Mehriban və bağışlayan Allahın adı ilə!
Siz əziz cavanları İran İslam Respublikası Silahlı Qüvvələrinin iftixarla dolu olan bu yığıncağında ürəkdən təbrik edirəm. Bu geyim iftixar geyimidir, çünki siz öz varlığınız, xidmətiniz və yüksək insani xislətinizlə bir İslam əsgəri kimi Allahın, müqəddəs vətəniniz, ölkəniz və şərəfli millətinizin inam mənbəyisiniz.
Dünyanın hər yerində Silahlı Qüvvələr ölkələrin milli iqtidarının çox mühüm bir hissəsi hesab olunur. Amma bu iqtidar və bu milli qüdrət rəmzi o vaxt böyük əhəmiyyət kəsb edər ki, onun gördüyü işlər açıq-açığına silahın köməyi ilə olmasın. Silah mühümdür və silahlı şəxs müdafiə etmək bacarığına malikdir. Amma silahdan daha mühüm silahlı şəxsin ruhi və mənəvi qüdrətidir. Bu elə bir qüvvədir ki, bir ölkənin milli iqtidarını mənəvi, həqiqi və yenilməz bir iqtidara çevirir. Bir millət qəlbləri inam nuru ilə işıqlanan möhkəm iradəli igidlərə, silahlı cavanlara və şücaətli əsgərlərə sahib olmaqla elə bir iqtidara malikdir ki, onun oxşarına nəinki cahanın hər yerində, hətta bütün tarix boyu belə çox nadir hallarda rast gəlmək olar. Bu gün siz belə bir geyimdəsiniz.
İran İslam Respublikasında Silahlı Qüvvələr öz əzəmətini və möhtəşəmliyini yalnız silahın qüdrəti ilə göstərmir, əksinə onların mənəvi gücü iman qüvvələrinə bağlıdır. Silahlanmış iranlı müsəlman və cavan hərbçinin, eləcə də iranlı əsgərin bu geyimdə özünü hazır vəziyyətdə saxlaması Allah, insaniyyət, tovhid əqidəsinin yayılması və nəhayət, nəcib dəyərlərin qorunması üçündür. Əgər bugünkü maddi dünyada və ümumən tarix boyu qoşunlar yalnız qüdrətlilərin hərislik odunu söndürmək üçün meydana gəlmiş və istifadə olunmuşlarsa, əgər bu gün cahanın silahlı qoşunları fövqəl dövlətlərin zorakılıq vasitəsi hesab olunursa da, İran İslam Respublikasının Silahlı Qüvvələrində xidmət göstərənlər canlarını fəda edənlərdir və onlar insani fəzilətlərin, İlahi dəyərlərin möhkəmlənməsi üçün təlim keçir, müqavimət göstərir, meydanlarda dururlar. Sonda qəti əzmli qələbəni ələ gətirən də məhz budur. Gərək bunu qoruyasınız!
Bu gün dünyada yeni-yeni təcrübələr nəticəsində bir sıra heyrətamiz həqiqətlər bütün bəşəriyyət üçün aşkara çıxarılır. Bu gün dünya müşahidə edir ki, ərəb ölkələrindəki güclü orduları öz qüdrəti qarşısında təslim olmağa vadar edən təpədən dırnağadək silahlanan ordu “Hizbullah”ın şücaətli və igid cavanlarının imanı qarşısında məğlub olaraq öz zəifliyini və gücsüzlüyünü etiraf etməli olur. Bu o deməkdir ki, mənəvi qüdrət maddi qüdrətdən daha üstündür. Bizim əziz cavanlarımız orduda, səfərbərlikdə, asayiş keşikçiliyi qüvvələrində və İran İslam Respublikasının iftixarlı Silahlı Qüvvələrinin hər bir hissəsində əyninə İslam əsgərinin libasını geyinmiş, döyüş hazırlıqları malik olan, iman və mənəviyyatdan faydalanan insanlar kimi dünyanın bütün silahlı qüvvələri arasında xüsusi bir üstünlüyə malikdirlər. Bunun qədrini bilin!
Əzizlərim! Şəxsən özünə, iradəsinə, şücaətinə etimad olunan və bu milləti müdafiə edən bir insan kimi uzun illər boyu göstərdiyiniz xidmətlərə görə özünüzü millətinizin müqabilində başıuca olmağa hazır edin.
Siz belə bir yola qədəm qoymusunuz və özünüz üçün belə bir gələcəyi xəyal etmisiniz. Millətimiz Silahlı Qüvvələrin himayəçisidir və Silahlı Qüvvələri özlərindən biri və ya özlərinin ayrılmaz bir üzvü hesab edirlər. Necə ki, böyük din xadimləri söyləmişlər: “Siz bu millətin möhkəm hasarlarısınız”. Təlimin və xidmətin bütün mərhələlərində bunu yadda saxlayın və heç vaxt unutmayın ki, Allah və ədalət naminə qiyam edən bir millətin möhkəm hasarları öz imanı, mətanəti, şücaəti və fədakarlığı ilə ən müasir silahlarla təchiz olunmuş düşmənləri belə geri çəkilməyə vadar etmişdir. İslam İnqilabının başlanğıcında və İslam Respublikasının təşkil olunmasında bu quruluşun müxaliflərin dəhşətli tufanları qarşısında davam gətirə bilməyəcəyini güman edən bütün düşmənlər artıq bu gün 30 illik təcrübədən sonra İslam Respublikasının çox qüdrətli olduğunu etiraf edirlər. Siz güclüsünüz. Bu güc-qüvvəyə sizdəki imanın möhkəmliyi sayəsində nail olunub. İmanın qədrini bilin və onu özünüzdə daha da gücləndirin.
İslam Respublikasının Silahlı Qüvvələrində xidmət edən müsəlləh bir şəxsin vəzifəsi yaxşı öyrənmək, nizam-intizama riayət etmək, daim hazırlıqlı olmaq, ixlas, səfa və mənəvi nuraniyyətdir. Bütün bunların hamısını özünüz üçün toplayın. Bütün bu sadalanan böyük fəzilətlərlə zinətlənmək üçün cavanlığı fürsət və qənimət sayın. Bu gün siz ömrünüzün ən gözəl çağlarını yaşayırsınız, fədakar mömin bir insan kimi Allahı və xalqı qarşısında başıuca insana lazım olan mənəvi fəzilətləri əldə etməklə siz Allahın layiqli bəndələri və öz dövrünüzün böyük adamları ola bilərsiniz. İran İslam Respublikasının Silahlı Qüvvələri ordunun böyük və mühüm vəzifələrini öhdəsinə götürməyi bacaran şərəfli insanlara həmişə ehtiyac duymuşdur. Allaha şükürlər olsun ki, bütün dövrlərdə, hətta İslam İnqilabından bu günə kimi İİR-nın ordusu belə insanlardan faydalana bilmişdir. Bundan sonra da sizlərsiniz ki, gərək bu ağır yükü çiyinlərinizə götürəsiniz.
Allah-Taaladan istəyirik ki, sizə – bu millətin əziz cavanlarına və sizə – bu ölkənin vəfalı əsgərlərinə İslamın ən yaxşı əsgərləri və öz dövrünüzün ən yaxşı igidləri kimi yüksək məqamlar əta etsin!
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!
Seyid Əli Xamenei
20 oktyabr, 2008-ci il