Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Dini Liderin “Dövlət Həftəsi” münasibəti ilə on dördüncü hökümət nümayəndələri ilə görüşündəki çıxışı

بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə (1)

Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə və pak Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

İlk öncə keçirdiyiniz “Ərbəin” günlərini bütün varlığımla, səmimi qəlbdən, dərin hörmətlə anıram, Allah-Taalanın lütfü sayəsində xalqımızın həyata keçirtdiyi “Ərbəin” yürüşünə görə Ona şükür edirəm.

“Dövlət həftəsi” münasibəti ilə sizi, əziz qardaş və bacıları təbrik edirəm. İnşallah, məsuliyyət daşıdığınız müddət ərzində bu “Həftə”nin, ümid, şad xəbərlər və şad hesabatlar həftəsi olacağına inanıram.

Əziz şəhidlərimiz, Şəhid Rəcai və Şəhid Bahonərin xatirəsini ehtiramla yad edirik. Bu həftə bu iki əziz insanın xatirəsinə hörmət əlaməti olaraq “Dövlət həftəsi” adlandırılmış və bunun da xüsusi bir rəmzi vardır, o da budur: dövlət öz şəhidlərini hörmətlə anan və onların yolunu hörmətlə davam etdirən bir dövlətdir, Allaha şükürlər olsun, demək olar ki, bu, elə belədir.

Əziz şəhidimiz, mərhum prezident cənab Rəisinin xatirəsini hörmətlə anırıq, Uca Allahdan ona bəxş etdiyi bu şərəfli gözəl adın əbədi olmasını diləyirik. İnşallah, Allah-Taala onu və onunla birlikdə şəhid olan yoldaşlarının – o cümlədən Xarici İşlər nazirinin (2) – dərəcələrini daha da ucaltsın, əbədi etsin.

Allaha şükürlər olsun, hökumət hörmətli prezidentin əzmi və parlamentin diqqətəlayiq köməyi sayəsində formalaşdı; bu, böyük bir nemətdir. Keçmiş hökumətlərdə bəzən hökuməti təxminən bir ay, hətta daha artıq bir vaxtda formalaşdırmaq mümkün olmurdu; nazirliyə namizəd olanların hamısı parlamentin etimadını qazana bilmirdi. Allah-Taala sizə də, bizə də, ölkəyə də Öz lütfünü nəsib etdi və nazirlərin hamısı rahatlıqla parlamentin etimadını qazandılar. Seçkilərin və bu hökumətin formalaşmasında əməyi olanların – o ağır və acı hadisədən sonra – hamısının Uca Allahın dərgahında savabı vardır. O ağır itkidən sonra ölkənin ruh yüksəkliyi ilə seçki meydanına daxil olmasına, prezident seçkilərinin tam təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsinə köməklik edən, daha sonra nazirlərin seçilməsində öz yardımını əsirgəməyən əvvəlki hökumətin üzvlərinə, Dövlət teleradio yayım şirkəti “Seda və Sima”ya, müxtəlif qurumların məsullarına həqiqətən də minnətdar olmalıyıq. Allah-Taalaya həqiqətən də şükür etməliyik. Mən əvvəlcə bir neçə məqama toxunacağam, az sonra isə şükür məsələsinə yenidən qayıdacağam.

Cənab Prezident onunla əməkdaşlıq edəcək nazirlərin seçimində çox əmək sərf etdi, zəhmət çəkdi; mənimlə də məsləhətləşmişdi. Tanıdığım və peşəkarlığına etibarlı mənbələr vasitəsilə əmin olduğum bəzi adları təsdiqlədim və bəzi adların üzərində isə israr etdim; bir çoxlarını isə tanımırdım, onlar haqqında fikir sahibi olmadığımı söylədim. Allaha şükürlər olsun, o, seçimi etdi və parlamenti də razı sala bildi. Bu, böyük müvəffəqiyyət idi, buna görə Allaha şükürlər olsun.

Artıq bu gün bütün bu hörmətli nazirlər – siz əziz qardaş və bacılar – prezidentin, parlamentin etimad göstərdiyi yüksək rütbəli şəxslərisiniz; sizi dəstəkləmək, kömək etmək – köməyə ehtiyacınız olarsa – işlərinizdə uğur qazanmanıza yardım etmək bizim hamımızın borcudur.

Qeyd etdiyim bir neçə məqamı sizinlə paylaşaçağam.

Birinci məqam, Allah-Taalaya şükür etməklə bağlıdır. Bu gün siz dövlətin idarə olunmasında və ölkənin inkişafında mühüm rol oynaya biləcək bir mövqedəsiniz; nazirlik sizə belə bir şərait yaradıb. Bu, ilahi nemətdir; insanlara xidmət edə bilmək böyük nemətdir. Xidmət etmək istəyən, amma qarşısına belə bir fürsət çıxmayan bir çox insan var. Bu fürsəti sizə Uca Allah verib; elə isə Allaha şükür edin, minnətdar olun, qədrdan olun, bu yolda Allah-Taaladan yardım istəyin. Bu məsuliyyəti Allah-Taalanın sizə əta etdiyi, xalqın sizə tapşırdığı əmanət kimi görün və bu böyük missiyanı qoruyun. Təbii ki, bu dörd il insan ömründən işıq sürəti ilə ötüb keçər. Mən, bu gün 85 yaşındaykən belə, keçmişə dönüb baxdıqda bu 85 ilin ildırım sürəti ilə ötüb keçdiyini görürəm. Bu, belədir. Bu dörd il də sürətlə keçəcək, amma bu qısa fürsətdən istifadə edib böyük işlər görmək mümkündür. Əmir Kəbir ölkəni cəmi üç il idarə etdi və bu qısa vaxtda bir çox böyük işlərin əsasını qoydu. Elə götürək bizim əziz Rəisimizi, o da üç il hakimiyyətdə oldu. Bu müddətdə bir çox yaxşı işləri həyata keçirtdi. İnşallah, nəticəsini sonra görəcəyimiz bir sıra fundamental işləri də gördü. Odur ki, siz də çalışa bilərsiniz. İnşallah, bu dörd ildə salamatçılıq ilə bir çox böyük işlər görəcəksiniz.

İkinci məqam, sahib olduqlarınızı tanımaq haqqındadır. Dövlət məmurlarının səmərəli fəaliyyətinin şərtlərindən biri budur ki, sahib olduqlarını tanısınlar, mövcud milli sərvətlərə bələd olsunlar, həyata keçirə biləcəkləri potensialları müəyyənləşdirə bilsinlər. Bu uzun illər ərzində potensiallar haqqında məlumatı olmayan bəzi məsullarla rastlaşmışam; ölkənin insan resurslarını, təbii resurslarını tanımırdılar. Hətta bir dəfə bir məsul şəxsin “Magistral yolların çəkilişində xarici mühəndislərdən istifadə etməliyik!” deməsini də xatırlayıram. Bu gün gənclərinizin əli ilə ölkənin dörd bir yanında magistral yollar salınır və bizim o xarici mühəndislərə ehtiyacımız yoxdur; bu məlumatsızlıq çox böyük bir nöqsandır. Bu barədə çoxlu misallarım var, amma artıq onları dilə gətirməyə lüzum görmürəm.

Sahib olduqlarınızı tanıyın. Bizim milli sərvətlərimiz olduqca çoxdur, eyni zamanda potensial olaraq onun neçə bərabəri qədər sahib olduğumuz imkanlarımız da var. Potensial və faktiki olaraq cürbəcür imkanlarımız var. Bunlardan biri təbii imkanlardır. Yeraltı mənbələrimiz, imkanlarımız olduqca çoxdur; neftimiz, qazımız, hər cür qiymətli təbii sərvətlərimiz var. Elə “Kəvir” səhrasını götürək. Mütəxəssislər bir dəfə mənə həmin bölgədə böyük təbii ehtiyatların – dəyəri neft və qazdan daha artıq olan sərvətlərin –  olduğunu söyləmişdilər. Biz belə ehtiyatlara sahibik. Bu regionda bizim özünəməxsus coğrafi mövqeyimiz var. Coğrafi ərazimizə görə şərqlə qərbin, şimalla cənubun qovşağındayıq. Bu, olduqca əhəmiyyətli mövqedir. İqlim baxımından, fərqli iqlim qurşaqlarına sahib olduğumuz çox böyük imkandır. Açıq dənizlərdə uzun su sərhədlərinin mövcudluğu baxımından da belə imkanlarımız var; sahib olduğumuz adalarımız, su sərhədlərimiz, bunların hamısı imkanlardır. Elə çox əlverişli imkan olan “Məkran sahilləri”ni götürək. Cənab Prezidentin bu mövzuda mənimlə söhbəti oldu və bu ərazinin adını dəfələrlə çəkdi. O, bu layihəyə həssaslıqla yanaşır. Belə imkanlarımız həddən çoxdur; bunlar təbii imkanlardır.

Digər potensiallardan biri də insan resurslarımızdır. Təhsilli gənclərimiz; ölkəmizdə işləmək həvəsində olan milyonlarla savadlı gənclərimiz var; onlardan faydalana bilsək, onları tanıya bilsək, fiziki, intellektual güclərindən istifadə edə bilsək, ölkə üçün görüləsi bir aləm iş yaranar. Təhsilli gənclər, parlaq istedadlar, elmi qabiliyyətlər, dahi yaradıcılıq qabiliyyəti;  məsələn, Xacə Nəsirəddin, İbn Sina, Məhəmməd bin Zəkəriyya, Razi və ya Molla Sədraya, yaxud ölkəmizin bizim dövrümüzə qədərki digər görkəmli alimlərinə baxdıqda, bizim intellektual və elmi hüdudlarımızın ucsuz-bucaqsız olduğunu görürük və biz o yüksəkliklərə yetişə bilərik. Üzərindən min il ötməsinə baxmayaraq, İbn Sinanın kitabları hələ də bütün dünyada aktualdır; bu çox əhəmiyyətli nüansdır, bu mühüm hadisədir. Bizim “dahilər yaratmaq” potensialımız var; yəni gənclərimiz arasında dahilər yetişə bilər. Bunlar bizim insan resurslarımız, sərvətlərimizdir.

Digər imkanlarımızdan biri də xalqımızın sahib olduğu inancdır; xalqımızın sahib olduğu inanc – istər dini, istərsə də siyasi olsun – olduqca diqqətəlayiqdir; əslində bu da bir növ potensialdır.

Potensialın başqa bir növü ölkənin siyasi imkanlarıdır; məsələn, ölkənin strateji dərinliyə sahib olmasıdır. Vaxtilə İran dünyada xalçası, nefti ilə tanınardı, bu gün isə elmi, hərbi tərəqqisi, regional gücü və strateji dərinliyi ilə tanınır. Bu, bizim sahib olduğumuz imkandır.

Dünya ölkələrinə, regiona təsir etmək bacarığı kiçik bir şey deyil, çox əhəmiyyətli bir məsələdir. Bu da malik olduğumuz imkanlarımızdan bir başqasıdır.

Ən dəyərli potensiallar arasında olan digər bir imkan isə təcrübələrdir; biz bu təcrübələrin qiymətini bilməliyik. 

اَلعَقلُ حِفظُ التَّجارِب

“Ağıl – təcrübələri yadda saxlamaq, qorumaqdır”.

Bu, Əmirəl-mömininin (ə) göstərişidir. Əmirəl-möminin (ə) təcrübələrdən istifadə etməyi və onları qorumağı ağıl, hikmət əlaməti hesab edir:

وَ خَیرُ ما جَرَّبتَ ما وَعَظَک‌

“Etdiyin ən yaxşı təcrübə, sənə öyüdverən təcrübədir”. (3)

Elə bir təcrübə ki, sizə ibrət dərsi versin və sizə yolu göstərsin. Bizim yaxşı təcrübələrimiz var; hakimiyyətə gələn müxtəlif hökumətlər bizə bir sıra təcrübələr qazandırdılar: görülməsi lazım olmayan işləri gördülər, nəticədə ziyana uğradıq; görülməsi lazım olan işləri görmədilər, biz yenə də zərərə uğradıq; elə işlər var idi ki, görməli idilər, gördülər, nəticədə biz faydasını gördük. Bunlar hamısı bir təcrübədir, onlardan yararlanmaq olar.

Üçüncü məqam, əməkdaşlarınızın seçimi ilə bağlıdır. Nəhayətdə özünüzə əməkdaşlar seçəcəksiniz. Sizə tövsiyəm budur: gənc, inanclı, inqilabçı, sədaqətli və motivasiyalı xüsusiyyətləri daşıyan həmkarlardan daha çox istifadə edəsiniz; fəaliyyətinizdə sizə kömək edəcək məhz bu keyfiyyətləri daşıyan həmkarlar ola bilər. Biz nüvə, nanotexnologiya, kök hüceyrələri və s. bu kimi bütün dünyanın diqqət mərkəzində olan elmi-tədqiqat sektorlarında bu gənclərin işlərindən yararlandıq, irəlilədik, müvəffəqiyyət qazandıq və Allaha şükürlər olsun, bir sıra böyük işləri həyata keçirdik. O keyfiyyətlər sadaladıqlarımdır; bu cür gənclərdən istifadə edin. Çünki bu düyünləri açan, çözən onlardır. Bundan əlavə, bu gənc qüvvələri ayrı-ayrı idarəetmə kateqoriyalarında yerləşdirib yetişdirməklə ölkənin gələcəyi üçün də motivasiyalı rəhbər nəsil formalaşdıracaqsınız; yəni təşkilatınızda fəaliyyət üçün gənclərə yer ayırmaqla onlara təcrübə qazandırırsınız. Beləliklə, gələcək nəsillər üçün stimullu rəhbər kadrlar yetişdirmiş olursunuz. Məncə, bu çox dəyərlidir. Sevindirici haldır ki, cənab prezident də – onunla söhbətimizdə bu məsələni müzakirə etmişdik, özü də dəfələrlə qeyd etdi –  bu mövzuya ciddi yanaşır; əgər o, inanclı, motivasiyalı, inqilabçı və sədaqətli yüz gənci bu məqsəd üçün hazırlasa və hökümət fəaliyyətinin sonunda ölkəyə təhvil versə, məncə, olduqca böyük iş görmüş olar. Bu da həmkar seçimi haqqında söyləmək istədiklərimdir. Mərhum şəhid Rəisi bu sahədə yaxşı uğurlar əldə etmişdi. İnşallah, sizin müvəffəqiyyətiniz onun uğurlarının neçə bərabəri olar.

Dördüncü məqam, mütəxəssislərlə həmkarlıq haqqındadır. Cənab Pezeşkiyan mütəxəssislərlə əməkdaşlıq məsələsinə seçkiqabağı debatlarında və açıqlamalarında dəfələrlə toxunmuşdu. Mütəxəssislərlə əməkdaşlıq haqqında fikrim qətidir; hökumət fəaliyyətlərini mütəxəssis rəyinə əsasən həyata keçirdikdə hakimiyyətləri – müəyyən çevrəyə, dostluq dairəsinə və məsləhətlərə görə deyil – müdrikliyə və rasionallığa dayanmış olur. Mütəxəssislə işləməyin xüsusiyyəti budur; bəzən ətrafınızdakı dost-tanışların, nüfuzlu şəxslərin və s.-nin istəklərinin əksinə olaraq, işi mütəxəssis rəyinə əsasən görürsünüz; belə hallarda onlar sizdən narazı qalacaq, əvəzində isə siz xalqın ürəyinə yol tapacaq, ölkəni inkişaf etdirəcəksiniz; mütəxəssis rəyinə əsasən işləmək bu deməkdir. Mən mütəxəssislərlə həmkarlıq məsələsini təsdiqləyirəm və bu məsələdə israr edirəm. İntəhası, mütəxəssis seçimində bir məqam var: bəzən mütəxəssis qiyafəsində, mütəxəssis dili ilə bəziləri ortaya çıxıb öz səhv düşüncələrinin çöküntülərini ətrafa təlqin edirlər. Problem məhz bu zaman yaranır. Həmin mütəxəssis öz yanlış düşüncəsini, ya da əxlaqi xüsusiyyətlərini sizə aşılamış olur. Əmirəl-mömininin (ə) bu barədə bir tövsiyəsi vardır:

لا تُدخِلَنَّ فی مَشوِرَتِکَ بَخیلاً ... وَ لا جَباناً ... وَ لا حَریصاً 

“Xəsis ..., qorxaq və tamahkar adamla məsləhətləşməyin”. (4)

Xəsis adamla məsləhətləşmə. Bu nə deməkdir? Yəni sənin mütəxəssisin xəsis olmasın. Niyə? Çünki kiməsə yardım etmək istəsəniz, həmin xəsis “cibin boşalacaq” deyərək, o işi görməkdə sənə mane olacaq. Qorxaq adamla da məsləhətləşmə, cəsarətsiz birini özünə mütəxəssis seçmə; böyük işlər, böyük addımlar atmaq istədikdə, o, səni “bu işi görsən, belə olacaq, elə olacaq” - deyib, qorxudacaq. Tamahkarla da məsləhətləşmə – yəni beləsindən tövsiyə alma, çünki tamahkar öz hərisliyini sənə də aşılayacaq. Bu sadaladıqlarım misal idi. Yəni məşvərət etdiyimiz şəxsin daşıdığı bu cəhətlər onun rəylərinə də təsirini göstərəcək və bizim üçün problem yaradacaq. Odur ki, ehtiyatlı olmalıyıq, mütəxəssis şəxs mömin, sədaqətli, ölkənin daxili və milli imkanlarına inanan, milli sərmayələrimiz haqqında məlumatlı biri olmalıdır. Xaricilərin qüvvədən düşmüş nüsxələrini arayıb-axtaran mütəxəssislərdən istifadə etməyin. Məsələn, 50-70 il bundan əvvəl xaricdə iqtisadi, ictimai və siyasi sahədə istifadə edilmiş sonradan ləğv olunmuş, qüvvədən düşmüş nüsxələri ölkəmizə gətirib istifadə etməyək. Diqqət edin ki, mütəxəssisiniz bu xüsusiyyəti daşımasın. Mütəxəssis prinsipləri çox zəruridir. 

Beşinci məqam, xalq arasında olmaqla əlaqəlidir. Hansısa yerlərə, ostana etdiyiniz səfərin “populizm”, “avam insanları aldatmaq” olduğunu deyənlərin sözlərinə etina etməyin. Masa başında oturmaqla və rəsmi hesabatlarla xalqın yaşayışından xəbərdar olmaq mümkün deyil; odur ki, xalqın içinə getməli və həqiqəti özlərindən eşitməlisiniz. İnsan müəyyən məsələləri yaxından görüb-eşitdikdə, ona verilən hesabatlarla reallığın nə qədər fərqli olduğunu başa düşür. Bu sözlə bütün hesabatların reallığı əks etdirmədiyini demək istəmirəm, bunu bu cür anlamaq səhvdir; xeyr, həqiqətləri əks etdirən yaxşı hesabatlar da var, intəhası, hesabat tam reallığı göstərmir. Bura gələrkən, Ərbəin yürüşündən qayıdan bir şəxsdən  yürüş haqqında: “Necə idi, yaxşı idi?” - deyə, soruşdum. O cavab verdi ki, “Bütün din xadimləri, şairlər, alimlər hamı bir yerə yığışsalar belə, baş verənlərin mində birini vəsf edə bilməzlər”. Bunu o bir saat bundan əvvəl mənə dedi; yəni görmək – bir şeyi yaxından müşahidə etmək tam fərqli bir şeydir. Xalqın arasına gedin; gedin insanlarla qaynayıb-qarışın, ünsiyyət yaradın. Rayonlara, kəndlərə, hər hansısa bir yerə getdikdə yaxşı olar ki, insanların evinə də baş çəkəsiniz. Zəlzələdən, yaxud daşqınlardan zərərçəkən bölgələrə getdikdə insanların çadırlarına da gedin, girin, baxın, görün, onları yaxından eşidin, sonra qərarınızı gördüklərinizə əsasən verin. Xalq arasında olmaq çox yaxşıdır, ostanlara səfərlər çox yaxşıdır. İnşallah, bu işdə uğur nəsibiniz olsun. 

Altıncı məqam, ədalət məsələsi haqqındadır. Bəli, “ədalət” sözü hamımızın dilində təkrar olan sözdür. Cənab Pezeşkiyan da həm seçkiqabağı debatlarında, həm seçkidən sonrakı çıxışlarında, həm də bugünkü toplantımızda ədalət məsələsi və əhəmiyyəti haqqında çıxış etdi. Eynilə belədir; mən ədalətin zəruriliyi haqqında danışmaq istəmirəm; çünki bu mövzu dövlətin, İslam hökümətinin və inqilabın açıq-aşkar əsaslarındandır; məsələ bu deyil. Məsələ ondadır ki, ədaləti necə təmin edək, ədaləti hansı yollarla həyata keçirək? Hamımız ədalətin bərqərar olmasını istəyirik. Bununla bağlı vaxtaşırı qanunlar, qaydalar, əsasnamələr, proqramlar və s. qəbul edilir, deyilir, həyata keçirilir; bütün bunlarda ədalətə nə qədər riayət olunur? Bunlar sevdiyimiz və daima təkrarladığımız ədaləti nə qədər təmin edə bilir? Mən bir neçə il bundan əvvəl hər hansısa qanuna “ədalət əlavəsi” haqqında məsələ qaldırmışdım. (5) O zaman “istər təsdiq, istərsə  də qəbul etmək istədiyiniz hər bir qanun üçün – ya hansısa mühüm qərar, ya da qanun olsun – ədalət əlavəsi hazırlayın” demişdim. Mərhum cənab Rəisi bu sahədə irəliləyişlərə nail olmuşdu; bir sıra işlər həyata keçirmişdi, amma yarımçıq qaldı. Sizə bir məsləhət vermək istəyirəm: qanunda “ədalət əlavəsi”nə ehtiyac var. Bu, inzibati tədbir və ya formal prosedur deyil, real məsələdir. Məsələn, proqramları tənzimləyən, qərarlar qəbul edən, qərarlar verən, qanunlar hazırlayan, hökümətin qanun layihələrini yazan, tənzimləyən və s. bu kimi işləri həyata keçirən qurumlar – ya həmin qurumlar, ya da prezidentin təyin etdiyi səlahiyyətli şəxslər – buna nəzarət etməlidirlər. Həmin qanun və proqramların sosial təbəqələşməyə nə qədər təsir etdiyi, təsirin azlığı-çoxluğu, həqiqətən də təsir qoyub-qoymadığı təhlil edilməlidir. Bunların sosial təbəqələşməni dərinləşdirdiyini müşahidə etdikdə isə həmin proqram ya tamamilə, ya da onun həmin hissəsi ləğv edilməlidir. “Ədalət əlavəsi” bunu nəzərdə tutur, qanuna hansısa kağızı yapışdırmağı və ya hansısa şərti qoymağı yox. Xeyr, “ədalət əlavəsi” qanunun özündə olmalıdır. Bu asan iş deyil, çətin işdir, böyük zəhmət tələb edən işdir. Məndəki məlumata əsasən, bir qrup gənc universitet alimləri bu məqsədlə kompyuter proqramı təminatı hazırlayıblar. İstəsəniz, onlara müraciət edərsiniz, faydalı olsa, onların hazırladıqları bu proqramdan faydalanarsınız. Hər halda, ədalət məsələsi dildə deməklə, yalvarışla, xahişlə, təkrarlamaqla, hədə-qorxu və s. ilə həyata keçirilə bilməyən bir məsələdir. Bunun üçün icra lazımdır, motivasiya lazımdır, fəaliyyət meydanına atılmaq lazımdır. Sevindirici haldır ki, bu motivasiya Prezidentdə var; bu iş üçün onun stimullu olduğunu görürəm. Elə isə bu işi reallaşdırmaq üçün yollar axtarıb tapın; necə, hansı şəkildə həyata keçirmək üçün məsələni gündəmdə tutun. Elə etmək lazımdır ki, hansısa məsul şəxs ədalət yolundan çıxa bilməsin. 

Yeddinci məqam, prioritetlərə əməl edilməsi haqqındadır. Bizim vaxtımız az, büdcəmiz yetərsiz, görüləcək işlərimiz isə çoxdur; ona görə də prioritetləri dərhal müəyyənləşdirməlisiniz. Biri infrastrukturla, digəri isə təxirəsalınmaz məsələlərlə bağlı olan iki cür prioritet var. Prioritetlərin bəzisi təcili həll olunmalıdır. Bunlar münasib yollarla ictimaiyyət üçün həll edilməlidir; qiymətlərin bahalığı, inflyasiya və s. Bəzi prioritetlər isə infrastrukturla bağlıdır; bunları bu gün həll etməsək, sabah yenidən etməyə məcbur olacağıq. Elə götürək bəzilərinin nüvə enerjisinin faydalarına şübhə ilə yanaşmasını; bu onların həmin məsələ haqqındakı məlumatsızlığından qaynaqlanır. Axı bu ölkə özünü dünyanın qabaqcıl elmi-texniki imkanlarından məhrum edə bilməz; bu gün başlamasan, on ildən sonra yenidən başlamalısan; bu isə on il geridə qalmaq deməkdir.

Mən bir az əvvəl coğrafi mövqe məsələsinə toxundum; hal-hazırda hökumətin “şimal-cənub” və “şərq-qərb” marşurutları ilə bağlı layihələri var. Təbii ki, şimal-cənub marşurutu daha çox əhəmiyyət kəsb edir; bu, olduqca önəmlidir. Ölkəmizin şimalı Avropaya və başqa yerlərə aparan bir sıra ölkələrlə, cənubu isə dəniz, Hind okeanı və bir o qədər də böyük olan Asiya silsiləsi ilə əhatə olunub. Biz ortada yerləşirik; bu, infrastrukturun prioritetidir; bunu görməməzlikdən gələ bilməzsiniz, bu işi izləməlisiniz. Bizim belə infrastruktur prioritetlərimiz var.
'
Ərzaq təhlükəsizliyi məsələsi ən mühüm prioritetlərdən biridir. Ərzaq təhlükəsizliyinə gəlincə, buğda istehsalı sahəsində özünü təmin məsələsi olduqca mühümdür. Əkinçilik sahəsində sudan istifadə növü məsələsi çox önəmlidir. Bu sahədə bəzi mütəxəssislərin yeni üsulları var; eşitdiyimə görə, onların bəzisi bu məsələni cənab Pezeşkiyanla müzakirə də ediblər. Təbii ki, bu işin icrasında əvvəldə qarşıya bir sıra çətinliklər çıxa bilər, baha başa gələ bilər, amma gələcəyi mütləq perspektivlidir; bunları həyata keçirməliyik, bunlar infrastrukturdur, bizim prioritetlərimiz bunlardır.

Bu kimi misallardan biri də neft istehsalının inkişafıdır: istər neft hasilatı sektoru olsun – həm neft yataqları, həm də hal-hazırda dünyada neft hasilatı üçün bir sıra müasir üsullar var və biz neft yataqlarının bu yolla axtarışında geridəyik, biz öz imkanlarımızdan və bu üsullardan istifadə etməliyik – istərsə də neft emalı, məsələn, neft emalı zavodu, məhsulun son istehsal sektoru olsun. Bizim bu gün neftdən əldə etdiyimiz son məhsul, məsələn, benzin və ya dizeldir, halbuki neftdən əldə edilən son istehsal məhsulları təkcə bunlar deyil. Deyildiyi kimi, neftdən əldə edə biləcəyimiz başqa məhsullar da var. İnşallah, bu prioritetləri diqqət mərkəzində saxlamaq lazımdır.

Qeyd etdiyim növbəti məqam, virtual məkan haqqında olan səkkizinci məqamdır. Virtual məkan yeni bir dünyadır; siz bunu məndən daha yaxşı bilirsiniz ki, virtual məkan artıq bu gün virtual deyil, insanların həyatında günü-gündən inkişaf edən bir reallıqdır. Virtual məkan məsələsində önəmli məqam, onun qanun çərçivəsində tənzimlənməsidir. Bəzi çıxışlarımda bu məkanın özbaşına olmasını deməyimin səbəbi budur. Bu sahədə qanuni idarəçilik tətbiq edilməlidir; əgər qanun boşluğu varsa, qanun qəbul olunmalı və ona əsasən idarəçiliyə nəzarət edilməlidir. Bütün dünya bu işi görür. Fransız hökümətinin o zavallı gənci həbs etdiyini siz də gördünüz; (6) yəni işlərində o qədər sərtdirlər ki, qarşı tərəfi iyirmi illik həbs cəzası verməklə hədələyirlər; bu, onların idarəçilik qaydalarını pozduğuna görədir. İdarəçilik qanunlarının pozulması qəbuledilməzdir. Qarşısında məsuliyyət daşıdığınız ölkə sizin ixtiyarınızdadır. Odur ki, sizin hakimiyyətin qayda-qanunlarını pozmaq olmaz, qayda-qanunlar pozulmamalıdır. İdarəedicilik budur. Virtual məkan məsələsi ilə əlaqədar öz sözümü, əsas düşüncələrimi indi də dedim, əvvəllər də demişəm, amma bəziləri mənim sözlərimi başqa cür izah edir, ya başqa cür anlayır, yaxud da heç başa düşmək də istəmirlər. Mənim sözüm budur: virtual məkan ölkədə qanuniləşdirilməlidir; belə olarsa, fürsətə çevriləcək. Virtual məkan qanuniləşərsə, bu ölkə üçün fürsətə çevriləcək, əks halda təhlükə yarana bilər. Buradaca süni intellekt məsələsinə də toxunmaq istəyirəm. Bu məsələyə bir dəfə də inauqurasiya mərasimində toxunmuşdum. (7) Süni intellekt texnologiyası qeyri-adi sürətlə irəliləməkdədir; yəni insan bu heyrətamiz texnologiyanın dünyadakı inkişaf sürətinə təəccüb edir. Bəli, hazırda bizim müxtəlif qurumlarımız – hərbi, qeyri-hərbi – süni intellekt texnologiyasından istifadə edirlər, faydalanırlar. Amma bu istifadə bizi aldatmamalıdır. Süni intellektdən istifadə imtiyaz sayılmır; bu texnologiya mənimsənilməsi lazım olan dərin təbəqələrə malikdir; həmin təbəqələr də başqalarının əlindədir. Siz süni intellekt texnologiyasının dərin və müxtəlif təbəqələrini hazırlaya bilməsəniz, sabah onlar süni intellekt üçün nüvə agentliyi kimi bir instansiya yaradacaqlar; hal-hazırda bu məqsədlə bir sıra ilk hazırlıqlar da görürlər. Siz həmin instansiyaya qədər irəliləyəcəksiniz, ondan sonrakı mərhələdən keçməyə – məsələn, bu təbəqəsindən istifadə edə bilərsiniz, başqa bir təbəqəsindən istifadə etməyə haqqınız yoxdur! – icazə almalısınız. Belədir; dünya fərasətliləri, fürsətçiləri və güc sahibləri bu işlərin izindədirlər. Süni intellekt agentlik instansiyasını yaratdıqdan sonra isə sizə bu bölgədən keçməyə icazə verməyəcəklər. Odur ki, bu texnologiyanın ən dərin təbəqələrinə qədər irəliləyib yetişməli və ölkədəki süni intellektin infrastrukturlarını izləməlisiniz. Bu iş üzrə cavabdehlik daşıyan şəxslər, inşallah, bu məsələni nəzarətdə saxlasınlar. On üçüncü hökümət dövründə prezidentin nəzarəti altında “Milli Süni İntellekt Təşkilatı” adlı bir qurum yaradılmışdı; bu iş yaxşı idi, amma indi yarımçıq qalıb. Əgər həmin qurum cənab prezidentin nəzarəti altında fəaliyyətini davam etdirərsə, inşallah, bu işin irəliləməsinə ümid böyükdür.

Doqquzuncu məqam, iqtisadiyyat haqqındadır. İndi bu barədə çox danışmayacağam. Mötəbər ekspertlərin çoxunun iqtisadiyyatla bağlı bizə dedikləri budur ki, ölkənin iqtisadi problemlərinin həlli istehsaldadır; ölkə təklifə doğru irəliləyir. İstehsalatı inkişaf etdirə bilsək, inflyasiya, məşğulluq, milli valyutanın dəyər qazanması kimi problemlər həll olunacaq.

İstehsal məsələsinə ciddi yanaşmaq lazımdır. Ölkənin milli istehsalat sektorunda irəliləməsini istəyiriksə, bunun üçün hökumətin köməyinə ehtiyac var; bu kömək olmadan, bu işi görmək olmaz. Biznes mühitinin yaxşılaşdırılması və bu kimi həmişə deyilən sözlər, təkliflər mütləq həyata keçirilməlidir. Bir neçə ay bundan əvvəl sahibkarlardan ibarət bir qrup yanıma gəlmişdi, görüşdük, söhbət etdik; (8) insan onların sözlərinə qulaq asdıqca, bu sahibkarların ixtiyarında olan imkanların nə qədər heyrətamiz olduğunun şahidi olur. Onlar yaxşı işlər görə bilərlər; bəzən qeyri-mümkün kimi görünən işləri belə, bu sahibkarlar həyata keçiriblər; özləri də gəlir əldə ediblər, maddi cəhətdən yararlanıblar, üstəlik ölkəyə də xeyir veriblər. Onların hamısı dövlət dəstəyinin zəruri olduğunu deyirdilər. Odur ki, dövlət onlara kömək etməlidir.

Onuncu mühüm məqam, ölkə əhalisinin erkən demoqrafik yaşlanması ilə əlaqəlidir. Bu nüans olduqca mühümdür. 40 il bundan əvvəl əhalimizin demoqrafik artım tempi 3,5% idi, bu da çox yüksək göstərici idi. Bəli, onda bir dəstə təşvişə düşərək tez-tələsik bir sıra qadağalar, müəyyən məhdudiyyətlər tətbiq etdilər. Hal-hazırda bizim əhalinin təbii artım nisbəti heç 3,5% də deyil. Əlbəttə, onu da deyim ki, dəqiq bilmirəm, məndə yeni statistik məlumatlar yoxdur, yəqin ki, 0,5% və ya maksimum bu həddədir. Amma həmin qayda-qanunları yenidən işə salmaq istəyirlər! Belə olmaz. Bu qərarlar daima yoxlanılmalı və ardıcıl olaraq yenilənməlidir. Bəzən əhalinin təbii artımı nizamsız şəkildə irəliləyir, belə hallarda qarşısı alınmalıdır, belə vaxtlarda bu cür nəzarət yaxşıdır. Bəzən isə əhalinin təbii artımı dayanır, yaxud da getdikcə geriyə, azalmağa tərəf gedir və ölkə yaşlanmağa doğru irəliləyir. Belə hallarda dərhal qanunlarda ölkənin ehtiyaclarına uyğun dəyişiklik edilməlidir. Mən hörmətli Səhiyyə naziri cənab doktor Zəfərqəndidən bu məsələni şəxsən nəzarətdə saxlamasını, izləməsini çox ciddi şəkildə xahiş edirəm. Bu məsələni sözün həqiqi mənasında diqqətdə saxlayın. Doğum səviyyəsini aşağı salan əngəllərə – təəssüflər olsun ki, bunlar olduqca çoxdur – yol verməyin və məsələni tamamilə nəzarətdə saxlayın. Bir çoxunuz ola bilsin ki, gəncliyinizdə innovativ işlər görmüsünüz, bu gün isə onu edə bilmirsiniz, bacarmırsınız. Ölkəmizin isə gənclərə ehtiyacı var. Allah eləməsin, ölkə “əhalinin yaşlanması” kimi acı və ağır aqibətə düçar olarsa, artıq heç bir çarəsi tapılmaz. Belə ki, bu gün bir çox ölkələr bu problemlə üzləşiblər. Bu da əhali haqqında demək istədiklərim idi.

On birinci məqam, qarşıya çıxan maneələrdən qorxmamaq haqqındadır. Sizə demək istədiyim budur: maneəsi, çətinliyi olmayan heç bir iş yoxdur. Önündə maneəsi olmayan elə bir iş tapa bilməzsiniz, həmişə bir maneə var. Bəzi insanlar hər hansısa maneə ilə üzləşdikdə, onların etdiyi ilk seçim geri çəkilməkdir; bu yanaşma səhvdir. Maneəni aşmağa, ondan yan keçməyə çalışmalısınız. Əlbəttə, bütün addımlar atıldıqdan sonra bəzən taktiki bir geri çəkilmə ola bilər – bu mümkündür – amma hansısa çətinliklə qarşılaşdıqda dərhal sözümüzdən, düşüncələrimizdən, planlarımızdan dönməməliyik. Maneələrdən qorxmayın. Bu da mənim növbəti tövsiyəmdir.

On ikinci məqam, düşmənə arxalanmamaq, ümid bağlamamaq haqqındadır. Bir az əvvəl cənab Prezident, bir neçə gün əvvəl isə hörmətli Xarici İşlər naziri (9) də öz açıqlamalarında bu məsələyə toxunmuşdu. Düşmənə ümid bağlanılmamalıdır; proqramlarımızın icrası üçün düşmənin və hətta bizimlə düşmən olmayanların da razılığına ümid bəslənilməməlidir. Əlbəttə, bu, düşmənlə müəyyən məqamlarda qarşılıqlı iş görməklə ziddiyyət təşkil etmir; bunun iradı yoxdur, amma düşmənə ümid bəsləyib etimad göstərilməməlidir.

Sonuncu və on üçüncü məqamda demək istədiyim budur: məsuliyyət daşıdığınız müddət boyunca bacardığınız qədər mənəviyyatınıza diqqət göstərin. Əzizlərim! Allah-Taalaya daha çox yaxın olmaq üçün hamımızın iman dolu qəlbə, ibadətə, Qurani-Kərimlə ünisiyyət qurmağa, duaya, raz-niyaza ehtiyacımız var; bunların hamısına həqiqətən də ehtiyacımız var. Mən xüsusilə təvazö ilə diqqəti tam şəkildə Allaha yönəldərək, əvvəl vaxtda qılınan namazı tövsiyə edirəm. Bir də imkan daxilində camaat namazı qılın; iş yerində namaz qılsanız, bunu işçilərinizlə birlikdə qıla bilsəniz, bu daha gözəl olar. Siz bir qrup insana, ilk öncə öz işçilərinizə örnəksiniz. İkincisi, insanlar sizə baxır; sizin davranışınız, geyim tərziniz, simanız bir çoxları üçün nümunədir; bunlara diqqət yetirməlisiniz. Siz bəzi işləri görməkdə elə cavabdehlik daşıyırsınız ki, bəlkə də adi insan həmin məsələlərdə cavabdehlik daşımır. Bu tövsiyəni insanların hamısına vermirəm, amma sizə verirəm. Niyə məhz sizə? Ona görə ki, siz örnəksiz, insanlar sizə baxırlar, sizdən öyrənirlər, sizin davranışınız ölkədə əxlaq normalarını formalaşdırır. Uca Allahdan bu baxımdan kömək istəyin və təvazö göstərin. Müvəffəq olsanız, bacarsanız nafilə namazlarını – xüsusilə gecə namazının nafilələrini – qılın, sübh namazından əvvəl oyaq qala bilsəniz, oyaq qalın. Bu, çox yaxşıdır. Həmin zaman Allah-Taala ilə yalnız qalmaq, Onunla dərdləşmək və Ondan istəmək üçün çox gözəl vaxtdır. Siz də artıq xidmət vadisinə qədəm qoydunuz, xidmət meydanına daxil oldunuz; odur ki, bu işdə niyyətinizi qürbətən iləllah, Allaha xatir edin. Ətrafdan kimlərsə “filankəs özünü göstərir” - deyə, irad tuta bilər. Bu, şeytanın vəsvəsəsidir. Bəzi insanlar bu cürdür, belə bir söz deyən kimi həmən cavab verirlər ki, “bu işi görsəm, deyəcəklər filankəs özünü göstərir, riyakarlıq edir”. Qoy desinlər! Fikrimcə, bu cür vəsvəsələrin əsiri olub, bunlara təslim olmaq lazım deyil. Siz Allah-Taala ilə əhd bağlayın, əməl sahibi olun, inşallah, Allah-Taala insanlar arasında hörmətinizi qoruyacaq, sizi izzətləndirəcək, ucaldacaq və etibarınızı yüksəldəcək.

Uca Allah hamınıza uğurlar nəsib etsin. Söhbət bir az uzun çəkdi, amma hamımızın bu ölkəyə, bu xalqa və İslama xidmət etməyimiz üçün faydalı və təsirli olmuşdur, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

____________________

(1) Görüşün əvvəlində cənab Məsud Pezeşkiyan (Prezident) çıxış etmişdir. 
(2) Cənab Hüseyn Əmir Abdullahiyan
(3) “Nəhcül-bəlağə”, məktub 31
(4) “Nəhcül-bəlağə”, məktub 53
(5) Prezident və on üçüncü hökumətın nümayəndə heyətinin üzvləri ilə ilk görüşdəki çıxışı (6/6/1400)
(6) Pavel Durov (Telegram sosial şəbəkəsinin baş direktoru) Fransa polisi tərəfindən ədliyyə orqanları ilə əməkdaşlıq etməmək və bəzi Telegram istifadəçilərinin cinayətkar istifadəsinə qarşı tədbir görməmək ittihamı ilə həbsinə işarə.
(7) İİR-nın on dördüncü prezidentinin inauqurasiya mərasimindəki çıxışı (05/07/1403)
(8) İstehsalçılarla görüş (11/10/1402)
(9) Cənab Seyid Abbas Əraqçi