Rəhman və Rəhim Allahın adı ilə.
Bütün digər Ərbəin mərasimlərində olduğu kimi, bugün də siz, əziz gənclər, öz iştirakınızla, pak, tər-təmiz hislərinizlə bu hüseyniyyəni işıqlandırdınız. İştirakınıza görə və gözəl şəkildə hazırlanmış proqrama görə – Allaha şükürlər olsun – hamınıza təşəkkür edirəm. Proqram çox gözəl idi; səsləndirilən sürud da, Quran tilavəti də, oxuduqları ziyarətnamə də çox gözəl idi. Çıxışlar da çox yaxşı idi, cənab Motiinin (1) ifası da çox yaxşı idi; Allaha şükürlər olsun, hazırladığınız proqramların hamısı dərin məzmunlu, mənalı və ibrətamiz idi.
“Aşura ziyarətnamə”sində İmam Hüseynə (ə) xitabən belə deyirsiniz:
یا اَبا عَبدِ اللهِ اِنّی سِلمٌ لِمَن سالَمَکُم وَ حَربٌ لِمَن حارَبَکُم اِلیٰ یَومِ القِیامَة
“Ey Əba Əbdullah, Qiyamətədək mən sizinlə sülhdə olan kəsə təsliməm və onunla sülhdəyəm, sizinlə mübarizə və döyüş aparan kəslə mübarizə və döyüşdəyəm.”(2)
“Qiyamətədək” nə deməkdir? Yəni Hüseyn cəbhəsi ilə Yəzid cəbhəsi arasındakı bu mübarizə heç vaxt bitməz, bu mübarizə daimidir. Hüseyn cəbhəsi özünü tanıtmışdır; İmam Hüseyn (ə) Kərbəla səfərindəykən bir neçə yerdə nə demək istədiyini, nə etmək istədiyini bəyan etmişdi. İmam (ə) buyurmuşdu:
اِنَّ رَسولَ اللهِ صَلَّی اللهُ عَلَیهِ وَ آلِهِ قالَ مَن رَأَی سُلطاناً جَائِرا مُستَحِلّاً لِحُرُمِ اللهِ ناکِثاً لِعَهدِ اللهِ ... یَعمَلُ فی عِبادِ اللهِ بِالجَورِ وَ العُدوان
Allahın Rəsulu (s) buyurmuşdur: “Allahın haram buyurduqlarını halal edib yerinə yetirən zalım hökmdarı görürsünüz – burada məsələ zülmdür, haqsızlıqdır – ... Allahın əhdini pozmuş, Allah bəndələrinə qarşı zülm, təcavüz və onlarla qəzəblə davranmışdır”.
Məsələ budur. Zülmün müqabilində cihad edən, çalışan, dirənən “Hüseyn cəbhəsi”dir. Onun əks cəbhəsi isə zülm, haqsızlıq, İlahi əhd peymanı sındıran cəbhədir.
Bu gün siz bunu dünyada görürsünüz, İmam Hüseyndən (ə) əvvəl də bu iki cəbhə var idi, ondan sonra da olub, bu gün də var, sona qədər də olacaq. Bütün bu dövrlərdə “sizinlə sülh edənlərlə sülh edəcəyəm” var idi. Sizin cəbhənizdə olanlarla mən yaxşıyam. “Sizinlə müharibə edənlərlə müharibə edəcəyəm”, sizinlə savaşan hər kəslə mən də savaşacam. Bu mübarizənin müxtəlif yönləri var: qılınc və nizə dövründə bir cür, atom və süni intellekt və s. dövründə bir cürdür; yenə də mübarizədir. Şeir, qəsidə və hədislər vasitəsilə aparılan təbliğatlar dövründə özünəməxsus şəkildə, internet və kvant dövründə də bir başqa cürdür; amma yenə də savaş var. Bu mübarizə insanın tələbəlik dövründə bir cür, hansısa bir yerin müdiri, məsulu olduğu dövrdə bir başqa cürdür; bu mübarizə bütün vəziyyətlərdə var. Odur ki, “sizinlə müharibə edənlərlə müharibə edəcəyəm” unudulmamalıdır. Bu həmişə əldə silah tutmaq mənasında deyil. Bu, düzgün düşünmək, düzgün danışmaq, düzgün müəyyənləşdirmək, hədəfi dəqiq nişan almaqdır. “Sizinlə müharibə edənlərlə müharibə edəcəyəm” bu deməkdir. Vəzifənizin nədən ibarət olduğunu bilin, gedəcəyiniz yolu tanıyın. Biz belə düşünsək, bu cür müəyyən etsək, bu cür əzmkarlıq göstərsək, onda həyat məna qazanacaq, hədəf tapacaq. Pul həyatın məqsədi olmağa layiq deyil; məqam, güc, sosial mövqelər insan həyatının məqsədi olmaqda çox-çox cılızdır. Həyatın məqsədi Allaha bəndəlikdir, Allaha yetişməkdir. Yeganə yol budur: “Sizinlə sülh edənlərlə sülh, sizinlə müharibə edənlərlə müharibə edəcəyəm.”
Gəncliyinizin qədrini bilin. Önünüzdə çox geniş bir meydan var. İnşallah, altmış il, yetmiş il bu dünyada ömür sürəcəksiniz, çalışacaqsınız; bu fürsətdən faydalanın. Bu uzun müddətli fürsət üçün proqram hazırlayın. Proqramınızın istənilən nəticəni verməsi üçün dəqiq ölçüb-biçməlisiniz. Düzgün fikirləşmək üçün də Quranla tanış olmalı, Quran oxumalı, onun ayələrində dərindən düşünməlisiniz. Sizdən öncəkilərdən və sizdən daha çox düşünənlərdən öyrənməlisiniz. Öyrənmək ayıb deyil, şərəfdir; həmişə, ömrünüzün sonuna qədər öyrənməlisiniz. Düşünün, öyrənin, müəyyənləşdirin, lazım olan yerdə addım atın, hərəkətə keçin. Hərəkət bəzən laboratoriyada, bəzən sinifdə, bəzən universitet sferasında, bəzən ictimai mühitdə, bəzən siyasi arenada, bəzən Kərbəla səfərində, bəzən Fələstin yolunda, bəzən də İslamın ali hədəfləri yolunda ola bilər. Bu yolu bizə İslam İnqilabı açdı. Mənim əzizlərim! Siz o günləri görməmisiniz, bunu görmədiyiniz üçün də sevinin. O günləri biz görmüşük. Pis vaxtlar idi, çətin günlər idi, qara günlər idi, ümidsizlik dövrü idi. İnqilab səhifəni çevirdi, inqilab yolu açdı və bizə fürsət verdi. Bu fürsətdən istifadə edə bilərik; siz bu əlverişli şəraitdən faydalana da bilərsiniz, faydalanmaya da bilərsiniz. İstifadə etməsək, zərərimizədir, istifadə etsək, qurtuluşumuzdur:
قَد اَفلَحَ المُؤمِنون
“Möminlər, həqiqətən də nicat tapmışlar”. (4)
İnşaallah, uğur nəsibiniz olsun.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
____________________
(1) Meysəm Motii (Əhli-beyt məddahı)
(2) “Kamiluz-ziyarat”, c. 1, səh. 176
(3) “Bəharul-ənvar”, c. 44, səh. 381
(4) “Muminun” surəsi, ayə 1