بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین سیّما بقیّة الله فی الارضین
Rəhman və Rəhim Allahın adı ilə (1)
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, məsum Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.
Əziz Peyğəmbərimizin (s) pak adının bərəkəti ilə bu gün burada təşkil olunmuş bu görüş, mənim üçün çox maraqlı, ürəkaçan və gözəl bir görüşdür. Əvvəllər arabir bəzi əhli-sünnə alim qardaşlarımız ilə görüşlər təşkil edərdik – xüsusilə də bəluclu alimlərlə, bu cənablarla uzun keçmişimiz var – amma çoxdandır ki, belə bir məclisdə olmamışdım; Allah-Taalaya şükürlər olsun ki, bugün buradasınız. Əhli-sünnə alimi Əbdürrəhman, Sadati, Molla Qadir (özü burada deyil), əhli-sünnə alimi Əbdüssəməd cənabları ilə keçmişdən – bəziləri ilə İranşəhrdəki sürgün dövründən, bəziləri ilə də İnqılabın əvvəllərindən – dostluğumuz, əlaqələrimiz var. Allah-Taalaya şükürlər olsun, təşkil olunmuş bu görüşdə ölkəmizin əhli-sünnə alimlərinin sayılıb-seçilən şəxsiyyətləri iştirak edirlər. Çıxışınız da həqiqəti əks etdirən və olduqca gözəl çıxış idi. Allah-Taala İslam dininin ali hədəfləri uğrunda addımlamaqda, inşallah, bizim hamımıza kömək olsun.
Mənim üçün ən əsas məsələ “İslam ümməti” məsələsidir. Vahid bir ümmət olduğumuzu yaddan çıxarmamağımız üçün uzun illərdir ki, “İslam ümməti” sözünün üzərində bilərəkdən təkidlə dururam. Bəli, bəzimiz İrandan, bəzimiz İraqdan, bəzimiz Şamdan və s. fərqli yerlərdən ola bilərik, amma bu coğrafi sərhədlər “İslam ümməti” həqiqətini dəyişmir. İslam düşmənlərinin bütün səyləri bizi “İslam ümməti” adlı vahid kimliyə qarşı biganələşdirməkdən ibarətdir. Belə olmasın ki, özümü müsəlman hesab edim, amma Myanmada, Qəzzada, Hindistanda və ya başqa bir yerdə hansısa müsəlmanın çəkdiyi əzab-əziyyətə laqeyd qalım; bu mümkün deyil. Bu davranış İslam təlimlərinə, prinsiplərinə ziddir. Bəli, həmin müsəlmana şəxsən kömək etmək imkanınız olmaya bilər, lakin onunla həmfikir, həmdərd ki, ola bilərsiniz. Bu, bir həqiqətdir; bu, mütləq olmalıdır.
Mənim ölkədəki şiəlik, sünnilik və bu kimi məsələlərlə əlaqəli göstərdiyim səylərimin, cəhdlərimin bir çoxu “İslam ümməti” ünvanını unutmamağımıza yönəlib. Buradakı cənablardan xahiş edirəm, “İslam ümməti” ünvanını cümə namazlarında, əhli-sünnənin tanınmış və görkəmli nümayəndələrinin iştirak etdiyi müxtəlifyönlü böyük toplantılarda tez-tez təkrar edin; bizi ayıldacaq iş görün. Elə edin ki, biz iranlı olmağımızla yanaşı, daha üstün və əhəmiyyətli bir sifətə də malik olduğumuzu dərk edək. Bu sifət müsəlmanlıq və İslam ümmətinin bir parçası olmaqdan ibarətdir. Bu, əsas məsələdir.
İkinci məqam ondan ibarətdir ki, bizim on neçə nəfərdən ibarət olan bu görüşümüz mütləq dünyadakı düşmənləri reaksiya verməyə məcbur edəcək; bir yerdə yığışmağımızın özü bəzilərini hərəkətə keçməyə vadar edəcəkdir. Onlar ittifaqın həyata keçməsini istəmirlər, məzhəblərarası ixtilafların olmamasını istəmirlər. Əlbəttə, bu kimi məsələlərdə ingilislər daha çox təcrübə sahibidirlər, amerikalılar da son zamanlarda onlardan öyrəniblər. Biz bilməliyik ki, onlar intellektual, təbliğat, kütləvi media və iqtisadi sahələrdə sahib olduqları təsiredici amillərlə ölkəmizdə və o cümlədən də bütün dünyada şiə-sünnini bir-birindən ayırmağa, parçalamağa çalışırlar. Onların ölkəmizdəki bu fəallığı İnqilabın qələbəsindən sonra daha da artdı; İnqilabdan öncəsinin neçə bərabəri oldu. İnqilabdan əvvəl ölkə daxilindəki düşmənlər bu zəmində daha az fəaliyyət göstərirdilər. İnqilabdan sonra isə ixtilaf mənbəyini yaratmaq, gücləndirmək üçün stimul tapdılar və onlara görə bunun üçün ən yaxşısı məzhəblərarası ixtilaf yaratmaq idi. Məsələn, bu tərəfdən bir dəstəni o biri tərəfin hissləri ilə oynamağa, onları təhqir etməyə, nalayiq sözlər deməyə sövq edirdilər və o biri dəstəni də bu tərəfə qarşı həmin hərəkətləri etməyə vadar edirdilər. Bu kimi ixtilaflar mövcuddur. İndi ki, bu var, bunun əlacı budur ki, biz “Vəhdət” məsələsinin üzərində möhkəm dayanmalıyıq.
Vəhdət məsələsi – onların qeyd etdikləri kimi – bir taktika deyil, vəhdət İslam prinsiplərinin əsaslarındandır, Qurani-Kərimin əmrlərindən biridir. Qurani-Kərimin buyurduğu bu ayə:
وَ اعتَصِموا بِحَبلِ اللهِ جَمیعاً وَ لاتَفَرَّقوا
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!...”. (2) Bu ifadə olduqca əhəmiyyətlidir; yəni ən mühüm işlərdən biri olan Allahın ipindən möhkəm yapışmaqda belə, birləşmək lazımdır. Yəni bu ittisamın nümunələrindən olan həcc və cümə namazı kimi ibadətlərdə ittifaq zəruridir. Allahın ipindən tutarkən birlik göstərmək Qurani-Kərimin və İslam dininin diqqət mərkəzində saxladığı məsələdir. Məncə, bu olduqca əhəmiyyət daşıyır. Yaxud da “Hücurat” surəsinin bu ayəsində:
وَ اِن طائِفَتانِ مِنَ المُؤمِنینَ اقتَتَلوا فَاَصلِحوا بَینَهُما فَاِن بَغَت اِحداهُما عَلَی الاُخری فَقاتِلُوا الَّتی تَبغی حَتّیٰ تَفیءَ اِلیٰ اَمرِ الله
“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, Allahın əmrinə (itaətinə) qayıdana qədər onunla vuruşun”. (3)
Vəhdət məsələsi o qədər əhəmiyyət daşıyır ki, əgər biri digərinə zülm edərsə, həmin müsəlmanı yenidən vəhdətə qaytarmaq məqsədi ilə onunla mütləq vuruşmaq, mübarizə aparmaq lazımdır. Vəhdət məsələsi bu qədər mühümdür! Bu məsələyə səhlənkarlıqla yanaşılmamalıdır. Ardınca isə bu ayə gəlir:
اِنَّمَا المُؤمِنونَ اِخوَةٌ فَاَصلِحوا بَینَ اَخَوَیکُم
“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin...”. (4)
Birlik Qurani-Kərimin əsas məsələsidir və bunu diqqətdən kənarda saxlamamalıyıq.
Bir qrup insanlar bu vəhdəti pozmağa çalışırlar; bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən. Bəzi məlumatsız insanlar bunu bilməyərəkdən, bir çox qərəzli insanlar isə bunu bilərəkdən edirlər. Belələri ilə mübarizə aparmaq lazımdır. Başa düşmürlər; dini ixtilafların İslam dünyasına, İslama, İslam ümmətinə və müsəlman xalqlarının hər birinə vurduğu zərəri anlamırlar. Necə başa düşmürlər?! İnsan buna təəccüb edir. Əks cərəyanları təhrik edirlər. Bir də görürsən ki, təkfirçi kimi bir cərəyan ortaya çıxır, həm şiənin din alimini, həm Sənəndəcin Şeyxül-islamını (5), həm də Bəlucistanın din alimi Hüseyn Bureni (6) vurub öldürür. Onlar üçün bunlar arasında heç bir fərq yoxdur; onlar şiə və əhli-sünnə arasında təfavüt görmürlər. Vəhdət düşüncəsinə sahib olan hər kəslə düşmənçilik edirlər. Bəli, düşmən belədir. Odur ki, bu anlayış gözardı edilə bilməz.
Əlbəttə, mən Allah-Taalaya bütün qəlbimlə şükür edirəm, ölkə miqyasında bu qədər məkirli planların, düşmən cəhdlərinin olmasına baxmayaraq, əhli-sünnə icması bütün bunlara qarşı çıxmış, mübarizə aparmışdır. Qeyd etdikləri kimi, bizim əhli-sünnələrdən – istər Müqəddəs Müdafiə dövründə, istərsə də başqa hadisələrdə – on beş min şəhidimiz olub; müxtəlif hadisələrdə şəhid din alimlərimiz olub; nə qədər əhli-sünnə alimləri haqq yolunda, inqilab yolunda şəhidlik məqamına yetişiblər. Bizim hədəfimiz İslam ümmətinin izzətlənməsidir. Bu da birlik və vəhdətdən qeyri bir yolla əldə edilə bilməz. Odur ki, hamımız bu yolda çalışmalıyıq.
Bu gün Fələstin və Qəzzanın məzlum xalqına dəstək olmaq, fikrimcə, icrası mütləq lazım olan vacibatlardandır. Əgər bu vacibata əməl etməsək, Allah-Taala Qiyamət günü bunu bizdən soruşacaq. Hər kəs bacardığı kimi – biri maddi yardım etməklə, biri silah verməklə, biri siyasi dəstəklə, bir başqası minbərdən təbliğ etməklə, digəri cümə namazlarının xütbələrində münasibət bildirməklə – bu vacibata əməl etməlidir. Əgər ondan boyun qaçırarıqsa, mütləq məsuliyyət daşıyacağıq. Ümidvaram ki, Allah-Taala İslam ümmətini başıuca edəcək.
Bu gün buraya gələn əziz qardaşlara, həmçinin bu görüşü təşkil edən və sizi burada ziyarət etmək imkanını mənim üçün yaradan cənab Məhəmmədiyan (7) və dostlarına çox təşəkkür edirəm.
Allah-Taala İslam ümmətini başıuca etsin. İnşallah, Uca Allah müxtəlif məzhəb və dinlərdən olan müsəlman qardaşların qəlblərini günü-gündən bir-birinə yaxınlaşdırsın; müştərək cəhətlər nəzərlərində dəyər qazansın. Bizim nə qədər ortaq cəhətlərimiz var, amma bu ümumi cəhətləri görmürük; daha çox fərqli cəhətlərə diqqət edirik. Bu məsələləri həll etməkdə, inşallah, Allah-Taala bizə kömək olsun.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
___________________
(1) Görüşün əvvəlində Əbdürrəhman Çabəhari (Sistan və Bəlucistanın əhli-sünnə alimi Çabəharın imam-cüməsi), Əbdürrəhim Xətibi (Hörmüzgan ostanının əhli-sünnə alimi və Qeşmin imam-cüməsi) və fəqih Əbdüssalam İmami (Qərbi Azərbaycan ostanında əhli-sünnənin fiqh alimi və Mehabad imam-cüməsi) çıxış etmişlər.
(2) “Ali İmran” surəsi, 103-cü ayədən
(3) “Hücurat” surəsi, 9-cu ayədən
(4) “Hücurat” surəsi, 10-cu ayədən
(5) 1388-ci il şəhrivər ayının 26-da əhli-sünnənin fiqh alimi Şeyxül-islam Məhəmməd Sənəndəcdəki “Seyid Qütb” məscidinin önündə güllələnərək şəhid edilmişdir.
(6) 1360-cı il ordibehişt ayının 22-də əhli-sünnə alimi Feyzməhəmməd Hüseynbor odlu silahdan açılan atəş nəticəsində şəhid edilmişdir
(7) Höccətül-İslam Məhəmməd Məhəmmədiyan (Aliməqamlı rəhbərliyin teoloji mərkəzlərlə əlaqələr üzrə müavini)