Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Liderin hökumət rəsmiləri, İslam ölkələrinin səfirləri və “İslami vəhdət” konfransında iştirak edən qonaqlarla görüşündəki çıxışı

Rəhman və Rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak, seçilmiş Əhli-beytinə, onun seçilmiş səhabələrinə və onlara ən gözəl şəkildə tabe olanlara Qiyamət gününədək salam olsun.

Əziz qardaş və bacılar, “Vəhdət həftəsi”nin qonaqları və İslam ölkələrinin Tehrandakı nümayəndələri – hamınızı salamlayıram. Əziz Peyğəmbərimizin (s) və həzrət İmam Sadiqin (ə) mövludu münasibəti ilə sizi təbrik edirəm. Ümid edirəm ki, Uca Allah bu günü İran xalqı, bütün İslam ümməti və dünya müsəlmanları üçün həqiqi bayram və uğurlu bir gün etsin. Diqqətəlayiq çıxışında bu günün başlıca və mühüm məsələsinə toxunduğu üçün möhtərəm cənab Prezidentimizə də minnətdarlığımı bildirirəm. İnşallah,  həmin “İslam vəhdəti” məsələsinə mən də toxunacağam.

Peyğəmbərin (s) mövlud günü tarixdə müstəsna bir gündür. Çünki əziz Peyğəmbərin (s) mövludu sonuncu peyğəmbərlik missiyasının tamamlanması üçün zəruri bir hazırlıqdır və bu da əslində bəşəriyyətin xoşbəxtliyi, yüksəlişi üçün axırıncı və eyni zamanda mükəmməl bir nüsxədir. Odur ki, Peyğəmbərin (s) mövlud günü olduqca əhəmiyyətli bir gündür.

Mən peyğəmbərlərin bu ümumi hərəkəti haqqında bir məqama toxunmaq istəyirəm. Əgər biz bəşəriyyət tarixinin ümumi axarını hərəkətdə olan bir karvana bənzətsək və bəşəriyyətin də həmin zaman kəsimində irəliləyiş və inkişafda olduğunu nəzərə alsaq, bu karvanın sarvanı, bələdçisi, sözsüz ki, İlahi peyğəmbərlər olacaqlar. İlahi peyğəmbərlər həm insanlara yol göstərir, həm də hər bir insanda istiqaməti müəyyənləşdirmək qabiliyyətini gücləndirirlər. Onlar sadəcə yolu göstərmirlər, eyni zamanda  hər bir fərddə istiqaməti təyinetmə bacarığını da artırırlar. Əmirəl-möminin Əlinin (ə) ifadəsi ilə desək:

لِیَستَأدوهُم میثاقَ فِطرَتِهِ وَ یُذَکِّروهُم مَنسِیَّ نِعمَتِهِ ... وَ یُثیروا لَهُم دَفائِنَ‌ العُقول

“Beləliklə, Allah-Taala onların arasından Öz peyğəmbərlərini seçərək onlarda fitri olan Tanrının əhd-peymanını tələb etmək və unudulmuş neməti (fitri tovhidi) xatırlatmaları, ... gizlənmiş ağılları üzə çıxararaq işə salmaları ... üçün onları bir-birinin ardınca göndərdi”. (2)

Peyğəmbərlər insanlarla belə davranmışlar: bəşəriyyətin irəliyə doğru addımlaması üçün onların fitrətlərini oyadırdılar, düşünmə qabiliyyətini fəallaşdırıb işə salırdılar. Əlbəttə, tarix boyunca, bəzi dövrlərdə bu karvandakılar, yəni insanlar peyğəmbərlərin sözlərinə qulaq asmış, onların göstərdikləri yolla getmiş və bu işin müsbət nəticəsini də görmüşlər.  Bəzi dövrlərdə isə əksinə, peyğəmbərlərin müqabilində dayanmış, sözlərinə əhəmiyyət verməmiş, hidayətlərinə məhəl qoymamış və bunun mənfi nəticəsinin şahidi olmuşlar. Bəşər tarixindəki bu müxtəliflik – yəni bəzən bir dəstənin hidayət olması, bəzilərinin isə bundan məhrum qalması – bəşər tarixinin həyatında bir sıra problemlərə yol açmışdı; cəbhələşmələri, ziddiyyətləri, haqq və batili, imanı, küfrü ortaya çıxarmışdı. Bəşər tarixinin ümumi mənzərəsi budur.

Peyğəmbərlər bu hidayəti, onlara göstərdikləri qayğını, yardımları və dəvətləri bəşəriyyət üçün müxtəlif yollarla, metodlarla həyata keçirmişlər. Qurani-Kərim bütün bu yolları müxtəlif hissələrdə bəyan edir. Bir neçəsini misal olaraq diqqətinizə çatdırıram. Bir yerdə belə buyurur:

وَ ما عَلَینا اِلَّا البَلاغُ المُبین

“Bizim vəzifəmiz yalnız açıq-aşkar təbliğ etməkdir”. (3)

Burada buyurur ki, peyğəmbərlərin vəzifəsi sadəcə “təbliğ etməkdir”; bundan başqa heç bir vəzifələri yoxdur. Bəzi yerlərdə belədir. Başqa bir yerdə buyurur:

ما اَرسَلنا مِن‌ رَسولٍ‌ اِلّا لِیُطاعَ بِاِذنِ الله

“Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik”. (4)

Peyğəmbərlərə itaət olunmalıdır, yəni peyğəmbərlər siyasi təşkilatlar yaradıb, cəmiyyəti hərəkətə gətirməlidirlər. İnsanların da vəzifəsi onları dinləyib, itaət etməkdən ibarətdir.

Başqa bir yerdə isə buyurur:

اُدعُ اِلی‌ سَبیلِ‌ رَبِّکَ‌ بِالحِکمَةِ وَ المَوعِظَةِ الحَسَنَةِ وَ جادِلهُم بِالَّتی هِیَ اَحسَن

“(Ya Peyğəmbər!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et”. (5)‌

Bu da bir başqa dəvət növüdür. Digər bir yerdə isə buyurur:

وَ کَاَیِّن‌ مِن‌ نَبِیٍّ‌ قاتَلَ‌ مَعَهُ‌ رِبِّیُّونَ‌ کَثیرٌ فَما وَهَنوا لِما اَصابَهُم فی سَبیلِ اللَه

“Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər...”. (6)

Ayə sona kimi bu cür davam edir. Bu dəvət hansısa yerdə xoş dillə, hansısa yerdə silah gücü ilə həyata keçirilir; yəni şəraitdən şəraitə dəyişir. Digər bir yerdə isə buyurur:

فَبِما رَحمَةٍ مِنَ اللَهِ لِنتَ لَهُم وَلَو کُنتَ‌ فَظّاً غَلیظَ القَلبِ لَانفَضّوا مِن حَولِک

“(Ya Peyğəmbər!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər...”. (7)

Burada “غلظت” – “qaba, sərt” ifadəsini işlədir. Əgər “sərt ürəkli” olsaydın, bu əməli  yerinə yetirə bilməzdin. Başqa bir yerdə buyurur:

جاهِدِ الکُفّارَ وَ المُنافِقینَ‌ وَ اغلُظ عَلَیهِم

“Ya Peyğəmbər!Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran!...”. (8)

Bu məqamda isə Peyğəmbərə “sərt ürəkli” olmaq tövsiyə edilir. Odur ki, dəvət metodlarının biri digərinə bənzəmir. Peyğəmbərlərin dəvət metodları müxtəlif şəraitlərdə, zamanlarda və məkanlarda fərqli olmuşdur. Biz dedik ki, peyğəmbərlər insanların düşüncə gücünü, istiqaməti müəyyənləşdirmə qabiliyyətini artırırlar. Bunun mənası odur ki, onlar istənilən şəraitdə bu dəvəti necə yerinə yetirmək lazım olduğuna diqqət yetirməlidirlər.

Bu sadaladıqlarım vəsfdir, təsvirdir. Dedik ki, peyğəmbərlər bu bəşəriyyət tarixinin nəhəng karvanının bələdçiləridirlər. Həmin bələdçilər arasında, şübhəsiz ki, əsl sarvan, sonuncu və əsas rolu oynayan həzrət Muhəmməd Mustafadır (s). O, böyük arifin dediyi kimi:

Bənzərlər bu yolda peyğəmbərlər bir sarvana,

Onlardır karvan bələdçiləri.

Bütün sarvanlar arasından rəhbər seçilmiş bizim Ağamız,

Bu işdə o həm birincidir, həm də sonuncu. (9)

Birincidir, çünki İlahi peyğəmbərlərin cərgəsinin önündə duran, önündə gedən odur. Axırıncıdır, ona görə ki, sonuncu və ən mükəmməl olan İlahi proqramı bəşəriyyətə təqdim edən də odur.

Peyğəmbərin (s) mövludu təbii olaraq, bu günəşin doğduğu gündür, kainatın bu bənzərsiz incisinin açılışı günüdür. Bu səbəbdən də böyük və mühüm gündür. Bu günə əhəmiyyətsiz, adi bir gün kimi yanaşılmamalıdır. Bəli, bu hadisədən dərs öyrənməliyik; bu günü sadəcə vəsf etmək, tərifləmək yetərli deyil. Peyğəmbərin (s) dərsi bütün həyat üçün mükəmməl, dolğun və hərtərəfli bir dərsdir. Bu dərsin hər bir hissəsinə saysız-hesabsız bəyan və şərhlər vermək mümkündür.

Diqqətinizə çatdırmaq istədiyim Peyğəmbərin (s) həyat tərzindən və dəvət üsullarındakı dərslərindən biri – bəlkə də Peyğəmbərin bizə verdiyi ən böyük dərslərdən biri – “ümmət formalaşdırmaq” dərsidir; “İslam ümməti”nin təşəkkülüdür. Məkkədəki o 13 illik mübarizə İslam ümmətinin əsasını qoyacaq hicrətlə sonlandı. İslam ümmətinin formalaşması hicrətlə başladı və Süffə (10), Mədinə camaatının – mühacirləri bir cür, ənsarları bir başqa cür – məşəqqətləri, sıxıntıları, aclıq və əzabları ilə davam etdi. İslam ümməti o səylər, mübarizələr, fədakarlıqlar sayəsində gücləndi. Peyğəmbər (s) həyatda ikən onun göstərdiyi fədakarlıqlarla və o dahi şəxsin vəfatından sonra olunan güzəştlərlə, İslam ümməti bərkidi. Əlbəttə, idarə olunduğundan daha yaxşı idarə oluna bilərdi, amma İslam ümməti Peyğəmbərin (s) Mədinədə azsaylı əhalisi ilə əsasını qoyduğu “ümmət” olaraq qala bildi. Bu gün bizim də bu dərsə ehtiyacımız var. Bu gün bizim İslam ümmətimiz yoxdur. İslam ölkələri çoxdur, dünyada iki milyarda yaxın müsəlman yaşayır, amma bu məcmuya “ümmət” ünvanı verilə bilməz. Çünki onlar vahid deyillər, eyni istiqamətdə deyillər.

“Ümmət” – bir istiqamətdə, bir məqsədə doğru, eyni hədəflə hərəkət edən bir qrup insan deməkdir. Amma biz belə deyilik, biz pərakəndəyik. Bu pərakəndəliyin sonu – İslam düşmənlərinin hökmranlığıdır. Bu pərakəndəliyin nəticəsi – hansısa bir İslam ölkəsinin öz hakimiyyətini saxlaması məqsədi ilə mütləq Amerikaya arxalanmasıdır. Pərakəndə olmasaydıq, bu ehtiyac hiss olunmazdı. Halbuki biz bir-birimizə arxalanaraq, əl-ələ verərək, bir-birimizin imkanlarından istifadə edərək köməkləşib bu “vahid”i yarada bilərdik. O zaman bu “vahid” bu gün dünyanın bütün güclərindən daha güclü ola bilərdi. Necə ki, bir zamanlar bu, elə belə idi. O dövrün bütün nöqsan və iradlarına baxmayaraq, “vahid” olduqları üçün güc hesab olunurdular. Amma bu gün biz belə deyilik. Bu, bizim bu gün alacağımız ən böyük dərsdir. Biz mütləq bir-birimizə yaxınlaşmalıyıq. Biz bu gün İslam ümmətini formalaşdırmalıyıq. Bu o deməkdir ki, biz bu hədəfi izləməliyik. Bəs bu işə kim kömək edə bilər? Burada hökumətlər effektli rol oynaya bilərlər; əlbəttə, hökumətlərdə motivasiya o qədər də güclü deyildir. Bu motivasiyanı gücləndirə bilənlər isə İslam dünyasının nüfuzlu şəxsləridirlər; yəni sizsiniz: siyasətçilər, din alimləri, elm adamları, akademiklər, nüfuzlu və ziyalı təbəqələr, şairlər, yazıçılar, siyasi və sosial analitiklər. Bu işə bu şəxslər öz təsirini göstərə bilərlər. Təsəvvür edin ki, əgər on il ərzində İslam dünyasının bütün mətbuat orqanları müsəlmanların vəhdəti məsələsini işıqlandırsalar, bu haqda məqalələr yazılsa, şairlər şeirlər qoşsa, analitiklər təhlil etsə, professorlar şərhlər versə, din alimləri fətva versələr, sözsüz ki, bu on il müddətində vəziyyət tamamilə dəyişəcək. Xalqlar oyanarsa, bu məsələyə maraq göstərərsə, hökumətlər də həmin yolda irəliləməyə məcbur olacaqlar. Elit təbəqə bu işi görə bilər. Bu, bizim vəzifəmizdir.

Təbii ki, mənim dediyim məsələnin – İslam ümmətində vəhdətin yaranmasının – düşmənləri vardır; onlar “İslam düşmənləri”dirlər. “İslam düşmənləri” məsələsi üzərində ciddi düşünün. Filan ölkənin düşməni o qədər də əhəmiyyətli deyildir; amma elələri də vardır ki, İslamın düşmənləridirlər. Baxmayaraq ki, müsəlmanların bir dəstəsini məhv etməkdən ötrü zahirdə özlərini müsəlmanların digər dəstəsinə yaxınlaşdırırlar, amma onlar, əslində, İslamın düşmənləridirlər. Onlar İslam ümmətinin birləşməsini, İslam ümməti arasında vəhdətin yaranmasını istəmirlər; onlar İslam dünyasında mövcud olan məzhəblərarası ixtilafı daha da dərinləşdirmək istəyirlər.

Cəmiyyətlər arasında mövcud olan ən problemli ixtilaflardan biri “zəlzələ fay xətti”nə bənzəyən əqidə və dini inanclar arasındakı ixtilaflardır. Bu “fay xətti” fəallaşdıqda onu söndürmək heç də asan olmur. “Səlib yürüşləri” 200 il davam etmişdi və həqiqətən də “səlib” yürüş idi. Həqiqətən də dini bir müharibə idi və dini təəssübkeşliyə əsasən baş vermişdi. Düşmənlər bu vəhdətin yaranmasına imkan vermirlər və verməyəcəklər də. Odur ki, düşmənin istəyinə qalib gəlmək lazımdır. Dahi İmamımızın (r) hətta İslam İnqilabının qələbəsindən əvvəl də, İslam dünyasının vəhdətinə, şiə və əhli-sünnənin birliyinə bu qədər israrla yanaşması buna görə idi. Çünki İslam dünyasının qüdrəti vəhdətdən qaynaqlanır, düşmən isə bunun əksini istəyir və əksinə hərəkət edir. Bu, bu gün bizim o Həzrətdən (s) alacağımız dərsdir.

Əlbəttə, vəhdət mesajımızın dünya tərəfindən düzgün mənimsənilməsini istəyiriksə, həm biz, həm də vətəndaşlarımız bu vəhdəti ilk növbədə öz içərimizdə yaratmağa çalışmalıyıq. Fikir ayrılıqları, siyasi ixtilaflar və bu kimi məsələlər xalqın əlbir olmasına, birgə addımlamasına, həmrəyliyinə, birliyinə mənfi təsir göstərməməlidir. Biz mütləq real məqsədlərə doğru irəliləməliyik. Əgər bu həmrəylik yaranarsa, daha sionist rejimi kimi xəbis bir düşmənin bu bölgədə bu qədər cinayət törətməsinə imkan verilməyəcəkdir. Görün, sionist rejimi bu gün nə edir! Yəni cinayətlərini utanmadan, gizlətmədən törədirlər: Qəzzada bir cür, İordan çayının qərb sahillərində bir cür, Livanda bir cür, Suriyada bir başqa cür. Sözün həqiqi mənasında cinayət törədirlər. Onların cinayətlərinin hədəfi döyüşçülər deyil, sadə insanlardır. Fələstindəki döyüş meydanının ərlərinə zərbə endirə bilmədiklərini anladıqları üçün öz cahil və alçaq aqressiyalarını kiçik uşaqların, xəstəxanadakı yaralıların, azyaşlıların məktəblərinə boşaldırlar. Bunlar ona görə baş verir ki, biz daxili gücümüzdən istifadə etmirik. Bu gücdən istifadə etməliyik. Halbuki bu daxili güc sionist rejimini, bu bədxassəli xərçəng şişini İslam cəmiyyətinin, yəni Fələstinin qəlbindən çıxarda və Amerikanın da bu bölgədəki nüfuzunu, hökmranlığını və hegemonluğunu puç edə bilər. Biz bunu etməyə qadirik.

Bu gün Fələstin torpaqları üzərində hakimiyyətdə olan və bu torpaqları viran qoyan bu cinayətkar və terrorist dəstəyə qarşı İslam dünyası birliyinin atacağı ilk addım – İslam ölkələrinin bu cinayətkar qrupla iqtisadi əlaqələrini tamamilə kəsməsidir. Bu, onların edə biləcəyi ən az işdir. Bu iş mütləq görülməlidir. İqtisadi əlaqələri tamamilə kəsmək, diplomatik əlaqələri minimuma endirmək, mətbuat və mediya vasitəsi ilə təzyiqləri gücləndirmək, məzlum Fələstin xalqının yanında olduqlarını açıq şəkildə ifadə etmək və göstərmək görüləcək işlərdəndir.

Ümid edirəm, inşallah, Uca Allah hamımızı doğru yola hidayət etsin. Bu vəzifəni həyata keçirmək üçün hökumətləri, xalqları, nüfuzlu şəxsləri, fəal qrupları hidayət etsin. 

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_________________________

(1) Görüşün əvvəlində prezident cənab Məsud Pezeşkiyan çıxış etmişdir. 
(2) “Nəhcül-bəlağə”, 1-ci xütbə
(3) “Yasin” surəsi, 17-ci ayə 
(4) “Nisa” surəsi, 64-cü ayədən 
(5) “Nəhl” surəsi, 125-ci ayədən 
(6) “Ali-İmran” surəsi, 146-cı ayədən 
(7) “Ali-İmran” surəsi, 159-cu ayədən 
(8) “Tövbə” surəsi, 73-cü ayə
(9) Şeyx Məhmud Şəbustəri, “Golşane Raz” 
(10) Peyğəmbər (s) səhabələrinin bəzisi Məkkədən Mədinəyə hicrət etdikdən sonra yaşayış yerlərinin olmadığına görə “Süffə” adlı məsciddə yerləşmişdilər.