Mehriban və bağışlayan Allahın adı ilə!
İlk növbədə, namazın təbliği ilə məşğul olan əziz bacı və qardaşlara səmimi qəlbdən təşəkkürümü bildirirəm. Namazı təbliğ etmək hər yerdə yaxşıdır və çox təqdirəlayiq bir işdir. Lakin ali məktəblərdə xüsusilə əhəmiyyətlidir. Allah-Taaladan sizə, Qiraəti ağaya və bu işdə əməyi keçən, bu pak ağacı əkən hər kəsə müvəffəqiyyət diləyirəm. Bu mübarək ağac artıq bu gün gözəl formada bar verməkdədir. Bu işi uğurla davam etməyiniz üçün Allahdan sizə uzun ömür arzulayıram.
Namazın təbliğinin əhəmiyyəti namazın öz əhəmiyyətindən qaynaqlanır. Müqəddəs İslam şəriətində – istər Quran ayələrində, istər əziz Peyğəmbərimizin (s), istərsə də məsumların (ə) buyurduğu hədislərdə namaz qılmağa bu qədər şövq və həvəs gördükdə namazın insanın cismani, ruhani, fərdi və ictimai xəstəliklərinin dərmanları sırasında ən əsas ünsür, yaxud əsas ünsürlərdən biri olduğunu daha yaxşı anlayırıq. Şəriətlə müəyyənləşdirilmiş bütün vacib və haram əməllər insan psixologiyasının dayaq nöqtəsinin möhkəmlənməsi, eləcə də bəşəriyyətin dünya və axirət işlərini, fərdi və ictimai həyatını islah etmək məqsədilə, obrazlı şəkildə desək, Tanrı tərəfindən təyin edilmiş, insanın bütün dərdlərinə çarə ola biləcək “dərmanlar məcmuəsi”dir.
Lakin bunlardan bəzisi açar rolunu oynayan nüsxələrdir və “Namaz daha çox açar rolunu oynaya biləcək bir ünsürdür” – desək, yanılmarıq.
الَّذِينَ إِنْ مَكَّنَّاهُمْ فِي الأرْضِ أَقَامُوا الصَّلاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنْكَرِ وَلِلَّهِ عَاقِبَةُ الأمُورِ
«O kəslər ki, əgər onlar yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir (Allah Qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir)».
(«Həcc» surəsi, ayə 41).
Əgər möminləri, Allah yolunun mücahidlərini, İlahi maarifin möhkəmlənməsi uğrunda canlarından keçən insanları yer üzündə qüdrətli etsək, onlar çox iş görərlər. Onlar ədaləti bərpa edər, nələri və daha nələri icad edərlər. Lakin onların ilk işi “namazın bərpası” olmalıdır! Bu namazda nə sirr vardır ki, onu bərpa etmək bu qədər əhəmiyyətlidir?!
Namaz mövzusu ətrafinda çoxlu müzakirələr olmuşdur. Baxın, hər bir insanın daxilində tüğyan edən bir nəfs vardır. Nəfs sanki sərxoş bir filə bənzəyir. Elə bir fil ki, daim çəkiclə başından vursanız, sizi məhvə doğru aparmaz. Bu yolla onun rəftarı nəzarət altında olacaq və artıq həmin nəfs sizin təkamülünüzə səbəb olacaq. Nəfs insanın istəklərinin məcmuəsidir. Bu istəklər yalnız düzgün istiqamətləndirildikdə insanı kamillik zirvəsinə yüksəldəcək. Problem ondadır ki, bu istəklər sərxoşluq edir və mütləq nəzarətçi lazımdır. Dünyada zülm varsa, bu, bir və ya bir neçə nəfərin nəfsani istəklərinin tüğyan etməsindən doğur. Əgər əxlaqsızlıq varsa, əgər insan şəxsiyyəti təhqir olunursa, əgər yoxsulluq varsa və bəşər cəmiyyətinin əksəriyyəti yer üzərindəki İlahi nemətlərdən məhrumdursa, deməli, bütün bunların hamısına səbəb olan yalnız nəfsani istəklərdir. Bir qrup zalım şəxsin nəfsani istəkləri zülmün yaranmasına səbəb olur. Diktatorlar toplusu məzlumiyyəti yaradır. Qəddar, inhisarçı toplum yoxsulluğa bais olur, aclıq icad edir. Tarixin əvvəlindən ta bu günə qədər baş vermiş bütün fəsadlar məhz nəfsani istəklərdən doğmuşdur. Maraqlıdır ki, insan Allah tərəfindən ona verilmiş istedadlardan istifadə edərək tərəqqi etdikcə bu istəklər nəinki azalmır, əksinə daha da çoxalır. Yaxşı demişlər: “Oğru əli çıraqlı gəlsə, malı daha yaxşı oğurlayar”. Atom bombasına malik olan zülmkar ilə qılıncla vuruşan zülmkar arasında çox fərq var. İndiki nəfsani istəklər bəşəriyyət üçün daha böyük təhlükə mənbəyidir.
İnsanların vücudunda belə bir qüvvə – nəfsani istəklər mövcuddur. Bütün insanların daxilində bu sərxoş fil vardır və hökmən cilovlanmalıdır. Cilov isə yalnız Allahın zikri, Onu xatırlamaq, Ona sığınmaq, Ona ehtiyac duymaq, Onun əzəməti qarşısında özünü kiçik görmək və Onun gözəlliyi qarşısında öz çirkinliyini görməklə yarana bilər. Bütün bunlar zikrdən nəşət tapır. Təqvalı, özünü nəzarətdə saxlayan və zikr əhli olan insan heç vaxt insanlığa qarşı zülm, pislik, tüğyan və fəsad mənbəyinə çevrilməz. Bu İlahi zikr daim onu saxlayar və çəkindirər. Necə ki, namaz çəkindirəndir.
اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلاةَ إِنَّ الصَّلاةَ تَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ
«(Ya Muhəmməd!) Qurandan sənə vəhy olunanı oxu və (lazımınca) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!»
(«Ənkəbut» surəsi, ayə 45)
Həqiqətdə isə namaz insanın əl-ayağını bağlamır, sadəcə çəkindirir. Namaz nəfsani istəkləri fəaliyyətdən saxlayır. Bəziləri bu ayəni, yəni «Namaz günah və fəsaddan çəkindirər» ayəsini belə təfsir edirlər ki, guya əgər namaz qıldınsa, artıq günah və fəsad aradan qalxacaq. Xeyr! Əslində, ayənin mənası budur ki, namaz qıldıqda namazla canlanan daxili nəsihətçi mütəmadi olaraq insana günahın və fəsadın pisliyini təlqin edir. Şübhəsiz ki, demək, təkrar etmək və qəlbə təlqin etmək təsirlidir və qəlbi yumşaldır. Elə bu səbəbdən namaz təkrarlanmalıdır. Oruc ildə bir dəfə, həcc ömürdə bir dəfə, lakin namaz hər gün və bir neçə dəfə təkrarlanmalıdır. Namazın əhəmiyyəti də elə budur!
Əgər namaz qılınarsa, bu namazın sayəsində insanın daxilindən başlayaraq bütün cəmiyyətə və ona hakim olan təbəqəyə qədər əmin-amanlıq hökm sürər. Namazın bərəkətindən insanın qəlbi, cismi və ümumilikdə bütün bəşəriyyət əmin-amanlığa qərq olur. Namazın xüsusiyyəti belədir. Namazın cəmiyyətdə bərpasının mənası da elə budur, yəni ölkənin müxtəlif məntəqələrində, cəmiyyətin bütün təbəqələrində, xüsusilə tələbələr və seçilmiş gənclər arasında namazın təbliği, namaz təşkilatlarının yaradılmasında məqsəd bütün əhalini ümummilli zikrə tərəf çəkməkdir. Hamı zikr əhli olarsa, kiçik, böyük, qadın, kişi, dövlət məmuru, qeyri-hökumət təşkilatçısı, yalnız özü üçün işləyən, yaxud bütöv bir cəmiyyət üçün çalışan insanların hamısı Allahı xatırlayan olarsa, işlər öz yoluna düşər. Baş verən cinayətlərin çoxu qəflətdən irəli gəlir. Namaz isə insana daima xatırladır.
Bu mövzu ətrafında çoxlu söhbətlər olmuşdur. Biz də dəfələrlə ərz etmişik ki, namazın bir cismi və bir ruhu vardır. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır.
Bizim hər birimiz, mən özüm və başqaları bu məsələyə diqqət yetirməliyik. Namazın bir qiyafəsi, bir də məzmunu, bir cismi və bir də ruhu vardır. Biz çalışmalıyıq ki, namazın cismi ruhsuz olmasın. Deyə bilmərik ki, ruhsuz cisim olan namazın heç bir təsiri yoxdur. Nəyə görə də olmasın?! Belə namazın az da olsa, təsiri vardır. Lakin İslamın, Quranın, şəriətin, Peyğəmbərin (s) və İmamların (ə) üzərində təkidlə dayandığı namaz cismi ilə ruhu kamil olan namazdır. Diqqət yetirsək, görərik ki, namazın cismi də ruhu ilə uyğunlaşdırılmışdır: qiraəti var, rukusu var, səcdəsi var, torpağa düşmək var, əli göyə qaldırmaq var, bərkdən demək var, asta demək var və s. Bütün bu rəngarənglik namaz vasitəsilə əldə olunacaq ehtiyacların sanki bir örtüyüdür. Bunların hər birinin öz mənası, öz sirri var və bunların bütövlüyü namazın həqiqi formasını yaradır. Bu forma çox əhəmiyyətlidir. Lakin namazın ruhu diqqətdir. Diqqət! Diqqət, yəni nə etdiyimizi bilməliyik. Diqqətsiz namazın təsiri azdır.
Siz bir neçə karatlıq almaz parçasından iki cür istifadə edə bilərsiniz. Birinci yol budur ki, ondan elə almaz, yəni qiymətli bir daş kimi istifadə edəsiniz. Başqa bir yol isə odur ki, həmin almazdan tərəzi daşı kimi istifadə edərək onunla, məsələn: ədviyyat ölçəsiniz. Bu da almazdan istifadədir. Amma bu istifadə forması almazı zay etməyə bərabərdir, lakin onu sındırmaqdan daha yaxşıdır. Deməli, almazdan tərəzi daşı kimi istifadə etmək doğru deyil. Bizim namazla rəftarımız da eynilə bu cürdür. Həqiqətdə isə namaz çox dəyərlidir.
Bəzən insanlar gündəlik adətləri kimi, məsələn: idman etdiyi və ya dişini fırçaladığı kimi namazını da qılır. Bu, artıq başqa namazdır. Doğrudur, biz daim Allahın hüzurundayıq, istər yuxuda, istər oyaq halda, istər qafil, istərsə də zakir (zikr edən) olaq. Lakin namazda insan dəstəmaz alır, təharət edir, cismani paklıq və təmiz libasla, həmçinin qüsl və dəstəmazdan yaranan mənəvi saflıqla Allah-Taalanın hüzurunda dayanır. Biz gərək namazda Allahın hüzurunda olduğumuzun, Onunla söhbət etdiyimizin fərqinə varaq. Gərək namaz qılarkən müraciət etdiyimiz şəxs bəlli olsun. Amma əgər bir sıra söz dalğalarını havaya səpməklə işimizi bitmiş hesab ediriksə, bilməliyik ki, bizdən bunu istəməmişlər. Əlbəttə, çox gözəl şəkildə “Həmd” və “Surə”ni qiraət etmək olar. Amma diqqət olunmadan oxunsa, yenə də söz dalğalarını havaya səpmək kimi bir şeydir. Bizdən bunu tələb etməmişlər. Bizdən tələb olunan budur ki, namaz halətində qəlbimizi Allahın hüzuruna aparaq və Onunla qəlbən danışaq. Bunlar çox mühümdür. Həm namazı təbliğ edərkən, həm təlim edərkən, həm də namaz qılarkən bu incə nöqtələrə xüsusi diqqət yetirməliyik.
Əlbəttə, bu ruh cisimsiz də mövcud ola bilməz. İnsan fikirləşməməlidir ki, oturub yüz dəfə zikr deyim və artıq namaz qılmasam da olar. Qeyd etdiyimiz kimi, namazın cismi ruhun mənəvi ehtiyaclarını təmin etmək məqsədilə düzəldilmişdir. Buna görə də hədislərdə namazın müxtəlif vəziyyətləri üçün bir sıra xüsusiyyətlər qeyd olunub. Bu xüsusiyyətlər vacib deyil, müstəhəbdir. Məsələn: insan qiyam halında hara baxmalıdır, səcdə halında hara baxmalıdır? Başqa bir misal: rüku halında bəzi hədislərə görə gözləri yummaq, digər hədislərə görə isə qarşıya baxmaq müstəhəbdir. Bütün bunlar namazda insana lazım olan hüzuri-qəlb və diqqətin yaranmasına kömək edir. Namazın əhəmiyyətini hətta vəsf etmək belə bizim üçün qeyri-mümkün görünə bilər. İmam Sadiq (ə) ölüm yatağında öz varislərinə belə buyurur: «Namazı yüngül sayanlar bizdən deyil”. Yüngül saymaq, yəni əhəmiyyətsiz və dəyərsiz bilmək. İndi görək, bütün xüsusiyyətləri və bütün fəzilətləri ilə birlikdə qılınan bu namaz insandan nə qədər vaxt istəyir?! Vacib olan on yeddi rukət namazı insan bir az diqqətlə qılsa, daha da az vaxt lazım olacaq. Bəzən biz bir televiziya proqramına baxmaq üçün ondan əvvəl yayımlanan və bizə qətiyyən lazım olmayan reklamlara 20 dəqiqə baxırıq. Həyatımızın 20 dəqiqələri beləcə ötüb keçir. Taksi gözləyirik, avtobus gözləyirik, dostumuzu gözləyirik ki, gəlsin, harasa gedək, dərsə gecikən müəllimi gözləyirik və s. Gözlədiyimiz müddətdə bütün bu on, on beş və iyirmi dəqiqələr boş yerə sərf olunur. Məgər bu iyirmi, iyirmi beş dəqiqələri namaza – bu böyük və kamil əmələ sərf etmək çoxmu çətindir?!
Ölkənin gəncləri arasında namaza daha artıq əhəmiyyət verilməlidir. Çünki namaz ilə gəncin qəlbi işıqlanır, ümidlənir, təravətlənir, fərəhlənir. Bu halətlər isə daha çox ömrün cavan mövsümünə təsadüf edir. Əgər Allah-Taala mənə və sizə lütf etsə və biz diqqətlə namaz qıla bilsək, görəcəyik ki, namazdan doymaq olmur. Namaza diqqətlə yanaşan şəxs namazdan elə ləzzət alır ki, heç bir maddi nemətdə bu ləzzəti tapmaq mümkün deyil. Bu halət diqqətdən yaranır. Namaza diqqətsizlik, namazı könülsüz və süst halda qılmaq münafiqin əlamətidir. Əlbəttə, bu cür namaz qılan hər kəsi münafiq adlandırmaq doğru olmazdı. Allah-Taala Quranda münafiqləri bizə tanıtdırır. Peyğəmbər(s) zamanında münafiqlər nəyəsə görə namaz qılır, lakin qəlbən namaza etiqad bəsləmirdilər.
إِنَّ الْمُنَافِقِينَ يُخَادِعُونَ اللَّهَ وَهُوَ خَادِعُهُمْ وَإِذَا قَامُوا إِلَى الصَّلاةِ قَامُوا كُسَالَى يُرَاءُونَ النَّاسَ وَلا يَذْكُرُونَ اللَّهَ إِلا قَلِيلا
«Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki, əslində, Allah onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər»
(«Nisa» surəsi, ayə 142).
Bəli, əgər kiminsə müxatəbi olmasa və Allah ilə danışmasa, yorulacaq və namaz onun üçün cansıxıcı və uzun bir iş olacaq.
Belə namaz qılan üçün dörd-beş dəqiqəlik dörd rukətli namaz uzunmüddətli bir iş kimi görünəcək. Əslində isə dörd dəqiqə nədir ki?! Əgər insan namaz halətində Allahla danışsa, vaxtın ildırım sürəti ilə keçdiyinin fərqinə varar. Heyfslənər, təəssüflənər ki, niyə belə tez keçdi və daha uzun olmasını istəyər. Namazı cavanlar arasında yayın. Əgər onlar indidən yaxşı namaz qılmağa adət etsələr, bizim yaşımıza çatanda yaxşı namaz qılmaq onlar üçün heç də çətin olmayacaq. Yaxşı namaz qılmağa adət etməmiş şəxs isə qocaldığı zaman onun üçün yaxşı namaz qılmaq mümkün olsa da, çətindir. Amma gənc yaşlarında yaxşı namaz qılmağa adət edən (əlbəttə, “yaxşı namaz” dedikdə “xoş səslə və yaxşı qiraətlə qılınan namaz” yox, “diqqətlə qılınan namaz” nəzərdə tutulur) və Allahla səmimi qəlbdən danışa bilən şəxs yaşlandıqca bu halət onun səciyyəvi xüsusiyyətinə çevrilir. Artıq namaz onun üçün heç bir əziyyət törətmir və ömrünün sonuna qədər daim yaxşı namaz qılır.
Bir az bundan əvvəl Qiraəti ağa vacib bir məsələni qeyd etdi. O, bunu əvvəllər də demişdi və biz də dəfələrlə demişik. Bu məsələ cəmiyyətin sıx olduğu ərazilərdə məscid və namazxanaların azlıq təşkil etməsidir. Məclisimizdə iştirak edən dövlət nümayəndələri bu məsələni dövlət səviyyəsində çox ciddi surətdə müzakirə etməlidirlər. Gərək bütün böyük tikililərin nəzdində məscid və namazxanalar olsun. Metro dayanacaqlarında, qatar stansiyalarında və hava limanlarında hökmən məscid olmalıdır. Yeni salınan şəhərciklərdə də bəzən bir və ya bir neçə məscidə ehtiyac duyulur. Heç ola bilərmi ki, şəhər salaq, amma küçəni unudaq?! Məscidlərə də bu nəzərlə baxmalıyıq. Məscidsiz şəhərciyin heç bir mənası yoxdur. Tikinti layihələrini təqdim edərkən həmin layihələrdə məscidlərində yeri xüsusilə qeyd olunmalıdır. Biz məscid və namazxanalara bu qədər çox əhəmiyyət verməliyik. Burada uçuşları da nəzərdən qaçırmaq olmaz. Təkcə həcc üçün deyil, bütün daxili və xarici təyyarə uçuşlarında da namazın vaxtlarına fikir verilməlidir. Ya uçuşdan qabaq, ya da uçuşdan sonra namaz vaxtına (əlbəttə, imkan dairəsində) riayət olunmalıdır. Belə olmasın ki, məsələn, sübh azanından əvvəl yola düşüb, günəş çıxandan sonra məqsədə çatsınlar. Gərək proqram elə tənzim olunsun ki, ya uçuşdan əvvəl, ya da sonra camaat namazını vaxtında qıla bilsin. Bəzən hava reysləri çox sıx olduğu üçün bu, mümkün olmaya bilər. Belə olan hallarda təyyarənin daxilində lazımi şərait yaradılmalıdır. Qibləni təyin etmək də çox çətin deyil, pilotlar bunu çox gözəl formada təyin edə bilərlər. Qoy namaz qılanlar öz namazlarını qılsınlar. Qatar məsələləri isə daha da rahat şəkildə icra oluna bilər.
Bu gün ölkəmizdə bu məsələlərin gedişatı İslam İnqilabından əvvəlki dövr ilə heç cür müqayisə oluna bilməz. Çoxunuzun yadında olmaz. O vaxt vəziyyət çox acınacaqlı idi. Biz İraq ziyarətinə gedərkən yolda nə qədər xahiş etsək də, namaz üçün qatarı saxlamadılar. Elə tənzimləmişdilər ki, dayanmaq əsla mümkün deyildi. Mən məcbur oldum ki, stansiyaya yaxınlaşanda qatarın pəncərəsindən özümü bayıra atım. Qatarın içi çox murdar vəziyyətdə olduğundan namaz qılmaq mümkün deyildi. Bu məsələlərə əsla riayət olunmurdu. İndi vəziyyət çox fərqlidir, amma qaneedici deyil. Namazın əhəmiyyəti mütləq çatdırılmalıdır.
Biz dəfələrlə cümə və camaat imamlarına tövsiyə etmişik ki, məscidlərin abadlığına fikir versinlər. Gərək məscidlərdən azan səsi eşidilsin. Gərək namaz və namazın bərpasının əlamətləri bütün şəhərlərdə, xüsusilə Tehran kimi böyük şəhərlərdə görünsün. Həm ölkəmizin yerli əhalisi, həm də əcnəbilər namaz əhval-ruhiyyəsini açıq-aydın görməlidirlər. Həmçinin, böyük tikililərimizdə də İslami nişanələr aşkar şəkildə gözə çarpmalıdır. Sionistlər dünyanın harasında bir tikili tikirlərsə, hər vəchlə o mənhus Davud ulduzunu oraya yerləşdirməyə çalışırlar. Bu, onların siyasi gedişidir. Biz də gərək İslami nişanələrimizi hər bir işimizdə, xüsusilə tikinti sahəsində göstərək.
Hər halda Allah-Taaladan müvəffəqiyyət diləyirik. Namaz işi kiçik bir iş deyil, əksinə çox böyük işdir. Bu işlə məşğul olanlar, İnşallah, Quranda deyilən «namazı bərpa edənlər”dən sayılarlar. “Namazı bərpa edənlər” ifadəsi məhz pak və xalis möminlər barəsində işlədilib.
لَكِنِ الرَّاسِخُونَ فِي الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَالْمُقِيمِينَ الصَّلاةَ وَالْمُؤْتُونَ الزَّكَاةَ وَالْمُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ أُولَئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا
“Lakin onların elmdə qüvvətli olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!”
(«Nisa» surəsi, ayə 162)
Allah hamımızı namazın bərəkətindən bəhrələndirsin!
Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!
Seyid Əli Xamenei
19 noyabr, 2008-ci il