Mehriban və bağışlayan Allahın adı ilə!
Hər şeydən əvvəl, ölkəmizin və İslam dünyasının bütün möminlərini, xüsusilə möhtərəm şəhid ailələrini və uzaq yollardan, müxtəlif şəhərlərdən gəlib buraya toplanmış siz əziz bacı və qardaşları mübarək Qədir-Xum bayramı münasibətilə təbrik edirəm. Bu bayram on iki imam şiələrinin şəxsiyyət vəsiqəsinin əsas hissəsidir və hər bir şiə uzun əsrlər boyu hər il bu günü, bu hadisəni xatırlamaqla əsil mənliyini və heysiyyətini qoruyub saxlamışdır.
Bir sıra çox önəmli məsələlər mövcuddur və bu mühüm məsələlər haqqında düşünmək bütün İslam toplumuna, o cümlədən xalqımıza düzgün hərəkət yolunu itirməməkdə xeyli kömək edir. Qədir-Xum hadisəsini də məhz belə məsələlərdən biri kimi dəyərləndirmək lazımdır. Bu hadisə haqqında bir neçə nöqtəyə toxunmaq istəyirəm:
Birincisi, elə Qədir-Xum hadisəsinin özüdür. Peyğəmbəri-Əkrəm (s) zamanında nisbətən genişlənməkdə olan İslam dünyası çox mühüm bir hadisənin şahidi oldu və bu hadisə Həzrət Əlinin (ə) canişin təyin edilməsinin açıqlanması idi. Bu hadisəni təkcə şiə deyil, əhli-sünnədən olan böyük alimlərin də bir çoxu nəql etmişdir. Qədir-Xum hadisəsinin təhlili və anlaşılması müxtəlif olsa da, bu hadisənin əsil həqiqəti müsəlmanlar arasında danılmaz bir fakt kimi qəbul olunmuşdur. Canişinlik hadisəsinin Peyğəmbərin (s) ömrünün son aylarında, daha doğrusu, o Həzrətin (s) ömrünün sonuna təxminən yetmiş gün qalmış baş verməsi heç də təsadüfi deyil. Bu, öz növbəsində İslami nöqteyi-nəzərdən İslam ümmətinin idarəçiliyinin, siyasət və vilayətinin nə qədər əhəmiyyətli olduğunun əyani göstəricisidir. Belə ki, mərhum imam Xomeyninin (r.ə) və ondan da qabaq yaşayan böyük fəqihlərdən bir çoxunun din və siyasətin vəhdəti, dində hakimiyyət məsələsinin əhəmiyyəti üzərində təkidlə dayanması İslam maarifindən, xüsusilə Qədir-Xum məktəbindən qaynaqlanır. Bu da bilavasitə məsələnin əhəmiyyətini çatdırır. İstər biz şiələr, istərsə də Qədir-Xum hadisəsini bizim kimi təhlil edən qeyri-şiələr bütün tarixi dönəmlərdə hakimiyyət məsələsinin İslamın ən əsas və birinci dərəcəli məsələsi olduğuna xüsusi diqqət yetirməlidirlər. Hakimiyyət məsələsinə laqeyd və etinasız yanaşmaq olmaz. Bəşəriyyətin düz və ya əyri yolda hərəkət etməsində hökumətlərin əvəzsiz rolu bəşər təcrübəsi tərəfindən öz real təsdiqini tapmışdır. Belə ki, İslam Respublikasının sistemində – həm konstitusiyasında, həm də İslam Respublikasını tanıtdıran digər meyarlarda – rastlaşdığımız müsəlman ərazilərinin idarəçiliyinə dair mühüm təkidlərin kökü İslamın bu məsələyə münasibətindən qaynaqlanır. Bu, xüsusi diqqət yetirilməli bir məsələdir.
Toxunmaq istədiyim ikinci nöqtə isə Qədir-Xum hadisəsi ilə yanaşı qoyulan digər bir məsələdir. Bu məsələ, yəni İslam Peyğəmbərinin (s) məhz Əlini (ə) canişin təyin etməsi də çox əhəmiyyətlidir. Həzrət Əlinin (ə) həmin vaxtlarda və ondan sonrakı dövrlərdə hansı özəllikləri var idi?! Həzrət Əli (ə) şəxsiyyətini səciyyələndirən bu xüsusiyyətlər bizə örnək olmalıdır. Əmirəl-mömininin (ə) ilk özəl xüsusiyyəti İlahi razılığa bağlılığı və daim doğru yolda hərəkət etməsidir. O, hər nə qədər çətin olsa da, güclü səy tələb etsə də, fədakarlıq lazım olsa da, bu mübarək yoldan dönmədi. Bu, Həzrət Əlinin (ə) ən mühüm xüsusiyyətidir.
Əmirəl-möminin (ə) o şəxsdir ki, uşaq yaşlarından şəhadət anına qədər Allah yolunda və Allah üçün heç bir hadisədə bir an belə geri çəkilmədi, tərəddüd və şəkk etmədi, bütün varlığını bu meydanda sərf etdi. Təbliğ etmək lazım olduqda təbliğ etdi. Döyüşməli olduğu vaxt ölümdən qorxmadan Peyğəmbərin (s) hüzurunda qılınc vurdu. Səbir etmək lazım gəldikdə səbir etdi. Siyasi səhnədə ona ehtiyac duyulduqda siyasət meydanına qədəm qoydu. Həyatının bütün bu mərhələlərində lazımi qədər fədakarlıq göstərdi. Peyğəmbəri-Əkrəm (s) belə bir şəxsi İslam cəmiyyətinə rəhbər təyin edir. Əslində, bu hadisə bizim üçün böyük bir dərsdir və bu, təkcə hafizələrdə yaşayan tarixi bir xatirə deyil, həm də İslam ümmətinə gözəl bir örnəkdir. Qədir-Xum hadisəsi göstərir ki, İslami cəmiyyətləri idarə etmək üçün bir sıra meyarlar mövcuddur və o meyarlar bunlardan ibarətdir: Allahpərəstlik, İlahi razılıq naminə çalışmaq, Allah yolunda canını və malını fəda etmək, heç bir çətinlikdən qorxmamaq və dünyadan imtina etmək. Bu əlçatmaz zirvə Əmirəl-möminindir (ə). Meyar elə Həzrət Əlinin (ə) özüdür və bu, Qədir-Xum hadisəsindən aldığımız ən böyük dərsdir.
İslam dünyasına, İslam ölkələrinə və bütün dünya üzrə siyasi idarəçiliyə nəzər salsaq, görərik ki, İslamın bəşəriyyətə təqdim etdiyi və bu gün mövcud olan siyasətlər arasında nə qədər böyük fərq var. Bəşəriyyətə vurulan ən ciddi zərbə də məhz siyasət sahəsindən gəlir. İslam dini bəşəriyyətin səadətini Əmirəl-möminin (ə) kimi şəxslərin hakimiyyətində görür və əlbəttə, unutmaq olmaz ki, o Həzrət (ə) də bu sahədə Peyğəmbərin (s) şagirdidir. Zahidliyindən söz açılarkən Əmirəl-mömininin (ə) deyirdi: “Mənim zahidliyim hara, Peyğəmbərin (s) zahidliyi hara!” Halbuki, səydə, səbirdə və s. bütün keyfiyyətlərdə Həzrət Əli (ə) Peyğəmbərimizin (s) ən layiqli şagirdi idi. Rəhbərliyə də məhz belə bir şəxsin ləyaqəti çatır və hamımız onu bu sahədə ən gözəl örnək olaraq görməliyik. Təkcə öz ölkəmiz üçün deyil, bütün İslam dünyası üçün bunu tələb etməliyik.
Yalnız belə üstün, dünyanın zər-zibasına etinasız, haqq və həqiqət uğrunda fədakarlığa hazır olan dahi şəxsiyyətlər böyük insan toplumunu xoşbəxt edə bilər. Bu məsuliyyəti öhdəsinə götürən şəxs nəfsani istəklərə təslim olmamalı və kiçik şəxsi mənfəətlər onu həyatın nəhəng hadisələri qarşısında məğlub etməməlidir. Dəfələrlə qeyd etdiyimiz “İslamın və İslam Respublikasının dünyaya ünvanladığı yeni mesaj” məhz bundan ibarətdir.
Bu gün siz bütün dünyada insanın həyat səviyyəsinə diqqət yetirin! Ölkə başçılarına və siyasətçilərə baxın! Hansı siyasətçi öz şəxsi mənfəətindən imtina etməyə hazırdır? Hansı siyasətçi şəxsi mənafeyinə çatmaq imkanı olduğu halda ondan əl çəkməyə qadirdir? Onlardan hansı biri öz xalqı naminə canından keçməyə razıdır? Hansı siyasətçi ikili standartlardan əl çəkə bilir? Bu gün bəşəriyyətin ən dəhşətli yoxsulluğu belə şəxsiyyətlərin olmamasında təzahür edir. Ən ali nümunəni isə dünyaya məhz İslam göstərmişdir. Əlbəttə, bu zirvəyə çatmaq adi insanların imkanlarından xaricdir. Əli (ə) kimi yaşamaq əlçatmaz bir arzudur və bunu heç kəs bacarmaz. Lakin zirvə bizə doğru istiqaməti göstərir və biz də həmin zirvəyə doğru hərəkət etməli, ona bənzəməli və yaxınlaşmalıyıq. Bu isə bəşəriyyətin ən böyük məhrumiyyətidir. Bu da Qədir-Xum barəsində toxunmaq istədiyim digər bir mühüm nöqtə idi və bu məsələyə xüsusi diqqət yetirilməlidir, çünki o, Qədir-Xum hadisəsinin dünyaya mesajı İslami hakimiyyətin meyarlarıdır.
Allah və din yolunda qərəzli düşmənə qarşı sərt və qətiyyətlə mübarizə aparan Əli (ə) məzlum və zəif insanların müqabilində elə təvazökar, elə mülayim idi ki, heç kəs onun Əmirəl-möminin (ə) olduğuna inanmazdı. İlk dəfə Kufəyə daxil olarkən heç kəs onu tanımırdı. O Həzrətin (ə) rəftarı, geyimi, hərəkətləri elə tərzdə idi ki, küçə-bazardan keçəndə heç kəs belə sadə addımlarla yeriyən şəxsin əzəmətli Əmirəl-möminin (ə) olduğunu anlamırdı. Zəif, sadə insanlarla münasibətdə bu dərəcədə həlim və səbirli olan şəxs boynuyoğun və hiyləgər düşmənin qarşısında dağ kimi qətiyyətlə dayanan həmin cəngavər idi. Həzrət Əlinin (ə) bütün həyatı başdan-başa bu cür heyrətamiz örnəklərlə doludur.
Toxunmaq istədiyim digər bir məsələ budur ki, Qədir-Xum hadisəsi biz şiələrin təməl əqidəsidir. Biz Peyğəmbərdən (s) sonra Həzrət Əlini (ə) İslam ümmətinin həqiqi rəhbəri hesab edirik. Bu köklü əqidə şiəliyin əsasını təşkil edir və məlum məsələdir ki, əhli-sünnədən olan qardaşlarımız bu həqiqəti qəbul etmirlər. Onlar bu məsələyə tamamilə başqa formada yanaşırlar. Lakin Qədir-Xum hadisəsi yalnız və yalnız bir nöqtədə İslam ümmətinin vəhdətinə səbəb olur və həmin nöqtə də məhz Əmirəl-mömininin (ə) əzəmətli şəxsiyyətidir. Bu böyük şəxsiyyətin əzəməti barəsində müsəlmanlar arasında heç bir ixtilaf və fikir ayrılığı yoxdur. Hamı Həzrət Əlini (ə) elm, təqva və şücaət baxımından layiq olduğu zirvədə görür, yəni bütün müsəlmanların inanclarının birləşdiyi nöqtə məhz Əmirəl-möminindir (ə).
Bu gün diqqət olunası mühüm bir nöqtə budur ki, şiə bu inancını uzun əsrlər boyu öz əziz canı kimi qorumuşdur. Hamının az-çox bildiyi kimi, Əhli-beyt (ə) yolçularına edilən haqsızlıqlara, təzyiqlərə, yaranan düşmənçilik və sıxıntılara baxmayaraq şiə bu əqidə üzərində möhkəm dura biləcək şiə maarifini yaymağa müvəffəq oldu. Həmçinin, şiə fiqhi, kəlamı, fəlsəfəsi, digər müxtəlif elmləri, mədəniyyəti, təfəkkürü və görkəmli şəxsiyyətləri – bütün bunlar tarix boyu öz parlaq təcəssümünü tapmışdır. Şübhəsiz ki, bu inanc şiəliyin bu vaxta qədər qoruduğu və bundan sonra da qoruyacağı bir təməl əqidəsidir. Lakin biz heç bir vəchlə bu inancın iğtişaş amilinə çevrilməsinə imkan verməməliyik. Biz bu məsələni həmişə demişik və yenə də təkrarlayırıq. Düşmənin müxtəlif adlarla, ən önəmlisi isə “şiə”, “sünni” adı ilə öz xəbis niyyətini həyata keçirmək üçün ixtilaf yaratmaq istədiyini çox yaxşı anlayırıq. “Düşmən” dedikdə yalnız müəyyən bir etiqadın deyil, “İslamın, Quranın, tövhidin və digər müştərək əqidələrin düşməni” nəzərdə tutulmalıdır. Düşmən İslam ümməti arasında təfriqə salmaq niyyətindədir, çünki bu birliyinin ona nə qədər zərər vurduğunu çox yaxşı bilir. Düşmən İranda İslam İnqilabının qələbə çalması ilə bu inqilabın əzəmət və parlaqlığının bütün İslam dünyasının və İslam ölkələrinin qəlbini özünə necə cəlb etdiyinin şahidi oldu. Ərəb, Afrika və Asiya ölkələrində yaşayan qeyri-şiələrin – əhli-sünnədən olan milyonlarla müsəlmanın İslam İnqilabına olan rəğbəti, eləcə də müsəlman qəlblərin İslam Respublikasına olan sevgisi düşmənə böyük zərbə vurdu. Ona görə də düşmən hansı yolla olursa-olsun, bu rəğbəti aradan aparmaq istəyir. Bəs hansı yolla?! İlk növbədə, şiə ilə sünnini bir-birinə düşmən etməklə.
Hal-hazırda hegemon siyasətin regionumuzdakı ən mühüm şaxəsi – digər düşmən hərəkatlarından əlavə – bəzi ərəb ölkələrinin başçılarını öz tərəflərinə çəkərək İranın qarşısında bir sədd kimi saxlamasıdır. Nüvə enerjisi və digər müxtəlif sahələrdə də bunu etmək fikrindədirlər. Bu məqsədlə toplantılar çağırır, müzakirələr edir, hiylələr qururlar. Amerika bir sıra İslam ölkələrindən tələb edir ki, İrana qarşı bu düşmənçilik siyasətinə nə qədər köməklik edəcəklərini bildirsinlər. Bütün səyləri yalnız və yalnız düşmənçilik yaratmaqdan ibarətdir. Siyasi müzakirələrdə düşmənin bacardığı yeganə iş dövlət başçılarını İslam Respublikasına qarşı qalxmağa vadar etməkdir. Bundan başqa düşmənin əlindən heç nə gəlməyəcək. Düşmən millətin qəlbini – ərəb, Fələstin, İraq və İslam ölkələrində yaşayan müsəlman xalqların qəlbini İslam Respublikasından qopara bilməyəcək. Hər nə etsə də, qəlblərə ki hökm edə bilməz! Bacardığı maksimum iş dövlətləri İslam Respublikasına qarşı qaldırmaqdır. Əlbəttə, həmin dövlətlərin də öz siyasətləri var və onlar özlərini sionizmin və digər hegemon qüdrətlərin ixtiyarına tamamilə vermək fikrində deyillər. Xüsusilə də bu məsələdə! Amma xalqın qəlbini ələ ala bilməyəcəklər. Əgər buna nail olmaq istəsələr, sizcə, hansı yol daha təsirlidir? Şübhəsiz, məzhəblərarası təfriqələr və təəssüblər! Belə təfriqələrdən qorxmaq lazımdır, çünki məhz bu, qəlbləri soyuda bilər. Buna görə də qorxmaq lazımdır. Hamı diqqətli və ehtiyatlı olmalıdır. Şiə dünyasında əhli-sünnədən olan qardaşların əleyhinə, sünni aləmində isə şiəlik əleyhinə iftira, təhqir və söyüş dolu kitabların yazılmasına yol vermək olmaz. Belə kitabların vasitəsilə nə bir sünni şiə olacaq, nə də bir şiə sünniliyi qəbul edəcək. Bütün İslam dünyasının Əhli-beytə (ə) və Əhli-beyt (ə) xanədanına məhəbbət bəsləməsini istəyən şəxslər bilməlidirlər ki, münaqişə yaratmaqla, təhqir və düşmənçiliklə heç kəsi şiə və Əhli-beyt (ə) aşiqi etmək olmaz. Münaqişə yaratmağın kin, təfriqə və düşmənçilikdən başqa heç bir nəticəsi olmayacaq. Bu nəticə isə bu gün Amerikanın və sionizmin istədiyi və var-gücüylə əldə etməyə çalışdığı ən əsas məqsəddir. İslam ölkəsi olmayan və tarix boyu İslam ölkələri ilə kökündən düşmən olan bir Avropa ölkəsinin televiziya kanalında şiə ilə sünninin mübahisəsi təşkil edilir. Şiələrdən birini və sünnilərdən də birini dəvət edirlər ki, gəlin, bizim kanalda mübahisə edin! Məqsədləri nədir?! Bir xristian ölkə, qara keçmişi olan istismarçı bir dövlət şiə ilə sünninin mübahisəsinə maraq göstərməklə nə məqsəd güdür?! Həqiqətin üzə çıxmasınımı istəyir?! Bu mübahisə ilə tamaşaçıların haqqı başa düşməsinimi istəyir?! Ya istəyir ki, bu danışıqlar zamanı işlədilən hər hansı bir ifadə təfriqə odunu daha da alovlandırsın? Bunlar bizi ayıltmalı, özümüzə gətirməli və biz çox ayıq-sayıq olmalıyıq. Əslində, şiənin çox güclü məntiqi var. Şiə alimlərinin şiə əqidəsinin müdafiəsində polad kimi möhkəm sübutları var. Lakin bu məntiqli dəlillərin şiə dünyasında bəzilərinin əks tərəfi söyməsinə, təhqir etməsinə, düşmənçilik yaratmasına qətiyyən dəxli yoxdur. Əks tərəfdə də məsələ eynilə bu cürdür. Bu gün bu tərəfdən o tərəfə, eləcə də o tərəfdən bu tərəfə qarşı söyüş, təhqir və iftira dolu kitabların yazılıb çap olunması üçün külli miqdarda pulların xərclənməsindən xəbərimiz var. Hər iki tərəfin kitabları üçün ayrılan pullar bir mərkəzdən və bir büdcədən xərclənir. Buna xüsusi diqqət yetirmək lazımdır.
Bu gün mən bu sözləri Əmirəl-mömininin (ə) vilayətinin bərəkətindən, o alicənab şəxsiyyətin böyük adından və əzəmətli ruhundan kömək alaraq ərz etdim. İstədim ki, uzun illər boyunca mərhum imam Xomeyninin (r.ə) fikirləri və bizim dediklərimiz təkidlə təkrar olunsun. Hamı bilməlidir ki, şiəliyi müdafiə etmək xəyalı ilə şiəliyə düşmən qazandırmaq olmaz. Bu, şiəliyin və vilayətin müdafiəsi deyil. Məsələnin daxilinə baxsaq, görərik ki, əksinə, bu, Amerikanı və sionizmi müdafiə etməkdir. Məntiqi dəlillər gətirməyin heç bir eybi yoxdur. Gərək bu mövzuda kitablar yazılsın, güclü sübutlar göstərilsin. Bizim şiə alimlərimiz bu barədə yazmışlar, indi də yazırlar və mütləq yazmalıdırlar. Biz üsuliddində, füruiddində və bir çox başqa məsələlərdə müstəqil şiə fikirlərinə, şiə düşüncələrinə sahibik. Bunlara dəlil gətirilsin, bunlar izah olunsun. Şiə təfəkkürünün tam əksinə olan məsələlər də məntiqi yolla rədd olunsun. Bunun heç bir eybi yoxdur. Lakin bu, təhqir, söyüş və düşmənçilikdən tam fərqlidir və buna diqqət yetirilməlidir.
İlahi! Muhəmməd (s) və Ali-Muhəmməd (s) xatirinə bizi qəflət yuxusundan ayılt! Əlimizi Əmirəl-mömininin (ə) ətəyindən kəsmə! Onun səbrini, səyini və ixlasını bütün İslam ümmətinə və bizlərə əta elə! İlahi, bizi Əmirəl-mömininin (ə) vilayəti ilə yaşat və onun vilayəti ilə də öldür! Vəliyyi-əsrin (ə.f) müqəddəs qəlbini bizdən razı et!
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!
17 dekabr, 2008-ci il