بِسْمِ اللهِ الرَّحَمٰنِ الرَّحِیمِ وَ الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِینَ. وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَیٰ سَیِّدِنَا وَ نَبِیِّنَا اَبِیالْقَاسِمِ الْمُصْطَفَیٰ مُحَمَّدٍ وَ عَلَیٰ آلِهِ الْاَطْیَبِینَ الْاَطْهَرِینَ الْمُنْتَجَبِینَ، سِیَّمَا بَقِیَّةِ اللهِ فِی الْاَرَضِینَ
Rəhman və Rəhim Allahın adı ilə. (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Əziz qardaş və bacılar, çox xoş gəlmisiniz. Biz rəcəb ayının astanasındayıq. Bu ay dua, ibadət və Allaha təvəssül ayıdır. Gəlin, bu ayda fürsətdən istifadə edək və qəlbimizi, ruhumuzu, niyyətimizi Allah-Taalanın ucsuz-bucaqsız rəhmət dəryasına qovuşduraq. İşlər Allahın əlindədir, ona görə də Allahdan əzmkarlıq və güc, bəndəlikdə uğur əldə etməyi diləyək. Rəcəb ayının duaları ali məzmuna malikdir, yüksək ilahi və islami maarif ilə zəngindir. Allahdan salamatlıq, uğur və kömək istəyin.
Bugünkü görüş əziz şəhidimiz Süleymaninin, həmçinin ötən il onun məzarı kənarında terror edilən ziyarətçilərin şəhadətinin ildönümü ilə əlaqədardır. Onların ailələrindən bəzisi burada iştirak edirlər. Livanlı qardaş və bacılardan da ibarət bir qrup – istər Livan hadisələrində zərərçəkənlər olsun, istərsə də qeyriləri olsun – bu toplantıdadırlar. Bu görüş şəhadət və ixlas görüşüdür. Hüseyniyyənin mühiti sizin, bu nurani insanların iştirakı ilə nurlanıb, işıqlanıbdır.
Allah-Taala göstərdi ki, izzət Onun əlindədir. İzzət elə budur. Süleymaninin şəhadətinin ildönümündə onun məzarını ziyarət edib “Fatihə” oxumaq üçün insanların uzaq yerlərdən, hətta başqa ölkələrdən qalxıb gəlmələri, məgər izzət deyilmi? Bu, izzətdir. Allah üçün iş gördükdə, Allah da əvəzini belə verir. Sözsüz ki, bu, dünyada verilən əvəzdir. Onun İlahi rəhmət və nemət aləmindəki məqamı isə bizim üçün təsəvvür olunmazdır. Lakin onun dünya mükafatı – sizin də gördüyünüz kimi – budur. Minlərlə insanın yola düşüb, ziyarət etməyə gəldikləri bu məzar, onun məzarıdır. Bu izzəti Allah verir. Saf niyyətlə iş gördükdə, Allah da əvəzini belə verir. Bəziləri isə izzət qazanmaq üçün səhv vasitələrə üz tuturlar. Allah Qurani-Kərimdə buyurur:
اَیَبْتَغُونَ عِنْدَهُمُ الْعِزَّةَ
“İzzəti onların yanındamı axtarırlar?!” İzzət əldə etmək üçün kafir və münafiqlərəmi üz tuturlar?
فَإِنَّ الْعِزَّةَ لِلهِ جَمِيعًا
“Şübhəsiz ki, bütün izzət Allaha məxsusdur!” (2) İzzət Allahın əlindədir, Ona məxsusdur, Onun ixtiyarındadır. Bu ayə “Nisa” surəsindən idi. Başqa bir ayə isə “Fatir” surəsindədir:
مَنْ کَانَ یُرِیدُ الْعِزَّةَ فَلِلّهِ الْعِزَّةُ جَمِیعًا
“Hər kəs (dünyada) izzət istəsə, (bilsin ki,) bütün izzət ancaq Allaha məxsusdur.” (3)
İzzət Allahın əlindədir. Bu həqiqəti dərk etmək lazımdır. Bu anlayışı həyat tərzinə tətbiq etmək lazımdır. Bilməliyik ki, əgər izzət axtarırıqsa, onu harada axtarmalıyıq, izzətin mədəni haradır.
Mən bir neçə məsələyə toxunacağam. Onlardan biri şəhid Süleymani haqqındadır. Bəli, şəhid Süleymani haqqında çox danışılıb. Onun səciyyəvi cəhətləri, özünəməxsus keyfiyyətləri haqqında kitablar yazılıb, filmlər çəkilib. Onun barəsində söz sahibləri çox danışıblar. Mən də əvvəllər onun barəsində dönə-dönə danışmışam. (4) Bu gün də şəhid Süleymani haqqında bir neçə məqamı qısaca diqqətinizə çatdıracağam; ondan ötrü ki, öyrənək və biz də bu istiqamətdə hərəkət edək.
Birinci məqam budur ki, 1380-ci (red: 2001) illərin əvvəllərindən etibarən Amerika bölgəmizdə – Əfqanıstan və İraqda – hərbi təxribatlara başladığı və rəsmən bölgəyə girib, sözün həqiqi mənasında cinayətlər törətdiyi vaxt şəhid Süleymani elə ilk gündən mübarizə meydanına atıldı. Təhlükə haqqında düşünmədi, düşmənin zahiri gücü haqqında fikirləşmədi. Sözsüz ki, onların əsas məqsədi İran idi. İranın şərqində Əfqanıstana və İranın qərbində İraqa – hər birinə də bir bəhanə ilə – hücum edildi. Hadisənin zahiri bu idi, amma işin mahiyyəti İslam ölkəsi olan İranı və İran xalqını hər iki tərəfdən mühasirəyə almaq idi. Məqsəd bu idi. Bu iki hücum zərərsizləşdirildikdə, təbii ki, düşmən istədiyi nəticəni əldə etmədi. Şəhid Süleymani hadisələrin cərəyan etdiyi elə ilk vaxtdan mübarizəyə başladı. Bu şərəfli, sədaqətli insanın bu cihaddakı rolu əvəzolunmazdır. Onun özü də elə bu haqda nə çox danışar, nə də yazardı. Heç düşünmürəm də bu təfərrüatları, detalları tarixin yaddaşında qalsın deyə, kimsə yaza bilsin. Bu, təəssüfdoğuran məqamlardan biridir. Sözsüz ki, bu barədə məlumat çoxdur. Bu barədə bizdə və başqalarında olan məlumatlar kifayət qədər çoxdur. Amma bu məlumatlar bizim ölkənin siyasi ensiklopediyasında qorunub saxlanılmalıdır. Gələcək nəsillər bilsinlər deyə, bu məlumatlar sənədləşdirilməlidir.
Yadelli qüvvələr İraqın Nəcəf, Kərbəla, Kazimeyn, Bağdad və başqa şəhərlərinə hücum etdikləri ilk vaxtdan etibarən azsayda bir qrup gənc Əmirəl-mömininin (ə) ziyarətgahının həyətinə yığışaraq döyüş mövqeyi tutmuşdular. Köməksiz bir vəziyyətdə idilər. Nə silahları, nə də yetərli qədər yeməkləri var idi. Bundan xəbərdar olan Süleymani məsuliyyət hissi keçirir, onlarla əlaqə yaratmağa başlayır və onlara kömək edir. Onları xilas edir. Əlbəttə, həmin vaxt mərcəiyyət də çox yaxşı və olduqca effektiv bir addım atdı; olduqca əhəmiyyətli və həlledici bir addım idi. Amma mübarizə meydanına ilk atılan Süleymani olmuşdu. Amerikalılar Səddamı aradan götürüb, sonra çıxıb getmək üçün İraqa gəlməmişdilər. Onlar Səddamı aradan götürüb, özləri onun yerində otursunlar deyə gəlmişdilər. Bu məqsədlə əvvəlcə bir hərbiçini, bir generalı (5) İraqa başçı təyin edirlər. Sonra görəndə ki, bu hərəkət çox pis qarşılanır, onu kənarlaşdırıb yerinə Bremer (6) adlı bir siyasətçini oturdurlar. Bu ikinci şəxsin uzaqlaşdırılmasına, çətin, mürəkkəb, uzun bir prosesdən sonra İraqın iraqlıların ixtiyarına keçməsinə və ölkə başçılarını özlərinin seçməsinə səbəb olan şəxs əsas etibarilə şəhid Süleymani idi. Mədəni, hərbi, siyasi və təbligatçılıq aspektlərini özündə ehtiva edən bir müharibəyə başladı. Bunları Hacı Qasim etdi. Bunlar o dövrə aid hadisələrdir.
Bir müddət sonra növbə İŞİD-ə çatdı. Amerikalılar İraqa və həmin bölgənin digər yerlərinə birbaşa müdaxilə etməyin onlar üçün əlverişli olmadığını anladıqdan sonra İŞİD-i yaratdılar. Bunu artıq Amerikalılar da etiraf ediblər ki, İŞİD-i onlar yaradıblar. Yenə də mübarizə meydanına atılan və İŞİD-in qarşısında dayanan şəhid Süleymani oldu. Bir az sonra bu haqda bir məqamı diqqətinizə çatdıracağam. Bu hadisədə iraqlı gənclər tarix yazdılar, iraqlı gənclər sözün həqiqi mənasında bu hadisədə parladılar. Amma şəhid Süleymaninin bu hadisədəki rolu həyati əhəmiyyət kəsb edirdi. Əgər o, olmasaydı, bu, mümkün olmazdı. Demək istəyirəm ki, bölgə üçün əhəmiyyətli olan, ölüm-qalım məsələsi olan bu hadisədə bu insan belə bir təşəbbüskarlıqla, cəsarət və qüdrətlə mübarizə meydanına girərək həyatını təhlükəyə atdı. Həmin neçə ildə sözügedən qarşıdurmalarda qeyri-adi hadisələr baş verdi. Bu, birinci məqam.
İkinci məqam isə budur ki, şəhid Süleymaninin mübarizə fəaliyyətlərindəki daimi strategiyası Müqavimət Cəbhəsini dirçəltmək idi. Bu, nə deməkdir? Bu, həmin ölkələrin potensiallarından və hazırlıqlı gənclərindən istifadə etməkdir. O, bu işi ən mükəmməl şəkildə yerinə yetirdi. Hara gedirdisə – İraqda bir cür, Suriyada bir cür, Livanda bir başqa cür – həmin ölkənin, həmin ərazilərin mübarizəyə hazırlıqlı qüvvələrini səfərbər edirdi. Məsələn, İraqda mərcəiyyət fətva verdi, hökm çıxartdı ki, insanlar, gənclər İŞİD-in qarşısında dursunlar. Bundan sonra minlərlə gənc ön cəbhəyə yola düşdü. Ancaq minlərlə gənc təşkilatsız, silahsız, təlimsiz nə edə bilərdi? Kim onları təşkilatlandırdı? Kim onları silahlandırdı? Kim onlara qısamüddətli təlimlər keçdi? Bu şəxs şəhid Süleymani idi. O, bunları iraqlı dostlarının – onlardan, Allaha şükürlər olsun ki, bəzisi həyatdadır, bəzisi isə şəhid olub – o cümlədən şəhid Əbu Mehdinin həmkarlığı ilə etdi. Əbu Mehdini kiçik saymayın. O, olduqca böyük şəxsiyyət idi, çox dəyərli bir insan idi. Şəhid Süleymaninin yanında dayandı. Şəhid Süleymani bu qüvvələri mübarizə meydanının mərkəzinə çəkdi. Bu da bu şəhidin səciyyəvi cəhətlərindən biri idi. Bunların hamısı bir dərsdir, yəni böyük işlər üçün mövcud potensiallardan ən üstün bir şəkildə yararlanmaq, bu işi peşəkarcasına bilmək və onu yerinə yetirmək istiqamətində cidd-cəhdlə səy göstərmək. Bütün bunlar şəhid Süleymanidə cəm olmuşdu.
Şəhid Süleymani haqqında diqqətinizə çatdırmaq istədiyim digər bir məqam da budur ki, bu əziz qardaşımız və səmimi dostumuzun apardığı bu böyük mübarizənin bütün etaplarında Müqəddəs Məkanların müdafiəsi onun üçün əsas hədəf idi. İraqdakı Məsumların (ə) hərəmlərini müdafiə etməyi, “Zeynəbiyyə”ni (s) müdafiə etməyi, Əmirəl-mömininin (ə) səhabələrinin məzarlarını – bu səhabələrin bəzisi Şamda, bəzisi isə İraqda dəfn olunub – müdafiə etməyi, Məscidul-Əqsanı müdafiə etməyi özünə vəzifə bilirdi. Məscidul-Əqsa İslam dünyasının böyük hərəmi hesab olunur. Elə buna görə də fələstinli lider bu məkanda namazdan əvvəl etdiyi çıxışında şəhid Süleymanini “Qüds Şəhidi” adlandırmışdı. (7) O, İranı da hərəm hesab edirdi. O, İranı hərəm olaraq qoruyurdu. Diqqət edin! Müqəddəs Məkanların, Hərəmlərin müdafiəsi məntiqi – olduqca əhəmiyyətli bir məntiqdir. Bu da bu dahi şəxsiyyətin digər bir səciyyəvi cəhəti idi.
Digər bir məqam şəhid Süleymaninin ölkə məsələlərinə baxışı haqqındadır. Onun ölkə məsələlərinə baxışı qapalı və məhdud bir baxış deyildi. Bu, olduqca əhəmiyyətli bir məqamdır. O, ölkə məsələlərinə beynəlxalq müstəvidə baxır və dəyərləndirirdi. Bu nə deməkdir? Yəni o, bir prinsip kimi qəbul edirdi ki, regionda, hətta dünyada baş verən hər hansısa mühüm hadisə ölkə daxilinə, ölkə məsələlərinə birbaşa təsir qoyur. Ona aid olduğu qədər – bir sıra məsələlər ona aid deyildi, məsələn, iqtisadi problemlər şəhid Süleymaniyə aid deyildi – dünyada baş verən hadisələrin ölkə məsələlərinə qoyduğu təsiri görə bilir, onları dəyərləndirir və hesablamalar aparırdı, həmin problemləri həll etməyə çalışırdı. Təhlükəni ölkə sərhədlərindən kənarda müəyyən edir və problemi həll etməyə çalışırdı. Bu, İslamın təlimidir, yəni insan təhlükəni əvvəlcədən görməlidir. Əmirəl-möminin (ə) buyurur: “Mən düşmənin oxuduğu lay-lay ilə arxayınlaşıb yuxuya getmərəm.”(8)
O, belə bir insan idi. Bu da onun özünəməxsus keyfiyyətlərindən biridir. Bunlar bu əziz şəhidimizin malik olduğu xüsusiyyətlərdir.
Bəli, şəhid Süleymani bu xüsusiyyətlərə malik idi. Amma o, ilk növbədə bu xüsusiyyətlərə malik olan bir fərd kimi deyil, bir ideologiyanın ardıcılı, bir məktəbin üzvü, bir hədəfə doğru aparan yolun yolçusu kimi xarakterizə olunur. Şəhid Süleymani bir məktəbin üzvü olaraq bu xüsusiyyətlərə malik idi. O, hədəfə doğru hərəkət edir və məsuliyyət daşıyırdı. Biz bu məktəbi “Süleymani məktəbi” də adlandırırıq. Bu, elə İslam məktəbidir, Quran məktəbidir. O, bu məktəbə sadiq idi, ona tabe idi. Buna görə də o, bir ölçü və meyar oldu. Əgər biz də həmin imana və əmələ sahib olsaq, Süleymani olacağıq. Bizlərdən hər kim bu məktəbə həmin qədər bağlı olsa, Allah-Taalanın lütfü ona da şamil olacaqdır. Bu, birinci məsələ idi; şhəhid Süleymani haqqında idi.
İkinci məsələ “Hərəm müdafiəsi” haqqındadır. “Hərəm müdafiəsi” İranda, bizim insanlarımızın arasında, bizim cəmiyyətimizdə o qədər aydın bir məsələ kimi qəbul olunub ki, ən yaxşı insanlarımız bu yolda öz canlarını fəda etmək üçün ayağa qalxdılar. “Hərəm müdafiəsi” yolunda pak qanlar axıdıldı, əziz insanlarımız qurban getdilər. Bir qrup – mən xoşagəlməz ifadə işlətmək istəmirəm – hadisələri düzgün analiz edə bilmədikləri, düzgün dərk edə bilmədikləri və məsələləri kifayət qədər əhatəli bilmədiklərinə görə regionda baş verən son hadisədən sonra Müqəddəs Məkanların müdafiəsi uğrunda tökülən qanların hədər getdiyini təsəvvür edir, bunu dilə gətirir və bəlkə də bu düşüncəni yayırlar. Onlar belə bir böyük səhvə, yanlışa yol verirlər. Qanlar hədər getməyib.
Əgər bu əzizlərimiz getməsəydilər, bu mübarizə baş tutmasaydı, Hacı Qasim Süleymani bu bölgənin dağlarında, çöllüklərində bu şəhamətlə irəliləməsəydi, müdafiəçiləri arxasınca çəkməsəydi, bu gün İraqdakı Məsumların hərəmlərindən əsər-əlamət qalmayacaqdı. Buna əmin olun. Təkcə “Zeynəbiyyə”dən deyil, Kərbaladan da, Nəcəfdən də heç bir iz qalmaycaqdı. Buna sübut? Samirra. Samirra haqqında bir qədər səhlənkarlığa yol verildi, gördünüz ki, “Əsgəriyyəyn” İmamlarının (ə) günbəzləri viran edildi, zərihləri dağıdıldı. Bunu kimlər etdilər? Amerikanın dəstəyi ilə həmin təkfirçi qruplar. Hər yer bu vəziyyətə düşəcəkdi. Əgər bu müdafiə baş tutmasaydı, müsəlmanların qəlbinin qiblələri olan Kərbəla və Nəcəfdəki Məsumların hərəmlərinin aqibəti dağıdılmış “Əsgəriyyəyn” İmamlarının (ə) günbəzlərinin aqibəti kimi olacaqdı. Bu insanlar zəhmət çəkdilər, iş gördülər, düşmənin qarşısını alıb ağzının payını verdilər. Onlar böyük bir həqiqəti qorumağı bacardılar. Bu böyük həqiqət yalnız Müqəddəs Məkanlar deyildir, eyni zamanda həmin məkanın sahibləridir, həmin İmamların (ə) məktəbidir.
Ümumiyyətlə, bir məsələni də bilməliyik ki, Qurani-Kərim maarifinə əsasən Allah yolunda tökülən qan hədər getmir, tökülən heç bir qan boşa getmir. Hətta qələbə ilə nəticələnməsə belə, axıdılan qan hədər getmir. Ühüd döyüşündə həzrət Həmzənin (ə) qanı axıdıldı. Hədər getdi? Xeyr. Bundan daha önəmlisi, Kərbəlada Seyidüş-Şühədanın (ə) qanı axıdıldı. Boşa getdi? Xeyr. Haqq uğrunda axıdılan qan boşa getmir. Qurani-Kərim də bu barədə danışır, buyurur:
وَ مَنْ یُقَاتِلْ فِی سَبِیلِ اللهِ فَیُقْتَلْ اَوْ یَغْلِبْ فَسَوْفَ نُؤْتِیهِ اَجْرًا عَظِیمًا
“Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik.” (9)
İstər qalib gələsiniz, istərsə də öldürüləsiniz, məğlub olasınız və uduzasınız, fərqi yoxdur, bu əməlin özü Allah qatında dəyərli bir əməldir. Bu cihad Allah-Taalanın dərgahında qiymətlidir, əhəmiyyətlidir. Əlbəttə, qələbə də qaçılmazdır. İndi siz batil cəbhənin meydan oxumalarına baxmayın. Əmin olun ki, bu gün meydan oxuyanlar bir gün möminlərin ayaqları altında tapdalanacaqlar.
Digər bir məsələ isə İnqilaba, İslam Respublikasına aiddir. Şəhid Süleymaninin, onun silahdaşlarının və dostlarının bu son illərin hadisələrində, o cümlədən Hərəm Müdafiəsindəki fəaliyyətləri İslam İnqilabının və İslam Respublikasının təravətli olduğunu, bar verən bir ağac olduğunu göstərdi:
تُؤْتِی اُکُلَهَا کُلَّ حِینٍ بِاِذْنِ رَبِّهَا
“O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər...” (10)
Bu hadisələr bunu göstərdi. 1380-1390-cı illərin (red: 2001-2011) gəncləri 1360-cı (red: 1980-1981) illərin gəncləri kimi meydana atıldı, mübarizə apardı və canını qurban verdi. 1360-cı illərdə bəzi gənclər cəbhəyə getmək üçün valideynlərindən icazə ala bilsinlər deyə, ata-analarının ayaqlarına düşüb yalvardıqları kimi, 1380-1390-cı illərin bəzi gəncləri də valideynlərinə yalvarırdılar. Şəhid Höcəci cəbhəyə getmək, mübarizəyə qoşulmaq, Hərəmi Müdafiə etmək üçün anasının ayaqlarını öpərmiş. Bu onu göstərir ki, İnqilab diridir, təravətlidir. Dünyada baş verən bir çox ictimai hərəkatlarda əvvəlcə şövq və dinamiklik müşahidə olunur, sonra isə ruh düşkünlüyü yaranır və hərəkat aradan gedir. İslam Respublikası isə bu gün – aradan 46 il keçdikdən sonra da – həyatdadır, ayaq üstədir. Bu gün burada bu əziz gəncimizin ayağa qalxıb dediyi kimi – heç şübhəsiz, milyonlarla gənc də deyir ki – əgər lazım gələrsə, ehtiyac olarsa, İslamı düşmənlərdən müdafiə etmək üçün canımızı qurban verməyə hazırıq.
Hərəm Müdafiəçiləri göstərdilər ki, Müqavimət bayrağı hələ də dalğalanır və düşmən bütün bu illər ərzində xərclədiyi bu qədər vəsaitə rəğmən, nə Livanda, nə Fələstində, nə Suriyada, nə İraqda və nə də İranda Müqavimət bayrağını endirə bilməmişdir; endirə bilməyib, bilməyəcək də.
Burada qeyd etmək istədiyim mühüm məsələlərdən biri də bundan ibarətdir ki, hər bir ölkədə bu müqavimətin və milli iqtidarın bir sıra icraçı qüvvələri vardır. Bu qüvvələr qorunmalıdır. Bəzi ölkələrin ən böyük səhvlərindən biri təhlükəsizliyi və müqaviməti təmin edən qüvvələri səhnədən uzaqlaşdırmalarıdır. Canlarını qurban verməyə hazır olan mömin gənclər hər bir millətin ən önəmli iqtidar faktorudur. Odur ki, onlar səhnədən kənarlaşdırılmamalıdırlar. Bu da bizim üçün bir dərsdir. Allaha şükürlər olsun, ölkəmizdə bu məsələ kifayət qədər diqqət mərkəzindədir, amma bəzi ölkələr də bu məsələyə diqqət etməli, əhəmiyyət verməlidirlər. Onların təhlükəsizlik və sabitliyini təmin edən qüvvələrin nələr olduğunu bilməlidirlər. Onları səhnədən uzaqlaşdıranda, regionun bəzi ölkələrində yaranan məlum vəziyyət yaranacaq. Sabitlik, təhlükəsizlik və iqtidarı təmin edən qüvvələri kənarlaşdıranda, nəticə Suriya olacaq, hərc-mərclik olacaq, yadellilər tərəfindən Suriya torpağının işğalı olacaq. Amerika bir tərəfdən, sionist rejim o biri tərəfdən, bəzi təcavüzkar ölkələr də digər tərəfdən ölkəyə daxil olur.
Sözsüz ki, bu qüvvələr orada qala bilməyəcəklər. Suriya torpağı Suriya xalqına aiddir. Suriya torpağına hücum edənlər bir gün Suriyanın qeyrətli gənclərinin gücü qarşısında geri çəkilməyə məcbur olacaqlar. Bu hadisə mütləq baş verəcək. Təcavüzkar qüvvə hansısa xalqa aid olan torpaqdan özü çəkilməlidir, yoxsa çıxarılacaqdır. Amerikalılar bu gün Suriyada ardı-ardına hərbi bazalar tikirlər. Heç şübhəsiz, bu bazalar Suriya gənclərinin tapdaqları altında yox olacaq.
Livan Müqavimətin simvoludur. Livan zərbə alıb, amma əyilməyib, diz çökməyib. Doğrudur, düşmən zərbə endirir, amma özü də zərbəyə məruz qalır:
فَاِنَّهُم یَألَمونَ کَما تَألَمون (11)
Sonda qalib gələnlər isə imanın gücü və möminlərdir. Livan Müqavimətin simvoludur və qalib gələcək. Yəmən də Müqavimətin simvoludur, o da qalib gələcək. İnşallah, başda tamahkar, təcavüzkar Amerika olmaqla düşmənlər, təcavüzkarlar bölgə xalqlarından, insanlarından əl çəkməyə və bu regionu zillətlə tərk etməyə məcbur qalacaqlar.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
_________________
(1) Bu görüşdə şəhid Süleymaninin ailəsi, Hərəm və Müqavimət Müdafiəçilərinin ailələrindən bəzisi, 2024-ildə Kerman şəhərinin “Gülzare Şühəda” xiyabanında baş verən terror hadisəsində şəhid olanların ailələrindən bəzisi, 2020-ci ildə Hacı Qasim Süleymaninin cənazəsinin dəfn mərasimində şəhid və yaralananların ailələri, Livandakı son hadisələrin şəhid və yaralıların ailələrindən bir qrupu iştirak etmişlər.
(2) “Nisa” surəsi, 139-cu ayə
(3) “Fatir” surəsi, 10-cu ayə
(4) “Qum əhalisi ilə görüş” 18.10.1398 (red: 08.01.2020)
(5) General Jay Garner
(6) Paul Bremer
(7) Fələstin İslam Müqavimət Hərəkatı, Həmas Siyasi Bürosunun rəhbəri şəhid İsmail Haniyənin şəhid Süleymaninin cənazə namazı zamanı etdiyi çıxış.
(8) “Nəhcül-bəlağə”, 6-cı xütbə
(9) “Nisa” surəsi, 74-cü ayə
(10) “İbrahim” surəsi, 25-ci ayə
(11) “...Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər...” “Nisa” surəsi, 104-cü ayə