Ali Məqamlı Rəhbərin informasiya bloku

Həzrət Ayətullah Xameneinin Elm və Sənaye Universitetinin tələbə-müəllim kolektivi ilə görüşündə etdiyi çıxış

Mehriban və bağışlayan Allahın adı ilə!

Bu gün burada – bu mühüm və böyük universitetdə siz əzizlərlə keçirilən görüşdə  iştirak etmək imkanına nail olduğum üçün çox şadam və buna görə Tanrıya çoxlu şükürlər edirəm. Bu görüşdə həm əziz tələbələrimiz, həm möhtərəm müəllimlər, həm də bu universitetin məsul işçiləri iştirak edirlər. Allaha həmd olsun ki, Elm və Sənaye Universiteti həm elmi, həm də inqilabi nailiyyətləri olan ali təhsil ocaqları sırasındadır. Əlbəttə ki,  hər hansı bir ali təhsil ocağının ən mühüm vəzifəsi ölkə daxilində müxtəlif sahələrdə faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla yanaşı xaricdə də ölkəmizi layiqli təmsil edə biləcək yüksək səviyyəli kadrlar yetişdirməkdir. Bu baxımdan sizin universitetiniz  ali məktəblər içərisində ən mütərəqqi universitetlərdən biridir. Bu universitetin məzunları sırasında bütün bu illər ərzində ölkənin müxtəlif sahələrdə mühüm rol oynamış bir çox insanların adlarını çəkmək olar. Bir halda ki, bu yığıncaqda şəhidlərin xatirəsi yad edildi, mən də nümunə olaraq məhz adı qəlblərə əbədilik həkk olan yüksək məqamlı döyüşçü Hacı Əhməd Motəvəsseliyanın adını çəkmək istərdim. Mən bu görkəmli şəxsiyyəti yaxından tanıyırdım, onun yüksək mübarizə əhval-ruhiyyəsinin və fəaliyyətinin şahidi olmuşam. O, Müqəddəs Müdafiə Hərəkatının görkəmli nümayəndələrindən biri idi. Mən xüsusilə sizlərə – əziz gənclərimizə tövsiyə etmək istərdim ki, belə dahi şəxsiyyətlər çox barədə oxuyasınız, onların həyat və fəaliyyəti ilə yaxından tanış olaraq özünüz üçün dərs götürəsiniz. Xüsusən də bu əziz döyüşçünün həyata keçirdiyi əməliyyatlara diqqət etmək zəruridir. İstər Qərbdə, istər Fəthul-Mubində, istərsə də Beytül-Müqəddəsdə. Həmçinin adı daim bu dahi şəxsiyyətlə birgə çəkilən şəhid Mahmud Şahbazini də misal göstərmək olar. Qeyd etdiyim insanlar  Elm və Sənaye Universitetinin böyük iftixara layiq məzunlarıdır. Allaha şükürlər olsun ki, hətta bu gün belə İİR-nın məsuliyyətli, layiqli, fəal və şücaətli prezidenti də bu universitetin məzunlarından biridir və burada müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Elm və Sənaye Universiteti haqqında yuxarıda sadaladığımız məsələlər bütün bu  illər ərzində universitetin fəal və mütərəqqi fəaliyyətindən xəbər verir.

Bu gün bu toplantıda möhtərəm müəllimlərimiz də iştirak edir, lakin mən öz müraciətimi daha çox tələbələrə ünvanlamaq istərdim. Əlbəttə ki, mən öz çıxışımda ümumi problemlərin fonunda əziz müəllimlərimiz üçün aktual olan bəzi məsələlərə də toxunacağam. Mən öz çıxışıma ayrılmış vaxtı üç hissəyə bölmək istərdim: birinci hissədə tələbələr, tələbəlik və tələbələrin rolu barədə – zənnimcə, ölkəmizin mühüm problemlərindən biri məhz cəmiyyətdə tələbələrin roludur – qısaca danışmaq istəyirəm. Daha sonra İslam İnqilabının üçüncü onilliyinin sonunda bir daha istər tarixi, istərsə də mahiyyət baxımından bu inqilaba yenidən nəzər salmaq və burada  xülasə şəklində bir təhlil aparmaq istəyirəm. Üçüncü hissədə isə yenə də qısaca olaraq  “inkişaf və ədalət” mövzusu haqqında söhbət edəcəyəm. Qeyd etdiyimiz kimi, İslam İnqilabının bu dördüncü dekadası “ədalət və tərəqqi” onilliyi elan edilmişdir.

Nəzərinizə çatdırım ki, universitetlərdə tələbələrlə keçirilən görüşlər bizə çox xoş təsir bağışlayır, gözəl təəssürat yaradır, çünki bu görüşlərdə səmimi bir atmosfer olur. Həmçinin tələbələrin bu günümüzün və gələcəyimizin formalaşmasında əsaslı rolu var. Mənə elə gəlir ki, tələbələrimiz bunu heç vaxt yaddan çıxarmamalıdırlar ki, onlar həm bu gün, həm də sabah­ – ölkənin gələcəyində həlledici rola malikdirlər.

Bu böyük təhsil ocağında günü-gündən özünün ciddi səy və çalışması, eləcə də müəllimlərinin köməyi və istiqamətləndirməsi ilə öz potensialını daha da artıraraq mükəmməlləşən ünsür, əlbəttə ki, tələbədir. Sözsüz ki, bu baxımdan ali məktəb ölkənin tərəqqisində və güclənməsində mühüm bir baza sayılır, yəni ölkənin müxtəlif potensial bazalarından heç biri ali təhsil ocağı kimi mühüm rola və əhəmiyyətə malik deyil. Çünki məhz universitetlər hər hansı bir ölkənin ən mühüm potensialı olan insanı – intellekt potensialını yetişdirirlər. Həmişə və hər yerdə “ali təhsil ocağı” dedikdə ölkədə həyati əhəmiyyət daşıyan iki cərəyanın dalğalandığı bir məkan başa düşülür: bu cərəyanlardan biri elm və tədqiqat, digəri isə ictimai-siyasi ideologiyaların yaranması və formalaşdırılmasıdır. Universitetlər qədər bu iki cərəyanın daima bərabər  surətdə inkişaf etdiyi ikinci bir mühit tapmaq çox çətin və bəlkə də qeyri-mümkündür. Ali təhsil müəssisəsi elə bir mühitdir ki, burada həm də ictimai həyatın və ictimai rifahın əsası sayılan elm və tədqiqat cərəyanı mövcuddur. Hamıya məlumdur ki,  elmi tərəqqi iqtisadi, siyasi və beynəlxalq baxımdan güclənməyə səbəb olur. Həmçinin universitetlər  ilk baxışdan elmlə heç bir əlaqəsi olmayan  bir məsələdən – cəmiyyətdəki  ictimai-siyasi ideologiyalar məsələsindən heç də kənarda qalmır. Amma dünyanın hər yerində hər bir ali təhsil ocağından  gözlənilən də budur ki, bu ideologiyaların formalaşdırılması və onların əsas hədəflərinin həyata keçirilməsi sahəsində lazımi fəallıq göstərsinlər. Ali təhsil müəssisəsinə qoyulan bu tələb ələlxüsus tələbə faktoru ilə əlaqədardır və universitetlərin qarşısında bu tələbi qoyan tələbələrin gənc yaşda olması, onların bitib-tükənmək bilməyən güclü mənəvi potensialıdır. Əlbəttə ki, bəzi yerlərdə bu tələb təmin edilir, bəzi yerlərdə isə təmin edilmir.

Birinci  cərəyan – elm və araşdırma cərəyanı haqqında bunları demək olar ki, əvvəllər ölkəmizdə bu cərəyan az-çox mövcud olmuşdur. Ölkədə İslam İnqilabından əvvəlki ali təhsil hərəkatını bütünlükdə inkar etmək olmaz. Həmin dönəmdə ali təhsilə qarşı müəyyən iradlar olsa da, son nəticədə bu, bir hərəkat olaraq mövcud olmuşdur. Savadlı və qayğıkeş insanlar həmin dövrdə universitetlərdə özünəməxsus rol oynamışlar. Lakin inqilabdan sonra universitetlərdə elmi hərəkat daha da sürətlənmiş və yüksələn xətt üzrə inkişaf etməyə başlamışdır. Əlbəttə ki,  bu faktın baş verməsinin özünəməxsus səbəbləri vardır.

Son illərdə universitetlərdə özünəqayıdış, elmi tərəqqi, proqramlaşdırma cərəyanları və elmi tədqiqatlar sahəsində fəaliyyətin genişləndirilməsi kimi məsələlərin ortaya qoyulması bu sahədə böyük sıçrayışın baş verməsinə səbəb olmuşdur. Gördüyümüz kimi, universitetlərimizdə müxtəlif elm sahələrində: tibb elmi, müasir elmlər, nüvə problemləri nanotexnologiyaları və digər sahələrdə çox mühüm işlər görülmüşdür. Bizim bu nailiyyətləri qazana biləcəyimiz, tədqiqatçılarımızın, müəllimlərimizin, tələbələrimizin, gənclərimizin belə yüksək zirvələrə ucalacağı, belə bir sıçrayışla tərəqqisi yaxın keçmişdə ağlasığmaz görünə bilərdi. Bu günümüzdə isə biz artıq bütün bu sadaladığım nailiyyətləri əldə etmişik. Mühüm olan məqam budur ki, bu sıçrayışlı inkişaf davamlı olmalıdır. Biz elmi məsələlərdə  kökü keçmiş zamanlara gedib çıxan bir gerilik yaşayırıq. Bu baxımdan – daha sonra qeyd edəcəyim kimi – elmi tərəqqi sahəsində sürətli irəliləyiş məsələsi çox önəmli bir məsələdir. Biz elmi istiqamətimizdəki bu sürət və sıçrayışı gələcəkdə də qoruyub saxlamalıyıq. Cüzi belə olsun, ətalət və durğunluq bizim üçün yolverilməzdir, çünki biz müasir, mütərəqqi dünyadan elmi baxımdan əhəmiyyətli dərəcədə geri qalmışıq. Biz bunu bilirik, dərk edirik və bu, qəlbimizi ağrıdır. Çünki bizim millətimiz intellektual baxımdan geridə qalmış bir millət deyil ki, bu faktı sakitcə qəbul edərək onunla razılaşsın. Bizim millətimiz elə bir millətdir ki, onun intellektual səviyyəsi dünya xalqlarının orta statistik intellekt səviyyəsindən xeyli yüksəkdir. Bu, sübut olunmuş bir faktdır. Bu real faktı hamı deyir və birmənalı surətdə qəbul edir. Bu amilin təsirləri də müşahidə olunmaqdadır. Bizim elmi keçmişimiz və elmi tariximiz də bunu sübut edir. Bu millətin Yer kürəsinin belə həssas bir nöqtəsində yaşadığı halda elmi tərəqqi baxımından zor gücünə, məqsədli şəkildə geriyə salınması dözülməzdir. Allaha çoxlu şükürlər edirik ki, bu geriliyi görmək üçün bizim gözlərimizi açmışdır və artıq biz elmi baxımdan belə bir çatışmazlığa düçar olduğumuzu yaxşı anlayırıq. Allaha şükürlər olsun ki, bu geriliyi aradan qaldırmaq üçün toplumumuzda belə bir ruh yüksəkliyi, belə bir şövq və ümid yaranmışdır. Buna görə də bu sıçrayışlı inkişaf daim qorunub saxlanmalıdır.

Qeyd etdiyimiz kimi, hər bir ölkə dünya arenasında elmi cəhətdən nüfuz qazanmalı, həmçinin bu sferada liderlik əldə etmək məqsədi güdməlidir. Bunu dəfələrlə qeyd etmişik. Bu gün sizlər elm öyrənmək, elmi nailiyyətləri mənimsəmək üçün digər ölkələrin alimlərinə və onların yazdığı əsərlərə müraciət etmək məcburiyyəti qarşısında qalırsınız. Var-gücümüzlə çalışıb elə bir səviyyəyə çatmalıyıq ki, elmə maraq göstərən, elm öyrənmək həvəsində olan şəxslər sizə və sizin yazdığınız əsərlərə ehtiyac duysunlar. Sizin elminizdən bəhrələnmək üçün sizin dilinizi öyrənmək məcburiyyətində qalsınlar. Siz məhz bunu bir məqsəd olaraq qarşınıza qoymalısınız və bu, heç də utopik bir arzu deyil. Bu real həyatda gerçəkləşə biləcək bir amaldır. Necə ki, bu gün bizim əldə etdiyimiz elmi-texniki nailiyyətlər. Bu nailiyyətlər də bir zamanlar utopik arzular kimi görünürdü.

Əlbəttə ki, İslam İnqilabından öncə – insanlarda belə bir tərpəniş, canlanma və şövq, qarşısına çıxan maneələri dəf etmək üçün belə bir cəsarət hissi yaranmamışdan qabaq – ölkəmizin müxtəlif elm sahələrində bu səviyyəyə  çatacağını desəydilər, heç kəs buna inanmazdı. Bir vaxtlar adi bir xəstəliyə əlac etmək üçün insanlarımız  külli miqdarda maddi vəsait sərf edib xarici ölkələrə getmək, çoxlu minnət götürmək məcburiyyətində qalırdılarsa da, artıq bu gün ölkəmizin hətta uzaq şəhərlərində yerləşən üçüncü, dördüncü dərəcəli xəstəxanalarda həmin xəstəliklərin müalicəsi mümkündür. Bu, uzaq keçmişə aid olan bir fakt deyil, söhbət elə həmin dövrdən – İslam İnqilabı baş verməmişdən əvvəlki dönəmdən gedir. Bu gün müxtəlif elm sahələrində əldə etdiyimiz nailiyyətlər, sözsüz ki, bir vaxtlar bəzilərinə əlçatmaz görünürdü. Bununla belə bizim millətimiz, bizim gənclərimiz buna nail oldular. Elə nüvə probleminin özü, həmçinin elmin müxtəlif sferalarına aid olan problemlər də bu qəbildəndir. Bütün bunlara əsaslanaraq bir gün ölkəmizin və millətimizin dünya miqyasında öz elmi karvanını kifayət qədər irəli apara biləcəyini və bu baxımdan elmi sferada liderlik əldə edəcəyini iddia etmək mümkündür. Əlbəttə ki, bu iddianın gerçəkdən reallaşması üçün müəyyən hazırlıq mərhələlərindən keçməyə ehtiyac vardır və ölkəmiz üçün bu mərhələlər artıq başlamışdır. Bu ilkin hazırlıq mərhələlərindən biri millətimizin özünəqayıdışı və özünüdərkidir. Biz özümüzdə “Nail olmalıyıq”, “Bacararıq”  hisslərini formalaşdırmalıyıq. Həmin mərhələlərdən biri də millətimizin elm və təhsil yolunda çaşqınlığa düçar olmaması üçün vahid elmi strategiyanın hazırlanmasıdır. Xoşbəxtlikdən, ölkəmizdə bu sahə ilə bağlı lazımi tədbirlər artıq görülmüşdür. Müxtəlif  ali təhsil ocaqlarında, həmçinin bu universitetdə çalışan dostlar, görkəmli elm xadimləri və tədqiqatçılar  vahid elmi strayegiya işləyib hazırlamışlar. Bu sahədə görülən işlər artıq yekunlaşmaq üzrədir və bu, ölkəmizdə elmi tərəqqi yolunda atılmış böyük bir addımdır. Əlbəttə ki, vahid elmi strategiyanın hazırlanması işi başa çatandan sonra bu məsələ ilə əlaqədar qarşıda duran digər görüləsi işlər də vardır.  Bu işlərə vahid elmi strategiyanın həyata keçirilməsi üçün mütəxəssis strukturunun yaradılması və bu elmi strategiyanın yüzlərlə elmi layihələrə çevrilməsi, bu layihələrin etibarlı əllərə həvalə edilməsi kimi tədbirlər də daxildir. Həmin etibarlı əllər elə ölkəmizdəki ali təhsil ocaqları, orada çalışan müəllimlər və universitetlərin nəzdindəki tədqiqat mərkəzləridir. Daha sonra bu elmi tərəqqinin gedişatına nəzarət edəcək şəbəkənin yaradılması məsələsi qarşıda durur. Bir qədər əvvəl tələbələrimiz elmi tərəqqi sferasında onların öhdəsinə düşən vəzifənin nədən ibarət olduğu barədə sual verdilər. Vahid elmi strategiyanın gələcəkdə bütün müəllimləri, tələbələri, tədqiqatçıları öz ətrafına toplayıb səfərbər edə bilməsi də mühüm məqamlardan biridir. Bütün bunlar vahid elmi strategiyanın əsas layihəsində mütləq nəzərdə tutulmalıdır. Bu yolda hər bir tələbə ayrı-ayrılıqda özünəməxsus  rol oynaya bilər. Hər bir tədqiqat mərkəzi, hər bir təhsil müəssisəsi, hər bir müəllim özünəməxsus xidmət göstərə bilər. Əlbəttə ki, bu, illərlə vaxt tələb edən bir işdir. Bu iş illər ərzində gərgin, müntəzəm və inamlı surətdə davam etdirilməlidir ki,  İnşaallah, arzulanan nəticələr əldə olunsun. Şübhəsiz ki, gün gələcək, siz özünüz İran universitetlərinin və İran alimlərinin elmi cəhətdən liderlik əldə etməsinin heç də əlçatmaz bir arzu olmadığını görəcəksiniz. Həmin gün heç də uzaq deyil və sözsüz ki, siz gənclər o günün şahidi olacaqsınız. Mənim buna qətiyyən şübhəm yoxdur.

Birinci cərəyan haqqında bu qədər. Ali təhsil ocaqları və orada təhsil alan tələbələrdən, ilk növbədə, tələb olunan məhz budur. Əlbəttə ki, bu birinci cərəyanda müəllimlər olduqca mühüm və həlledici rol oynayırlar.

İkinci cərəyan ali təhsil ocaqlarında ideologiyaların formalaşdırılmasıdır ki, xalq arasında buna “tələbə hərəkatı” da deyilir və bu faktorun bizim ölkəmizdə çox maraqlı tarixi keçmişi var. Bu məsələni xüsusi qeyd etməyimin və təkidlə üzərində durmağımın səbəbi budur ki, zənnimcə, bu hərəkat davam etdirilməlidir. Tələbə hərəkatı elə bir faktor deyil ki, ona son qoymaq mümkün olsun. Ölkəmizin mövcud durumu və İslam Respublikası  quruluşunun səciyyəvi cəhətləri hökmən tələbə hərəkatının varlığını tələb edir. Tələbə hərəkatı ölkəmizin tarixində özünü təsdiq etmiş bir cərəyandır. Bu hərəkat daim şəxsiyyətə pərəstişə, zülmə, müstəmləkəçiliyə, istibdada qarşı çevrilmiş və ədalət carçısı olmuşdur. Ölkəmizdə tələbə hərəkatı baş qaldırdığı ilk gündən indiyə  qədər bu cür xarakterik xüsusiyyətlərə malik olmuşdur. Tələbə hərəkatına qalxdığını iddia edən, lakin ideologiyasında sadaladığım səciyyəvi cəhətlərə malik olmayan şəxslər yalançı və riyakardırlar. Tələbə hərəkatı heç bir zaman Fələstində soyqırım yaradan, İraqda cinayətlər törədən, Əfqanıstanda insanları qətlə yetirən şəxslərlə çiyin-çiyinə dayana bilməz. Tələbə hərəkatı belələri ilə heç vaxt həmfikir ola bilməz. Tələbə hərəkatı üçün bizim ölkəmizdə və yəqin ki, digər ölkələrin əksəriyyətində də xarakterik olan spesifik xüsusiyyətlər ən azından bunlardır: şəxsiyyətə pərəstiş, müstəmləkəçilik və diktaturaya qarşı çıxış etmək və ədalət tələb etmək. Bu hərəkatın başlanğıcı, yaxud onun uğurlu finalı 16 Azər hadisəsidir.

Diqqət edin! Maraqlıdır ki, 1332-ci il azər ayının 16-da baş vermiş və 3 tələbənin qanına qəltan edildiyi həmin hadisə 28 Mordad hadisəsindən təqribən 4 ay sonra baş verib. Yəni 28 mordadda baş vermiş çevrilişdən – bütün qüvvələr əzilərək zorla susdurulduqdan – sonra qəfildən Tehran Universitetində tələbələrin vasitəsilə bir ictimai partlayış baş verir. Nə üçün? Buna səbəb o dövrdə ABŞ prezidentinin müavini olan Niksonun İrana səfəri olur. Tələbələr 28 Mordad çevri­lişi­nin icraçıları olan ABŞ-a və Niksona qarşı universitet miqyasında etiraz aksiyası təşkil edirlər. Əlbəttə ki, tələbələrin bu nümayişi zor gücünə yatırılır və  onlardan üçü qətlə yetirilir. 16 Azər tarixi hər il məhz bu hadisə ilə səciyyələndirilməlidir. 16 Azər tarixi ABŞ-a, Niksona, imperializmə qarşı çıxış edən tələbənin simvoludur!

Həmin tarixdən sonra ölkəmizdə din, ruhaniyyət və İslam hərəkatının baş qaldırdığı 1342-ci ilə qədər tələbə hərəkatının təzahürləri az-çox müşahidə olunmuşdur. Xatırlayıram ki, 38, 39, 40-cı və s. illərdə tələbə hərəkatının üzə çıxmaq istəyən cüzi işartıları güclü təzyiqlərə məruz qalır, şiddətlə boğulurdu. 1341-ci ildə ölkədə dini hərəkatın başlanmasına və 1342-ci ildə həmin hərəkat özünün kulminasiya nöqtəsinə çatana qədər vəziyyət belə idi. Dini hərəkat başlandıqdan sonra da biz ölkədə tələbə hərəkatının nişanələrini görə bilirik. Ruhani hərəkatın başladığı 1342-ci ildən İslam İnqilabının qələbə çaldığı 1357-ci ilə qədər olan 15 illik zaman fasiləsində tələbə hərəkatının hər yerdə ruhanilərlə çiyin-çiyinə dayandığı, onlarla yanaşı olduğu müşahidə edilirdi. O illərdə ölkənin ali təhsil ocaqları və tələbə mühiti canlanma və fəaliyyət mərkəzləri idi. Bizim özümüz də – həm dini hərəkat və mübarizədə iştirak edən dostlar, həm də bütün bunları öz gözü ilə görmüş insanlar – bütün o illər ərzində İslami hərəkatın əsas qollarından birinin məhz tələbələr olduğunun şəxsən şahidi olmuşuq. Bu səbəbdən də ali təhsil ocaqları dini hərəkatın ayrılmaz bir hissəsi idilər. Əlbəttə ki, universitetlərdə dinə zidd olan ateist, marksist və başqa təmayüllü cərəyanlar da var idi, lakin müsəlman tələbələr arasında canlanma və fəaliyyət üstünlük təşkil edirdi. Buna görə də hər bir yerdə – təşkil edilən mübariz dəstələrdə, görülən bütün işlərdə tələbələr iştirak edirdi. Məsələn: biz öz təcrübəmizə əsaslanaraq deyə bilərik ki, müx­tə­lif illərdə müxtəlif həbsxanalarda tələbələr də var idi. Belə desək, həbsxanalarda olan insanların əksər hissəsini məhz ruhanilər və tələbələr təşkil edirdi. Bu reallıq səbəb oldu ki, biz – Məşhəd ruhaniləri, Məşhəd alimləri və Məşhəd əhalisindən ibarət böyük bir qrup 1357-ci ildə bəstdə oturmağı (oturaq tətil keçirməyi) qərara alanda məkan olaraq imam Rza (ə) adına Tibbi Ali Təhsil Mərkəzi, yəni bir ali təhsil ocağı  seçildi. Tehranda da ruhanilərin, alimlərin, inqilabçıların və mübariz insanların imam Xomeyninin (r.ə) şəhərə daxil olması tələbi ilə – belə ki, onun (r.ə) gəlişi təxirə salınaraq gecikdirilirdi – məhz Tehran Universitetində bəst təşkil olundu. Bütün bunlar İslam İnqilabının qələbə çalmasında ali təhsil ocaqlarının və tələbələrin rolunu göstərən əsaslı dəlillərdir.

İslam İnqilabının qələbəsindən sonra ümumilikdə ölkə üzrə tələbə hərəkatının, tələbələrin aktual olan ictimai-siyasi proseslərdə iştirakının diqqətəlayiq bir mənzərəsi müşahidə olunur. Belə ki, Müdafiə Qoşununun yaradılması məsələsinin ortaya çıxdığı elə ilk aylardan tələbələr bu işdə fəal iştirak etdilər. Bir neçə aydan sonra isə məhz tələbələrin özləri “Quruculuq Cihadı”na başlamağa təşəbbüs göstərdilər, bu işi təşkil etdilər və genişləndirdilər. Məhz buna görə də tələbələrin səyi nəticəsində inkişaf etdirilmiş “Quruculuq Cihadı” İslami dövlət quruluşunun müsbət nəticəsi və iftixarı hesab edilir. Bundan bir neçə ay sonra silahlı ünsürlərlə baş vermiş qarşıdurmada tələbə hərəkatının ikinci dalğası yarandı. O zaman bir qrup tələbə – qeyd edim ki, həmin şəxslərin əksəriyyəti heç tələbə deyildilər – Tehran Universitetində özlərinə sığınacaq seçmiş, həmin ali təhsil ocağı silah, hərbi sursat və qumbaralarla dolu hərbi hissəyə çevrilmişdi. Həmin qrup bütün bu vəsaitləri İslam İnqilabına qarşı mübarizə aparmaq üçün toplamışdılar və məhz tələbələr  həmin şəxsləri Tehran Universitetindən uzaqlaşdırmağa müvəffəq oldular. Həmin situasiyada da tələbələrin möhtəşəm ictimai hərəkatı öz mühüm rolunu oynadı.

1359-cu ildə ölkədə Müqəddəs Müdafiə Hərəkatı başladı. Həmin proseslərdə də tələbələrin cəbhə zonasında yaxından iştirakı müşahidə edilirdi. Bununla bağlı bir sıra faktları nümunə göstərmək olar. Bu faktların sırasında elə az öncə xatırlatdığımız Hacı Məhəmməd Motəvəsseliyanın və digərlərinin adını çəkmək olar. Bu şəxslər qalxıb ölkənin qərb məntəqəsinə – Kürdüstana yollanmışdılar. Müharibənin ilk aylarında, demək olar ki, müharibə başlandıqdan 5-6 ay sonra şəxsən mən özüm Kürdüstan məntəqəsində olmuş və oradakı vəziyyəti yaxından görmüşdüm. Kürdüstan diyarının qəriblik toz-torpağına batmış və xalis niyyətlə Allaha bağlanmış həmin insanlar düşmənin məntəqəni aramsız bombardman  etməsinə baxmayaraq orada təkbaşına, silahsız vəziyyətdə böyük işlər görmüşdülər. O böyük sərkərdə öz dostları ilə birlikdə “Fəthul-Mubin” əməliyyatından əvvəl “Muhəmməd Rəsulullah (s)” əməliyyatının yerinə yetirmişdi. Bu faktın özü tələbə hərəkatının xidmətlərinə  bir nümunədir. Digər bir misal çəkmək istərdim: mən “Həvizə” hadisəsində tələbələrin iştirakını qeyd etmək  istəyirəm. Mən təsadüf nəticəsində həmin tələbələri elə döyüş məntəqəsinə yola düşdükləri gün – dey ayının 14-də görmüşdüm. Onların arasında şəhid Ələmul-huda, şəhid Quddusi və başqaları vardı. Qeyd etdiyim faktlar 1360-61-ci illərə aiddir, lakin, əlbəttə ki, tələbələrin döyüşlərdə iştirakı müharibənin sonuna qədər davam etmişdir.  Doğrudan da, 8 il davam etmiş Müqəddəs Müdafiə Hərəkatı zamanı ali təhsil ocaqları cəbhədə bizi fəal canlı qüvvə ilə təmin edən sektorlardan biri olmuşdur. Həmçinin, 60-cı illərin əvvəllərində universitetlərin yenidən təşkil edilməsi işinə başlandıqda “Ali Təhsil Cihadı” təşkil edildi. Həmin prosesin həyata keçirilməsi faktı da ölkəmizin iftixarıdır. Bundan öncə 1358-ci ildə də tələbə hərəkatının əli ilə casus yuvası aşkar edilərək zərərsizləşdirilmişdir. 

Bir məsələni qeyd etmək istəyirəm. Tələbə hərəkatının hər bir üzvü tələbə olması səbəbi ilə bu hərəkata qoşulur. Mümkündür ki, casus yuvasının zərərsizləşdiril­məsində fəal iştirak etmiş şəxslərdən kimsə bir müddətdən sonra bu hərəkətindən peşman olsun. Bəli, cəmiyyətimizdə belə hallara rast gəlinir. Tələbə hərəkatında iştirak etmiş insanların bir çoxu həyatın başqa səhnələrində qarşılarına çıxan məişət çətinlikləri və digər səbəblərin təsiri ilə öz fikrini dəyişmiş, dəyanətini əldən vermişlər. Lakin bu əzəmətli hərəkat tələbəyə məxsusdur və onun mühüm nailiyyətlərindən biri məhz casus yuvasının zərərsizləşdirilməsidir.

Bu, tələbə hərəkatının günümüzə qədər davam edən tarixçəsidir! Müxtəlif dövrlərdə, İslam İnqilabının baş verdiyi illərdə və ondan sonrakı müddətdə, eləcə də müxtəlif olaylarda, həssas və xətərli məqamlarda mömin, ədalətpərvər, böyük ürəkli, güzəştə getməyi və sözü bir yerə qoymağı bacaran, daim birgə olan tələbələrin iştirakı ictimai-siyasi proseslərin düzgün istiqamətdə yönəlməsinə səbəb olmuşdur. Bu, mənim tələbə hərəkatına baxışım və onun təhlilindən çıxardığım nəticədir: müstəmləkəçiliyə, təxribata, burjuaziyaya, aristokratik və istibdadçı hakimiyyətə, yanlış ideologiyalara və siyasi təmayüllərə qarşı çıxmaq – bütün bunlar tələbə hərəkatının səciyyəvi xüsusiyyətləridir. İslam İnqilabının baş verdiyi həmin illərdə qeyd etdiyim bütün bu məqamlarda tələbələrin özünəməxsus fəal və effektiv rolu olmuşdur. Tələbələr bir çox hallarda deviz və şüarların, ideoloji atmosferin yaradıcısı olmuş, cəmiyyətdə inqilabi və siyasi şüarların hakim olmasında böyük rol oynamışlar. Bir çox hallarda məhz belə olmuşdur.

Əlbəttə ki, mən ümumilikdə tələbə faktoru barədə mühakimə yürüdürəm. Cəmiyyətdə tələbə toplumuna aid olan bəzi fərdlər və bəzi qruplar fərqli xüsusiyyətlərə malik ola bilərlər. Biz buna nə təccüblənir, nə də bunu inkar edirik. Şübhəsiz ki, bu, bir faktdır. Lakin tələbəlik faktorunun təbiəti və psixologiyası bir qədər öncə qeyd etdiyim kimidir. Tələbə zülmə, müstəmləkəçiliyə, xarici hegemonluğa qarşıdır, ali ideallara malikdir və bu ideallara qovuşmağın mümkün olduğuna da inanır. Əslində, hər hansı bir cəmiyyətdə cərəyan edən hadisələrdə gənc nəslin, xüsusilə də tələbələrin iştirakı həmin cəmiyyət üçün, belə desək, mühərrik rolunu ifa edir. Tələbələr buna daim diqqət yetirməli və bu fakta əsasən ölkənin gələcəyi ilə bağlı öhdələrinə düşən vəzifəni təyin etməlidirlər.

Mən tələbə təşkilatları barəsində də bir cümlə ilə öz fikrimi bildirmək istəyirəm. Əlbəttə ki, mən tələbələrin yaratdığı ictimai və siyasi təşkilatları nəzərdə tuturam. Elmi təşkilatlar ayrıca bir söhbətin mövzusudur. Şübhəsiz ki, tələbə təşkilatları həlledici rola malikdirlər. Lakin bir məsələyə diqqət yetirmək lazımdır ki, “tələbə təşkilatı” termini özünün mənasına görə bu gün bütün dünyada rəvac tapmış və məşhur olan “partiya” və “təşkilat” terminindən tamamilə fərqlidir. Bəli, tələbə təsisatları siyasi partiyalardan fərqlənir. Hal-hazırda bütün dünyada qəbul olunmuş və geniş anlamda yayılmış siyasi partiya və təşkilatlar məhz hakimiyyətə gəlmək üçün təsis edilmişlər. Dünyadakı siyasi partiyalar məhz belədirlər, yəni bu gün siyasi partiyalar, əslində, cəmiyyətdə siyasi hakimiyyəti ələ almaq üçün təsis edilmiş təşkilatlardır. Bu, artıq siyasi partiyaların xarakterik cəhətidir. Tələbə təsisatlarının yaradılmasının əsas məqsədi isə siyasi hakimiyyətə çatmaq deyil. Tələbə təsisatları ali məramlara, yüksək ideallara qovuşmaq məqsədilə yaradılır və bu, siyasi hakimiyyəti ələ almaqdan daha yüksəkdə duran zəruri bir məsələdir. Siyasi hakimiyyətə çatmaq tələbə üçün müzakirə mövzusu deyil. Şübhəsiz ki, siyasi partiyalar hakimiyyətə gəlmək məqsədilə həmin tələbə toplumlarından istifadə etmək niyyətindən heç də çəkinmirlər. Bizə belə gəlir ki, bu, heç də bəyəniləsi bir hal deyil və tələbələrin özləri bu məsələdə çox diqqətli olmalıdırlar. Siyasi partiyaların məqsədi hakimiyyəti ələ keçirməkdir. Tələbələr bir çox hallarda tələbə faktoru olaraq malik olduqları hər bir şeyi – öz ictimai fəaliyyətlərini, canlarını, bacarıqlarını, bütün potensiallarını ortaya qoyur, cəmiyyətə təqdim edirlər. Lazım gələrsə, hətta canlarını belə əsirgəmirlər. Biz hamılıqla bu dediklərimin şahidi olmuşuq.

Eyni zamanda tələbə təşkilatları tələbələrə birgə fəaliyyət göstərmək üçün lazımi şərait yaradırlar. Mən “birgə fəaliyyət” prinsipinin effektivliyinə çox inanıram və bunu siyasi, ictimai və digər müxtəlif istiqamətli təcrübələrin toplanması üçün tələbələrin ehtiyac duyduğu zəruri bir məsələ kimi qiymətləndirirəm. Əziz gənclərimiz, istər bacılar, istərsə də qardaşlar! Diqqətli olun! Tələbə mühiti müxtəlif yalan, hiyləgərlik və fırıldaqçılıq girdabları ilə əhatə olunub. Tələbəni dörd bir yandan müxtəlif təhlükələr gözləyir. Ən azından bizim ölkəmizdə vəziyyət bu cürdür. Hegemon qüvvələrin ölkəmizdə yürütdüyü məkrli planlarının əsas hədəflərindən biri, şübhəsiz ki, tələbələrdir. Bunun səbəbi də məlumdur. Bizim ölkəmizdə “gənclik” amili çox böyük əhəmiyyət kəsb edir. Həmçinin “tələbə” amili də həm elmi, həm də siyasi sferalarda çox mühüm və həlledici rola malikdir. Bu ölkəni, bu xalqı “şirin xülyalarında canlandıranlar”ın İranda tələbə faktoruna xüsusi diqqət yönəltməkdən, müxtəlif aspektlərdə – təbii instinktlərdən tutmuş siyasi hiylələrə, zahirən mənəvi dəyərlər kimi qələmə verilən fırıldaqçılıqlara, qondarma fəlsəfəbazlığa qədər əllərindən gələn hər bir işi görməkdən və bu istiqamətdə sərmayə qoymaqdan başqa çarələri yoxdur. Belə faktlara cəmiyyətimizdə rast gəlinir. Tələbələri bir araya gətirən təşkilatlar onları yalnız müxtəlif çirkab və bataqlıqlara düşməkdən xilas etməklə qoruya bilərlər. Tələbə təsisatları bu mühüm rolu ifa etməyə qadirdirlər. Tələbə təşkilatlarında müxtəlif adlarla fəaliyyət göstərən məsul şəxslərin hər biri bilməlidir ki, bu əsas hədəfə çatmaqda – tələbəyə yardım etməkdə onun da öz öhdəsinə düşən payı vardır.

Həmçinin tələbə təşkilatları diqqətli olmalıdırlar ki, öz əsas hədəflərindən yayınmasınlar. Tələbə təsisatlarının başlıca hədəfləri tələbə hərəkatının simvolu olan yüksək tağın üzərində həkk olunmuş prinsiplərdir: hegemonizmə qarşı mübarizə aparmaq, ölkənin tərəqqisinə yardım etmək, milli birlik uğrunda çalışmaq, elmin inkişafı üçün səy göstərmək, düşmənlərə və onların məkrli planlarına qalib gəlmək uğrunda İran xalqının apardığı ümummilli mübarizədə iştirak etmək.  Bunlar başlıca hədəflərdir və bunları əsla unutmaq olmaz. Əlbəttə ki, tələbə təşkilatları heç bir vəchlə  özlərini tələbə faktorundan, tələbə toplumundan ayırmamalıdırlar, yəni hər hansı bir tələbə təsisatının yaradılması tələbələr arasında heç bir ayrı-seçkiliyə və bölgüyə səbəb olmamalıdır. Təsisatlar tələbələrlə sıx əlaqə qurmalı və onlara yaxın olmalıdırlar. Söhbətimizin tələbələrin problemləri barədə olan hissəsi bir qədər uzandı və mən mövzunu elə buradaca yekunlaşdırmaq istəyirəm.                       

İslam İnqilabına dönə-dönə nəzər salmaq və bu barədə araşdırmalar aparmaq, zənnimcə, çox mühüm bir məsələdir. Bu gün həm bizim vaxtımızın məhdudluğu, həm də bir qədər soyuqladığım üçün səhhətimin nasazlığı bu inqilab barədə təfsilatı ilə geniş söhbət etməyə imkan verməyəcək. Mən artıq bir neçə gündür ki, xəstələnmişəm. Buna baxmayaraq sizinlə görüşümüzü təxirə salmaq istəmədiyim üçün elə bu vəziyyətdə gəldim. İntəhası, səhhətimdəki nasazlıq sizinlə sərbəst söhbət etməyimdə bir qədər məhdudiyyət yaradır.

Bizim inqilabımızın – İslam İnqilabının olaylarla dolu olan tarixçəsini öyrənmək üçün diqqət yetirməli olduğumuz önəmli bir məqam da vardır. Ölkəmiz məşrutə dövrünə (konstitusiyaya əsaslanan dövlət quruluşu) qədər uzun illər imperializmin zülmünə məruz qalmışdır. Məşrutə hərəkatı bu xalqın qurtuluşu və rahat nəfəs alması üçün şərait yaratmalı, ona azadlıq bəxş etməli idi. Lakin reallıq heç də gözlənildiyi kimi olmadı. Məşrutə bərpa olunduğu ilk  günlərdən yadellilər – o dövrdə dünyada hegemon imperialist qüvvə, yaxud hegemon imperialist qüvvələrdən biri olan İngiltərə dövləti tərəfindən ələ keçirildi.

Məşrutə rejiminin bərqərar olduğu ilk dövrlərdə – arabir bir neçə il fasilələrlə baş vermiş hərc-mərcliklərdən sonra həmin xarici imperialist dövlət, yəni İngiltərə dövləti Rza şahı – məşrutə dövründən əvvəl hakimiyyətdə olmuş Müzəffərəddin şah və Nəsrəddin şahdan da qəddar, rəhmsiz və çox təhlükəli olan bir diktatoru hakimiyyətə gətirdi. İngilislərin iş başına gətirdiyi Rza şah diktaturası millətimizə və ölkəmizə qarşı Müzəffərəddin şah və Nəsrəddin şah diktaturalarından daha amansız və qəddar oldu. Reallıqda biz zülm və istibdaddan yaxa qurtarıb azadlığa qovuşmaq əvəzinə başqa bir istibdada, bu dəfə həm də xarici asılılıqla birgə olan bir istibdada düçar olduq. Başqa sözlə, millətimiz azadlığın şirinliyini dada bilmədi. Buna görə də İranda İslam hərəkatı başlandıqda və imam Xomeyni (r.ə) bu hərəkatın əsas hədəflərinin məhz istibdadçı və imperialist hakimiyyətin kökünü kəsmək, xaricilərin bu ölkədə ağalığına son qoymaq olduğunu elan etdikdə mübarizə hərəkatının keçmiş iştirakçılarından və təşkilatçılarından çoxları bu işin müvəffəqiyyətlə başa çatacağına o qədər də inanmadılar. Onlar hətta öz təsəvürlərində belə canlandıra bilmirdilər ki, belə bir iş mümkün ola bilər: yəni ölkədə monarxiyaya insan əli ilə son qoyula bilər?! Yadımdadır ki, mübarizənin son illərində imam Xomeyni (r.ə) hakimiyyət barədə artıq əsas müzakirələri aparmış və bu məsələ ilə əlaqədar onun (r.ə) irəli sürdüyü fikirlər xalq arasında yayılmışdı. İmam Xomeyni (r.ə) elan etmişdi ki, şah xaindir və  hakimiyyətdən getməlidir. O dövrdə hətta sonradan İslam İnqilabı uğrunda çoxlu xidmətlər göstərmiş bəzi mübariz və  fəal şəxslər deyirdilər: “Belə bir iş mümkündürmü?  İmam Xomeyni (r.ə) monarxiya məsələsini müzakirə etməyə necə cürət edir?! Məgər mütləqiyyətə qarşı çıxmaq olarmı?!” Onlar buna heç cür inana bilmirdilər. Onların inamsızlığının səbəbi isə bu idi ki, ölkəmiz çox uzun bir müddət ərzində yadellilərin ağalığı, müstəmləkəçiliyi və onların mütləqiyyət rejimini himayə etməsinin zülmü içində boğulub çapalamışdı. Lakin bu gözlənilməz hadisə baş verdi.

Əzəmətli İslam hərəkatı, xalqın böyük əzmi, imam Xomeyni (r.ə) kimi fenomenal bir şəxsiyyətin (onun (r.ə) misilsiz bir şəxsiyyət olduğunu, həqiqətən də, tam obyektivliklə demək olar) rəhbərliyi öz işini gördü. Həmçinin “səbir” və “uzaqgörənlik”! Mən öz çıxışlarımda dəfələrlə Əmirəl-mömininin (ə) bu kəlamını qeyd etmişəm:

هذا العلم الّا اهل البصر و الصّبر لايحمل

“Biz bu elmin yükünü bəsirət və səbir əhlindən başqa heç kəsin öhdəsinə qoymarıq”.

Uzaqgörənlik, müdriklik və səbir! Yəni əzm və mətanətlə yorulmadan çalışıb-vuruşmaq! İran xalqı bu iki xüsusiyyətə malik olduğunu sübut etdi və İslam İnqilabı qələbə qazandı. Əslində, İran İslam Respublikasının yaradılması İran xalqının uzun illər boyu duyduğu tarixi ehtiyacının təmini idi. İran xalqı tarix boyu qəlbində bəslədiyi arzusunu – İslam Respublikasının əsaslı dövlət quruluşunu həyata keçirdi və onun bayrağı altında birləşdi. Bəli, aydındır ki, xalqın qəlbində keçmişdən bəri böyük arzu kimi kök salmış belə bir dövlət quruluşu möhkəm və uzunömürlü olacaq, inkişaf edəcək, onunla düşmənçilik etmək elə də asan olmayacaq. Nəhayət ki, bu hadisə baş verdi!

Şübhəsiz ki, başqa heç bir mübarizə hərəkatı ölkəmizdə mütləqiyyətə son qoya bilməzdi. Əziz gənclər! Bunu bilin və əmin olun!  Dini – İslami cərəyandan başqa heç bir cərəyan, heç bir siyasi partiya, mübarizə hərəkatına qalxmış heç bir təşkilat bu ölkədə Amerikanın qüdrətinə söykənmiş istibdad quruluşunu devirməyə qadir deyildi. Ona görə ki, ölkədə tarixən mübarizə hərəkatı aparmış istər sol, istər sağ təmayüllü cərəyanlar, istərsə də silahlı dəstələr o zaman heç bir fəaliyyət göstərmirdilər. 54-55-ci illərdə sadaladığım qrupların hamısı hakim rejim tərəfindən qılıncdan keçirilərək darmadağın edilmişdi. Həmin puç və absurd rejimi xalqın taleyindən yox edə biləcək yeganə qüvvə xalqın vahid iradəsinin möhtəşəm dalğası, ölkədə gedən ictimai-siyasi proseslərdə insanların hamılıqla və yekdilliklə iştirakı idi. Bu isə yalnız xalqın dini etiqadı, mübariz ruhani xadimlərin rəhbərliyi altında birləşmə və imam Xomeyni (r.ə) kimi əzəmətli bir liderin başçılığı sayəsində mümkün oldu. Bu təhlükəli rejim devrildikdən sonra belə İslam Respublikasının dövlət quruluşundan başqa hər hansı digər bir siyasi quruluş (istər sağ, istərsə də sol təmayüllü olsun) hakimiyyət başına gəlsəydi, düşmənin növbənöv təzyiqləri qarşısında əsla müqavimət göstərə bilməzdi.    

Biz özümüz şahidi olmuşuq ki, hakimiyyətə gəlmiş istər sol, istər sağ, istərsə də orta təmayüllü inqilablar yalnız bir neçə il ömür sürmüşlər və ABŞ-ın hərbi-siyasi müdaxiləsi, iqtisadi blokadası onları məhvə düçar etmişdir. Bir vaxtlar solçu təmayüllü sosialist dövlətlərinin ən başlıca mərkəzi olan Şərqi Avropaya indi diqqət yetirin! Bu gün Şərqi Avropanın həmin sabiq sosialist ölkələrində ABŞ-ın hərbi raket bazaları yerləşdirilmişdir. Odur ki, İslam Respublikasından başqa heç bir dövlət quruluşu ABŞ-ın güclü nüfuzu və təzyiqləri qarşısında tab gətirə bilməzdi.

Daha bir məqamı da qeyd etmək istəyirəm. İmperializm və onun başında duran ABŞ və dünya sionist şəbəkəsinin İslam Respublikasına qarşı qatı düşmənçiliyinin və barışmaz mövqeyinin əsil səbəbi heç də onların kənar-bucaqda dediyi sözlər, irəli sürdükləri şüarlarda əks olunan fikirlər və bir çoxlarının ağlına gələn məsələlər deyil. İslam Respublikasının onlar üçün problem yaradan ən önəmli məsələsi bu quruluşun mahiyyətində “rəddetmə” və “təsdiqetmə” cəhətlərinin olmasıdır.

İslam Respublikasının mahiyyətindəki “rəddetmə” cəhəti istismar, müstəmləkə boyunduruğu, xalqın dünyadakı imperialist qüvvələr tərəfindən alçaldılması, siyasi asılılıq, hegemon qüvvələrin ölkədəki ağalığı və müdaxiləsi, eləcə də mənəvi-əxlaqi özbaşınalığa qarşı müqavimət göstərməyi səciyyələndirir. İslam Respublikası bütün bu sadalanan amilləri qətiyyətlə rədd edir.                                                         

İslam Respublikası quruluşu bir sıra dəyərləri – milli simanı, iranlı olmağın mahiyyətini, İslami dəyərləri, bütün dünyada məzlum insanların müdafiəsini, elmin zirvələrini fəth etmək uğrunda səyi isə təsdiq edir. Söhbət təkcə elmin arxasınca gedib zirvələri fəth etməkdən getmir. Bu sadaladıqlarım İslam Respublikasının xüsusilə üzərində dayandığı və diqqət yetirdiyi məsələlərdən yalnız bir qismidir.

Həmin “rəddetmə” və “təsdiqetmə” cəhətləri ABŞ-ın və dünya sionist şəbəkəsinin İİR ilə apardığı ədavətin səbəbləridir. Əgər biz ABŞ-ın ağalığını və nüfuzunu qəbul etsək, bu düşmənçilik alovu bir qədər səngiyər. Əgər biz millətimizin yadellilər tərəfindən müxtəlif metodlarla təhqir olunmasına razılıq versək, milli mentalitemizi, yaxud İslami dəyərlərimizi müdafiə etməkdən əl çəksək, əlbəttə ki, bu kin-küdurat nisbətən azalar. Şübhəsiz, bəzən ABŞ kimi müstəmləkəçi dövlətlərin rəsmilərinin İİR-na öz davranış metodunu dəyişmək barədə etdikləri tövsiyələri eşitmisiniz. Onlar İİR haqqında söz düşəndə belə deyirlər: “Biz İİR-nın aradan getməli olduğunu demirik. Biz deyirik ki, İİR nümayiş etdirdiyi davranış metodunu dəyişməlidir”. “Davranış metodunu dəyişməlidir”, yəni onların dediklərinin mahiyyəti bundan ibarətdir ki, İİR bir qədər əvvəl qeyd etdiyim həmin “rəddetmə” və “təsdiqetmə” prinsiplərindən əl çəkməlidir. Onların istədikləri də məhz budur!

Özünün “rəddetmə” və “təsdiqetmə” prinsiplərinə sadiq qalan İİR cəbhədə hər cür şəraitlə təchiz olunmuş böyük bir qüvvə ilə üz-üzə gələrək ona müqavimət göstərməyə müvəffəq oldu. Belə ki, 8 il sürən Müqəddəs Müdafiə Hərəkatı dövründə Şərq, Qərb, Avropa, NATO və bəzi ərəb ölkələri İslam Respublikasının əleyhinə əlbir oldular. Lakin bütün bunlara baxmayaraq İslam Respublikası onların hamısını geri oturtmağa nail oldu, özü isə bircə addım belə olsun, geri çəkilmədi. Müharibədən sonrakı illərdən ta bu günümüzə qədər siyasi arenada bu reallıq davam etməkdədir. Başqa sözlə desək, İslam Respublikası üz-üzə qaldığı böyük bir cəbhənin  qarşısında nəinki müqavimət göstərməyə və geri çəkilməməyə, hətta irəliləməyə və düşmənə zərbələr endirməyə belə müvəffəq oldu. Bu, bir faktdır!

Bu gün Amerikanın Orta Şərqdə düşdüyü vəziyyətə bir baxın! 15 il bundan əvvəl Orta Şərqdə tutduğu mövqeyə də diqqət yetirin! ABŞ günü-gündən daha da mənfur və zəlil duruma düşmüş, planları boşa çıxmışdır. Fələstin məsələsində bir cür, Livan məsələsində bir cür, Əfqanıstan və İraq olaylarında isə başqa cür! ABŞ özünün Orta Şərqlə bağlı qurduğu planlarında – bu planların əsas hədəfi İİR olmuşdur – həmin ölkələrin özlərindən də artıq müvəffəqiyyətsizliyə uğrayıb, daha ağır zərbə almışdır. İran İslam Respublikası isə müqavimət göstərib və duruş gətirə bilib. Əlbəttə ki, ölkəmizə qarşı düşmənlərin  əlbir surətdə hazırladıqları, İslam İnqilabının ilk onilliyində bir cür, ikinci və üçüncü onilliklərində isə başqa cür məkrli planlar çox olub. Vaxtımız az olduğu üçün mən bu barədə təfsilatı ilə danışa bilməyəcəyəm. Lakin həm əziz tələbələrin və ali məktəb müəllimlərinin, həm də bu xalqın hər bir nümayəndəsinin, xüsusilə də ziyalıların və görkəmli insanların diqqətlə yanaşmalı olduğu önəmli bir məqam da var. Hamımız bilməliyik ki, İslam Respublikasının dövlət quruluşu bu “qüdrət” və “daxili potensial”a malikdir. Necə ki, bu günə qədər 30 il müddətində İİR-nın müqavimətini sındırıb onu sarsıltmağa nail olmayıblar.  Düşmənlərin hamısı İslam Respublikasını yer üzündən silmək üçün əllərindən gələni ediblər. İslam Respublikası isə nəinki məhv olmamış, müxtəlif sferalarda günü-gündən daha da inkişaf edərək güclənmişdir.

Bu “baqi qalmaq bacarığı”, “məhv olmamaq qüdrəti” və “davamlılıq potensialı” daim qorunub saxlanmalıdır. Bu heç də belə deyil ki, biz istədiyimiz kimi davranacaq, öhdəmizə düşən həssas və mühüm vəzifələrə etinasızlıqla yanaşacağıq və respublikamız da özündə həmin “müqavimət potensialı”nı qoruyub saxlamaqda davam edəcək. Əsla yox! “İslam Respublikasının dövlət quruluşu”nu sözün əsil mənasında qoruyub saxlamaq vacibdir ki, bu millət özünün, ölkəsinin maraq və mənafeyindən yararlana bilsin, eləcə də tərəqqinin, öz amal və ideallarının ən yüksək zirvəsinə çata bilsin. 

Mühüm bir məsələni də qeyd etməyim yerinə düşər. İslam Respublikasının rəsmi və hüquqi strukturu vardır. Bu, ölkə konstitusiyası, İslam Şurası Məclisi, İslam hökuməti, seçkilər, eləcə də respublikanın qanunvericiliyində və idarəçiliyində müşahidə etdiyiniz digər normalardır. Bütün bunların qorunub saxlanılması, əlbəttə ki, vacibdir, lakin kifayət deyil.                                                             

Hər hansı bir hüquqi strukturun mahiyyətində həmişə həqiqi bir struktur, real bir məzmun və tutum olur. Bax, həmin həqiqi məzmun və mahiyyətin qorunub saxlanılması zəruridir. Hüquqi struktur bioloji bədəndir, cisimdir. Həmin həqiqi kimlik və mahiyyət isə ruhdur, bədənin mənası və məzmunudur. Məna və məzmun dəyişikliyə uğrasa, zahiri hüquqi struktur eynilə qalsa belə, nə bir fayda verəcək, nə də uzunömürlü olacaq. İçəridən çürümüş, zahirdən isə saf görünən diş kimi möhkəm bir cismə rast gələndə o saat ovulub töküləcək. Həmin hüquqi, real və daxili struktur çox mühümdür, bədən üçün ruhun zəruri olduğu qədər vacibdir. Bəs bu daxili struktur nədən ibarətdir? “Daxili struktur” dedikdə İslam Respublikasının irəli sürdüyü yüksək amallar nəzərdə tutulur: ədalət, insana münasibətdə alicənablılıq və xeyirxahlıq, milli-mənəvi, əxlaqi-dini dəyərləri qorumaq, qardaşlıq və bərabərlik uğrunda səy göstərmək, düşmənlərin təzyiqlərinə qarşı mətinliklə müqavimət göstərmək. Bütün bunlar İslam Respublikasının dövlət quruluşunun məzmun və mahiyyət etibarilə həqiqi strukturunun tərkib hissələridir. Əgər biz İslam əxlaqından uzaqlaşsaq, “ədalət” şüarını lazımsız bir şey kimi bir kənara qoyub unutsaq, vəzifəli şəxslərin yaşayış rifahının xalqla eyni səviyyədə olması məsələsinə diqqət yetirməsək, ölkəmizdə vəzifəli adamlar bir çox başqa ölkələrdə olduğu kimi tutduqları vəzifəyə var-dövlət, qüdrət və səlahiyyət əldə etmək vasitəsi kimi baxsalar, onların təfəkküründən və əməllərindən xalqa xidmət, fədakarlıq, sadə xalq kütləsi ilə eyni rifah səviyyəsində yaşamaq, özünü onlardan ayırmamaq kimi önəmli məfhumlar silinsə, təcavüzkar düşmənlərə müqavimət göstərməyin vacibliyi yaddan çıxarılsa, ölkə rəsmiləri beynəlxalq siyasi münasibətlərdə çəkingənlik və şəxsiyyət zəifliyinin təsiri altına düşsələr, İslam Respublikasının həqiqi məğzi və mahiyyətinin əsil tərkib hissələri əldən verilib zəifləsə, bu halda İslam Respublikasının zahiri strukturu bir o qədər də köməyə gələ bilməyəcək, əhəmiyyətli dərəcədə təsir göstərməyəcək və nəticə etibarilə yalnız “İslam Şurası Məclisi”, “İslam Respublikası dövləti” və s. kimi birləşmələrdə “İslam” kəlməsinin işlənməsi öz-özlüyündə heç bir işə yaramayacaq. Məsələnin əsas mahiyyəti budur ki, biz həmin ruhun, həmin mahiyyətin itirilməməsi, yaddan çıxmaması üçün gözdə-qulaqda olmalıyıq. Zahiri struktur və quruluşun qorunub-saxlanılması bizi əsla arxayın etməməlidir. Biz  ruha, xislətə və məzmuna diqqət yetirməliyik. Problemin əsil mahiyyəti, bax elə bundan ibarətdir.

Mən sizin diqqətinizə bircə məsələni də çatdırmaq istəyirəm ki, məzmunun, həqiqi mahiyyətin dəyişilməsi çox yavaş gedən tədrici bir prosesdir. Əksər hallarda çoxları bu məsələyə diqqət yetirmir və yaxud bu məsələ çoxlarının diqqətini cəlb etmir. Halbuki, son dərəcə diqqətli olmaq lazımdır ki, hər kəs nə baş verdiyini artıq iş işdən keçəndən sonra anlamasın. Cəmiyyətin ziyalı, gözüaçıq təbəqəsi – ali təhsil müəssisələrində çalışan müəllimlər və tələbələr bu incə məsələdə üzərlərinə düşən məsuliyyəti daim hiss etməlidirlər.

İslam Respublikası özünün zahiri və daxili strukturuna görə “İslami dövlət” strukturunun tələblərinə cavab verməlidir. İslam Respublikası yalnız özünün zahiri dövlət strukturuna görə müəyyən edilmir. Təkcə ölkə konstitusiyasında Respublika Prezidenti, Rəhbər, Məhkəmə Hakimiyyətinin başçısı, Nəzarət Şurası üçün bir sıra şərtlərin müəyyən edilməsi mühüm bir məsələ olsa da, bütün bunlar kifayət deyil. Diqqət etmək lazımdır ki, xalqımız özünün əsas ideologiyasından, yüksək amallarından sapınmasın, məqsədəuyğun mövqe seçməkdə çaşqınlığa uğramasın. Bax, bunlar bizim müharibədən və imam Xomeyninin (r.ə) vəfatından sonrakı uzun illər ərzində ən çox diqqət yetirərək üzərində durduğumuz mühüm məsələlərdəndir. Bunlar ötən iki onillikdə qarşımıza çıxan əsas problemlərin bir hissəsidir. Belə ki, İslam Respublikasını onun ruhundan və mahiyyətindən məhrum etmək istiqamətində fəaliyyət göstərənlər çox olub. Buna nail olmaq üçün çoxları müxtəlif üsullarla – istər siyasi arenada, istər əxlaqi baxımdan, istərsə də müxtəlif ictimai sahələrdə var qüvvələri ilə çalışıb-vuruşmuş, müxtəlif fikirlər irəli sürmüş və cürbəcür sözlər danışmışlar. Konkret bir dövr ərzində mətbuatımızda dinin siyasətdən ayrılması məsələsinin açıq-aşkar formada irəli sürüldüyünün də şahidi olmuşuq. O zaman İslam Respublikasının və ümumxalq hərəkatının əsasını təşkil edən “din və siyasətin ayrılmazlığı” məsələsinin əhəmiyyətini sual altına saldılar. Az öncə qeyd etdiklərimə bundan da artıq dəlil gətirməyə ehtiyac varmı? Konkret dövr ərzində dövri mətbuatımızda açıq-aşkar formada zalım Pəhləvi diktatura rejimini müdafiə xarakterli çıxışlar edildi. Bu kimi hallarla üzləşməmək və belə sapınmaların qarşısını almaq üçün cəmiyyətdə siyasət, analitik təfəkkür və əqidə baxımından maarifləndirmə işinin yüksəldilməsinə çox ehtiyac var. Respublikamızın İslami mahiyyətinin meyarları konkret şəkildə müəyyən edilməlidir: ədalət tələb etmək, vəzifəli şəxslərin sadə yaşayış tərzi, saf niyyətlə fəaliyyət göstərmək, elmin mənimsənilməsi uğrunda durmadan çalışmaq, yadellilərin işğalçılığı, tamahkarlığı qarşısında qətiyyətlə müqavimət göstərmək və xalqın hüquqlarının qorunması. Bəli, xalqın hüququnun cəsarətlə qorunmasının özü də bir göstərici, bir meyardır. Məsələn, nüvə texnologiyasına malik olmaq haqqı! Nüvə texnologiyası ölkəmizin ehtiyac duyduğu onlarla məsələdən yalnız biridir. Bu, bizim yeganə problemimiz deyil. Lakin düşmən bu məsələyə münasibətdə öz səylərini cəmləşdirdiyi zaman xalq da öz iradəsini nümayiş etdirdi. Belə bir məqamda xalqımız, ölkə rəsmiləri geri çəkilərək bu real və qəti hüququmuzdan vaz keçsəydilər, şübhəsiz ki, düşmənin milli hüquqlarımıza təcavüz etməsi üçün daha geniş meydan açılacaqdı.

Daha bir mühüm meyar aristokratizm və zahirən dəbdəbəli həyat tərzinə yönələn meyillərdən çəkinməkdir. Bizim inqilabımızın irəli sürdüyü şüarlar arasında bu məsələ də yer almışdı. Lakin bəziləri bunu tədricən arxa plana keçirmək üçün çalışırlar. Halbuki, bu problem bizim iqtisadiyyatımıza da, psixologiyamıza da öz təsirini qoyur. İslam İnqilabında aristokratiyaya aid edilmək, yaxud dəbdəbəli həyat tərzi keçirən təbəqəyə meyillilik dəyərlərə zidd olan bir iş, heysiyyətsizlik hesab olunurdu. Başqa sözlə desək, müxtəlif sferalarda çalışan şəxslər aristokratiya təbəqəsinə aid edilməkdən, yaxud özlərində aristokratizmə meyillilik nümayiş etdirən hər hansı bir cəhətin olmasından hədsiz dərəcədə çəkinirdilər. Bu əxlaqi tendensiyaya riayət etmək, ilk növbədə, ölkədəki vəzifəli şəxslərin öhdəsinə düşür və bundan sonra da belə olmalıdır. Düzdür ki, get-gedə həmin tendensiya bir qədər zəifləmişdir. Lakin, xoşbəxtlikdən, bu günümüzdə də, Allaha çox şükürlər olsun ki, aristokratizmə meyillilik, dəbdəbəli həyat tərzi keçirmək dəyərlərə zidd, şərəfsiz və ləyaqətsiz bir iş hesab olunur, yəni hökumət nümayəndələri, vəzifəli şəxslər sadə həyat tərzi sürürlər və xalqa daha yaxındırlar. Bunun özü böyük bir nemət, müsbət bir faktdır və İslami dövlət quruluşunun mahiyyət baxımından önəmli meyarlarından biridir.

Həmin meyarlardan başqa biri isə cihad hərəkatına və şəhidliyə dəyər verilməsidir. Müqəddəs müqavimət hərəkatına qoşulmağın və şəhidliyin ali zirvəsinə yüksəlməyin dəyəri bəzi neqativ ünsürlər tərəfindən qəsdən şübhə altına salınan məsələlərdən idi. Onlar cihad hərəkatının və şəhid olmağın əhəmiyyətini çək-çevir etdilər. Cihad və şəhidlik İslam Respublikasının meyarlarıdır və bu amillər ön plana çəkilməlidirlər. Şəhidlərə, cihad hərəkatına və bu hərəkatda iştirak edən mücahidlərə ehtiram bəsləmək İslam Respublikasının ən öndə duran prinsipləri olmalıdır.

Həmçinin xalqa və ölkədə gedən proseslərdə xalqın iştirakına həqiqi inam bəsləmək! Bəzi insanlar tez-tez “xalq, xalq” deyir, lakin, əslində, xalqın gücünə, iradəsinə inanmır, xalqın iştirakına həqiqi etimad bəsləmirlər. İslam Respublikasının bünövrəsi məhz xalqa inam və xalqın ictimai-siyasi proseslərdə iştirakına etimad kimi mühüm amillərin üzərində qurulmuşdur.

Düşmən nə qədər heybətli və qorxunc olursa-olsun, onun qarşısında şücaət nümayiş etdirmək yuxarıda qeyd etdiyim meyarlardandır. Ölkənin məsul şəxsləri düşmən qarşısında qorxu və acizlik göstərsələr, xalqın başına böyük bəlalar gələ bilər. Düşmənin əli ilə zəlil olmuş və alçaldılmış millətlərin bu cür həqir və yazıq vəziyyətə düşməsinin ən başlıca səbəbi həmin millətin qəflətdə olan məsul şəxslərinin, öndərlərinin lazımi cəsarətə və özünəinam hissinə malik olmamasıdır. Çox vaxt xalqın sıravi üzvləri içərisində mömin, fəal, canından belə keçməyə hazır olan fədakar insanlar olur. Lakin məsul şəxslərin və hökumət başçılarının özləri buna hazır olmadıqlarına görə cəsarətli insanların qüvvəsi də neytrallaşır və həmin qabiliyyət  məhv olur. Şah Sultan Hüseynin hakimiyyəti dövründə İsfahan şəhərinin qarət olunduğu, insanların kütləvi surətdə qətlə yetirildiyi və əzəmətli Səfəvi dövlətinin süquta uğradığı zaman bir çox qeyrətli insanlar mübarizə etməyə, müqavimət göstərməyə hazır idilər. Lakin Şah Sultan Hüseyn zəiflik göstərdi. Əgər İslam Respublikası “Şah Sultan Hüseyn”lərin, cəsarətsiz, özündə cürət və qüdrət hiss etməyən, öz xalqının gücünə və bacarığına arxalanmayan qorxaq başçıların ümidinə qalsaydı, onda bu İslam Respublikasından heç bir əsər-əlamət qalmazdı.

Müsəlman xalqları ilə yaxın və səmimi münasibət qurmağın əhəmiyyətini də diqqətinizə çatdırmaq istəyirəm. Müsəlman xalqları İslam Respublikasının strategiyasının əsasıdır. Sizcə, nə üçün ABŞ və İngiltərənin üzdəniraq təbliğat aparatı İran xalqı ilə digər müsəlman xalqları arasında təfriqə salmaq üçün dəridən-qabıqdan çıxır? Nəyə görə gah etnik fərq məsələsi, gah da sünni-şiə problemi ortaya atılır? Səbəb budur ki, onlar müsəlman xalqlarının İslam Respublikasının siyasi kursunun və strategiyasının əsasında durduğunu yaxşı bilirlər. Belə ki, hər bir xalqın dayaq nöqtəsi onun strategiyasının əsasını təşkil edən amildir. Əlbəttə ki, onlar İran xalqının və İslam Respublikasının müxtəlif ölkələrin misilsiz tərəfdaşlıq və himayəsindən yararlanması ilə barışmaq istəmirlər. Dünyanın heç bir yerində və heç bir ölkədə siyasi xadimlərin deyil, məhz xalq kütləsinin başqa ölkələrin dövlət başçılarına dərin hörmət bəslədiyini və həmin rəhbərlərin şəkillərini başı üzərinə qaldırdığını, adlarını həyəcanla dilə gətirdiyini görə bilməzsiniz. Bircə hal istisnadır. Müsəlman ölkələrindən hansı birinə üz tutsanız, İslam Respublikasının kiçicik bir nişanəsinin olduğu hər bir yerdə insanlar həmin nişanəni də, İslam Respublikasının özünü də elə həmin coşqun duyğularla və müsbət emosiyalarla qarşılayırlar. Bax, elə bunu  düşmənin görməyə gözü yoxdur.  Düşmən bu cür sıx əlaqələrin qurulmasının əleyhinədir. İslam Respublikası bu məsələni də özünün mühüm vəzifələrindən biri hesab etməlidir. Bu, yuxarıda sadaladığım meyarlardan biridir.

Baxın, dardüşüncəli insanlar (məsələyə optimistcəsinə yanaşdıqda onları “dardüşüncəli”, pessimistcəsinə yanaşdıqda isə “xain və bədxah” adlandırmaq olar) mətbuatda dəfələrlə çıxış edərək İslam Respublikasının Livan, İraq, Əfqanıstan, Fələstin xalqları ilə əlaqələrini açıq-aşkar tənqid ediblər və hələ də bu tənqidi münasibətlərini davam etdirməkdədirlər. Sizlər özünüz də bunun şahidi olmusunuz. Təəssüflər olsun ki, belə fikirlər dəfələrlə mətbuatımızda da öz əksini tapmış və bəzi siyasi tribunalarımızdan da səslənmişdir. Bu, İslam Respublikasının əsas göstəricilərinə zidd olan bir mövqedir. Bəli! İslam Respublikası müsəlman xalqların mənafeyini öz şəxsi mənafeyi hesab edir, onlarla sıx əlaqələr yaradır və lazım gə­lərsə, hətta onları himayə də edir! İslam Res­publi­­kası  məzlumu müdafiə edir! Fələstin xalqını müdafiə edir! Bütün bunlar İslam Respublikasının mahiyyətinin əsas göstəriciləridir və bariz formada müşahidə olunmalıdırlar. Tələbələr və ali təhsil müəssisəsi kontingentinə aid olan insanlar, xüsusilə də tələbələrimiz bu meydanda – İslam Respublikasının meyarlarının, mahiyyət etibarilə bu respublikanın həqiqi İslami dövlət quruluşunun səciyyəvi cəhətlərinin ön plana çəkilməsi işində həlledici rol oynaya bilərlər. Bunlar İslam Respublikasının zahiri xüsusiyyətlərindən – rəsmi vəzifə və rütbələrdən, hüquqi statuslardan tamamilə fərqlidir. Siz bu işdə öz payınıza düşən təşəbbüsü və xidməti göstərə bilərsiniz. Əlbəttə, qeyd etmək vacibdir ki, xoşbəxtlikdən, xalqımız ayıq-sayıq və uzaqgörən bir xalqdır.

İndi isə mən sizinlə bugünkü görüşümüzdə toxunmaq niyyətində olduğum digər bir mühüm məsələ barədə qısaca, bir neçə cümlə ilə öz fikrimi bildirmək istəyirəm. Artıq vaxtımız da tükənməkdədir. Bu gün səhhətimin və səsimin vəziyyətini nəzərə alaraq sizi bundan artıq yormaq istəməzdim. Mən “tərəqqi” və “ədalət” prinsipləri haqqında (belə ki, İslam İnqilabının dördüncü dekadası “tərəqqi və ədalət” dekadası elan edilib) xülasə formada danışmaq istəyirəm. İnşaallah, gələcəkdə tələbələrlə görüşlərimizdən birində bu barədə ətraflı söhbət edərik.

Əziz gənclərimiz, keçən üç onillik ərzində baş verən bütün hadisələrə ­‒ müxtəlif məkrli planlara, təxribatlara, İslam İnqilabının birinci onilliyinin  ilk illərində baş vermiş çevriliş cəhdlərinə, ölkəmizin vadar olunduğu arzuolunmaz məcburi müharibəyə, həmçinin müharibə sona çatdıqdan və İslam İnqilabının ilk dekadasından sonra ta bu günə qədər, yumşaq ifadə ilə desək, hazırlanmış bütün sui-qəsd planlarına ‒ ümumilikdə bu çətinliklərə İran xalqı və İslam Respublikası böyük qüdrət və əzəmətlə sinə gərərək sübut etdi ki, o, var olmağa layiqdir. Bundan sonra da dünyada cərəyan edən müxtəlif olaylar bir vaxtlar körpə fidan ikən kökündən qopara bilmədikləri, indi isə artıq köklü-köməcli, yoğun gövdəli olan bu ağacı yerindən tərpədə bilməyəcəklər. Onlar İslam Respublikasının əsasını əsla titrədə bilməzlər! Biz özümüz öz dövlətçiliyimizin qayğısına qalmalıyıq ki, içəridən çürüyüb məhvə məhkum olmayaq. Biz öz mənəvi-əxlaqi dəyərlərimizi qoruyub saxlasaq, İslamın və İslam Respublikasının bizə göstərdiyi yolda doğru addımlarla irəliləyərək büdrəməsək, xarici düşmənlərdən heç bir qorxumuz olmaz və onlar bizə heç bir zərər vurmazlar! Əsla vura bilməzlər!

Hegemon qüvvələrin, ABŞ və dünya sionist şəbəkəsinin irəli sürdüyü düşmənçilik siyasətinin ilkin hədəfinin məhz İran İslam Respublikası olduğu açıq-aşkar bəllidir. Bütün cidd-cəhdlərinə rəğmən onlar nəinki İslam Respublikasını yıxmağa və hakimiyyətdən devirməyə müvəffəq olmayacaq, heç ölkəmizin yolu üstündə əngəl rolunu belə oynaya bilməyəcəklər. Biz sürətlə inkişaf etməyə qadirik. Əlbəttə ki, düşmənlərin sui-qəsd planlarından da gözdə-qulaqda olmalıyıq. Bu məkrli planlar hələ müəyyən bir müddət ‒ irəlidə duran konkret final nöqtəsinə çatana qədər davam edəcək. Həmin final nöqtəsi ölkənin hərtərəfli inkişaf edərək böyük qüdrət əldə etməsidir. Bu qüdrətə nail olmaq isə siz tələbələrin, gənc nəslin öhdəsinə düşən bir işdir. Sizin ölkəmizi elmi və iqtisadi cəhətdən inkişaf etdirməyə, İslam Respublikası üçün dünyada elmi baxımdan nüfuz qazanmağa müvəffəq olduğunuz gün, şübhəsiz ki, düşmənlərimiz məyus olacaq və ölkəmizə qarşı yönələn məkrli sui-qəsd planlarına son qoyulacaq. Həmin final nöqtəsinə çatmayana qədər düşmənlərin məkrli planları  ilə üzləşməyə hazır olmalıyıq. İnşaallah, hər ötən gün sizlər daha da qüvvətlənəcək, düşmənləriniz isə zəifləyəcəkdir. İnşaallah, xalqımızın qəti qələbə qazanacağı o gün uzaqda deyil!

İlahi! Bu gün bu məclisdə söylədiklərimizi və eşitdiklərimizi Sənin üçün, Sənin yolunda icra edilmiş və Sənin dərgahında qəbul edilmiş əməllərdən hesab et! İlahi, İslam Respublikasına, bu İslami quruluşun fədailərinə və onun  idealları uğrunda canından keçmiş şəhidlərə, o cümlədən əzəmətli Rəhbərə – imam Xomeyniyə (r.ə) öz bərəkətini nazil et! Öz rəhmətini və fəzilətini bu məclisdə toplaşmış sevimli gənclərimizə, ölkəmizin bütün cavanlarına, əziz tələbələrimizə nazil et! Bizə daim bu yolun əsgərləri və davamçıları olmağı nəsib et! Bizə bu yolda ölümə qovuşmağı nəsib et! İlahi, əziz şəhidlərimizin ruhlarını günü-gündən daha ali məqamlara ucalt!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!

Seyid Əli Xamenei

14 dekabr, 2008-ci il