Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Beynəlxalq Təsnim Təfsiri Konfransının təşkilatçıları ilə görüşündəki çıxışı

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Çox xoş gəlmisiniz, hörmətli cənablar. Mən həm cənab Ərafinin, həm də cənab Səidin (Cavadinin) bu dəyərli kitab haqqında verdiyi gözəl izahlara görə çox minnətdaram. Onların sözlərindən bəhrələndik. Bu kitabın təqdimatı üçün deyilə biləcək hər bir sözü bu cənablar dedilər. Bundan artıq deyiləcək bir söz yoxdur.

Mən iki-üç məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bir məsələ Ayətullah Cavadinin özü barəsindədir. Bir məsələ “Təsnim” təfsiri ilə bağlıdır. Başqa bir məsələ də ilahiyyat elmləri hövzəsində Qurani-Kərimin təfsirinə – “Quran elmləri”ni demirəm, sırf Quranın təfsirinə – geniş yer ayrılmasının zəruriliyi haqqındadır.

Ayətullah Cavadiyə gəlincə, düşünürəm ki, ilahiyyat elmləri hövzəsi həqiqətən də ona borcludur. O, çox böyük iş görüb. İnsanın kiçik bir yerdən Quranı təfsir etməyə başlaması və onu qırx il davam etdirməsi asan iş deyildir. Yəni insan düşünəndə görür ki, bu işdə əzmkarlıq göstərmək, yorulmamaq, bu işi davam etdirməkdən çəkinməmək çox böyük bir işdir. Hətta bəlkə də – sözün düzü, mən bu əsərə tam baxa bilməmişəm, buna görə də dəqiq deyə bilmirəm – hörmətli müfəssirin həvəsi və şövqü zaman keçdikcə daha da artıbdır. Böyük ehtimal, bu, belə olmalıdır. İnsanın bu işə – Quran üzərində işləməyə rəğbət göstərməsi çox dəyərlidir. Onun özü ilə bu təfsir əsəri haqqında danışmışdıq, özü bu işə görə çox şad idi, deyirdi ki, bu əsər bugünkü “Əl-Mizan”dır. O, bu ifadəni işlətmişdi; deyirdi ki, bu, “Əl-Mizan”dır, lakin bugünkü, bu günün tələblərinə cavab verən “Əl-Mizan”dır. İnsan baxanda görür ki, bu, həqiqətən də belədir. Ona görə də onun işi həqiqətən dəyərlidir. Təbii ki, onun əqli və nəqli elmlər sahələrindəki elmi fəaliyyəti də mühüm və təqdirəlayiqdir. Lakin məncə, heç biri bu müfəssəl təfsir əsəri ilə müqayisə oluna bilməz. Yəni məncə, bu əsər onun həm fəlsəfi, həm irfani, həm də fiqhi əsərlərindən daha mühüm və yüksəkdir. Allah onu mükafatlandırsın, ömrünü uzun etsin və bu işi belə uzun müddət davam etdirə bilməsinə imkan yaradan şövqü onda qorusun, inşallah. Ola bilər ki, əsəri yenidən nəzərdən keçirmək istəyər. Bəzən elə olur ki, adam qayıdıb yenidən nəzər salır, hansısa bir məsələ barəsində fikri dəyişir, nəsə əlavə edir. İnşallah, onda bu şövq davam etsin.

“Təsnim” təfsirinə gəlincə, mənim fikrimcə, bu təfsir şiənin iftixarlarından biridir. Mən həqiqətən deyə bilərəm ki, bu təfsir şiənin iftixarlarındandır. Bu kitabda təfsir öz xüsusi mənasında çox gözəl işlənib. Yəni ayə izah edilib, müəllifin düşüncə gücü ayələrdəki bəzi incə, lətif və əlçatmaz mənaların başa düşülməsinə kömək edib. Mən bu təfsirə çox müraciət etməyə müvəffəq ola bilməmişəm, əlbəttə, bəzən müraciət etmişəm. Amma məlumatlı olmaq üçün xahiş etdim ki, o təfsirdən bir cild gətirsinlər və dünən gecə, bu gün onu mütaliə etdim. Təsadüfən “Yusif” surəsini əhatə edən 40-cı cild idi. Həqiqətən baxdıqda görürsən ki, bu əsər bir insanın gözdən qaçıra biləcəyi məlumatlarla doludur. Məsələn, tutaq ki, “yuxu” nədir? Yuxunun həqiqəti haqqında danışılır. Eynilə mərhum cənab Təbatəbainin “Əl-Mizan”dakı metodudur, məsələn, fəlsəfi və ya ictimai mövzu adı altında müxtəlif mövzulardan bəhs edilir. Lakin bu iş bu böyük həcmli təfsirdə daha geniş miqyasda görülüb. Yəni əgər bu kitabdan qeyri-təfsir mövzuları çıxarılıb toplansa – belə ki, “Əl-Mizan” ilə bağlı bu iş görülüb – bu toplunun özü bir ensiklopediyaya çevrilər. Müxtəlif mövzulardan bəhs edən və geniş istifadəsi olan böyük bir məlumat toplusu yaranar. Məsələn, fərz edin, müəyyən bir ayədə yer alan hansısa bir söz ilə əlaqədar bir mövzu açılır.

Məncə, bu təfsirdən səmərəli istifadə üçün bütün mövzuları əhatə edən bir mündəricatın hazırlanmasına ehtiyac var. İndiyədək bu sahədə nəsə edilib-edilmədiyini bilmirəm. Bu təfsirin mövzularının mündəricatı olmalıdır. Mövzular əlifba sırası əsasında sıralanmalıdır. Belə ki, əgər bir şəxs müəyyən bir mövzu ilə bağlı bu təfsirdə nə olduğunu bilmək istəsə, onu tez tapıb istifadə edə bilsin. Ona görə də bu kitab həm təfsirdir, həm də müəyyən mənada ensiklopediyadır. Elə bu səbəbdən də “Təsnim” təfsiri şiənin iftixarlarındandır, ilahiyyat elmləri hövzəsinin iftixarlarındandır. Allaha şükür edirik ki, bu iş görüldü.

Eşitmişəm ki, bəziləri təfsirin geniş olmasından, səksən cild olmasından gileylənir və deyirlər ki, onu qısaltmaq, ümumiləşdirmək yaxşı olardı. Hesab edirəm ki, bu iş nə mümkündür, nə də icazəlidir. Yəni bu iş təfsiri öz kimliyindən çıxarır. Təfsir kitabı – xüsusən də bu qədər təfərrüatlı kitab – elə bir kitab deyil ki, insan oturub onu əvvəldən axıra kimi oxusun, “səksən cilddir, çox genişdir, oxuya bilmirik” desin. Bu kitab mənbə, istinad kitabıdır. Məsələn, insan bir ayəni, bir surəni, bir mövzunu başa düşmək istəyir və bu kitaba müraciət edir. İndi ya səksən cild olsun, ya yüz cild olsun, ya yüz səksən cild olsun, fərqi yoxdur. Buna görə də təfsiri qısaltmaq icazəli deyildir. Bu gün mənə dedilər ki, hər ayənin əvvəlində qeyd olunan qısa təfsir hissələrinin toplanılması qərara alınıb. Bəli, bir toplu ərsəyə gətiriləcək, amma bu, o deyildir. Məncə, cənab Cavadinin adını və “Təsnim” təfsirinin adını bu işlərlə aşağılamayaq. Qoy, təfsir olduğu kimi qalsın. Lakin mütləq mündəricat hazırlanmalıdır. Heç şübhəsiz, mündəricat olmadan təfsirdən çox az istifadə olunacaq. Bu da “Təsnim” təfsirinə aid məsələ idi.

Amma ilahiyyat elmləri hövzəsində Quranın təfsirinə geniş yer ayrılması məsələsinə gəlincə, düzünü desəm, hövzələr bu sahədə az iş görüb. Bizim müxtəlif hövzələrimiz indiyədək bu sahədə çox az iş görüb. Böyük işi mərhum Təbatəbai başlatdı, belə ki, o, təfsir dərsləri qoydu. O vaxtlar bu iş görülmürdü. Onun bu işi hövzədə Quran və Quran məfhumlarına diqqətin başlanğıc nöqtəsi oldu. O, “Hüccətiyyə” dini məktəbində təfsir dərsləri keçirdi. Mənim o dərslərdə iştirak etmək imkanım yox idi, amma cənab Cavadi o zaman “Hüccətiyyə”də idi, bildiyim qədər həmin dərslərdə iştirak edirdi. Tələbələr onun dərslərində iştirak edirdi, lakin sayları az idi. Yəni “Hüccətiyyə” dini məktəbinin məscidində bir qrup – təxminən qırx-əlli, bəlkə də otuz-qırx nəfər – həmin dərslərdə iştirak edirdi. Amma bu, mühüm başlanğıc idi. Cənab Təbatəbai (Allah ondan razı olsun) böyük bir işə başladı, bu işin əsasını qoydu. Bundan əvvəl Qum ilahiyyat elmləri hövzəsində belə bir dərs yox idi, Nəcəf ilahiyyat elmləri hövzəsində də eyni vəziyyət idi. Nəcəf ilahiyyat elmləri hövzəsində, bildiyiniz kimi, mərhum Bəlağinin qısa bir təfsiri, bəzi başqa alimlərin də bu sahədə gördükləri kişik işlər var idi. Amma İslami elmləri bəyan etmək istəyən bir ilahiyyat elmləri hövzəsindən gözlənilən iş ilə bizim hövzələrimizin gördüyü iş arasında çox böyük fasilə var idi.

Nəticə nə oldu? Nəticə bu oldu ki, böyük və məşhur alimlərimiz bir çox hallarda Quran məfhumları ilə tanış deyildilər. Mən gənc olanda müdrik, savadlı və çox yaxşı insan olan bir alimi tanıyırdım. O, danışırdı ki, Nəcəfdə olanda biz dərs oxumaqla, müzakirə etməklə, işlərimizi görməklə məşğul idik, yazırdıq, danışırdıq, fikir mübadiləsi aparırdıq, müzakirə edirdik, gəlib-gedirdik və s. Nəcəfdən İrana gələndə təsadüfən “Safi” təfsiri əlimə keçdi. (2) O deyirdi ki, “Safi” təfsirinə baxdım, gördüm ki, bu kitabda heyrətamiz şeylər var! İndi özünüz mülahizə edin, məgər “Safi” təfsirində nə qədər məlumat vardır ki, illərlə Nəcəfdə təhsil alan bir müctəhid ruhanini heyrətləndirib?! Bizim ilahiyyat elmləri hövzələrində vəziyyət belə idi. 

İnqilabdan əvvəl mənim Quranla bağlı bir sıra kiçik işlərim olub. Tələbələrə deyirdim ki, bizim hövzələrdə vəziyyət belədir ki, “Bil ki, Allah bizimlədir” (3) cümləsi ilə dərsə başlayandan ictihada icazə alana qədər bu illər ərzində hətta bir dəfə qalxıb Quranı rəfdən götürüb baxmağa ehtiyacımız olmaya bilər. Bu o deməkdir ki, bizim bu dərslərimizin Quranla heç bir əlaqəsi yoxdur, yalnız qrammatika kitablarında – “Muğni”də, “Süyuti”də və s. qeyd olunan bəzi Quran ayələri istisnadır. Yoxsa ki, nə fiqhimizdə, nə qrammatikamızda, nə də fundamental araşdırmalarımızda ayağa qalxıb Quranı götürüb baxmağa ehtiyac görmürük. Məsələn, görək ki, Quranda bu məsələ ilə bağlı hansı ayəyə rast gəlmək olar, yaxud Quran bu məsələ barəsində nə deyir. Bu, hövzənin qüsurudur.

Bu iş yavaş-yavaş yoluna düşür. Deyirlər ki, (4) hövzədə iki yüz təfsir dərsi var. Bu, çox yaxşıdır. Bu, olduqca yaxşıdır, yəni bir müjdədir. Mən bilmirdim ki, indi Qum hövzəsində iki yüz təfsir dərsi var. Amma elə edin ki, təfsirə və təfsir dərsinə müraciət sabit bir mədəniyyətə çevrilsin. Bu iş əhəmiyyətsiz sayılmasın. Yəni fiqhdə molla olmaq, yaxud sonrakı pillədə, fəlsəfədə molla olmaq bir iftixar sayıldığı kimi, təfsirdə molla olmaq da ən azı fiqhdə molla olmaq qədər əhəmiyyətli sayılsın. Bu, belə olmalıdır. Əlbəttə, insanların həyat sistemi fiqh üzərində qurulduğu üçün fiqh sahəsinə bir qədər hörmətlə yanaşılmalıdır. Lakin məsələn, geniş və təfərrüatı çox olan “Üsuli-fiqh” sahəsində bir şəxs çox bilikli olanda ilahiyyat tələbələrinin nəzərində xüsusi bir rütbəyə malik olur. Görəsən, təfsir sahəsində Quran ayələrini, onların məna, məfhum və eyhamlarını bilən bir şəxsin də ilahiyyat tələbələrinin nəzərində eyni dərəcədə hörməti var? Bu, düzəlməlidir.

Əhli-sünnə qardaşların Qurana istinadları yaxşıdır, lakin onlar da Qurana aid bir o qədər də böyük əhəmiyyəti olmayan məsələlərə Quranın təfsirindən daha çox, ya da ən azı təfsir qədər diqqət yetiriblər. Quranın qiraətinə aid “vəqf və ibtida” mövzusunda nə qədər kitab var. Yaxud təcvidlə bağlı nə qədər kitab var və s. Bunlar Quran məsələləri deyildir. Quran məsələləri Quran ayələrini başa düşməkdir. Düzünü desək, biz bu mövzuda az iş görürük və şiə məzhəbində bu sahədə az iş görülüb. Allaha şükürlər olsun ki, bu gün bu iş yenidən canlanıb. Allaha şükür edirik ki, bu dönəmdə “Təsnim” təfsiri ərsəyə gəldi və qürur mənbəyi oldu. Biz “Təsnim” təfsirini götürüb İslam dünyasına göstərə bilərik ki, bizdə bu var.

İşlərdən biri də bu təfsirin ərəb dilinə tərcüməsidir. Bu da zəruridir. Əsərin farsca yazılmasının özünəməxsus səbəbləri var; bunun iradı yoxdur, bu da yaxşıdır. Amma bu gün İslam dünyası ərəb dili ilə daha yaxından tanışdır və elə bu səbəbdən də qeyri-mümkündür ki, biz yaxşı bir kitaba sahib olaq və İslam dünyasının onu başa düşməsini, tanımasını istəyək, amma bu kitab ərəb dilində olmasın. Bu, düzgün gözlənti deyildir. Mənim fikrimcə, ana dili ərəb dili olan və ərəb ədəbiyyatını bilən ərəbdilli insanlardan ibarət bir qrup, bir kollektiv oturub bu kitabı tədricən tərcümə etməlidir, əlbəttə, əgər bunu indiyədək etməyiblərsə. Çox yaxşı. (5) Bəli, bu, zəruri işdir. Əgər tərcümə işi yaxşı alınarsa, yəni ərəbdillilər üçün yaxşı anlaşılan bir səpkidə tərcümə olunarsa, bəzi psixoloji əhəmiyyətli xüsusiyyətlər də imkan yaradacaq ki, tərcümə tez bir zamanda yayılsın. Yəni bu təfsir tez bir zamanda ərəb hövzələrində populyarlaşacaq. İdeya sahibi olan insanlar da ondan istifadə edəcəklər.

Ərəbistan alimi mərhum şeyx Hadi Fəzli (Allah ona rəhmət etsin) mənə dedi ki, indi Hicazın universitetlərində Hicazın böyük professorları şiə fiqh kitablarını alıb oxuyurlar. Yəni çap olunan bu kitabları alıb oxuyurlar. O, bu kitabların üzərində işləndiyinə, düzəldildiyinə və nəşr edildiyinə görə minnətdar idi. Çünki heç kəs “Riyaz” (6) kitabının köhnə formasını oxumağa maraq göstərmir. Amma “Riyaz” kitabı, yaxud “Cəvahir” kitabı (7) bu formada çap olunanda, təbii ki, maraq oyadacaq. Onlarda maraq yarandığını və şiəliyə inanmağa başladıqlarını söyləyirdi. Mərhum Fəzli də universitetdə dərs deyirdi və deyirdi ki, əhli-sünnə dünyasının böyük alimləri – onun tədris etdiyi yerdə, şərq bölgəsində və başqa yerlərdə – heyran olublar. Bu kitab da belə olacaq. Yəni əgər yaxşı tərcümə olunsa və onlara çatsa, onu buraxmayacaqlar, İslam dünyasında əldən-ələ gəzəcək, inşallah.

Bu uğuru Ayətullah Cavadiyə (Allah ondan razı olsun) nəsib etdiyinə görə Uca Allaha şükür edirik. Çəkdiyi bu zəhmətə görə Ayətullah Cavadiyə təşəkkür edirik. Bu işə diqqət ayırdığınız, araşdırdığınız və üzərində işlədiyiniz üçün sizə təşəkkür edirik. İnşallah, hamınızın dünya və axirət mükafatlarını alacağınıza ümid edirik. Bizim salamımızı və təşəkkürümüzü ona çatdırın.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

________________________

(1) Bu konfrans 1403-cü il 6 isfənd tarixində (red. 24/02/2025) Qumdakı “Daruş-Şifa” dini məktəbində səksən cildlik “Təsnim” təfsirinin açılış mərasimi ilə eyni vaxtda keçirilib. Görüşün əvvəlində Höccətul-İslam vəl-müslimin Əlirza Ərafi (ölkə üzrə ilahiyyat elmləri hövzələrinin direktoru) və Höccətul-İslam vəl-müslimin Səid Cavadi Amuli (“İsra” Vəhy Elmləri Fondunun sədri və konfransın idarə heyətinin üzvü) məruzələrini təqdim etdilər.
(2) Molla Möhsün Feyz Kaşaninin əsəri
(3) Dini elmlər tələbələrinin təhsilin başlanğıcında öyrəndikləri “Camiul-müqəddimat” kitabının giriş sözü
(4) Ölkə üzrə ilahiyyat elmləri hövzələrinin direktoru
(5) İştirakçılardan biri: Bu kitabın 30 cildi ərəb dilinə tərcümə edilmiş və nəşr edilmişdir.
(6) “Riyazul-məsail fi bəyanil-əhkam bid-dəlail”, mərhum Seyid Əli Təbatəbainin əsəri
(7) “Cəvahirul-kəlam fi şərhi-şəraiul-İslam”, mərhum Məhəmmədhəsən Nəcəfinin əsəri