Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Kermanşah ostanının 9800 şəhidinə həsr edilmiş konqresin təşkilatçıları ilə görüşdəki çıxışı

و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, məsum və möhtərəm Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Əziz qardaş və bacılar, çox xoş gəlmisiniz. Hörmətli imamcümənin və İslam İnqilabı Keşikçilər Korpusunun komandirinin bu gözəl, dərin mənalı, dolğun məzmunlu çıxışlarına görə onlara minnətdarlığımı, təşəkkürümü bildirirəm.

Kermanşah ölkəmizin mühüm bölgələrindən biridir. İnqilab, müharibə dövründəki fəaliyyətlərindən və digər sahələrdəki xidmətlərindən əlavə, Kermanşah əsasən müxtəlif dinlərin, fərqli etnik mənsubiyyətlərin bir-biri ilə çox yaxşı, əmin-amanlıqla yaşadığı bir yerdir. Kermanşah belə bir yerdir. Bu qrupların hamısı bu ostanın hər yerində, buranın təbii hüdudları daxilində – coğrafi baxımdan necə adlandırmağımız önəmli deyil – həmin bölgənin bölünməzliyini sədaqət və səmimiyyətlə dəstəkləyən keşikçiləri olmuşlar. Bu, Kermanşahın qısa tərifidir.

Mən də nə qədər yaddaşıma müraciət edirəmsə, Kermanşah haqqında bildiklərim mənim kimi hər kəsin sevincinə, məmuniyyət hissi keçirməsinə səbəb olur. Mən Kermanşahı həm müharibə vaxtı görmüşdüm, həm də müharibədən əvvəl bura gəlib onların hərəkatının yaxından şahidi olmuşdum. Bəhmən ayının 22-də mən Kermanşahda idim. Müharibə zamanı isə Kermanşahın müxtəlif şəhərlərinə – Kermanşaha, qərbi Gilana, qərbi İslamabada, Pave və digər şəhərlərinə də getmişdim. Bu cənab Molla Qadir (2) o vaxtlar Pavedə gənc din alimi idi. Sayılıb-seçilən şəhidlərimizdən mərhum cənab Əşrəfi Esfəhani (3) və onun kimiləri, vicdanla desək, qürur mənbəyimizdir. Mərhum Əşrəfi yaşlı idi, amma mübariz, iradəli, qətiyyətli bir insan idi.

Eləcə də Kermanşah xalqı – özlərinin məşhur təbiri ilə desək – həqiqətən də “pəhləvan”dırlar. Ölkənin müdafiəsinə, bu yolda canlarından keçməyə hər an hazırdırlar. Allaha şükürlər olsun, Kermanşahla əlaqəli olan xatirələrimin hamısı gözəl və xoş xatirələrdir.

Həm Müqəddəs Müdafiə zamanında, həm ondan əvvəl, həm də inqilabın əvvəllərində ölkənin qərb bölgələrində qarşıdurmalar başlayanda Kermanşah həmişə ön xəttdə olub. Kürdüstan məntəqəsindəki o xain separatçılarla mübarizəyə qalxan, onlara qarşı hərəkətə keçən ilk dəstə Kermanşahdan olan dəstə idi. Həmin hadisənin nədən ibarət olduğunu dərhal anlayan, vaxtında başa düşən ilk Kermanşahlı gənclər oldular. Mən o vaxtları görmüşəm. Orada baş verənləri, o hadisənin reallığını Tehrandakı bəzi insanlar qətiyyən anlamırdılar. Onlar buna adi xalq hərəkatı kimi baxırdılar. Hadisənin arxasındakı qüvvələri, bu hadisənin ölkə üçün yarada biləcəyi ciddi təhlükəni görə bilmirdilər. Amma Kermanşahın igid gəncləri bunu anladılar; ona görə də elə işin lap əvvəlindən qrup yaradıb mübarizəyə yollandılar. Müharibə dövründə də eynilə idi. 1360-cı illərin əvvəllərindəki o dəhşətli bombardmanlar zamanı Kermanşahın bəzi şəhərləri boş idi – həmin vaxt mən ora getmişdim, ətraf bomboş idi. Bəzi şəhərlərin küçələrində heç kimi görmək olmurdu. Amma buna baxmayaraq xalq dirəndi, geri çəkilmədi. Buranın insanları başqa yerlərdən gələn döyüşçüləri də çox yaxşı qarşıladılar, onlara kömək etdilər, hərbi dəstələr yaratdılar və bu yolda şəhid də verdilər. Həmin əziz şəhidlərimizin adlarını generalımız çəkdi. Əlbəttə, o, adı dillər əzbəri olan bəzi şəhidlərin adını çəkdi. 

Bəli, indi biz varıq, bir də bu şəhidlərdən qalan miras; biz varıq və şəhidlərin xatirəsi. Bu gün bu inanclı və ixlaslı gənclərin bu əzəmətli hərəkatından ölkəmiz və İslam dini üçün necə istifadə edə bilərik? Mühüm olan budur. Bu gənclər bir zamanlar öz sinələrini sipər etdilər və düşmənin bu torpaqlara hücum etməsinə imkan vermədilər. O səhralarda, göylərə qədər yüksələn o uca dağlarda, o ağır, dözülməz şəraitdə düşmən qarşısında dayandılar. Heç yadımdan çıxmaz, yolun bu tərəfindən keçirdik; “Bəraftab” dağları sağ tərəfimizdə idi. Adamın gözü bu dağlara sataşanda dərhal başa düşürdü ki, düşmənin əsas mərkəzləri bu dağların başındadır. Bu cür həssas yerlərin ölkə düşməninin əlində olduğuna görə insanın ürəyi sıxılırdı. Bu gənclər belə bir şəraitdə dirəndilər, mübarizə apardılar. Kermanşahın həm öz cavanları, həm də digər yerlərdən gəlib buradakı hərbi hissələrə qoşulanların bəzisi şəhid, bəzisi qazi oldular. Sizin bu ostanınızdan 10 minə yaxın insan şəhid oldu, bundan iki-üç dəfə artıq insan isə qazi oldu. Onlar o vaxt öz öhdələrinə düşən işləri yerinə yetirdilər. Bəs indi necə? Cismən aramızda olmasalar da, haqq yolları aramızda olan bu gənclərə məgər ölkənin indi ehtiyacı yoxdur? Yoxsa hələ də ehtiyac var? 

Mən deyərdim ki, bu gün ölkənin bu gənclərə olan ehtiyacı müharibə dövründəkindən az deyil. Bu gün bizim onlara ehtiyacımız var. Niyə? Çünki o gün düşmənin müharibəsi açıq-aşkar və silahlı müharibə idisə, bu gün hibrid müharibəsidir. Bu günkü müharibə həm klassik hərbi müdaxiləli, həm yumşaq, həm fiziki, həm də psixoloji yönümlüdür. Bu gün düşmən bu şəkildə müharibə aparır. Lazım gördükdə həm odlu silah və bu kimi vasitələrlə, həm də mədəniyyət silahı ilə müharibə aparır. Bu gün ölkəmizdə vəziyyət belədir. Biz isə güclüyük; bu gün biz o gündən yüz dəfə daha güclüyük. Buna şübhə etməyin. Allaha şükürlər olsun, Onun lütfü sayəsində bu gün biz o günlə istənilən cəhətdən müqayisə edilə bilmərik. O gün düşmən ölkənin paytaxtı Tehrana raket zərbələri endirirdi. Biz isə maksimum 155-lik toplarla, məsələn, Bəsrəni vura bilərdik. Təbii ki, biz bunu etmirdik; insanlara görə, əhaliyə görə oranı vurmurduq. Bu gün isə artıq belə deyil. Siz özünüz də görürsünüz ki, vəziyyət tamamilə başqadır. Biz daha da gücləndik, amma düşmənin təxribatı da mürəkkəbləşdi. Mühüm olan budur. Bu gün bizim döyüş meydanındakı iştirakımız, fəaliyyətimiz, göstərdiyimiz səylər, raket istehsalımız bütün bunlar kifayət deyil. Bəli, biz bu sahələrdə müsbət irəliləyişlər əldə etmişik, lakin bu yetərli deyil. Bunlarla yanaşı ürəyimizə, ruhumuza, düşüncələrimizə, danışıqlarımıza, mövqelərimizə də diqqət etməli, üzərində işləməliyik.

Bəs “biz işləməliyik” dediyim bu qrupdakı “biz” kimlərdir? Bütün xalqa şamil olan bu “biz” qrupunda daha təsiredici rol oynayacaq şəxslər kimlərdir? Həmin şəxslər gənclərdirlər. Gənclər daha təsiredicidirlər. O günlərdə də gənclər özlərini fəda etdilər. Yaxşı, bəs indiki gənclər də sizin şəhidlər haqqında bildiklərinizə səmimi qəlbdən inanırlarmı? Diqqət edilməli olan məsələ budur. Demək istədiyim budur ki, bu günkü gənclərimiz, gələcək nəsillərimiz şəhidin o gün döyüş meydanındakı iştirakının, onun gördüyü işin əhəmiyyətini dərindən dərk edə bilirmi, yoxsa yox? O günkü gənclərimizin döyüş meydanındakı ixlası, fədakarlığı, İslamdan qaynaqlanan əxlaqı, şəriətə uyğun olan davranışları haqqında bu günkü gənclərimizin düzgün məlumatı, bu barədə xəbərləri varmı, yoxsa yox? Bu sualları siz cavablandırmalısınız. Bu kimi suallara bu konqreslər cavab verməlidir və əgər hər hansısa bir boşluq varsa, həmin boşluqlar doldurulmalıdır.

O günkü gənclərimiz sanki insan qəlibindən çıxmışdılar. Dünya müharibələrinə nəzər salın, filimlərə baxın, hekayələr oxuyun. Müxtəlif dünya müharibələri haqqında minlərlə film çəkilib, hekayələr yazılıb. Müharibə meydanındakı döyüşçü məsuliyyətsiz, cilovlanmayan şəxsiyyətdir. Elə bir şəxsiyyətdir ki, imkanı olsa, ürəyinin istədiyi hər bir pisliyi edər; elə ki, düşməni ələ keçirdi, düşmənin şəhərini zəbt etdi, onun üçün talan etmək, məhv etmək adi bir şeydir. Dünya müharibələrində iştirak edən döyüşçülər belədir. İndi bunu bizim döyüşçülərimizin rəftarı ilə müqayisə edin. Məsələn, haradasa mühasirəyə düşdükdə ona qida, çörək və s. çatdırmaq mümkün olmayanda, əgər yaxınlığında mağaza varsa, həmin yerdən biskiviti, peçenyeni və bu kimi şeyləri məcburiyyətdən alıb yeyər. Bu işə görə öz şəri hakimindən icazə alar və vərəqdə: “Mən biskivitinizdən yemişəm” yazaraq, dükan sahibini xəbərdar edər. Bunlar nağıl deyil. Biz bunları görmüşük. Mən özüm də bunların şahidi olmuşam, bunlardan xəbərim var. Cavanlarımız bir dəfə Sosəngerddə mühasirəyə düşmüşdülər, həmin vaxt onlara heç nə çatmırdı. Onlar ac idilər, mağazalar qidalarla, konservlərlə və bu kimi şeylərlə dolu idi. Onlar isə yemirdilər, “İmam icazə versin” deyirdilər. Biz Əhvaz şəhərindən dönə-dönə, israrla “götürün, yeyin” desək də, onlar yemirdilər! Bu nə deməkdir? Siz bu imanı, bu təqvanı, bu ixlası, bu səmimiyyəti başqa harada taparsınız? Bax bizim bu günkü gəncimiz bunu anlamalıdır. Bunları onlara çatdırmalısınız. Siz bu məsələni qabartmalı, bunu anlatmalısınız. Bizim gənc hərbiçilərimizlə dünya hərbiçilərinin mənəviyyat, niyyət və davranış baxımından müqayisəsini onlara göstərməlisiniz. Onlar öz döyüş yoldaşları üçün hər cür fədakarlıqlar ediblər. Biz bunları dəfələrlə danışmışıq, eşitmişik, təkrar etmişik. Bütün bunlar baş vermiş hadisələrdir. Özü susuz olduğu halda döyüş yoldaşı susuz qalmasın deyə, su içmir və bu halda şəhid olub dünyadan köçür. Bunlar çox əhəmiyyətli məsələlərdir.

Gördüyünüz işlər haqqında generalımız (4) qısaca, lakin dolğun məlumat verdi. Bunların hamısı çox yaxşıdır, diqqətəlayiq işlərdir. İntəhası, bu işlər hansı niyyətlə həyata keçirilir, ona fikir verilməlidir. Bütün bunlar müsbət təsir yaratmaq məqsədi daşıyır. Görülən işlərin nəticəsinə baxın. Müşahidə aparın, baxın görün kitabınızı neçə nəfər oxuyub, ondan neçə nəfər istifadə edib, neçə nəfər qeyd götürüb, şəhidin qabarıq məqamlarını tanıtdırdığınız həmin kitabdan faydalanmaq üçün neçə nəfər dəftərçəsinə qeydlər edib. Bu məsələləri izləyin, üzərində işləyin və bunları əsas tutun. Gördüyünüz işlərin auditoriyası gənclərdir. Gördüyünüz bu işlər gənclər üzərində təsir qoymalıdır. Təbii ki, bu işlər diqqətəlayiqdir. Əgər bu cür formal işlər olmazsa, onun mahiyyətinin də mənası olmaz. Eynilə bizim öz bədənimiz kimi; əgər bədənimiz olmazsa, fiziki gücümüz olmazsa, ruhumuz da heç bir iş görə bilməz. Odur ki, iş görülməlidir. Ayaqla məscidə getməlisən, əlinlə başqalarına kömək etməlisən. Bu işlərin formal tərəfi yaxşı olsa da, onunla yanaşı mahiyyətinə də diqqət yetirilməlidir; təsiredici rol oynayan “mahiyyət”i olmalıdır. Bu işin müsbət tərəfləri göz önündə olmalıdır.

Hər halda mən səylərinizə, gördüyünüz yaxşı işlərə, çəkdiyiniz zəhmətə görə sizə təşəkkür edirəm. Allah-Taala əməllərinizi qəbul etsin və Kermanşah camaatına da günü-gündən kömək olsun, inşallah. Kermanşahlıların sahib olduğu bu vəhdət ən çox böyük alimlərin səylərinin bərəkəti sayəsindədir. Həmin din alimlərinin, bu cənabların burada çəkdikləri zəhmətlər və belə bir atmosfer yarada bilmələri çox diqqətəlayiqdir.

Allahın salamı, bərəkəti və rəhməti üzərinizə olsun.
_____________
(1) Görüşün əvvəlində Höccətul-İslam Həbibullah Ğəfuri (Kermanşahın imam-cüməsi) və briqada generalı Bəhmən Reyhani (Kermanşah vilayətinin “Nəbiyi-əkrəm” ordusunun komandiri) çıxış etmişlər. 
(2) Molla Qadir Qadiri əhli-sünnənin fiqh alimi və Pave şəhərinin imam-cüməsi 
(3) Ayətullah Ətaullah Əşrəfi Esfəhani (imam-cümə və 
Aliməqamlı rəhbərliyin Kermanşah ostanı üzrə nümayəndəsi) 
(4) Kermanşah ostanının “Nəbiyi-əkrəm”hərbi korpusunun komandiri