Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Dini Liderin elmi elitlər və üstün elmi istedadlarla görüşündəki çıxışı

بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی‌القاسم المصطفیٰ محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Çox xoş gəlmisiniz. Əziz və dəyərli insanlarla baş tutan bu görüşə çox şadam. Çıxışıma başlamazdan öncə dostlarımızın proqramları haqqında bir neçə cümlə demək istəyirəm. Çox yaxşı məqamlara toxunuldu. İstər həyata keçirmək istədiyi və gələcək planları haqqında ilk öncə çıxış edən cənab doktor Əfşinin sevindirici, ümidverici məruzəsi olsun, istərsə də hörmətli qardaş və bacılarımızdan bir neçəsinin diqqətli yanaşmaları, çıxışları, araşdırmaları və təklifləri olsun – hamısı diqqətə, araşdırılma və reallaşdırılmağa layiqdir. Bu deyilənlərdən sonra mən də burada iki məqama toxunmaq istəyirəm. Möhtərəm vitse-prezidentin çıxışına gəlincə, Allaha şükürlər olsun, siz gənclik kimi bir nemətə sahibsiniz və gəncliyin xüsusiyyətlərindən biri elə budur ki, belə bir vaxtda insanın zehni iti olur, yaxşı çalışır və göyün əlçatmaz qatlarında böyük hədəfləri reallaşdırmaq haqqında düşünür. Bu çox yaxşıdır. Bu düşüncədəki xoş mərama mənim zərrə qədər də şübhəm yoxdur. İntəhası, işimizdə bir nöqsan var, o da budur ki, müxtəlif məsələlərlə əlaqəli – dostlarımızın da qeyd etdikləri kimi – bizim layihə, proqram, siyasət və təkliflərimiz az deyil, amma icrası tələb olunan işin araşdırma və reallaşması prosesi işimizin çatışmayan tərəfidir. Hər hansısa bir məsələ ilə əlaqəli prezident qərar qəbul edir, sonra vitse-prezidentə göstəriş verir, o da “baş üstə” deyib öz növbəsində baş direktorlara göstəriş verir, onlar da “baş üstə” deyirlər. Bir ildən sonra nə prezident vitse-prezidentdən, nə də o, baş direktordan həmin iş haqqında maraqlanır; nəticədə iş ortada qalır. Sizin toxunduğunuz bu mövzu olduqca diqqətəlayiqdir; bu iradı tamamilə qəbul edirəm və eşitməyə də şadam, amma işi sonuna kimi izləməyiniz lazımdır. Bu kimi məsələlər izlənilməlidir. Baxın görün, bu işləri necə reallaşdıra bilərsiniz, necə həyata keçirə bilərsiniz. Bu, söyləmək istədiyim birinci məqamdır.

İkinci məqam isə burada gəlib çıxış edən əziz gənclərin açıqlamaları haqqındadır. Burada ölkənin yeddi elm adamı müxtəlif mövzular barəsində danışdı; bu kiçik bir şey deyil. Sənaye, iqtisadiyyat, humanitar elmlər və s. kimi müxtəlif məsələlər müzakirə olundu. Əsas məsələ budur ki, bu deyilənlərə qarşı reaksiyamız necə olacaq? İştirakçıların çıxışlarına qarşı necə davranacaq, onları necə dəyərləndirəcəyik? Mənim təklifim budur: onların bu nəzər və təkliflərini qəbul edin – təbii ki, bəzi təkliflərin həyata keçirilməsi real olmaya bilər və real da deyil, lakin bir çoxu realdır – baxın görün, bu təkliflər hansı dövlət, ya da qeyri-dövlət qurumuna aiddir. Vitse-prezident olaraq – vitse-prezident vəzifəsi yüksək vəzifədir – bilavasitə prezidentin özündən də kömək istəyin, bunu o instansiyadan istəyin. Məsələn, bir az əvvəl “Məkran” məsələsinə toxunuldu, bununla əlaqəli bir təklif də irəli sürüldü. Yaxşı, bu təklifi kim reallaşdırmalıdır, icrası hansı quruma aiddir; bunu aydınlaşdırın. Bu mövzuda təklif irəli sürənin özü ilə də məsləhətləşin və nəhayət məsələni həyata keçirmək üçün sonuna qədər izləyin. Sadəcə gözəl danışmaqla, xoş söz eşitməklə iş bitmir. Mənim təklifim bundan ibarətdir.

Burada diqqətəlayiq və gözəl çıxış edən dostlarımıza səmimi qəlbdən təşəkkür edirəm. Biz bu günlərdə matəm içindəyik; xüsusilə də mən həqiqətən matəm içindəyəm. Baş verən hadisə heç də kiçik hadisə deyil; cənab Seyid Həsən Nəsrullahın itikisi kiçik itki deyil və həqiqətən də bizi yasa qərq edib. Ölkədə ümummilli matəm günləri olduğuna və sözün əsl mənasında hüzn və matəm yaşandığına baxmayaraq, əvvəlcədən planlaşdırılan bu görüşü başqa bir vaxta keçirmədim. Bu görüş öncədən təyin olunmuşdu. Bu görüşü başqa bir vaxta, məsələn, gələn həftəyə keçirə bilərdik, amma mən bunu etmədim. Düşündüm ki, bu məsələ önəmlidir və gecikdirilməməlidir. Bu tendensiya, üstün istedad və istedadlılara olan bu maraq, diqqət arxa plana keçirilməməlidir. Odur ki, görüşü təşkil etdik. Bu görüşün təşkili bizə bir mesaj verir. O mesaj da bundan ibarətdir ki, biz matəm içində olsaq da, bizim matəm “yas saxlamaq”, “sarsıntı keçirmək” və “bir küncə çəkilmək” demək deyil. Bizim əzadarlığımız Seyyidüş-şühədaya (ə) saxlanılan əzadarlığın xüsusiyyətini daşıyır; yəni canlıdır və canlandırandır. Bəli, matəmdəyik, amma bu matəm bizi hərəkətə, irəliləməyə və daha motivasiyalı işləməyə sövq edir. Mən istəyirəm ki, bu mesaj sözün həqiqi mənasında qəlbimizə, ruhumuza işləsin və matəmimizin bizi irəliyə doğru aparacağını biz hiss edək. Təbii ki, yaxın gələcəkdə Livan məsələləri haqqında, eyni zamanda bu böyük və əziz Şəhidlə əlaqəli şəxsi fikirlərimi bildirəcəyəm, inşallah.

Elmi elita mövzusu haqqında mən üç məqamı nəzərdə tutmuşam, bunlardan hər biri barədə qısaca bir neçə cümləni diqqətinizə çatdıracağam.

Bunlardan biri ölkədəki elmi elitanın reallığına diqqət yetirilməsidir. Elmi elitanın mövcudluğu və statusu baxımından ölkəmizdə vəziyyət necədir? Görəsən, mənim və digərlərinin dediklərində mübaliğə var, ya yox? Bu, bir nüans. Bu məsələni gündəmə gətirməyimin səbəbi bəzilərinin hələ də 90 il, 100 il əvvəlki kimi düşünərək iranlının qabiliyyət və bacarığını inkar etməsinə görədir; onlar ya bu reallıqdan xəbərsizdirlər, ya da bunu bilərəkdən inkar edirlər. Ölkəmizdə hələ də bu məkanda, hazırkı bu ekosistemdə, dünya miqyasında innovasiyaya səbəb olacaq olduqca böyük hadisələrin baş verə biləcəyini qəbul etmək istəməyənlər var; hələ də bu həqiqətə inanmayanlar var. Bu məsələ ilə əlaqəli bir az danışmaq istəyirəm.

İkinci məqam, üstün istedadlıların qorunması, saylarının artırılması və səmərəli olmaları haqqındadır. Elm adamlarının varlığının faydalı olması, saylarının artması, çoxalması üçün istedadlılarımızın həm özlərinin istedadlı olaraq qalmaları, həm də biliklərinin qorunması məqsədi ilə biz nə etməliyik? Bununla bağlı qeyd etdiyim bir neçə cümləni diqqətinizə çatdıracağam. Üçüncü məqam isə elm adamlarının öhdəlikləri haqqındadır. Nəticə etibarı ilə siz elm sahibisiniz, müəyyən öhdəlikləriniz var; bu cür insanlar, adətən, öz vəzifələrini bilsələr də, amma həmin vəzifələr yenə də xatırladılmalıdır.

Üstün istedad reallığı ilə əlaqəli mənim demək istədiklərim bundan ibarətdir ki, biz həm ölkəmizin, həm də ölkəmizi istedada tərəf aparan mental və intellektual qabiliyyətlərin dəyərini bilməli, onları tanımalı və bu potensialları üzə çıxartmalıyıq. Hər hansısa bir insanın, qrupun, ya da ölkənin başına gələ biləcək ən ağır müsibətlərdən biri öz potensiallarını tanımamasıdır. Bu ölkənin düşmənləri, bədxahlarımız bu potensialları gizlətməyə və yaxud inkar etməyə çalışırlar. Onların bu hərəkətini qəbul etməməli, buna razılaşmamalıyıq. Bunun əksinə çalışmalı və ölkəmizin potensiallarını üzə çıxartmalıyıq. Ən mühüm potensiallarımızdan biri elm adamları və onların formalaşmasında rol oynayan məsələlərdir; burada da birinci növbədə təbii keyfiyyətlərdir, daha sonra isə sosial və administrativ və s. ilə əlaqəli məsələlərdir.

Fikrimcə, üstün istedad üçün ən mühüm zəmin İQ-dir. Bu sahədə ölkəmiz dünyanın ön sıralarındadır. İran dünyanın qabaqcıl ölkələrindən biridir. Əlimdə olan məlumata əsasən, onu yəqin ki, siz də görmüsünüz; bu, dünyanın ayrı-ayrı xalqlarının ortalama İQ-ini müntəzəm olaraq müəyyən edən beynəlxalq mərkəzin hesabatıdır. Mənə verilmiş məlumata əsasən, bu, 2024-cü il üçün yenilənmiş hesabatdır. İranın bu siyahıda 23 ölkə arasındakı yeri – ya bütün ölkələr arasında, ya da 200-dən çox ölkə arasında aparılan araşdırmaya əsasən – ilk 23 ölkə arasında İran 3-cü sıradadır. İrandan sonra Yaponiya, Sinqapur daha sonra isə digər ölkələr, məsələn, Kanada, Almaniya, İtaliya, Fransa gəlir. Fransa 19-cu, İngiltərə 21-ci, Hindistan 23-cü sıradadır. Bu siyahıda biz 3-cü yerdəyik. Bu, olduqca əhəmiyyətli və diqqətəlayiq bir fenomendir. Bu, İran xalqının zəkasının orta göstəricisidir. Dedik ki, elm adamlarının formalaşmasında rol oynayan ən mühüm amillərdən biri insan zəkasından bəhrələnməkdir. Ona görə də İQ aktivləşdirilməli, tətbiq edilməli, onun üçün lazımı şərait yaradılmalıdır; bütün bunlar öz yerində. Bu, son dərəcə böyük sərvətdir. Ölkəmizdə İQ-in ortalama göstəricisinin bu qədər yüksək olması kiçik bir məsələ deyil; bu olduqca böyük bir sərvətdir, qeyri-adi insan resursu deməkdir. Bu, ölkəmizdə olan mədən yataqları, yeraltı sərvətlər, coğrafi mövqe və s.-nin hamısından daha üstündür. 

İnqilabdan əvvəl gənc və istedadlı alimlərin yetişdirilməsi məsələsi tamamilə diqqətdən kənarda qalmışdı; o dövrdə başqa məsələlərə əhəmiyyət verilirdi. Üstün istedad, intellektual, mental və s. bu kimi məsələlərə fikir verilmirdi. Bu işə inqilabdan sonra start verildi. İnqilabın ilk illərində gənclər müxtəlif sahələrə yiyələnmək üçün şərait əldə etdiyi vaxt mən cənub bölgəsində səfərdə idim; deyəsən, 58-59-cu illər idi. Orada yenicə yaradılmış “Quruculuq Cihadı”na qatılan gənclər silo tipli taxıl anbarı tikmişdilər; əlbəttə, bu kiçik bir anbar idi. Silo anbarı, məlum olduğu kimi, mürəkkəb texnologiyaya malikdir. Onlar mənə dedilər ki, biz bütün ölkənin taxıl istehsalı üçün silo anbarlar tikə bilərik: yəni gənclər belə bir təklifi cəsarətlə irəli sürdülər. Beləliklə, gənclər meydana daxil oldular, onlara fəaliyyət üçün şərait də yaradıldı və iş o yerə çatdı ki, onlar nəinki silo anbarları tikdilər, hətta bu anbarlardan daha mühüm işlərə imza atdılar. İnqilab qələbə çaldıqdan sonra ölkədəki gənc istedadların qabiliyyət və bacarıqlarına diqqət yetirildi; intəhası, ölkə miqyasındakı bu diqqət hələ də özünü qaneedici və lazımi dərəcədə göstərmir; bu sahədə daha çox işlər görülməlidir.

Bizim bir çox yerlərdə, sizin də burada qeyd etdiyiniz məsələlərə ehtiyacımız var. Su məsələsinə toxundunuz. Neft, qaz, nüvə enerjisi, nanotexnologiya, müxtəlif məsələlərdə, eyni zamanda süni intellekt və s. kimi elmin yeni sahələrində irəliləmək üçün həmin ruhiyyəyə, dinamikaya, düşüncəyə, qabilliyyətə, biliyə, araşdırma və reallaşdırmaya ehtiyacımız var. Üstün istedadlılara fəaliyyət üçün şərait yaratmaq lazımdır. Bu çox mühüm işlərdən biridir. Fikrimcə, bu, Prezidentin Elmi Məsələlər üzrə Müavinliyinin görməli olduğu öhdəliklərdəndir. Elm Xadimləri Fondunun yaradılması – uzun müddət bundan əvvəl təklif olunmuşdu və sevindirici haldır ki, məsul şəxslər təklifi qəbul etdilər və bu fondu yaratdılar – əsasən üstün istedadlıların müəyyənləşdirilməsi və mühüm işlərin icrasının istiqamətləndirilməsi məqsədi daşıyırdı. Bu, elmi elitlərin ölkədəki reallığı ilə bağlı birinci məqam idi.

Üstün istedadlıların qorunması, saylarının artırılması məsələsinə gəldikdə isə əvvəla, mən onu deməliyəm ki, elm adamının “elm adamı” olaraq qalması üçün onu qorumalı, ikincisi, ölkənin ondan faydalanması üçün və sonradan həmin insanların puç ümidlərin arxasınca qaçıb getməməsi, ölkəni tərk etməməsi üçün müəyyən işlər görülməlidir. Ən mühüm iş bundan ibarətdir ki, elm adamı onun varlığının ölkə üçün əhəmiyyətli olduğunu anlasın. Elm adamının istədiyi də elə budur. Elm adamı, gənc alim ölkənin onun mental və intellektual məhsulundan istifadə etməsini istəyir. Əgər elm adamı universitetə gedəndə bağlı qapı ilə üz-üzə gələrsə, ya elmi-tədqiqat institutuna gedəndə, ya da hansısa dövlət qurumuna gedəndə eyni vəziyyətlə qarşılaşarsa, artıq o, elmlə məşğul olmayacaq, başqa bir işin, peşənin ardınca gedəcək. Ola bilsin ki, elm adamı öz dolanışığını təmin etmək üçün taksi sürən də olsun! Biz imkan verməməliyik ki, elm adamı özünün faydasız olduğunu hiss etsin; o, özünün səmərəli olduğunu hiss etməlidir. Tutaq ki, məsələn, fizika, ya riyaziyyat alimi hara müraciət etməlidir? Axı o, varlığının faydalı olmasını istəyir. Təhsil almış, alim dərəcəsinə yetişmişdir. İndi bizim riyaziyyat alimimiz kimə müraciət etməlidir ki, ölkə onun varlığından, biliyindən, istedadından, zəkasından istifadə etsin? Əlbəttə, mənim şəxsi fikrimə görə Elmi Məsələlər üzrə Müavinlik burada da birləşdirici halqa rolunu oynaya bilər. Yaxşı olar ki, bu məsələ həm diqqətdə saxlanılsın, həm də izlənilsin. Beləliklə, bu birinci nüans; dövlət və qeyri-dövlət qurumlarının hamısı elm adamından istifadə etməyə çalışmalıdırlar ki, o, öz varlığının faydalı olduğunu hiss etsin. İkinci nüans; istedad sahibi inkişaf edə biləcəyini, irəliləyəcəyini hiss etməlidir. Gənclərimizin bir çoxu yaxşı elmi səviyyələrə, dərəcələrə nail olublar, amma bununla kifayətlənmirlər; araşdırmaq, irəliləmək, daha çox bilik əldə etmək istəyirlər. Ölkəni tərk etmək istəyən bir çox elm adamlarının məqsədi budur. Bu, onların ölkədən küskün olmaları kimi qəbul edilməməlidir. Xeyr, çünki onlar hansısa başqa bir ölkədə –  bilmirəm bu düşüncə doğrudur, ya yox – daha çox araşdırma apara, daha çox öyrənə biləcəkləri qənaətindədirlər. Bəs biz onun üçün buradaca elmi-tədqiqat imkanları yaratmalıyıq. Bunun üçün laboratoriyalarla, böyük zavodlarla, sənaye, kənd təsərrüfatı və geologiya sahələri ilə əlaqə yaratmaq lazımdır. Məsələn, kənd təsərrüfatı sahəsi üzrə çalışmış hansısa bir tələbənin suyun, toxumun səmərəliliyi və bu kimi mövzular haqqında təklifləri ola bilər. O, bilməlidir ki, bu imkanlardan burada istifadə edə bilər və bu, universitetlə, sənaye mərkəzi və s. kimi yerlərlə əlaqə ilə təmin edilir; həmin yerlərə o, özünün mühüm layihələrini təqdim edə bilər. Elm adamının elmi-tədqiqat imkanları ilə təmin edilməsi və biliyinin artırılması yolları – bir məsələ də budur. Elmi elitlərin öz həlledici rolunu oynaması üçün digər lazımlı sahələrdən biri elmi-tədqiqat institutlarının təsis edilməsidir. Təbii ki, bu, hələlik bizdə dövlətin dəstəyi olmadan mümkün deyil. Bəlkə də gələcəkdə fərqli ola bilər, amma hal-hazırda fəal tədqiqat institutlarının olmasını istəyiriksə, dövlət buna mütləq kömək etməlidir. Bu tədqiqat institutları, istənilən sahənin elm adamlarının cəlb olunduğu məcmu ola bilər; bu cür bir yer onları gələcəyə ümidləndirəcək və işləməyə həvəsləndirəcəkdir. Əlbəttə, məncə, bu mərkəzlərin aidiyyatı qurumlarla əlaqələndirici halqası yenə də Prezidentin Elmi Məsələləri üzrə Müavinliyidir. Təbii ki, bürokratiya aradan qaldırılmalıdır. Bizdə müxtəlif sahələrdə sənədbazlıq, bürokratçılıq, süründürməçilik var; bu, bəzi yerlərdə zərərli, ziyanlı olsa da, amma yenə də ölümcül deyildir. Lakin elm adamlarının incə ruhiyyəsi üçün bu cür sənədbazlıqlar, süründürməçiliklər, qapı arxasında saxlamaqlar, gözlətmələr həqiqətən də onları tamamilə bezdirmək deməkdir. Bu da bir məsələdir. Fikrimcə, Prezidentin Elmi Məsələlər üzrə Müavinliyi böyük sayda seçkin və insan kapitalından maksimum həddə istifadə etməlidir. 

Üçüncü mövzu elm adamlarının öhdəlikləri haqqındadır. İlk növbədə elm adamı “məsuliyyət sahibi”dir. O, cəmiyyətin bütün üzvləri kimidir: 

کُلُّکُم‌ راعٍ‌ وَ کُلُّکُم‌ مَسئولٌ‌ عَن‌ رَعِیَّتِه

“Hamınız çoban mövqeyindəsiniz (çoban rolunu oynayırsınız) və hamınız sizdən asılı olanlara cavabdehsiniz”. (2)

Yəni harada olursunuzsa olun, məsuliyyət daşıyırsınız. Cəmiyyətin cavabdehlik daşıyan üzvlərindən biri də elm adamıdır. O, adi insanlardan daha çox məsuliyyət daşıyır. Niyə? Ona görə ki, ilahi nemət və lütflərdən daha çox faydalanıb. İlahi nemət və lütflərdən nə qədər çox bəhrələnsəniz, məsuliyyətiniz də bir o qədər artacaqdır. Çünki bu yolla siz daha çox güc-qüvvət sahibi olacaq, etibarınız artacaq, daha çox bilik və sərvət əldə edəcəksiniz. Bunların hamısı ilahi nemətlərdir.

ما بِکُم مِن نِعمَةٍ فَمِنَ اللَه

“Sizə gələn hər bir nemət Allahdandır”. (3)

Bunların hamısı Allah tərəfindəndir; ona görə də məsuliyyəti daha çoxdur. Odur ki, ilk növbədə elmi elitlərin məsuliyyət daşıması məsələsi deyilməlidir.

İkinci məqam; bu gün ölkədə mühüm bir vəzifə var və o da “Yeni elmi yüksəliş”dir. Bir neçə il bundan əvvəl elmlə məşğul olmaq, bilik sərhədlərini aşmaq və s. kimi mövzuların gündəmə gətirildiyinin, müsbət qarşılandığının və qurumların, universitetlərin, alimlərin dəstəyi ilə bu məsələnin izləndiyinin və müsbət nəticələrinin şahidi olduq. Bunun nəticəsində ölkənin elmi inkişaf tempinin, məsələn, dünya üzrə orta göstəricidən təxminən 13 dəfə artdığını dedilər. Bu çox mühümdür. İnkişaf sürəti bu dərəcədə yüksəkdir. Təbii ki, o vaxt mən demişdim ki, “bu statistik rəqəmlə kifayətlənib fəxr etməməliyik” (4); çünki əslində çox geridəyik. Sürətimizi eyni səviyyədə saxlamalıyıq; amma sürət bir az azaldı, bu səviyyəni qoruya bilmədik. Dünyada elmi inkişaf da çox sürətlə gedir. Hamınız elm adamısınız, dünyada elmi irəliləyişin necə sürətlə getdiyini özünüz də görürsünüz. Bəs bizim yeni bir elmi yüksəlişə, elmi hərəkat və inqilaba ehtiyacımız var. Bunu kim etməlidir? Siz elm adamları etməlisiniz. Əlbəttə, bu məsələdə universitetlər, müxtəlif elmi mərkəzlər, elmi-tədqiqat institutları və s. bu kimi yerlər hamısı birlikdə məsuliyyət daşıyırlar, amma əsas faktor yenə də elm adamının özüdür. Elmi yüksəliş uğrunda çalışın, vuruşun və bu sizin cihadınızdır. Təbii ki, mən sizin digər sahələrdəki – məsələn, maliyyə və maarifləndirmə istiqamətindəki – cihadınızın qarşısını almıram, amma siz elmi elitlərin əsas cihadı yeni elmi yüksəlişlər, düşmən və bədxahlar üzərində elmi üstünlük qazanmanızdır.

Biz elmi üstünlüyə malik olmalıyıq, çünki bizim düşmənimiz var. İndi bura bu məsələnin müzakirə yeri deyil. Demək istəyirəm ki, bütün ölkələrin öz bədxahları, öz düşmənləri vardır, amma bizim düşmənlərimiz bir çox ölkələrinkindən daha çoxdur. Ona görə də elmi üstünlük əldə etməklə onlar üzərində qələbə qazanmalıyıq; necə ki, indiyə kimi haradasa qələbə qazanmışıqsa, elə bu elmi-texniki üstünlüyün nəticəsində olub. Mən özüm üçün burada qeyd etmişəm, elmi və texnoloji üstünlük bəzən düşmənin əhali sıxlığı yüksək olan Qəzza və Dahiyə kimi yerlərə zərbə endirə bilməsinin qarşısını ala bilir. Əgər elm sahəsində, tutaq ki, silah texnologiyasında hazırda olduğumuzdan daha öndə olsaydıq, sözsüz ki, bu regionun vəziyyətinə öz müsbət təsirini göstərəcək və ürəkləri yandıran bu odların qarşısını ala, ya da söndürə biləcəkdi. Elmi hərəkatın, elmi üstünlüyün belə bir özünəməxsusluğu vardır.

Elm adamlarına bunun ardınca dərhal verəcəyim digər tövsiyə “Elmi innovasiyalar əsaslı şirkətlərin təşkili” haqqındadır. 7-ci inkişaf planının (5) sonuna yaxın, deyəsən, 30 min elmi əsaslı şirkətin təşkili nəzərdə tutulmuşdu, halbuki reallıqda bu rəqəmdən çox uzağıq. Həmçinin adı “elmi əsaslı” olan, lakin bu həqiqəti əks etdirməyən şirkət quraraq elm şirkətlərinin prestijinə xələl gətirməyin. Sözün əsl mənasında “elmi əsaslı” olmalı və onların fəaliyyəti ciddi şəkildə dəyərləndirilməlidir, amma sayları da çox olmalıdır; bu da elm adamlarının işidir.

Mənim deyəcəklərim bu qədərdir. İnşallah, dediyim kimi Qəzza və Livan məsələlərinə də ömür yetərsə, toxunacağam. Qısaca bir neçə cümlə demək istəyirəm, o da bundan ibarətdir ki, regionumuzdakı problemin əsas kökü – bu münaqişələri, müharibələri, gərgin vəziyyəti, düşmənçilikləri yaradanlar – bölgədə sülh və əmin-amanlıq iddiasını edənlərdirlər; yəni Amerika və bəzi Avropa ölkələrinin mövcudluğudur. Əgər onlar bölgədə fitnə-fəsadlarını azaltsalar, heç şübhəsiz bu münaqişə, müharibə və toqquşmaların hamısı tamamilə aradan qalxar və bölgə ölkələri həm özlərini, həm də məntəqələrini idarə edə və birlikdə sülh, rifah içərisində yaşaya bilərlər. Bir gün bir ölkəni, Səddam kimi birini təhrik edirlər və nəticədə o cür ağır və acı hadisələr yaşanır; sabahısı onun və himayəçilərinin olmadığı gün isə iki ölkə arasındakı isti münasibətlər sizin də yaxından gördüyünüz “Ərbəin” kimi bir yürüşdə özünü göstərir. Demək istəyirəm ki, məsələ belədir; digər ölkələrlə də elə bu cürdür. Bu gün regionun əmin-amanlığı haqqında yalan danışanların mövcudluğu, əslində bu məntəqənin problemlərinin əsas köküdür. Ümid edirik ki, Allahın lütfü ilə, İran xalqının qətiyyəti ilə, İslam İnqilabının verdiyi ilhamla və digər xalqların dəstəyi ilə düşmənlərin bu bölgədəki şərrini azaldacağıq.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_______________
(1) Görüşün əvvəlində cənab Dr. Həsən Əfşin (Prezidentin Elmi innovasiyalar əsaslı elmi, texnoloji və iqtisadi məsələlər üzrə müavini və Milli Elm Xadimləri Fondunun direktoru) məruzə ilə çıxış etmişdir. Həmçinin Milad Lütfi (Beynəlxalq Münasibətlər üzrə doktorant), Höccət Miyanabadi (Su təsərrüfatı ixtisası üzrə fəlsəfə doktoru), Seyidəli Mədənizadə (İqtisadiyyat ixtisası üzrə fəlsəfə doktoru və 2000-ci il Ümumdünya Riyaziyyat Olimpiadasının bürünc medal sahibi), Rəsul Ləvayi (Kənd təsərrüfatının inkişafı ixtisası üzrə fəlsəfə doktoru və Milli Elm Xadimləri Fondunun akademik mükafatı laureatı), Səccad İntişari (Su ehtiyatlarının idarə edilməsi ixtisası üzrə fəlsəfə doktoru və Milli Elm Xadimləri Fondunun akademik mükafatı laureatı), Məryəm Rezapur (Sənaye mühəndisliyi ixtisası üzrə fəlsəfə doktoru və doktorantura birincisi), Hənnanə Xürrəmdəşti (2 saylı Fərzanegan orta məktəbinin 12-ci sinif şagirdi və 2024-cü il Dünya Astronomiya və Astrofizika Olimpiadasının qızıl medalçısı) çıxış etmişlər. 
(2) “Məniyətul-mərid”, səh. 381
(3) “Nəhl” surəsi, 53-cü ayə
(4) İmam Xomeyninin (r) vəfatının 23-cü ildönümündəki çıxışı (14/03/1391)