بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِیمِ. یَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْاَبْصَارِ، یَا مُدَبِّرَ اللَّیْلِ وَ النَّهَارِ، یَا مُحَوِّلَ الْحَوْلِ وَ الْاَحْوَالِ، حَوِّلْ حَالَنَا اِلَی اَحْسَنِ الْحَالِ
Rəhman və Rəhim Allahın adı ilə. (1) Ey qəlbləri və baxışları dəyişdirən! Ey gecə və gündüzü tədbirlə idarə edən! Ey illəri və halları dəyişdirən! Halımızı ən gözəl hala dəyişdir.
Yeni ilin başlanğıcı Qədr gecələrinə, Əmirəl-mömininin (ə) şəhadət günlərinə təsadüf edir. Ümid edirəm ki, bu gecələrin bərəkəti və Müttəqilər Mövlasının (ə) xüsusi nəzəri bütün il boyu əziz xalqımıza, ölkəmizə və yeni ili Novruzla başlayan digər xalqlara şamil olacaq.
1403-cü il hadisələrlə dolu idi. Bu il ard-arda baş verən hadisələr 1360-cı (red:1980) illərin hadisələrinə bənzəyirdi və bu ildə əziz xalqımız bir sıra çətinliklər, sıxıntılar yaşadı. İlin əvvəllərində İran xalqının sevimli prezidenti, mərhum cənab Rəisi (Allah ona rəhmət etsin) şəhadətə ucaldı. Bundan əvvəl Dəməşqdə bir neçə hərbi müşavirimizin şəhadəti baş vermişdi. Bundan sonra Tehranda, sonra da Livanda müxtəlif hadisələr baş verdi. İran xalqı və İslam ümməti bir çox dəyərli şəxsiyyətləri itirdi. Bunlar baş verən acı hadisələr idi. Bundan əlavə, il ərzində, xüsusilə də ilin ikinci yarısında iqtisadi problemlər xalqı sıxışdırdı, məişət qayğıları insanlar üçün bir sıra çətinliklər yaratdı. Bu çətinliklər il boyu davam etdi. Amma digər tərəfdən olduqca böyük və heyrətamiz bir hadisə baş verdi. Bu hadisə İran xalqının iradə gücünün, mənəvi ruhiyyəsinin, həmrəyliyinin və yüksək səviyyəli hazırlıqlarının nümayişi idi. Əvvəla, Prezidentin itkisi kimi bir hadisədə xalqın möhtəşəm vida mərasimi, səsləndirdiyi şüarlar və nümayiş etdirdiyi yüksək əhval-ruhiyyə onu göstərdi ki, bu müsibət ağır olsa da, İran xalqını ruhdan sala bilməz. Daha sonra tez və qanunla müəyyən edilən müddətdə seçkilər keçirə, yeni prezidentini seçə, hökumət kabinetini formalaşdıra və ölkə idarəçiliyini boşluqdan çıxara bildi. Bunlar olduqca əhəmiyyətlidir və İran xalqının yüksək ruhiyyə və bacarığını, mənəvi gücünü əks etdirir. Bunun üçün Allaha şükür etməliyik.
Bundan əlavə, son aylarda baş verən hadisələrdə Livandakı bir çox qardaşlarımız – bizim dini və livanlı qardaşlarımız – problemlərlə üzləşdikdə, İran xalqı onlara ürəyiaçıqlıqla kömək edə bildi. Bu zəmində baş verən bu hadisə – yəni xalqın öz livanlı və fələstinli qardaşlarına heyrətamiz şəkildə göstərdiyi yardım seli – ölkəmizin tarixində qalıcı və unudulmaz hadisələrdən biridir. Qadınlarımızın öz qızıl zinət əşyalarını səxavətlə bu işə verməkləri, xalqımızın göstərdiyi köməkliklər təqdirəlayiq məsələlərdir. Bu, xalqın iradəsinin gücünü, möhkəm əzmini nümayiş etdirir. Bu ruhiyyə, bu iştirak, bu hazırlıq, bu mənəvi güc ölkəmizin gələcəyi və əziz İranımızın əbədi həyatı üçün bir sərmayədir. İnşallah, ölkə bu sərmayədən maksimum yararlanacaq və Allah-Taala da millətin üzərinə Öz xeyir-bərəkətini yağdırmağa davam edəcək. Ötən il biz “Xalqın iştirakı ilə istehsalın sıçrayışı” şüarını irəli sürdük. (2) Bu, ölkəmiz üçün lazımlı idi, hətta müəyyən mənada həyati əhəmiyyət kəsb edirdi. Amma 1403-cü ildə baş verən müxtəlif hadisələr bu şüarın tam mənada reallaşmasına mane oldu. Əlbəttə, bir çox diqqətəlayiq işlər görüldü. Hökumət, xalq, özəl sektorlar, investorlar, sahibkarlar yaxşı işlər görə bildilər, amma görülən işlər ilə gözləntilər arasında fasilə var. Deməli, bu il də əsas məsələmiz iqtisadiyyatdır. Hörmətli hökumətdən, hörmətli məsullardan və əziz xalqımızdan gözlənti olaraq bu il qaldırdığım məsələ yenə də iqtisadi məsələdir. İqtisadi məsələmiz bu il də bizim şüarımız olacaq və bu, iqtisadiyyata sərmayə yatırımı ilə əlaqədardır.
Ölkə iqtisadiyyatındakı mühüm məsələlərdən biri də istehsal sahəsinə sərmayə yatırımı ilə əlaqədardır. İstehsal o zaman artır ki, istehsala investisiya qoyulur. Təbii ki, sərmayə yatırımı əsasən xalq tərəfindən həyata keçirilməlidir və dövlət də bunun müxtəlif metodlarını hazırlamalıdır. Amma insanların ya motivasiyası, ya da investisiya etmək imkanı olmayan yerdə dövlət də – xalqa rəqib kimi deyil, xalqın əvəzləyicisi olaraq – bu sahəyə daxil ola bilər. İnsanların gəlmədiyi yerdə dövlət işə qarışıb sərmayə qoymalıdır. Hər halda istehsala investisiya yatırımı ölkə iqtisadiyyatı və xalqın məişət problemlərinin həlli üçün zəruri məsələlərdəndir. İnsanların güzəranının yaxşılaşdırılması planlaşdırma tələb edir, lakin belə ilkin şərtlər olmadan bu planlaşdırmalar mümkün deyildir. İstər dövlət, istərsə də xalq istehsala sərmayə yatırımına ciddi yanaşmalı, böyük əzm və motivasiya ilə bu məsələni izləməlidirlər. Bu sahədə dövlətin üzərinə düşən vəzifə bu işə şərait yaratmaq və istehsala maneələri aradan qaldırmaqdır. Xalqın üzərinə düşən öhdəlik isə kiçik və böyük kapitalını istehsalda istifadə edə bilməkdir. Əgər kapital istehsal üçün istifadə olunarsa, o, artıq qızıl almaq, valyuta almaq və bu kimi zərərli işlərə yönəlməyəcək, zərərli fəaliyyətlər həyata keçirilməyəcək. Bu sahədə Mərkəzi Bank böyük rol oynaya bilər, dövlət də öz növbəsində effektiv addımlar ata bilər. Ona görə də bu ilin şüarı “İstehsala investisiya”dır. İnşallah, bu, xalqın rifahının yaxşılaşmasına səbəb olacaqdır. Dövlətin təqdim etdiyi layihələr və xalqın iştirakı – bunlar birlikdə çətinliyi aradan qaldıracaqdır, inşallah.
Son bir neçə günün hadisələrinə də toxunmaq istəyirəm. Qəsbkar sionist rejimin yenidən Qəzzaya hücum etməsi olduqca böyük və dəhşətli bir cinayətdir. İslam ümməti bir yumruq kimi bu cinayətin qarşısında dayanmalıdır. Müxtəlif məsələlərdəki fikirayrılıqlarını bir kənara qoymalıdır. Bu problem İslam ümmətinin problemidir.
Bundan başqa, dünyanın bütün azad insanları – istər Amerikanın özündə, istər Qərb və Avropa ölkələrində, istərsə də digər ölkələrdə – onların törətdikləri bu xain və faciəli hərəkətin qarşısında ciddi şəkildə dayanmalıdırlar. Yenə də uşaqlar qətlə yetirilir, evlər dağıdılır, insanlar ev-eşiklərindən didərgin salınır. İnsanlar bu faciəni dayandırmalıdırlar. Sözsüz ki, bu cinayətlərə Amerika da ortaqdır. Dünyanın siyasi ekspertləri hamılıqla bu qənaətdədirlər ki, bu cinayətlər Amerikanın göstərişi ilə və ya ən azından onun razılığı və yaşıl işığı ilə həyata keçirilir. Ona görə də Amerika bu cinayətdə şərikdir. Yəməndə baş verən hadisələr də buna oxşardır. Yəmən xalqına, yəmənli sivillərə də hücum cinayətdir. Bu cinayətlərin qarşısı mütləq alınmalıdır.
Ümid edirik ki, bu yeni ildə Allah-Taala İslam ümmətinə xeyir-bərəkət və qələbə nəsib edəcək. İran xalqı da indi başlayan yeni ilə sevinc, məmnunluq, həmrəylik və uğurla başlayıb, ilin axırınadək belə davam edəcəklər, inşallah.
Umidvaram ki, Vəliyyi-əsrin (canımız ona fəda olsun) müqəddəs qəlbi, dahi İmamın (r.ə) və şəhidlərimizin pak ruhu bizdən razı və şad olar.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
___________________
(1) “Zadul-məad”, səh. 328
(2) 01/01/1403 (red: 20/03/2024) tarixində yeni ilin gəlişi münasibətilə çıxış