Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Təhlükəsizlik orqanlarının şəhid əməkdaşlarının ailə üzvləri ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی‌القاسم المصطفی 
محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə.

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, məsum, hidayət edən və hidayət olunan, seçilmiş Əhli-Beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Təhlükəsizlik orqanlarının məqamları uca olan şəhidlərinin ailə üzvləri, çox xoş gəlmisiniz. Sizin şəhidlərinizin və onların ailələrinin, eləcə də sizin özünüzün – şəhid valideynlərinin, həyat yoldaşlarının və övladlarının – İran xalqı üzərindəki haqqı doğrudan da vəsf olunmazdır. İnşallah, sizin iştirakınızla və bu qardaşların isti nəfəsi ilə canlanan bu görüşümüz, Allah-Taalanın İran xalqına bəxş etdiyi lütf və fəzilətinin həmişəkindən daha çox dərk edilməsinə səbəb olacaq.

Təhlükəsizlik orqanları şəhidlərinin dəyərini necə dərk etmək, anlamaq olar? Bunu təhlükəsizlik məsələsinin oynadığı rol və əhəmiyyətdən anlamaq mümkündür. Təhlükəsizliyin ölkə üçün nə qədər zəruri olduğunu müəyyənləşdirib anladığımızda, təhlükəsizliyin  keşiyində duranlara, bu yolu canları bahasına qoruyanlara – istər Daxili İşlər Nazirliyinin, istər Bəsicin, istərsə də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları olsun – öz layiqli qiymətini vermiş oluruq və bu məsləyin şəhidini Haqq yolunun ən üstün dərəcəli şəhidi hesab edirik. Məsələnin mahiyyəti də elə bundan ibarətdir.

Şübhəsiz ki, hər bir ölkənin, hər bir cəmiyyətin ən əsas ehtiyaclarından biri – onun təhlükəsizliyidir. Əgər hansısa cəmiyyətdə təhlükəsizlik yoxdursa, əslində, o cəmiyyətdə heç nə yoxdur: nə iqtisadiyyat var, nə elm var, nə inkişaf var, nə də ailə var. Təhlükəsizlik məsələsi həqiqətdə bir millətin, bir ölkənin bütün tərəqqi vasitələrinin, yollarının əsasıdır; təhlükəsizlik bu deməkdir. Cəmiyyətin mənəvi-psixoloji sabitliyi, əmin-amanlığı öz mənşəyini təhlükəsizlikdən alır. Gənclərin təhsili və inkişafı üçün olan imkanlar təhlükəsizlikdən qaynaqlanır. Bu səbəbdən də təhlükəsizlik Allahın böyük nemətidir. Diqqət edin, Allah-Taala Qurani-Kərimdə əmin-amanlığın yüksək əhəmiyyətini vurğulamaqla müsəlmanlara onun böyük bir nemət olduğunu xatırladır:

فَلیَعبُدوا رَبَّ هٰذَا البَیت اَلَّذی اَطعَمَهُم مِن جوعٍ وَ آمَنَهُم مِن خَوف 

"...Onlar bu evin Rəbbinə ibadət etsinlər! O Rəbb ki, onlara aclıqdan sonra yemək, qorxudan sonra əmin-amanlıq verdi”. (1)

Yəni bu böyük nemətləri sizə verən Allaha ibadət edin. O, sizə əmin-amanlığı, dinc həyatı, təhlükəsiz həyat imkanını lütf etmişdir. Bu, təhlükəsizliyin əhəmiyyəti haqqındadır. Əgər bu mövzu bu qədər önəmlidirsə, demək, bu yolda fədakarcasına, özünü qurban verərək şəhid olanlara təəccüb etməməliyik. Bu şəhidlərin məqamı da olduqca yüksəkdir.

Təhlükəsizliyin və təhlükəsizlik keşikçilərinin olmadığı yerdə fitnə-fəsad var. Bu ümumi bir qaydadır. Odur ki, müxtəlif təhlükəsizlik sektorlarında – qeyd etdiyim kimi – fəaliyyət göstərən əziz gənclərimizin missiyasının əhatə dairəsi çox genişdir. Onlar hamısı bu İlahi lütfə, fəzilət və bəxşişə şamildirlər və onlar ən yaxşılardan, üstünlərdən hesab olunurlar. Bəziləri sərhəddə quldurluq etməklə, bəzisi küçədə fitnə-fəsad törətməklə, digəri kiminsə evindən oğurluq etməklə, kiminsə mağazasını qarət etməklə, biri şayə yaymaqla, digəri adam öldürməklə, biri narkotik qaçaqmalçılığı ilə, bir başqası isə silah qaçaqmalçılığı ilə fitnə-fəsad törədir. Bunların hamısı fəsaddır. Kim bu qəbildən olan şər, qanunsuz hadisələrin qarşısında dayanarsa, “Təhlükəsizliyin keşikçisi”, “Əmniyyətin qoruyucusu” ünvanı ona şamil olur və belə bir şərəfli adı qazanır. Bütün bu hadisələrdə öz həyatlarını riskə atan, təhlükə ilə üz-üzə duran və belə bir şəraitdə işləyənlər həmin əzizlərimizdir.

Burada bir incə məqam var və o da bundan ibarətdir ki, ölkənin təhlükəsizliyini təmin edən mühüm amil nədir? Bəziləri bu məsələ ilə əlaqəli qəribə təhlillər apararaq, belə düşünürlər ki, əgər ölkədə stabilliyin hökm sürməsini istəyiriksə, böyük dövlətlərlə aramızı gərginləşdirəcək vasitələrə əl uzatmamalıyıq. Məsələn, onlarla aramızdakı vəziyyəti gərginləşdirən uzaq mənzilli raketlərimizin olmasına nə ehtiyac var?! Bu cür düşünməklə ölkənin təhlükəsizliyini təmin edəcəklərini təsəvvür edirlər. Yəni əslində belə fikirləşirlər ki, əgər ölkədə sabitliyin, əmin-amanlığın mövcud olmasını istəyirsinizsə, zəif, aciz olmalı, böyük dövlətlərin güc amillərini özünüzə qarşı təhrik etməməlisiniz. Bəziləri belə fikirləşirlər. Bu düşüncə səhvdir. Bir ölkənin təhlükəsizliyini təmin edən, qoruyan amil, əslində, həmin ölkənin “milli güc”ünün, qüdrətinin olmasıdır; istənilən cəhətdən güclü olmaqdır: elmdə, iqtisadiyyatda, müdafiədə, silahlanmada. Ölkənin təhlükəsizliyini təmin edib qoruyan amillər bunlardır. Nə vaxt ki, biz ölkəmizi idarə edənlərin yarıtmaz siyasəti ucbatından güc amillərindən imtina etmişik, o vaxt da düşmən bizə ağalıq edib. Qacarlar dövründə, Pəhləvilər dövründə xalqın başına bu cür müsibətlər gətirilmişdi. Yəni onlar milləti gücləndirmədilər. Sizin də bildiyiniz kimi I və II Dünya müharibəsinin İranla heç bir əlaqəsi yox idi və bununla bağlı İran öz bitərəfliyini də elan etmişdi. Bütün bunlara baxmayaraq, ölkəmiz işğal olundu. Ölkə özünü müdafiə etməyə qadir olmadıqda, belə də olur. Bu, səriştəsiz rəhbərlərin – bəziləri səriştəsiz, bəziləri xain, satqın və yadellilərdən asılı olan rəhbərlərin – bağışlanmaz günahıdır ki, özünü müdafiə edə bilməməsi üçün xalqı aciz, zəif vəziyyətdə saxlamışdılar. Belə bir şəraitdə təbii ki, ölkə təhlükəsizliyini itirəcəkdir. Təhlükəsizliyi təmin etmənin yeganə yolu – qüdrətlənmək, güclənməkdir. İran xalqı və dövlət rəsmiləri bu yeganə həqiqəti dərk etməlidirlər: biz mütləq güclü olmalıyıq.

Mən bunu dəfələrlə demişəm: mütləq güclü olmaq lazımdır. Xalq özünü günü-gündən daha da gücləndirməli, qüdrətləndirməlidir. Yalnız güclü İran özünü müdafiə edə bilər və  təhlükəsizliyini, inkişafını təmin edə bilər; eyni zamanda bu güc və inkişafın faydasından başqalarına da xeyir verə bilər. İranın güclənməsi üçün güc-qüvvətə sahib olması lazımdır. Əlbəttə, güc sadəcə silah istehsalından ibarət deyil; elmi güc, siyasi bacarıq, adminstrativ bacarıqlar və s. bütün bunlar təhlükəsizlik yaradan, cəmiyyəti əmin-amanlığa doğru irəlilədən vasitələr sırasındadır. Ona görə də ölkəni təlimlə, silahlanma yolu ilə, müxtəlif sahələrin inkişafı ilə qüdrətləndirmək bizim və eyni zamanda dövlət rəsmilərinin borcudur.

Təhlükəsizliyə dair mühüm bir məqam – buradaca əziz şəhid ailələrinin diqqətinə çatdırmağım yaxşı olar – cəmiyyətin “mənəvi-psixoloji təhlükəsizliyi”nin təmini məsələsidir, hansı ki, bu mövzuya çox az diqqət olunur. Cəmiyyətin “mənəvi-psixoloji təhlükəsizliyi” – yəni xalqı təşvişə salmamaq, qorxu və tərəddüdə düçar etməməkdən ibarətdir. Bu, olduqca vacibdir. Bəzi insanlar verdikləri xəbərlərlə, etdikləri təhlillərlə, müxtəlif hadisələr haqqında yürütdükləri şərhlərlə vətəndaşlarda narahatlıq və qorxu hissi yaradırlar. Bu isə Uca Allah tərəfindən qəbul olunmazdır. Quranı-Kərim bu barədə fikrini birbaşa və aydın şəkildə çatdırır:

لَئِن لَم یَنتَهِ المُنافِقونَ وَ الَّذینَ فی‌ قُلوبِهِم مَرَضٌ وَ المُرجِفونَ فِی المَدینَة

“Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar....”. (2)

“مرجفون” (mərcifun) yəni insanlarda təşviş, narahatlıq, qorxu hissi yaradanlar; əgər bu şəxslər öz əməllərindən əl çəkməsələr, Allah-Taala Peyğəmbərə buyurur: 

لَنُغریَنَّکَ بِهِم‌

“...şübhəsiz ki, səni onların üstünə qaldırarıq”. (3)

Yəni onları cəzalandırmaq işini sənə tapşırarıq. “Mənəvi-psixoloji təhlükəsizlik” məsələsi bu qədər əhəmiyyətə malikdir. “Mərcifun” cəmiyyətin mənəvi-psixoloji əmin-amanlığını pozan, şayiələr yayanlardır. Bəziləri müxtəlif məsələlərlə əlaqəli qərəzli şəkildə yanlış təhlillər təqdim edirlər.

Virtual mühitlə əlaqəsi olanlar bu məqamlara diqqət yetirsinlər! Ağıla gələn hər şeyi virtual mühitdə paylaşmaq olmaz. Əks tərəfdə hansı təsiri qoyacağını da nəzərə almalısınız. Bunları paylaşdıqda insanların düşüncələrinə, hisslərinə, əhval-ruhiyyələrinə necə təsir bağışlayacağına əvvəlcədən diqqət etməlisiniz. Son vaxtlarda adı tez-tez çəkilən, haqqında dönə-dönə danışılan virtual məkanla bağlı qanunlar işləyib hazırlayan və o qərarları qəbul edən insanlar, məsələnin bu tərəfinə də diqqət yetirməlidirlər. Virtual məkanda verilən hansısa səhv bir təhlilin, səhv xəbərin və hansısa bir məsələnin yanlış qavranılmasının insanları necə təşvişə, narahatçılığa, qorxuya sala biləcəyinə diqqət edin. Bu kimi məsələlər cəmiyyətin mənəvi-psixoloji təhlükəsizliyini pozur. Təhlükəsizlik mövzusundakı bu “mənəvi-psixoloji təhlükəsizlik” məsələsi vacib məsələdir və dövlət rəsmiləri ölkədəki ictimai asayişi, sərhəd təhlükəsizliyini, vətəndaşların əmlakını qorumaqda məsuliyyət daşıdıqları kimi, onların mənəvi-psixoloji təhlükəsizliyini də təmin etməkdə məsuliyyət daşıyırlar. Bu onların öhdəliklərindən biridir.

Düşmənlər də bu üsuldan istifadə edirlər. Bu gün xalqların və ölkələrin tamahkar düşmənləri mənafeyinə tamah sala bildikləri ölkələrə qarşı təkcə odlu silahları, aktiv hərbi əməliyyatları tətbiq etmirlər, eyni zamanda bunu “yumşaq müharibə” vasitəsi ilə də tətbiq edirlər. “Yumşaq müharibə” vasitələrindən biri cəmiyyətdə asayişi pozmaqdan ibarətdir; biri budur. Özünüz də görmüsünüz. Bu bir neçə ildə düşmənlərin qərəzli məqsədlərini həyata keçirmək üçün virtual məkandan necə istifadə etdiklərinin özünüz də şahidi olmusunuz. Bu məsələnin mahiyyətinə diqqət etmək lazımdır. Bu, təhlükəsizlik haqqında.

Təhlükəsizlik orqanlarının şəhidlərinin ailələri şəhidləri ilə fəxr etsinlər, başlarını dik tutsunlar. Gəncləriniz şəhidlik məqamına çatdılar – təbii ki, ən uca İlahi məqamı əldə etdilər – sizi isə yasa qərq etdilər. Bu əzizlərin itkisinə görə canınız, ürəyiniz yandı, güclü emossional zərbə aldınız. Bu doğrudur; amma bununla belə, siz fəxr edin. Çünki onlar yaxşı yolda addımladılar, şərəfli yolda şəhid oldular, uca amallar uğurunda canlarını qurban verdilər və onların səyləri nəticəsindədir ki, ölkəmizdə əmin-amanlıq hökm sürür. Əgər onlar olmasalar, təhlükəsizliyin təminediciləri, qoruyucuları olmasalar, İran xalqı üçün çoxlu, saysız problemlər yaranar. Biz hamımız onların qədrini bilməliyik, siz isə onlarla fəxr etməlisiniz.

Mənfur sionist rejimi məsələsinə gəlincə, mən burada qısaca iki məqama toxunub keçəcəyəm. İlk öncə onu deyim ki, mənfur, şər sionist rejiminə qarşı dünya miqyasında böyük bir laqeydlik göstərilir. Dövlətlər, millətlər – xüsusən də hökümətlər – BMT və bu kimi beynəlxalq təşkilatlar, sionist rejimi ilə mübarizəyə qarşı həqiqətən də laqeydlik göstərirlər. Rejimin Qəzza və Livanda törətdikləri və törətməyə davam etdikləri əməllər ən qəddar, ən vəhşi müharibə cinayətləridir. Əlbəttə, sözsüz ki, müharibə çətindir, amma müharibənin də öz qaydaları, qanunları və sərhədləri var. İşğal olunmuş Fələstinə hakim olan bu cinayətkar dəstənin etdiyi kimi, biri digəri ilə müharibə apardıqda bütün bu qanunları ayaqlar altına atıb əzməməlidir. Dünya onların qarşısında durmalıdır. Dövlətlər, xüsusən də İslam dövlətləri onlara qarşı ayağa qalxmalıdır. Məsələ rejimə kömək edib-etməməkdə deyil. Bu, ən böyük haramlardandır. Bu rejimə edilən ən kiçik köməyin özü belə, ən böyük və ən pis günahlardandır; buna şübhə ola bilməz. Xeyr, bu 
cinayətləri törətməməsi üçün onların qarşısında dayanmaq lazımdır.

Bu gün ən amansız müharibə cinayətini törətməyə davam edən mənfur sionist rejiminə qarşı beynəlxalq koalisiya – siyasi, iqtisadi, əgər lazım gələrsə hərbi koalisiya – yaradılmalıdır.

Hazırda beynəlxalq aləmdə “müharibə cinayəti” deyilən bir anlayış var. Bu o deməkdir ki, bu gün dünyada müharibə cinayətləri qınanılır; bunu təkcə biz qınamırıq. Xeyr, bütün dünya, bütün beynəlxalq məhkəmələr – istər legitim şəkildə, istərsə də qeyri-legitim şəkildə təşkil olunmuş məhkəmələrin hamısı müharibə cinayətlərini qınayırlar, pisləyirlər. Yaxşı, bundan da artıq müharibə cinayəti?! On min uşaq öldürülüb, on mindən artıq qadın öldürülüb. Bütün bunların qarşısında durmaq, onlara mane olmaq lazımdır. Bizim dünyadan, xüsusən də İslam dünyasından tələbimiz sionist rejiminə qarşı beynəlxalq koalisiyanın yaradılmasıdır.

İkinci toxunacağım məqam, iki gün bundan əvvəl baş verən alçaq təcavüzkar hadisə ilə əlaqəlidir. (4) Bəli, böyük bir səhvə yol verdilər. Əlbəttə, özləri bu hərəkətlərini şişirdirlər. Onların bu şişirtməsi də səhvdir. Amma nəzərə alın ki, bu işi kiçiltmək də yanlışdır. Bizim “heç nə olmayıb”, “əhəmiyyətsiz idi” və s. bu kimi fikirləri səsləndirməyimiz də səhvdir. Sionist rejiminin səhv hesablamaları pozulmalıdır. Onlar İran haqqında yanlış hesablamalar aparıblar; onlar İranı tanımırlar, İran gənclərini, İran xalqını tanımırlar. İran xalqının gücünü, bacarığını, təşəbbüsünü və iradəsini hələ də düzgün anlamayıblar. Biz bunu onlara başa salmalıyıq. Rəsmilərimiz necə işləmək lazım olduğunu müəyyənləşdirməli, düzgün şəkildə anlamalı, bu ölkə və xalq üçün xeyirli olanı həyata keçirməlidirlər. Qoy onlar İran xalqının kim olduğunu, İran gənclərinin necə olduğunu bilsinlər. Bu gün İran xalqında mövcud olan bu düşüncənin, bu motivasiyanın, bu cəsarət və hazırlığın özü də, elə təhlükəsizlik yaradan amildir. Biz bunu qorumalıyıq.

Allah-Taaladan istəyim budur ki, Haqq yolunda, İslam yolunda, dahi İmamımızın (r) yolunda addımlarımızı möhkəmlətsin və siz əziz gənclərimizi bizim üçün qorusun,  inşallah.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_____________________

(1) “Qureyş” surəsi, 3-cü və 4-cü ayələr
(2) “Əhzab” surəsi, 60-cı ayədən 
(3) “Əhzab” surəsi, 60-cı ayədən 
(4) Sionist rejiminin cari ilin mehr ayının 4-də Amerika ordusunun ixtiyarında olan İraqın hava məkanından istifadə edərək qırıcı təyyarələrdən İran ərazisinə atdığı raketlərin böyük bir hissəsinin zərərsizləşdirilməsinə baxmayaraq, bir neçəsinin Tehran, İlam və Xuzistan ərazisindəki hərbi bazalara dəyməsi nəticəsində ordunun müdafiə qüvvələrinin bir neçə üzvü şəhid olmuşdur.