Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Fitr bayramı namazında söylədiyi xütbələr

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ. اَلْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِینَ. اَلْحَمْدُ لِلهِ الَّذِی خَلَقَ السَّمَاوَاتِ وَ الْاَرْضَ، وَ جَعَلَ الظُّلُمَاتِ وَ النُّورَ، ثُمَّ الَّذِینَ کَفَرُوا بِرَبِّهِمْ یَعْدِلُونَ. اَحْمَدُهُ وَ اَسْتَعِینُهُ وَ اسْتَنْصِرُهُ وَ اَطْلُبُ مِنْهُ التَّوْفِیقَ، وَ اسْتَغْفِرُهُ وَ اَتُوبُ اِلَیْهِ. وَ اُصَلِّی وَ اُسَلِّمُ عَلَیٰ حَبِیبِهِ وَ نَجِیبِهِ سَیِّدِ خَلْقِهِ سَیِّدِنَا وَ نَبِیِّنَا اَبِی‌الْقَاسِمِ الْمُصْطَفَیٰ مُحَمَّدٍ وَ عَلَیٰ آلِهِ الْاَطْیَبِینَ الْاَطْهَرِینَ الْمُنْتَجَبِینَ الْهُدَاةِ الْمَهْدِیِّینَ الْمَعْصُومِینَ، سِیَّمَا بَقِیَّةِ اللهِ فِی الْاَرَضِینَ

Bu namazda iştirak edənlərin hamısını, (1) bütün İran xalqını və İslam ümmətini mübarək Fitr bayramı münasibəti ilə təbrik edirəm. Həmçinin Novruz bayramını və yeni ili, həm də İran xalqının böyük bayramı olan “12 Fərvərdin” İran İslam Respublikası gününü təbrik edirəm.

Bu il də Ramazan ayı arxada qaldı. Əziz xalqımız bu dəyərli ilahi təcrübəni, Allaha şükürlər olsun, gözəl bir şəkildə yaşadı. Ramazan ayı tövhidlə bağlı bir fenomendir. Yəni bu ay qəlbləri, insanları Allah-Taalaya yaxınlaşdırır. Ramazan ayı Allaha yaxınlaşmaq üçün bir zəmindir, mənəvi həyatın yenilənməsi vədinin həyata keçdiyi aydır. Yəni Allah-Taala Ramazan ayının orucunu vacib etməklə mənə və sizə fürsət vermişdir ki, il ərzində bir ay boyunca qəlbimizi təmizləyək, özümüzü paklaşdıraq, bacarsaq özümüzü çirkablardan çəkib çıxaraq və tövhidi rəngə boyanaq. Ramazan ayının orucu, bu ayda Quranla ünsiyyət yaratmaq, Qədr gecələri, təvəssüllər, yalvarışlar və dualar – bütün bunlar insanı kamilləşdirir. Ramazan ayı həqiqətən ən böyük İlahi nemətlərdən biridir. Ramazan ayının əməllərini kim hansı miqdarda yerinə yetirsə, onun qəlbi, canı və daxili həmin miqdarda kamilləşər, İlahi rəngə boyanar. Allah-Taala buyurur:

لَعَلَّکُمْ تَتَّقُونَ

“... bəlkə təqvalı olasınız”. (2)

Ramazan ayı təqvaya yiyələnməkdən ötrüdür, insanın qəlbinin və canının təqvalı olması üçündür.

Allaha şükürlər olsun, bu il mənəviyyatla zəngin və dolu olan bir Ramazan ayımız oldu. Bu Ramazan ayında Quranla ünsiyyət açıq-aydın müşahidə olunurdu: Quranın tilavəti, Quran cüzlərinin oxunması, Quran ayələri üzərində düşünmək. Məscidlərdə, ziyarətgahlarda, küçələrdə, ümumi yerlərdə ehsan və iftar süfrələrinin açılması geniş hal almışdı. Dua, minacat, təvəssül məclislərindəki izdihamlı iştirak, xüsusilə də gənclərin iştirakı, Allaha şükürlər olsun, arxada qoyduğumuz bu Ramazan ayında kifayət qədər nəzərə çarpdı. Bütün təbəqələrdən olan insanlar builki mərasimlərdə iştirak etdilər, faydalandılar, dua etdilər, Allah-Taala ilə əlaqə yaratdılar, diləklərini Uca Allahdan istədilər, Ona təvəkkül etdilər, bir sözlə, bu aydan çox bəhrələndilər.

هَنِیئًا لِاَرْبَابِ النَّعِیمِ نَعِیمُهُمْ

“Bu nemət nemətin sahiblərinə nuş olsun”.

Ramazan ayından bəhrələnənlər, inşallah, il ərzində bu bəhrələrdən istifadə etsinlər, qəlblərini təmiz saxlasınlar və gələn ilki Ramazan ayınadək bu mənəvi halı qoruyub saxlasınlar. İnşallah, gələn Ramazan ayında bir pillə yuxarı yüksələr və daha da irəliləyərlər.

Ramazan ayı coşqu dolu və dolğun mənalı yürüşlə sona çatdı. Xalq, İran xalqı Ramazan ayının sonuncu cüməsində möhtəşəm bir addım atdı. Xalqın bu möhtəşəm izdihamı dünyaya bir çox mesajlar ötürdü. İran xalqını tanımalı olanlar sizin – Tehranın və böyüklü-kiçikli ayrı-ayrı şəhərlərin əziz əhalisinin möhtəşəm izdihamından çoxlu mesajlar aldılar. Xalq bu mesajı dünyaya ötürə bildi və bununla olduqca mühüm bir iş həyata keçdi. Siyasi təşəbbüskarlıq və imandan doğan dinamika ilə müşayiət olunan mənəvi yüksəliş geridə qoyduğumuz Ramazan ayının nailiyyəti idi. Bunu qoruyun. 

Bu gün bayram günüdür. Bu mübarək gündə Uca Allahdan təmənna edin ki, əldə etdiyiniz bu qiymətli nailiyyətləri sizin üçün, ölkəniz və gələcəyiniz üçün qoruyub saxlamaqda yardımçınız olsun, inşallah.

بِسْمِ ‌اللهِ ‌الرَّحْمٰنِ ‌الرَّحِیمِ. قُلْ هُوَ اللهُ اَحَدٌ. اَللهُ الصَّمَدُ. لَمْ یَلِدْ وَ لَمْ یُولَدْ. وَ لَمْ یَکُنْ لَهُ کُفُوًا اَحَدٌ

“Rəhman və Rəhim Allahın adı ilə. De: O Allah Təkdir! Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (3)

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ.  وَ الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِینَ. وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَیٰ سَیِّدِنَا وَ نَبِیِّنَا اَبِی‌الْقَاسِمِ الْمُصْطَفَیٰ مُحَمَّدٍ وَ عَلَیٰ آلِهِ الْاَطْیَبِینَ الْاَطْهَرِینَ الْمُنْتَجَبِینَ، سِیَّمَا عَلِیٍّ اَمِیرِالْمُؤْمِنِینَ وَ الصَّدَّیقَةِ الطَّاهِرَةِ وَ الْحَسَنِ وَ الْحُسَیْنِ سَیِّدَیْ شَبَابِ اَهْلِ الْجَنَّةِ، وَ عَلِیِّ ‌بْنِ‌ الْحُسَیْنِ زَیْنِ‌ الْعَابِدِینَ، وَ مُحَمَّدِ بْن‌ِ عَلِیٍّ بَاقِرِ عِلْمِ الْاَوَّلِینَ وَ الْآخِرِینَ، وَ جَعْفَرِ‌ بْنِ ‌مُحَمَّدٍ الصَّادِقِ، وَ مُوسَی ‌بْنِ ‌جَعْفَرٍ الْکَاظِمِ، وَ عَلِیِّ ‌بْنِ‌ مُوسَی‌ الرِّضَا، وَ مُحَمَّدِ ‌بْنِ‌ عَلَیٍّ الْجَوَادِ، وَ عَلِیِّ ‌بْنِ ‌مُحَمَّدٍ الْهَادِی، وَ الْحَسَنِ‌ بْنِ عَلِیٍّ الزَّکِیِّ الْعَسْکَرِیِّ، وَ الْحُجَّةِ الْقَائِمِ الْمَهْدِیِّ، صَلَوَاتُ اللهِ عَلَیْهِمْ اَجْمَعِینَ، وَ السَّلَامُ عَلَیٰ اَئِمَّةِ الْمُؤْمِنِینَ وَ هُدَاةِ الْمُسْتَضْعَفِینَ

İkinci xütbədə geridə buraxdığımız Ramazan ayının digər bir tərəfini qeyd etmək istəyirəm. Ramazan ayının şirinliklərini İran xalqı və digər ölkələrin xalqları daddılar. Amma bu il Ramazan ayında yaşanan acı hadisələr İslam dünyasının bütün oruc tutanlarını kədərləndirdi. Bunlar Qəzza, Livan və Fələstində baş verən qanlı hadisələrdir. Yenə də soyqırım, yenə də uşaqların qətlə yetirilməsi, yenə də Amerikanın qəsbkar sionist rejiminin cinayətlərini dəstəkləməsi, yenə də bu gün Fələstini qəsb edib Fələstinə və onun xalqına hakim kəsilmiş bu qatil, terrorist bandanın cinayətlərinə göstərilən yardımlar; onlara kömək edirlər, onları dəstəkləyirlər.

Qərblilərin öz siyasi açıqlamalarında dəfələrlə “proksi qüvvələr” (nümayəndə qüvvələr) ifadəsini işlətdiklərini eşitmisiniz. Regionun qəhrəman xalqlarını, məntəqənin qeyrətli gənclərini “proksi fəaliyyət”də ittiham edirlər. Mən isə deyirəm ki, bu regionda yeganə bir proksi qüvvə var və o da qəsbkar sionist rejimidir.

Sionist rejimi istismarçıların nümayəndəsi olaraq fitnələr və soyqırımlar törədir, cinayətlər edir. Əlində olsa, digər ölkələrə də hücum edər, necə ki, bu gün Suriyaya hücum edir. Suriya torpaqlarına girib, Dəməşqin bir neçə kilometrliyinə qədər irəliləyib. O, bu işi istismarçıların nümayəndəsi olaraq həyata keçirir, İkinci Dünya Müharibəsindən sonra bu regionu hədəfə alıb bu vəziyyətə salanların nümayəndəsi olaraq edir. Hazırda sionist rejimi onların nümayəndəsi olaraq onların çirkin planlarını davam etdirib təkmilləşdirir.

Öz pulları, öz mediaları vasitəsi ilə dünyaya, ölkələrə hakim kəsilən istismarçıların açıqlamalarında terrorizm cinayət hesab edilir, terrorizmi cinayət adlandırırlar. Amma bu mənfur, cinayətkar rejim üçün terrorizm qanuni bir əməldir! Öz haqlarını, öz torpaqlarını müdafiə edənləri terrorçu adlandırırlar. Amma mənfur sionist rejimi açıq-aşkar soyqırım törədir, uşaqları qətlə yetirir, çoxlu sayda insanı öldürür, insanları terror edir. Üstəlik özü də etiraf edir ki, mən terror etmişəm. Amma qərb istismarçılarının gözü bunları görmür, əksinə, onlara gülümsəyir, yardım edir və onları dəstəkləyirlər. Uzun illər öncə sionist rejimin Fələstinin şəhər və kəndlərində törətdikləri kütləvi qırğınlardan əlavə – bu cinayətləri elə əvvəldən edirdi və indiyə kimi də davam etdirir – onların həmişəki işlərindən biri görkəmli şəxsiyyətləri terror etməkdir, insan terrorudur. Bunlar Əbu Cihadı Tunisdə (4), Fəthi Şəqaqini Kiprdə (5), Əhməd Yasini Qəzzada (6), İmad Muğniyəni Suriyada (7) terror etdilər. Amerikanın 20 il bundan əvvəl İraqa daxil olması ilə bir çox iraqlı alimləri Bağdadda terror etdilər. Tehrandakı nüvə alimlərimizi şəhid – terror etdilər. Hərəkətləri açıq-aşkar terrorizmdir. Amerika və bəzi Qərb dövlətləri onları dəstəkləyir, digər ölkələr isə bu cinayətləri izləyir, tamaşa edirlər. Son illərdə – iki ildən az bir müddətdə sionist rejimi 20 min uşağı şəhid edib, ata-analarının ürəyini dağlayıb. Amma “insan haqları” şüarlarını qaldıranlar bütün bu cinayətlərin qarşısında sadəcə tamaşaçı mövqeyi tutmuş və heç bir tədbir görmürlər. Dünya xalqları hadisələrdən xəbərdar olduqları həddə onlara qarşı hiddətlidirlər, narahatdırlar. Dünya xalqlarının bir çox məsələlərdən, bir çox cinayətlərdən xəbəri yoxdur. Əgər Avropa ölkələrinin küçələrində, hətta Amerikanın özündə sionist rejimə qarşı etiraz şüarlarının səsləndirildiyini görürsünüzsə, bu, onların məhdud məlumatlarından qaynaqlanır. Daha çox məlumatları olsa, indikindən daha çox etiraz edərlər.

Dediklərimin xülasəsi budur ki, bu cinayətkar bandanın kökü Fələstindən kəsilməlidir. Allahın güc-qüvvəsi sayəsində kəsiləcək də! Bu istiqamətdə zəhmət çəkmək, addım atmaq həm dini, həm əxlaqi, həm də humanizm baxımından bir vəzifədir. Bu təhlükəli və cinayətkar qüvvəni bu regiondan yox etmək üçün səy göstərmək, cəhd etmək hamının vəzifəsidir.

Qoy hamı mövqeyimizi bilsin! Mövqeyimiz, əvvəldən tutduğumuz mövqedir. Amerika və sionist rejimin düşmənçiliyi də hər zamankı kimidir. Cinayətə əl atacaqları ilə bizi hədələyirlər. Sözsüz ki, bu cinayəti ölkə xaricindən törədəcəklərinə biz inanmırıq və bu ehtimalı da vermirik. Amma əgər hansısa bir cinayətə əl atılarsa, qarşılığında mütləq daha möhkəm zərbə alacaqlar. Və əgər ölkə daxilində təxribat yaratmaq fikrinə düşsələr – əvvəlki illərdə etdikləri kimi – cavabını İran xalqının özü verəcək, necə ki, keçmişdə verdi.

Allah-Taala sizə uğur nəsib etsin.

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ . وَ الْعَصْرِ . اِنَّ الْاِنسَانَ لَفِی خُسْرٍ . اِلَّا الَّذینَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحَاتِ وَ تَوَاصَوْا بِالْحَقِّ وَ تَوَاصَوْا بِالصَّبْرِ

“Rəhman və Rəhim Allahın adı ilə. And olsun axşam çağına. İnsan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” (8)

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
________________

(1) Bu namazın xütbələri İmam Xomeyni adına namazgahda söylənildi.
(2) “Bəqərə” surəsi, 183-cü ayədən
(3)  “İxlas” surəsi
(4) 1367-ci il fərvərdin ayında (red. 1988-ci ilin mart ayı) sionist rejiminin agentləri tərəfindən terror edilmiş “Fələstin fəthi” hərəkatının qurucularından biri 
(5) 1374-cü il aban ayında (red. 1995-ci ilin oktyabr ayı) şəhid olmuş “Fələstin İslami Cihad Hərəkatı”nın baş katibi
(6) 1383-cü il fərvərdin ayında (red. 2004-cü ilin mart ayı) şəhid edilmiş “Fələstin İslami Müqavimət Hərəkatı”nın (Həmas) qurucusu
(7) 1386-ci il bəhmən ayında (red. 2008-ci ilin yanvar ayı) şəhid edilmiş Livanın “Hizbullah” hərəkatının yüksək ranqlı komandirlərindən biri
(8) “Əsr” surəsi