بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفیٰ محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین و صحبه المنتجبین و من تبعهم باحسانٍ الی یوم الدّین
Rəhman və Rəhim Allahın adı ilə (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, onun seçilmiş səhabələrinə və onlara ən gözəl şəkildə tabe olanlara Qiyamət gününədək salam olsun.
Hörmətli cənablar, əziz qardaşlar, çox önəmli qurum olan Xobreqan Məclisinin fəal üzvləri, hamınıza xoş gəlmisiniz deyirəm. Xobreqan Məclisinin cari fəaliyyəti barədə etdiyi geniş çıxışa görə Cənab Buşəhriyə də öz təşəkkürümü bildirirəm. O, Xobreqan Məclisinin adından çox vacib məsələlərə toxundu. Arzu edərdim ki, onların hamısı ilə sona qədər məşğul olasınız, lazımi işlərin, inşallah ki, həyata keçirilməsini müvafiq qurumlardan tələb edəsiniz. Mənimsə bu gün üzərində durmaq istədiyim mövzu xülasə olaraq bundan ibarətdir ki, Xobreqan Məclisi bir anlayış olaraq, Konstitusiyada və dövlət quruluşumuzda kəsb etdiyi yer və məna baxımından İslam Respublikasının ən inqilabi qurumlarından biridir. “Ən inqilabi” dedikdə, mən İslam İnqilabı ilə ən sıx formada əlaqəli olmasını nəzərdə tuturam. Bu mənada Xobreqan Məclisi İslam İnqilabının ən inqilabi institutlarından biridir. “Ən inqilabi” ifadəsini işlətməyimin səbəbi sözügedən məclisin Ali Rəhbər seçimində oynadığı roldur. Bu, olduqca mühüm, müstəsna bir roldur. Xobreqan Məclisi öhdəsinə düşən bu işi lazımınca yerinə yetirmək üçün daim hazırlıqlı olmalı və elə hazırlıqlıdır da. Mən bu mövzuda bir neçə cümlə ilə fikirlərimi sizə çatdırmaq istərdim. İslam dövlətinin ümumi strukturunda Ali Rəhbərlik postu əsasən İslam İnqilabının hədəfinə doğru istiqamətlənməni qoruyub saxlamaq üçündür. Ali Rəhbərin ən ümdə vəzifəsi budur. İnqilab müəyyən hədəf üçün yaranıb. Əlbəttə, bütün inqilabların müəyyən hədəfi olur, əsas hədəfləri olur və məhz həmin hədəflər əsasında da ictimai quruluşu, insanların həyatını tamamilə dəyişirlər. İslam İnqilabının hədəfini qısaca şərh etmək istəsək, deməliyik ki, bu hədəf ölkədə insanların həyatında tövhidi gerçəkləşdirməkdən ibarətdir. Məfhum, anlayış etibarilə tövhid insanların dərk səviyyəsindən asılı olaraq genişlənə biləcək bir məsələdir. Həmin bu tövhid məfhumu cəmiyyətimizin həyatında gerçəkləşməlidir; yəni tövhid toplumumuzda reallaşmalıdır. Çünki din elə tövhiddən ibarətdir. İslam İnqilabının hədəfi bax bu tövhiddir. Əlbəttə, bu barədə geniş danışmaq lazımdır, lakin bu gün burada buna vaxtımız yoxdur.
Müsəlman cəmiyyətinin bu hədəfə yaxınlaşması, tövhidə əsaslanan bir cəmiyyət olması üçün müəyyən səylər göstərilməlidir və eyni zamanda müəyyən əngəllər, maneələr də var. Bu hədəfə aparan yolda daim hansısa maneələr ortaya çıxır, bu irəliləyişin qarşısını almaq istəyənlər olur; bu hərəkətə əngəl olmaq istəyi mövcuddur. O istək, o motivasiya İslam İnqilabı və İslam dövlətinin öz hədəfinə doğru irəliləyib uğur qazanmasına imkan verməmək məqsədi güdür. Bu irəliləyişi durdurmaq, hətta geri çevirmək istəyirlər. Ola bilsin ki, hətta o geri çevirmə, əvvəlki mürtəce formaya salma cəhdlərinə yenilikçilik, müasirlik donu da geydirələr. Fərq etməz, məqsəd, mahiyyət yenə də eynidir – inqilabın irəliləyişini durdurmaq istəyidir. Digər inqilablarda da bu istəyi müşahidə etmişik, arzularına çatıblar da, həmin inqilabların öz hədəflərinə çatmasına əngəl ola bilib, o inqilabların kursunu dəyişməyə müvəffəq olublar. Məsələn, müasir tariximizə ən yaxın dövrdə baş vermiş inqilablardan olan Böyük Fransa inqilabında; inqilabın başlamasından 15 il keçməmişdi ki, ölkədə əvvəlki qatı monarxiya diktaturası bərqərar oldu, yenə həmin vəziyyət yarandı. O boyda xalq hərəkatı, məşhur Fransa mütəfəkkirlərinin gördüyü o qədər işlər, xalqın çəkdiyi əzab-əziyyət, apardığı mübarizə, o qırğınlar, qarşıdurmalar 15 ildən də az bir vaxt ərzində bütün bunlar hamısı, demək olar ki, puç oldu, yox olub getdi. Böyük inqilablardan olan Sosialist inqilabı da daha betər formada eyni aqibəti yaşadı; Böyük Sosialist inqilabı. Orada da eynilə. Orada da aradan heç 10 il keçməmiş bütün o iddialar, irəli sürülən fikirlər, o ictimai ədalət iddiası, kommunizmin irəli sürdüyü o özünəməxsus xalq hakimiyyəti ideyası hamısı aradan getdi. Stalin kimi bir diktatorun, amansız quldurun hakimiyyətə gəlməsi ilə hər şey bitdi. Yəni bu bütün inqilabların qarşılaşa biləcəyi bir təhlükədir.
Qurani-Kərimdə də bu məqama diqqət yetirilib, bu məsələ qeyd olunub, özü də iki-üç dəfə yox, dönə-dönə, on dəfələrlə vurğulanıb. Quran ayələrində insanların geriləməsi, qurtulduqları bir vəziyyətə geri dönməsi haqda dəfələrlə söhbət açılır; həm möminlərə münasibətdə, həm də elə kafirlərin özlərinə xitabən. Bəzi yerlərdə kafirlərə xatırladılır ki, “siz əvvəlki yolunuzla gedirsiniz”. “Tövbə” surəsinin şərif ayələrindən birində buyurulur:
فَاستَمتَعتُم بِخَلاقِکُم کَمَا استَمتَعَ الَّذینَ مِن قَبلِکُم بِخَلاقِهِم وَخُضتُم کَالَّذی خاضُو
“Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) yuvarlandınız”. (2)
Burada əvvəlki əməllərinə geri döndükləri kafirlərin üzünə vurulur, “siz yenə də əvvəlki vəziyyəti təkrarlayırsınız” – deyilir. Yaxud “İbrahim” surəsinin bu şərif ayəsində:
وَ اَنذِرِ النّاسَ یَومَ یَأتیهِمُ العَذاب
“İnsanları onlara əzab gələcəyi günlə qorxut”. (3)
Ardınca buyurur:
وَ سَکَنتُم فی مَساکِنِ الَّذینَ ظَلَمُوا اَنفُسَهُم وَ تَبَیَّنَ لَکُم کَیفَ فَعَلنا بِهِم وَضَرَبنا لَکُمُ الاَمثال
“Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik sizin üçün (ibrətamiz) məsəllər də çəkdik”. (4)
Quranın çoxsaylı ayələrində möminlərə də xitabən belə xatırlatma və təhdid var. Mən burada onlardan 2-3 dənəsini qeyd etmişəm.
یا اَیُّهَا الَّذینَ آمَنوا اِن تُطیعُوا الَّذینَ کَفَروا یَرُدّوکُم عَلیٰ اَعقابِکُم فَتَنقَلِبوا خاسِرین
“Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz”. (5)
Bu, mübarək “Ali-İmran” surəsindədir. Buyurur ki, əgər qəflətə qapılsanız, kafirlərə itaət etsəniz, geriləmə baş verəcək, geriyə dönmüş olacaqsınız, irtica vəziyyətinə düşəcəksiniz. Quran bu barədə xəbərdarlıq edir.
یا اَیُّهَا الَّذینَ آمَنوا اِن تُطیعوا فَریقًا مِنَ الَّذینَ اوتُوا الکِتابَ یَرُدّوکُم بَعدَ ایمانِکُم کافِرین
“Ey möminlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər”. (6)
Bu da mübarək “Ali-İmran” surəsindədir. Həmçinin mübarək “Bəqərə” surəsində buyurur:
وَ لا یَزالونَ یُقاتِلونَکُم حَتّیٰ یَرُدّوکُم عَن دینِکُم اِنِ استَطاعوا
“Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər”. (7)
Yaxud “Bəqərə” surəsinin digər bir şərif ayəsində:
وَدَّ کَثیرٌ مِن اَهلِ الکِتابِ لَو یَرُدّونَکُم مِن بَعدِ ایمانِکُم کُفّارا
“(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər”. (8)
Yəni geriləmə, ətalət, yenidən əvvəlki vəziyyətə qayıtma xırda bir məsələ deyil, olduqca əhəmiyyətli bir məsələdir və Quranda bu mövzuya toxunulub. Elə dünya tarixinin yaxın dövr reallıqlarında da bunun nümunələri var, qədimdə də olub.
Bu geriləmənin qarşısını ala biləcək bir amilə ehtiyac var. İslam dövlətində o amil “Ali Rəhbər” institutudur. O sapmanın qarşısı Ali Rəhbərin vasitəsi ilə alınmalıdır. Bu çox əhəmiyyətlidir, olduqca əhəmiyyətlidir! Odur ki, Xobreqan Məclisi də belə bir mühüm vəzifəni – yəni Ali Rəhbər vəzifəsini yerinə yetirəcək məmuru təyin etməyin məsuliyyətini daşıdığına görə son dərəcə yüksək əhəmiyyət kəsb edir. Xobreqan Məclisinin əhəmiyyəti məhz bu baxımdandır. Elə ona görə də bir qədər əvvəl mən qeyd etdim ki, Xobreqan Məclisi ən inqilabi qurumlardan biridir. Nəzəri cəhətdən Xobreqan Məclisinin funksiyası bundan ibarətdir. Əlbəttə ki, praktik cəhətdən vəziyyət fərqli ola bilər: ola bilər məclis bu funksiyanı lazımınca yerinə yetirə, ola bilər yetirməyə. Eynilə elə Ali Rəhbərin özü kimi; işini bacara da bilər, bacarmaya da bilər. Əlbəttə ki, “Ali Rəhbər”in öz vəzifəsini layiqincə yerinə yetirmək istəməməsi təsəvvür belə oluna bilməz; bacarıb-bacarmamaq məsələsi ola bilər.
Xobreqan Məclisinin vəzifələrindən danışarkən digər bir mühüm məqamı da qeyd etmək vacibdir: bu məclisin təşkil olunması, öz işinə davam etməsi o deməkdir ki, İslam dövləti öz yoluna davam edir. Yəni İslam dövlətinin irəliləyişində durğunluq yaranmayıb, onun növbəti şəxsini müəyyən edəcək bir Xobreqan Məclisi var. Yəni bu silsilə eyni qüvvət, qüdrət və tam məharətlə davam edəcək. Xobreqan Məclisinin varlığı, hazırlığı belə bir dərin məna daşıyır. Ali Rəhbər postunda oturan o insan bir gün olmasa, Xobreqan Məclisi dərhal işə keçib növbəti şəxsi müəyyənləşdirəcək. Bax məsələ budur.
Burada haşiyədə qeyd oluna biləcək bir məna da var ki, o da çox əhəmiyyətlidir: bu yerdəyişmə onu göstərir ki, İslam dövləti və İslam İnqilabı müəyyən bir şəxsdən asılı deyil. Ayrı-ayrı şəxslərin mühüm rolu, yerinə yetirməli olduqları önəmli vəzifələr var, lakin dövlət onlardan asılı deyil, sistem müəyyən bir şəxs ondan təmsil olunmadan da öz yoluna davam edə bilər. Allah-Taala bunu Həzrət Peyğəmbər – varlıq aləminin ən böyük və ən önəmli şəxsiyyəti barədə də buyurub:
اَ فَاِن ماتَ اَو قُتِلَ انقَلَبتُم عَلی اَعقابِکُم؟
“Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?)” (9)
Təsəvvür edin, bu ayə Uhud döyüşü ilə bağlıdır, yəni hicrətin 3-cü ilinə aiddir. Allah-Taala belə bir ayə nazil etməklə insanlara xəbərdarlıq edib. Ayə qınaq, məzəmmət üslubu ilə bəyan olunur. Nəzərdə tutulan məna budur ki, siz, məsələn, Peyğəmbərin qətli barədə şayiədən narahat oldunuz, bəzi sözlər danışdınız. Əgər bir gün Peyğəmbər olmasa, “انقَلَبتُم عَلی اَعقابِکُم؟” – “gerimi dönəcəksiniz?” Yəni Quran möminləri bu barədə məzəmmət edir. Baxın, fərz edin ki, hicrətin 3-cü ilində Peyğəmbər olmayaydı. İslam quruluşu hələ formalaşmamış, lazımi hazırlıqları əldə etməmiş, Peyğəmbər də onların arasından götürüləydi, hətta belə bir şəraitdə də Allah-Taala insanların öz yolundan dönməsinə icazə vermir.
اِنقَلَبتُم عَلی اَعقابِکُم؟ – “Gerimi dönəcəksiniz?” Öz yolundan geri dönməmək, konkret şəxslərin ortada olub-olmamağından asılı olaraq bu yolda irəliləyişini durdurmamaq məsələsi bu qədər əhəmiyyətlidir.
Bəli, bunlar Xobreqan Məclisinin öhdəsinə düşən mühüm vəzifələrdir. Yəni Xobreqan Məclisinin mövqeyinin əhəmiyyəti qısaca qeyd etdiyim bu məqamlardan aydın olur. Təbii ki, bu əhəmiyyət Xobreqan Məclisinin çiyinlərinə böyük bir vəzifə də qoyur. Həmin vəzifə bundan ibarətdir ki, Xobreqan Məclisi öz seçimində son dərəcə diqqətli olmalıdır. Bu seçimdə son dərəcə böyük diqqət və məsuliyyət tələb olunur. Konstitusiyada Ali Rəhbər üçün şərt və kriteriyalar müəyyən olunub, məlumdur. Həmin kriteriyalardan ən önəmlisi Ali Rəhbərin İslam İnqilabının yoluna və hədəfinə səmimi-qəlbdən, sonsuz etiqad bəsləməsidir. Bu etiqad olmalıdır. Bu vəzifəyə layiq olmaq üçün bir insan bu yolda dayanmaq, yorulmaq bilmədən ardıcıl olaraq irəliləməyə hazır olmalıdır. Ali Rəhbəri seçərkən namizədlərdə bu keyfiyyətləri müəyyən etmək lazımdır. Xobreqan Məclisi ilə bağlı qeyd etmək istədiyim əsas fikir bu idi.
Bu günlər dövrümüzün böyük mücahid şəhidi – o, həqiqətən də, yorulmaq bilməyən, böyük bir mücahid idi – mərhum Cənab Seyid Həsən Nəsrullahın (Allahın Behişti ona nəsib olsun, Allah qədir-qiymətini uca etsin, mükafatını artırsın) şəhadətinin 40-cı gününə təsadüf edir; bu günlərdə onun qırxıdır. Xatirəsini ehtiramla yad edirik. Şəhid Haniyənin, Şəhid Səfiyəddinin, Şəhid Yəhya Sinvarın, Şəhid Nilforuşanın və müqavimətin digər şəhidlərinin xatirəsini anırıq. Mən bəzi şeyləri görüşün əvvəlində qeyd etmək istəyirdim, indi deyirəm. Xobreqan Məclisinin şəhid olmuş nümayəndələri Şəhid Rəisi və Şəhid Ali-Haşimin də (yerləri Behişt olsun) xatirəsini yad edir və bu şanlı şəhidlərin hamısına Allah dərgahında uca məqamlar diləyirəm.
Adlarını qeyd etdiyim o böyük şəxsiyyətlər – mərhum Cənab Nəsrullah və bu günlərdə şəhid olmuş digər əziz insanlar, həqiqətən də, İslam dininə, həmçinin müqavimət cəbhəsinə başucalığı gətirdilər, güc-qüdrətini ikiqat artırdılar. Hamısı – adlarını çəkdiyim insanların hər biri özünəməxsus bir həddə və özünəməxsus bir şəkildə bunu etdi. Əziz Seyidimiz öz arzusuna çatıb ali şəhidlik məqamına yüksəldi, lakin burada bizim üçün qalıcı bir yadigar qoyub getdi. O yadigar “Hizbullah”dır. “Hizbullah” Seyidin şücaətinin, zəkasının, onda olan heyrətamiz səbir və təvəkkülün bərəkəti sayəsində inkişaf etdi. Qeyri-adi inkişafa nail oldu və həqiqətən, elə bir təşkilata çevrildi ki, əlində cürbəcür maddi silahlar, təbliğat və media imkanları və s. olan, yaxşı təchiz olunmuş düşmən ona qalib gələ bilmədi. İnşallah, bundan sonra da qalib gələ bilməyəcək. Mərhum Cənab Seyid Həsən Nəsrullah “Hizbullah”ı belə bir varlığa, belə bir fenomenə çevirib.
Əlbəttə ki, Amerikanın açıq-aydın iştirakı məlumdur. Amerika dövlətinin həqiqətən də, əlləri qana bulaşıbdır. Qəzza və Livanda törədilən cinayətlərdə Amerikanın iştirakı açıq-aşkardır, bu gün artıq hamı bunu bilir. Əvvəllər bu fikir siyasi təhlil kimi səsləndirilirdi, indi artıq hamı görür. Həmçinin bəzi Avropa dövlətlərinin də (bu cinayətlərdə iştirakı vardır). Mənim vurğulamaq istədiyim budur ki, bu gün, əlhəmdulillah, qüdrət və qüvvətlə davam etdirilən bu mücahidələr – istər Livanda, istərsə də Qəzza və Fələstində – heç şübhəsiz, haqqın, haqq cəbhəsinin, müqavimət cəbhəsinin qələbəsi ilə sonlanacaq. Biz buna ümidvarıq. Ümumilikdə hadisələrə nəzər saldıqda, həmçinin İlahi vədlərə diqqət yetirdikdə insan anlayır və hiss edir ki, proseslər qəti surətdə məhz bu cür nəticələnəcək.
Əvvəla, İlahi vədə əsasən; bu gün baş verən hadisələr Qurani-Kərimin bu şərif ayəsinin bariz təcəssümüdür:
اُذِنَ لِلَّذینَ یُقاتَلونَ بِاَنَّهُم ظُلِموا وَ اِنَّ اللَهَ عَلی نَصرِهِم لَقَدیر * اَلَّذینَ اُخرِجوا مِن دِیارِهِم بِغَیرِ حَقٍّ اِلّا اَن یَقولوا رَبُّنَا اللَهُ وَ لَو لا دَفعُ اللَهِ النّاسَ بَعضَهُم بِبَعضٍ لَهُدِّمَت صَوامِعُ وَ بِیَعٌ وَ صَلَواتٌ وَ مَساجِدُ یُذکَرُ فیهَا اسمُ اللَهِ کَثیراً
“Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz Allahdır" dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi)”. (10)
Kilsəni vururlar, xəstəxananı vururlar, məscidi vururlar. Yəni doğrudan da, bu ayənin təzahürünü görürük. Bu “دفع النّاس بعضهم ببعض” – “insanların bir qismini digər qismi ilə dəf etmək” məsələsinin nəticəsi nədir? Ayənin ardında bu nəticə qeyd olunur:
وَ لَیَنصُرَنَّ اللَهُ مَن یَنصُرُهُ اِنَّ اللَهَ لَقَوِیٌّ عَزیز
“Allah Ona (Onun dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (11)
Həmin ifadədə bir vurğulama var. İnsanların bir qisminin digər qismi, yəni zalımın məzlum, qəsbkar və təcavüzkarın Allah yolunda cihad edən mücahidlər vasitəsilə dəf edilməsinin nəticəsi budur: “وَ لَیَنصُرَنَّ اللَهُ مَن یَنصُرُهُ” – “Allah Ona (Onun dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər.” Bu, İlahi vədlərdən biridir, yəni Allahın buyuruğudur, ona heç bir şübhə və tərəddüd yeri yoxdur. İlahi vədlərə şübhə ilə yanaşmağa icazə verilmir. Bu, Allah-Taalanın verdiyi bir vəddir. İndiyə qədər də elə Allahın bu vədində buyurduğu kimi olub.
Bir tərəfdən bu – Quran ayələri və İlahi vədlər, digər tərəfdən də bizim öz yaşadığımız təcrübələr. Bu uzun illər ərzində – təxminən son otuz neçə, qırx ildə “Hizbullah” bir dəfə sionist rejimini Beyrutdan geri çəkilməyə məcbur edib, bir dəfə də Livanın cənubunu, kənd, şəhər və yüksəklikləri İsrail rejiminin mənhus varlığından tamamilə azad edib. Yəni “Hizbullah”ın bu nailiyyətləri daim artıb. Allah yolunda cihad edən kiçik bir qrupdan belə böyük, güclü, bacarıqlı bir təşkilata çevriliblər. Hansı ki, bu gün bu təşkilat hərbi, siyasi, iqtisadi, media təbliğatı baxımından yüksək səviyyədə təchiz olunmuş, ABŞ və onun kimi digər bədəməl dünya ölkələri başçılarından lazımi dəstək alan bir düşməni zaman-zaman geri oturtmağa, məğlub etməyə nail olur. Bu bizim gözümüzün önündə olan bir təcrübədir. Fələstin müqaviməti ilə də bağlı eyni təcrübənin şahidi olmuşuq. Onlarla İsrail rejimi arasında da 1388-ci ildən (2009 – red.) bu günə qədər 9 dəfə toqquşma olub və 9 toqquşmanın hamısında da müqavimət qüvvələri qalib gəlib.
Bu gün də Fələstin müqaviməti İsrail rejimini məğlub edib; baxmayaraq ki, səthi baxıldığı zaman zahirdə görünən başqadır. Çünki İsrailin məqsədi HƏMAS-ın kökünü kəsmək idi, amma bunu bacarmadı. Bu qədər insanı soyqırım ediblər, öz çirkin simalarını bütün dünyaya göstəriblər, nə qədər xəbis olduqlarını hamıya sübut ediblər, hamının qınağına tuş gəliblər, özlərini təcrid olunmuş vəziyyətə salıblar. “HƏMAS-ın işi bitəcək” xəyalı ilə müqavimətin rəhbərlərini, HƏMAS liderlərini şəhid ediblər. Buna baxmayaraq, HƏMAS yenə də döyüşür, yenə də mübarizə aparır. Bu, sionist İsrail rejiminin məğlubiyyəti deməkdir. Eynilə “Hizbullah” da; “Hizbullah” da bu cürdür – güclüdür. Düzdür, hazırda Livanın özündə və digər yerlərdə Hizbullahın zəiflədiyini güman edən bir qrup adam təşkilatın gördüyü işləri pisləməyə başlayıb, amma səhvə yol verirlər, fantaziyaya qapılırlar. Hizbullah güclüdür və mübarizəyə davam edir. Bəli, Cənab Seyid Həsən Nəsrullah, yaxud Cənab Seyid Haşim Səfiyəddin kimi mühüm və görkəmli şəxsiyyətlər artıq “Hizbullah” sıralarında deyil, lakin bu təşkilat, əlhəmdulillah, öz üzvləri, öz mənəvi gücü, ruhiyyəsi ilə meydandadır. Düşmən “Hizbullah”a qalib gələ bilməyib və inşallah, qalib gələ bilməyəcək də. İnşallah, dünyamız və regionumuz Allah yolunun mücahidlərinin əli ilə sionist İsrail rejiminin açıq-aydın məğlub edildiyi günü görəcək. Hörmətli cənablar, ümidvaram, hamınız o günün şahidi olacaqsınız, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
___________________
(1) 6-cı çağırış Xobreqan Məclisinin 2-ci iclasının sonunda baş tutmuş bu görüşün əvvəlində Xobreqan Məclisinin sədri Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani və Xobreqan Məclisi sədrinin 1-ci müavini Höccətul-İslam vəl-muslimin Seyid Haşim Hüseyni Buşəhri çıxış etmişlər.
(2) “Tövbə” surəsi, 69-cu ayədən
(3) “İbrahim” surəsi, 44-cü ayədən
(4) “İbrahim” surəsi, 45-ci ayə
(5) “Ali-İmran” surəsi, 149-cu ayə
(6) “Ali-İmran” surəsi, 100-cü ayə
(7) “Bəqərə” surəsi, 217-ci ayədən
(8) “Bəqərə” surəsi, 109-cu ayədən
(9) “Ali-İmran” surəsi, 144-cü ayədən
(10) “Həcc” surəsi, 39-cu ayə və 40-cı ayədən
(11) “Həcc” surəsi, 40-cı ayədən