Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Şərqi Azərbaycanlılar ilə görüşündəki çıxışı

بِسْمِ اللهِ الرَّحَمٰنِ الرَّحِیمِ وَ الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِینَ وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَیٰ سَیِّدِنَا وَ نَبِیِّنَا اَبِی‌الْقَاسِمِ الْمُصْطَفَیٰ مُحَمَّدٍ وَ عَلَیٰ آلِهِ الْاَطْیَبِینَ الْاَطْهَرِینَ الْمُنْتَجَبِینَ، سِیَّمَا بَقِیَّةِ اللهِ فِی الْاَرَضِینَ

Rəhman və Rəhim Allahın adı ilə. (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Bu görüşdə müşahidə etdiyim bu yüksək əhval-ruhiyyənin davam etməsini, daimi olmasını Uca Allahdan təmənna edirəm. Hörmətli iştirakçılara, xüsusilə də əziz şəhid ailələrinə və dövlət rəsmilərinə xoş gəldin deyirəm. Möhtərəm Prezident də (2) xalqa yaxın bir hökümət başçısı kimi bu görüşdə iştirak edir.

Söhbətə başlamazdan öncə, keçən il buradakı görüşümüzdə tutarlı, fəsahətli və dolğun məzmunlu çıxışı ilə məruzə edən şəhid imam-cüməmiz mərhum Ali Haşimi yad etməyi vacib bilirəm. Allah-Taala, inşallah, onun dərəcəsini yüksəltin. Ömürləri Allahın iradəsi ilə bu şəkildə sonlanan dövlət xadimlərinin xoş halına. Həmçinin o hadisənin şəhidlərindən olan Azərbaycanın gənc, inqilabçı və sevilən ostandarını (3), keçən ilki o acı hadisədə İran xalqının itirdiyi digər əziz şəhidləri də yad edirəm.

1356-cı il bəhmən ayının 29-da (red.18.02.1978) baş verən hadisə böyük hadisə idi. Bu gün mən o hadisəni yaradan toplumun qarşısında bu barədə bir qədər danışmaq istəyirəm. Azərbaycanın iftixarları müxtəlif sahələrdə olduqca çoxdur. Bu barədə sizlərlə, əziz Azərbaycan əhalisi ilə mənim dönə-dönə söhbətim olmuşdur.

Bu gün regiondakı vəziyyəti görən, ondan xəbərdar olan, düşməni-dostu ayırd edən təbrizli gəncimiz birinin o tərəfdə çəkdiyi nərədən, birinin bu tərəfdə ulamasından qorxmur, təsir altına düşmür; əksinə, bunların qarşısında özünü güclü hiss edir. Azərbaycan gənci, Təbriz gənci bu gün təcrübəli siyasətçiləri sarsıdan bu hadisələr qarşısında dağ kimi möhkəm dayanmışdır. Ona görə də bu gənc bu ruhiyyənin ona kimlərdən miras qaldığını, hansı hadisədən qaynaqlandığını bilməlidir. İnqilab dövrünü görməyən və 29 Bəhmən hadisəsini ancaq əlamətdar gün kimi qeyd edən, tarixi hadisə olaraq yadda saxlayan gəncimiz əgər bu əzəmətli hadisəni yaradan toplumun keçmişindən xəbərdar olmasa, onların nə iş gördüklərini və hansı ruhiyyə ilə mübarizə meydanında iştirak etdiklərini bilməsə, düşmənin uydurma hekayələri onun düşüncəsinə hakim kəsiləcəkdir. Bu gün mən bir qədər bu məsələ haqqında danışmaq istəyirəm.

Əslində, Azərbaycan və Təbriz müxtəlif dövrlərdə yadellilərin işğalına qarşı İranın möhkəm səddi olmuşdur. Müəyyən dövrlərdə mərkəzdə, paytaxtda oturanların səriştəsizliyi ucbatından çar çinovnikləri, yaxud Osmanlı dövlətinin məmurları Azərbaycanın bir sıra ərazilərinin, hətta Təbrizin də nəzarətini ələ keçirmişdilər. Amma Təbriz camaatı düşmən qarşısında göstərdiyi dirənişi, dözümü ilə onları geri çəkilməyə vadar etmişdi. Çar çinovnikləri Səttar Xandan tələb edirdilər ki, oradakı rus qoşunlarından amanda qalmaq üçün evinin üstünə ağ bayraq assın. Səttar Xan isə: “Mən Əbülfəzl Abbasın bayrağının – onun dili ilə desək, “beydəq”inin – altındayam, onun bayrağından başqa heç kimin bayrağı altında durmaram” deyə cavab vermişdi.

Müxtəlif dövrlərdə bəzi insanlar – onları birbaşa xarici agent adlandıra bilməsək də, hər halda doğru yolda deyildilər, şah diktaturasının dövlət qurumlarında əlləri vardı – etnik xüsusiyyətlərə, anti-dini, terminoloji ifadə ilə desək, sekulyar baxışlara əsaslanaraq, Azərbaycana qeyri-islami kimlik aşılamağa çalışırdılar. Bu fəaliyyətlərin qarşısında baş verən hadisələr isə görən gözlər üçün bir dərsdir. Bu işlərin həyata keçirildiyi həmin vaxtlarda Təbriz Əllamə Təbatəbai, (4) Əllamə Əmini (5) və görkəmli ədəbi şəxsiyyətlərdən olan Məhəmmədhüseyn Şəhriyar kimi parlaq cəvahirləri İran ictimaiyyətinə təqdim etdi. İranın ad və etibarını ucaltdı. Bu, müxtəlif sferalarda da  belədir.

29 Bəhmən hadisəsi kimi mühüm hadisələri yaradan Azərbaycana xas digər bir üstün xüsusiyyət azərbaycanlıların İslam dininə olan inancı və dini təəssübkeşliyidir. Təbriz camaatı və o gün ostanın digər yerlərindən Təbrizə gələn insanlar həmin hərəkata qoşularaq o hadisəni yaratdılar. Bu hadisənin böyüklüyü təkcə onda deyildi ki, diktator rejimi xalqa qarşı küçələrə tank çıxarmağa məcbur qaldı; əslində, hadisənin böyüklüyü bu hərəkatın bütün İrana nümunə olması, insanların ayrı-ayrı şəhərlərdə bu hərəkatı təkrarlaması və nəticədə, 57-ci ilin əzəmətli inqilabının baş verməsi idi. Hadisənin böyüklüyü bunda idi.

Təbrizin və Azərbaycan əhalisinin digər önəmli xüsusiyyətlərindən biri onların müxtəlif məsələlərdə qabaqcıl olmasıdır. Biz ayrı-ayrı hadisələrdə Azərbaycanın qabaqcıllığının şahidi olmuşuq. Müxtəlif hadisələrdə – ölkənin istər elmi, istər mədəni, istər siyasi, istərsə də müdafiə sferalarında görülə biləcək işlərdə – onların qabaqcıl olduğunu, ilk hərəkətə keçdiklərini bilirik. Bu hərəkatı onlar başlatdılar. Qabaqcıllıq bu camaata məxsus xüsusiyyətdir. Bu günün gəncliyi bu həqiqətləri mütləq bilməlidir. Bu gün Azərbaycan və Təbriz gəncinin hadisələr qarşısında bu dirənişi, gücü, bacarığı və sarsılmazlığı həmin dövrdən ona yadigar qalan mirasdır.

Azərbaycan və Təbrizin xüsusiyyətlərindən biri də “örnək yaratmaq”dır. Bu hadisənin özü də bir örnək idi. Azərbaycan və Təbriz tarixində dərin iz buraxan şəxsiyyətlərin hər biri bir nümunədir. Onlar İran dövlətinin və İran xalqının tarixində unudulmayacaq görkəmli örnəklərdir. Din alimi Siqətul-İslam (6) və başqa bir din alimi Şeyx Məhəmməd Xiyabani yadellilərin müdaxilələri qarşısında dayanaraq həyatlarını itirmişdilər. Səttar Xan və Baqir Xan kimi şəxsiyyətlər Məşrutə hadisəsinin qabaqcıllarından sayılırlar. Onlar İranın Məşrutə inqilabının və əzəmətli Məşrutə hərəkatının qəhrəmanları üçün nümunə oldular. Müqəddəs Müdafiə dövründə də Azərbaycanın qəhrəman gəncləri – onlardan biri şəhid Bakeri qardaşlarıdır – örnək oldular. Ədəbi, mədəni və elmi sahələrdə azərbaycanlı nümunələrimiz çoxdur. Bir vaxtlar Təbriz teoloji mərkəzlərinin cəmiyyətə töhvə verdiyi böyük din alimlərinin sayı – İsfahandan sonra –  ölkənin digər şəhərlərindən daha çox idi. İki şəhər – Təbriz və İsfahan – ölkənin böyük şəhərləri və teoloji mərkəzləri arasında adlı-sanlı alimlərin yetişdirilməsində nümunə idilər, üstün idilər. Bu xüsusiyyət – bu və digər hadisələri yaradan insanların xüsusiyyətidir. Odur ki, bugünkü Azərbaycan gəncliyi, bugünkü Təbriz kişisi və qadını “iman və dini təəssübkeşlik”, “qabaqcıllıq” və “nümunəvilik” xüsusiyyətlərini özlərinin əbədi ictimai-mənəvi irsi olaraq bilməlidirlər. Bunlardan – bir az sonra bu gün nələrə ehtiyacımız olduğunu açıqlayacağam – ölkənin inkişafı istiqamətində istifadə etməlidirlər.

Əziz qardaşlar, əziz bacılar! Gənclərimizin, alimlərimizin, peşəkar texnologiya mütəxəssislərimizin çəkdikləri zəhmətlərin sayəsində bu gün bizim “hərbi müdafiə” cəhətdən, düşmənin “sərt güc” təhdidi baxımından heç bir nigarançılığımız, çətinliyimiz yoxdur. Allaha şükürlər olsun, “sərt güc” təhdidi qarşısında İİR-nın yüksək səviyyədə olduğunu bu gün həm özümüz, həm dostlarımız, həm də düşmənlərimiz bilir.  Xalq da bu cəhətdən özünü asayişdə hiss edir. Ona görə də bizim bu günkü problemimiz düşmənin “sərt güc” təhdidi deyildir.

Amma başqa bir mühüm təhlükə mövcuddur. Bu təhlükənin qarşısını almaq üçün mütləq hazır olmaq lazımdır. Bu, “yumşaq güc” təhdididir. Bu gün düşmənlərimiz bu qənaətə gəldiklərini etiraf edirlər ki, əgər İran xalqına qalib gəlmək, İİR-nı öz qüdrətli mövqeyindən geri itələmək istəyirsinizsə, bunun yolu ölkə daxilində, xalq arasında problemlər yaratmaq, insanları əlavə qayğılarla üz-üzə qoymaq və “yumşaq güc” təhdidini tətbiq etməkdir.

“Yumşaq güc” nədir? “Yumşaq güc” dedikdə, ictimai fikrin manipulyasiyası, insanlar arasında ixtilaf yaratmaq, İslam İnqilabının əsas prinsiplərinə qarşı şübhə yaratmaq kimi bir sıra məsələlər nəzərdə tutulur. Bunlar “yumşaq güc” təhdidləridir. “Yumşaq güc”, yəni düşmənə qarşı mübarizədə tərəddüd yaratmaq. Onlar bu işlərlə məşğuldurlar. Ancaq Allahın lütfü sayəsində indiyədək uğur qazanmayıblar. Düşmənin vəsvəsəsi bu günə qədər xalqımızı sarsıda bilməyib, gənclərimizin iradəsinin, inkişafının qarşısını kəsə bilməyib. Buna misal olaraq, möhtəşəm 22 Bəhmən yürüşünü göstərmək olar. Dünyanın harasında belə bir şey görünüb?! İnqilabın zəfərindən 46 il sonra xalq – silahlı qüvvələr, dövlət rəsmiləri deyil, əksinə, xalq kütləsi – qələbəni bu şəkildə qeyd edir və çox böyük sayla meydana daxil olur. Bu 46 il ərzində mövcud problemlərə və haqlı gözləntilərə rəğmən, bütün bu problemlər xalqın İnqilabı müdafiə etməsinə mane olmur. Bu nə deməkdir? Bu o deməkdir ki, düşmənin “yumşaq güc” təhdidi də bu günədək bu ölkəyə və xalqa öz təsirini göstərməmişdir. Demək istədiyim budur ki, düşmənin hələ də davam edən bu hiyləsinin gələcəkdə də təsir etməsinə imkan verməyin.

Təbliğat-təşviqat qurumları, söz və qələm sahibləri, incəsənət və elm adamları, təhsil, media və incəsənət sahəsinin məsul şəxsləri və virtual məkanla əlaqəsi olan gənclərimizin hamısı diqqətini bu istiqamətə yönəltməli və düşmənin hansı məsələlərin üzərində dayandığını, hansı məsələləri hədəf aldığını, xalqa, ictimai düşüncəyə təsir etmək üçün hansı yollardan istifadə etdiyini müəyyənləşdirməlidirlər. Həmin yolları müəyyənləşdirib, yolu onların üzünə bağlamalıdırlar. Multimedia məzmunları hazırlayın. Mütəfəkkirlər yeni ideyalar ortaya qoysunlar və bu fəaliyyətləri ilə düşmənin qarşısında dayansınlar. Bu iş bu gün hərbi müdafiədən daha zəruridir. Əgər hərbi müdafiə sahəsində hansısa bir problem yaranarsa, onu “yumşaq güc” vasitələrindən istifadə edərək aradan qaldırmaq, kompensasiya etmək mümkündür. Necə ki, indiyə qədər dəfələrlə bu iş həyata keçirilibdir. Amma əgər “yumşaq güc”ün müdafiəsində problem yaranarsa, onu hərbi müdaxilə vasitələri ilə həll etmək mümkün deyildir. Bu nüansa diqqət edin.

Qoy gənclərimiz İnqilabın prinsipləri ilə, İmamın (r.ə) çıxışları ilə, habelə bu illər ərzində İnqilab və İnqilaba xas xüsusiyyətlər haqqında söylənilən fikirlərlə tanış olsunlar. Bizim İnqilabımız, sözün həqiqi mənasında, nur ilə zülmətin, haqq ilə batilin mübarizəsi idi. İnqilab İranı və İran xalqını ucaltmaq, İranın gələcəyini əzəmətləndirmək, İran xalqının milli kimliyini göstərmək məqsədi daşıyırdı. Bu, bu gün də belədir. Allaha şükürlər olsun ki, bu günə qədər buna nail olmuşuq, bu günə qədər bu yolda irəliləyə bilmişik. Bəli, doğrudur, İnqilabın bizim üçün müəyyənləşdirdiyi məqsədlərə tam nail olmamışıq. Biz ədalət mövzusunda, sosial aryıseçkiliklərin aradan qaldırılmasında və bir sıra əsas məsələlərin həllində geridəyik. Mütləq daha çox çalışmalı və irəliləməliyik. Amma bütün bunlara baxmayaraq, İnqilab özünü müstəqil kimlik və əzəmətli, ümidverici baza olaraq region, hətta regiondan kənar xalqlar üçün qoruyub saxlaya bilmişdir. Dünya imperialistlərinin, müstəmləkəçilərinin və gözəl səslənən adlar altında cinayətlər törədən qüvvələrin İİR-na qarşı olan aqressiyaları məhz İİR-nın indiyə kimi qalması, ayaqda durması və öz möhkəm yumruğunu onlara göstərə bilməsinə görədir. 

Bəziləri öz yanlış analizlərində belə bir təsəvvür yaratmaq istəyirlər ki, İran xalqı öz əli ilə özünə düşmən düzəldir. Belə deyildir. Sizin də gördüyünüz kimi, despot Amerikanın diplomatik təşkilatlarının İran xalqına qarşı dayanmadan işləməsinin səbəbi, sizin “Amerikaya ölüm” deməyiniz deyildir. Bu ona görədir ki, bu xalqın əzmi və fədakarlığı sayəsində İran özünü müstəmləkəçilərin əsarət boyunduruğundan xilas edə bilib. İran xalqı ilə düşmənçilik buna görədir. İran xalqına qarşı hiddətlidirlər, ona görə ki, İran onların təzyiqinə tabe olmur. Onlar başqalarına təzyiq göstərməyə adət ediblər. Özünüz də eşidirsiniz, deyirlər ki, “filan yeri bizə verin”, “filan yeri adımıza keçirin!” Bu, onların sözləridir. Əməlləri isə daha sərt, daha iyrənc və daha pisdir. Xalqların sərvətini talamaq, iradələrinə hakim kəsilmək müstəmləkəçilərin ən böyük cinayətlərindən biridir. Həmin cinayətkarların başında isə Amerika və mürəkkəb sionizm şəbəkəsi dayanır. Onlar İran xalqı kimi bir xalqın öz ayaqları üstündə durub, onların zülm, müdaxilə və təcavüzkarlığına qarşı etirazını, dövlət qurmasını, bu dövləti 46 ildən artıq bir müddətdə qoruyub saxlamasını və günü-gündən güclənməsi reallığını həzm edə bilmirlər. Onların gözü bunu götürmür.

Bu gün mən ilk növbədə Azərbaycan və Təbriz gənclərinə müraciət edirəm, amma əslində, bu müraciətim bütün ölkə gənclərinə ünvanlanıb: Bu gün sizin öhdəliyiniz bu motivasiyanı qorumaq, bu hərəkatı gücləndirmək və İnqilabın müəyyənləşdirdiyi hədəflərə doğru irəliləməkdir. Mən gənclərə inanıram. İnşallah, bu əzəmətli xalq hərəkatı bütün sektorlarda inkişaf edəcəkdir. Allah-Taala sizi qorusun və Öz bərəkətini siz əziz xalqa, Təbriz və Azərbaycan camaatına nəsib etsin, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_____________________

(1) Görüşün əvvəlində Höccətul-İslam Əhməd Mütəhhəriəsl (Vəliyyi-fəqihin nümayəndəsi və Təbrizin imam-cüməsi) çıxış etmişdir. 
(2) Cənab Məsud Pezeşkian
(3) Cənab Malik Rəhməti
(4) Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbai, “Əl-Mizan” kitabının müəllifi
(5) Əllamə Qulamhüseyn Əmini, “Əl-Qədir” kitabının müəllifi
(6) Siqətul-İslam kimi tanınan Mirzə Əliağa Təbrizi (Məşrutə dövrünün din alimi) 
(7) Şəhid Mehdi və Həmid Bakeri