurmadı. Heyrətlidir! Yezid xəlifə olur, amansız və daşürəkli məmurları –xalqdan beyət alsınlar deyə – İslam dünyasının hər tərəfinə yollayır. Camaat da öz növbəsində dəstə-dəstə gedərək beyət edir. Alimlər beyət etdilər, zahidlər beyət etdilər, görkəmli adamlar beyət etdilər, siyasətçilər beyət etdilər.
İslam dünyasına dəyən zərərin dərk edilib duyulmadığı bir zamanda və qəflətin hakim kəsildiyi belə bir şəraitdə nə etməli? İslamın həqiqi rəmzi, «Hüseyn məndəndir, mən də Hüseyndənəm» – deyən sevimli Peyğəmbərin (s) dəyişilməmiş canlı surəti olan Hüseyn ibn Əli (ə) kimi şəxsiyyət belə bir şəraitdə nə etməlidir? O, elə bir iş görməlidir ki, İslam dünyasını – təkcə o gün deyil, ondan sonrakı uzun əsrlər boyu – yaşatsın, ayıltsın və təkan versin. Bu təkan imam Hüseynin (ə) qiyamı ilə başlandı. İmam Hüseynin (ə) Kufədə hakimiyyətə gəlməsi üçün dəvət edilməsi və Kufəyə doğru hərəkət etməsinə gəlincə isə bütün bunlar və bəhanələr idi. İmam Hüseyn (ə) çağırılmasaydı belə, bu qiyam gerçəkləşəcəkdi. İmam Hüseyn (ə) müsəlmanlara belə bir şəraitdə nə etmələri gərəkdiyini bildirmək üçün bu missiyanı mütləq həyata keçirməli idi. O, gerçək “nə etməli” nüsxəsini gələcək əsrlərin bütün müsəlmanlarına göstərdi. Belə bir nüsxə yazdı Hüseyn ibn Əli (ə), lakin onun nüsxəsi söz söyləmək, danışıq və «göstəriş ver, özün əyləş» nüsxəsi deyil, əməl nüsxəsi idi. O, bu hərəkəti ilə düzgün yolu göstərdi. O, Peyğəmbərin (s) buyurduğu sözü nəql edirdi: «İslamın kənara qoyulduğunu və zülm edən insanların xalqa hakimlik etdiyini, Allahın dinini dəyişib xalqa qarşı pozğunçuluq və cinayətkarlıqla davrandığını gördüyünüz vaxt bu vəziyyət qarşısında qalxıb qiyam etməyən şəxsi Allah haqlıdır ki, həmin şəxsin yerində yerləşdirsin». Allah-Taala sakit duraraq dəyişikliyə can atmayan insanla da eynilə «Allahın yasaqlarını halal hesab edən» şəxs kimi davranacaqdır. Budur gerçək nüsxə. Budur imam Hüseynin (ə) qiyamı. Bu qiyam uğrunda dünyanın ən dəyərli insanı olan imam Hüseynin (ə) pak, mübarək və çox qiymətli canı belə qurban edilirsə, imam Hüseynin (ə) baxışında bu, elə də böyük qurban deyildi. İmam Hüseynin (ə) dostları olan səhabələrinin – ən üstün insanların canları qurban edilirsə, hətta bu, imam Hüseyn (ə) üçün yüksək dəyər deyil. Allah ailəsinin, Peyğəmbər (s) məhrəminin, Zeynəb (s.ə) tək şəxsiyyətin yad əllərdə əsir edilməsi – Hüseyn ibn Əli (ə) Kərbəla çölündə qətlə yetiriləcəyi zaman qadın və uşaqların əsir düşəcəklərini bilirdi – və bu ağır imtiyazı ödəmək imam Hüseyn (ə) aspektində bu hədəfin uğrunda ağır hesab olunmurdu. Biz ödədiyimiz dəyərin hesabına İslam, müsəlmanlar, İslam ümməti və toplum üçün nələrin əldə edildiyinə diqqət yetirməliyik. İnsan bəzən yüz tümən xərclədikdə israf etmiş olur, bəzən isə yüz milyard xərclədikdə belə israf etməmiş olur. Deməli, ödənilən dəyər müqabilində nə qazanıldığına diqqət yetirilməlidir.
İran İslam İnqilabı bu nüsxəyə əməl etmək idi. Bizim ali rəhbərimiz – imam Xomeyni (r.ə) də bu nüsxəyə əməl etdi. Həmin dövrün bir qrup zahirə xüsusi önəm verən və məsələlərə səthi yanaşan insanları – əlbəttə, pis adam deyildilər, yaxşı insanlar idilər. Biz onları tanıyırdıq – həmin dönəmdə deyirdilər ki, o (r.ə), gəncləri meydana çıxartdı, ən dəyərli gənclərimiz öldürülərək əldən verildi və qanları axıdıldı. Çoxları belə düşünürdü ki, imam Xomeyni (r.ə) bu gənclərin canlarının təhlükədə olmasından xəbərsizdir. Bu səbəbdən də ona (r.ə) ürəkləri yanırdı. Bu, hadisələri düzgün təhlil etməməkdən qaynaqlanırdı. Doğrudur, məcburi müharibədə biz bunca şəhid verdik, bunca qurban verdik, bunca ailələrin ürəklərinə dağ çəkildi. Bu, böyük bir qurbandır, lakin bunun qarşılığında nə əldə olundu? Bunun əvəzində ölkənin müstəqilliyi, İslam bayrağı və İİR-nın simasını o əzəmətli tufanın qarşısında qoruyub saxladıq. Başqaları tərəfindən qurulan o dəhşətli tufan Səddam tufanı deyildi. Səddam düşmənin ön cəbhəsinin əsgəri idi. Səddamın arxasında sionizm rejimi, bütün küfr və batil dünyası dayanırdı. Əvvəllər onların bu fitnəyə daxil olmadıqlarını fərz etsək belə, sonralar Səddamın arxasında toplandıqları açıq-aydın bəlli oldu. Amerika, o dövrün Sovetlər İttifaqı, NATO, hegemon qüvvələrdən asılı mürtəce ölkələr başbilənlik edərək pul verir, məlumatlandırır, planlar cızır və təbliğat edirdilər. Bu böyük cəbhə əzəmətli, imanlı, igid və qorxmaz İranı tamamilə dolaşıq vəziyyətə salmaq, sionizmə qulluq etmək üçün hazırlayıb ilkin mərhələdə Səddam kimi alçaq və yaramaz bir ünsürə məğlub etmək, sonrakı mərhələdə isə Amerikanın yumruğu və caynağı altında saxlamaq istəyirdi. Düz iki yüz il ərzində ölkəmizin başına gətirilən bu müsibəti, İran milləti üçün yaradılan bütün bu çətinlikləri yüz il, iki yüz il və daha artıq davam etdirmək istəyirdi. Millətimiz ayağa qalxdı, böyük rəhbərimiz – imam Xomeyni (r.ə) ayağa qalxdı. Əlbəttə, biz əziz canları qurban verdik, böyük şəhidlər verdik, sevimli gəncləri fəda etdik, amma bu, əldə olunanlar müqabilində heç də səmərəsiz dəyər olmadı.
Bu gün Fələstin məsələsi də eynilə bu cürdür. Müşahidə etdiyiniz Qəzza olayı hadisənin üzdə görünən zahiri bir cəhətidir. Bu hadisənin gizli və həqiqi mahiyyəti isə insani dəyərlərə heç bir etiqad bəsləməyən sionist rejimin Yaxın Şərq regionuna – yeraltı və yerüstü, o cümlədən coğrafi və iqtisadi sərvətlərlə zəngin olan bir regiona hakim kəsilərək buranı öz ixtiyarında saxlamaq məqsədi güdməsindən ibarətdir. Bunu həyata keçirməkdə vasitəçi də qəsbkar İsrail və işğal olunmuş Fələstinə hökmranlıq edən sionistlərdir. Budur əsas məsələ. Bu bir neçə il müddətində regionda həyata keçirdikləri bütün bu əməliyyatlar – Livan hadisələrindən tutmuş İraq hadisələri və Qəzza olaylarına kimi – bu baxımdan açıqlanmalı və düşünülməlidir. Məsələ bu regionun Amerika və sionizmin – sionizm anlamı Amerikadan genişdir. Əlbəttə, bunun ən bariz təzahürü “böyük şeytan” – Amerika dövlətidir – asılılığında yerləşməsidir, yəni sionizm bu regionu öz ixtiyarında və özündən asılı halda saxlamağa nail olmaq istəyindədir. Bu region sionizmə gərəklidir və onun təsir qüvvəsi İsraildir. Bu bir neçə ildə baş verən bütün olaylar və hadisələr həmin aspektdən öz həllini tapır. 33 günlük müharibə zamanı Amerikanın xarici işlər nazirinin dediklərini duydunuz: «Bu hadisə yenidən dünyaya gələn Yaxın Şərq regionunun «doğuş ağrıları»dır!» Yəni bu hadisədən yeni bir məsələ doğacaqdır və bu yeni məsələ isə Amerikanın arzuladığı Yaxın Şərqdir. Əlbəttə, bu qorxunc yuxunun yozumu onların üzləşdikləri həmin hadisə idi. Sanki Livanın imanlı gənclərinin igidliyi, ayıq-sayıqlığı və fədakarlığı təkcə İsrailin deyil, Amerikanın, eləcə də onun havadarlarının və ardıcıllarının ağzına möhkəm yumruq vurdu. Qəzza hadisəsi də bu qəbildəndir. Bunlar regionda heç bir müqavimət hərəkatının qalmamasını istəyir və belə hesab edirlər ki, müqavimət hərəkatının əsas ünsürü İran İslam Respublikasıdır. Hər halda bunu doğru anladıqları qeyd olunmalıdır. Çünki məhz bura müqavimətin mərkəzidir. Bura elə bir yerdir ki, biz heç bir addım atmasaq, heç bir söz söyləməsək də, İran İslam Respublikasının özünün mövcudluğu region xalqlarına ilham verir. Bura elə bir regiondur ki, bütün hegemon qüvvələrə və onların kor olmalarına rəğmən bu cür ucalır və günbəgün daha da güclənir. Hətta bu əzəmətli və təntənəli tablonun varlığı belə sionizmin gözündə bir tikan, millətlər üçün isə böyük ümid mənbəyidir. Doğrudur, bura müqavimətin mərkəzidir. Bunda heç bir şübhə yoxdur. Başqaları da məhz buradan ruhlanmış, lakin bu müqaviməti qırmaqdan ötrü zəif bir halqanı – Qəzzada HƏMAS-ın xalq tərəfindən seçilən həqiqi dövlətini – hədəfin başlanğıcı seçmişlər. Niyyətləri onu məzlum hala gətirərək əzməkdir. Bu gün İslam dünyasında Qəzza olayını şəxsi və yerli bir hadisə kimi qiymətləndirənlər qəflət yuxusunda olan millətlərin atasını yandırır. Xeyr, bu Qəzza olayı təkcə Qəzzanın deyil, bütöv bir regionun hadisəsidir. Gerçəkdən ora ən zəif nöqtədir. Bu səbəbdən hücumu məhz oradan başlamış və müvəffəqiyyət qazanacaqları təqdirdə bu regiondan əl götürməyəcəklər. Regionun müsəlman dövlətləri etməli olduqları və bacardıqları yardımı əsirgəsələr, səhv etməkdədirlər, yanlış yoldadırlar. Bu regionda İsrailin nüfuzu genişləndikcə sionizmin hökmranlığı daha da qüvvətlənəcək, region dövlətlərinin bədbəxtliyi, zəifliyi və gücsüzlüyü daha da artacaqdır. Niyə diqqət yetirmir, dövlətləri və millətləri özlərinin ardınca bədbəxtliyə sürükləyirlər? Gücsüz, müti və asılı bir dövlət əvvəl-axır öz millətini gücsüz, müti və asılı edəcəkdir. Bu səbəbdən millətlər özlərinə gəlməlidirlər.
Bizim millət də öz növbəsində bu hadisədə öz ayıqlığını və hazırlığını nümayiş etdirdi. Mən kütləvi nümayiş və aksiyalarda rəy və mövqelərini üzə çıxaran bütün xalqa, xüsusilə hava limanlarına – Tehranda və sair bölgələrdə – toplanaraq Qəzzaya getməyə hazır olduqlarını bildirən mömin və şücaətli gənclərə öz dərin minnətdarlığımı bildirirəm, lakin bu sahədə bizim əl-qolumuz bağlıdır. Bizim orada iştirakımız lazımdır və əgər mümkün olsaydı, iştirak edərdik də və heç bir şəxsin mülahizəsini də nəzərə almazdıq. Fəqət imkan yoxdur. Bunu hamı bilsin! İran İslam Respublikası və burada yaşayan müsəlmanlar indiyədək o məzlum xalqa yardım sahəsində mümkün olan istənilən işi görmüşlər, bundan sonra da görəcəklər. Bizim gənclərimiz isə çox şücaətlidirlər. Bizim bugünkü gənc nəsil öz fəaliyyətləri ilə bir daha özünün «Kərbəla 5» nəsli – bu günlər «Kərbəla 5» xatirələrini yada salan günlərdir – «Vəl-Fəcr 4», «Xeybər» və «Bədr» əməliyyatının gənclərinə bənzədiyini nümayiş etdirdi. Bu günün gəncləri 25-30 il öncə meydanlara çıxan gənclər kimidirlər. Düşmənin casus və müstəmləkəçi orqanları tərəfindən Qəzzaya köməyə yollanan cavanların bu hərəkətini xalqın mənafeyinin əleyhinə yönəlmiş ağılsız bir hərəkət kimi qələmə verən və müzakirəyə qoyan ölkə daxilindəki bir sıra pula satılmış ünsürlərə xərclənən pullar hədərə getdi. Gənclərimiz İslam İnqilabının, İslamın və imam Hüseynin (ə) yolu ilə doğru hərəkət etmişlər. Bu, bizim ölkənin durumudur, lakin İslam dünyasındakı müsəlman xalqların öz fikir və mövqelərini müəyyən formada bildirməsi lazımdır. Bunu isə dövlətlərdən tələb etməlidirlər. Bir sıra müsəlman dövlətlərinin göstərdiyi səylər yüksək olsa da, qənaətbəxş deyildir. Gərək siyasi və ictimai təzyiqlərlə düşmən geri çəkilməyə məcbur edilsin. Siz bu gün bu regionda sionistlərin əli ilə baş verən dəhşətli faciəyə bir diqqət yetirin. Bir nəfər insan dünyanın müəyyən nöqtəsində bir hadisə səbəbindən yerə yıxıldığı zaman insan haqlarını müdafiə edən qurumların hay-küyü səmaya ucalır. Onlar riyakarlıq, yalan və hiyləgərliklə insan haqlarının tərəfdarı olduqlarını iddia edirlər. Qəzzanın azyaşlı körpələri, məzlum qadınları hər gün payız yarpağı tək yerə səpələndikdə isə onların nəfəsi gəlmir, hətta cınqırı belə çıxmır. Allah-Taala insan haqları müdafiəçilərini – istər BMT, istər insan haqları təşkilatları, istərsə də bu iddiada olan dövlətləri rüsvayçılığa uğratdı. “İnsan haqları” Avropa dövlətlərinin yalnız dilindədir. Hansı insan haqlarından danışılır?! Sizlər insan haqlarına etiqad bəsləmirsiniz, yalan söyləyirsiniz, insan haqlarının adını riyakarlıqla çəkirsiniz. Əks təqdirdə hansısa Avropa dövləti başçısının insan haqlarına etiqadlı olduğu halda bu hadisələri görməklə yanaşı İsrailə hücum etməməsi necə mümkündür? Bundan daha pisi İslam dünyasının bir sıra ziyalılarının mövqeyidir. Təəssüflər olsun ki, İslam dünyasındakı mətbuat və informasiya agentliklərinin pozulması çox təəssüfdoğurucu bir cinayətdir. Çünki onlar sionistlərin cinayətlərinə bəraət qazandırırlar. Allah-Taala onlara güzəşt etməyəcək. Hazırda ölkə daxilində də az-çox bu durum mövcuddur. Əlbəttə, ölkə daxilində millətin qətiyyətli həmrəyliyi, bu mövqedə dövlətlə millətin bərabərliyi bəzi şəxslərin yanlış, azğın və xəyanətkar yolun ardınca düşməsinə icazə vermir. Belə olmasaydı, bir sıra şəxslərin bundan daha artıq bəraət qazanması mümkün olardı. Buna xalqın qətiyyətli iştirakı və dövlətlə xalqın eyni mövqedən çıxış etməsi icazə vermir, amma, təəssüflər olsun ki, başqa ölkələrdə bu iş həyata keçməkdədir. Bəs bu hadisədən çıxarılan nəticə nədən ibarətdir? Bir sözlə, qəti şəkildə haqqın batil üzərində qələbəsi olduğu söylənməlidir.
Əgər düşmən, Allah eləməməmiş, qətiyyətlə və böyük əzmkarlıqla döyüşərək HƏMAS-ın nəzdində müdafiəyə qalxan Fələstin mücahidlərini bir-bir məhv etsə belə, Fələstin məsələsi bu faciələrlə sona yetməyəcək və şübhə yoxdur ki, fələstinlilər keçmiş təcrübə əsasında öncəkindən daha artıq qüvvətlənəcək, düşməni məhv edərək qələbə çalacaq. Bizim müsəlman millətimiz öz zehnində və qəlbində həmin dönməz əzmkarlığı qoruyub saxlamalı, bu ayıqlığın qədrini bilməlidir. Bu xalq ona nəsib olmuş agahlıq və gözüaçıqlığı qənimət bilməli, öz mövqeyini qorumalı, özünün rəy və düşüncələrini açıq surətdə nümayiş etdirməlidir. Həmçinin bu xalq dünyaya İslam Respublikasının zülm və zorakılığa qarşı öz mövqeyində dayandığını, bu yolda müqavimət və fədakarlıq edəcəyini elan etməlidir. Yalnız bu halda xalqımızın əldə edəcəyi itirdiyindən daha dəyərli və çox qiymətli olacaqdır. Şübhəsiz, əziz şəhidlərimizin müqəddəs ruhları və böyük rəhbərin – imam Xomeyninin (r.ə) pak ruhu İran millətinin, bu müqavimətlərin və müdafiələrin himayəçisi olacaq və yaxın gələcəkdə, İnşaallah, bütün müsəlman millətləri qələbəni bayram edəcək.
Allah-Taala Həzrət Bəqiyyətullahın (ə.f.) duasını bizim (halımıza şamil) hamımıza təsirli etsin və bizi Hüseyn ibn Əlinin (ə) həqiqi davamçılarından hesab etsin!
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!
Seyid Əli Xamenei
08 yanvar 2009-cu il